KÖNÜL MƏMMƏDOVA. SANDIQDAKI ÜMİD.

SANDIQDAKI ÜMİD
(hekayə)
Qaşlarını tıxacda iki zolaqlı yolda üç sıra yaradıb bir-birini sıxan maşınlar kimi sıxan Araz piyalə gözlərini yerdən ayırmır, üzünə kölgə salan kirpikləri yeri süpürürdü. Onun özündənrazı görkəminə əsəblə baxan beli bükülmüş nənənin pilləkən kimi üz dərisində aydın sıralanan qırışları, dərisi sümüyünə yapışan almacıqları qəzəbdən rəqs edirdi. O sandığın ağzına qıfıl vurub, səsini sonuncu oktavaya kimi qaldırdı:
– Axırıncı dəfə olsun sandığı açmağın! Sandığı açmaq qadağandır!
Nənə üstündə göy qurşağının bütün rəngləri olan yorğan-döşəkləri sandığın üzərinə qoydu:
– Bəsdir, köz bağlamış yaramızı qanatdın!
Bu qadağa dolu cümlələrin hər durğu işarə ilə intonasiyasını on ildir Araz eşidirdi. Hər qadağa sözü Arazda sandığı açmaq üçün daha da həvəs oyadırdı. Ancaq, hər cəhdində qorxu hissi onu istəyindən uzaqlaşdırırdı. Bu gün doğan günəş qorxunun üstünə hücuma keçmişdi. İti, göz qamaşdıran şüalar Arazın qorxu zəncirlərini qırdı. İllər sonra o sandığı açıb heyrətlə baxdı. Sandıqda vahiməli, qeyri-adi, sehirli, bu dünyaya aid olmayan nəsə olacağını fikirləşirdi, amma, sadə əşyalar idi. Toz basmış 2 tilov, balaca xalça. Araz hörümçək toru basmış sandığı barmaqlarının ucu ilə dağıdıb xalçanı götürdü, üzünü turşudaraq gileyləndi:
– Burda nə var ki, baxmağı qadağan edirdilər?!
– Orda toz basmış xatirələr var. Ürək ağrıdan tarix var.
Araz babasının səsindən diksinərək qırağa sıçradı. Əlindəki xalça açılıb yerə düşdü. Qədimi olsa da səmanın maviliyini, meşənin yaşıllığını, dağ yamaclarının əlvanlığını, qarlı zirvələrin bəyazlığını xatırladan zərif naxışlı xalçaya Araz diqqətlə baxdı. Xalçanın ortasında ərəb hərfləri ilə yazılmış sözü başa düşməyə cəhd etsə də heç nə anlamadı. O bu hərflərin ərəb hərfləri olduğunu evlərində divara asılmış dualardan bilirdi. Ağ pambıq saçlarını arxaya darayan, dərisi günəş şüasından yanan, bermud üçbucağını xatırladan, kobud üz cizgiləri ilə adamı vahiməyə salan Əşrəf Araza yaxınlaşıb əlini ona uzadanda Araz başına qapaz dəyəcəyini fikirləşib başını tutdu. Amma, baba qırışmış yoğun barmaqları ilə Arazın saçını sığalladı. Xalçada ulu babaları Teymurun adı yazıldığını, tilovun da ulu babalarına aid olduğunu dedi. Arazın üzündəki qorxu zərif gülümsəməklə, sevinc hissi ilə əvəzləndi. Əşrəf ətrafa göz gəzdirib əlini sandığa saldı, balığın bel sümüyünü çıxardıb baxdı. Köks ötürərək sümüyü sandığa qoydu. Arazın: O nədir? – sualını cavabsız qoysa da balacanın təkidi ilə tilovları götürüb balıq tutmağa getdilər.
Teymur hər bazar günü dostu ilə Araz çayına gedib balıq tutardılar. O balıq tutmağı sevməzdi, sadəcə dostunu çox istədiyindən onunla gedərdi, dostunun başını qatmağa çalışardı ki, ürəyindəki nisgil iki-üç saat da olsa yadından çıxsın. Dostu on il idi ki, övlad həsrəti ilə yaşayırdı. Hər dəfə dostların tilovuna müxtəlif balıqlar düşərdi, şam yeməyinə qadınları balıqlardan növbənöv yeməklər bişirib süfrəni bəzəyərdilər. Amma, nə qədər cəhd etsələr də tilovlarına sazan balığı düşməzdi. Onlar bu mətləbi başa düşməzdi. Günlərin bir günü dostu dedi ki, tilovumuza qızıl balıq düşsəydi ondan istəyərdik ki… Dostu sözünün davamını gətirməyib dərindən ah çəkdi. Dostunun çəkdiyi ah Teymurun ürəyinə dağ kimi çəkildi. O söhbəti zarafata çevirərək: Tilovumuza qızıl balıq yox, sazan balıq düşsəydi arzumuz çin olardı deyib özləri üçün yeni situmul oyatdı. Bir neçə gün sonra günəşin öz əksini çaya saldığı vaxtda dostların tilovuna sazan balıq düşdü. Sevincləri yerə göyə sığmayan dostlar niyyətimiz gerçək oldu söyləyib uşaq kimi sevinirdilər. Evə gələndə qadınların qəh-qəhəsi küçədən eşidilirdi. Səbəbini soruşsalar da qadınlar kəlmə kəsmədi, sazan balığından bir süfrə açdılar ki, barmaq bassan yer tapmazdın. Süfrə başında qadınların pıçapıçı, fısın-fısın gülməsi dostların marağını daha da artırırdı. Sual dolu baxışları üzlərində hiss edəndə qadınlar utanıb gülürdülər. Teymurun maraqdan ürəyinin partladığını görən yoldaşı qulağına nə isə pıçıldadı. Qəfil yerindən atılan Teymur: Şükür Yaradana – deyib dostunun alnından öpdü. Ata olacağı xəbərini eşidən dostu göz yaşını saxlaya bilmədi. O gündən sazan balığı onların arzu balığı oldu. Sazan balığı ilə bağlı söhbəti bilən Teymurun xanımı balığının bel sümüyündən yadigar saxladı. Dostların nisgili bitsə də balıq ovu adəti bitmədi. İki ailənin bu ənənəsi Araz çayı sərhəd olmaqla Azərbaycanın iki hissəyə parçalandığı günə qədər davam etdi. Biri Arazın bu tayında Quzeydə, o biri Arazın o tayında Güneydə qaldı. Həmişə ən xırda hadisəni belə özünə dərd edən Güneydəki dost vətənin parçalanması xəbərinə dözməyib gözlərini əbədi bağladı. Bəlkə bu onların yeni yozumu idi. Dostun əcəli çatmışdı. Teymur hər iki tilovu o gündən bu sandığa qoyub göz yaşı içində əhd etdi ki, əlini bu tilova Güney Quzey birləşəndə vuracaq. Onun əhdi ömrü kimi yarımçıq qaldı. Dostların ruhu qovuşsa da məzarlarının biri Quzeydə, biri Güneydə qaldı. O əhd günündən sonra ailə bu sandığı əmanət kimi saxladı. Teymurun nədidəsi Əşrəf bu ənənəni yeniyetmə yaşına çatanda dava-dalaşdan sonra pozdu. Ulu babasının yolunu davam etdirdi, amma babası kimi tilovuna sazan balığı düşmürdü. Ailə bunu işarə kimi qəbul edib fikirləşirdi ki, sazan balığı arzu balığıdır. Güneylə Quzey birləşəndə tilova sazan balığı düşəcək.
Bu dəfə Əşrəf Teymur kişinin yadıcası ilə Araz çayına getməyə cəsarət etmədi, Kür qırağına gəldilər. Qayığı çaya salıb Suqovuşana doğru getdilər. Hava sakit olduğundan Əşrəf güc sərf etmədən avarları aramla çəkirdi, dalğalar sualtı axınlar olan yerdə qayığı özü aparırdı. Bir az irəlilədikdən sonra Arazla Kürün qovuşduğu yerə çatdılar. Hansısa bir hiss Əşrəfin əlindən tutub avarları Araz çayına tərəf döndərdi. Əşrəf cəsarətlənib sərhəd xəttinə, tikanlı məftillərə acıq vermək, o tərəfə getmək istəyirdi, amma… Özünü toparlayaraq ah çəkən Əşrəf doluxsundu, həsrət hissi ürəyini parçaladı. Balaca Araz babasının göz yaşının çaya axdığını görəndə pis oldu, amma günəşin babanın üzünə saldığı işığını görəndə üzü gülümsədi, babanı qucaqladı. Baba bu yerdə dayanaraq tilovları dənizə atdı. Əşrəf Araz çayında dayaz, daşlı yerlərin çox olduğunu bildiyindən irəli getmək istəmədi. Kəndirin birini Araza verdi. Balaca kəndiri əlində yüngülcə tutub lap uzaqdan görünən dağlara baxdı:
– Baba, dağların o tərəfində yaşayanlar var?
– Əlbəttə. Mən indi o tərəfə necə həsrətlə baxıramsa, onlar da bu tərəfə həsrətlə baxırlar.
– Onlara əl etsəm məni görərlər?
– Onların gözü həmişə burdadır. Burdan əl etmə, tezliklə əl sıxışıb görüşərsiz.
Əşrəf bu sözləri elə inamla dedi ki, üzündə gerçək olmuş kimi fərəh hissi yarandı. Qəfil əsən külək qayığı yerindən tərpətdi. Az qaldı Arazın kəndiri əlindən düşsün. Çayın üstünə qəfil düşən boz duman adamın gözünü qaraldırdı. Qara buludlar suyun üzünə qara kölgə salırdı. Elə bu vaxt balacanın əlindəki kəndir tərpəndi, aşağı dartıldı, kəndir Arazın barmaqları arasında sürüşdü, o ağırlığa tab gətirməyib qayıqda yıxıldı:
– Baba, kömək et, kəndir məni dartır. Deyəsən böyük balıq tutmuşuq.
Əşrəf cəld Arazın ayağından yapışdı. Eşitdiyi xəbərdən bilmədi gülsün, bilmədi ağlasın. Tələsik kəndiri var gücü ilə çəkdi. Kəndir bir az da aşağı dartıldı. Əşrəf ağırlığı hiss edərək kəndiri kürəyinə keçirdib tarım çəkdi. Qarmaq deyəsən böyük balığa ilişmişdi, canını qurtarmaq istəyən balıq qayığı ardınca aparırdı. Amma, bu çayda sazandan böyük balıq olmaz ki… Sazan da belə ağır olmaz… Bəs bu qədər ağırlığın səbəbi nə idi? Sazan balığı bu qədərmi ağırlaşıb yoxsa okean balığımı çaya hücum edib? Əşrəf beynindəki suallara cavab tapmayıb qara buludlara nifrətlə baxdı, avarını irəli çəkdi. Arabir kəndirin aşağı dartılması, səmtini dəyişməsi kəndiri Əşrəfin əlində oynadır, üzünə dəyən külək yanaqlarını yandırır, üzünə sıçrayan su damcıları yanğısına dərman olurdu. Əşrəf biləklərinin ağrıdığını hiss edəndə Araza avarları çəkməyi tapşırdı. Qəfil Əşrəf əlində dəhşətli ağrı hiss etdi, əlindən qan axırdı. Əşrəf kəndiri sol əlinə keçirdib, sağ ayağını kəndirin üstünə qoydu. Birtəhər əyilərək sağ əlini Araza uzadıb qayıqdakı əski parçası ilə sarımağı tapşırdı. Araz da bir əli ilə avarı çəkir, o biri əli ilə babasının əlini sarırdı. Qəfil balıq necə sürətlə üzdüsə kəndir Əşrəfin əlindən çıxdı. Babanın və Arazın qışqırıq səsi çayı bürüdü. Əşrəf tam sürəti ilə qayığın ön hissəsinə atılıb kəndiri çətinliklə tutdu. Külək Əşrəf ilə Arazın əksinə gedirdi, balıq kimi o da sürətini artırırdı. Əşrəfi beynini yeyən fikir rahat buraxmırdı. Birdən külək, balıq onları sərhəddən o yana aparar?! Onda balaca Araz necə olar? Amma, illərdir işarə kimi qəbul etdikləri fikir də ürəyinə su kimi səpilirdi. Tilova sazan balığı düşsə Güneylə Quzey birləşəcək. Çayda qopan tufan Əşrəfin də ürəyində, beynində qopurdu. Əslində qayıq sərhəd tərəfə yox, çayın axını ilə geri Kür çayı istiqamətində üzürdü. Əşrəf həyəcanlandığından istiqaməti itirmişdi. Babanın bu qədər təlatümünün içində balaca gülümsəyirdi, boz dumanın, qara buludların içində günəş kimi parlayırdı. Əşrəf ağrıya dözə bilməyəndə Arazdan kömək istədi. Nəvə-baba var gücləri ilə kəndiri geri çəkməyə başladılar. Aralarında elə bil güc yarışı gedirdi, gah tilov, gah da nəvə baba qalib gəlirdi. Qəfil tilov nəyəsə ilişib dayandı. Əşrəflə Araz tələsik kəndiri çəkməyə başladılar, ağırlıq getdikcə artırdı. Sürətlənən külək qayığın səmtini dəyişdi, Araz tez əlini kəndirdən çəkib avarları çəkdi. Əşrəf dodaqaltı dua edərək gözlərini yumdu, bütün gücünü toplayıb kəndiri çəkdi. Araz qayığa qalxan böyük qəfəsi, qəfəsin içindəki balığı görəndə necə qışqırdısa Əşrəf dik atıldı. Əşrəf başa düşdü ki, hiss etdiyi ağırlıq balığın yox dəmir qəfəsin çəkisi imiş, qəfəsə girən balıq çayın istiqaməti üzrə üzürmüş. O qəfəsi açıb sazan balığını çıxartdı, qəfəsi çaya buraxdı. Dizləri üstə çöküb çırpınan sazan balığına heyrətlə baxdı, köksünə basıb hönkürdü. Araz babasının göz yaşını sildi:
– Baba, niyə ağlayırsan?
– İllər sonra sazan balığı tutdum.
– Demək arzun çin olacaq, hə?
– Hə! Niyyətimiz gerçək olacaq. Amma, balığı yuvasından ayıra bilmərik. Qoy yuvasında yaşasın. Onun mənə verdiyi ümid bəsdir.
Dağların arasından, buludların arasından yavaş-yavaş qalxan günəş balığın pulcuqlarını parıldatdı, parıltı Əşrəfin tərəddüdlü cizgilərinə yayıldı. Araz telefonunu çıxardıb balıqla selfi çəkdı, balığı çaya buraxdı. Əşrəf balığın arxasınca boylandı:
– Ümid işığım, sənin sərhədin yoxdur, hər tərəfə azad üzürsən. Aşa bilmədiyim sərhədimə de, az qaldı qovuşacağıq.
Əşrəf aram-aram avarları geri çəkməyə başladı. Evə qayıdanda Əşrəf heç kimə heç nə demədən tilovları Araza verdi.
Dünyadan xəbərsiz nənə əmanət otağında sandığın üstünü örtərək Arazı danlayırdı:
– Axırıncı dəfə deyirəm sandığa əl vurma. Bəsdir, köz bağlamış yaramızı qanatdın!
Araz özündə cəsarət toplayıb yorğan döşəkləri yerə atdı:
– Nənə, bütün qadağalar bitdi. Yaraların hamısı sağalacaq.
Araz telefonundakı şəkli nənəyə göstərdi. Nənənin gözündən axan yaş damlaları telefonun ekranına düşdü. Araz nənəsinin göz yaşını silmək istəyəndə nənə onu bağrına basdı:
– Deyirsən ki, sandıqdakı ümid gerçəkləşir? Güneysiz Quzeysiz bir olan Arazımıza, bütöv Azərbaycanımıza qovuşuruq?!
Araz başıyla hə deyib, nənənin qızaran almacıqlarından öpdü.

Müəllif: Könül MƏMMƏDOVA

KÖNÜL MƏMMƏDOVANIN YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir