Dərdlərimizin və zəfərimizin uğurlu bədii təqdimatı – Resenziya

Naibə Yusif – Gülün yarpıza dönsün…

Naibə Yusif ədəbiyyata şair kimi gəldi. Şeirlərdən, qəzəllərdən ibarət bir neçə kitabı oxucular tərəfindən böyük maraqla qarşılandı və sevildi. Lakin Naibə xanım tez bir zamanda nəsrə keçdi. Bu sahədə bir-birinin ardınca yazdığı üç roman onun məcrasına sığmayan coşqunluğundan xəbər verdi və mən bunu ədəbiyyatımızın uğuru kimi qiymətləndirirəm.

Naibə xanım dövrün şeirə sığmayan əzablarını, ağrılarını, keşməkeşli tariximizin dünənini, bu gününü nəsrdə qələmə almaqla rahatlıq tapmaq, olayları gələcək nəsillərə ötürmək istədi. Ona elə gəldi ki, şeir və qəzəlləri ilə nə oxucu gözünü doydura, nə də öz yanan ürəyini soyuda bilər. Məhz bu səbəbdən o, sosial-ictimai yüklü, haqqın-ədalətin mizanında özünə yer tapa bilən “Tənha köç”, “Zərbə”, “Gülün yarpıza dönsün” əsərlərini ictimaiyyətin qarşısına çıxartdı və çoxlu sayda oxucu sevgisi qazandı. Bu əsərlərin süjet xətti, obrazlılığı müxtəlif olsa da, mövzu baxımından tariximizin ayrı-ayrı ağrılarını, acılarını özündə yaşadan acı reallıqlarla çox səsləşir. Doğrudur, tarixi əsərlər çox yazılıb. Amma çağdaş ədəbiyyatımızın bu gün ehtiyac duyduğu elə mövzular var ki, onları real həqiqətlərin kökündə aramaq və qələmə almaq hər yazıçının mənəvi borcu olsa da, hünəri deyil. Bu mənada Naibə xanımın qələmə aldığı hər üç əsər dəyərli ədəbi nailiyyətdir.

Müəllifin, haqqında xüsusi danışacağım “Gülün yarpıza dönsün…” romanının qəhrəmanı ecazkar səsi ilə qayaların, daşların köksünü qanadan, onların ağrısına layla deyən Muradxandır. Bu səsdən utanan, qıvrılan, sancıdan doğranan Araz hayqıraraq yox demək istəyir bu haqsız ayrılığa. Amma tikanlı məftilləri aşa bilmədiyi üçün sakitcə yatağında yırğalanır. Oxucu hiss edir ki, o, bir titrəyişə, təkana bənddir… 

Muradxanın Könüllə ilk tanışlığı və bu sevgi məşəlinin çərşənbə tonqalı ilə alovlanması müəllif ideyası ilə bərabər, həm də adət-ənənələrimizin, sərhədbilməz sevginin əbədi olduğuna işarədir.

İran-İraq müharibəsinin qurbanlarına rəhmət diləyən, bir-biri ilə əhd-peyman bağlayan sevgililər ayrılarkən Muradxan: “Sənə xəyanət etsəm, qəbrimin üstündə yarpız əkərsən”, – deyir.

Muradxanın “ölüm” xəbərini eşidən ana məzarda yatanın oğlu olmadığını duyur, hər gün onun yolunu gözləyir. Bu, ana müdrikliyinin, ana müqəddəsliyinin gözəl nümunəsidir. 

Üç ildən çox yolunu gözlədiyi Muradxanın səsini eşitmək istəyi ilə hər gün səhənglə suya gedən Könülün öz andına sadiqliyi azərbaycanlı qızının etibarına işarədir. Lakin onu dəlicəsinə sevən başqa bir oğlana nişanlanması qızın narahat qəlbini dara çəkir. Vida üçün son dəfə sahilə gedən Könülə elə gəlir ki, Muradxan Araz çayını keçərək ona yaxınlaşır. Sevgilisinə qovuşmaq istəyi onu sulara qərq edir… Gözünü Dəmir adlı qoca bir balıqçının evində açan Könülün dilinin tutulması, yaddaşının itməsi ona kim olduğunu unutdurur və bundan sonra qızın həyatına daha əzablı səhifələr yazılır. Bu isə süjet xəttinin şaxələnməsinə və yeni hadisələrin inkişafına imkan yaradır. Danışmayan, özü haqda heç kəsə məlumat verə bilməyən Könülün Dəmir kişinin evində uzun müddət yaşaması, ümidi üzülən valideynlərinin öz həyətlərində ona rəmzi qəbir düzəltməsi kimi ağrılı epizodlar müəllif tərəfindən çox məharətlə qələmə alınmışdır.

Dəmir kişinin və Kəbutərin ölümü ilə bağlı cinayətlərin açılması əsərin ən maraqlı və yaddaqalan epizodlarındandır. Hadisələrin inkişafı yeni bir səmtə yön alanda oxucuya elə gəlir ki, əsər burdan başlayır. Amma yox, bu hadisələr də ya birbaşa, ya da dolayısı yolla özü kimi arzuları da ikiyə bölünmüş Azərbaycanın taleyi ilə bağlıdır. Azərbaycan milisinin Dəmir kişini öldürən erməni Gümüşün izinə düşməsi, onun yeraltı lağımlar açan terrorçu erməni qruplaşmaları ilə birlikdə azərbaycalılara qarşı gizli məkrinin ifşası əsərin ən gərgin – kulminasiya nöqtəsidir. Bu məqam erməni vandalizminin Azərbaycan türklərinə növbəti xəyanətinin təsdiqi kimi diqqəti cəlb edir. Bir ucu Ermənistana, bir ucu Arazın o tayına gedib çıxan bu yeraltı tunellərdə gecələr “türk ovuna” çıxan erməni vəhşiliyinin əsl mahiyyəti uzun illərin acısı kimi nəzərə çarpdırılır. Orqan alverindən tutmuş narkotik maddələrin satışına qədər çirkaba batan bu məxluqların həyatda müqəddəs bir amala xidmət etmədiyinin şahidi olduqca onlara insan deməyə adamın dili gəlmir. Əsərdə əksini tapan yeraltı silah anbarları, tunellər erməni xislətinin uzun illərdən bəri üstüörtülü cinayətlərindən xəbər verir. Bir haşiyə çıxaraq qeyd edim ki, Vətən müharibəsi zamanı həmin lağımların ordumuz tərəfindən aşkar olunması mənim üçün bir möcüzə oldu. Bu, müəllifin uzaqgörənliyinə, düşmənlərin çirkin əməllərinə bələd olduğuna bir işarədir. Çünki əsl yazıçılıq gerçəkliyin hər tərəfini görməyi bacarmaqdır.

Əsərdə ən maraqlı epizodlardan biri Natella adlı erməni qızının azərbaycanlı oğlanla ailə qurmasıdır. Erməni məkri ortaya çıxanda gənc ailənin faciəsi başlayır. Qardaşı Arsen tərəfindən əkiz oğullarının qətlə yetirilməsi Natellada qardaşından, ata-anasından intiqam almaq hissini alovlandırır. Övlad itkisi ilə barışa bilməyən anada bu hiss çox təbii və güclü boyalarla əks etdirilib. Hər gün oğullarının məzarını ziyarət edən ana qisas almaq üçün planlar cızır və  oğullarının qırx mərasimi verilən gün bu plan gerçəkləşir. Arsenin növbəti ovuna çevrilən Natellanı son anda Malik xilas edir. Birlikdə oğullarının qisasını alaraq geri dönən cütlüyün cinayətə qisasla cavabı oxucunu çox düşündürür və o, dərk edir ki, bu, haqsızlığa qarşı yönələn insanlığın faciəvi üsyanıdır. O, baş qaldıranda insan günahkarları bağışlamaq hissini unudur, qisasçılıq qırmızı bir xətt kimi onun ömür yoluna həkk olunur. Həyat yoldaşı Malikin qucağında can verən erməni qızı Natellanın: “Məni cüt məzarın ayağı altda dəfn edərsən, üstümdə yarpızlar əkərsən… Xəyanətkarlığın rəmzi olan o yarpızlar məzarımdan boylanaraq məhz kəsdiyi duz-çörəyə qiymət verməyən mənim millətimə əbədi lənət oxuyacaq, gələcək nəsillərə əsl həqiqəti çatdıracaq”, – deməsi bunun əyani sübutudur.

Müəllif erməni xislətinin ən eybəcər simasını türk qanlı nəvələrin qətli səhnəsi ilə üzə çıxarır. Tapınacağı müqəddəs bir varlıq tapmayan Arakel və ailəsi türkə və türkçülüyə qarşı məkrli niyyətlərinə hər şeyi qurban etməyə hazır olduqlarını əməlləri ilə sübut edirlər. Babası ilə söhbət zamanı ermənilərin səhv yolda olduğunu, Azərbaycan torpaqlarında məskunlaşdığını Elnurun dilindən vermək müəllifin gələcək nəsillərə mesajıdır.

Ümumiyyətlə, əsərdə diqqəti çəkən bu epizodların hər biri erməni xislətinin eybəcər və çirkin qatlarını açan, onların şərəfsiz simalarını dəqiqliklə üzə çıxaran müəllifin qələbəsi sayılmalıdır.

Əfqanıstan müharibəsi tam qurtarmamış Qarabağ münaqişəsinin başlaması əsərin qəhrəmanı Muradxanı uzaq ellərdən Qarabağa gətirir. Onun ən qızğın nöqtələrdə düşmənlə mübarizəsi haqq savaşında Azərbaycanın qələbə çalacağına inam oyadır. Könülün sağ qalması və Muradxanla birləşməsi oxucunu sevindirir. Hər iki sevgilinin at belində Xudafərinin ortasında birləşən əlləri xalqımızın birliyinin simvolik qələbəsi kimi yaddaşlara hopur. Oxucu inanır ki, birləşən bu əllər yaxın gələcəkdə əldə edəcəyimiz birliyin rəhnidir.

Müəllifin təsvir etdiyi hadisələr,  Azərbaycana və Azərbaycan türklərinə qarşı imperiyanın riyakar və işğalçı siyasəti, erməni faşizminin, qəddarlığının uğurlu təqdimatı ilə diqqət çəkir. Naibə xanımın qeyd etdiyim hər üç əsərinin məhz bizim qələbəmizlə başa çatan sonluğu haqqın-həqiqətin təntənəsidir. Düşünürəm ki, bu əsərlərə filmlər çəkiləcək. Çəkdiyimiz faciələrin sonunda tarixi qələbəmizə açılan yollar əsərdə olduğu kimi, həyatımızda da öz yerini alacaq.

Bu əsərləri ilə qələbəmizə, Azərbaycanımızın birliyinə inamımızı gücləndirməyə çalışan Naibə Yusifə sonsuz təşəkkürlərimi bildirir, ədəbiyyatımıza daha böyük töhfələr vermək yolunda yeni uğurlar diləyirəm.


Nəcibə İLKİN
Şair-publisist, AYB və AJB-nin üzvü

İlkin mənbə: 525.az



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

ERMƏNİLƏRİN ƏSL VƏTƏNİ – HİNDİSTAN, YOXSA EFİOPİYA?

Araz Şəhrilinin kitabı.

I YAZI

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında

Azərbaycanın tarixi torpaqlarında qondarılmış Hayastanın 47 şəhərinin hazırkı və keçmiş adlarından 38-nin eynisi və ya çox oxşarı Afrika və Cənub-Şərqi Asiya ölkələrində mövcuddur. Nəzərə almaq lazımdır ki, yerdə qalan 9 şəhərdən –

1) Byureqavan 1945-ci ildə salınmış, indiki adını 1974-cü ildə almışdır;

2) Çarentsavan 1948-ci ildə salınmış, 1967-ci ildə hay şairi Çarentsin adı veilmişdir;

3) Martuni 1830-cu ildə salınmış, ilk adı Aşağı Qaranlıq olmuş, 1926-cı ildə dəyişdirilmişdir;

4) Metsamor 1969-cu ildə salınmışdır;

5) Stepanavan 1810-cu ildə salınmış, əvvəlki adı Cəlaloğlu olmuş, 1924-cü ildə dəyişdirilmiş, bolşevik Stepan Şaumyanın adı verilmişdir;

6) Spitak şəhərinin əvvəlki adı Hamamlı olmuş, 1949-cu ildə dəyişdirilmişdir;

7) Zaxqadzor şəhərinin əvvəlki adı Dərəçiçək olmuş, 1920-ci ildə Dərəçiçək toponimini hay dilinə tərcümə edərək, Zaxqadzora çevirmişlər.

Qondarma Hayastanın yalnız Artaşat və Yeğvard şəhər adlarının paralelləri barədə məlumat əldə olunmamışdır.

Beləliklə, son iki əsr ərzində salınmış Byureqavan, Çarentsavan, Martuni, Metsamor, Spitak, Stepanavan, Zaxqadzor şəhərlərinin adlarını istisna etsək, Hayastanda paralel toponimlərinin faizinin 95 olduğunu görərik. Bu, Qafqazda ən yüksək göstərici olmaqla, müasir hayların böyük əksəriyyətinin əcdadının Qərbi Azərbaycan torpaqlarına Cənub-Şərqi Asiyadan və Afrikadan gəldiyini göstərir.

Orta əsr hay tarixçisi Movses Xorenatsinin və gürcü əsilli müasir ABŞ tarixçisi Kirill Tumanovun məlumatlarına görə, hayların 89 feodal nəslindən otuz beşi Manna–Midiya, Əhəməni–Parfiya, alan–bulqar, yunan–Roma mənşəlidir. Apardığımız araşdırmaya görə, həmin 89 nəsildən 37-nin adının eynisi və ya bənzəri Cənub-Şərqi Asiya və Afrika ölkələrində mövcuddur. Şübhəsiz ki, əsl rəqəmlər bundan da yüksəkdir. Faktiki olaraq, hayların feodal nəsillərinin əhəmiyyətli bir hissəsi etnik cəhətdən hay deyildir. Ümumiyyətlə isə, apardığımız təhlil onu söyləməyə imkan verir ki, hayların etnik tərkibinin bir neçə komponentdən ibarətdir və bu xalq, əslində, monoetnik deyildir. Sözügedən nəsillərin bir hissəsi Sibir, Altay, Pamir və Hindistandan, digər hissəsi ilə aşağı təbəqələri isə, çox güman ki, Efiopiyadan və semit xalqlarının yaşadıqları başqa ərazilərdən gəlmişlar. Belə ki, qondarma Hayastanın Ararat, Areq, Artik, Ağin, Balak, Baqaran, Bavra, Berd (pəhləvicə «qala» deməkdir-red.), Bjni, Erivan, Gorus, Gümrü, Qarni, Qapan, Qavar, Lori, Mehri, Sevan, Sisian, Talin, Ucan, Vanand, Vank(? bu seçdirilmiş toponimlər isə türkcədir-red.) və s. yer adları Sibirdə, Altayda, Hindistanda, Nepalda və Efiopiyada (əsasən bu ölkənin Amhara bölgəsində) təkrarlaır. Hayların mifik əcdadı “Hayk”ın adı Efiopiyanın Amhara bölgəsində, onun törəmələri “Ara”nın, “Aram”ın, “Aramais”in, “Arma”nın, “Gegam”ın adları isə həm Efiopiyanın, həm də Hindistanın toponomikasında əks olunmuşdur. Paralellərdən bəzilərini Dara–Qaumata qarşıdurmasından sonrakı köçlərlə, yaxud “Tövrat”ın təsiri ilə əlaqələndirsək belə, onların hamısını, xüsusilə Efiopiya ilə bağlı olanlarını bu amillərlə izah etmək mümkün deyil.

HAYASTANIN EFİOPİYA İLƏ ƏLAQƏLİ TOPONİMLƏRİ

1) Ağin (Hayastanda hay kəndi) – Agin (Efiopiyanın Somali ştatında bölgə);

2) Ara (mifik hay çarı, digər mifik hay çarı Aramın oğlu) – Ara (Hayastanda kənd, əvvəlki adı Bazarcıq olmuş, 1828-ci ildən sonra Türkiyədən gəlmiş haylar tərəfindən dəyişdirilmişdir) – Ara (Hayastanda əvvəlki adı Qarnıyarıq olmuş dağ) – Ara Shetan, Ara Terra (Efiopiyada göl və ərazi) – Ara (Efiopiyanın Tigray vilayətində yer adı);

3) Areq (Hayastanda kənd, əsl adı Pirmələk, köklü əhalisi azərbaycanlılar olmuş, 1918-ci ildə gəlmə haylar yerli sakinləri qırıb kənddə məskunlaşmış, adını Areq qoymuşlar) – Areg Mariam (Efiopiyanın Amhara bölgəsində yer adı);

4) Arma (hayların mifik əcdadı Haykın nəticəsi) – Arma (Nigeriyada və Malidə xalq);

5) Aştarak (Hayastanda şəhər) – Ashtar, Aştar (İordaniyanın qərbində mövcud olmuş qədim Moab ölkəsində və Efiopiya ilə Eritreyanın ərazilərində mövcud olmuş Aksum krallığında ən çox pərəstiş edilmiş tanrılardan biri);

6) Aqarak, Aqarakavan (Hayastanda iki şəhər) – Agaro, Haggaro (Efiopiyanın Oromia bölgəsində şəhər);

7) Berd (Hayastanda şəhər) – Bug Berd (Efiopiyanın Somali bölgəsində kənd);

8) Hayk və ya Haig (gəlmə hayların mifik əcdadı) – Hayq və ya Haik (Efiopiyanın Amhara bölgəsində göl və şəhər) – Haik (İranın Yəzd ostanında kənd);

9) Qavar (Hayastanda şəhər) – Gawar (Efiopiyada və Cənubi Sudanda yaşayan nuer xalqının dörd qolundan biri);

10) Lori (Hayastanda vilayət) – Lori (Efiopiyanın Amhara bölgəsindəki Simien milli parkında kənd);

11) Masis (Hayastanda şəhər və kənd, qədim adı Uluxanlı olmuş, gəlmə haylar tərəfindən qəyişdirilmişdir) – Masisa (Sierra-Leonenin Şimal vilayətində yaşayış məntəqəsi) – Masisa (Konqonun Kouilou bölgəsində yer adı);

12) Mazazatsi (hayların feodal nəsli) – Mazaza (Zambiyada kənd) – Mazaza (Namibiyada kənd) – Mazaza (Konqoda çay);

13) Mexnuni (gəlmə hayların feodal nəsli) – Mexnun (Eritreyada soyad);

Hay–Efiopiya əlaqələrindən danışarkən belə bir məsələyə də toxunmaq yerinə düşərdi: haylar uzun illərdən bəri bütün dünyaya göstərmək istəyirlər ki, hay əlifbasını guya Mesrop Maştots yaratmışdır. Lakin SSRİ-nin görkəmli dilçi alimlərindən biri olan akademik Dmitri Olderoqqenin hələ 1975-ci ildə dərc edilmiş “erməni–Efiopiya əlaqələri tarixindən” adlı məqaləsində göstərildiyi kimi, hay əlifbası Efiopiya (amhar) əlifbası əsasında düzəldilmişdir.1 Onu da qeyd edək ki, hayların Mesrop Maştots barəsində uydurmaları Efiopiyanın özündə də etirazlar doğurmuşdur. Efiopiya alimləri açıq şəkildə bildirmişlər ki, Mesrop Maştotsun adı ilə bağlanan əlifba əslində amhar əlifbasının eynidir.

Beləliklə, toponim paralellərini də nəzərə alaraq deyə bilərik ki, haylar hələ Efiopiya ərazilərində yaşadıqları dövrdə oğurladıqları amhar əlifbasını da götürüb Azərbaycana və dünyanın digər yerlərinə köç etmişlər.

Ardı var…

Müəllif: Araz ŞƏHRİLİ

YAZININ İKİNCİ HİSSƏSİ BURADA :>>> “ERMƏNİLƏRİN ƏSL VƏTƏNİ: HİNDİSTAN, YOXSA EFİOPİYA?

İlkin mənbə:


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

ZAUR USTAC – DAĞLAR

Zaur Ustac – Batabat 2002.


DAĞLAR

(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r