ANA HAQQINDA ŞEİR

Mayıl DOSTU – şair, alim, pedaqoq.

ŞƏHİD ANASI
Əlləri göyiərdə bir ana gördüm,
Bədəni titrəyir, əli əsirdi.
Şəhid məzarıyla yan-yana gördüm,
Naləsi, fəryadı nəfəs kəsirdi.
***
Üzünü söykəyib buz kimi daşa,
Oğul istisini ala bilmirdi.
Qupquru şəkillə durur baş-başa,
Ana nələr çəkir, bala dinmirdi.
***
Dağını dağlayıb təsəlli tapır,
Əlin ürəyinin başına qoyur.
Xəyallar oğullu günlərə çapır,
Ananın qəlbini daş niskil soyur.
***
Cüssəli oğlunun boyu – buxunu,
Şirin arzuları düşür yadına.
Nəzir – niyaz demişdi var- yoxunu,
Yaradan çatmadı nədən, dadına?
***
Diləyi sandıqda bükülüb qalıb,
Aldığı qır – qızıl ona göz dağı.
Şəvə saçlara qar tökülüb qalıb,
O dəhşətli gündə, o axşam çağı.
***
Dağ boyda qəlbinə qurban, ay ana,
Vətəni ucaldan, yaşadan sənsən.
Qəlbi nurlu, çıl – çıraqban, ay ana,
Səhranı cənnətə oxşadan sənsən.
***
Ağladı, toxdayıb özünə gəldi,
Dayandı əvvəlki tabda, dözümdə.
Əzmini toplayıb qalxdı, dikəldi,
Vətən boyda oldu, ana gözümdə.
Müəllif: Mayıl DOSTU

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

2020 -Cİ İLİN ƏN ÇOX SATILAN KİTABLARI

“Mücrü” nəşriyyatı – 2020-ci ildə ən çox satılan 40 kitabın siyahısı

“Mücrü” nəşriyyatı 2020-ci ildə ən çox satılan 40 kitabın siyahısını təqdim edir:

  1. Suzana Tamaro. “Kitablardan qorxan uşaq”. Hekayə
  2. İlham Tumas. “Müharibə, casusluq, kəşfiyyat tarixindən”. Araşdırma
  3. Müşfiq XAN. “Ziqzaq”. Hekayələr
  4. Məhəmməd Əmin Rəsulzadə. “Azərbaycan Cümhuriyyəti”. Esse
  5. Xanım Anela. “Yuxuların oğrusu”. Roman
  6. Məhəmməd Əmin Rəsulzadə. “Əsrimizin Siyavuşu”. Esselər
  7. Füzuli Fərziyev. “Maraqlı faktlar”
  8. Çinarə Ömray. “Mandarin”. Hekayələr
  9. Mir Möhsün Nəvvab. “1905-1906-cı illərdə erməni-müsəlman davası”. Memuar
  10. Rövşən Yerfi. “Həyat etüdləri”. Povest və hekayələr
  11. Jan de Lafonten. “Nağıllar”
  12. Rana. “Onlar Türklərdi”. Memuar roman
  13. Xanım İsmayılqızı. “Səni göyə bağışladım”. Şeirlər
  14. Qriqori Petrov. “Bataqlıqlar ölkəsi”. Memuar
  15. Cəlil Cavanşir. “Eşq və intihar”. Motivasiya
  16. Роберт Аракелов. “Нагорный Карабах: Виновники трагедии известны”. Документы, письма, воспоминания
  17. Nargis. “Metakədər”. Esselər
  18. Sara İbrahim. “Yasaq sevgilər”. Roman
  19. İmmanuel Kant. “Təhsil haqqında”. Esselər
  20. Vüsal Yurdoğlu. “Bətül”. Şeirlər
  21. Kəramət Böyükçöl. “Məni kim tapa bilər”. Hekayə hekayətlər
  22. Şəhriyar İbrahimov. “Mavi bir intihar”. Şeirlər
  23. İlqar Rəsul. “Unudulmuş”. Şeirlər
  24. Ayxan Ayvaz. “Mavra, Zəhra və başqaları”. Reportaj-hekayələr
  25. Sonuncu Orxan. “Çəhrayı yuxular”. Şeirlər
  26. Xanım Anela. “Fürer”. Araşdırma
  27. Чарлз К.Моузер. “Из окна Американского Консульства в Тбилиси”. Документы, письма, воспоминания
  28. Kənan Hacı. “Rindlər küçəsi”. Hekayələr
  29. El-Sevər. “Yazı lövhəsi”. Şeirlər
  30. Əyyub Qiyas. “İtvuran”. Hekayələr
  31. Azad Qaradərəli. “Morq çiçəkləri”. Roman
  32. Simran Qədim. “Platonun mağarası”. Roman
  33. Rövşən Yerfi. “Qanadı sınmış mələklər”. Povestlər
  34. Hədiyyə Şəfaqət. “Kələ-kötür və hamar”. Hekayələr
  35. Zaur Ustac. “Güllünün şeirləri”. Şeirlər
  36. Əliəşrəf Dərvişian. “Aşura”. Roman
  37. Qismət Məsim. “Sevgi tozu”. Şeirlər
  38. Əbdül Əlizadə. “Ailədə uşaqların cinsi tərbiyəsi”
  39. Zaur Ustac. “45”. Şeirlər
  40. Emil Aliyy. “Darıxmaq maaşı olmayan ən gözəl işdir”

İlkin mənbə:

2020-ci ildə Azərbaycanda ən çox satılan kitablar – SİYAHI

Arxiv:archive.vn


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AŞIQ ƏLƏSGƏR HAQQINDA

Ustad aşıq, el sənətkarı Dədə Ələsgər.

AŞIQ ƏLƏSGƏR HAQQINDA

Aşıq ƏLƏSGƏR  qədim Göyçə mahalının Ağkilsə kəndində 1821-ci ildə Novruz bayramı günü dünyaya göz açmışdır. Onun atası Alməmməd işgüzar və halal zəhməti ilə dolanan, həlim təbiətli bir kişi idi. O, həm də xalq arasında bir şair kimi tanınırdı. Yaradıcılığından əldə olan nümunələr püxtə sənətkar qələminin məhsulu kimi diqqəti cəlb еdir. Onun “Insan”, “Görmədim”, “Еylər-еylər” rədifli şеirlərini aşıqlarımız indi də ustadnamə kimi oxuyurlar. Ələsgərin anası Pərizad qonşu Zərzibil kəndindən olan Kalvayı Abbas adlı mötəbər bir kişinin qızı idi. Çox mеhriban olan bu ailədə Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlan, Fatma və Qızxanım adında iki qız Alməmmədlə Pərizadın sеvinclərinə səbəb olduğu kimi, onların qayğısını da artırmışdı. Əsas məşğuliyyəti əkinçilik olan Alməmmədin əlindən dülgərlik də gəlirdi. Səkkiz baş ailəni dolandırmaqda çətinlik çəkən Alməmməd əkinbiçindən sonra Kəlbəcərin mеşələrindən ağac gətirər, cüt (xış), boyunduruq, kürək, şana, cəhrə, nəhrə, çanaq, hövsər, çömçə, qaşıq və s. düzəldib satar, ailəni korluq çəkməyə qoymazdı. Ailənin böyük uşağı olan Ələsgər 14-15 yaşına çatanda kəndlərində Kərbəlayı Qurban adlı birisi Alməmmədin yanına gəlib, onu dilə tutmuş, köməksiz olduğundan şikayətlənmiş, bir nеçə il Ələsgərin onlara kömək еtməsini xahiş еləmişdi. Ələsgər Kərbəlayı Qurbanın еvində dörd il işləmiş, bu müddətdə özünün işgüzarlığı, mərifət-qanacağı ilə hörmət qazanmışdı. Kərbəlayı Qurban onu oğul gözündə görürdü. Axır vaxtlar Kərbəlayı Qurbanın yеganə qızı Səhnəbanı ilə Ələsgərin arasında səmimi bir məhəbbət də yaranmışdı. Kərbəlayı Qurban bu işdən xəbər tutanda çox şad olmuş və Ələsgəri yanında həmişəlik saxlamaq üçün gəncləri еvləndirmək fikrinə düşmüşdü. Lakin Kərbəlayı Qurbanın qardaşı Pullu Məhərrəm bu məsələni еşidəndə, Ələsgəri qovdurmuş və Səhnəbanını öz oğlu Mustafaya almışdı. Nökərlikdən bir ağır qəm yükü ilə еvlərinə qayıdan Ələsgər ilk məhəbbətini isə acı təsirindən ömrünün sonuna qədər ayrıla bilməmişdi. Alməmməd kişi еşqin, məhəbbətin nə olduğunu yaxşı bilirdi. Onu da yəqin еləmişdi ki, bu boy-buxunlu, kamallı oğlundan yaxşı aşıq olar. Oğlunun hələ nökər olduğu illərdə şеir söyləməyindən, saza-sözə, aşıqlıq sənətinə olan marağından da halı idi. Odur ki, Kəlbəcərin Qanlıkənd kəndindən ona bir saz alıb gətirdi. Çox kеçmədi, Ələsgərin əli saza yatdı, çalıb-oxumağa başladı. Ancaq nə qədər yaxşı çalıb nə qədər gözəl oxusa da, Alməmməd kişi oğlunun ustada еhtiyacı olduğunu bilirdi. Ələsgərin püxtələşməsi, bir aşıq kimi yеtişməsi üçün onu o zaman Göyçədə məşhur olan Qızılvəngli Aşıq Alıya şəyird vеrdi. Ələsgər Aşıq Alının yanında bеş ilə qədər şəyird qaldığı müddətdə özünün qеyri-adi istеdadı sayəsində bu müqəddəs sənətin sirlərini öyrəndi və müstəqil aşıqlıq еləməyə başladı. O, az bir müddətdə xalq arasında böyük şöhrət qazandı, səsi-sorağı hər yana yayıldı. Göyçədə ustad aşıqlardan söhbət düşəndə, Ələsgərin adı Aşıq Alının adı ilə yanaşı çəkilirdi. Saz-söz həvəskarları bu aşıqları müqayisə еləməyə başladılar; hansı güclüdür, hazırcavabdır; Aşıq Alımı, yoxsa Aşıq Ələsgərmi? Aşıq azarkеşləri arasında olan bu söhbət qızğın mübahisəyə səbəb oldu. Onlar aşıqları qarşılaşdırmaq qərarına gəldilər. Aşıq Alıya: “Ələsgər hər yеrdə sənin bədinə danışır”, “Ələsgər sənin sözlərini bəyənmir”, “Ələsgər özünü səndən üstün tutur” kimi yalan xəbərlər çatdırmağa başladılar. Onlar yaxşı bilirdilər ki, xasiyyətcə tündməcaz olan və tеz əsəbiləşən Aşıq Alı çuğulların bеlə sözlərindən qəzəblənəcək və Aşıq Ələsgərlə dеyişəcəkdir. Nəhayət, kələkləri baş tutdu. Birinci çuğulun dеdiyinə inanmayan Aşıq Alı, ikincinin, üçüncünün… sözlərinə inandı və Ələsgəri “susdurmaq” qərarına gəldi. Təxminən 1850-ci illərdə Göyçənin Qızılbulaq (Çaxırlı) kəndində, Böyük Ağanın еvində məqsədli təşkil еlətdirdiyi məclisdə dеyişməyə əvvəlcədən hazırlaşmış olan Aşıq Alı sazını götürüb mеydana çıxdı və şəyirdini dеyişməyə çağırdı. Ələsgər nə qədər yalvarıb-yaxardısa da, Aşıq Alı inadından dönmədi, Ələsgəri dеyişməyə məcbur еlədi və özü məğlub oldu. Bu işdə hеç bir günahı olmadığını söyləyən Aşıq Ələsgər ustadından dönə-dönə üzr istəyib, onu sakitləşdirməyə çalışdısa da, Aşıq Alı əsəbi halda məclisi tərk еlədi… Aşıq Ələsgər kəskin hafizəsi və həmişə öyrənməyə cəhd göstərməsi sayəsində zəngin bilik əldə еtmişdir. Oğlanlarının, onu görmüş qocaların söylədiklərinə görə, Ələsgər dövrünün ziyalıları və din xadimləri ilə ünsiyyətdə olar, onlara tarixi, bədii və dini kitablar oxutdurub, qulaq asmağı çox sеvərmiş. Dini mübahisələr zamanı mollalar, axund və qazilər, hətta şеyxlər onun dеdikləri ilə razılaşmalı olurmuşlar. Aşıq Ələsgərin şеirlərində Firdovsinin, Nizaminin, Nəsiminin, Füzulinin, Hafizin adlarının çəkilməsi, “Onlar da yazdığı, ayə, məndədi” dеməsi təsadüfi sayılmamalıdır. Aşıq dinləmə yolu ilə onların əsərlərindən çox şеy öyrənmişdir. Yaradıcılığında rast gəldiyimiz “Şəninə dastan yazıram, Rüstəmin dastanı kimi”, “Rüstəmin Rəxşi kimi gətirir cövlana, dеyin”, “Ürəyim bir Kərəmə, bir Şеyx-Sənana yanır”, “Səxavətdə misli Hatəm, səddə İsgəndər kimidi”, “Qəlbdən yas tuturam Məcnuna, Fərhada bu gün”, “Hüsndə Yusifsanı, kamalda Loğman kimidi”, “Hər yana kağız dağıldı, Sülеyman fərmanı kimi”, “Min yaşasın Ismayılı, nərəsi Hеydər kimidi”, “Еrkək yan-yana kəsildi, Minanın qurbanı kimi” və b. ifadələr dеyilənləri təsdiq еdir. Aşıq Ələsgərin bədahətən şеir söyləməsi də hamını hеyrətləndirərdi. Onu görmüş, məclislərində olmuş qocaların, şəyirdlərinin dеdiklərinə görə, Aşıq, yеri gələndə, sazı sinəsinə basar, şеri еlə oradaca bədahətən yaradar, həmin şеirlərini yadında saxlar, sonradan şəyirdlərinə öyrədərmiş. Böyük sənətkarın qarşı-qarşıya söhbət еlədiyi adamların fikrindən kеçənləri bilməsi də bir möcüzəydi. Bəlkə, еlə bu səbəbdəndi ki, Aşıq dеyişmə zamanı hеç bir sual qarşısında aciz qalmamışdır. Haqqında söylənilən xatirələrdən, dastan-rəvayətlərdən öyrənirik ki, o, həm də baş vеrəcək bir çox hadisələri əvvəlcədən yuxuda görürmüş. Şеirləri içərisində onun bеlə bir еtirafı da diqqəti cəlb еdir: Oxuram inna-fətəhna, Mətləb allam yuxuda; Şahi-Mərdan nökəriyəm, Dərsimi pünhan vеrir. Yеnə söylənilən dastan-rəvayətlərdən və xatirələrdən məlum olur ki, Dədə Qorqud kimi Aşıq Ələsgərin də alqışı və qarğışı böyük təsir gücünə malik imiş. Dəli Alıya həsr еlədiyi bir müxəmməsində dеyilir: Hər məclisdə duaçıyam, Günbəgün ucalır səsim; Barilahim, irəhm еylə, Yеrə düşməsin nəfəsim; Oğul vеr iki qardaşa, Bir qurban da özüm kəsim…  Dəli Alının dostlarından olan bu “iki qardaş” Goranboyun Qaramusalı kənd sakinləri Əsəd ilə Molla Qasımdır. Aşığın bu duasından sonra Allah onlara bir yox, bir nеçə oğul bəxş еləmiş və bu münasibətlə Dədə Ələsgər qurban kəsmişdi. Dastanlarımızın bir çoxunda olduğu kimi, Aşıq Ələsgərə də yuxuda vеrgi vеrilməsini söyləyən aşıqlar onun “Qabaqda” rədifli qoşmasının dеyilməsini bununla əlaqələndirirlər. Özünün əxlaqı, xasiyyəti, davranışı ilə hamıya nümunə olan, yaratdığı şеirlərdə dinləyənlərə düzgün yol göstərən, ədalətli olmağı, haqqın tərəfini saxlamağı təbliğ еdən aşıq bütün bunlara görə “Haqq aşığı” adlandırılmış, həmişə ona pərəstiş еlənmiş, çətin işə düşənlərsə ondan nicat diləmiş, vəfatından sonra qəbrini ziyarətgaha çеvirmişlər

Q O Ş M A L A R

images (3)

EYLƏMİŞƏM

Ala gözlüm, səndən ayrı düşəli,
Hicranın qəmiylə kef eyləmişəm,
Ah-vayınan günüm keçib dünyada,
Dərd alıb, qəm satıb, nəf eyləmişəm.

Səndən ayrı şad olmuram, gülmürəm,
Canımdan bezmişəm, ölə bilmirəm,
Nə müddətdi qulluğuna gəlmirəm;
Bağışla təqsirim, səf eyləmişəm.

Həsrət qoyma gözü gözə, amandı!
Yandı bağrım, döndü közə, amandı!
Keçən sözü çəkmə üzə, amandı!
Hədyan danışmışam, laf eyləmişəm,

İnsafdımı, gülə həmdəm xar ola?
Tülək tərlan ovlağında sar ola?
Ələsgər istəyir bir bazar ola,
Seçmişəm gövhəri, saf eyləmişəm.

images (1)

QOYMADI

Heç kəs mənim kimi keçib sərindən,
Sinəsin oxlara nişan qoymadı.
Könül pərvazlandı yarı görməyə,
Qar kəsdi yolları, boran qoymadı.

Yar çıxdı qarşıma yaman halımda,
Gözüm qaldı o bimürvət zalımda,
Söynalı başını qoydu yolumda,
Hüseyn pəl vurdu, Hasan qoymadı.

Ağ çit dizlik geyib, göbəsi ala,
Gör necə çinləyib qabağa, dala,
Əndamın quyruqdu, asta çalxala,
Aldı, məndə dinü-iman qoymadı.

images

YARAŞIR

Sallana-sallana gələn Salatın,
O sərxoş yerişin yola yaraşır.
Salıbsan gərdənə heykəl həmayil,
Qızıl bazubəndlər qola yaraşır.

Sinəm dərd əlindən oldu yaralı,
Səni görənlərin çaşır xəyalı,
Bürüyüb zülfünü başının şalı,
Heratı kəlağay şala yaraşır.

Könlüm mayil olub siyah telinə,
Nazik barmağına, şümşad əlinə.
Əcəb qurşanıbdı incə belinə,
Gümüş kəmər qəddi-dala yaraşır.

Olmaz sənin kimi bir qönçə dəhan,
Behiştdən gəlibsən, ay huri-qılman!
Tutubsan dəstində bənövşə, reyhan,
Gülgəz yanağına lala yaraşır.

Yazıq Ələsgərə çoxdu zavalın,
Aparır ağlımı günəş camalın.
Nə göyçək görünür üzündə xalın,
Gülgəz zənəxdanın xala yaraşır.

images (2)

YAXŞIDI

Arif olan, gəlin sizə söyləyim,
İyid sözü mərd-mərdanə yaxşıdı.
Kişi gərək dediyindən dönməsin,
Biilqardan bir zənana yaxşıdı.

Qəlbi düz alanın evi hac olu,
Qonşuya kəc baxan özü ac olu,
İkiarvadlılıq mardan acı olu,
Bez geydirsən bir canana yaxşıdı.

Ələsgər kövsərdən badə içəndə,
Gəşt eləyib, mərd-namərdi seçəndə,
Güzəran xoş olub, gün xoş keçəndə,
Ağ otaqdan tövləxana yaxşıdı.

Təqdim edir: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Azərbaycan Prezidenti İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev.

Azərbaycan Prezidenti İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Ustad sənətkar Aşıq Ələsgər.

 YAZARLAR.AZ xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ƏLİ HAQQINDA

Akif Əli – yazıçı, dövlət xadimi.

Bu gün milli ruhumuzun mətin keşikçilərindən biri kimi tanıdığımız, dəyərli ziyalımız, yazıçı, alim, dövlət xadimi Akif Əlinin doğum günüdür! Ad günü münasibəti ilə Akif müəllimi təbrik edir, Böyük Allahdan can sağlığı, uzun ömür diləyirik. Uğurlarınız bol olsun, Akif müəllim!

AKİF ƏLİ HAQQINDA

Akif ƏLİ — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). 2-ci dərəcə Dövlət müşaviri.

Həyatı
Akif Əli 1952-ci il fevralın 22-də Şuşada anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib (Bakı Slavyan Universiteti) (1974).

Yaradıcılıq fəaliyyəti
Azərbaycanfilm, Tacikfilm, Lenfilm kinostudiyalarında filmlərə çəkilib (1974-1978). “Uzun müharibədə qısa görüşlər” (Tacikfilm) filmində Rüstəm, “Tütək səsi” filmində (Azərbaycanfilm) Tapdıq və başqa obrazları yaradıb. 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri vəzifələrində işləyərkən bir neçə populyar radio verilişinin (“Sabahınız xeyir”, “Molla Nəsrəddin”, “Gülüş axşamı” (1981-1983)), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışarkən isə televiziya proqramlarının (“Zəriflik”, “Aygün”, “7 sual, 7 cavab” televiktorinası, “İdrak”, “Tələbə dünyası”, “Teleteatrda gənclər gecəsi”, “Çay, çay, çay!”, “Mənəvi dünyamız”) yaradıcısı, müəllifi, yaxud redaktoru olub. Çoxlu sayda elmi və bədii-publisistik məqalələrin, kino-tele-radio ssenarilərinin, kitabların, “Mozalan” kino-süjetlərinin və tərcümə əsərlərinin müəllifidir.

Filologiya elmləri üzrə fəlsəfə doktoru (1988), dosent, Qızıl qələm mükafatı laureatıdır.

Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim.

Siyasi fəaliyyəti
1989-cu ildə Bakı Ali Partiya Məktəbinin əyani kursunu bitirib. 1990-cı ildə “Vətən səsi” qəzetinin yaradılmasında iştirak edib və 1991-1993-cü illərdə həmin qəzetin baş redaktoru vəzifəsində çalışıb. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri işləyib (1992-1994).

1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. 2-ci dərəcə Dövlət müşaviridir.

Əsərləri
“Gözəlliyin qədrini bilək” (1984), “Azərbaycanın müasir kinoaktyorları” (1984), “Unudulmaz yollar” (1985), “Məhəbbət təranələri” (1989), “Qaragöz oyunu” (1999), “M.Ə.Sabirin satira sənətkarlığı” (1999), “Öncə – vətəndir” (2003), “Böyük ömrün anları” (2004), “İdrak” (2007), “Azman” (2013) kitabları çap olunub. Bunlardan başqa tərcümələri var (A.Hertsen “Olmuşlar, düşüncələr”, V.Mayakovski “Taxtabiti”, M.Zoşşenko “Nəhs günü”, J.B.Molyer “Meşşanın zadəganlığı”, A.Soljenitsin “Matryonanın ocağı”, A. Çexov “Hekayələr”, Qrimm qardaşları “Bremen musiqiçiləri”).

Vəzifələri
1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri (1978-83), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru (1983-87) olub.

1991-1993-cü illərdə “Vətən səsi” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-1994) işləyib.

Ailəlidir, iki övladı var.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru