Qarabağın başqa adı… Qulu Ağsəs

AQİL ABBAS – 70
Qarabağın başqa adı…
Aqil Abbası Google-də axtarışa versən, min yerdə rastına çıxar. Gerçək həyatda onu hər yerdə görməyimiz azmış kimi, heç demə,virtual aləm də bu qarabağlı balasıyla doluymuş. Aqil Abbasın janrını tapmaq müşkül məsələdi, sözün açığı. Tragikomediya… hə, bir az bu uyğun gəlir.
İşğal günləri, bir də 1 aprel – Gülüş bayramı gözüm onu axtarır. Bu adam bir gözüylə ağlamağı, o biri ilə gülməyi bacarandı. Milli Məclis rəhbərliyi əgər onu oturan yerdə görübsə, xoşbəxt adamlardı. Aqil Abbas dizini qatlaya bilmir. Bu yaşa qaçaqovla gəlib çatıb. İstəsə, geri dönüb təzədən uşaq olar. Özü də yüyürə-yüyürə.
Kolanı Məhəmməd kişinin oğlu.
Ağdam cayıllarının dostu.
Universitet tələbəsi.
Məmməd Arazın kürəkəni.
Bir neçə kitab müəllifi.
“Ədalət”in sahibi.
Yox, Ədalətin sahibi o deyil.
Aqil Abbasınkı:
qəzetdi,
dəftərdi,
qələmdi,
davadı,
torpaqdı,
yazıdı,
man…dat deyil.
Ondan məmur olmaz. Heç hakim də! Məhkəmədə hamını götürüb yeyib-içməyə aparar, zərərçəkəni də müttəhimin sağlığına içməyə vadar edərdi. “Zakuska”sız-zadsız. Amma futbol məşqçisi olar. Rəqib komandaya elə söz deyər ki, topu buraxıb qaçarlar.
Aqil Abbas lap cavan olanda qardaşını itirib. Evlərində onu ən çox Aqil Abbas ağlayıb, məncə. Bu günəcən də ağlayır. Bir yol nəşriyyat işçiləriylə dava eləyirdi. Onu sakitləşdirə bilmirdilər. Camaatın anasını ağladırdı:
– Aqil müəl…
– Mən müəlliməm, ə?
– Aqil bəy…
– Bəyin də … sənin də!
– Aqil qardaş…
– Adın nədi, başına dönüm?
Aldığı cavabdan sonra öz anası ağladı…
İçində dəyərləri olan və onu hamıdan xəlvət qoruyan oğuldu Aqil Abbas.
Əsərləri də özü kimi bədahətdi, bakılılar demiş. O yazmır, deyir. Yazan operatordu.
Aqil Abbas çox adamın xətrinə dəyib bu illərdə. Elə mənim də. Milli Qəhrəman Eldar Bağırovdan xüsusi buraxılış hazırlayanda çağırdı yanına. Mənə 6-7 işçi verdi. Dedi, başda özüm olmaqla hamı sənə tabedi. Tövbə, heç yazımı yığan olmadı. Bir gün, iki gün… axırda Aqil Abbasa dedim. Qoluma girib apardı operator otağına, dedi, niyə məni dostumun yanında biabır eləyirsiz, ay bu sizin… Dedi və getdi… Baxdım, “aboy” cırılıb, istədim xəcalətdən dalında gizlənəm. Otaqdakıların tükü də tərpənmədi. Mən o gündən bu adamla qurtardım. Rastlaşanda özünə dedim ki, bəs belə. Gülməkdən ürəyi getdi. Zəng vurub hamıya danışdı. Beləcə… barışdıq. Onu deyirdim axı, Aqil Abbas çoxunun xətrinə dəyib bu illərdə, ola bilsin. Küsən küsüb, amma heç kim nifrət eləməyib. Eləyən varsa, e-mail ünvanıma yazsın…
…Hərdən dünyanın üzündən
öpmək istəyirəm.
Görürəm, basırıqdı –
dünyanın üzünə tüpürürlər.
Mənsə növbəyə girmək istəmirəm.
Hərdən də dünyanın üzünə
tüpürmək istəyirəm.
Görürəm, qırğındı –
dünyanın üzündən öpürlər.
Dedim axı, növbədən zəhləm gedir.
Gərək dünyanın:
üzündən öpməyi də,
üzünə tüpürməyi də
bacarasan!
Aqil Abbas kimi…

Müəllif: Qulu AĞSƏS

İlkin mənbə: Ədəbiyyat Qəzeti

QULU AĞSƏSİN YAZILARI

İRADƏ TUNCAYIN YAZILARI

AQİL ABBASIN YAZILARI

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

ZAUR USTACIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GÜNÜN FOTOSU – ŞƏLALƏ CAMAL

Şəlalə CAMAL (körpəsi ilə), İRADƏ TUNCAYAQİL ABBAS

ŞƏLALƏ CAMALIN YAZILARI


PDF: 
>>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Günəşə at çapan oğlan… İradə TUNCAY

AQİL ABBAS – 70
Günəşə at çapan oğlan…
Balacalar mətbəxdə qurdalanırlar yanımda. Qurdalanmaq həm də onları maraqlandıran suallar yaranıb deməkdir… Hər şey haqqında – atasının, əmisinin uşaqlığından, özlərinin evə gətirilməyindən, bizim onları nə qədər sevməyimizdən və… Birdən soruşurlar ki, babaları mənə evlənməyi necə təklif edib… Və harda?
Niyə belə təfərrüatlar maraqlandırır onları? Mən də xatırlaya-xatırlaya danışıram…
***
Universitetin uzun dəhlizi gəlir gözlərim önünə – pəncərəyə söykənib söhbətləşirik tələbə yoldaşlarımla… Boylanıb bizə baxan oğlan çəkir diqqətimi. İri gözlü, uzun qara kirpikli və bir az da yekəxana görkəmli…
İlıq oktyabr ayıdır… 1979-cu ilin oktyabrı…
Evimiz o zaman Lenin prospekti adlanan yerdə idi – indi o bina yoxdu. Söküblər… Axşam çağı ev telefonuna zəng gəlir (Zatən, o vaxtlar mobil rabitə mövcud deyildi). Tələbə yoldaşımdı – Mənsur Vəliyev – deyir ki, mümkündüsə yarım saatlıq aşağı, həyətə düşüm. Deyir ki, işi var mənimlə, söhbəti var… Atam rayona gedib, problem olmaz aşağı düşmək. İzah edim ki, mənim gənclik və yeniyetməlik dövrüm ağır məhbusluq zamanı idi. Əlbəttə, zarafatdı – amma hər zarafatın həm də bir həqiqət payı da var… Yəni, atam evdə olsaydı, mənim axşam vaxtı evdən aralanıb kiminləsə söhbət eləmək imkanım olmazdı, yəni, icazə verməzdilər. Anama deyirəm ki, tələbə yoldaşım gəlib, həyətdə gözləyir, işi var mənimlə. Enirəm həyətə və görürəm ki, həmin o iri gözlü, yekəxana görkəmli oğlan da Mənsurun yanında durub. Çox mütaliə etdiyimiz vaxtlar idi – Mənsur “Ədəbiyyat və incəsənət” qəzetində bir hekayə də göstərmişdi mənə “Şirinlik” adında. Müəllifi də Aqil Abbas idi. Belə tanımışdım iri gözlü oğlanı… İndi də bir anlıq tutuldum və baxışdıq. Yenə yekəxana ədayla Mənsura “Sən get” – dedi. “Bizim söhbətimiz var…”
Həəə, o söhbətə başlayan davam edirik indiyə qədər…
Noyabr ayında, ad günümdə (20 yaşım olurdu) qapının zəngini çalıb bir dəstə gül yapışdırıb qaçmışdı qapının dəstəyinə… Gülü götürdüm, anam tərs-tərs baxdı üzümə, qorxudan atdım balkona… Neçə gün qaldı orda… Aqilin də 26 yaşı vardı…
Və gizli-aşkar görüşlərimiz də başladı o gündən sonra. Aqil də Kommunist küçəsinin o biri tərəfində “Elm və həyat” jurnalında işləyirdi. Mən dərsdən çıxanda baxırdım ki, hardadı? Bir də görürdüm özünü çatdırdı. Kommunist (indiki İstiqlaliyyət) küçəsində dərsdən çıxıb Lenin prospektinə evə gedirdik, pay-piyada… Yəni, birlikdə olmağa çox vaxtımız olsun deyə. Vaxt ən qiymətli anlam imiş. O vaxt anlamırdıq…
***
İndi balacalar bəzi xatirələri canlandırdılar. Yadıma düşdükcə çoxunun da canlı olmadığını düşünürəm… Daha doğrusu, xatirələr canlıdı. İnsanlar sağ deyil, diri deyil. Elçilik, nişanımız, toyumuz… Evimiz olmasa da, evləndik. Ritualları yada saldıqca cəmiyyətin qiymətli, dəyərli insanları gəlir gözümün qabağına… Şair Şahmar Əkbərzadə, professor Firidun Hüseynov, yazıçı Faiq Dərgahov, Vaqif Bayatlı, Akif İslamzadə…
İnqilab havası gəldi məmləkətə… Elçibəyi tanıdıq, İskəndər Həmidovla rastlaşdığım günü xatırlayıram… Aqillə İskəndər lap gənc yaşlarından dost idilər… İllər uçdu və vaxtı yeyilən ailələrdən biri də Rəna-İskəndər cütlüyü idi…
Kitablar gəlməyə başladı evə – əvvəlcə jurnallarda çap olundu… “Ulduz”, “Azərbaycan”… Hə, bir də heç unutmuram, yeni romanını, “Ən xoşbəxt adamı” lap mətbəədən çıxardı çapdan baş redaktor… Xoşbəxtliyi çöndü elə bil. Sındı… Belə pərt görməmişdim. Zamanla çox oldu əlbəttə. Bilirsiz kim idi baş redaktor??? Əkrəm Əylisli! Həmin əsər bir neçə ildən sonra Respublika Komsomol mükafatına təqdim olundu və aldı da. Amma qəribədir, hamı hücum çəkəndə başını sığalladıqları susub dayandılar… Sınmağını da biz unutmuruq!!!
Bir ömrü bir yazıya sığdırmaq nə çətin imiş… Fraqmentlər gəlir göz önünə…
***
Sonra, sonra, sonra müharibə başladı və vaxt ora xərcləndi… 79-dan 89-a qədər nisbətən rahat yaşaya bildik. Nisbətən… Ev yox, pul-para yox, amma müharibə də yox idi… Qucağımda körpələrlə Ağdama gedişimizi xatırladım və Rəşad Məcidlə ilk tanışlığımı. Və o vaxtdan indiyə kimi bütün ağrılı və xoş günlərimizdə birlikdə oldular… Müharibənin acılarını da yanaşı yaşadılar… Müharibə isə vaxtımızı yedi, həm də Qarabağı – yerini-yurdunu bu qədər sevən biri üçün böyük yara idi. Az qala hər həftə Ağdama gedən bir insan, hər addımın, daşın-qayasın tanıyan bir insan 93-cü ildən ta İkinci Qarabağ savaşına qədər oraları görmədi…
***
…Deyir, xəbər gəldi Ağdam işğal olunub, çıxıram rayona, zəng vurdular. Dedilər ki, camaat yollarda acından, susuzluqdan mələyir… Getdim çörək işinə baxan böyüklərin yanına, dedilər ki, ora yaxın zavodlara göstəriş verək, ordan götür… Getdim deyir həmin rayona, indi heç kim Ağdama getmək istəmir. Qorxurlar. Böyük pul təklif elədim, razılaşdı şofer. Evinə getdi, gəldi… Mənim də deyir dişim bağırsağımı kəsir… Nəysə getdik, bu şofer də nə tanıyır Qarabağı, aldatdım apardım ki, hələ Ağdam deyil… Çoxlu peçenye, su və çörək… Çatdıq Qərvəndə, gördük ki, Qərvənd-Bərdə yolu adamlar çılpaq, ayaqyalın, ac-susuz… Dünyanın ən Varlı Şəhərinin adamları mələşir… Gördük bir-bir paylaya bilməyəcəyik, başladıq maşından atmağa… Adamlar da havada tutur nə atırıqsa… Bunları hər xatırlayanda ağlayır…
Uzaqlaşaq ağlamaqdan – məzəli söhbətlərimiz də çox olur…
Deməli, bir hadisəni nəql eləyəndə o qədər təfərrüat qatır ki, söhbətə… Mənim iki dəqiqəyə anladacağım nəyisə o iyirmi dəqiqəyə danışır. Bayaqdan yol gedirik – qatarda unutduğu pencəyin xatirəsin danışır. Deməli, provodnik kupenin qapısını neçə dəfə döyüb, çayı nəynən gətirib, hansı stansiyada neçə dəfə dayanıb… Mən onun kimi danışa bilmərəm eeee… Hövsələm daraldı dedim – sonun danış görüm axırda nooldu??? Küsdü, susdu bir xeyli… Sonra yadından çıxdı ki, küsüb, yenə xatirə danışmağa başladı…
Yol gedirdik… “Yoldu dana, uzanıf gedir…” Ələt postuna yaxınlaşanda uzaqdan gördüm ki, yəni, hiss elədim ki, bu serjant bizi saxlayacaq… Yoxsul göründük gözünə. Saxladı… Başladı əlindəki o nə deyirlər ona – orda qurdalanmağa. Biz də sakit baxırıq. Məşədi danışdı axır ki:
– Ay oğul, nə axtarırsan?
– Adın niyə burda yoxdu?
– Maşın İradə İbrahimovanındı.
– Həə? Sənin familiyan İbrahimovdu?
Paaa, Məşədiyə belə söz haa?
Sürdü getdi. Serjant da, qışqırır arxadan – əmi, dayan!!! Nəysə getdik, getdik, çatdıq Yevlax postuna. Təbii ki, saxladılar. Bir göyçək, tombuş, qırmızıyanaq serjant idi bu da. Məşədi soruşdu ki:
– Nə qüsurum var, niyə saxladın?
– Dayı, sənədləri yoxlayıram. Bu moment arxadan biri özünü hövlnak çatdırdı.
– Aqil müəllim, fəxrimizsiz, bir qulluq, sağ-salamat, yaxşı yol… Bir xeyli iltifatlar… (Qanun pozmamışdıq haa, elə kefi istəyib saxlamışdı…) Yəqin, yuxarı heyətdən idi, ola bilər leytenant-filan… Yuxarı heyət adamları tanıyır adətən… Bəzən serjantlar da tanıyır, amma paxıllıqdan tanımayanlara yardım etmirlər… Deyirlər, qoy problem yaşasın… Hə, bir də əyalət serjantları “əmi, dayı, ağsaqqal” müraciətlərindən qurtula bilmirlər… Və əhalinin hamısı deputat deyil…
Məşədi müraciəti təəccüb yaratmasın – sosial şəbəkələrdə Aqil Abbasa Məşədi deyirəm. Yəni, obrazın ismi Məşədidir…
Məşədi danışıb mənə – deyir, Ağdamda “Qaz-51” şoferi vardı, axşam işdən sonra arvadını oturdurdu yanında, rayonda gəzdirirdi (Yəqin, qaranlıqda gəzdirirmiş). Bir gün də pambıq vaxtıymış, iclas gedirmiş, görüblər bir maşın siqnal verə-verə mədəniyyət evinin qabağından o baş-bu başa gedir. Soruşublar kimdi? Deyiblər filankəsin qardaşı (böyük vəzifədə işləyirmiş qardaş). İndi Məşədiynən Badamdardan Vergilər Nazirliyinə qədər gedib-gəlmişik. Sadəcə, siqnal vermədən.
Ağdama kənddən ilk gəlişin danışıb – atam xalamgilə apardı, o da uşaqlarıyla birgə göndərdi uşaq bağçasına… Sən demə, orda da uşaqları zorla yatırtmaq kimi bir qayda varmış. Atam dalımca gələnə kimi ağladım deyir… Məzəli xatirələrə də ağlamaq qarışır, deyəsən…
***
Yaralı xatirələr. Sevmirəm… Kütləvi olanda heç yox, ayrı-ayrılıqda… Ağaclar, kollar, duman basmış dağlar… Arada gözə dəyən əsgər, polis nəfəri… Tam şəkil yaranmır… Hava da sərindi – gəndalaş, itburnu, böyürtkən… Təbiət də vəhşiləşib… Və bizim doğma hesab etməyimiz üçün, xatirələrə qucaq açmağımız üçün orda, o xatirələrin içində doğma adamlar boy göstərməlidir… Gülablıya yol aldım – xaraba qalmış təbiət. Axmayan su… Dərilməyən meyvələr… Etiraz edir hər şey… Və bu etiraz diskomfort yaradır… Doğmalıq yaranmır… Ekskursiya yaxşıdı, amma yaralıdır… Kütləvi yaralı… Sınıqdı… Və həddindən artıq çoxdu… Hər gedib əl uzadanda yad görünür… Fikirlərim də dolaşıqdı…Uzun illər gərəkəcək bu dolaşığı çözmək… Evlərin tikilməyindən çox, minaların təmizlənməyindən çox… Məzarlıqda nə anasının, nə də qardaşının qəbrin tapa bilmədi…
Müharibə onun xarakterində də başqa keyfiyyətlər yaratdı – elə bil, unutmaq istəyindən doğan və məni çox tədirgin edən. Fərqinə varmadan qadınlara və içkiyə meyil. Hərə bir yolla unutmağa çalışır…
Qəribədi, heç getmək istəmədiyim bir yer idi ora… Amma ağrısını çox çəkdiyim. Yəqin ağrıdan bezmişəm. Ağrıdan qorxuram – başlayan kimi ağrıkəsici dərmanla qorunuram. Səhər ayıldım, hazırlaşmağa başladım. Evliliyimizin 40 ilin qeyd etmək, 40 ilin sərgərdanlığın silmək, 40 ilin olan-keçənlərin, ya da keçməyənlərin xatırlamaq… Ordan keçib harasa getdiyimi yadıma salıram. Sonra beynim imtina edir xatirələrdən. Körpənin birini qucağıma götürüb, o birini arabaya otuzdurub dalan uzunu getdiyim də gəlir gözümün qabağına, qonşunun qapını açıb mənə baxdığı da. Bayaq bu dağılmış küçənin, dağılmış dalanın, dağılmış barının, divarların yaxınlığında yol boyu gördüyüm şəhid şəkillərin də göz önünə gətirirəm. Üşəndirir bu mənzərə… Olmayan küçələr, olmayan evlər, olmayan şəhər. Adı qalıb ancaq… Bir də 40 illik ömür, toy günümüzdən bu günə qədər yaşatdığım, ya da içimdə dəfn etdiyim. Əslində, bu təsvirləri çox gördük, çox oxuduq. Olmayan olanlar… Olanı sevməyə nə var ki? Olmayanı nə edək? Yenidən yaranacaq, amma bu yeni şəhər olacaq. Yeni insan nəslinin yeni şəhəri. Hələlik isə dünyanın hər yerindən gələn qonaqlara köhnədən qalan türbələri, məbədləri göstərə bilirik. Deməli, tarix vacibdi. Tarixdə boşluq yarananda elə viranə evlərin boşluğundan bir fərqi yoxdu. Ağrı verir bu boşluq. Tarixin ağrısın kəsmək üçün qanın torpağa qarışmağı gərəkir… Ağ damır gözlərə ağrı çoxalanda…
***


Səyahətlərimiz çox olub… Bircə gəmiylə gəzməmişik… Avropanın, Asiyanın görməli yerlərində… İsveçrədə dağlarda şəlalələrə baxanda dedi ki:
– Kəlbəcərə oxşayır…
Mızıldandım, dilimi sürüyüb – həəə, – dedim… Yəni, Aqil üçün hər yer öz yurduna-yuvasına bənzəyişlə gözəldir… Mənimçün isə yaxın adamlarımla həmin yerlərdə keçirdiyim günlərlə…
Sinqapurda onların yeməklərin yeyə bilmirdi – arıqladı bir xeyli qayıdanacan… Dedim bəlkə tısbağa yeyəsən??? İndi bu tısbağa sözü zarafat olub aramızda… Monteneqroda, əksinə, xoşuna gəlmişdi yeməklər – yəqin, türk nişanəsi çox idi, ondan…
…İndi qeyd etməyə hazırlaşdığım 70 illikdə düşünürəm ki, vaxtımızı yeyən bu ağır dövrlərdə qarşımıza çıxan yaxşı insanlar da çox olub… Yollarımız çox olub… Gözəl yollarımız… Arzum budur – yollarımız bitməsin, yaxşı insanlar tükənməsin… Hər zamanın yeni insanları çıxır qarşımıza. Zarafatla deyirlər ki, Məşədi patronu (yəni, məni) yanıbalalı alıb, bizi də yük edib özünə… Yazının adın qoymağa da onlar kömək etdilər. Dedilər, onun obrazıdır…


Ad gününü qeyd etdiyimiz günlərdən biri idi – bacım zəng elədi, dedi ver telefonu Aqili təbrik edim… Telefonu götürən kimi – Şəlalə, bax, yaxşı ki, doğulmuşam. Yoxsa bacın qalardı evdə – dedi…
Əlbəttə, yaxşı ki, doğulmusan… Böyük bir ailənin, tayfanın, yurdun ağsaqqalı… İri gözlü, uzun kirpikli oğlan… Allah möhlət versin – Ağdamda qəhərlə yox, ürəyi şad rəqs edəsən… Balacalar böyüsün!!! Günəşə at çapan oğlan!!!

Müəllif: İradə TUNCAY

İlkin mənbə: Ədəbiyyat Qəzeti,  İradə Tuncay

İRADƏ TUNCAYIN YAZILARI

AQİL ABBASIN YAZILARI

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

ZAUR USTACIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Səmimi söhbət”in qonağı Kənan Hacıdır. Təranə Məmməd.

TƏRANƏ MƏMMƏDin KƏNAN HACIilə SƏMİMİ SÖHBƏTi

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı KƏNAN HACIdır. Bizimlə söhbətə qoşulanların hamısına əvvəlcədən təşəkkür edirəm.


Sual : “Biz özümüzün kim olduğunu özümüzə belə etiraf etmək istəmirik”,- deyir Kənan Hacı. Eyni zamanda mənimlə səmimi söhbətə razılıq verir. Sizcə səmimi söhbətimiz alınacaqmı?
Cavab: Mən bütün həyatım boyu dəfələrlə səmimiyyətimin cəzasını çəkmişəm. Amma düşünürəm ki, səmimiyyət insan üçün rahatlıqdır və əlbəttə, səmimiyyət sadəlik kimi gözəl və ali xüsusiyyətdir.
Sual:Kənan Hacı kimdir? Bu “Səmimi söhbətin” ənənəvi sualıdır.
Cavab: Mən bu suala yazdığım mətnlərdə cavab verməyə çalışmışam. Nə dərəcədə nail olmuşam, bilmirəm. Əslində, bu, “həyat nədir” sualı qədər mürəkkəb bir sualdır. Ağacdan soruşursan ki, yarpaq nədir, havadan soruşursan ki, külək nədir. Qazandıqlarım (əgər varsa) Allahın lütfüdür. Bundan artıq özüm haqqında nə deyə bilərəm? Başqalarının gözündə mən kiməm? Bu, mənim üçün daha maraqlıdır.
Sual: Yaradıcılıq həyatınızı üstələmir ki? Yaşamağa vaxtınız qalırmı?
Cavab: Yaradıcılıq elə yaşamaq deməkdir. Yaradıcılığa hobbi kimi baxan adamların sənət anlayışı kökündən səhvdir.
Sual: “Yaradıcı olmaq üçün Bir az mutsuzluk da önşərtdir”- deyir Serdar Turqut. Siz də belə hesab edirsiz? Bütün yaradıcılar mutsuzlarmı?
Cavab:Sizin nəyi nəzərdə tutduğunuzu anlayıram. Bəlkə əksinədir? Bütün yaradıcılar elə yer üzünün ən xoşbəxt insanlarıdır? İnsan xoşbəxt və ya bədbəxt olduğunu müəyyən edə bilməz. Bu, insanın həmin anlayışlara baxışından asılı olan bir məsələdir. Şair demiş, bəlkə də xoşbəxtik, xəbərimiz yox…
Sual: Həyatınızda və yaradıcılığınızda bir maraqlı şəxsin iştirakı olub. Bu haqda nə deyə bilərsiz?
Cavab:Həyatımda həlledici rol oynayan insanlar olub. Mən həmişə o insanları minnətdarlıq hissiylə xatırlayıram. Mənim ədəbiyyata sevgim anamdan gəlir. O, ədəbiyyat müəlliməsi idi və uşaqlıqdan mənə kitaba, mütaliəyə sevgi hissi aşılamışdı. Mən kitablar aləmində böyümüşəm. Kənd yerində oğlan uşaqlarının tərbiyəsiylə məşğul olmaq çox çətindir. Məhəllə mühiti qeyri-sağlam olanda uşaq təsir altına tez düşür və əksər hallarda valideynin uşağı o mühitdən ayırmağa gücü çatmır. Mən kənddə oğrusundan, əyyaşından, avarasından tutmuş hər cür insanlar gördüm, valideynlərimin tərbiyəsi ətrafımda bir çəpər yaratmışdı və məni zərərli vərdişlərdən, pis əməllərdən qoruyurdu. Anam müəllim karyerasının üstündən xətt çəkib bütün həyatını mənə sərf etdi. Oxuduğum kitablar da məni müəyyən mənada xilas etdi. Heyif ki, valideynlərim sonrakı uğurlarımı görə bilmədilər. Jurnalistikaya gəlməyimdə rəhmətlik ensiklopedist alim Rəhimağa İmaməliyevin böyük rolu olub. Mətbuatda ilk yazılarım onun xeyir-duasıyla çap olunub.
Sual: Çox məlumatlısınız. Dünya ədəbiyyatı, dünya incəsənəti ilə tanışsınız və sanki sizi bu qədər məlumat da qane etmir. Nə axtarırsınız?
Cavab: Axtarış ehtirası insanı həyata bağlayan ən vacib məqamdır. Mən sadəcə, öz işimlə məşğulam. Bu işin adı axtarış da ola bilər. Bu axtarış insanın ömrünə məna qatır. Yoxsa yaşamaq çox çətin olar.
Sual: Maler o qədər də çox dinlənilən bəstəkar deyil. Yəni Şopen, Bethoven, Vaqner deyil. “Onu dinlədikdə sanki tanrı yorğun düşmüş ürəyinə əbədiyyət laylası çalır,”- deyirsiniz. Sizin musiqi duyumunuz bu qədərmi fərqlidir? Musiqi sizin üçün nədir?
Cavab:Bizim ailəmiz musiqiyə çox bağlı olub. Dayım oğlanları da musiqiçidir, anam da muğamı mükəmməl bilirdi. Yeri gəlmişkən, deyim ki, mənim musiqi təhsilim də var. 19 saylı Musiqi Məktəbinin qarmon sinfini əla qiymətlərlə bitirmişəm. Hər gün evimizdə muğamat səslənib və bütün bunlar mənim ruhuma hopub. İndi də saatlarla muğam dinləyirəm. Amma Şopen və Maler düşüncənin fərqli qatıdır. Mən zehni yorğunluq zamanı o musiqini dinləyirəm və sanki yer üzündən tədricən qopub mistik bir məkana düşürəm. Ordakı dinclikdə Allaha nəfəs qədər yaxın olursan. Hər halda belə bir hislər keçirirəm.
Sual: Tarkovski adi deyil, fərqlidir və düşündürəndir. Sizin “Tarkovskinin bütün filmlərinin mənbəyi yaddaşdır” sözlərinizlə tam razıyam. Yaddaşınızdakıları silmək istəyərdiz yoxsa qoruyub saxlamaq?
Cavab: Yaşadığımız ömür sonda yaddaşdan ibarət olur. O yoxdursa, sən də yoxsan. Bəzən ondan xilas olmağa çalışırsan, bəzən naməlum gələcəyin qorxularından qaçıb ona sığınırsan. Bu haqda geniş bir essem də var. Yaddaş əslində sürüşkən, ələgəlməz bir məfhumdur. Biz yaddaşımızı itirəndə ölürük. İnsan yaşadığı ömürdən heç nəyi silə bilməz, o, buna qadir deyil. Bütün yaşananlar bizim taleyimizdir. Bir sözlə, yaddaş relikviyası son nəfəsimizəcən bizimlədir.
Sual: Van Qoqu mən də çox bəyənirəm. Rəsmləri ilə yanaşı həyatı da maraqlı və adi deyil. Niyə məhz o? Nədir sizi Van Qoqa bağlayan? Onun işlətdiyi rəngləri sevirsinizmi?
Cavab: Məni Van Qoqa bağlayan onun yaşadığı həyatın faciəviliyidir. Və bir də rəsmlərindəki bolluca işıq. Həyatındakı tünd boyalara rəğmən rəsmlərindən həyat eşqi fışqırır. Bax, bu təzad məni Van Qoqla doğmalaşdırır.
Sual:İnsanı həyatdan kitaba gətirmək asandır,- deyirsiniz Qəhrəmanlarınız həyatdan gəlib kitablarınıza?
Cavab: Bütün kitablar həyatın köçürülmüş üzüdür. Həyat olmasaydı, kitablar necə yazılardı? Bu gün həddən artıq çoxlu kitablar yazılır. Qədim Misir apokriflərində belə bir fikir var, insanlar həqiqətdən uzaqlaşdıqca kitabların (kitab yazanların) sayı artacaq. Bu fikir son zamanlar məni həddən artıq məşğul edir. Söz Allahın əmanətidir, onu yalanla kirləndirmək olmaz. Baxın, kitablar çoxalır, oxucular azalır. Bu paradoksu nəylə izah etmək olar?!
Sual: Yazıçı özünü bədii əsərlərindən daha çox xatirələrində gizlədir. Bu da sizin sözlərdir. Sizcə niyə?
Cavab: Ola bilsin nə vaxtsa belə yazmışam. Amma yazıçının gizlənməyinə ehtiyac yoxdur. Çünki hər söz, hər cümlə onun beynində yaranıb, sonra kağıza köçürülür. Yazan adam hansısa obrazı yaradanda da əslində özünü ifadə edir. Başqa cür mümkün deyil. Mən əksinə, bəzi hallarda hekayələrimdə acı həqiqətləri çılpaq formada yazmışam. Buna görə bəzən qınaq obyektinə də çevrilmişəm. Mətndə mənim üçün heç bir qadağa yoxdur. Çox insanlar var, özlərinə uydurma tərcümeyi-hal düzəldirlər. Bəli, məhz düzəldirlər. Mənim həyatımda həddən artıq ağır məqamlar olub, mən bunları da çılpaq formada yazmışam və qətiyyən utanmamışam. “Sonuncu dərviş” romanında mən həyatımın bütün gizlinlərini açmışam. Bu, mənim taleyimdir və Allahın yazısına müdaxilə etmək olmaz.
Sual: Sizin “Ədəbiyyat” qəzetində çap edilmiş bir yazınız məni yaxşı mənada heyrətləndirdi. Rus ədəbiyyatının müxtəlif dövrlərini ustalıqla qələmə almısınız. Hardandır bu sevgi? Yoxsa sadəcə, müşahidədir?
Cavab: Məndə rus ədəbiyyatına marağı gümüş dövr şairləri yaratdı. Mandelştam, Anna Axmatova, Marina Svetayeva, Pasternak və sair. Onlar həm də faciəvi taleləri ilə böyükdürlər. Poeziya ilə həyatın sərhədində yaşamış bu fikir zadəganları mütəmadi olaraq mənim ədəbi düşüncələrimi qidalandırıb. Əslində orta məktəbdə Lermontovu, Puşkini o qədər də sevməmişəm. Açıq deyirəm. Amma Yeseninin şeirləri məni həmişə cəlb edib. Xüsusən, “Qara adam”ı. Zaman-zaman bu poemanı dəfələrlə oxumuşam və uzun müddət məni öz cazibəsində saxlayıb. Mayakovskinin “Şalvarlı bulud”u da həmçinin. Ara-sıra tərcümələr də edirəm. Rus yazıçısı Andrey Platonovun hekayələrindən ibarət bir kitab hazırlamışam, yaxın günlərdə “Qanun” nəşriyyatında çıxacaq. O yazı isə spontan şəkildə alındı. Brodskinin şeirlər kitabını oxuyurdum, qəfildən belə bir yazı yazmaq istəyi yarandı və oturub yazdım.
Sual: Günəşə qar topası atmısınız.Sonra da
Bəlkə məni bu qışdan
Sən özün çıxarasan
Üstünə günəş düşən
Qar kimi yumşalasan…- demisiniz. Məncə, burda bir təzad var. Deyilmi?
Cavab: Ola bilər. Həyat necədirsə, hiss, duyğu da elədir. Təzad bizim mahiyyətimizdə var.
Sual: Arzularının qurbanı olan qadınlar var…
Xəyallarının qurbanı olan qadınlar var…
Ağ atlı oğlanın qurbanı olan qadınlar var..
Və… unudulan qadınlar var. Bu sizin sözlərdir.
Bütün bunlara səbəb kişilər deyilmi?
Cavab: Tez-tez qurbanların yeri dəyişir. Qadınla kişi bir-birini tamamlamayanda hər iki tərəf qurbana çevrilir. Səbəbi təkcə kişilərdə axtarmaq məsələyə birtərəfli yanaşmaqdır. Ən asan iş kimisə günahlandırmaqdır. Məsuliyyət və sevgi olmayanda qadın da, kişi də qurbana çevrilirlər.
Sual: “Tale elə qadın sözünün sinonimidir”- deyirsiniz. Maraqlı fikirdir. Bir az açıqlasaq?
Cavab: Bu fikir də hansısa kontekstdə yazılıb. Əslində həyat da qadın sözünün sinonimi kimi işlənə bilər. Həyat və tale bir medalın iki üzüdür. Hər ikisində qadının imzası var. Belə…
Sual: Azadlığını itirmək istəməyən bütün qadınları sonunda dəhşətli peşmançılıq gözləyir. Cəmiyyət də qadın kimidirmi?
Cavab: Cəmiyyət tamamilə başqa kateqoriyadır. Bir toplum azad deyilsə, məhvə məhkumdur. Qadın azadlığı isə başqa meyarlarla ölçülür. Bəzən bu ifadə təhrif olunur və əxlaqsızlıq kimi başa düşülür. Bu mövzu üzrə mütəxəssis olmadığım üçün geniş fikir bildirmək həddində deyiləm.
Sual: “Hiyləylə, kələklə dolu dünyanın içindən sakit bir çay kimi axıb gedə” bilirsizmi?
Cavab: Dünya ilə çoxdan barışmışam.
Sual: Ən çox nədən qorxursuz?
Cavab: Doğmaları itirməkdən.
Sual: Əgər siz mənə sual verəsi olsaydınız, məndən nə soruşardınız? Tam səmimi.
Cavab: Rus poeziyası haqqında yazdığım yazıya reaksiyanız məni sevindirdi. Qoy elə sual da bu mövzuda olsun. Rus poeziyasında ən çox sevdiyiniz şair kimdir?
Sual: Rusiya poeziyası fərqlidir. Bunu dünya poeziyası, xüsusilə şərq poeziyası ilə tanış olanlar yaxşı bilir. Bəlkə bir qədər qəribə səslənəcək, amma mən o qədər də çox şeir yazamayan bir şairin adını çəkəcəm. Çox sevirəm onun şeirlərini. Hətta cürət edib Azərbaycan dilinə də tərcümə etmişəm bir neçəsini. Bu Leonid Filatovdur.
Kənan bəy, dəvətimi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm və yeni yaradıcılıq uğurları arzsu edirəm.
Cavab: Çox sağ olun. Mən də sizə təşəkkür edirəm.
Əziz dostlar, hörmətli oxucular, bizimlə bir yerdə olduğunuza görə hər birinizə təşəkkür edirəm. Güman edirəm ki, söhbətimiz səmimi alındı.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

KƏNAN HACININ YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NƏZAKƏT EMİNQIZI. GECİKMİŞ ÇİÇƏKLƏR. KİTAB PDF.

NƏZAKƏT EMİNQIZI. GECİKMİŞ ÇİÇƏKLƏR. KİTAB PDF:

Müəllif: Nəzakət EMİNQIZI

AJB-nin üzvü, DAMM-nın Ekspertlər Şurasının sədri,“Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, SİM İB -in Fəxri üzvü.

NƏZAKƏT EMİNQIZININ YAZILAR

AZƏR TURANIN YAZILARI

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

MURAD MƏMMƏDOV. ÖMRÜN PAYIZ DUYĞULARI.

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MURAD MƏMMƏDOV. ÖMRÜN PAYIZ DUYĞULARI. KİTAB PDF.

MURAD MƏMMƏDOV. ÖMRÜN PAYIZ DUYĞULARI. KİTAB PDF:

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

NƏZAKƏT EMİNQIZI. GECİKMİŞ ÇİÇƏKLƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – “YALANÇI” – GÜNÜN ŞEİRİ

ŞƏLALƏ CAMALIN YAZILARI

YALANÇI

Mənə nələr vəd edib
Qaçıb getdin, bilirsən?
Bütün yalanlarını
Sevərək dinləmişəm…
Amma daha bilirəm
Bütün qaçışlarını,
O saxta yalanları
Daha əzbərləmişəm.
Soruşsan sevirsənmi?
Hə, yenə də sevirəm…
Mənim sevgim dəyişməz.
İndi mən böyümüşəm
İndi mən bilirəm ki,
Yalanın ömrü olmur,
Amma bütün yalanın
Təqvimdə günü olur.
Bir apreldir, əzizim
Nə deyirdi, mahnıda?
Aldatmayaq bir – birimizi…

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI


PDF: 
>>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru