Afət Xəlilova – Azərbaycan Respublikasının Əməkdar müəllimi
Zaur Ustac imzası daxil olduğu ədəbi nəslin digər nümayəndələri arasında bütün parametrlərinə görə seçilir. Yazarı qiyabi şəkildə əvvəllər oxuduğum “Məhdud həyatın məchul düşüncələri”, “Qəlbimin açıqcası” və digər şeir kitablarından maraqlı, özünəməxsus dəst-xətti, üslubu, ifadə forması, zəngin və rəngarəng dili olan bir qələm adamı kimi çoxdan tanıyırdım.
Bu yaxınlarda – fevral ayında “Mübariz-31” anım-tanıtım tədbirləri çərçivəsində onun “Oriyentir ulduzu” kitabı ilə tanış oldum. Haqqında söhbət açacağım uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş povest sözün əsl mənasında müəllifin kimliyini tam ortaya qoyur. “Oriyentir ulduzu” öncə Zaur Ustacın özünü tanıdır, onun kim olduğunu nişan verir. Kitab haqqında təfsilata keçməzdən əvvəl bildirmək istəyirəm ki, hər söz, hər cümlə müəllifin milli kimliyindən, geniş spektirli biliyindən, dərin və zəngin dünya görüşündən, peşəkar hərbçiliyindən, yenilikçi müəllimliyindən, vətənpərvərliyindən xəbər verir.
Təhlilə əsərin adından başlayaq. Zaur Ustacın əsasən məktəblilər üçün sinifdənxaric oxu vəsaiti kimi nəzərdə tutub qələmə aldığı və elektron variantda bütün kitabxanalarda olmasına rəğmən dəfələrlə təkrar nəşr olunmuş bu kitabın adı elə seçilib ki, kitabı təşkil edən dörd fəsil olmadan belə, “Mübariz səmada bir oriyentir ulduzu kimi parlayaraq bizə doğru yolu, getməli olduğumuz səmti göstərir…” yazılsa idi, yenə ad kimi seçildiyi povestin məzmununu, qayəsini bizə çatdırmaq iqtidarında olardı.
Kitab iki hissədən ibarətdir: birinci – bədii hissə; ikinci – praktik hissə.
Müəllif bədii hissədə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun son iki döyüş günündən bəhs edir. Bu hissədə iki əsas məsələ diqqətimi cəlb etdi. Birinci, müəllif hadisələri elə yüksək dəqiqliklə təqdim edir ki, onun peşəkar hərbçiliyi özünü göstərir. İkinci məsələ Zaur Ustacın təhkiyyəsi o qədər inandırıcıdır ki, kitaba başlayan kimi səni alıb götürür, özünü bir anın içərisində döyüşün ortasında hiss edirsən, povesti nə vaxt oxuyub qutardığının fərqinə varmırsan və o andaca ağlına ilk fikir gəlir: müəllif qəhrəmanın yanında olubmu, görəsən… Sanki yazar qəhrəmanla bir yerdə olub və bütün gördüklərini qələmə alıb. Əsgərlərin Seyid deyə çağırdığı Mübarizin xidmət etdiyi postun həyat şəraitindən tutmuş, döyüş səhnələrinin təsvirinə qədər hər şey mükəmməldir. Nəhayət, bu kiçicik povestdə ədəbiyyatın nəhəng hadisəsi – ədəbiyyatda agah olma – məsələsi baş verir. Məlum olduğu kimi, Zaur Ustac “Oriyentir ulduzu” povestini 2011-ci ilin fevral ayında qələmə alıb və həmn vaxtdan həm ənənəvi qaydada, həm də elektron qaydada nəşr olunaraq yayılmağa başlayıb. Müəllifin qeyd olunan tarixdə bir yol göstərən səmt ulduzu kimi Tərtər – Göranboy təmas xəttində Talış yüksəkliyi üzərində səmaya qaldırıb, burada sizləri gözləyirəm, vətən oğulları – deyə səslədiyi şanlı Azərbaycan Ordusunun mərd, qorxubilməz əsgərləri 2016-cı ilin Aprel döyüşlərində məhz həmin istiqamətdə öz sözlərini dedilər. Mübariz hələ də orada bizləri gözləyir. Biz inanırıq ki, nəfərləri neçə-neçə hələ tanınmamış Mübariz kimi qəhrəman oğullardan ibarət olan Azərbaycan Ordusu cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bu misiyanı uğurla yerinə yetirəcək və o dağlarda Mübariz kimi bizi gözləyən neçə-neçə igidlərimizin ruhu dincliyə qovuşacaq. Zaur Ustacın şəhid olmuş əsgəri göylərə uçurtması həm qədim türk inancını – ölməyi, uçmaq kimi hərfi mənada təqdim edir, həm də dərin dini-fəlsəfi mənada ölümün heç də son olmadığını, yeni bir həyatın başlanğıcı olduğunu, bu hadisə baş verən zaman insanın sanki artıq əziyyətdən – ağır bir bədəni – cismi daşmaqdan azad olduğunu, – “O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil, bayaq bir səkinin əlində aciz qalan adam deyildi” – həyatın daha da asanlaşdığını, insanın yüngülləşdiyini, bir mərtəbə daha kamil olduğunu öz gənc oxucularına – formalaşmaqda olan vətəndaşlara, şəxsiyyətlərə çatdırır. Əlbəttə, bədii hissə barədə hələ kifayət qədər söhbəti davam etdirmək olardı. Ancaq bəzi əsas məqamları sizə çatdırdıqdan sonra praktik hissəyə keçmək istəyirəm.
“Çalışmalar” adlanan bu bölmə demək olar ki, povestin özü qədər önəmli olub, bədii hissənin tam açılmasına oxucu, şagird tərəfindən məqsədin, qayənin tam mənimsənilməsinə xidmət edir. Bədii hissədə qaldırılan bütün milli və vətənpərvərlik məsələləri praktiki çalışmalar vasitəsi ilə açılır.
Kitabın bu formatda tərtib olunması və sinifdənxaric oxu vəsaiti kimi təqdim olunması müəllifin peşəkar hərbçi, yazar olduğu qədər də öz işini dəqiq bilən, usta bir müəllim-pedaqoq olduğundan xəbər verir.
Zaur Ustaca yeni-yeni yaradıcılıq uğurları arzu edir. Gələcəkdə hər biri bu günümüzü andıran bir səlnaməyə dönəcək yeni əsərlər gözləyirik.
Afət XƏLİLOVA, Respublikanın Əməkdar müəllimi, Bakı şəhəri, Nizami rayonu, 201 №-li məktəb
Salam dəyərli oxucum. Şeirlər toplusu olan bir kitabın girişində yazdığım bu kiçik haşiyənin yaranmasının iki əsas səbəbi var. Birinci ən əsas səbəb ailəmdən başlamış və müxtəlif təhsil müəssisələrində müəllimlərimdən aldığım mühüm nəsihətlər vardır ki, onları başqalarının da faydalanması üçün əlçatan etməkdir. İkinci səbəb istər dost-tanışların, istərsə də çoxsaylı oxucu məktublarının daim maraq obyekti olmuş “şeir necə yaranır, bu şeirləri necə yazırsız, müxtəlif sözləri necə bir-birinin yanına belə düzürsünüz” və s. bu kimi sualları cavablandırmağı özümə borc bildim.
Ona görə hesabat xarakterli deyirəm ki, artıq əsrin dördə biri arxada qaldı. İlk yazım 24 May 1988 – ci il, Ağdamda nəşr olunan “Lenin yolu” (sonralar “Ağdam”) qəzetinin 62-ci (7194) sayında, 4-cü səhifədə nəşr olunanda məktəbli idim. Bu cümləni indi adi sözlər kimi bura yazsam da həmin günün təəssüratları tamam başqa idi. Hələ onu demirəm ki, heç gözləmədiyin anda (əlbəttə, birinci dəfə mənim heç bu barədə anlayışım yox idi) səni poçta çağırıb pul verirlər və deyirlər ki, bunun adı qonorardır… Bu sətirləri qeyd etməkdə məqsədim ondan ibarətdir ki, az müddət deyil, necə deyərlər – “bir igidin ömrüdür”. O vaxtdan gör nələr keçib. Quruluş tamam dəyişdi. Dostlar dönüb düşmən, düşmənlər dönüb dost oldular. Bir sözlə çox əhvalatlar oldu, çox. Sadəcə mövzuya aidiyyatı olmadığına görə biz onların üstündən sükutla keçirik. Bu xırda giriş – məlumatı ona görə verirəm ki, aşağıdakı fikirləri söyləməkdə özümü tam haqlı sayıram. Eyni zamanda onu da bildirmək istəyirəm ki, aşağıda qeyd edəcəyim fikirləri bəyan etmək üçün uzun müddət yaşımın 40-ın üzərinə gəlməsini gözləmişəm. Daha əvvəl ona görə bəyan etməmişəm ki, birdən səhvə yol verərəm. Əgər 35-də bir söz deyib 40 –da özüm bilsəydim ki, heç də belə deyil, bu çox dözülməz bir hal olardı mənim üçün. İndi tam məsuliyyətlə deyirəm ki, bəli bu belədir. Əgər desəm ki, ilk şeiri yazanda 5 yaşım var idi və ya 10 yaşım var idi bu yalan olar. Bu barədə sadəcə onu deyə bilərəm ki, erkən yaşlarda şeir yazmağa başlamışam. Yəni, yazı yazmaq üçün ən azı hərfləri tanımaq vacib idi. Deməli, hərfləri tanıyandan sonra yazmağa başladım. Ancaq bu yerdə tam səmimi bir etiraf da etmək istəyirəm. Hələ heç hərfləri tanımayanda da dəftəri qabağıma qoyub, nəsə yazırmış kimi sətirləri ziq-zaqla axıra qədər səliqə ilə doldurur, sonra aşağı sətirə keçirdim. Beləcə vərəqləri, dəftərləri doldururdum. Məhz bu səbəbdən mən yazmağı və oxumağı məktəbə getməzdən çox əvvəl əmimdən-evdə öyrəndim. Beləliklə, ilk müəllimimin – mənə yazmağı və oxumağı öyrədən adamın adını açıqlayıram. Bu şəxs mənim əmim-Yaməndir. Bu səbəbdən nə qədər qələm əlimdədir ona bir ömür boyu minnətdarlıq borcum var. Burada ilk müəllimimdən gördüyüm və sizə edəcəyim ilk tövsiyyə gəlir, çalışın ki, uşaq məktəbə getməmiş hələ evdə olanda (normal uşaq 4-5 yaşlarında buna qadirdir) ən azından doğma ana dilində yazmağı və oxumağı bacarsın. Deyərdim ki, bu olduqca vacib və mühüm məsələ olub, uşağın bütün gələcək təhsil həyatı üçün qoyulan ən böyük sərmayədir. Bu bünövrə olmasa, sonrakı mərtəbələri dayaq söykəməklə-çox çətinliklə qaldıracaqsınız. İkinci, artıq oxumağı bacaran kimi, kiçik həcmli uşaq kitabları alıb oxumaq vərdişləri formalaşdırmaq lazımdır. Bunun üçün heç də uşağın məktəbə gedib, dərslik oxumasını gözləmək vacib deyil. İndi o qədər maraqlı uşaq kitabları var ki… Bu arada mənim oxuduğum ilk uşaq kitabı “Qızıl şamdan” adlanırdı. İndi də yadımdadır. Atam mənim üçün üç balaca uşaq kitabı almışdı, “Qızıl şamdan” – ı birinci oxuduğuma görə, ya mənə çox təsir etdiyindən yadımda qalıb. Təəssüfki, digər ikisinin adını xatırlamıram.
Nəhayət,məktəb həyatı başladı. Onu qeyd edim ki, göründüyü kimi məktəbə tam hazır getdiyimdən demək olar ki, hazırlıqdan birbaşa birinci sinfə keçirdiklərin nəzərə almasaq, ibtidai siniflər heç nə ilə yadda qalmayıb.
O vaxtlar ibtidai siniflər üçüncü sinifdə bitirdi. Dördüncü sinif biologiya müəllimi Rövşən müəllimin çox dəyərli bir məsləhəti ilə yadımda qalıb. Onu qeyd edim ki, oxumaq, mütaliə etmək bacarıqlarımın formalaşmasında bu müəllimin əməyi böyük olmuşdur. Bu müəllimimə də bir ömür boyu minnətdarlıq borcluyam. O, bizə vaxtdan necə istifadə etməyi öyrətməyə çalışırdı. Onun bu vaxt bölgüsü məsələsinin necə ciddi-cəhdlə vacib olduğunu bizə anlatdığı yadıma düşdükcə əsl müəllimin obrazı gözüm önündə canlanır. Yaradana şükür edirəm ki, məni həmişə lazım olan məqamlarda lazımi insanlarla – müəllimlərlə qarşılaşdırıb. Rövşən müəllim bizə belə anladırdı ki, hamının evində başının üstündə (divarda), stolun üstündə, cibində, çantasında vaxt bölgüsü cədvəli olmalıdır. Vaxtı elə – belə, başdı – başına buraxmaq olmaz. Vaxta nəzarət etmək lazımdır. Vaxtı bölüşdürmək lazımdır. Rövşən müəllimin dördüncü sinifdə verdiyi bu məsləhətə hələ də əməl edirəm. Ziyan görməmişəm. Dördüncü sinifdə daha bir gözəl insan bizə müəllimlik etməyə başladı. Bu Rus dili müəllimi Asif müəllim idi. Onun tövsiyyəsinin Rus dili ilə heç bir əlaqəsi olmasa da mənim üçün çox dəyərli bir məsləhət oldu. Bu gün də bu məsləhətə əməl edirəm. Bəlkə də Asif müəllim elə birinci dərs günü bu sözü bizə demişdi. Yəqin ki, bu belədir. O, belə demişdi: -“ Bax, elə bu gün evə gedən kimi hərə özünə bir qalın dəftər tutsun, hər gün maraqlı nə baş versə axşam, günün sonunda ora qeyd edin. Bu dəftərə gündəlik deyirlər. İllər keçəcək 10 ildən, 20-ildən sonra nə qədər xeyirli bir iş tutduğunuzu özünüz görəcəksiniz…”, “kim istəyir tutsun, bunu mən sizin üçün deyirəm, yoxlamayacağam, dərsimizə aid deyil, sizin inkişafınız üçün vacibdir…” Həqiqətən də Asif müəllim sonralar nə bir dəfə də olsun o mövzuya toxundu, nə də kimin gündəlik tutub-tutmadığını yoxladı. Bu bizə lazım idi. O da bir dəfə deyib vəzifə borcunu yerinə yetirmişdi… Keçdik beşinci sinfə birinci dərsdəcə Ədəbiyyat müəllimimiz Həsən müəllim belə bir sual verdi: – “Kimin evdə kitabxanası var?” – bu bizim ilk Ədəbiyyat dərsinin lap sonları idi. O vaxt kitabxana anlayışın tamam fərqli şəkildə qavradığımıza görə, heç kimin dillənmədiyini görəndə Həsən müəllim bir də soruşdu: -“ Kimin evdə dərsliklərdən əlavə kitabları var, şeir, nağıl və s. ?” – bu vaxt o sıradan, bu sıradan əllər qalxmağa başladı. “Əllərinizi salın aşağı, ola bilsin bəlkə də kiminsə bu gün heç bir dənə də kitabı yoxdur. Sizə bir söz deyim, kim şəhərə gedəndə, atanız, əminiz, dayınız, böyük qardaşınız tapşırın sizə bir kitab alıb gətirsin. Bugün, sabah özünüz də böyüyüb tez-tez şəhərə gedəcəksiz, hər gedəndə bircə kitab alıb gətirsəniz, məktəbi bitirəndə görəcəksiniz ki, böyük bir kitabxananız var.” – bu Həsən müəlimin birinci Ədəbiyyat dərsində növbəti beş il üçün evə verdiyi tapşırıq idi. Ruhu şad olsun. Burada daha vacib bir məqama toxunmaq istəyirəm. Deməli, bu hadisə məktəbə getməmiş baş verib. Yayda. Yəni həmin yaydan sonra Sentyabrda dərs açılanda birinci sinfə gedəcəkdim. Nənəm uşaqbağçasında aşpaz işləyirdi. Arada anam icazə verəndə nənəmin yanına gedib, orada uşaqlarla oynayırdıq. Bura kəndin mərkəzində nisbətən böyük, qapalı həyəti olan bir yer idi. Uşaqbağçası, kəndin kitabxanası, həkimxana və kənd klubu bir – birinin yanında yerləşirdi. Biz içəridə, otaqda nənəmin yanında oynayırdıq. Bağçanın müəlliməsi dedi ki, gedim bir kitab götürüm oxuyum, mən dedim ki, məndə götürmək istəyirəm, təəccüblənsə də məni də apardı. Yadımdadır ki, müəllimə Salam Qədirzadənin o vaxt xüsusilə gənclərin çox oxuduğu, demək olar ki, əldən – ələ gəzən (indi adı yadımda deyil) bir kitabını götürdü. Mən də kitabxanaçıya dedim ki, Adil dayı mənə də bir kitab ver oxuyum. O isə cavabında dedi: – “Adil dayı yox, Adil müəllim deyərlər”- və getdi mənə kitab gətirməyə. Çox keçmədi, əlində jurnal şəklində olan bir qırmızı kitabla qayıtdı. Səhv eləmirəmsə adı “İliçin uşaqlığı” idi – dəqiq yadımda deyil. Onu bilirəm ki, Lenin uşaqlıq vaxtından bəhs edən bir kitab idi. Sonralar o kitabı bəlkə də on dəfə təkrar-təkrar oxudum. Nəsə, Adil müəllim kitabı gətirdi, mənim adıma abunəçi vərəqi açdı, yazdı-pozdu və kitabı mənə verib dedi: – “Get oxu, gedəndə gətirib təhvil verərsən. Cırma, pozma, ləkələmə.” Mən də – “oldu” – deyib getdim oxumağa. Elə kitabxanadan çıxan kimi həyətdə aşmış böyük qoz ağacının kötüyünün üstündə oynayan uşaqlar məni də çağırdılar oynamağa. Təbii ki, mən də kitabı qoyub kötüyün üstünə qoşuldum onlara. Başladıq oynamağa. Bir vaxt ayıldıq ki, artıq axşamdı. Belə olanda adətən nənəmiz deyərdi: – “Bala, bala yenə şeytan sizi kirayə tutmuşdu???” – mənasını anlamasam da bu sözün mayasında bizim gördüyümüz nəsə qəbahət bir işin dayandığın anlayırdım. Sən demə, Adil müəllim də əvvəlcədən göz qoyurmuş, görüb ki, mən heç kitabı açmadan necə kötüyün üstünə qoydumsa, eləcə də götürüb gəlirəm təhvil verməyə…. Əlimdə kitab yaxınlaşdım Adil müəllimə, kitabxananın qarşısındakı hündür talvarın altında stul qoyub oturmuşdu. Kitabı verib, getmək istəyirdim ki, Adil müəllim soruşdu: – “Oxudun?” Mən də ani olaraq cavab verdim ki, bəli. Adil müəllim kitabı açıb ordan-burdan suallar verməyə başladı. Təbii ki, cavab verə bilməzdim. Çünki, kitabı apardığım kimi də gətirmişdim. Adil müəllim də bunu yaxşı bilirdi. O gün Adil müəllim “Oxudun?” – sualından başqa mənə heç bir söz demədi… Ancaq mənim o günkü pərtliyim bu gün də hər yadıma düşəndə məni narahat edir… (Burada kiçik bir haşiyəyə çıxmaq istəyirəm. Kim üçünsə əhəmiyyətli və ya maraqlı ola bilər düşüncəsi ilə bunları da qeyd etməyi özümə borc bilidim. Oxuduğum ilk iri həcmli kitab üçüncü siniflə dördüncü sinfin arasındakı yay tətilində “Koroğlu” dastanı olub. Xatırlayanlar varsa, üstündə qalxan şəkli olan göy üzlü qalın kitab idi. İlk çoxcildli kitab isə “Min bir gecə” nağıllar oldu. Bu kitabı da təxminən həmin illərdə oxudum. O da göy üzlü üstündə ay ulduz olan bir kitab idi. İlk xarici ədəbiyyat nümunəsi ilə tanışlığım isə beşinci sinifdə Coğrafiya müəllimimiz Yusif müəllimin tövsiyyəsi üzərə Jül Vernin “Kapitan Qrantın uşaqları” – Azərbaycan dilində – kitabı oldu. İndi düşündükcə bir hal mənə çox qəribə gəlir. Müəllimlərimiz hansı kitabı tövsiyyə etsə və ya özümüz hardansa adını eşidib axtarsaq, o kitabı adi kənd kitabxanasında tapıb oxuya bilirdik. Bir də dərs oxuyan da oxumayan da bədii ədəbiyyatı hamı oxuyurdu. Hətta dərs oxumayanlar vaxtları çox olduğuna görə bədii ədəbiyyatı daha çox oxuyurdular. Yadımdadır, qızlar dərsliklərin cildini qopardıb, oxuduqları kitabı üzləyər, dərs boyu da ayrıla bilmədikləri romanı və ya povesti oxuyardılar…) Bu kitab mənim kitabxanadan götürdüyüm ilk kitab kimi yadımda elə qaldı ki, bu hadisədən sonra nəinki, kitabxandan götürdüyüm, dost-tanışdan aldığım kitabları hətta hardasa gördüyüm bir elanı, afişanı mütləq oxumalıyam…
Beləcə maraqlı məktəb həyatı başa çatdı. Orta məktəbi bitirəndə Həsən müəllimin dedikləri düz çıxmışdı. Artıq təxminən 450-500 kitabdan ibarət özümə görə zəngin bir kitabxanam var idi. Düzdü, kitabların çoxunu atam almışdı, ancaq bu mənim kitabxanam idi. Həm də birinci şəxsi kitabxanam. Bakı Dövlət Universitetinin tələbəsi oldum. Bu məktəb o vaxtlar prorektor olmuş Rasim müəllimlə bir-iki maraqlı söhbətdən bir də birinci kursda uşaqlarla çəkdirdiyim fotodan başqa heç nə ilə yadda qalmadı. Bircə, o vaxtlar əsas binanın girişində asılmış Birinci Qarabağ Müharibəsində şəhid olan tələbələrin portretləri hələ də gözümün önündən getmir. Hamısa da yuxarı kurs tələbələri idi… Sonralar nədənsə o portretləri oradan yığışdırdılar. Elə oldu ki, mən də orduya qoşuldum. Birinci Qarabağ Müharibəsində iştirak etdim. Ancaq, harda olsam da ən azı yanımda bir-iki kitab, cibimdə isə mütləq qələm və dəftərçə var idi. Bunu məni yaxından tanıyanların hamısı təsdiq edə bilər. Bütün əsgərlik boyu mənim dolabım olduğu bölüyün kitabxanası olub. Bu gün də həmin kitablardan ən azı ikisi mənim kitabxanamda qalmaqdadır. Beləcə atəşkəs oldu. Daha bir il də ötdü. Komandirlərin təşəbbüsü və əsgər yoldaşlarımın təkidi ilə təhsili davam etdirmək qərarına gəldim. Hərbi hissədən beş günlük məzuniyyət verdilər ki, sənədlərimi toplayım. Sənədlərimi topladım, hərbi hissəyə qayıtdım. Yenidən müddətsiz məzuniyyət verib oxumağa göndərdilər. Sənədlər qovluqda gəldim Bakı Dövlət Universitetinə. Rasim müəllimlə elə onun kabinetində xeyli söhbət etdikdən sonra bir az onun məsləhəti, bir az da xeyir-duası ilə sənədlərimi verdim Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə və təhsilimi orada davam etdirdim. Beləliklə kursant həyatı başladı onu qeyd edim ki, oxumaq, öz üzərində məşğul olmaq üçün kursantın imkanı, vaxtı tələbəninkindən qat-qat çox olur. Bu vaxtlar mən artıq üçüncü böyük kitabxanamı yaratmışdım. Bu məktəbdə çox yaxşı müəllimlərim olub. Ancaq burada mövzuya aid olduğuna görə, dörd il bizə “Atış və döyüş işi” – fənnindən dərs demiş Loğman müəllimin adını çəkməyi özümə borc bilirəm. Yadımdadır, dördüncü kursun son günləri idi. Loğman müəllimin fənnindən dövlət imtahanlarına hazırlaşırdıq. Loğman müəllim bu imkandan istifadə edib bizə öz tövsiyələrini verirdi. Sizcə birinci məsləhət nə ola bilərdi? Onun dediyi sözbəsöz yadımdadır: – “ Harda olursuz olun başınızın üstündə kitab qoymağa heç olmasa bir gözlü rəfiniz olsun” Loğman müəllimin bu tövsiyyəsinə bütün xidmətim boyu əməl etdim. Rəf olmayanda kitablarımı mərmi qutularında saxladım. Dördüncü kitabxanamın kitabları sözün əsl mənasında barıt qoxulu kitablar idi. Ordu həyatı da başa çatdı. Unutma ki, dünyada daimi heç nə yoxdur. Zaman ən iti dağ çayından belə sürətlə axır. Elə ki, mülki həyata başladım, gördüm ki, oxumadan olmur. Lap elə bu gün də maraqlı bir kurs diqqətimi cəlb edən kimi tez ora yazılıb iştirak edirəm, öyrənirəm. Belə kursların birində Mustafa Ünlü adlı müəllimimin kitab haqqında növbəti bir tövsiyyəsini eşitdim: – “İçimizdən birisini hansısa bir mövzu narahat edirsə və ya kimsə hiss edirsə ki, onun deməyə, kimlərəsə çatdırmağa sözü var mütləq bunu kitab kimi yazmalı özündən sonra gələcək nəsillərə ötürməlidir” İnanın ki, bu məqama qədər heç vaxt kitab yazmaq xəyalında olmamışdım. Onu qeyd edim ki, bu hadisədən heç bir il keçməmış “Oriyentir Ulduzu” çapdan çıxan kimi dərhal birini yazıb dəyərli müəllimim-Mustafa Ünlüyə göndərdim. Düzü, indi bu sətirləri yazarkən düşünürəm, niyə “Oriyentir Ulduzu” – ndan əvvəl çapdan çıxmış üç şeir kitabların deyil məhz onu göndərmişəm müəllimimə??? Ümumiyyətlə, nə qədər araşdırsaq da, dəqiq olmağa çalışsaq da həyatımız suallarla doludur. Mövzunun sonunda nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün həyatımın müxtəlif dövrlərində mövcud olmuş beş fərqli kitabxanamın hamısından (zabitlik dövrü istisna olmaqla, çünki, bu kitablar çətin tapılan sırf ixtisas kitabları olduğuna görə bütün kitabxanamı elə ağzı bağlı – böyük mərmi qutusunda xidmətdə qalan zabit yoldaşlarıma hədiyyə etdim) heç olmasa bir – iki nümunə olmaqla təxminən min kitabdan ibarət olan, zəngin bir kitabxanaya sahibəm. Daha maraqlısı odur ki, bu kitabların içərisində ondan artıq kitabın müəllifi mən özüməm. İndi mən də düşünürəm və eyni zamanda sizə də sual edirəm, əgər müəllimlərimin məsləhət və tövsiyələrinə əməl etməsəydim bu nəticəyə nail ola bilərdimmi? – Sizin nə cavab verəcəyinizi gözləmədən öz qənaətimi sizinlə bölüşmək istəyirəm. Bu günə qədər qazandığım bütün naliyyətlərimə görə əvvəl müəllimlərimə sonra isə kitablara borcluyam….
İndi gələk, ikinci məsələyə. İlk əvvəl onu qeyd edim ki, (mən bunu dəfələrlə qeyd etmişəm) sözü kimin deməyindən, qələmə almağından asılı olmayaraq mənbəyi təkdir, ancaq zaman və məkan şərtdir. Buradan məntiqi olaraq belə nəticəyə gəlmək olar ki, eyni məzmunlu sözü müxtəlif insanlar, başqa-başqa zamanlarda, dünyanın dəyişik yerlərində bir –birindən xəbərsiz şəkildə deyə və ya qələmə ala bilər. Əlbəttə, bu mənim subyektiv fikrimdir. Hamı azad düşüncə haqqına sahib olduğuna görə əksini də iddia edə və ya sadəcə razılaşmaya bilər. Məncə, söz yaradıcılığı (fərqi yoxdur nəsr və ya nəzm) üç əsas şərtə söykənir. Birinci bu genlə, nəsillə bağlıdır. İkinci mühitlə, yəni gələcək yazarı əhatə edən, təbiət, insanlar və yaşam tərzi, həyat şəraiti. Üçüncü isə daha maraqlı şərti ruhdur. Gələcək yazarın ruhu. Mən tam məsuliyyətlə deyirəm ki, 4 yaşlı Zaurun ruhu ilə 40 yaşlı Zaurun ruhunun arasında heç bir fərq yoxdur. Zaur 14 yaşında yazdığı şeirlərdə işlətdiyi sözləri 41 yaşında da işlədir. O vaxt da şeirdə ard-arda muncuq sapa düzülən kimi sözləri yazanda çoxunun mənasın bilmirdim. İndi də belə olur. Onu qeyd edim ki, mənim bütün bu dediklərim söz gələndə kağız – qələm axtaran və ya indiki müasir dövürdə telefona, planşetə yazan adamlara aiddir. Yoxsa, kağız – qələmi qabağına qoyub söz axtaran adamlara deyil. Mən hətta bir az irəli gedib söz yaradıcılığının reinkarnasiya hadisəsini sübut edən tutarlı dəlillərdən biri olduğunu iddia edərdim. Çünki, yenə qeyd edirəm, istər nəsr, istər nəzm söz yazılanda bir-birinin ardınca elə gəlir ki, sanki, kimsə sözbəsöz diktə edir. Yazanın boynuna sadəcə vaxt tapıb bu sözləri qəbul etdiyi kimi qeyd etmək qalır. Məhz buna görə də ilk vaxtda anlamını bilmədiyimiz sözü yazmağımız məntiqi cəhətdən doğrudur. Mən yazıları müxtəlif adlarla növlərə bölməyi xoşlamıram. Bəlkə də bacarmıram. Mənim üçün bütün yazılar iki qrupa bölünür. Tamlar və natamamlar. Əgər söz gələn məqamda imkanın olub onu olduğu kimi qeyd edirsənsə, bu olur tam. Yox əgər həmin məqamda yazmaq alınmırsa, sonradan onu yadında qalan kimi yazırsansa bax bu olur natamam. Bu yazlar ilk oxunuşdaca seçilir. Şeirləri hansısa başqa dilə tərcümə etməyin əleyhinəyəm. Uzaqbaşı bir şeiri eyni köklü ana dilin başqa-başqa qruplarına, şivələrinə, ləhcələrinə uyğunlaşdırmaq olar. Məsələn biz ana dilmizdə yazdıqlarımızı Osmanlı türkcəsinə, türkmən ləhcəsinə və ya özbəkcəyə uyğunlaşdırmaq olar. Yoxsa, sən bunu çevir rus dilinə, ingilis dilinə, fars dilinə və s. Bu yol verilməz bir haldır. Yəni bu vaxt sən yazdığın qalır bir kənarda, ortaya tamam qondarma bir məhsul çıxır. Bu barədə sözümü öz başıma gələn bir misalla yekunlaşdırmaq istəyirəm. Demək “Tuncaya” şeiri bəlkə də 10-15 dəqiqə ərzində gəlib:
TUNCAYA
Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdin, bağışladın ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!
10.10.2011. Bakı.
Yazandan sonra oturub bu şeiri oxuyuram;
“Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!”
bu bəndə çatanda dayandım. Özüm-özümə deyirəm, bu lap ağ oldu ki, “Savaşda, uçağı kəməndlə tutan,”
bu boyda şişirtmə olmaz. Bu bəndi sildim. Gördüm nəsə əlaqə pozulur bir –neçə bənd sildim. Şeir oldu heç. Qoydum kənara. Bu hadisədən bir müddət keçəndən sonra kitab dükanlarının birində almaq üçün kitab seçirəm. Birdən əlimdəki göyüzlü, hələ kimdən, nədən bəhs etdiyi mənə məlum olmayan kitabın üzqabığına çıxarılmış bir cümləyə sataşdı. O cümləni olduğu kimi yazıram: -“Osman Baturun 11 yıla sığdırdığı əfsanəvi milli mücadiləsi dildən-dilə anlatıla-anlatıla gəlmişdir. Kəməndlə uçaq düşürən, düşmənə aman verməz cəsarəti və nişançılığı ilə dolu həyat mücadiləsi….” bu kəlmələri oxuyan kimi tez kitabı alıb dükandan çıxdım. İndi yol boyu şeirdəki sözü düşünür onun da təxminən bu məzmunda olduğunu xatırlayır, ancaq dəqiq necə olduğunu yadıma sala bilmirdim. Gəlib evə çatdım. Şeiri yazdığım dəftəri uzun axtarışdan sonra tapdım. Qaraladığım bəndləri oxudum və heyrətə gəldim. Bu hadisədən sonra heç bir sözə – şeirə dəyişiklik etməyəcəyimə mümkün qədər olduğu kimi vaxtında və dəqiq qeyd edəcəyimə söz verdim.
İndi qayıdaq birinci şərtə gen – nəsil barədə bir balaca açıqlama verim. Burada onu qeyd edim ki, bu yazdıqlarımı psixoloqlar, ədəbiyyatçılar, tədqiqatçılar və ümumiyyətlə araşdırmaya həvəsli hamı üçün birinci mənbədən maraqlı qaynaq hesab edirəm. Deməli mənim atam da uşaqlıq və gənclik illərində şeir yazıb, indi yazırsa da mənə məlum deyil. Mən yuxarıda da qeyd etdiyim kimi vaxtını dəqiq bilməsəm də erkən yaşlardan şeir, hekayə, məqalə yazıram. İndi isə hamısı gözümün qabağında olan, rahat araşdıra bildiyim qızımın yazdıqlarıdır. Deməli, Gülü 5 yaşından etibarən gözümün qabağında şeir yazmağa başlayıb. Özü də çox səliqəsizdi. Evdə, özünün nə qədər dəftəri olsa da görürdün əzik-üzük bir vərəğə iki sətir ya dörd sətir yazıb gətirib. Ata bax “şeir” yazmışam. Ancaq onu qeyd edim ki, onun artıq 9-10 yaşında yazdıqlarına şeir demək olar. Yəqin ki, o məndən çox qabaqdadır.
Əziz və dəyərli oxucum bu uzun – uzadı, nala – mıxa vurmalarla səni yorsam da, yeganə məqsədim çox uzun zaman ərzində böyük çək–çevirlərlə yəqinləşdirdiyim cüzi mətləbləri sənə çatdırmaq oldu. Yuxarıda oxuduqlarının hamısı real həyat hadisələridir. Ya gərək bu və ya buna oxşar mülahizələri qəbul edək, ya da söz məsələsin də dünyanın bizim üçün hələ də qaranlıq qalan digər sirləri sırasına qoşaq. Seçim sənindir. Bu işdə hamımız özgürük. Sən bir başqa cür düşünə bilərsən. Mən bir başqa fikirdəyəm. Mənim sənə çatdırmaq istədiyim bunlardan ibarət idi.
21.08.2016. Bakı.
QEYD:
Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USTADNAMƏ” kitabında ön söz, “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.