Etiket arxivi: Sadıq Murtuzayev

YURDDAŞ İNSAN – SADIQ MURTUZAYEV

“Öncə söz vardı…” rubrikası
26 -cı hissə
Sadıq Murtuzayev – Dövlət xadimi, Ali Sovetin deputatı, yazıçı, alim, Zaqatala, Abşeron, Şəki, Ağdam Rayon Partiya Komitələrinin birinci katibi.

(Bu rubrikanı sözü qutsal sayan yazıçılarımıza ithaf edirəm)

YURDDAŞ İNSAN – SADIQ MURTUZAYEV

Dilboz atını göy çəmənlərdə, yaşıl oylaqlarda elədən beləyə, belədən eləyə, üfüqidən şaquliyə, şaqulidən üfüqiyə doğru çapan var.
Bəyaz kətan köynəyinin yaxası açıqdır geniş ürəyi təki, sol əli siyah şalvarının cibində, sağ əli bəyaz atının yüyənində, qaməti düz, qəddi şux, saçları qara, alnı isə ağappaq, tərtəmiz, ləkəsiz.Dilboz atının belindən seyrangaha zillənən gözlər ətrafda boz rəngdə heç nəyi görməzdi.Alimliyindənmi, yazıçılığıdanmı, səriştəli rəhbər olmağındanmı
hər tərəf şəffafa bürünüb, görünən və görünməyən nə varsa, pərquvaridir, aydındır. Necə mənzərədir?
Bəndənizdə var Sadıq müəllimin belə fotosu.Deyin görək, ləlöyün təki tamarzı qalmağın yeri var, yoxsa yox?!
Səhv etmirəmsə, dilçi-alim, professor
Əbdüləzəl Dəmirçizadə İlisu kəndini Dədə Qorqud, Oğuz yadigarı kimi nadir ləhcəsini qoruyub saxlayan bir kənd adlandırırdı.Şeyx Şamilin ən qüvvətli naiblərindən biri yeddi minlik müridlər ordusu ilə çar ordusu üzərində zəfərlər qazanmış Danyal bəyin ismini tələffüz etməyim də gəldi içimdən.O qədər deyiləcək sözüm var ki, bilmirəm haradan, kimdən başlayım?
-Harası bəlli – dörd tərəfdən əzəmətli dağlarla çevrələnmiş İlisudan başladım.
“Kimdən?” sualına isə cavabım belə olacaq: adı Məhəmməd olandan başlamaq gərəkdir ki, yazım da mübarək olsun.Yəni əsl adı Məhəmməd Sadıq olan – Sadıq Murtuzayevdən.O zaman mürəkkəb adlara qarşı mübarizə başlamışdı deyə Kənd sovetində “Məhəmməd” adını ixtisar edirlər.Müqəddəs peyğəmbərimizin unudulması naminə bütün cəhdlərə baş qoymuşdu sovet hökuməti.Əvvəla ad əndrəbadi, yaxud mürəkkəb idisə, niyə Məhəmməd çıxarılırdı elə Sadıq adını çıxardardınız, məsələ həll olunardı.
-Xeyr!
-Gərək “Məhəmməd” ixtisar olunaydı.Xoflandıqları adların başında məhz bu ad gəlirdi.”Mamed” kimi, “Məmiş” kimi qısaltmaların başlıca məqsədi
“rahat təbir” yaratmaq yox, ululuarımızın bostanına “daş atmaq” mənasını daşıyırdı.
Bəs “Murtazayev” nə üçün “Murtuzayev” ə çevrilir? Birnicisi imperiyanın qamçısı səbəbindən doğurdusa, ikincisi şəxsi bədxahlıq nəticəsində idi.Maraqlı tarixçəsi var bu vəziyyətin:
Pedaqoji İnstitunun 1-ci kursuna kimi Sadığın soyadı “Murtazayev” olub.Qaxda oxuduğu orta məktəbin direktoru Aslan Zeynalov Sadıqla oxuyan qızı Nəcibəni qızıl medaldan məhrum edən müəllimlərin acığına yeniyetmə Sadığı da medalsız qoymaq qərarına gəlir.İmtahan işlərini Maarif Nazirliyinə gətirib orda fəaliyyət göstərən komissiya ilə “dil tapıb” “Murtazayev” familiyasını “Murtuzayev” düzəltdirərək, yazı işini “dörd” ə endirməyə nail olur.Beləliklə Sadıq həm soyadından, həm də medaldan məhrum olur.Ancaq həyatla mübarizəsi daha erkən çağlardan başlayan birisi üçün atasız-anasız qalmaq yanında, medalsız qalmaq nə idi ki?! Min orden, on min medal qurban olsun bir ata mərhəmətinə, bir ana şəvqətinə.Kaş Sadığın medalları yox, atası, anası sağ-salamat olaydı.
Əvvəlcə ondan başlayım ki, Sadıq Murtuzayevin ismi bəndəniz üçün doğmadır.Sadıq müəllim haqqında ailədə eşitdiklərim şübhəsiz ki, bu doğmalığın rəhnində dayanan faktorlardır.Rəhmətlik Cavid əmi (Cavid Axundov) Sadıq Murtuzayevin ən yaxın dostlarından idi.Bu haqda Sadıq müəllim özü də yazıb:

Sadıq Murtuzayev:

“Mərhum Cavid Axundovla 40 ilə yaxın dostluğumuz olub.Çox gözəl kənd təsərrüfatı mütəxəssisi olmaqla gözəl və poetik dünyası vardı”

Cavid əmi də öz növbəsində ona borclu qalmayıb.

“Mətanətdə, cəsarətdə, dostluqda, həyati təcrübədə böyük keyfiyyətlərlə mənə örnək olan qardaşım Sadıq Murtuzayevə xoş arzularla və təşəkkürlərlə”
(“Fəzilət işığı” kitabı, müəllif Sadıq Murtuzayev,
səh, 284)

Onların 40 illik dostluqları fonunda çoxlu xatirələrim közərir. Sadıq müəllimlə bağlı bu yazımda həmin xatirələrə yer ayırmaq niyyətindən saqınır, yalnız 14-15 il öncəki bir xatirəmizi yazıram.
Firəngiz xanım Qaxa gedəndə israr etdi ki, Sadıq müəllimə baş çəkməliyəm.İlisuda Sadıq müəllimin ömür-gün yoldaşı Kəlimət xanım bizimkiləri sıcaq qarşılayır, özü isə artıq yataqda idi.Onda 2007-ci ildə çapdan çıxmış “Fəzilət işığında” kitabını Firəngiz anaya bağışlayır, Bakıdakı şəhər nömrələrini, vizit kartını bizə verir.Artıq qocalmış, yaşı 80-i haqlamışdı.Onunla belə, səlis şəkildə ürək sözlərini yazmağa, Cavid əmini xoş xatirələrlə xatırlamağa macal tapır.

Elə isə biz də xatırlayaq!
Atası Nəbi İlisunun Bəytabun adlanan obasında Quzaylılar məhəlləsində doğulub.Murtuza və Qızyetərin 6 övladından biri idi Nəbi.Nəsil çoban nəsli idi.Atası Nəbi də çocuqluğundan çobanlığa getmiş, qısa müddət milis orqanlarında çalışmasına rəğmən yenidən çobanlıq sənətinə geri dönmüşdü.Səbəbi isə çox sadə: mülayim təbiəti ilə bu orqana qəti uyğun gəlmirdi.Qonşusu Tavatcah ilə ailə qurub.Övladları Qızyetər, 7 ildən sonra 1927 – ci ilin iyulun 25-də isə
Sadıq doğulub.Daha sonra Zahid, Hədiyyə, Nadir.Kolxozlaşma başlayanda 13 qoyunları, bir keçi və bir öküzləri vardı.Nəbinin 42 illik ömrü də, ölümü də Sadığın beyninə elə həkk olunmuşdu ki, ən xırdaca məqamı belə xatırlayanda yanıb-yaxılardı.

“Nəbinin əcəli Balağ otundan olur” desəm yanılmaram.
Heyvanların çətin yedikləri balağ otunun kolorisi də aşağı olur.Tez saraldığı üçün mal-qaranın demək olar ki, onu yemək şansı da olmur.Kökü kəsilsin deyə çobanlar qış-yay mövsünü bitən kimi ona od vururlar.Nəbinin işlədiyi qoyun briqadası yaylaqdan enərkən belə bir sahəyə od vurulmuş, rayonun hüquq-mühafizə orqanları fərqinə varmadan, çobanlardan 5-10 qoyun qoparmaq niyyəti ilə cinayət əməli kimi uçota almış, Ağyazı qışlağında olan Nəbini şahid sifəti ilə çağırmışlar.
Qışın sazağında Nəbi qışlaqda yenicə doğmuş inəyi də gətirib Qaxa gəlir, orda izahat verib kəndə geri qayıdır.İnək atın yedəyində, buzov da xurcunun bir gözündə olub.Nəbi gecənin ənginliyində Ulu körpüyə yetmiş yolu-izi ağ örpəyə bürünən yolda min ənvai-müsibətlə evə çatmışdı.Yerinə uzanandan sonra şaxta aparmış ayaqlarının hissiyatını itirdiyinin fərqinə varır.Beləcə 40-cı ilin qışı quş qanadındaca Nəbini aparır.Əcəl öz missiyasını artıqlaması ilə görəcək hələ.Hələ harasıdır? Bir evi tanımasın Əzrayil, tanıdımı, dadandımı vay gününüzə!
Atasından sonra anasının da qara günləri başlayır.Sadığın yeznəsi Mahmudun sayəsində yetimlik bir qədər yaddan çıxdı.Amma İkinci Cahan savaşı yaddan çıxanları xatırlatmağa pərgar idi.
-“Mən yadınıza salaram” dedi.
Mahmudu da ağuşuna aldı müharibə, neçə min Vətən övladı kimi.
Sadığın anası Gəray Fəzlinin anası Nazlı ilə gecəyarısına kimi tomat bişirər, gündüz isə uşaq evində çalışardı.Qara qızdırmadan ya da ki mininkiddən yatağa döşənir.Əqli müvazinətini tamam itirir.Həkimsiz, dava-dərmansız Haqqa qovuşur.Sadıq belə xatırlayır o ağrılı günləri:

“Bədbəxt anam da, atam kimi arzuları gözündə əzablı dünyasını tərk etdi.Bacımın da ah-naləsi göylərə yüksəlirdi, mən də için-için ağlayırdım.Nadir qardaşım isə hələ bu itkinin ağırlığını hiss etmir, bizə baxıb ağlayırdı.
Anamı Qax qəbiristanlığında dəfn etdik.Sonralar mən Zaqatalada işləyən vaxt qəbirqazan Nəzir kişinin köməyi ilə qəbrini tapıb Əfəndi müəllimin məsləhəti ilə sümüklərə dəymədik, ruhunun qəbir torpağında olmasına dair mülahizəsi ilə bir qədər torpağı kəfənləyib İlisuya apardıq.Bakıda mərmər lövhədə aşağıdakı sözləri yazdırıb gətirdim:
“Əziz ata-ana! Siz nakam getdiniz, amma arzularımızda yaşayırsınız”

Sadıq da yaşamalı idi, oxumalı, böyüməli idi.Sözün bütün mənalarında böyüməyə nail olduğu üçün bacısı Qızyetərə borclu idi.”Ana əvəzidir böyük bacı” deyənlər necə də haqlı çıxırlar.Hələ-hələ o bacı ki tək murazı Sadığın ali təhsil alması, oxuyub bir mərifət kəsb eləməsi idi.7 yaş böyük bacının muradını qəlbində qoymayacaqdı ki Sadıq?! Müharibədən sonrakı səfalət illərində oxuyacaqdı da, yoldaşlarından fərqlənəcəkdi də.O zamankı gənclərin alnına yazılan nəsnələrdən yaxasını kənar çəkmək isə mümkün deyildi.
İlisudan gətirdikləri qoz, fındığı da, Yaşıl bazarda üstünə qurd daraşan motal pendiri də satacaqlar, Gəray Fəzli ilə minbir müsibətə sinə gərəcəklərdi.
Qıtlıq dövrü idi.1947-ci ilin qış günləri…Qış tətilindən qayıdarkən 3 kisə fındıq əldə edən tələbə Sadıq kisələri vaqonun girəcəyindəki tambur
adlanan küncdə üst-üstə yığır, özü də axırıncı kisənin üstündə yatır.Yevlax stansiyasından bəri kisələrə göz qoyan bir neçə cənə-cünə adamın nəzəri Sadığı səksəndirməyə bilməzdi.Ləki stansiyasına az qalmış kisələrin birinin yerlə sürükləndiyini görür və tez yerə atılır.3 banditlə əlbəyaxa qalır.Ya onlara verən Allah, ya Sadığa.Nə isə, hər şey yaxşı qurtarır.Dəmiryol xəttinin kənarındakı çuxura yumalanır, ancaq burnu da qanamır.
Sadığın belə sərgüzəştləri bəs qədər olub.

O çağlar Şəki kələğayısı Tiflis bazarında yaxşı qiymətə gedərdi.Beş-on kəlağayı alıb Tiflisə gedən Sadıq onları satıb bir çamadan monpası alır.Bəs bu çamadanı necə gətirməli?
Diribaş, sərhesab Sadıq paravoz sürücüsü ilə danışıb çamadanı ilə onun yanında lövbər salır və ocağa daş kömür atmağa başlayır.Poylu stansiyasında bir milis işçisi paravoza yaxınlaşıb yuxarı boylanmağa başlayır.Pişik çevikliyi ilə Sadıq birinci vaqonun damına hoppanır.Şirnini çətinliklə Qaxa çatdırıb ikisini 1 manatdan satıb, vəsait toplayan da yenə Sadıq olur.
Yataqxana yoldaşları ilə pendir də satırlar, teatr bileti də.Həyat onları necə öyrədirdisə, onlara necə müəllimlik edirdisə, o cür də öyrənməyə məcbur qalırdılar.Bir də İnstitut müəllimləri vardı Sadığın.Hərəsi bir elm dəryası, hünərin var bu dəryadan bir parç su götür, həyatın özünə də dərs keç!
Akademik Əlisöhbət Sumbatzadə, professor Əhməd Seyidov, professor Əli Sultanlı, professor Cəfər Xəndan, professor Mikayıl Rəfili, professor Əbdüləzəl Dəmirçizadə, professor Əhməd Zəkuzadə, dosent Həmid Əfəndiyev, baş müəllim Mirzə Cavad Bağırov.

Mirzə Cavad Bağırovdan Mir Cəfər Bağırova kimi yollar uzanır.Mir Cəfərlə ilk dialoqdan məğruranə ayrılmaq aldığı dərslərin fəzilətindən idi:
M.Bağırov siyahıya göz gəzdirir.
Üzünü Sadıq Murtuzayevə tutaraq:

-Cavan oğlan, sən haradan gəlmisən?
-Zaqataladan, yoldaş Bağırov.
-Neçə yaşın var?
-24, yoldaş Bağırov.
-Nə vəzifəyə göndəriblər?
-Təşkilat şöbəsinə müdir.
-Bacara biləcəksənmi, axı çox cavansan?
-Etimad göstərsəniz, bacararam, yoldaş Bağırov.
-İrəli gəl görüm.
Üzünü digərlərinə tutub dedi:
-Bax, içərinizdə hamıdan cavanı budur.Hamınızın əvəzinə onun əlini sıxıb təbrik edirəm, gedin, qeyrətlə işləyin.

Başqalarını bilmirəm Murtuzayev bu öyüdə 94 illik ömründə əsla xilaf çıxmadı.
1959-62-ci illərdə Zaqatalada, 1963-70 ci illərdə Abşeronda, 1970-80 ci illərdə Şəkidə,
1980-88-ci illərdə Ağdam,1989-90-cı illərdə Abşeron Rayonlarının birinci katibi işləyəndə vəzifəsini ləyaqətlə yerinə yetirdi.Yeniliklərə açıq oldu, Azərbaycandan kənarda gördüyü çağdaş texnologiyaları işlədiyi rayonlarda tətbiq etdi.31 il müddətində fasiləsiz olaraq Raykom katibi işləyən yeganə rəhbər idi Murtuzayev.Hətta şöhrəti respublikada dolaşan Rüstəm Səfərəliyev də bu rekorda çata bilmədi.Səfərəliyev Sosialist Əməyi Qəhrəmanı olmasına baxmayaraq 28 il raykom katibi işləyə bilib, həm də 7 illik fasilə ilə.Onu iki dəfə-əvvəlcə Vəli Axundov, sonra da Kamran Bağırovun dövründə vəzifədən uzaqlaşdırıblar.

-Bəs Sadıq Murtuzayev fenomenin sirri nədə idi?
-Yenilikçilik?
-Bəlkə də!
Sadıq Murtuzyevin şəxsi təşəbbüsü ilə Ağdamda tikilən istirahət ocaqları, mədəniyyət sarayı, üzümçülərin yaraşıqlı klubu, böyük ticarət mərkəzi, Muğam məktəbi, SSRİ-də ilk, dünyada 2-ci olan (Ulm şəhərindən sonra) Çörək muzeyi, Ağdam Çay Evinin tikilməsinə imza atdı.27 yaşında filologiya elmləri namizədi, alimlik dərəcəsi adını alan Murtuzayevin onlarla bədii-publisstik əsərləri, hekayələri bizə bəxşişdir.İmam Mustafayevlə müştərək yazdıqarı “İmam Şamil” əsəri, habelə ömrünün 80 ci ilndə, ahıl çağında yazdığı
“Fəzilət işığında” avtobiorofik əsəri bizi
Sadıq müəllimin mənalı ömründən hali edir.
Onun haqqında Gəray Fəzli, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Abbas Abdulla,
Bayram Bayramov, Vidadi Babanlı, Qabil, Qulu Xəlilov, Əzizə Cəfərzadə, Əlfi Qasımov, Əliağa Kürçaylı, Cavid Axundov (Salmanoğlu), Əfqan,
Əli Səmədli, Abbas Abbasov, Məmməd Murad, Osman Sarıvəlli, Sabir Rüstəmxanlı, Rəsul Həmzətov xoş sözlər söyləmişlər.
Elə övladları Nizami, Tavat, Nəbi də Sadıq müəllimi ucadan uca tutmuşlar.Kəlimət xanım isə onun Sadıq Murtuzayev zirvəsinə gedən ən böyük bələdçisi olub.Bolqarıstanın Razqrad şəhərinin “Fəxri vətəndaş” ı olan Sadıq Murtuzayevə daha çox “Yurddaş insan” ifadəsini yaraşdırıram.

Ara-sıra Maestro Niyazi ilə nərd atsın yurddaş insanımız.
Şair Bəxtiyar Vahabzadə tamaşa eləsin bu mənzərəyə.

-Şeş – cahar
-Pənc – sə

Ehhhh, günlər o günlər, dəmlər o dəmlər idi.
Bir Sadıq Murtuzayev vardı.94 yaşında, 2021-ci ilin fevralın 4-nə kimi həyatda dolaşırdı, fevralın 4-dən bəri isə könüllərdə.
O gündən bəri işində, əməlində özünü xeyli ötüb keçən insanları “Sadıq müəllim” deyə çağırmağım gəlir.Bizdən alim-alim, yazıçı-yazıçı azalanları
“Sadıq müəllim” kimi səsləməyim gəlir.Hər sabah xeyirxahlığı, mərhəməti ilə bəndənizlə döş-döşə gələn yurddaşları “Sadıq müəllim” deyə haylamağım gəlir.
-Ehhheyyyy, Sadıq müəllim!!!
O gündən bəri göy çəmənlərdə, yaşıl oylaqlarda Dilboz atını çapanlara, ağ kətan köynəyinin yaxasının ilk düyməsini açanlara, sol əlini cibinə, sağ əli ilə atın yüyənindən yapışanlara, şux qamətli siyah saçlı kişilərə “Sadıq müəllim” deyə səslənməyim gəlir.

  • Eheey Sadıq müəllim, eheeey!

(Portret-essedə yazıçı Sadıq Murtuzayevin,
şair Cavid Axundovun, Firəngiz xanım Axundovanın, yazıçı Seyran Səxavətin,
redaktor Ağalar İdrisoğlunun faktlarına, habelə şəxsi araşdırmalarıma söykənmişəm).

Turan Uğur
08 dekabr, 2024-cü il,
Novxanı

Turan Uğurun yazıları

“Öncə söz vardı…” rubrikası

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əzimov Səlim Köçəri oğlununun “Əsrə bərabər ömür” kitabı

56 il fasiləsiz məktəb direktoru işləmiş,Əməkdar müəllim,Qızıl qələm mükafatı laureatı Əzimov Səlim Köçəri oğlununun “Əsrə bərabər ömür” kitabına istinadən.
Bir insan ömrünü girov qoymuşam,
Bir müəllim ömrünü yaşatmaq üçün.
Səlim müəllim.

ÖN SÖZ

BÜTÖVLÜK MÜCƏSSƏMƏSİ

Böyük dostum Səlim müəllimin növbəti kitabı haqqında “Ön söz” yazmaq barədə düşünərkən bu adı seçməyim təsadüfü deyil.Bu mənim illər boyu keçirdiyim müşahidələrin nəticəsidir.Mənim 90 ildən yuxarı ömür yolum çox keşməkeşlərlə zəngin olmuş,iş belə gətirib ki,həyatımda vəfəaliyyətimdə on minlərlə adamlarla təmasda olub onları bacardığım qədər saf – çürük etmişəm və həm də hər zaman bütöv şəxsiyyət axtarmışam və buna çox nadir hallarda nail ola bilmişəm.Zira, bütöv şəxsiyyət fenomeni elə bir anlayışdır ki,onun deyərdim ki,saysız – hesabsız atributları vardır və bunların bütöv daşıyıcılarını tapmaq çox çətindir.

Səlim müəllimlə uzun illər tanışlığım və xüsusən son illər gündən günə möhkəmlənən dostluğumuzla bela qənaətə gəlmişəm ki, o məhz bütöv səxsiyyət fenomeninin daşıyıcısıdır və bu tapıntıdan qürur duyuram Zahirən görünən bir fakt onun 56 il məktəb direktoru işləməsi ( buna görə o, yəqin ki, Gennesin rekordlar kitabuna düşə bilər ) dəlili əsl bunun üçün kifayətdir. Mən əmək fəaliyyətimə pedaqoq, müəllim kimi başladığıma görə bunun necə bir amil olduğunu yaxşı bilirəm.

Lakin bütöv şəxsiyyət fenomeni yuxarıda dediyim kimi çox mürəkkəb bir anlayışdır ve onun mahiyyətinə varmaq üçün elə keyfiyyətlər var ki, bunları saf çürük etmək də çox böyük axtarış tələb edir. Səlim müəllimin nəşrinə hazırladığı bu kitabını məhz belqə bir axtarış üçün çox zəngin mənbə kimi dəyərləndirmək olar.

Kitabda özünə yer tapan 35 yazımın hər biri Səlim müəllimin bu va ya digər keyfiyyətinə işıq salıb onu bu bütövlüyə yaxınlaşdırır və sonda tamamlayır.

Kitabın epiqrafında verilən

“Bir insan ömrünü girov qoymuşam,

Müəllim ömrünü yaşatmaq üçün”

sözləri elə bu bütövlüyün başlanğıcıdır. Zira, dünyada müəllim peşəsindən dəyərli bir peşə olmadığını kim bilmir?

Kitab gözəl şairimiz və publisistik yazılarında məndə çox görkəmli bir ədəbiyyatşünas alim təəssüratı yaradan dostumuz Ramiz Məmmədzadənin “Dostluğun dirijoru” yazısı ilə başlayır ki, bunun üçün də Səlim müəllimə əhsən demək olar. Bu yazı kitabın ən dəyərli və Səlim Əzimov şəxsiyyətini işıqlandırımaq baxımından ən tutarlı yazısı olduğuna görə yəqin ki, belə seçim edilib.

Ramiz Məmmədzadənin yazısı Səlim müəllimin “Əsrə bərabər Ömür kitabına verdiyi şərhdir və bu kitabına da həmin adı seçməsi ( bu yerdə dünyaca böyük qırğız yazıçısı Cingiz Aytmatovun sovetlər dönəminin ən ali mükafatına Lenin mükafatına layiq görülən kitabına nəzirə kimi səsləndiyini də dilə gətirmək olar ) də diqqətəlayiqdir. Səlim müəllimin ömür yolunun 90 illiyi olsa da, o, bəlkə də öz məzmununa
bir neçə belə ömür yaşamışdır. Ramiz müəllimin yazısı başdan ayaga Səlim Əzimov səxsiyyətini açmaq üçün ciddi cəhddən ibarətdir. Bu mənada gəlin onun açmalanin fikir verək

Müəllif onu kəndinin hünərli, işıqlı, istiqanlı övladı, bütün istedadını və mənəvi sərvətini insanlığa sərf etmiş bir şəxsiyyət kimi dəyərləndirir Mənim də elə həmin kitaba yazdığım “qaynar həyat, tükənməz həyat eşqi ilə yaşayan bir insan olduğunu iqtibas etməsini də alqışlayıram. Müəllif yazır: “Səlim müəlimin kəlamları bizi saflığa, düzgünlüyə, insanlarım əlindən tutmağa, xeyirxah, xoşəməl olmağa, təmiz yaşamağa çağırır Müəllifin Səlim müəllimin bir hikmətini “doğmalarını sevməyən
vətənini, millətini sevə bilməz” kəlamını iqtibas etməsi də təqdirə layiqdır. Bu yerdə Səlim müəllimin nəsil şəcərəsi barədə yazılanları bunun gözəl nümunəsidir.

Müəllif Qarabağda şəhid olmuş məzunlar haqqındakı biografik məlumata görə Səlim müəllimə “var ol” deyir. Səlim müəllimin bu
şəhidlər haqqında dediklərini oxuyub kövrəlməmək mümkün deyil. Ramiz müəllimin bu barədə yazısını mən də təkrar etməyi vacib bilirəm. “Sizin hər birinizin adını yazanda mən Ağdamın səsini eşitdim. Üzümə Ağdamın mehi vururdu, Ağdamın göz yaşları üzümə tökülürdü, Ağdamın kəndimizin qoxusu gəlirdi, səsi gəlirdi, kəndimiz ağlayırdı, sizi çağırırdı” Bu sözlər Ramiz müəllimi də kövrəldir və deyir. “Insafınız olsun, ay
Səlim müəllim, ürəyimizı parçalayan bu sözləri necə yaza bildiniz, Allah sizə insaf versin, bizə rəhminız gəlmədimi, yazıq deyilikmi?”

Müəllif yazır. “Səlim müəllimin könlündə dostlara qarşı məhəbbət,
səmimiyyət çeşməsi qaynamaqdadır”.

Əhsən sizə, Ramiz müəllim, Səlim müəllimin bu əvəzsiz keyfiyyətini nə gözəl tutmusunuz. Sonda müəllifin Səlim müəllim haqqında dediklərinə mən də ürəkdən qoşulub onları təkrar edirəm: “Səlim müəllim çox maraqlı bir şəxsiyyətdir. Bu şəxsiyyətin üfüqlərinə hər əl çatası, səs yetəsi deyil, sonu bilinməzdir.

Kitabın digər yazılarında da Səlim müəllimin şəxsiyyətinə işıq salan məqamlara toxunmaq istəyirəm.

Səlim müəllimin riyaziyyatçı alım, hindşünas Tofiq Əliyev (Tofiq Mükes) yazısı görkəmli alimin diqqətə layiq fəaliyyəti ilə yanaşı onun dostları olması hind aktyoru Radj Kapurun, Rəşid Behbudovun, bir sıra dünya şöhrətli alimlərin xatirəsinə işıq salaraq görkəmli publisist qələminin məhsulu kimi oxunur

Onun “Dilimizi qoruyaq” yazısı hər zaman, hər kəs üçün aktualdır. dilimizə yatmayan yad ünsürlərdən onu qorumaq mənasında qiymətlidir. Burada niyə yad ünsürlərdən sözlərini işlətməyim ona görədir ki, saysız- hesabsız dünya dilləri arasında elə birisi yoxdur ki, onun tərkibində elə saysız-hesabsız alınma sözlər olmasın. Məsələn dünya dilləri arasında ən çox yayılan ingilis dilində belə məşhur isveç alimi Şarl Balli yazır ki, onun tərcüməsində olan sözlərin 75%-i alınma sözlərdir.

Məsələ bundadır ki, dilimizdə doğmalaşmış sözləri qoyub başqa dillərdən yeni sözləri gətirmək yolverilməzdir və Səlim müəllimi də narahat edən bu məqamdır. Onun “dillə zarafat etmək olmaz, günahdır, onu əzizləmək, oxşamaq, sevmək gərəkdir” sözləri diqqətəlayiqdir. Səlim müəllimin “Özü getdi, sözü qaldı” yazısında verilən “ölüm
qorxulu deyil, əziz dostlar, qorxulu unudulmaqdır, dostları unutmayın” sözlərinin böyük müdrikliyinə söz ola bilərmi?

“Dostuma məktub yazısının müəllifi Cəfər Qanlı (Tərtər) yazır: “Səlim müəllim neçə alimin, mühəndisin, xalqına layiq övlad olan yüzlərlə insanın inam yeri, söykəndiyi ziyalı ağacıdır. Səlim müəllimin “Təlim-tərbiyə məsələləri” yazısı insan fəlsəfəsinin
zənginliyindən xəbər verən bir fəlsəfi traktatdır. Onun insan üçün vacib bildiyi hədəflərə fikir verin: başqalarına gərəklik, özünü təsdiq, mümkün qədər çox iş görmək, çox eşitmək, çox öyrənmək, daha geniş dairədə adamlarla əlaqə saxlamaq, ad-san qazanmaq, daha çox yaxşı işlərə yaramaq, onu tanıtmaq, kişiliyini, mənliyini qorumaq və s. Bu keyfiyyətlərin hər biri Səlim müəllimin şəxsiyyətində çox qabarıq şəkildə öz əksini tapmışdır.

Bu yazıda onun dünya müdriklərindən seçib təqdim etdiyi kəlamların hər biri insan fəlsəfəsinin ən dərin qatlarına gedib çıxan hikmətlərdir.

“Tarixi abidələrimiz, uca boylu bağlarımız” yazısı ilə ağsaqqalın ürək çırpıntılarını eşitməmək mümkün deyildir.

“Ağdamda görüşmək arzusu ilə” yazısı böyük tarzən Ramiz Quliyevin şərəfinə səsləndirdiyi sözlərin hikmətinə də fikir verin: “Şərəfli ömrünün kövrək cığırları – böyük yola çıxan, özü isə böyük həyat amalı və
nurlu əməlləri ilə insanlığın, şəxsiyyətin, ləyaqətin, sənətın işıqlı yoluna çevrilən, mötəbər, nüfuzlu bir bəşər övladı”. Bu sözləri dilə gətirən Səlim müəllimin özü də bu gözəliyin parlaq timsalıdır.

O , bu yazısında Ağdamın şərəfinə söylənmiş şeirlərdən gətirdiyi nümunələri oxuyarkən böyük Səməd Vurğunun bir beyti yadıma düşdü “Qurbanı olduğum çinar kölgəsi,

Mənim də şeirimin qibləgahıdır.” Bəli əziz dostum “Qurban olduğun Ağdam torpağı, mənim də qəlbimin qibləgahıdır”

Əsrə bərabər ömür yazısında bu nurani kişinin ən çox zövq- şəfa duyğuları övladları, nəvə və nəticələridir. Bu da bir daha onun ucalığına dəlalət edir. Zira, hər bir insan övladının ən böyük qayəsi yaxşı övladlar yetişdirməsidir. O, bu məramına nail ola bilibsə, bu, onun bütövlüyünə dalalət edir.

” Xatirələrdə yaşanan ömür ” yazısında mənim həyat yoluma işıq salan Səlim müəllimə, bu əvəzsiz dostuma dərin minnətdarlığımı bildırırəm Yeri gəlmişkən deyim ki, ömür yolumda yaxşı olan nə varsa
sizin kimi insanları özümə dayaq, arxa seçməyim olub. “Həbsxananın bir addımlığında” yazısı Səlim müəllimi görkəmli bir ədəbiyyatşünas alim səviyyəsinə qaldırır.

“Qardaş nisgili” yazısı qardaş faciəsinə (Saday qardaşının xəstəliyinə) həsr olunur və burada da Səlim müəllimin bu sevgidən doğan böyüklüyünün şahidi oluruq.

“O, dəyərli ziyalıdır” yazısı Ağdamın
sayılıb-seçilən ziyalısı Çimnaz
xanım Əliyevaya həsr olunub və Səlim müəilimin insan sərrafı kimi şəxsiyyətini bir daha büruzə verir. Kitabın II fəsli dünyadan vaxtsız köçən gözəl şairimiz Şahmar Əkbərzadənin xatirəsinə həsr olunmuşdur. Səlim müəllimin onu
istedadlı şair olmaqla yanaşı, həm də xeyir-şər yaraşığı adlandırması çox orijinaldır və bu da onun bütöv insan amilini dəyərləndirməyin zirvəsində dayandığına dəlalət edir. Onun şairə üz tutub dediyi bir kəlamını iqtibas etməmək mümkün deyil: “Duz-çörəyə, dostluğa sədaqət, onun kişilik simvolu idi”. Əziz dostum, düz deyirsən, siz özünüz bu simvolun gözəl nümunəsisiniz.

Kitabın III fəsli Səlim müəllimin ensiklopedik dünyagörüşündən xəbər verir. Burada onun Allaha bağlılığı ilə yanaşı insanı yaşadan sağlamlıq amillərinə dair əks etdiyi hikmətlər, məsləhətlərdir.

Kitabın IV fəsli dünyanın ən məşhur dövlət xadimləri barədə çox maraqlı məlumatlarla yanaşı ömür-gün yoldaşı Zabilə xanıma olan sonsuz
məhəbbəti, onu itirməsilə sankı dünyasını itirməsi və çırpınan qəlbinin ah zarını eşitməmək olmur. Bu da bir daha onun bütövlük dünyasından xəbər verir.

Burada müəllifin hər cümləsini, hər sözünü oxuyub həyəcan keçirməmək mümkün deyil.

Əziz dost! Yazıların hər birin Ağdamda görüşmək arzusu ilə tamamlayırsınız. Böyük Yaradan bu arzunuzu tezliklə çın eləsin. Kitabın son cümləsini oxuyub iqtibas edirəm:

“Əziz oxucular! Bacardığınız qədər yurd yerlərini xatırlayın, yada salın, gecə yatanda yönü Ağdama tərəf yatın, şəhidlərimizə rəhmət oxuyun, bu gün yaşayanların qədrini bilin, bir-birinizə hörmət edin, kömək edin, arxa durum”.

Bu sözlər bir daha Səlim müəllimin bütövlük mücəssəməsinin parlaq
ifadəsidir.

Dostun: SADIQ MURTUZAYEV

Filologiya üzrə falsəfə doktoru. “Qızıl qələm” mükafatı laureatı

25.11.2019

ƏZİMOV SƏLİM KÖÇƏRİ OĞLU

SADIQ MURTUZAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru