QIRMIZI SARAY
(Əfsanə)
Biri var idi, biri yox idi. Qırmızı sehirli saray var idi. Bu sarayda heç vaxt işıq yanmazdı. Yalnız geniş qapıları açılanda günəş içərini işıqlandırar, divarlar al qırmızı rənglə bərq vurardı. Saraya qırmızı əjdaha gecə-gündüz keşik çəkərdi. Onun başı, gözü, ağzı, əl-ayağı yox idi. Lakin çox güclü idi və saraya bir milçəyi belə uçmağa qoymazdı. Qırmızı divarlardan həmişə şəlalələr axar, əjdahanın sağında, solunda çaylar əmələ gətirərdi. Çaylar axıb sarayın dərinliklərində yerləşən qaranlıq sehirli mağaraya tökülərdi. İnsanlar bu mağaraya üç saatdan bir süd, su tökməli idilər. Vaxtından bir dəqiqə belə keçsə mağaradan elə bir nərilti səsi gəlirdi ki, insanlar qorxudan təşvişə düşürdülər.
Mağaradan sevincli səslər gələndə sarayın qapıları açılır və bacılar işıqlı dünyanı görürdülər. Burada gözəl bir qadın gülümsəyərək bacılara baxırdı. Əlindəki yabanı bacılara tərəf uzadanda qorxdular. Elə bildilər ki, yaba ilə onları öldürəcək. Qışqırıb əjdahanı köməyə çağırdılar. Əjdaha əzələli bədəni ilə yabanı itələməyə başladı. Yabanın üstündəki qarışığın ətrini hiss edib duruxdu. Qarışıq saraya tökülən kimi yaba geri şəkildi. Sarayın qapıları bağlandı. Bu ləzzətli yemək idi. Bacılar bu yeməkdən daddıqdan sonra əjdaha onu şəlalənin suyuna qatıb mağaraya yönəltdi. Beləcə gündə bir neçə dəfə baş verən bu maraqlı və dadlı hadisə Ağqızların xoşuna gəlirdi.
Artıq döşəmədə peyda olan ağartılar sarayda heç kimi təəccübləndirmir, əksinə “Bir bacımız da olacaq!” deyə sevindirirdi. Bacılar fırça ilə tanış olmuşdular. İlk dəfə fırça saraya daxil olanda aralarına vəlvələ düşdü. Fırça onlara yaxınlaşıb bədənlərini sürtməyə başlayanda bunun heç də qorxulu olmadığını, əksinə əyləncəli olduğunu anladılar. Fırça səhər , axşam gəlib bacıları parıldayana qədər təmizləyirdi.
Günlər, aylar bir-birini əvəz etdi. Bacıların sayı iyirmi dörd oldu. Onlar artıq böyüyüb işləməyə başlamışdılar. Gündə bir neçə dəfə mağaraya gələn yeməkləri yaxşıca əzirdilər. Lakin onların düşməni peyda olmuşdu. Bu vahiməli, öldürücü Şəkərxox idi. Şəkərxox bütün sirin yeməklərin tərkibində mağaraya daxil olurdu. Bacılar bu şirniyyatları əzəndən sonra xəstələnirdilər. Şəkərxox qızlara yapışır, fırça təmizləməyə gələnə qədər onları xəstəliyə yoluxdururdu. Ağqızlardan biri bu xəstəliyə düçar oldu. Üstünə qəhvəyi ləkə düşdü. Fırça nə qədər sürtsə də bu ləkə təmizlənmədi. Ləkə günü-gündən böyüyür, ağqızı ağrıdır, dözülməz işgəncələr verirdi. Bir neçə aydan sonra Ağqız rəngini dəyişib qaraqız oldu və bir gün bacılar onu əbədi olaraq itirdilər.
Sarayda hamı qəm dəryasına qərq olmuşdu. İtirilmiş bacının xiffətini çəkirdilər. Şənliyə, işləməyə həvəs qalmamışdı. Əjdaha nə qədər çalışsa da bacıların üzünü güldürə bilmirdi. Ağqızların Şəkərxoxa olan nifrəti artırdı. Bacılar müşavirə keçirib qərara aldılar ki, bir daha düşməni saraya yaxın qoymasınlar. Elə ki, yeməkdə şirin dad hiss edirdilər, əjdaha ilə birləşib onu saraydan kənara atıb, “Sən bizi daha xəstələndirə bilməyəcəksən” deyirdilər. Amma bir gün maraqlı hadisə onların əhvalını düzəltdi. Boş qalmış yerdə ağartı göründü. Bu ağartı onlara tanış idi. Yeni bacıları dünyaya gəlirdi. Bu xəbər hamıya yayıldı. Sarayda bayram oldu. Bacılar bir-birini təbrik edir, əjdaha sevindiyindən rəqs edirdi.
İllər ötdü. Ağqızların sayı otuz iki oldu. Hamısı bir boyda, cərgə ilə düzülmüş bacılar mirvari kimi bərq vururdular. Ağqızlar qatı düşmənləri olan Şəkərxoxa qalib gəlmişdilər. Saraya girişinə qadağa qoyulan gündən bacılar sağlam və çox güclü olmuşdular. Ən yaxın dostları isə su və təmizlik idi.
Müəllif: İlahə QƏHRƏMAN
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.r