QƏRBİ AZƏRBAYCAN İCMASINDA GÖRÜŞ

DAHA BİR HESABAT GÜNÜ:
QƏRBİ AZƏRBAYCAN İCMASINDA GÖRÜŞ

Uzun illər ədəbi yaradıcılığımda rahat yolla yürümədim, qələmə aldığım mövzulara ötəri yanaşmadım. Jurnalistikada bədii düşüncəylə özünüifadəyə meydan açan publisistikaya bağlı olmağımla yanaşı, zərurət kimi qarşıma çıxan tədqiqat axtarışlarına da yol aldım.

1988-ci ildə dədə-baba yurdumuz olan Qərbi Azərbaycandan son nəfərimizə qədər qovulan insanların didərginlik ağrı-acılarını, 1990-cı il Yanvar müsibətlərini göz yaşımla qələmə aldım. Və bu ağrılarla İrəvan ədəbi mühiti, mətbuatı, bu qədim yurdun görkəmli şəxsiyyətləri, tarixi abidələri ilə bağlı illərlə yorulmadan tədqiqatlar apardım. Şükürlər olsun ki, ciddi araşdırmalarımın nəticəsi uğurlu oldu. Xeyli sayda tədqiqat xarakterli publisistik məqalələrlə dövri mətbuatda çıxışlar etdim. İrəvanın ilk anadilli mətbuatı olan “Ləklək” (1914), “Bürhani-həqiqət” (1917) jurnallarını ərəb qrafikasından transliterasiya edərək, genişəhatəli Ön söz və lüğətlə nəşr etdirdim.

Burada mütləqdir xatırladım ki, XX əsr İrəvan ədəbi mühitinin tanınmış ziyalılarından olan “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndəsi babam Məmmədəli Nasirin həyat və yaradıcılıq yolunun ilk tədqiqatçısı olaraq onun simasında ədəbiyyatşünaslıq elmini daha bir ədəbi şəxsiyyətlə zənginləşdirdim. Elmi işimi uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adını aldım.

Bundan sonra M.Nasirin 1912-ci ildən başlamış əsərlərinin böyük bir qismini 10 il ərzində klassik mətbuat səhifələrindən arayıb-axtarıb ərəb qrafikasından latın əlifbasına çevirərək “İrəvanın müqtədir ziyalıları” seriyasından “Seçilmiş əsərləri” ni nəşr etdirdim. “İdrak işığında” publisistik məqalələr toplusunda genişəhatəli mövzularımla yanaşı, İrəvanın ədəbi mühitini əks etdirən tədqiqat xarakterli yazılarım da yer aldı. Beləliklə, bədii, publisistik və elmi yaradıcılığımda İrəvanın ədəbi mühiti, mətbuatı müstəsna əhəmiyyət kəsb etdi…

22 May 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında keçirilən “İrəvan ədəbi mühiti Şəfəq Nasirin yaradıcılığında” adlı tədbirdə bəndənizin uzun illər apardığı tədqiqatlar geniş ictimaiyyətin diqqətinə çatdırıldı. Tədbirin təşəbbüskarı və təşkilatçısı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili hörmətli Əziz müəllim Ələkbərliyə və zəhməti keçən bütün əməkdaşlara təşəkkürümü bildirirəm. Eləcə də ictimaiyyətə təqdim olunan kitablar, ümumən yaradıcılığım haqqında öz fikirlərini bölüşən elm, ədəbiyyat xadimlərinə, tədqiqatçı alimlərə – Auditorlar palatasının sədri prof. Vahid Novruzova, professorlar: Əsgər Zeynalov, Rüstəm Kamal, Abid Tahirli, t.ü.f.d. Cəbi Bəhramov və Nazim Mustafaya minnətdarlığım var…

Təbii ki, yaradıcılığım üzərindən deyilən bütün fikirlər, xoş sözlər elmi, ədəbi yaradıcılığıma olan məsuliyyət hissimi bir qədər də artırdı.

Və sonda: nə qədər ki, qələm əlimdədir, milli, ictimai amalla yazıb-yaradacam. Bir daha tədbirin bütün iştirakçılarına, qələm dostlarıma təşəkkür edirəm.
24.05.2026

Hörmətlə: Şəfəq NASİR

Filologiya üzrə fəlsəfə doktoru

Könül Bünyadzadənin yazıları

Şəfəq Nasiirin digər yazıları

Məmməd Məmmədlinin yazıları

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir