BABA PÜNHAN – 77 5 noyabr – el yaddaşında abidəyə dönmüş Baba Pünhanın (Atababa Seyidəli oğlu Mədətzadə) mövlud günüdür. Unudulmaz şairimizi ehtiramla, rəhmətlə anır və sağlığında özünün poetik ovqatında – satirik ruhda yazdığım, yaddaşımda yarpaqlayan “Söz qamçınla neçə nadan döyürsən” şeirimi işıqlı xatirəsinə salam olaraq dilə gətirirəm:
Şallaq vurur Hacı Əbdül, ay Baba, Səcdə eylə millətdəki bu taba! Səmt götürüb işlərimiz xaraba… Söz deməyə “Qulp”a doğru yüyür sən!
Müxalifət-iqtidara bölündük, Qarada ağ, ağda qara göründük. Axtarırıq qarşılıqlı xor, dönük… Yavanlığa yalan vədlər yeyirsən.
Partiyalar baş sındırır baş olsun, Fəqət bircə lider halı xoş olsun. Nicat yolun bilən varsa, kaş olsun… “Borc içində” güzəranı öyürsən.
Məmur var ki, hələ bilmir işini, Gələn gündən itiləyib dişini. Qara basır məyusluqdan kişini… “Ölü lütdü, diri lütdü”- deyirsən.
Qəzetçilər çəkilirlər divana, Yazdıqları yetişəndə ünvana. Haqq gəzənə desələr də divanə, Söz qamçınla neçə nadan döyürsən… Müəllif: Tapdıq ƏLİBƏYLİ
AKİF MƏHƏRRƏMOV – 70 (26.01.1955 – 24.03.2009) Sən adını qoru, Ömür Allahındır.
Zaman-zaman əsrlərin, qərinələrin o üzündən üzü bəri əsrarəngiz nizamlı söz–şeir duyğularımıza ayna tutub, ruhumuzun təsəllisinə, iç dünyamızın həmdəminə dönüb. Poetik ovqata qatılanlar mənən saflaşıb, misraların axarında durula-durula bir üzü tunc, bir üzü ipək dünyamızın gerçəkliklərini poetik süzgəcdən keçirərək, “məndə mənini” arayıb. Mənəviyyat dünyamızın tükənməz enerji mənbəyi olan sözün işiğında yol gəliblər və yol gedirik sözün heyrətinə bələnə-bələnə. Bu yolun yolçusu, dünyaya gəlişinin 70 illik zaman məsafəsini özü ilə yox, Sözü ilə birgə qarşıladığımız Akif Məhərrəmovun sözünün işığında bəzi məqamlardan söz açmaq istərdim. Şeiriyyəti poetik fikrimizin, bədii düşüncəmizin işığını daha da gurlaşdıran unudulmaz şair Akif Məhərrəmov cismən aramızda olmasa da, onun poetik sözü bu gün də qəlbə hərarət, düşüncəyə parlaqlıq gətirmək iqtidarındadır.
Akif Hüseynqulu oğlu Məhərrəmov 1955-ci il yanvar ayının 26-da Qazax rayonunun Bəyazatlı kəndində (indiki Ağstafa rayonunun Yuxarı Göycəli kəndi) anadan olub. 1972-ci ildə kəndlərindəki orta məktəbi, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki İnşaat Mühəndisləri Universiteti) bitirmişdir. Müxtəlif idarə və müəssisələrdə təmir- tikinti sahəsində usta, iş icraçısı, mühəndis və müdir qismində çalışıb. Sahibkarlıq fəaliyyətiylə məşğul olub. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Akif Məhərrəmov ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. “Sən adını qoru, ömür Allahındır”, “Əzizim, yolum haqqa…”, “Tale deyən bu dünyada nə var ki…”, “Nə mən dünyadayam, nə dünya məndə”, “Yaşadım, yazdım”, “Qonaq elə zamanına” və dünyasını vaxtsız dəyişmiş (24 mart 2009-cu il) şairin anadan olmasının 55 illiyinə həsr olunmuş, ilk kitabının adını daşıyan “Sən adını qoru, ömür Allahındır” (2010) adlı kitabları işıq üzü görüb. Akif Məhərrəmov şeirlərinin birində yazır:
Akif, zəngin, ya da fəqir, Vaxtı çatar köçər bir-bir. Saxlayan yox, etmə fikir, Təbilini çalan ömrü.
…Bir həqiqət də danılmazdır ki, böyük soz ustadı Səməd Vurğun demiş “Deyilən söz yadigardır”. Necə ki Akif Məhərrəmovun sözü bizlərə yadigardır. Akif Məhərrəmovun ədəbi yaradıcılığı istər forma, istərsə də məzmun baxımından zəngin və rəngarəngdir. Şairin əngin məna dərinliyi, zəngin forma genişliyinə malik olan ədəbi irsinin (ustadnamələr, divanilər, təcnislər, qoşmalar, cığalı qoşmalar, gəraylılar, qəzəllər, deyişmələr, dodaqqaçdılar, aforizmlər və s.) “rəngi” və “ətri” təbiidir. Bu təbiilik onun xislətindən, həyat qayəsindən qaynaqlanıb.O, nə yazıbsa, yaşantıdır. Bu keyfiyyətlər Akif Məhərrəmovun bayatılarında da öz parlaqlığı ilə təzahür edir.
Əzizim, dərd boy atdı, Uzandi dərd, boy atdı. Sevincim təzə-tərdi, Kədərim sərt, boyatdı.
Bir yazımda- “Şair ömrü-bayatı sədası” ında qeyd etdiyim kimi Akif Məhərrəmovun yaradıcılığı ovqat və mövzu aspektindən nə dərəcədə əlvandırsa, poetik fikir, hiss və düşüncələri də bir o qədər rəngarəng və səmimidir. Şair ədəbiyyatımızda bayatı formasında yazan Sarı Aşıq, Xəstə Qasım, Aşıq Abbas Tufarqanlının yolunu öz bayatı çələnği ilə bəzəyir, bayatı naxışına öz ilmələrini vurur.
Əzizim, kömür qalar, Od yanar, kömür qalar. Yaxşılar köçüb gedər, Yenə də ömür qalar
Obrazlı düşüncə, şeirlərinin bədii təsvir və ifadə əlvanlığı, zamanla səsləşən mövzuların seçimi və onların yüksək poetik vüsətlə işlənməsi, həqiqətən də onun yaradıcılığının sənətkar, vətəndaş məziyyətlərini təqdim etməklə yanaşı, parlaq istedadının təbii imkanlarını da üzə çıxarır.
Əzizim, qara qaldı, Dağ-daşım qara qaldı. Vətənin əsirliyi, Qəlbimdə yara qaldı.
Akif Məhərrəmovun istənilən bayatısı onun poetik istedadının aynasına çevrilir; dərin poetik ümumiləşdirmə bacarığı, obrazlı təfəkkür genişliyi, zəngin bədii-fəlsəfi məfkurəsi bu aynada aydınlığı ilə görünür.
Əzizim, eldən gələr, Yaxşı ad eldən gələr. Oğulu ana doğur, Qeyrəti beldən gələr
Yaxşı adın eldən gəlməsi (hər kəsi əməlləri müqabilində dəyərləndirmə), qeyrətli oğulun əsilə bağlı olması qənaətində olan şair “Ot kökü üstə bitər” el deyiminə dayaqlanır və başqa bir bayatıda bu fikri bir daha təsdiqləyir:
Əzizim, belə bağlı, Kəməri belə bağlı. Övladın qeyrəti də Gəldiyi belə bağlı.
Akif Məhərrəmovun bayatılarında həyat və cəmiyyət haqqında fikir və hisslər obrazlı təfəkkürün məxsusi, özəl cizgiləri ilə təqdim olunur; vətən eşqi, məhəbət, gözəllik, təbiət tərənnüm edilir.
Şeiriyyətin nuruna boyandıqca duyğulana-duyğulana, Şərqin poeziya aləmində yüksək zirvələrdən birini fəth edən Saib Təbrizinin “Hər sözümüz od və suyun möhürüdür” deyimi yada düşür. İqtibas etdiyim bu fikrin təsdiqi elə A.Məhərrəmovun “yol” məfhumuna poetik baxışında da ehtiva olunur.
Əzizim, yoldu gedər, Uzanar yoldu gedər. Ömürdən tələs kam al, Demə ki, boldu gedər.
Əzizim, yola sığmaz, Yollar var yola sığmaz. Mərd igid tayın tapsa, Gücləri qola sığmaz.
Həssas sənətkar qəlbi ilə isinmiş, duyğulara bələnmiş, zəka ilə cilalanmış Akif Məhərrəmov poeziyasında tükənməz ümid, poetik işıq vardır.
Akif Məhərrəmovun vətənpərvərlik lirikası bütöv Azərbaycanımıza olan hədsiz sevgidən, torpağa, yurda bağlılıqdan qaynaqlanır. Bu sevgi misra-misra, söz-söz onun bütöv poeziyasına sirayət edib.
Vətən, torpaq qeyrətini çəkməyən, Bu torpağa bircə ağac əkməyən, Dar günündə bir quş kimi səkməyən Geci-tezi gələcəkdir lənətə.
Vətənə layiqli övlad olmağı təlqin edən bu misralar unudulmaz şair Akif Məhərrəmovun müəllifi olduğu “Qayıt, Vətən oğlu” adlı şeirdən iqtibasdır.
Ədəbi irsi istər forma, istərsə də məzmun baxımından zəngin və rəngarəng olan Akif Məhərrəmovun baş mövzuları sırasınada “vətən” xüsusi yer tutur. Təbii ki, bu cəhəti səciyyələndirən əsasən şairin vətəndaşlıq qayəsi və ədəbi xislətidir. Məhz bu prizmadan yanaşmaqla bəzi məqamlardan söz açmaq istəyirəm.
Qəlb döyüntüm doğma Vətən, Güc gələrmi sənə yetən? Bir gün Akif köçsə səndən, “Döz”- deyəcək dərdə, sənə…
Vətən məhəbbətini XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğun belə səciyyələndirir: “İnsan hissləri içərisində ən müqəddəs, əbədi, tərəqqi və inkişafa təkan verən amillərdən biri, bəlkə ən mühümü vətənpərvərlikdir. Vətən məhəbbəti insanın həyat nəfəsidir”.
Akif Məhərrəmovun şeirlərindəki “həyat nəfəsi” mənsub olduğu kökə bağlılıq təzahürütək üzə çıxır.
Akif, sən Vətənə, həm də xalqına Gərəkli oğulsan, özünü qoru. Tez seçə bilirsən yaxşını pisdən, O göz lazım olar, gözünü qoru.
Müəllif ləyaqətli vətən övladlarının vətəni qoruması naminə onların özünün qorunmasının gərəkliyini önə çəkir. Vətən köynəyindən keçən oğullar vətənin qoruyucusudur. Dilimizdəki “Vətən sevgisi imandandır” sözü, bu baxımdan son dərəcə mənalıdır və mədəniyyətimizə xas bir anlayışdır.Akif Məhərrəmov yazır:
Torpağın ağası – onu əkəndir, İxtiyar sahibi – qeyrət çəkəndir…
Akif Məhərrəmovun poetik istedadının aynasına çevrilən, dərin poetik ümumiləşdirmə bacarığı, obrazlı təfəkkür genişliyi, zəngin bədii-fəlsəfi məfkurəsini özündə əks etdirən bayatı yaradıcılığında da vətən mövzusu özünəməxsusluğu ilə diqqət çəkir.
Əzizim parçalandı, Torpağım parçalandı. Qoy düşmən düşünməsin, Millətim alçalandı.
Əzizim əyirməyə. Yunum yox əyirməyə. Qıratım nəyə lazım, Yurd yoxsa səyirməyə?
“İz itib, hanı yollar?”- deyən şair heç də bədbimləşmir və bu yolda özümüzün – özümüzə arxalanmağımlızı, özgədən aman olmadığını, qurtuluş yolunun öz gücümüzə dayaqlandığını söyləyir:
Əzizim yurd içində, Var mərəz yurd içində. Özgədən aman yoxdur, Gücü gəz yurd içində.
“Müqəddəs torpaq-mübarək qədəm” publisistik yazımda qeyd etdiyim kimi bu da bir həqiqətdir ki, müqəddəslər sırasında, vətəndaş ünvanı olan Vətən ilkin olaraq hər kəsin doğulduğu, boya-başa çatdığı doğma yurddan, eldən, obadan başlayır. Bu əzəlilikdə bir paklıq, bir saflıq durur. Ömür pillələri artdıqca bu paklığı, saflığı cilalayan gizli bağlar insanın bütöv varlığına hakim kəsilir. Ilkin qədəm basdığı torpağa ruhunu pərvazlandırır… Əzələ! İllah da bu işıqlı dünyaya göz açdığın torpaq-ocaqdan uzaq olanda … Görünür, bu da bəndənin Tanrısına dönüş məqamına yaxınlıq nişanəsidir. Bu müqəddəs duyğular Tanrının hökmüylə canımıza-qanımıza hopan “qayıdış“ işartısıdır.
İlahi kəlamın cazibəsinə düşürəm: ”Torpaqdan yaratdı Adəmi Allah. Sonra “Ol”-dedi ona, torpaqdan var oldu o ”. (Qurani -Kərim, Əl-i İmran surəsi, ayə 59) Yağı düşmənin qəsbkarlığına qarşı çağırış edən müəllif yazır:
Akif, danışmaqla dərd bitən deyil, Vətən oğulları gəzməsin veyil… Ay qağa, ay qədeş, sən kefli ceyil, Ulduzu görməsə, ilan can vermir.
“Külümüz sovrulmuş, közümüz sönmüş…”- deyən şair başqa bir şeirində isə “dilinə köz olan” Vətəni darda qoymamaq üçün səfərbər olmağa səsləyir.
Ah, necə dözəsən, haqsız zülmə? Hər gün rast gəlirsən vaxtsız ölümə. Köz düşür “Vətənim” deyən dilimə, Qoyma onu darda, şikayət etmə…
Bəlli bir həqiqəti xatırlatmaq yerinə düşər: “Ana” və “Vətən”! Bu iki kəlmənin birləşməsindən yaranıb “Ana Vətən” kəlməsi. Vətən dünyaya göz açıb boya-başa çatdığımız, havasını udub, suyunu içdiyimiz totpaq, ulularlmızın uyuduğu məkandır. Vətənin şərəfi ananın şərəfidir. Bu fikir fonunda A.Məhərrəmovun
“Yalvarma yadlara, yalvarma, ana” şeiri mənəvi dəyərlər, milli kimlik kontekstində qabarıq və yüksək hiss-həyacanla təsvir edilir. Ehtiyac ucbatından əcnəbiyə əl açmağa məcbur olmuş yaşlı qadına-anaya ünvanlanmış şeirdə bir məqama diqqət edək:
Akif Məhərrəmovun vətən ünvanlı duyğuları müstəqil Azərbaycanımızın bütövlüyü uğrunda, onun ucalığı, müqəddəsliyi keşiyində qələmiylə müsəlləh əsgər olan bir söz adamının, fikir daşıyıcısının milli varlıq ləyaqəti, Azərbaycançılıq qayəsini özündə ehtiva edir. Bu, unudulmaz şairimizin ədəbiyyatımızda həyat nəfəsidir. Nə qədər ki, Azərbaycan var, milli ruh yaşayır, Akif Məhərrəmovun da vətən ünvanlı şeirləri-həyat nəfəsli və yaşantılıdır. Akif Məhərrəmovun sözünün sehrinə bələndikcə, əminliklə demək olur ki, çağdaş ədəbiyyatımızın poeziya rəngarəngliyində özünəməxsus çaları oaln Akif Məhərrəmovun ədəbi irsi zaman-zaman poeziyasevərlərə xoş duyğular bəxş edəcək, ürəkləri riqqətə gətirəcək və bu ədəbi örnəkləri ruhumuzun təsəllisi, mənəvi dünyamızın aynasıtək hər nəsil öz ruhunda yaşadacaq.
Düşmənlə döyüşdə qəhrəmancasına həlak olmuş şəhid gizirimiz, Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əliabad kəndinində oldum və valideyinlərini ziyarət etdim. Şəhid atası – əli dəstəmazlı, ağzı dualı, qəlbi imanlı Ağakərim kişi ilə sohbətimizdə oğlunun şəhid olduğu gün sübh namazını “birgə” qıldıqlarını söylədi… Bu ilahi hikmətin, həqiqətin işiğında deyirəm: Alllah ibadətinizi qəbul eləsin.
Məqamın mübarək, Mübariz!
Ağakərim ata, Şamama ana Oğul bəxş etdilər Azərbaycana. Şəhid şərəfiylə dönüb dastana, Xalqın iftixarı oldu Mübariz.
Böyük Qələbəyə olaraq əmin, Dünyaya göstərdi öz milli Mənin. Şərəfsiz dediyi yağı düşmənin Canına vəlvələ saldı Mübariz.
Güc aldı Mübariz torpaqdan, haqdan, Üzüağ çıxaraq ülvi sınaqdan. Neçə qəsbkarı tapdaq torpaqdan Alaq otu kimi yoldu Mübariz.
“Yolum şəhidlikdirdir” – eylədi bəyan, Təki qalib olsun qoy Azərbaycan, Üç rəngli bayrağa fəda etdi can, Qəhrəman adını aldı Mübariz.
Döyüşçü arzusu olacaqmı çin? Xocalı sızlatdı hey için-için… Torpaq yanğısını söndürmək üçün Qara bulud kimi doldu Mübariz!
Vətən köynəyindən keçdi Mübariz, Andını Vətənə içdi Mübariz, Öz zəfər yolunu seçdi Mübariz, Əsir topaqlara yoldu Mübariz! Düşməni sarsıdan qoldu Mübariz! 02.09.2010
EHTİRAMLA ANIRIQ 1 dekabr – Xalq şairi Məmməd Arazın anım günüdür. Könlü Vətən torpağını vəsf edərək Azərbaycan dünyasından dünyaya baxan əbədiyaşar-müqtədir Şairimizin ruhuna salam olsun! Ustadın işıqlı xatirəsini sağlığında yazdığım “Təzələnir söz qatı” ithaf şeirim və vəfatından təsirlənərək qələmə aldlığım “Söz kəhkəşanında poeziya bürcü” düşüncələrimin aynasında ehtiramla yad edirəm. ——————————————————————– SÖZ KƏHKƏŞANINDA POEZİYA BÜRCÜ Yolum demək olar ki, hər gün “Zabitlər bağı”ndan keçir. Redaksiyamız bu bağın həndəvərində olduğundan əsas gediş-gəlişim də bura təsadüf edir. Bağda gövdəsi yarı yanmış, oyuğu kömürləşən bir tut ağacı var, yanından etinasız ötə bilmirəm. “Əmi” deyə müraciət etdiyimiz bənzərsiz şair Məmməd Arazla bağlı bir xatirə tilsimləyir burdan keçəndə məni. …Məmməd Arazın solğun, lakin nurani çöhrəsində xəfif bir təbəssüm var idi. Baharın nisan ayının həlimliyi deyəsən, bir az da həlimləşdirmiş, kövrəltmiş, duyğulandırmışdı şairi. Əlindəki əsaya dirsəklənib oyuğu kömürləşən ağaca heyran-heyran tamaş edirdi. (Görən, Məmməd əmi nələr düşünürdü, ilahi?!) Şairin necə deyərlər, “canlı əsası” – daim qayğısını çəkən, “Dədə” deyə müraciət edən Mais dostumuz isə nədənsə şairdən aralı dayanıb fikrə getmişdi. Bəlkə də, şairi düşüncələrindən ayırmaq, “tənhalığına” mane olmaq istəmidi… Məmməd Arazın nəzər – diqqəti tut ağacının “qaysaqlanmış yarasında” idi. Kənardan xeyli seyr etdim şairin bu halətini. Handan-hana yaxınlaşıb ziyarət etdim… Baxışlarında bir nisgil var idi şairin… Baharın cilvəli çağında yaşıllığa bürünmüş bu guşədə görən, niyə məhz bu “yaralı” tut ağacının seyrinə dalmışdı?.. Bəlkə, öz taleyinin oxşarlığını təbiətdə sonuncu dəfə seyr etdiyindən, ömrünün sonuncu ilinə düşən bu baharla vidalaşması idi?.. Bəlkə, onun üçün bu baharın sonuncu olması dammışdı ürəyinə… …Məmməd Araz ömrünün 72-ci ilində (1 dekabr 2004-cü il) dünyasını dəyişdi. Məmməd Araz dünyası isə əbədidir, dəyişməzdir. Nə qədər ki, ruhumuzun təsəllisi, mənəvi dünyamızın aynası olan poeziya duyğulara sığal çəkirsə, Məmməd Araz ədəbi irsi də zamandan asılı olmayaraq ürəkləri riqqətə gətirəcək, hər nəsil öz ruhunda yaşadacaq və yaşayacaq Məmməd Araz dünyasını. Şərqin böyük mütəfəkkirlərindən olan Cəlaləddin Rumi demişkən: “Ölümümüzdən sonra məzarımızı yerdə arama,ariflərin könlündədir könlümüz”. Məmməd Araz haqq nuruna boyanan haqq şairi idi… Şair “Vəsiyyət” şeirində yazır:
Qara cilddə çap eləyin kitabımı, Məndən sonra Tünd qara. Fəqət soy – adımı Süd rəngiylə həkk edin ora. Daha nə deyim, Qoy mən Qara torpaq üstündə Üfüqə doğru gedən Ağ yola bənzəyim.
Qara torpaq üstündə üfüqə doğru gedən ağ yola dönmüş Məmməd Araz poeziyasının məziyyətləri haqqında hələ çox fikirlər söylənəcək və yazılacaq. Mən sadəcə olaraq dəryadan damla timsalında bir məqamı qeyd etmək istəyirəm. Məmməd Araz poeziyasında mövzu zənginliyi vahid struktur bütövlüyünə köklənir. Bu bütövlük şairin “ mizan-tərəzisinin“ haqq pərsəngində olması ilə şərtlənir. Oxucunu psixoloji ətalətdən silkindirir, öz poetk kredosunu – məslək kredosunu aşılayır. Məmməd Araz poeziyası Ulu Sözün poetik məqamında bizi duyğuların zirvəsinə ucaldan bənzərsiz bir dünyadır. Bu dünyanı yaradan şair özü isə dünyaya Azərbaycan dünyasından baxır:
Azərbaycan – qayalarda bitən bir çiçək, Azərbayan – çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək, Azərbaycan dünyasından baxır dünyaya.
Baxır söz-zöz, misra-misra Azərbaycan xalqının müqtədir oğlu, Xalq şairi. ( təkcə fərmanla verilən təltiflə, fəxri adla deyil, sözün müstəqim mənasında da xalq şairi) Bədi fikir daşıyıcılarından olan İ.Y. Frankonun “ Böyük şairlər xalqın vicdanıdır” deyimi unudulmaz ədəbi sima olan Məmməd Araz şəxsiyyətinin və şeiriyyətinin boyuna biçiilb. Şeiriyyəti duyğularıma məhrəm və məlhəm olan Məmməd Arazın dünyaya “özü kimi” sığal çəkən söz qatına yenməyə çalışıram. Çağdaş ədəbiyyatımızın – söz kəhkəşanımızın poeziya bürcü haqqında vaxtilə (1994) yazdığım “Təzələnir söz qatı “ adlı şeirim Ustadı anım məqamı ilə yaddaşımda bir daha misra-misra yarpaqlanır:
Zaman məkan üstündə çapırdır öz atını, Dolayıb biləyinə dünyanın damarını. Məmməd Araz kəlməsi təzələr söz qatını, Dünyaya özü kimi çəkəndə tumarını.
Aqil sözü-haqq sözü, haqqın olar bir üzü, “Ağızda dil sümüksüz, amma sümük sındırar”. Görəndə bir biçimdə naşı əyriylə düzü, Kor gözlərə şairin sözü çıraq yandırar.
Dünya dəyirman daşı, hərləndikcə hikkəli, Üyütsə neçə kərə, unu olmaz kəpəksiz. “Bir zərrənin işığı milyonlara şərikli”, Nə qədər ki, işıq var, olmayacaq şəriksiz.
“Dünya sənin” deyəndə, dünya mənim deyənlər Yanıldı gümanında duyğusuz, daş ürəklər. Dünyanı evi bilsə bu dünyaya gələnlər, Dünyamızı bəzəyər, açar güllər-çiçəklər.
O “iti bazarında atından baha dünya” “…Taleyin oyununda” neçə kərə kəm oldu. Arazın axarını kəsdi “xırsız əjdaha”, Ürəklər qübarlandı, gözün payı nəm oldu.
Misqal-misqal o nəmi ürəyinin istisi Qurutmağa çalışdı, özü yandı, alışdı. Araz keçdi özündən, doğdu coşmaq həvəsi, Qovuşdular – gur Araz nur Araza qarışdı…
Şəxsiyyəti saflıq, dürüstlük mücəssəməsi, məslək-məramı xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş ünlü aydın, tanınmış naşir, filologiya elmləri doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədlini dünyaya gəldiyi gün (19 sentyabr), ömür təqviminin 65 illiyi münasibətilə təbrik edir və qayəsi, əməl aynası işıqlı dostuma on beş il öncə yazdığım ithaf şeirimi bu günün ovqatı ilə süsləməklə könül ziyarəti olaraq ünvanlayıram.
Sorağa çıxanda əzəli, ilki, Hamımız bir evin sakini sanki. Qayəndə dünyanın ovqatı, dərki, Məramın ki bəlli, Nadir Məmmədli!
Bir üzü tunc dünya, bir üzü ipək, Gah sevinc bəxş edir, gah da ki göynək. Yaxşılığa yaxın deyən bir köynək.. Əməlin ki bəlli, Nadir Məmmmədli!
Duruldun bir bulaq duruluğundan, Qovruldun bir budaq qırılmağından, Yoğruldun bir ocaq qığılçımından, Xilqətin ki bəllli, Nadir Məmmədli!
Ömrün şəfəqidir şirin arzular, Bəzən şaxta vurar, bəzən yaz olar. Ömür bir kitabdır, hər an yazılar, Diləyin ki bəlli, Nadir Məmmədli!
Söz də ilmə-ilmə gəlir dilimə, Çıraqdır deyiblər alim aləmə. Sən tale yolunu bağladın elmə, Altmış beşin bəlli, Nadir Məmmədli!
Çağdaş ədəbiyyatımızın və mətbuatımızın ünlü siması, əbədi sözün yorulmaz ədəbi yolçusu, şair-publisist, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidi dünyaya gəldiyi gün (21 avqust), ömür təqviminin 60 illiyi münasibətilə təbrik edir və bu mübarək – özəl gündə ithaf söz çələngimi ən xoş arzularla dəyərli aydınımıza könül ziyarəti olaraq ehtiramla ünvanlayiram: