Etiket arxivi: Nadir Məmmədli

Sona Abbasəliqızının (İsmayılova) dördcildliyi işıq üzü görüb – Təbrik!

QADIN
Müqəddəs sayılır eldə çörəktək,
Hər an qiyəmtini biləsən gərək.
Onun nəfəsilə qızınır ürək,
Ömrə bəzək olan sonadı qadın.
* * *
İllər surətini qəfil boyadı,
Qəm-kədər içində taya-tayadı.
Namusdu, ismətdi, abır-həyadı,
Allaha ucalan nidadı qadın.
* * *
Təbəssüm işığı gözlərə dolar,
Bəzən də gül kimi saralar-solar.
Adı gələn yerdə bərəkət olar,
Əzandı, ələmdi, duadı qadın.
* * *
Büllur məhəbbətdir, tərtəmiz bir ad,
Onun gözlərində qaynayır həyat.
O, övlad gətirir cahana, övlad,
Həyata can verən anadı qadın.

“Həyata can verən anadı qadın!” – deyən Sona ABBASƏLİQIZI “Qadın”ın böyük qüvvə olduğunu öz timsalında yaxşı bilir. Yaradıb, yaradır desək, daha doğru olar. Bu kiçik yazımın böyük qəhrəmanı dünyanın gərdişindən xəbərdardır. Sona ABBASƏLİQIZI elinin mərd qızı, evinin ağayana xanımı, oğlunun cəfakeş anası, nəvəsinin səxavətli nənəsi olmaqla bərabər, eyni zamanda milyonların sevimlisi yaradıcı şəxs – şairdir.

“Sənət, yaradanın ən böyük və ən mükəmməl əsəri olan təbiətin təqlidi olsa da təbiəti təqlid etmək o qədər də asan deyil. Təbiəti təqlid etmək üçün güclü intuisiya lazımdır. Təbiətdəki gözəlliyi görmək, duymaqla yanaşı, onun mahiyyətinə varmağı, onunla danışmağı, pıçıldaşmağı da bacarmalısan. Gecələrimizi aydınladan Ayı, gündüzlərimizi nurlandıran Günəşi, başımızın üstündəki əsrarəngiz buludları, cilvələnən ulduzları, bir sözlə təbiətdəki gözəllikləri görməli, duymalı və duyğularını misralara köçürməyi bacarmalısan. Təbiətin dilindən anlayan, ondakı gözəllikləri görən və poeziyasında əks etdirməyi bacaran şairə Sona xanım Abbasəli qızını bu baxımdan xoşbəxt insanlardan saymaq olar. Misralarına pıçıldadıqları Sona xanımın ruhunun inikasıdır. Təbiət, “Can evi torpaq” olsa da, “işığı Ay”, “sevgisi bulud”, “evi dan” olan şairənin ilham mənbəyidir.” Sözümə qüvvət olaraq gətirdiyim bu sitat filologiya elmləri doktoru Lütviyyə ƏSGƏRZADƏnin Sona xannım haqqında olan yazısındandır. Yaradanın onu tanımaq üçün yaratdıqlarının bəzən yaradıcı rolunda çıxış etməsi Dədə Ələsgər demiş “Sahibi-səltənət” “Xaliqi-ləmyəzəl”in nə dərəcədə xoşuna gələb-gəlməməsi özü mübahisəli məsələ olsa da məncə Sona ABBASƏLİQIZI Böyük Allahın sevimli bəndəsidir.

Sona Abbasəliqızı xoşbəxt qələm adamıdır. Bəli, mən onu tam əminliklə məhz belə adlandırardım. Və söhbətimə də salamsız, kalamsız bax elə belə,  xoşbəxtlik haqqında, daha doğrusu qələm damının xoşbəxtliyi barədə böyük Allahın adı ilə birbaşa mətləbdən başlamaq istəyirəm. Adətən bu qəbildən olan yazıları yazmağa başlayanda ilk olaraq adam fikirləşir ki, İlahi, mən bu adamı haradan tanıyıram? İlk dəfə biz harada görüşmüşük və ya birinci dəfə bu adamın hansı yazısını oxumuşam? Mən axı, haradan tanıyıram bu adamı, kimdir bu şəxs? Əslinə qalanda haqlı suallardı…

Elə ilk   cavabla  qələm adamının xoşbəxtliyi haqqında birinci tezis öz-özündən ortaya çıxır: – Mən bu adamı min illərdir tanıyıram.

Nə qədər dərin düşünsəm də Sona xanımla ilk tanışlığımızı istər sözü ilə, istər özü ilə bir türlü xatırlaya bilmədim. Yəni bu tanışlığı hansısa şeirin bir bəndi və ya hansısa tədbirdə ilk dəfə utana-utana salamlaşmaqla bağlamaq düzgün olmazdı. Çünki, ruhmun ruhu ilə, sözümün sözü ilə min illərdir dost olan silahdaşımı hansısa bir zaman və ya məkan çərçivəsinə salmaq ədalətsizlik olardı. Bu barədə sadəcə onu qeyd edə bilərəm ki, nə vaxtsa, hardasa oxuduğum elə ilk misrasındaca ruhuma yaxınlıq, bir iç-içəlik hiss etmişdim. Necə deyərlər, bir söz var, sanki bir çeşmədən su içiblər, bizim halımız mənim aləmimdə bax bu misala uyğun gəlir. Və inanıram ki, əsl söz adamları, qələmdaşlar da onu bax belə, ruh simsarı kimi qəbul  edirlər. Məncə qələm adamının birinci xoşbəxtliyi bax elə budur. Və bütün bunların üzərinə təbəssümü üzündən əskik olmayan səmimi həmsöhbət, qayğıkeş yol yoldaşı, sadiq dost kimi zəmanəmizdə qıtlığı açıq-aşkar hiss olunan ali insani keyfiyyətləri gəldikdə bu nemət tamamlanır.

İkinci məsələ bu gözəl insan harada dünyaya gəlib? Bu adamın beşiyi, yurdu haradır? Dünyaya göz açdığı məkan haradır? Ruhunun qıdası hardan, kimlərdəndir? Bütün bu suallırın tək bircə cavabı var: – Bu söz adamı elə sözün beşiyində doğulub, böyüyüb boya-başa çatıb. – Bu da söz, qələm adamının xoşbəxtliyi haqqında ikinci tezis olsun.

Sona Abbasəliqızı Aşıq Ələsgəri kimi dühanı dünyaya bəxş edən söz-sənət ocağı Göyçə mahalındandır. “Göyçə mahalındandır”  kəlməsindən sonra nə yazsam, yamaq və artıq olacaq düşüncəsi ilə bu barədə fikrimi burada tamamlamaq istəyirəm.

Atalar üçdən dediyənə görə xoşbəxtliyin üçüncü tezisini də sizlərə çatdırmağı özümə borc bilirəm. Məncə Sona xanım üçün bir qələm adamı olaraq aldığı təhsil də onun həyatında önəmli rol oynamışdır. O ADU (indiki  BDU)-nun Jurnalistika fakültəsinin məzunudur. Necə deyərlər, “çörəyi ver çörəkçiyə, birini də üstəlik” : – O sözün içində yetişib, püxtələşib.

Bütün bu yuxarıda sadaladıqlarım keyfiyyətlərdən sonra sən gəl Sona olma. Mənim düşüncəmə görə bu sadəcə mümkün deyil. Sona xanımın qələmi nəzmə müraciət etdikdə  incə ruhundan, nəsrə üz tutduqda isə həssas qəlbindən qidalanır.

O bir qələm adamı olmaqla yanaşı,  eyni zamanda işinə sonsuz dərəcədə məsuliyyətlə yanaşan, gördüyü işə canını qoyan təşkilatçıdır.

Sona xanım sadiq dost, incə ruhlu qələm adamı, vətənpərvər ziyalı, əsl Azərbaycan xanımıdır! Sonda dəyərli qələm dostuma uzun və sağlıqlı ömür, bütün işlərində müvəffəqiyyətlər arzulayıram! İnşəaAllah tezliklə Göyçəni ziyarət etmək, yurd həsrətinə son qoymaq nəsib olar. Biz buna inanırıq, bizi yaşadan bu ümiddir. Söz mülkünün piri, ocağı – Dədə Ələsgərin yurdu bir gün yenə əbədi olmaq üzrə öz ziyarətçilərinin üzünə açılacaq! O gün elə də uzaqda deyil!

Bəli qəlblərdə belə xoş ovqat yarandığı, yeni ümidlər cücərdiyi bir vaxtda Sona ABBASƏLİQIZI bir daha zamanın gedişatı ilə ayaqlaşdığını, hətta bəzən incə ustalıqla bu gərdişi-dövranı qabaqladığının tez-tez şahidi oluruq. Bu günlərdə Sona xanım öz oxuculuranı yeni kitabı – yenicə işıq üzü görmüş dördcildliyilə sevindirib. “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş kitabın redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, məsləhətçi isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Əli Vəliyevdir.

 

“YAZARLAR” cameəsi adından Sona xanımı bu münasibətlə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun,  Sona xanım!

Hörmətlə: Zaur USTAC,

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

ZAUR USTACIN YAZILARI

SONA ABBASƏLİQIZININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tapdıq ƏLİBƏYLİ – Təbrik!

NADİR MƏMMƏDLİ – 65

Şəxsiyyəti saflıq, dürüstlük mücəssəməsi, məslək-məramı xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş ünlü aydın, tanınmış naşir, filologiya elmləri doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədlini dünyaya gəldiyi gün (19 sentyabr), ömür təqviminin 65 illiyi münasibətilə təbrik edir və qayəsi, əməl aynası işıqlı dostuma on beş il öncə yazdığım ithaf şeirimi bu günün ovqatı ilə süsləməklə könül ziyarəti olaraq ünvanlayıram.

Sorağa çıxanda əzəli, ilki,
Hamımız bir evin sakini sanki.
Qayəndə dünyanın ovqatı, dərki,
Məramın ki bəlli, Nadir Məmmədli!

Bir üzü tunc dünya, bir üzü ipək,
Gah sevinc bəxş edir, gah da ki göynək.
Yaxşılığa yaxın deyən bir köynək..
Əməlin ki bəlli, Nadir Məmmmədli!

Duruldun bir bulaq duruluğundan,
Qovruldun bir budaq qırılmağından,
Yoğruldun bir ocaq qığılçımından,
Xilqətin ki bəllli, Nadir Məmmədli!

Ömrün şəfəqidir şirin arzular,
Bəzən şaxta vurar, bəzən yaz olar.
Ömür bir kitabdır, hər an yazılar,
Diləyin ki bəlli, Nadir Məmmədli!

Söz də ilmə-ilmə gəlir dilimə,
Çıraqdır deyiblər alim aləmə.
Sən tale yolunu bağladın elmə,
Altmış beşin bəlli, Nadir Məmmədli!

Müəllif: Tapdıq ƏLİBƏYLİ

TAPDIQ ƏLİBƏYLİNİN YAZILARI

şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin,

Azərbaycan Jurnalistlər Birliyinin,

TAİB-in İdarə Heyətnin üzvü,

Prezident təqaüdçüsü.

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dünyanın tanıdığı görkəmli alim – Sona Abbasəliqızı

Nadir MƏMMƏDLİ – Məmmədov Nadir Baloğlan oğlu.

Dünyanın tanıdığı görkəmli alim

Ziyalı sözü cəmiyyətin dərin qatlarındakı cığırlardan keçmək istəyənlərə geniş qapı açır. Mütəfəkkir ziyalı dünyanın hər yerində əsas aparıcı qüvvədir. Ziyalı həm də böyük ictimaiyyətçi hesab olunur; çunki onun fikri cəmiyyət məsələlərinin həllində vacib rol oynayır. Filologiya elmləri doktoru, professor, AMEA-nın Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli də əsl mütəfəkkir-ziyalı, böyük ictimaiyyətçi kimi fəal missiya daşıyır. Elmi-ictimai cəmiyyət Nadir Məmmədlinin peşəkarlığına şahiddir. Onun Azərbaycan elminə verdiyi töhfələr əsl sənət fövqü yaradır və o, daim öz elmi-publisistik mövqeyi ilə həm də dövlətçilik işinə xidmət edib. Diqqətlə nəzər salsaq, görərik ki, hörmətli professorumuzun sənətkar qətiyyəti həmişə bu tip aurada cilalanıb. Xoş haldır ki, onun alimlik və sənət mövqeyindəki çeviklik bu real-ictimai məğzdə daha aydın sezilir. Düşünürük ki, o, qəti şəkildə bu reallığa söykənib və hazırda da bu istiqamətdə mümkün əhatə yaratmağı ustalıqla bacarır.
Elmi sahəsi əsasən dilçilik olan Nadir Məmmədli artıq dünyanın tanıdığı görkəmli alimdir, (əlbəttə) xüsusi təqdimata ehtiyacı yoxdur. Lakin biz onun elmi yaradıcılığı, ictimai, ədəbi-publisistik fəaliyyəti barədə qısa da olsa, məlumat vermək istəyirik.

Nadir Məmmədli (Məmmədov Nadir Baloğlan oğlu 19 sentyabr 1959-cu ildə Bakı şəhər Suraxanı rayonunun Bülbülə qəsəbəsində doğulub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini, 1988-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun nəzdindəki xarici dillər ikiillik Fars dili şöbəsini əla qiymətlərlə bitirib. Moskvada SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunda, həmçinin İran İslam Respublikasının Təbriz şəhərindəki Dil və Ədəbiyyat Universitetində təcrübə keçib. Moskva və Moskvaətrafı şəhərlərin arxivlərində çalışıb. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda işləyib, uzun müddətdir Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında çalışır. Rus bölmələrində “Azərbaycan dili”, Azərbaycan bölmələrində “Nitq mədəniyyəti” fənlərindən dərs deyir. Magistr qruplarda isə “Ali məktəb pedaqogikası” fənnini tədris edir.
Nadir Məmmədli 1989-cu ildə “Müasir Azərbaycan dilində feli sinonimlər” mövzusunda namizədlik, 2000-ci ildə isə “Müasir Azərbaycan dilində alınma terminlər (1920-1991-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Filologiya elmləri doktorudur. 1995-ci ildə dosent, 2007-ci ildə professor elmi adını alıb. 17 kitabın, o cümlədən 5 monoqrafiyanın (“Müasir Azərbaycan dilində feillərin leksik sinonimliyi” (Bakı, “Maarif, 1991, 7 ç/l), “Moskva Şərq Dilləri İnstitutunun Azərbaycan alimləri (1876-1930) (Bakı, “Sabah”, 1993, 7 ç/v)”, “Alınma terminlər” (1920-1995) (Bakı, “Elm”, 1997), “M.F.Axundovun obrazları və dilçilik görüşləri” (şərikli) (Bakı, “Elm və təhsil”, 2012.), “Azərbaycan dilində alınma terminlər” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2017), ali məktəblərin rus bölməri üçün “Azərbaycan dili” (Bakı, “Sabah”, 1993.), Azərbaycan bölməri üçün “Azərbaycan dili və nitq mədəniyyəti” (Bakı, “Elm və təhsil”, 2019) dərsliklərinin, bakalavr pilləsi üçün “Azərbaycan dili” (Bakı, “Maarif”, 1995) və “Azərbaycan dili və nitq mədəniyyəti” (Bakı, “Elm və təhsil”, 2018) fənləri üzrə proqramın, ötən əsrin 90-cı illərində əlifbaya keçid ərəfəsində “Latın qrafikalı yeni Azərbaycan əlifbası” (Bakı, “Maarif”, 1992, 3/5 ç.v.) vəsaitinin, “Azərbaycanca-rusca danışıq kitabı”nın (Bakı, “Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi”, 1995), 3 praktik lüğətin (“Çağdaş türk ədəbi dilinin izahlı omonimlər sözlüyü” (Bakı, “Sabah”, 1995), “Adını mən verdim – yaşını Allah versin (türk şəxs adları lüğəti)” (Bakı, “Maarif”, 1995), Prezidentin sərəcamı ilə çap olunan dövlət əhəmiyyətli “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin (Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2013; 6-cı buraxılış, həmmüəllif), “Alınma terminlərin leksik və semantik xüsusiyyətləri” (Bakı, “Nurlan”, 1995) adlı metodik göstərişin, 100-dən artıq elmi, 200-ə qədər publisistik məqalənin müəllifidir.
Elmi-publisistik yazıları həmçinin İran İslam Respublikası və Türkiyə Cümhuriyyətinin qəzet və jurnallarında dərc edilib. Tehranda nəşr olunan “Məfaxeri Azərbaycan: şaeran, nevisendeqanü xoşnevisan” (Azərbaycanın fəxrləri: şairləri, yazıçıları və xəttatları”) adlı Ensiklopediyada (1997) XIX əsrdə Moskva Şərq Dilləri İnstitutunda çalışmış azərbaycanlı alimlər haqqında 2 məqaləsi yer alıb. 2004-cü ildə Türkiyə Cümhuriyyətinin Qazi Universitetində (Ankara), 2012-ci ildə Çin Xalq Respublikasının Konfutsi Universitetində (Anxoy vilayəti) alınma, beynəlmiləl sözlərlə bağlı ekspress-mühazirələr oxuyub.
Dünyanın ən nüfuzlu Beynəlxalq konfranslarında çıxış edən Nadir Məmmədlinin əsərləri Təbriz (İran), Trabzon, İstanbul (Türkiyə), Oş, Bişkek, (Qirğizistan), Perm, Ufa, Mahaçqala (Rusiya), Quvahati (Hindistan), Okinava (Yaponiya), Estern (Şri-Lanka) başqa şəhərlərdə nəşr olunub.
Nadir Məmmədli Nəsimi adına Dilçilik İnstitutunun nəzdində filologiya üzrə elmlər doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının, Yaponiyada Higher Education Forumun üzvüdür. “Filologiya məsələləri” elmi jurnalının redaksiya heyətinin üzvü və rəyçisidir.
Hazırda AMEA-nın Dilçilik İnstitutunun direktorudur.
Nadir Məmmədlinin əsərləri haqqında Əzizxan Tanrıverdiyev (Dilimiz – mənəviyyatımız (rəylər, resenziyalar), Bakı, “Elm və təhsil”, 2008); akademik Nizami Cəfərov (AMEA Əlyazmalar İnstitutu, “Filologiya məsələləri”, Bakı, 2017, ə1), filologiya elmləri doktoru, professor Kamil Bəşirov (AMEA Əlyazmalar İnstitutu, “Filologiya məsələləri”, Bakı, 2017, ə16), filologiya elmləri doktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlirza Əliyev, Musa Xanbabazadə (AMEA Əlyazmalar İnstitutu, “Filologiya məsələləri”, Bakı, 2017, ə15), filologiya üzrə fəlsəfə doktoru, dosent Allahverdi Eminov (AMEA Əlyazmalar İnstitutu, “Filologiya məsələləri”, Bakı, 2017, ə19), filologiya elmləri doktoru, professor Sevil Mehdiyeva (“Respublika” qəz., 10 iyun, 2018) və b. müxtəlif nüfuzlu elmi jurnal və məcmuələrdə rəy yazmışlar.
Nadir Məmmədli 1995-ci ildə Respublika Təhsil Nazirliyinin humanitar sahə üzrə təsis etdiyi “Gənc alim müsabiqəsi”nin və 2000-ci ildə “Alınma terminlər” monoqrafiyasına görə “Ən yaxşı elmi iş” müsabiqəsinin qalibi olub. 1996-cı ildə İran İslam Respublikasının Ərdəbil şəhərində çəkilən “Şeyx Səfi” sənədli filminin ssenari müəllifi kimi pul mükafatına layiq görülüb. 2002-ci ildə “Rəsul Rza” mükafatı ilə təltif olunub. Azərbaycan Yazıçılar Birliyinin “Bəxtiyar Vahabzadə” mükafatı laureatıdır.
Göründüyü kimi, Nadir Məmmədli Azərbaycanda və dünyada şöhrət qazanmış alim və naşirdir. Onun sanballı elmi yaradıcılığı Azərbaycanın elm səltənətinin ən parlaq səhifələrində əksini tapıb.
Həyatı yanlış başa düşənlər sadəcə, görmək istəmirlər ki, Nadir Məmmədli milli ruhu, yaddaş çırpıntısı, ecazkar alim siması ilə Azərbaycan dilçilik elminin həqiqətlərinə yön verir. O, bu vaxta qədər sanballı, məzmunlu fəaliyyəti ilə elm üçün mənəvi göydələnlər ucaldıb, o ucalıqda yüzlərlə gənc elm adamı gedəcəyi yol üçün işıq tapır.
Dövlətçilik işini özünün ən ümdə vəzifəsi hesab edən, bu gün də dövlət adı gələndə müsəlləh əsgər kimi farağat dayanan Nadir Məmmədli elmin məqsədini yetişən nəslə böyük məftunluqla açır. Onun yaradıcı-elmi düşüncəsindəki fövqəl tərbiyəni və intizamı görməmək ən azından elmə xəyanətdir.
Nadir Məmmədlinin elmi mülahizəsi bir kütlədən tökülsə də, mənaca çoxxassəlidir. Polifonik komponentlər onun elmi tərzinin həyat miqyaslarıdır. Böyüyən (artan) olduğu üçün o elm idrak qatına yüksəlir və şüura varid olur. Hörmət etalonu kimi dəyər verdiyimiz görkəmli alimimiz bəlli ki, vaxtın döyüşkən anları ilə qabaq-qənşər durub az-az yaşa dolduğu çağlardan bu yüksəliş barədə düşünüb.
Şəxsiyyət kimi formalaşmaq da onun bu timsalda təcəssüm edən həyat ucalığıdır. O, şəxsiyyət ola bilmək üçün ilk növbədə İnsan olmağı bacarıb. Yaxşı bilib ki, fövqəl ziyalılıq bu müfəssəl qatda mövcud olur. Məhz buna görə də o, həyatdan İnsan və Şəxsiyyət medalı ala bilib.
Yaxşı insanlar cəmiyyətin (hər sahədə) hərtərəfli inkişafında əsaslı rol oynayırlar. Bu mənada, Nadir Məmmədli də insanın yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərləri öz ictimai-elmi fəaliyyətində geniş ehtiva etməklə, bunu həm də yetişən nəsillərə tövsiyə edir. O, bir insanın həyat fəaliyyətindəki mənəvi dəyərləri, davranış qaydalarını, maddi-mənəvi resursları o insanın yaşadığı mühit və mədəniyyət kimi başa düşməyi məsləhət görür. Açığı, Nadir müəllim bu kodeksi apardığı işin bir hissəsi sanır. Bu istiqamətdə onun kimi Vətən fədailərinin, vətənpərvər insanların xeyirxahlıqları özünü xüsusilə parlaq şəkildə büruzə verir.
Nadir Məmmədli hazırda da cəmiyyətin elmi-ictimai və ədəbi ənənələrini nəsildən-nəsilə ötürərək böyük və zəngin bir irs yaradır, xalq-dövlət dəyərlərini uca tutur. Çoxları onun xeyirxah əməllərini bu gün də öz üzərində hiss edir, diqqət və qayğısını görür, onun insanlıq sevgisindən həvəslənərək cəmiyyət işinə daha böyük həvəslə yanaşır.
Biz bu yazıda AMEA-nın Dilçilik İnstitutunun direktoru, hörmətli alimimiz Nadir Məmmədlini elmin, həyatın və ictimai sahənin ən müfəssəl, ən qabaqcıl örnəklərindən biri kimi ehtiva etdik. Əslində, o, bu yüksək kateqoriyalara bütün varlığı ilə layiqdir.
Allahdan sizə can sağlığı, yeni vəzifənizdə uğurlar diləyirik, Nadir Məmmədli! İnanırıq ki, rəhbərliyiniz altında dilçilik sahəsindəki çatışmazlıqlar tamamilə aradan qaldırılacaq.

Sona ABBASƏLİQIZI – İsmayılova Sona Abbasəli qızı.

Müəllif: Sona ABBASƏLİQIZI

Yazıçı AJB-nin və AYB-nin üzvi.

NADİR MƏMMƏDLİNİN YAZILARI

SONA ABBASƏLİQIZININ YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru