Etiket arxivi: ŞAMİL HƏSƏN

Nicat Hunalpla ayaqüstü müsahibə

Nicat Hunalpla ayaqüstü müsahibə

Otuz yaşın mübarək, Nicat. Necəsən? Bu suala “bir şair necə olmalıdırsa o cürəm” şablonda cavab verəcəksən?

Şamil, əvvəlcə məndən müsahibə aldığına görə sənə təşəkkür edirəm. Çox sağ ol.
“Necəsən” sualını gündəlik həyatımızda çox eşidirik. Və demək olar, heç kim bu suala səmimi cavab vermir. Problemi olmayan da, ruhi sıxıntılarla boğuşan da, əzablarla qovrulan adam da bu suala “yaxşıyam” cavabını verir. Mənə elə gəlir ki, bunu ümumiləşdirmək olmaz. Bu hadisə hər şairdə eyni ola bilməz. Şair Əlisəmid Kür həyata fərqli bucaqdan baxırdı. Şair “Kentavr” şeirində Əlisəmid Kür birbaşa olaraq öz taleyini yazıb. Rüstəm Behrudi şeirlərində Tanrıyla danışır, yer-göylə əlləşir, iblisi günahkar görmür. Mənə maraqlıdır ki, Rüstəm Behrudi içindəki kədəri, ruhsal sıxıntıları çözə bildimi? Nicat Hunalp olaraq, mən özümü tapa bilməmişəm. Bir boşluğun içində, natamamlıq içindəyəm. Sanki nadanlar tərəfindən quyuya atılmış Yusif peyğəmbərəm. Daima düşünürəm, amma özümü tapa bilmirəm. Ümumiyyətlə, hansısa bir yazıçı özünü tapdığına əmin olanda yaradıcılığı da bitir.

“Şair taleyi” adlı bir şeirində belə bir sətr gözümə dəymişdi: “Bir şair taleyi yaşamalıyam mən”. Nicat, məgər indi başqa tale yaşayırsan?

Xeyr, mən elə doğulandan şair taleyi yaşayıram. Hər kəs şeir yaza bilər, ancaq şairlik başqa bir zirvədir. Əsl şairlərin özlərinə xas taleləri olur, əgər o taleyi yaşamırsansa, şair deyilsən. Əlisəmid Kür şair taleyi yaşadı, Musa Yaqub, Rüstəm Behrudi və s siyahımızı uzada bilərik. Səməd Vurğun səhvləriylə, düzləriylə şair taleyi yaşadı. Hüseyn Cavid, bəli, şair taleyi yaşadı. Məncə, rahatlıq, vəzifə yaradıcılığı öldürür. Necə ki tufanlardan küləklərdən, yağışlardan keçən ağaclarla dekorotiv bitkilər bir deyilsə, komfortda yaşayan insan da əzablar içində qıvrılanla eyni deyil.

Təxəllüsün Hunalpdır. Niyə Hunalp? Niyə Kamaloğlu və ya soyadına görə Qasım deyil, məhz Hunalp? Bunu sənin üçün xüsusiləşdirən nədir?

İstədim, təxəllüsüm daha fərqli olsun. Buna görə də Hunalp təxəllüsünü götürmüşəm. Hunalp, yəni hun igidi. Düzünü desəm, insanlar eşidəndə təəcüblənirlər, hətta sərgilərdə qeydiyyatçılar Hunalpı səhv yazırlar, dəyişdirməyə məcbur qalıram.

Səncə, Azərbaycan vətənpərvərlik ədəbiyyatı çərçivədən kənara çıxıbmı? Məsələn, sən bu çərçivədən çıxmısanmı?

Xeyr, bir mənalı olaraq bu çərçivədən kənara çıxa bilməmişik. Bizim yazdığımız pafoslu şeirlər hansısa avropalıya maraalı deyil. Şair Elşən Əzim Kəlbəcərə səfəri zamanı eynəyin itirib və eynək şeirin qələmə alıb. Son zamanların ən gözəl vətən şeirlərindən sayıram. Biz də bəzi şairlər elə bilir ki, şeirdə Şuşanın, Laçının adın çəkməsə, dünya dağılacaq. Şuşaya yazılan şeirlərin, demək olar əksəriyyətinin poetik çəkisi yoxdur. Mənim poeziyamda ara-sıra pafoslu şeirlər olub, ancaq o şeirlərin əksəriyyəti poetik çəkiyə malikdir. Vətəni, milləti sevməliyik, ancaq onu mistikləşdirməyək.

Venn diaqramı çəksək, səni digər şairlərdən fərqləndirən şərtlər hissəsində nələri qeyd edərdin?

O şairin ki şeiri, başqa şairlərin şeirindən fərlənmirsə, şeiri oxuyanda “bu şeir Vaqif Bayatlının şeiri ola bilər, bu şeir Ramiz Rövşənin şeiridir” demirsənsə, onda sən heç şeir yazma. Əvvəl şeir yazanda, şeirlərim bəzi şairlərin şeiri ilə oxşar idi. Amma zaman keçdikcə mən öz üslubumu formalaşdıra bildim. Mənim “Ayaqqabı tənhalığı” şeirim var. Orada vəfat etmiş birinin ayaqqabısının qapı ağzında qalmasından bəhs edilir. O ayaqqabı, sahibi öldükdən sonra tənhalığa məhkum olur. Onu külək vurur, yağış yuyur, gün qurudur. O yalnızlığı, tənhalığı poeziyaya gətirmişəm. “Alp Aruz taleyi” şeirimdə heç kimin baxmadığı prizmadan Alp Aruza baxmağa çalışmışam. Şeirdə Dədə Qorquda qarşı bir etiraz, küskünlük var. Daha bəsdir da, Tanrı taleyi yazıbsa, kimisə niyə sonsuz olmağına görə qınamalıyıq? Düzdümü? Men daha çox şeirlərimdə insanların ağrı-acısına şərik çıxmışam.

Atı daha çox düşünürsən, yoxsa yuxusu ərşə çəkilən balıqçını?

Səmimi olum. Atı çox düşünürəm. At mənə görə ideoloji bir şey də deyil. At bütün millətlər üçün eynidir. Atın əhilləşdirilməsi Eneolit dövrünə gedib çıxır. Atı ona görə sevirəm ki, at insanların tarix boyu ağrısını, yükünü çəkibdir. İnsanlar tarixdə addımlamağını atlara borcludur. Mən düşünmürəm ki, nə zamansa atlar dəbdən düşəcək. Mən at sürürəm deyəndə çox adam qəribə yanaşır. Maşınlar zamanla sıradan çıxa bilər, amma atlar çıxa bilməz. Ümumilikdə mən otaqda yalqız əzab çəkən hörümçəyi də, səhər yuxusu ərşə çəkilmiş balıqçını da düşünürəm. Amma indi atdan çox yazıram, yəqin ki ruhumun at ruhuna yaxınlığına görədir

Özünü yazırsan, Nicat, yoxsa başqasını? Şeirlərində intihara cəhd etdiyindən danışırsan. “Ölüm simfoniyası”nın sirkəni başına çəkmək istəyən drijoru sənsən?

“Konfransa Elegiya” şeirində özümü yazmışam. “Ölüm simfoniyası” şeirində xalamın ölümündən yazmışam. Anam qədər mənim əziyyətimi çəkib xalam, məni öz övladlarından ayırmayıb. Bu şeiri də yazmağı xalamın qarşısında mənəvi borc bildim. “Ayaqqabı Tənhalığı” kitabımı da xalamın ruhuna ithaf eləmişəm. Şeirlərimin demək olar, çoxunda özüm varam. “Bir bulud ağlayır, ay göy üzü, əl çək daha yaxamdan” şeirlərimdə darıxmalarım, sıxıntılarım əks olunub. Bəli, şeirlərimdə ölüm əsas yer tutur. Bilmirəm nədən, məncə, ölüm yaşamdan daha çox yaxındır mənə.

Deyirsən ruhum Altayda gəzir, amma Mingəçevirdə küçəyə çıxanda üşüyürsən. Sənin ruhun ora tab gətirər? Yoxsa yenə pafos?

Uzaq Altaylarda bir ruh dolaşır,
Obun, Yeniseyin, Orxunun üstə
Yazılır tarixin qanlı sözləri,
Göytürkün, Ağ Hunun, Uyğurun üstə.

Tək Altaylarda yox, dünyada ruhlar dolaşır. Amma məhz ruhuma yaxın olduğu üçün şeir belə qələmə alınıb. Altay yazıram? Mənim ruhum Temza çayının sahilində də dolaşa bilər, Monqolustanda Qobi səhrasında da, Afrikanın Saxara səhrasında da. Altayın çöllərində ruhum həmişə tab gətirər, cismim tab gətirə bilməz. 50 dərəcə soyuqda, təbii ki, cismim tab gətirə bilməz.Pafos lazım deyil.

Ədəbiyyatda əyalət paytaxt ayrı-seçkiliyinin səbəbinin nə olduğunu düşünürsən? Bir əyalət şairi olaraq buna münasibətin necədir?

Əvvəlcə onu deyim ki, paytaxt-əyalət problemi tək bizdə deyil. XVIII-XIX əsr Fransa ədəbiyyatında əyalət şairləri Parisə köçməsəydilər, tanınmaqda çətinlik çəkərdilər. Uzun zaman ingilis yazıçıları London ətrafında cəmləşmiş, irland, şotland kimi millətlərin yazıçılarını qəbul etmirdilər. Rusiyada da bu problemi görə bilərik. Moskva, Peterburqda çap olunmayan yazıçılara məşhurluq misqal-misqal gəlirdi. İlk dəfə bu düşüncəni sarsıdan əyalət insanlarının həyatından yazmaqla Anton Çexov oldu.
Məncə, bu məsələ bizdə çox sərt şəkildə gedir. Əyalət şairlərinə yuxarıdan aşağı baxmaq Azərbaycan ədəbiyyatına baş ucalılığı gətirməyəcək. Belə bir psixologiya formalaşıb ki, paytaxtdadırsa, deməli, yaxşı yazır. Bu kökündən yanlış düşüncədir. Əyalətdə də, paytaxtda da istedadlı şairlər var, həmçinin tərsinə istedadsız. Bu gün yaşadığım əyalətdə Mingəçevir şəhərində kifayət qədər ədəbiyyat adamları var. İsmayıl İmanzadə, Elşən Əzim, Əhməd Əfsun, Namiq Zaman kimi şairlərin adın çəkə bilərəm.
Paytaxtla müqayisədə əyalətdə imkanlar azdı. Əyalətdə yaşayan şairlərin əli Bakıya çox zaman çatmır. Bunun kökündə ilk olaraq maddi sıxıntılar dayanır. Bəzi hallarda şəxsən paytaxt qəzetleri əyalət şairlərini çap etmir. Mən əminliklə deyə bilərəm ki, əyalət adını eşidən kimi çoxusu yazını oxumur heç. Bu gün öz imkan və əlaqələrimiz yetdiyi yerə qədər əyalətdə ədəbiyyat adına işlər görməyə çalışırıq. Vallah, əyalətdə elə gənclərimiz var ki, istedadlıdır, fərqli baxış bucağı var.
Mən ilk növbədə Elçin Məhərrəmin adını çəkə bilərəm. Müasir Azərbaycan dramaturgiyasında yeni bir günəş doğulub desəm yanılmaram. Pyesləri Azərbaycanın müxtəlif teatrlarında səhnəyə qoyulub. Hətta Mingəçevir Dram Teatrına yeni nəfəs gətirib. Bir müddət əvvəl işlədiyi teatrı kitabxana ilə təmin etməyi bacardı. Elçin Məhərrəm əsərlərində insan ağrı-acısını, əzablarını, həyatın çılpaqlığını göstərir. Bu yaxınlarda “Günəşin Dostları” adlı əsəri Qax Kukla teatrında səhnəyə qoyulacaq.
İcazənlə səni də qeyd eləmək istəyirəm. Şamil Həsən olduqca istedadlı, daima mütaliə edən bir yazıçıdır. Hər zaman müşahidə edir, öyrənir. Mən deyərdim ki, son dövrün ən yaxşı hekayələrindən birini – “Bağacıqlar”ı yazıb. Bu hekayəyə dəyərli ədəbiyyatşünasımız Mətanət Vahid təhlil yazıb. “Bumeranq” essesi isə başqa bir uğurlu alınıb. Essedə yaradıcılıq prosesinin necə baş verməsindən danışılır.
Bayaq da dediyim kimi, əyalətdə bu gün də istedadlı şair və yazıçılarımız var. Sadəcə imkanların kasadlığı, təəəsüf ki, onların çoxunu kölgədə saxlayıb.

Müsahibə alanŞamil HƏSƏN
AYB Mingəçevir bölməsinin mətbuat katibi

ŞAMİL HƏSƏNİN DİGƏR YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

AYB Mingəçevir bölməsinin yazıçılarının yaradıcılıq görüşü keçirilib

25.01.2026-cı il tarixində AYB Mingəçevir bölməsinin yazıçılarının yaradıcılıq görüşü keçirildi. Ustad İsmayıl İmanzadə giriş nitqində hər kəsi salamlayaraq, keçən il görülmüş ədəbi işlərlə bağlı fikirlər söylədi və başda şəhərin gənc yazıçıları olmaqla, bölmənin bütün qələm əhlini təqdir edərək onlara uğurlar arzuladı.
Şairlərdən Bəhman Gülövşəli, Məmməd Mərzili, Ağabala Salahlı, Mahir Musa, Eldəniz Cəfəroğlu, Əhməd Əfsun, Zümrüd Rəhimova, Mehman Rəsulov, Ruhani Gülövşəli, Rəşid Rəsulov müxtəlif mövzularda qələmə aldıqları şeirlərini səsləndirdilər. Gənc yazıçılardan Nicat Hunalp xalq yaradıcılığından təsirləndiyi “Bayquş kədəri” şeirini, Elçin Məhərrəm ekspressionist sərbəst şerini, Şamil Həsən isə “Bumeranq” adlı yeni essesini oxudular.

MüəllifŞamil HƏSƏN
AYB Mingəçevir bölməsinin mətbuat katibi

ŞAMİL HƏSƏNİN DİGƏR YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şamil Həsənin hekayəsi

Bağacıqlar
Otaq böyük və rütbəli idi, divarların bütün küncləri kiflənmiş, tünd yaşıl rəngli göbələklər suvağın sarımtıl rəngini xırda-xırda tutmuşdu, uzaqda səmanın ənginliklərində doğan günəşin buludlar arasından boylanan zəif şüaları pəncərədən bir küncə düşürdü. Binanın ətrafındakı qamışlıqdan gələn üfunətli hava otağın havasını ağırlaşdırırdı, buna görə otağın nəmi artır, yenicə pöhrələnən günəşin istiliyi qüvvəsiz qalırdı.
Mərkəzi istilik sistemi kəsildiyindən bütün bina sakinləri kimi mən də elektrik peçinə möhtac olmuşdum. Bu peç ən soyuq yerdə — çarpayımın yanında qoyulmuşdu, lakin divar soyuqluq və islaqlıq saçdığından o soba da çarəsiz qalırdı. Hərdən çarpayımda fırlanıb ağzı aşağı düşəndə əlim divara dəyən kimi islanırdı, onda əlimi yorğanıma silib tez qurulayırdım.
Mən yuxudan ayılanda artıq saat 12-nin yarısı idi, günortaya az qalırdı, dəqiqləşdirmək üçün gözlərimi qıyıb divarda tıq-tıq salan saata bir də baxdım: doğru görmüşəm. Tərləmişdim, anamın səhər tezdən işə gedərkən alnımın üstünə saldığı qalın dəsmalı qaldırıb sifətimi boyun-boğazımı sildim. Anam səhər işə gedərkən mənə demişdi ki, stuldan asdığı paltarlarla əynimi dəyişim, mən yuxulu-yuxulu başımı tərpədərək onu eşitdiyimi təsdiqləmişdim. İndi durub tərli tuman-köynəyimi dəyişməliyəm. Amma nədənsə qanım it qanına dömmüşdü, bu sətəlcəmə görə deyildi, pulsuzluğuma görə heç deyildi.
Mən gecəyarısı sayaqladığım vaxt bir yuxu gördüyümü xatırladım, görürdüm ki, qrosmeyster Kasparovla şahmat oynayıram, o, məni yarışda məğlub edir, sonra mənə bic-bic dodaqaltı gülümsəyirdi, çox əsəbləşmişdim, yuxudan qışqıraraq ayılanda anamı başımı ovxaladığını, qaynar su uzatdığını gördüm. Doğrudur, gecə bunu sayıqlama kimi qəbul etdim, amma indi oyananda məndə kiməsə, nəyəsə qarşı ikrah yaratdığını hiss edirəm. Şahmatı hələ bir həftə bundan qabaq bir qız öyrətmişdi, o qızdan yaman xoşum gəlirdi, indi elə hiss edirəm ki, o, məni öyrədibsə, mən heç kimə məğlub ola bilmərəm.
Mən bunları düşünə-düşünə cəld əynimi dəyişməyə başladım, tərim soyumamış mütləq maykamı çıxarmalı, tərimi silməli, yenisini geyməli idim, çünki mən uşaqlıqdan artıq belə öyrəncəli idim. Bu vaxtı pərdəyə yapışan bağacıq gözümə sataşdı, dəftərlə böcəyi vurub saldım, ayağımla da əzdim. Bundan sonra otaqda onun kəskin qoxusu yayıldı, peşiman oldum, gərək ayağımla əzməyəydim. Bu vaxtı yenə biri gözümə dəydi, onu vurub yerə saldım, ancaq bu dəfə əzmədim, ayağımla vurub otağın digər başına doğru dığırlatdım. Böcək ağzı yuxarı, qanadları üstə durdu. Onu əzmək istəyirdim, amma o ayaqlarını hərəkət etdirərək yerindən qalxmaq, uçmaq istəyirdi. Bir anlıq məni qəribə bir maraq bürüdü, çay-çörək yeməyə getməli olduğum halda nədənsə durub vuraraq gicəlləndirdiyim böcəyə tamaşa etmək istədim; mən onun döşəmədə qanadları üstdə cabaladığını, xırda, nazik və qəhvə rəngli ayaqlarını seyr edirdim. Ağımtıl qarnının üstündə rəqs edən ayaqları mənə əsgərlərin marşını xatırladırdı. Mən ona rəhm elədim, əzmədim, belə ki əgər çevrilib uçmağa çalışsa, cəld öldürəcəkdim, bu şərti özümə sanki qanun kimi qoydum.
O bağacığı elə vurmuşdum ki, otaqdakı kiçik dekor masasının altına, daha doğrusu küncünə düşmüşdü. İndi artıq bu cücü çabalaya-çabalaya, qarnı yuxarı, ayaqlarını mümkün qədər tərsinə yerə vuraraq harasa doğru getməyə çalışırdı. Mən gedib əl-üzümü yudum, çay-çörəyimi yedim, hələ üstəlik zoğal mürəbbəsini qaynar çayıma qatıb içdim, sonra qəşəngcə gəyirdim də…
İndi baxıram ki, o bağacıq artıq xeyli məsafə qət edib, çarpayımın yanına çatıb; əyilib diqqətlə baxdım, həqiqətən, o bayaqkı kimi qarnı yuxarı tərs addımlayır, amma mən ona imkan verməzdim ki, uçub yorğan-döşəyimə qonsun, orda yenidən qış yuxusuna getsin, ona görə qəzetlə sürüyüb həmənki yerinə qaytardım. Hər ehtimala qarşı yorğanımı, mələfəmi silkib çarpayını səliqə-sahmana saldım, bu zaman döşəməyə nəsə düşərək tıq deyə zəif səs çıxardı — bu, doğrudan, başqa bir bağacıq idi. Mən öz-özümə düşündüm: Kim bilir, bəlkə, bu öz qardaşını axtarır, ən yaxşısı onu da dostunun yanına sərim.
Əslində, mənim ürəyim sıxılırdı, kiməsə, nəyəsə qarşı naməlum hisslər keçirirdim, sanki qisas alırdım, bu hisslərə nə ad qoyacağımı da bilmirdim. Hərdən canım sıxılanda pərdəni çəkib yamyaşıl ağacların budaqları arasından boylanan Kür çayının mənzərəsinə baxırdım. Bu dəfə pərdəni çəkəndə yamyaşıl ağaclar görmürdüm, yarpaqları tökülüb keçəl qalan həmin ağacları və bir də təzə gəlinin üzü kimi duvaq altında qalan Kürü deyil, artıq qayınata yanına çıxa bilən gəlini — Kür çayını gördüm. Mən elə hiss elədim ki, günəş lap qərbdə doğub, onun zəif şəfəqləri üzümə candərdi vururdu.
Eyvana çıxıb təmiz hava alandan sonra yenidən bağacıqların yanına baş çəkdim. Yeni gətirdiyim bağacıq zəif hərəkət edirdi, mən bayaqdan kəlləmayallaq yeriyən bağacığın yanına əyilib gözümü düz onun ayaqlarına, bığlarına zillədim: o yorulmamışdı. Karandaşı götürüb onun qarnına yaxınlaşdırdım, karandaşı qaldırdım, o da karandaşla bərabər qalxırdı. Artıq o, ayaqları üstündə durur, ağır-ağır ləngər vura-vura yeriməyə başlayırdı. Mən onun dostunu qaldırmadım, heç özü də qalxmağa cəhd göstərmirdi, ancaq arabir tərpənir, hələ ölmədiyini nümayiş etdirirdi.
Mən hiss edirdim ki, o mənə dua oxuyur, alqış edir, o biri isə hələ yalvarır, mənim xeyirxahlığımı gözləyir, ona görə şəstlə onlara baxırdım. Anidən ağlıma yenicə ayağa qaldırdığım bağacığı tərsinə çevirmək vurdu. Ona rəhm elədim, ağlımdan keçən cinayətləri həyata keçirmədim, o bu dəfə ayaqları üstündə normal yeriyirdi, mən onun istiqamətini dəyişib sonradan gətirdiyim həmcinsi tərəfə çevirdim, o ləngər vura-vura, səyillənərək dostunun yanına gedirdi. Mən onun belə gedərək öz dostunun əlindən tutub qaldırmağını, bir yerdə məndən yaxa qurtarmaqlarını gözləyirdim, ona görə səbrlə onu izləməyə başladım. Heyhat, o dostuna əl uzatmadı, heç onu dikəltmək fikrinə də düşmədi. Mən anidən onu əzdim, pis kəskin keşniş qoxusu otağa yayıldı, püfləyib burnumu tutdum; onu əzərkən xırçıltı səsi çıxdı. Bu səs mənə çox-çox tanış idi, bir dəfə yıxılıb əlimi biləkdən çıxaranda bu xırçıltını eşitmişdim, sanki onun da biləyi çıxdı; onda mən ağırını hiss eləməmişdim, neçə saat sonra yavaş-yavaş ağırmağa başladı, həmin vaxt yəqin elədim ki, mənim əlim çıxıb. Bu dəfə də belə güman elədim, o ağrını hiss eləməyəcək, bir azdan dostuna deyəcək ki, mənim qanadlarım qırıldı. Təzə gətirdiyim bağacıq indi çabalamağa başladı, sürətlə ayaqlarını tərpədir, döşəmənin üzərində var-gəl edirdi. Nəhayət, uzun zəhmətdən sonra ayaqları üstünə qalxdı, elə qalxar-qalxmaz döşəmədə zarıyan dostuna tərəf yaxınlaşdı. Mən yenə qəribə əminliklə hiss edirdim ki, onlar mənə bütün gücləri ilə yalvarır, məndən imdad gözləyirlər; hələ bu canlı bağacıqdan dostuna rəhmət, özünə isə uzun ömür arzuladığını eşitdim. Canlı bağacıq yeriyir, canını ölümdən qurtarmaq istəyir, lakin hər dəfə istiqamətini dəyişib dostundan aralanmağa çalışanda mən onu canını tapşıran böcəyə doğru çəkirdim. Budur, artıq mənim canlı böcəyim ölən böcəyin ətrafında dövrə vururdu. Mən pərdəni silkələyib yeni bir böcəyi döşəməyə saldım, bu da qış yuxusundan kal durub ləngər vurmağa başladı; onu ayaq barmağımın ucu ilə sürüyə-sürüyə köhnə dostlarının yanına gətirdim. Artıq o da dostu kimi dövrə vururdu. Sonra bir neçə yeni bağacıq gətirib yanlarına qoydum. Onlar yavaş-yavaş, mənə dua edə-edə fırlanır, öz dostlarını ziyarət edirlər. Daxilimdən bir səs çıxıb onlara mənə tabe olmalarını əmr edirdi, mən artıq o səslərə qulaq asır, ziyarətçi bağacıqlara eşitdirirdim. Onlar daha mənim sözümdən çıxmamalı idilər. Onların yallı ayininindən sonra ölən bağacıq ayaqlarını çox yavaş tərpədir, həm dostlarını, həm də məni ölümsüzlüyə inandırırdı.
Başımı qaldıranda gördüm ki, daha saat üçdür, yeni bir şey də gördüm: atamın ən yaraşıqlı düşdüyü şəkli. Və bu yaraşıqlı şəkil qəbir daşına ömürlük həkk edilmişdir. Bayaq saata baxanda bunu heç görməmişdim, indi otağımda yeni-yeni xatirələr kəşf edirəm. Bir də onu kəşf etdim ki, 23 yaşıma gəlmişəm, böyük oğlan olmuşam; güzgü də mənim fikrimi təsdiqlədi.
Aclıq mədəmdə binamızın yanındakı axmazdan gələn qurbağa qurultusunu qoparırdı. Atam həmişə deyirdi ki, ac ayı oynamır. Mən isə acanda ayıdan betər oluram lap. Mətbəxə keçib şorbanı qızdırdım, ondan iki boşqab içib dopumu doldurdum, çay da içmək istədim. Bu vaxtı qapımız döyüldü; qonşumuz məndən bir stəkan duru yağ verməyi xahiş edirdi, onu istədiyi şeylə təmin etdim.
Məni yuxu aparırdı, mətbəx pişiyi kimi divanda əsnəməkdən ölürdüm. Mən maraqlı bir yuxu görürdüm. Az öncə öldürdüyüm bağacıq dağın dibində dəfn edilib, üstünə də nəhəng sərdabə düzəldiblər; indi ora yüzlərlə bağacıq ziyarətə gəlir. Mən orda özümü də gördüm; gördüm ki, başımda şlyapa, əlimdə nazik nar çubuğu, əynimdə qoyun dərisindən palto var. Mənə gətirilən qurbanlar xoşuma gəlməyəndə nar çubuğu ilə bağacıqları döyürdüm, məsum bağacıqlar da mənə yalvarırdılar ki, gələn dəfə daha böyük taxıl dənəsi gətirəcəklər. Mən onlara əmr etdim: bu dəfə mənə yalnız qoz-fındıq ləpəsi gətirməlidirlər, əgər gətirməsələr, onları sürüdən qovacaqdım. Belə də dedim. Onlar özləri də, mən də bilirdik ki, onların qida mənbəyi kəndlilərin taxıl sahəsi, qoz-fındıq bağları idi, lakin mən belə şey yemirdim, bunu mənə hörmət əlaməti olaraq gətirmişdilər. Sərdabənin yanında nəhəng buğda, fındıq, düyü və s. ləpələri qalaqlanmışdı. Onların arasında dişlənmiş buğda gördüm, tez əmr etdim ki, dişlək buğdanın sahibini tapsınlar. Nəhayət, həmin bağacıq tapıldı. O mənə dedi ki, yalnız yeyilmiş buğda gətirə bilib, indi də mənim mərhəmətimə sığınır. Mən buna qane olmaram, yenə əmr etdim: bu bağacıq qanadları qırılaraq sürüdən qovulmalıdır. Bütün bağacıqları kötəklədim, yalnız bir bağacıqdan savayı, o da gələn kimi mənim ayaqlarımı fındıq yağı ilə masaj etmiş, qanadları ilə silmişdi.
-Bu nə yuxudur,— deyib ayıldım. Qan-tər içində üzürdüm, divanda nə təhər yatıb qalmışdımsa, elə də oyandım. Boynum çox pis ağrıyırdı, ürəyim şiddətlə döyünür, əllərim əsir, bədənim titrədirdi. Hiss elədim ki, təzyiqim çox düşüb, tünd şokoladlı qaynar çay içmək istədim, ancaq nə şokalad tapdım, nə də qaynar çay. Çaydanın altını çoxdan söndürmüşdüm.
Dərman atdım, sonra bütün evi gəzib öz otağıma keçdim. Bu dəfə gördüm ki, döşəmədəki bağacıqların bir neçəsi dekor masasının üstünə qonublar. Onların hamısını öldürüb salfet ilə götürdüm. Yadıma bağacıqlar haqqında oxuduqlarım düşdü ki, onların buraxdıqları maye üzə, gözə dəyəndə qaşınma salır.
Gözümə yenə bağacıqlar dəyirdi. Mən bağacıqlarımdan doymamışdım, otaqdakı bağacıları eyni yerə düzdüm, elə ordaca birini bayaqkı kimi öldürüb, digərlərini də yallı getməyə vadar elədim. İşin tərsliyindən indi onları ölünün başına fırlanmaq əvəzinə yumalayan görürdüm, hətta bu dəfə hiss elədim ki, onlar öz sürü başçılarını qaçırmağa çalışırlar, qulağıma hərdən mənə dedikləri söyüş də çatırdı. Onlar cığal məxluqa oxşayırdı, ona görə hamısını kibritlə yandırdım.
Yaxşı ki qapımız açıq idi, qonşumuz Nərminə müəllimə məni soyuq döşəmədən qaldırıb öz isti evinə gətirdi. O gələndə məni otağın ortasında huşsuz görmüşdü. Mən indi özümü yaxşı hiss eləyirdim, hələ elektrik sobasının istiliyi də məni lap xumarlandırırdı. Mən qalxıb getmək istəyəndə:
-Uzan, — deyə dilləndi, sonra nəvazişlə gülümsədi, — Böcəklər yazıqdır, bala, onlar təzə Allah istəmirlər.
Mən məsələnin nə yerdə olduğunu anladım, yəqin ki məni görübmüş. Susdum və bir az da utandım, sonra qaynar kofedən ləzzətlə içib axşamacan anamı gözlədim.

MüəllifŞamil HƏSƏN
AYB Mingəçevir bölməsinin mətbuat katibi

ŞAMİL HƏSƏNİN DİGƏR YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

AYB Mingəçevir bölməsinin yazıçılarının görüşü keçirilib

15.12.2025-ci il tarixində AYB Mingəçevir bölməsinin yazıçılarının yaradıcılıq görüşü keçirildi. Şairlərdən Bəhman Gülövşəli, Məmməd Mərzili, Ağabala Salahlı, Bəxtiyar Qarabağlı, Mahir Musa, Eldəniz Cəfəroğlu, Əhməd Əfsun, Minarə İsgəndər müxtəlif mövzularda qələmə aldıqları şeirlərini oxudu. Gənc yazıçılardan Nicat Hunalp, Elçin Məhərrəm, Şamil Həsən öz yeni əsərlərini oxudular. Şair Elşən Əzim həm öz şeirlərini səsləndirdi, həm də gənclər tərəfindən oxunan əsərlərə öz münasibətini bildirib təqdir etdi. Daha sonra Elşən Əzim bölmə sədri İsmayıl İmanzadənin 80 illik yubileyi münasibətilə bağlı AYB sərdi Anar Rzayevin və Milli Məclisin deputatı, İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri Fazil Mustafanın təbrik məktublarını bütün yazıçılara oxudu.

Yekdilliklə qərara alındı ki, ustad yazıçının qələminə hörmət əlaməti olaraq, onun yubiley mərasimi keçirilsin. Bununla bağlı bölmə sədrinin razılığı alındıqdan sonra tədbirin təşkilatçıları müəyyənləşdirildi.

MüəllifŞamil HƏSƏN
AYB Mingəçevir bölməsinin mətbuat katibi

ŞAMİL HƏSƏNİN DİGƏR YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

TANINMIŞ YAZARLA GÖRÜŞ HAMININ ÜRƏYİNCƏ OLDU

TANINMIŞ YAZARLA GÖRÜŞ HAMININ ÜRƏYİNCƏ OLDU

Oktyabr ayının sonuncu günündə (31.10.2024) Mingəçevir Mərkəzi Şəhər Kitabxanasının oxu zalında Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin xəttiylə tanınmış şair-publist, “Azad qələm” jurnalının baş redaktoru Nəcibə İlkinlə görüş keçirilmişdir. Şəhər ictimaiyyəti nümayəndələrinin, bir neçə şəhid ailəsinin, ziyalıların, yerli yazarların və tələbələrin qatıldıqları tədbiri AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə giriş sözüylə açmış, illər öncəsi ilk poetik addımlarını Mingəçevirdə atan və paytaxta köçüb gedəndən sonra istedadlı söz adamı kimi püxtələşən yazar xanımın ədəbi proseslərdə fəal iştirakını məmnunluq hissiylə qeyd etmişdir.

Mingəçevir şəhər Veteranlar Şurasının sədr müavini Rizvan Mikayıllı Nəcibə İlkinin ədəbi aləmdəki çoxşaxəli fəaliyyətinə yüksək dəyər vermiş və ona sonrakı əməli işlərində də uğurlar arzulamışdır.
Hüquqşünas-şair Bəhman Gülövşəli çıxış edərək AYB-nin Mingəçevir bölməsi yaradılarkən yerli yazarların sırasına həvəslə qoşulan, ayrı-ayrı klassik şair və yazıçıların yubiley tədbirlərinin, yerli yazarların yeni kitablarının təqdimat mərasimlərinin həyata keçirilməsində fəallıq göstərən, dəyərli çıxışlarıyla oxucuları məmnun edən keçmiş qələm yoldaşının uğurlarından söz açmışdır.
Uzun illər boyu Mingəçevir Dövlət Teatrında aktrisa kimi fəaliyyət göstərən, və sonda Nəsibə Zeynalova mükafatınna layiq görülən Kifayət Əliyevanın Nəcibə İlkinin “Azərbaycan əsgəri” şeirini özünə məxsus ustalıqla söyləməsi diqqətdən qaçmadı.
Tədbirə qonaq qismində dəvət edilən AYB Ağdaş bölməsinin sədri, tanınmış şair-publisist Fəxrəddin Əsəd Nəcibə xanımın əsərlərinin nümayiş edildiyi kitab sərgisinə işarəylə: “Müəllifin önəmli ədəbi fəaliyyətindən soraq verən kitablarına istinadən onu məhsuldar yazar hesab etməkdə haqlıyıq!”-dedi.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şəhid ailəsi, yazıçı-publisist Zümrüd Rəhimova yazar həmkarının yaradıcılığında şəhidlik mövusunda nəşr etdirdiyi bir neçə kitabın düşmənlə savaşlarda vətən naminə canlarından keçən ərən oğullara yönəlik ehtiram hissindən qaynaqlandığını vurğuladı.
İkinci Qarabağ Müharibəsində Əli və İslam adlı iki öladını itirən Sevinc Məmmədovaya həsr olunan “Əsgər anası” adlı şeirini söyləyən şəhərdəki 1 saylı məktəbin şagirdi Aylin Abdullazadənin çıxışı hamı tərəfindən razılıq hissiylə qarşılandı.
Tanınmş tele-jurnalist İnqilab Şirinli, AYB-nin üzvləri Namiq Zaman və Elşən Əzim, satrik şeirləriylə yerli yazarların və oxucuların rəğbətini qazanmağa nail olan Eldəniz Cəfəroğlun çıxışları da tədbirə əlvan söz çalarları qatmaq baxımından yaddaqalan oldu.
Tədbirin aparıcısı İsmayıl İmanzadə gənc yazarları çıxış etməyə dəvət etməzdən qabaq ötən həftə AYB-yə üzv qəbul edilən Nicat Hunalpın üzvlük vəsiqəsini nümayiş etdirərək, onun etimadı doğruldacağına ürəkdən inandığını vurğuladı və cavan həmkarına xeyir-dua verməyi də unutmadı…
Görüşün sonrakı məqamlarında gənc yazarlardan bölmənin gənclər şurasının sədri, AYB üzvü Elçin Məhərrəm, Nicat Hunalp, Şamil Həsən və tələbə yazar Mədinə Rəhimova Nəcibə İlkinin ünvanına yönəlik hərarətli kəlmələrlə hamıya unudulmaz anlar bəxş etdilər. Mingəçevirdə məhur məşqçi və xeyirxah insan kimi sevilən Mehman Məlikovun Nəcibə xanma ünvanlanmış hərarətli sözləri də təsirsiz ötüşmədi…
Tədbirin ayrı-ayrı məqamlarında Nəcibə İlkinin və el şairi Bəhman Vətənoğlunun yaradıcılığını əks etdirən şeirləri saz havası üstə oxuyan Aşıq Qoşqarın və onu balabanda müşaiyət edən Fərəcin bənzərsiz ifaları hamı tərəfindən alqışlandı.


Sonda çıxış üçün söz alan Nəcibə İlkin görüşçün AYB Mingəçevir bölməsinin sədrinə, mərkəzi kitabxananın direktoru Gülnarə xanıma, yaradıcılığına yüksək dəyər verən qələm dostlarına, oxuculara,-ümumilikdə isə tədbir iştirakçılarına təşəkkürünü bildirdi və bir neçə şeirini oxumaqla hamının alqışlarını qazanmağa nail oldu. Tədbirin başa çatanda isə özüylə gətirdiyi xeyli sayda kitabını kitabxanaya və oxuculara hədiyyə etdi.

Müəllif: ŞAMİL HƏSƏN

AYB Mingəçevir bölməsinin üzvü, gənc yazar

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru