(Esse)
Anam iflic idi,7 il çəkdi…
7 il nə çəkdi,bir özü bildi,
Bir də Allah!
Küçədə,bazarda,toyda,hüzürdə görünməyəndə
hamı zənn etdi ki,ölüb.
-Əslində ölmüşdü,ömrü gedirdi…
Çox işləməkdəndi yəqin ki,əvvəl sağ əli dayandı,
Sonra yorulub sağ ayağı da yerimədi.
Daha sonra dili danışmaq istəmədi,sözlər yavaş-yavaş uçub getdi…
Axırıncı iki söz qalanda bildik anamın sözlərinin qurtaqdığını…
Anası rəhmətə gedəndə anamın 7 yaşı varmış.Qadın körpə qızını Allaha əmanət edib köçmüşdü.
Allah qızcığaza yaxşı baxdı,yetimlikdən çıxardı.
Könül verdi,aşiq oldu,evləndi,ev-eşik oldu…
Bu dəfə Allah yoruldu.
Gördü ki,sağlam ata,sağlam ana,uşağını atan,ata-anasını atan,hamı “Allaha əmanət ol!” deyir…
Son 7 ildə Allah anamızı bizə tapşırdı.
O da hər gün Allahı və anasını yad edirdi.
Doğma atasından,ögey anasından hələm-hələm danışmazdı.
-Bu evliliyə qarşı olan varsa,ya indi desin,ya da əbədiyyətə qədər sussun!
Anam susmağı tərcih etdi…
İtirməkdən qorxduğu üçün bütün sevdiklərindən əvvəl ölmək istəyirdi anam.
Əvvəllər itkin qardaşını həmişə deyib ağlardı:
-Gəl,ay qardaş eyyy…
Qardaş,ürəyim qardaş,
Arxam,qirəyim,qardaş,
Sən dəmi atdın məni,
Sənə nə deyim,qardaş?!
Dərd çəkən idi qadın.
Elə çəkirdi ki,heç baca elə tüstü çəkməzdi.
Qurunun oduna yanan yaşın tüstüsü də onun təpəsindən çıxırdı…
İflic olandan sonra atamdan utanmağa başlamışdı,
İşləyən əli ilə hərəkətsiz qolunu tutub atama göstərir,
və üzrxahlıq edərcəsinə ağlayırdı.Yəni,günah bunlardadı,yoxsa mən ölənəcən sənin qulluğunu edəcəkdim…
Uşaq olanda böyük oğlum bir gəfə soruşmuşdu:- Ana,sənin anan hambal işləyirdi?
O ki,varsa güldüm,sonra bir o qədər ağladım…
-Bəli,qul idi,əzik idi,ürəyi bütöv, sözü keçən,hökmü yeriyən olmamışdı anam!..
Atam da,elə biz də qədrini-qiymətini bilmədik onun.
Sonradan o ağır,azdanışan,sərt kişi:-Bədbəxtin qızı elə deyirdi!..deyirdi…
Görəcəkli günləri sonda imiş onun da…
Anamın xəstəliklərini hələ indi-indi kəşf edirik; təzyiqi yuxarı olurmuş…zobu da varmış…bəlkə də son vaxtlar gözü görmürdü…
Özümüzdəki əlamətlərlə tutuşdururuq onun hallarını…
Bir arzusu da vardı:-Sizi öz əllərimlə köçürmək istəyirəm,deyirdi…
(Altı qızdan ikisini ər evinə özü yola salmışdı.)
Olmadı…
O bizi yox,biz onu köçürdük,Allahın əmanətini onun özünə qaytardıq…
Müəllif: Nübar Eldarqızı
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru