Bu yollar məni yorur… Yollar gözümə durur, Adicə dükana da Getməyə ərinirəm Söylə, sən necə getdin, Heç bir şey söyləmədən… Hələ bir utanmadan Gecən xeyirə deyirsən Sən gedəndən yatmıram Yuxum da gəlmir mənim Gündüzüm aydın olmur Gecəm xeyirə də qalmır… Bir Allahın bəndəsi Soruşmur ki, necəsən? Daha ağlamıram da… Hə, sən çıxıb gedəsən, Mən də göz yaşı tökəm?! Elə qanun harda var? Mən də öz həyatımı Yaşayacam… Biləsən!
Mən elə bir rəssamam ki, 1 yönsüz karandaş ilə Mənzərəni vəsf etmişəm… Gözlərimin yaşını Kağıza yağış etmişəm, Çəkməyə yer olmayanda, Ürəyimə dağ çəkmişəm. Bax beləcə… Çəkmədiyim şeylər də var Yollarından gözümü Hələ də çəkə bilmirəm… Gözləyirəm. Bəlkə bir gün dönərsən Vallah bu gedişlə getsə Sən məni şair edərsən
SABİRİN DOĞUM GÜNÜNƏ Aç kitabı, bu dünyanın dərsinə bax, Dağ əriyib, yaylağı aran qoxuyur. İndi zəmanə dəyişib tərsinə, bax, Şeyxi şərab, alkaşı Quran oxuyur. * * * Cüt qapazı endirir “tarab” başına, Min yol ilə toplayır xarab başına, İlmə – ilmə millətin corab başına, Yun əyirib, cəhrəsin quran, toxuyur. * * * Zamanə də işləyir şər lehnə qağa, Kitab qələm kar etməyir zehnə qağa, İndi yaman mod olubdur səhnə qağa, Ayaq tutub, yerindən duran oxuyur. * * * Görsə dürüst, həmən deyər “əqli naxoş”, Əxlaqa “yersizdi” deyır, ismətə “boş”, Get- gedə lap aşıb-daşır qeyrəti xoş, Adın yazıb, ənsəyə vuran oxuyur. * * * Yurd talanır, yanmayır bədbəxt halına, Ac gözünü zilləyib xalqın malına, Qan pulunu gizlədib, keçir dalına, Göy zəli tək damardan soran oxuyur. * * * Az giley et, süz qədəhi, çək başına, İç qəmini, aç acını yaz daşına, Lalə, niyə qəm çəkirsən boş boşuna? Ritmi tutub, çırtmasın vuran oxuyur.
“KƏLAĞAYI NƏNƏMİN NƏNƏSİNDƏN GƏLƏN ÜZ AYDINLIĞIDI”
(“Kəlağayı Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı ilə müsahibə)
Novruz insan həyatının hər il başlayan yeni gününün gəlmə anıdır. Oyanmış təbiətin insanları qoynuna, əkin-biçinə, torpağa can verməyə çağırdığı, bol ruzi-bərəkətin təməlini qoyduğu, qədim Türk miflərinə, əfsanələrinə görə, ilk insanın dünyaya gəldiyi gündür. Türk xalqlarının dostluq, mehribanlıq, həmrəylik bayramıdır.
Sovet imperiyası öz simasının simasızlığını göstərib Novruz bayramına “dini bayram” damğası vurub onun keçirilməsini qadağan etsə də, həmin gün evin ruzi-bərəkəti və həyat rəmzi səməni süfrəyə qoyular, şirniyyatlar, çərəzlər düzülər, yumurtalar boyanar, insanlar bayramlaşar, dünyasını dəyişənlərin məzarlarını ziyarət edər, küsənlər barışardı. Qırmızı imperiya xalqları milliliyindən ayırmaq cəhdlərinin boşa çıxdığını görəndə bir az “yumşaldı”.
Nəhayət imperialist xislətli SSRİ-nin caynağından xilas olan Azərbaycan kimi Novruz bayramı da “ağ günə” çıxdı. 2009-cu il sentyabrın 30-da YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salındı. BMT-nin Baş Assambleyasının 64-cü sessiyasının 2010-cu il fevral iclasında 21 mart “Beynəlxalq Novruz Günü” elan olundu.
1967-ci ildə Azərbaycanda dövlət səviyyəsində keçirilən ilk Novruz bayramında o vaxt 29 yaşı olan, indi Azərbaycan Respublikasının Xalq artisti Səfurə İbrahimova başında mavi kəlağayı ilə “Bahar qızı” obrazında bayram iştirakçılarının qarşısına çıxmışdı. “Bahar qızı”nın bu fotosunu təsadüfən görəndə Güllü Eldar Tomarlı yadıma düşdü. Zəng etdim ki, bəlkə bu mövzuda fikir mübadiləsi edək. Son zamanlar kəlağayı adına, kəlağayılı xanımlara rast gələndə Güllü xanım gözlərimin önünə gəlir. Kəlağayı və Güllü xanım bir-birinə vurulan, bir-birini gözəlləşdirən ayrılmaz sevgililərdi.
Söhbətimiz səmimi alındı. Bu, əslində Güllü xanımın sayəsində oldu. Sinəsi dolu imiş.
-Güllü xanım, salam. Xalqımızın yaradıcı insanları sizi yaxşı tanıyır, mən də. Bununla belə, özünüzü bir-neçə cümlə ilə tanıdardınız.
-Salam, Vaqif müəllim. Rustavidə doğulmuşam, 7 saylı orta məktəbi bitirmişəm. orta məktəbdə oxuyandan Tiflis radiosunda publisistik yazılarım, şeirlərim səsləndirilib. Rustavi Azərbaycanlıları Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü və Qadınlar Şurasının sədri seçilmişəm. Orada dövlət nəşriyyatında işləmişəm. Borçali söz, saz, aşıq mühitində böyümüşəm. Əslim Qazaxdan, İncə dərəsinin Kəmərli kəndindəndir. Tiflisdə nəşr olunan “Gürcüstan” qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri, Açıq Pəri Məcilsi”nin üzvü, 2015-2022-ci illərdə sədr müavini, bədii rəhbəri, mətbuat katibi olmuşam. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şəxsi “Kəlağayı Ev Muzeyi”nin direktoruyam. Üç kitabın müəllifi, 5 kitabın tərtibçisi, redaktoruyam. Ailəliyəm, dörd övladım, səkkiz nəvəm var.
-Sizi tanıyandan kəlağayı sevginizə heyranlığımı gizlədə bilmirəm. Bilirəm, sevgi ilahi hissdi. Kəlağayı sevginiz ən azı kəlağayı qədər müqəddəsdi. Yorulmaq bilmədən kəlağayı sevginizdən qidalanıb və qanadlanıb diyar-diyar gəzirsiniz. Sizin fəlaliyyətiniz Azərbaycana sığmır. Bunu qardaş Türkiyəyə səfərimizdə də gördüm. Kəlağayı niyə sizə doğma, əzizdi? Siz bu milli baş örtüyümüzdə nələri görmüsünüz ki, bir an ondan aralı qala bilmirsiniz?
-Kəlağayı qadınların baş tacıdı, qeyrət, urvat ölçüsüdü. Kəlağayı nənəmin nənəsindən gələn üz aydınlığıdı. Babamın babasının öz ömür-gün yoldaşına hədiyyə etdiyi gözəllik və yaraşıq mücəssəməsidi. Onu hüzurunda qanllar barışıb, davalar yatırılıb, əmin-amanlıq, sülh gəlib elə-obaya. Mən anayam, nənəyəm, bacıyam, xalayam, qaynanayam, bir sözlə, Azərbaycan qızıyam, Azərbaycan qadınıyam. Analar Vətəni, yurdu qorumaq, namusa ləkə gəlməməsi üçün kəlağayını başına örtüb, əllərində tutub, and içdirib ərlərini, oğullarını, qardaşlarını torpaqlarını qorumağa göndərib. Kəlağayı o qədər ulu, o qədər müqəddəsdir ki, hər an gərəklidi.
Kəlağayı sevgim, ona ehtiramım barədə dayanmadan günlərlə danışa bilərəm. Yaranma tarixi eramızdan əvvələ gedib çıxan kəlağayını ismətin, ləyaqətin rəmzinə çevirən də, abır-həyalı, ləyaqətli, ədəb-ərkanlı, sədaqətli nənələrimiz, analarımız, qız-gəlinlərimiz olub. Kəlağayıya sevgimin bünövrəsini hələ orta məktəb şagirdi olan dövrümdə Cahan nənəm qoyub. Kəlağayını ilk dəfə nənəmdə görmüşəm, görən kimi də sevmişəm. Uşaq ağlımla bilmirəm kəlağayının nəyinə vurulmuşdum? Yəqin ki, üzü nurlu nənəmə yaraşdığına, rənginə görə. Nənəmin sandığında iki kəlağayı vardı. Biri noxudu rəngdə idi, o birisi qara. Çoxlu nəvə-nəticələri olan nənəm bir gün məni yanına çağırıb noxudu kəlağayısını mənə verdi. Dönə-dönə tapşırdı ki, bunu mütləq qoru, nənənin cehizliyidi. Nənəmin tapşırığına ciddi əməl edəcəyimə söz verdim. Uşaq da olsam, bilirdim ki, əmanətə xəyanət olmaz.
Həyatımda eniş-yoxuşlar, çətinliklər çox oldu. Evsizlikdən, darısqallıqdan əziyyət çəkdik. Uşaqlar böyüdükcə problemlər çoxalırdı. Ancaq nənəmin əmanətini urvatlı saxladım. Əvvəllər kəlağayıdan istifadə etmirdim, düşünürdüm ki, hərə bir söz deyəcək, gözaltı baxacaq, kinayə ilə güləcəklər. Nəhayət ürəklənib başıma örtəndə, boynuma salanda rəfiqələrimin, təsadüfən rastlaşdığım tanış-bilişin, doğmalarımın xoşuna gəldi, bəyəndilər, alqışladılar, mən də ürəkləndim, kəlağayıya həmişəlik bağlandım.
Ərzincan səfərimizi, Uluslararası Türk Dünyası Simpoziumunu xatırlatdınız. 40-dan çox Türk dövlətinin nümayəndələrinə Azərbaycan xalqının qədim baş örtüyü, onun isifadə qaydası, sosial məzmunu haqqında informasiya verəndə xalqımızın dünyagörüşünə, mənəvi dəyərlərinin dərinliyinə, kəlağayının hikmətinə heyran qalırdılar.
-Şahidiyəm ki, hətta türk olmayan gürcü alim qadın Tamar Xvedelianiyaya da kəlağayıdan “dərs” keçdiniz. Özü də gürcü dilində.
Ay Vaqif müəllim, nə qədər diqqətlisiniz. Hə, gürcü türkoloq qadına əməlli-başlı kəlağayını sevdirə bildim. Birlikdə şəkil də çəkdirdik. Bu şəkili ən uca yerə saxlayacağını bildirdi. Tiflisə gələndə görüşməyimizi xahiş etdi.
-Müsahibənin giriş hissəsində qeyd elədim ki, 1967-ci ildə Azərbaycan Kommunist Partiyasının katibi, şair, dramaturq, Türkçülük, Azərbaycançılıq məfkurəsinin sədaqətli, dönməz yolçusu Şıxəli Qurbanovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən Novruz şənliklərində “Bahar qızı”nın başına örtdüyü kəlağayı açıq göy rəngdəydi. Bilirəm ki, göy rəng Türklük rəmzidi, uzaqgörənlik, nizamlılıq, güvənlik anlamını daşıyır. Bu da Şıxəli Qurbanovun millət sevgisiydi, milli ruhumuza sayğısıydı. Bu sevgiyə görə də onun həyatına son qoydular. Kəlağayının rənglər simvolikası göy qurşağının rənglərindən dəfələrlə çoxdur. Rənglər sisteminə görə kəlağayını necə xarakterizə edərdiniz?
-Kəlağayıya sevgi mənə çox bilgilər verir, hər gün də yeni nəsə öyrənirəm. Bilirəm ki, qırmızı rəng canlılıq, xoşbəxtlik, enerji, od, qan, mübarizə, qələbə, eşq simvoludu. İnsanları şər qüvvələrdən qoruyur. Qırmızı kəlağayı hər bir qadın üçün yeni həyatın başlanğıcı mənasını daşıyır. Toy-düyünlərin yaraşığıdı. Subay qızlar toya gedəndə qırmızı kəlağayı bağlayardılar. Ailədə doğulan körpəni qırmızı kəlağayıya bələyərdilər ki, körpə bəd nəzərdən qorunsun. Nişana qırmızı kəlağayıar aparardılar, xonçaları qırmızı kəlağayılarla bəzəyərdilər. Toyun sabahı gəlinin başına qırmızı kəlağayı örtərdilər. Evin balaca oğlu kəlağayını gəlinin başından götürüb bar verən ağacın budağından asardı ki, ailə barlı-bərəkətli, oğullu-qızlı olsun.
Novruz bayramı günlərində cıdır yarışları keçirilərdi. Cıdırda qalib gəlmiş atın alnına bir yumurta vurub sındırar, boynuna qırmızı kəlağayı bağlayardılar.
Gəlin gətirərkən onun başına ağ, üzünə qırmızı örpək örtmək, faytonu çəkən atın boynuna soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq qədim toy adətlərimizdəndir. Ağ rəng saflıq, məsumluq, sülh, xəyal dünyasının genişliyi, qələbə, cəhrayı rəng sevinc, şənlik, sevgi, qəhvəyi rəng doğruluq, işgüzarlıq, uğur simvoludur.
Qara rəng sədaqəti, duyğunu, hüznü, dözümlülüyü, özgüvənliyi xarakterizə edir. Qara rəngli kəlağayı ilə dünyasını dəyişən insanın üstünü, məzarını örtərdilər. Həyətin darvazasına qara kəlağayı bağlanırdısa, bu yas nişanəsi idi. Əgər rəhmətə gedən gəncdirsə, darvazaya həm qara, həm də qırmızı kəlağayı bağlayardılar.
Yaşlı qadınlar tünd, gənc xanımlar başlarına ağ, al-əlvan kəlağayı örtərdilər. Sədərəkli Tamella nənə deyir ki, qədimdə qadınlar üzü örtülü gəzdiyindən onun evli, yaxud subay olduğu kəlağayının rəngindən bilinərdi.
Novruz adətlərinə görə, ilaxır çərşənbə axşamı subay oğlanlar örpək, şal, yaxud kəlağayı götürüb sevdikləri qızların evlərinə gedər, baş örtüyünü bacadan, pəncərədən, damdan evə sallayardılar. Əgər qızın ata-anası razıydılarsa, örpəyi qızın belinə, bəzi yerlərdə qoluna bağlayardılar. Razı olmasalar, dəsmala şirni qoyub qaytarardılar.
Rənglərin simvolikasına inansaq, “Bahar qızı”nın başına örtdüyü kəlağayı sədaqət, bəd nəzərdən qorunmaq (gözmuncuğu) rəmzidir. Gəlinlik kəlağayıların kənarları yaşıl, ortası qırmızı rəngdə olur. Arzu, murad, istək, həyat, sülh, sağlamlıq, dinclik anlamında. Kəlağayı ulu Türkün hər ovqatını, hissini, duyğusunu özündə əks etdirir.
-Düz 7 il “Aşiq Pəri Məclisi”nin sədr müavini, bədii rəhbəri, mətbuat katibi olmusunuz. Narınc Xatundan, Səadət Butadan, aşıq Sonadan əmanət qalan “Aşıq Pəri Məclisi”nin mavi ekranlara kəlağayı ilə çıxması sizin təşəbbüsünüz olub. Onda hələ məclis üzvlərinin çoxunun yadına kəlağayı düşmürdü. Bu ideya həm də “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin fəaliiyyətinin təməl prinsiplərindən birinə çevrildi. Aşıq Pəri, Mirvarid Dilbazi, Narınc Xatun, Səadət Buta, aşıq Sonanı bir yerə toplamaq çətin deyildimi?
-Bəziləri düşünür ki, yəqin bu qadın həmrəyliyindən irəli gəlir. Belə deyil, bunu düşünənlər gördüyümüz işlərin məğzini başa düşməyənlərdi. Mənim hədəflərim daha uca, böyükdü. Mənim üçün xalqımızın milli dəyərlərini qorumaq, yaşatmaq, təbliğ etməkdən ali xidmət tanımıram. Saydığınız beşliyə sözü, sazı və kəlağayını əlavə edərdim. Qoy olsun səkkizlik. Saydıqlarım müqəddəs dəyərlərdi.
Mirvarid Dilbazi mənəviyyat, əsl qadınlıq etalonuydu, kübar, əsilzadə bəy qızı idi. Yaradıcılığı nəhəng bar ağacına, şeirləri onun dadlı meyvələrinə, sözləri daşların arasından süzülüb gələn göz yaşı kimi büllur bulaq suyuna, səsi həzin musiqiyə bənzəyirdi. Kələğayılı ağbirçək abırlı-həyalı nənələrimizin yolunun davamçısıydı. Vətən, el aşiqi idi. Qızı Xatirə xanım deyir ki, hər ad günündə Ümummilli lider Heydər Əliyev ona zəng edib təbrik edər, arzularını çatdırardı. Ondan nə istədiyini soruşanda, ərklə, “mənə Qarabağı verin”, deyərdi. Heydər Əliyevə “oğlum” deyə müraciət edərdi.
Onun mənəvi dünyasına vurğunluğumdan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyini yaratmağı qərara aldım. Dövlətimiz, xalqımız onu həmişə böyük ehtiramla yad edir. Mirvarid xanım ilk qadın Xalq şairidir, qadınlar arasında ilk dəfə “İstiqlal” ordeninə layiq görülüb. Mən də onun mənəvi nəvəsi kimi İctimai Birlik adından tədbirlər keçirir, çıxışıma onun şeirlərindən misralarla başlayıram.
Nədən söhbət düşürsə, kəlağayı yaddan çıxmır, bu artıq mənim həyat tərzimə çevrilib. Hər gün yuxudan oyanan kimi “Kəlağayı Muzeyi”mdəki Mirvarid xanımın nur üzlü obrazını canlandıran kəlağayının qarşısında dayanıb böyük şəxsiyyətə gündəlik hesabat verir, onun növbəti işlərimə uğur diləməsini təbəssümlü üzündən oxuyuram.
Narınc Xatunu öz anam qədər sevirəm. H ər yerdə istedadlı qızlar sorağında olub. Aşıq Sona və Səadət Buta ilə “Aşıq Pəri Məclisi” kimi sənət məbədi yaradıblar. Narınc xanımın və aşıq Sonanın ruhu şad olsun. Səadət xanım indi də gənclik eşqi ilə çalışır.
Nənəmin nəsihəti və noxudu kəlağayısı illər ötdükcə yolumun səmtini təyin etdi. “Aşıq Pəri Məclisi”ndə fəaliyyətə başlayanda hamının başında kəlağayı görmək qızlardan birinci istəyim oldu. Təşəbbüsümə dodaq büzənlər də oldu, razılaşanlar da. Çünki çoxu kəlağayının ötürdüyü enerjidən, hisslərdən xəbərsiz idi. Mənə yaraşmır deyənlərə başa saldım ki, kəlağayı gözəllərin gözəlliyini artırır. Məclis üzvləri başında kəlağayı ilə ilk dəfə mavi ekrana çıxanda sanki dünyanı mənə vermişdilər.
-Kəlağayının təbliğinin nəticəsini görəndə sevinirsiniz, yorğunluğunuzu unudursunuz, elə deyilmi?
-Elədir. 2019-cu ildə “Aşıq Pəri Məclisi”nin üzvlərinin vahid formada və kəlağayıda televiziyada konsertə çıxdığı günü unutmaram. Bu mənim təbliğimin, zəhmətimin nəticəsi idi. 59 saylı məktəbin şagirdlərinin tez-tez çiynimdə, başımda kəlağayı ilə görmələri, ona görə də görüşmək istəmələri də məni çox qürurlandırdı. Festivallarda “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin ən nüfuzlu Qeyri-Hökumət Təşkilatı kimi iştirakı da kəlağayıya diqqətdən, ehtiramdan irəli gəlir ki, bu da bizim haqqımızdır.
-Nəhayət siz də mənəvi ananınız, nənəniz Mirvarid Dilbazi kimi ilkə imza atdınız, mədəniyyət tarixinə düşdünüz. 2022-ci ildə 26 noyabr ”Kəlağayı Günü” ərəfəsində şəxsi “Kəlağayı Ev Muzeyi”ni yaratdınız. Sözün həqiqi mənasında yaratdınız. İdeyanız gərgin əmək, cəfa, alın təri bahasına reallığa çevrildi. Siz kəlağayının, kəlağayı da sizin başınızı uca elədi. Əkdiyi ağacın bəhrəsini görən bağban sevinci yaşadınız. Zəhmətinizin barı şirindimi?
-Elə şirindi… Övlad, nəvə, zəfər sevinci qədər şirin. Mən bu işin qulpundan yapışıb Azərbaycanı oba-oba, bölgə-bölgə gəzib kəlağayı soraqlayanda, cibimin pulu ilə alanda, kimsə mənə kəlağayı bağışlayanda uğur əldə edəcəyimə inanırdım. İnamımda, gümanımda yanılmadım.
24-28 noyabr 2014-cü ildə YUNESKO-nun Parisdə keçirilən Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya “Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə edilməsi” daxil edildi. Bu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əiyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz əməyinin nəticəsiydi. O vaxtdan 26 noyabr “Kəlağayı Günü” kimi qeyd olunur.
Bu tarixi qərar – mədəniyyətimizin qələbəsi kəlağayı sevgimə yeni ruh, qol-qanad verdi. O vaxtdan kəlağayılar toplamağa başladım. Ancaq bu qədər kəlağayım olacağına inanmırdım. Nənəmin iki kəlağayısı vardı, birini mənə verdi. Həmin kəlağayının ayağı düşərli oldu. Nənəmin urvatını qoruduğum cehizlik kəlağayısı evimə bərəkət gətirdi. Kəlağayıların sayı 100-ə çatanda “Kəlağayı Ev Muzeyi” yaratmaq qərarına gəldim.
Əhmədlidəki evimizin ən gözəl otağında kəlağayılarıma isti yuva düzəltdim. Şəxsi “Kəlağayı Ev Muzeyi”im artıq Bakıdan, Vətənimizin hər guşəsindən başqa, Türk dünyasının bir çox dövlətlərində tanınır. Muzeyin açılışında Özbəkistandan gələn 15 elm adamı iştirak edib. Türkiyədə muzeyi görmək arzusunda olanlar çoxdur. Televiziya çəkilişlərinin sayını itirmişəm, bir çox televiziyaların studiyalarını kəlağayılarım, gözümün nurunun və əllərimin məhsulu al-əlvan toxuculuq işlərim bəzəyir. Muzeydə 150-dən çox kəlağayı ilə yanaşı 100-dən çox əl işim, 200-ə yaxın əntiq əşyalar, rənggarlıq əsərləri, dünyanın heç yerində olmayan portret kəlağayılar nümayiş etdirilir.
Qədim geyimlərimizin çoxu unudulub, yaddaşın “arxiv”indədir. Ancaq kəlağayı unudulmadı. Millətin ruhu, mənəvi dəyərləri qiymətləndirən qədirbilən insanlar onu qorudu, bu günümüzdə də tanıtdı.
Bir həssas nöqtəyə toxunmaq istəyirəm. Basqallı kəlağayı ustası Abbasəli Talıbov “Şuşa” kəlağayısı hazırlayıb. Kəlağayının xonçasında (mərkəzində) məğrur Şuşa qalası dayanıb. Ətrafında Xarıbülbüllər onu əhatəyə alıb qoruyur. Usta deyir ki, elə kəlağayılar var ki, onu qədərindən asılı olmayaraq pul müqabilinə satmaram. Belə sənət incilərindən biri də onun hazırladığı “Heratı” kəlağayıdır. Nədir bu kəlağayının özəlliyi? “Heratı” kəlağayı qara fonda, 3,4,5, ən çoxu 7 rənglə işlənir. Abbasəli ustanın “Herati”sında 8 rəng var. Bu onun sənət dəyərini artırır. Usta heç kimə satmayan bu kəlağayını təmənnasız “Kəlağayı Ev Muzeyi”mə bağışlayıb. Onun mənə inamı, etibarıdır bu. Yüz yaşasın. Usta bilir ki, zər qədrini zərgər bilər.
Muzeyə daha mötəbər, geniş yer veriməsini, kəlağayıları, əl işlərimi, əntiq əşyaları, rəsm əsərlərini ziyarətçilərə yaxından və aydın göstərməyi arzulayıram. Yəqin tezliklə bu arzuma da çatacağam.
– Sizə “kəlağayılı nənə” də deyirlər. Eşidəndə hansı hissəri keçirirsiniz? Öz aramızdı kəlağayıya görə kiməsə “nənə”müraciəti etmək şərəflidi, qürurdu. Kəlağayını yaşatmaq üçün nənə olmağa dəyərmi?
-Lap qısa deyəcəm. Əlbəttə, dəyər!
-Güllü xanım, keçən il I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında sizin aktivliyiniz yadımdadır. Çiyninizə saldığınız bənövşəyi kəlağayınızla mötəşəm idiniz. Birinci festivalın “kəlağayılı qızı” siz idiniz. 5-11 iyun 2023-cü ildə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək. Bu festivala necə hazırlaşmısınız?
-2022-ci il avqust ayının son günlərində “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumunun təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalının iştirakçısı olduq. Festivalda 150 kəlağayımı sərgilədim. Xalqımızın kəlağayı sevgisi və rəğbəti gələcək işlərimə, uğurlarıma dəstək oldu. Orada iştirakım İctimai Birliyimiz üçün də vacib idi.
Ötən il Bakıda “Pasaj-1901” sərgi salonunda iki gün muzeyimizin kəlağayıları, qədim əntiq əşyalarının nümayişi tamaşaçıların hədsiz marağına səbəb oldu. Bizim yerləşdiyimiz guşənin qarşısı həmişə qələbəlik olurdu. Kəlağayılara nəinki qadınlar, həmçinin bəylər və qonaqlar heyran qalmışdılar.
İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilati dəstəklərindən biri də “Mirvarid Dilbazı Poeziya Məclisi” İctimai Birliyidir. Həm də “Kəlağayı Ev Muzeyi” bu tədbirin ən fəal iştirakçılarından olacaq. Necə deyərlər, biz bu dəfə iki cəbhədə fəaliyyət göstərəcəyik. Keçən ilki iştirakımız festivala gələnlərin marağına səbəb olmuşdu. Bu dəfə isə ikiqat məsuliyyət və həvəslə iştirak edəcəyik. 7 gün ərzində hər gün kəlağayıların və əl işlərimin sərgisi olacaq. Bizə səhnə və guşə veriləcək. “Kəlağayı” mahnısi oxunacaq, “Kəlağayı” rəqsi ifa ediləcək. Kitablarımızın satışı, oxucularla ayaqüstü görüşlərimiz, söhbətlərimiz olacaq. Səhnədə müxtəlif günlərdə, müxtəlif saatlarda konsertimiz, çıxışlarımız olacaq, oxucularımızı, kəlağayısevərləri, elin yaddaşından süzülüb gələn musiqi dinləmək istəyənləri Azərbaycan Milli Elmlər Akademiyasının qarşısındakı parkda gözləyəcəyik. İyunun 6-da “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai birliyi və “Kəlağayı Ev Muzeyi” konsert proqramı ilə çıxış edəcək. Konsertdə festivala gələnlər Səadət Butanın, Gözəl Kəlbəcərlinin, Rəhilə Bəndəliyevanın, Mərziyyə Sarvanın, bəndənizin və “Səma” rəqs qrupunun çıxışlarını görəcəklər.
-Sizin gördüyünüz işlərin miqyası o qədər böyükdür ki, inanmaq olmur bu bir nəfərin əməyidir. Sizə maddi kömək göstərən olmadığını bilirəm, texniki, mənəvi dəstək olanlar yəqin ki, var.
Əlbəttə, var. Hər bir işin arxasında texniki kömək, mənəvi və informasiya dəstəyi olmasa uğur qazanmaq çətindi. Xeyirxah, mənəvi dünyası zəngin, təmənnasız insanlardan birini – Vüsal Sehranoğlunu səkkiz il əvvəl tale mənimlə görüşdürüb. Vüsal bəy gəncdir, qəlbi həmişə yaşamaq, yaratmaq, milli dəyərləri qorumaq sevgisi ilə doludur. “Dədə Ələsgər Ocağı” və “Mirvarid Dilbazı Poeziya Məclisi” İctimai Birliklərinin, şəxsi “Kəlağayı Ev Muzeyi”nin tədbirlərinin təşkilatçılıq və texnoloji işlərində, informormasiya dəstəyində əvəzsiz əməyi var. Bu yaxınlarda poeziyamızın inkişafında, təbliğində göstərdiyi xidmətə görə və 35 illik yubileyi ilə əlaqədar Vüsal bəyi İctimai Birliyimizin “Fəxri Fərman”ı ilə təbrik etdik, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər isə İctimai Birlik adından onu “Dədə Ələsgər 200” qızıl medalı ilə mükafatlandırdı. Vüsal Sehranoğlu təvəzökarlıqla bu təltifləri “kiçik işlərimə böyük qiymət” adlandırır. Məncə, bu böyük xidmətə qiymətdi. Vüsal Sehranoğlu bunu böyük qiymət, böyük dəyər, ən əsası böyük məsuliyyət kimi qəbul edir. O, həmişə bizimlədir, çətinliklərimizi, çatışmazlıqlarımızı Vüsal Sehranoğlunun bilikləri təcili aradan qaldırır.
Kəlağayının ötürdüyü bilgiləri, enerjini, müsbət hissləri Vüsal bəy çox gözəl anlayır. Sərgi və festivallarda kəlağayıların qədimliyindən, istifadəsindən tutmuş, ornamentlərinə, rənginə, düzülüşünə elə həssaslıqla yanaşır ki, məəttəl qalıram. II Milli Yaylaq Festivalının başlandığı gün kəlağayıların düzülüşündə və digər təşkilatçılıq işlərində tək qalmışdım, necə deyərlər, lap başımı itirmişdim. Vacib işi olduğundan Vüsa bəy gəlməmişdi. O biri gün səhər tezdən özünü yetirdi. Vüsal bəyi yanımda görəndə sanki dünyam ikiqat işıqlandı. Bildim ki, hər hansı çətinlik olsa, aradan qaldırmağa qadir mənəvi oğlum yanımdadı. Belə oğullarla ən müşkül, yüksək məsuliyyət tələb edən işləri asanlıqla görmək olar. Hər gün, hər an Vüsal Sehranoğluna arxalanıram. O qədər suallar, tapşırıqlar verirəm ki, bəzən özüm də utanıram. Deyirəm, ay Vüsal balam, heç olmasa dediyimi etmə, yorulmuşam de, imtina elə. Deyir ki, Güllü xanım, siz sözünüzü elə deyirsiniz ki, imtina etmək mümkün deyil. Vüsal bəy bizim uğurlarımızda pay sahibidir.
Vüsal Sehranoğlu “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədrinin müşaviridir. Çox dünyagörüşlü gəncdir, milliliyin tərənnümçüsüdür. Vüsal bəyə görə, milli nə varsa, gözəldir.
-Şəxsi “Kəlağayı Ev Muzeyinizi bir neçə dəfə ziyarət etmək mənə də qismət olub. “Ziyarət” kəlməsini təsadüfən yazmadım. Ziyarəti müqəddəs yerlərə edirlər. Kəlağayıların nənələrin sandığının qaranlığından xilas olub ag günə, azadlığa çıxdığı, rahat nəfəs alıb yaşadığı muzey də müqəddəs yerdi.
Imişlinin bir kəndində yaşayan, rənglər dünyasının sehri ilə tablolar yaradan gənc rəssam Gülnarə Məmmədova aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə çəkdiyi “Çərşənbə günündə çeşmə başında” əsərini təqdimetmə törənində iştirak etmişəm.
-Fikir verirdinizmi, Gülnarə xanımın simasından, gözlərindən, danışığından məsumluq yağırdı. Utancaq bir qızın gördüyü işlər isə nə qədər böyük idi. Yadıma “Nəsimi” filmindəki məşhur dialoq düşdü. Həmin dialoqu bir qədər dəyişdirib deyirəm ki, görəsən belə incə bədənə belə sehirli nəhəng rənglər dünyası necə yeləşib? Həmin görüşdə siz çox doğru vurğuladınız ki, gənc rəssam qızımız heç narahat olmasın, Güllü xanım o əsərləri gözünün bəbəyi kimi qoruyacaq, üstünə toz qonmağa belə imkan verməyəcək.
Gülnarə xanım istedadlı rəssamdı. Ancaq darısqallığın, şəraitsizliyin ucbatından əziyyət çəkir, özünü tam təsdiq edə bilmir. Onun rənglər dünyasına əlaqədar təşkilatlar biganədirlər. Aşıq Ələsgərin yubileyinə onun töhfəsi çox qiymətlidi. Bunu “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər də çıxışında qeyd etdi. Milli dəyərlərə münasibəti, sevgisi onu mənə yaxın etdi, o da məni doğması kimi qəbul etdi. “Çərşənbə günündə çeşmə başında” əsərindən başqa Gülnarə xanım muzeyə “Novruz kəlağayısı” natürmörtünü, milli geyimli Azərbaycan xanımlarının portretlərini hədiyyə edib.
-Basqallı kəlağayı ustası Mürşüd Abbasovun ərsəyə gətirdiyi portret kəlağayıları “Kəlağayı Ev Muzeyi”ndə görəndə keçirdiyim hissləri dəqiq təsvir etmək çətindir. Qeyri-adi portret kəlağayılar doğrudanmı tətbiqi sənətdə yenilikdir?
-Bəli, doğrudan da yenilikdir. Babalarımızın yaradıcılıq təxəyyülünə, əl qabiliyyətinə əcnəbilər çoxdan qibtə edirlər. Muzeyimizə bağışlanan portret kəlağayılar Mürşüd babanın zəngin təxəyyülünün qeyr-adi bəhrələridir. Bu barədə çox rəssamlarla söhbətlərim olub. Bəziləri ipək parça üzərində portret yaratmağın çətin olduğunu, bəziləri də mümkünsüzlüyünü etiraf etdilər. Bunu sənətinin vurğunu Mürşüd baba bacarıb. Min bir əziyyətlə yaratdığı səkkiz portret kəlağayını muzeyə hədiyyə edəndə Mürşüd babanın sevincini görəydiniz. Kəlağayı sevgim məni iç dünyası zəngin, səxavətli, insanlarla rastlaşdırdı. Onlardan çox şey öyrəndim. Muzeydə qoruyub saxladığım Pənahəli xanın, Nizami Gəncəvinin, Nəsiminin, Xan qızı Natəvanın, Qasım bəy Zakirin, Üzeyir bəy Hacıbəylinin, Mirvarid Dilbazinin, Xan Şuşinskinin obrazlarını canlandıran kəlağayılar həmin şəxsiyyətlərin yaradıcılığı və şəxsiyyətləri kimi dəyərini itirməyəcək, uzunömürlü olacaq. Şəxsiyyətin və həqiqi sənətin ölməzliyidir bu. Şəxsi “Kəlağayı Ev Muzeyi”nin eksponatları arasında portret kəlağayıların xüsusi yeri var. Kəlağayıya aid nə varsa, mənim üçün doğmadı, əzizdi.
-Görüşümüz yaddaqalan günə düşdü. Sizə düşərli oldu, sizin uğurlarınıza sevinən mənə də. İndicə siz də, mən də eşitdik ki, “Kələğayı əlvan qıyğacı” layihəniz qalib elan olundu.
Bəli, çox sevinirəm. Bizim birinci layihəmiz “Mirvarid Dilbazi – ilk qadın Xalq şairi” adlanırdı. Bu layihə çərçivəsində Bakıda və Azərbaycanın ayrı-ayrı rayonlarında ilk qadın Xalq şairinin 110 illik yubiley tədbirlərini keçirdik. “Mirvarid Dilbazi az.” saytını yaratdıq. “Kəlağayı – min illərin yadigarı” ikinci layihəmiz idi. Bu layihə çərçivəsində çox yaddaqalan işlər gördük, tədbirlər keçirdik. “Kəlağayı – min illərin yadigarı” sənədli filmi çəkildi, təqdimatı keçirildi, iştirakçılara nümayiş etdirildi. Rəşid Behbudov adına Mahnı Teatrındakı kəlağayı günü tədbirində 26 noyabr gününün bayram kimi keçirilməsinin təşəbbüsçüsü və ideya müəllifi də mən olmuşam. Bu da bir ilkdir. Keçən il noyabrın 26-da bir gün ərzində kəlağayının təbliğinə həsr olunmuş dörd tədbir keçirmişik. Səhər ATV kanalının “Səhər” proqramında kəlağayı haqqında geniş söhbət etdim. Günorta Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə məktəbin direktoru Pikə xanım Əhmədovanın təşəbbüsü ilə müəllim və şagirdlərlə maraqlı görüş keçirildi. Şagirdlər məni kəlağayı örtüklü görüb görüşmək istəmişdilər. Axşam Beynəlxalq Muğam Mərkəzinin foyesində kəlağayılarımın sərgisi keçirildi. Foyedə sərgiyə gələnlərin marağı və çoxluğu məni sevindirdi. Bu sərgidə bir neçə rəssamın kəlağayı tabloları və kompozisiyaları nümayiş etdirildi. Rəssam-şair Sehran Allahverdi gözəl sənət əsərini – “Kəlağayı” kompozisiyasını şəxsi “Kələğayı Ev Muzeyi”mə hədiyyə etdi. Axşam Azərbaycan incəsənət ustalarının iştirakı ilə “Kəlağayı Günü”ə həsr olunmuş geniş konsert proqramı keçirildi.
Rəhbəri olduğum “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-ci il kiçik qrant müsabiqəsində Elm, Təhsil, Mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri üzrə “Kəlağayı əlvan qıyğacı” layihəmiz qalib elan olundu. Bu il Azərbaycanın şəhər, rayon və qəsəbələrinə daha çox səfərlərimiz planlaşdırılır. Milli dəyərimiz kəlağayını daha yaxşı tanıtmağa, təbliğ etməyə çalışacağıq. Kəlağayıya aid kitab buraxmaq, noyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində bayram konsertinin təşkilatçısı olacağıq.
Bütün məni dəstəkləyən, sevincimə sevinən insanlara gözaydınlığı verirəm. Bu bizim birgə qələbəmizdi. Müsabiqəyə məhz bu layihə ilə qatıldım ki, milliliyimizi geniş təbliğ, tətbiq və təqdim etmək imkanlarımız olsun. Artıq qarşıda bizi yeni uğurlar, yaradıcılıq üfüqləri, qələbələr gözləyir.
Nənələrin sandığı, kəlağayıları bu günümüzə qədər gəlib çatıbsa, sabahlara ötürmək milli dəyərlərə sayğı göstərənlərin, kəlağayısevərlərin borcudu. Mən borcumu yerinə yetirirəm.
-Təbrik edirəm, Güllü xanım. Bu mənim üçün xoş və gözlənilməz sürpriz oldu. İnanın səmimiyyətimə, ən azı sizin qədər sevindim. Öz uğurum qədər. Siz buna layiqsiniz . Haqq-ədalət mütləq zəfər çalmalı idi. Sizin işləriniz təkcə bu günə yox, həm də gələcəyə hədəflənib. Tanrıdan sizə bu ruhu qorumaq gücü diləyirəm.
-Təşəkkür edirəm, var olun, siz mənə həmişə inam, güc, ruh verirsiniz, mənəvi dəstək
olursunuz.
– Dəyərli vaxtınızı ayırdığınız, müsahibəyə sərf etdiyiniz üçün təşəkkür sizə düşür.
***
Sözardı:
Novruz bayramı Zərdüştlükdən qat-qat əvvəlki Türk mədəniyyətinə məxsusdur. Zərdüşt dövründə Güney Azərbaycan ərazisinə keçməsi ehtimalı var. Türkün tarixinin qədimliyini hər vəchlə, yalançı iddialarla inkar etməyə, silməyə çalışan qərəzli tarixçilər Od mədəniyyətini də danmaqdan əl çəkmirlər. Zərdüştün böyük xidməti qədim inancımız Odu ilahiləşdiməsidir.
Ta qədimlərdən Oğuz elinin müdrik atası Dədəm Qorqud həm də Novruz bayramının personajı kimi qəbul edilib. Yanında da həmişə “Bahar qızı” dayanıb. Elə o vaxtlardan ayağı sayalı, çöhrəsi təbəssümlü, saçı uzun “Bahar qızı” geyimi, baş örtüyü ilə insanlarda xoş ovqat yaradıb.
Bir maraqlı məqama da diqqət yönəltmək istəyirəm. Araşdırmaçı Atəş Əhmədlinin fikri ilə şərikəm, doğru hesab edirəm, çoxdan məni düşündürürdü: “Bu deyim dəyişikliyə uğrayıb. Əslində tonqal üstündən atılanda “ağırlığım səndə, uğurun məndə, sarılığın səndə, qırmızılığın məndə” deyilməlidir”. Axı qırmızı rəng ulu Türkün “qoruyucu mələyi”dir.
Ulu Türkün miilli-mənəvi dəyərləri sırasında layiqli yerini tutan kəlağayını da son illərdə baş tacımız kimi təqdim etməyi Güllü Eldar Tomarlının nənə nəsihətinə, Azərbaycan mədəniyyətinə, mənəvi dünyamıza sayğısıdır.
QURBAN (Görkəmli tənqidçi, ədəbiyyatşünas, Qurban Bayramovun doğum gününə) Ən böyük sevinci bir ahdan gələr, Yurdunun kamıdır Qurban Bayramov. Nə fikir söyləsə, Allahdan gələr, Tanrı ilhamıdır Qurban Bayramov. * * * Ömür yaşa dolan, qəm, ya şad olan… Məntiq bulağına ismi ad olan, Ruhu saf sulartək kükrəyib-dolan Ağlın mis camıdır Qurban Bayramov. * * * Söz-zəmi, o, əkin-biçin adamı, Ürəkdən-ürəyə köçün adamı. Qarabağ yuxuymuş… O, çin adamı – Haqqın ehramıdır Qurban Bayramov. * * * İşıqdır sabahı, nurdu keçmişi, Yaxşını pislərdən seçməkdir işi… Qədim el-obanın təəssübkeşi, Xalqının namıdır Qurban Bayramov. * * * Dildə “can” kəlməsi gen yaddaşıdır, Qüruru – bəy şəsti, xan yaddaşıdır. “Qana-qan!” hikkəsi qan yaddaşıdır, Bütövlük tamıdır Qurban Bayramov. * * * Düzünü sənətə karvan deyibdir, Sözünü karvana sarvan deyibdir. Özünü sözünə qurban deyibdir; Qurban bayramıdır Qurban Bayramov.
Bu gün çox hörmətli professor, el ağsaqqalı, dəyərli tənqidçi-ədəbiyyatşünas alimQurban Bayramovun doğum günüdür! “YAZARLAR” kollektivi adından Qurban müəllimi təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!!
Bayramov Qurban Fərman oğlu (30 may 1946, Əlimədətli, Ağdam rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi.
HƏYATI Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. Orta təhsilini burada almış, indki N.Tusi adına ADPU-nin filologiya fakültəsini (1963-1967) bitirmişdir. Orta məktəbdə müəllim, tədris işləri üzrə direkor müavini vəzifələrində çalışmışdır (1967-1971). Hərbi xidmətdə olmuş (1967-1968), aspirantura təhsili almışdır (1970-1974). 1972-ci ildən Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, baş elmi işçi olmuşdur. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir.
1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiya müdafiə etmişdir. Dövri və elmi mətbuatda 300-dən çox məğalə dərc etdirmiş, “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman”, “Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq” elmi-nəzəri, “Yaralı Vətənin yaralı övladları” bədii-publisist kitabları var. Onun “Müasir Azərbaycan poeziyasında üslubi meyillər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, “M.H.Şəhriyar poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” kimi tədqiqat işləri vardır.
Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə yazmış, fikir söyləmiş, elmi və bədii kitabların redaktoru olmuş, onların bir çoxuna ön söz yazmış, xüsusən, “Azərbaycan poeziyası”na dair ədəbi icmallar yazmışdır.
Uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutu Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidentinin bir illik fərdi təqaüdçüsü olmuşdur(2011).
Azərbaycan MEA-nın Rəyasət Heyətinin (2016), Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (2011), Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Fəxri fərmanlarına(2016, 2019), “Tanınmış Vurğunşünas alim”(2011), “Fədakar alim”(2011), “Elm fədaisi”(2012) fəxri diplomlarına, “Səməd Vurğun mükafatı”na(2011), “Avropa Nəşr Mətbu Evi”nin “Qızıl medal”ına (2011), AMEA-nın Azad Həmkarlar İttifaqının “Fəxri fərmanı”na (2016),Beynəlxalq statuslu “Vintsas” Mükafatı diplomuna (2020) və “Ziyadar” Mükafatı diplomuna (2021) layiq görülmüşdür.
ƏSƏRLƏRİ Vurğun poeziyası, B., Elm, 1976, 78 səh., 1.000 nüsxə. Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi.), B., Elm, 1986, 140 səh., 1.200 nüs. Tarixilik və müasirlik – “Sosialist realizmi müasir mərhələdə” kitabı (kollektiv), B., Elm, 1988, 388 səh., 1.800 nüs. Yaşar Qarayev: Milli yaddaş təlımi – azərbaycançılıq, (Jalə Qurbanqızı ilə birgə) B.,BDU-nun nəşriyyatı, 2001, 138 səh., 500 nüs. Poeziyanın sirri: Çaylar geri axmır, dənizə can atır və yaxud, qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti (mini-modern monoqrafiya), B., “MBM”, 2009, 104 səh., 500 nüs. Əli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi və yaxud, müasir Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü (monumental monoqrafiya), B., “Nurlan”, 2009, 560 səh., 500 nüs. Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə (Jalə Qurbanqızı ilə birlikdə), Bakı, “Yazıçı”, 2014, – 272 səh. Xalq şairi Nəriman Həsənzadə (akademik İsa Həbibbəyli ilə birlikdə). – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, I c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.529-560. – 800 s. Şeirlərindən görünən şair – Musa Yaqub. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, I c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.623-638. – 800 s. Hidayətin poeportretindən cizgilər. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.29-48. – 1088 s. Çağdaş poeziya – ədəbi istiqamətlər, mövzu aktuallığı, sənətkarlıq məsələləri. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.548-563. – 1088 s. Sonsuzluğun ahəngini yazan şair – Əhməd Qəşəmoğlu. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.714-724. – 1088 s. Yaşar Qarayev: Azərbaycan istiqlalı – yaxın və uzaq tarixlər… (Jalə Qurbanqızı ilə birlikdə), – kollektiv, Bakı, “Sabah” nəş., 2016, s.162-186. – 404 s.
HAQQINDA Şahməmməd. Qurban Bayramov – şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti (essevari publisist tədqiqat) B., MBM, 2011, 480 səh., 1500 nüs. Qurban Bayramov -70. Azərbaycan Yazıçıları Birliyinin təbrik məktubu. “Ədəbiyyat qəzeti”, 28.05.2016, şənbə, № 20(5039), s.4. Mahir Qabiloğlu.Professor Qurban Bayramova təbrik-70. 27.05.2016, “Modern.az”. Asif Rüstəmli. Tənqidçi səmimiyyəti. “Ədəbiyyat qəzeti”, 28.05.2016, şənbə, № 20(5039), s.4-5. Qələndər Xaçınçaylı. Sözün qüdrətinə ilahi gözlə baxan alim. “Həftə içi” qəzeti, 27.05.2016. Asif Rüstəmli. Ədəbi tənqidimizin fədaisi. “525-ci qəzet”, 04.06.2016,№ 100(4596), s.19; “Kredo”, № 22(883) 30.05.2016,s.13. Ədəbi tənqiddə bənzərsiz ifadə tərzi. “Azertag.az” Xəbərlər, 06.06.2016. (Təqdim edən: Elçin Kamal.) Rəhim Əliyev. Tənqidçi ürəyinin miqyası. “525-ci qəzet”, say.119(4615), 05.07.2016, s.7;”Bütöv Azərbaycan” qəzeti, say:22(306),14-20.07.2006. Mənzər Niyarlı. “Ah, bu nəvələr, bu nəvələr”, Qurban Bayramovun 70-illik yubileyinə sənədli hekayə. 05.07.2016.; “Ədəbiyyat qəzeti”, 02.08.2016, say.25(5044), s.26-27. Asif Rüstəmli. Təbrik məktubu, Qurban Bayramlı-70. Müşfiq Borçalı, Yazıçılar Birliyində Yubiley tədbiri, Qurban Bayramov-70. Aslan Salmansoy. Ruhların da, sevindiyi o gün… “Bütöv Azərbaycan” qəzeti, say 19(303), 9-15.06.2016., s.2.; “Kredo”, №21(882) 13.05.2016,s.4. Akif Bayram. Tanınmış tənqidçi, vətən sevdalı alim. “Respublika” qəzeti, say.131(5582), 19.06.2016, s.5. Əli Rza Xələfli. Tənqidçi meyarı – sözün əyarı. Söz içində sözü görmək, yaxud tənqidçinin adı, istedadı.”Kredo”, №21(882) 13.05.2016,s.1. Qəzənfər Kazımov. Ustadları kimi. “Kredo”, №21(882) 13.05.2016,s.3. Qurban Bayramov – 70. Azərbaycan Yazıçılar Birliyinin təbrik məktubu. “Kredo”, №21(882) 13.05.2016,s.3. İsmayıl Kazımov. Kimin kim olduğu bilinməlidir. “Kredo”, №21(882) 13.05.2016,s.8. Şakir Qabbısanlı (Həmzəyev). Qurban Bayramov-70. Pərəstiş ediləsi alim, Nə yaxşı ki, sən varsan Qurban Bayramov. “Respublika gəncləri” qəzeti, № 78(699), 15.06.2016, s.8. Şahməmməd. “Sözün də çəkisi var” (Tənqidçi haqqında poema), Bakı, “Ekoprint” nəş., 2017. – 143 səh. Şahməmməd. Qurban Bayramovun yaradıcılığı və şəxiyyəti (müəllifdən), (Sözün də çəkisi var (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.3-14. İsa Həbibbəyli. Mən heç inanmırdım ki… (“Ön söz əvəzi), ( Sözün də çəkisi var (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.15-17. Tahir Taisoğlu. Redaktordan son söz əvəzi. ( “Sözün də çəkisi var” (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.138-142. Aqil Hüseynov . Şairin yeni poeması və onun qəhrəmanı (Yeni kitab təqdim edirik), “Təzadlar” qəzeti, 16.05.2017, say: 18(2114), s.15; “Zim.AZ.” saytı, 10.05.2017; “Media.İnfo.Az.”, 08.05.2017. Qarabağ Azərbaycandır, Azərbaycan isə dünyamız! – Yubiley təbriki DƏYƏRLİ ALİM QURBAN BAYRAMOVUN 75 İLLİYİNƏ – Zaur Ustac. Asif Rüstəmli. Qurban Bayramlı tənqidinin, ədəbi düşüncəsinin keyfiyyət göstəriciləri. “Aziya.İnfo” elm və araşdırma portalı, 30-05.2017. Qələndər Xaçınçaylı . Tənqidçi- ədəbiyyatçünas Qurban Bayramova doğum günü təbriki , “Yazarlar” jurnalı, may 2021, say: 05(05), s.4-8.
Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Rəcəb Tayyib Ərdoğanı yenidən Prezident seçilməyi münasibətilə təbrik ediblər.
Təbrikdə deyilir:
“Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli Prezident!
28 may 2023-cü ildə keçirilən seçkidə yenidən Türkiyə Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik!
Bundan əvvəl, 14 May seçkilərində Sizin başçılıq etdiyiniz Ədalət və İnkişaf Partiyasının, bütövlükdə isə Cümhur İttifaqının qalib gələrək TBMM-də çoxluq əldə etməsi bizi qəlbən sevindirdi və bu münasibətlə də Sizə ayrıca təbriklərimizi çatdırırıq.
Çox şadıq ki, Türkiyə dövləti və xalqı, eləcə də yaşadığımız region üçün taleyüklü seçki olan bu ümumxalq səsverməsində Sizi yenə də özünün rəhbəri görməyə qərar vermiş qardaş türk xalqı bir daha müdriklik və qədirbilənlik nümayiş etdirib.
Sizin indiyədək – 20 ildən artıq müddətdə həyata keçirdiyiniz uğurlu siyasət Türkiyəni inkişafın zirvələrinə daşıyıb, onu dünyanın ən güclü dövlətlərindən birinə çevirib. Daima səmimiyyət və cəsarətlə dayaq olduğunuz qardaş Azərbaycanda da Sizin siyasətiniz mütləq əksəriyyət tərəfindən bəyənilir və bu seçkilərdə də namizədliyiniz böyük inamla mənəvi baxımdan dəstəkləndi.
Tərəddüdsüz inanırıq ki, Türkiyə Respublikası Sizin güclü rəhbərliyiniz altında yeni-yeni uğurlara nail olacaq, qardaş Azərbaycan Respublikası ilə birlikdə dünyada öz layiqli yerini, üstün mövqeyini durmadan möhkəmləndirəcək.
Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə yeni uğurlar diləyirik! Allah Sizi qorusun!
“Qərib payız” axşamlarında “Tənha sarı yarpaq” kimi duyğularını “Yarpaq-yarpaq” vərəqlərə köçürən, “Quruyan ərik ağacı”nın, “Ata evim”də “Bir ana köçünə çatmamışam” deyib, “Ana əlləri”nə “Ehtiyacım var”, “Gəl sənə həzin bir şeir oxuyum” arzusuyla, “Bu yağış mənə bənzəyir” deyib, “Yaman uzandı bu yaz yağışı” gileyi ilə “Səni sevdim Allahım” söylədi…
“Bu nə eşq sevdası necə möcüzədir” marağıyla, “Yollara yağış yağır” nəğmələriylə “Narın yağış” romantikliyi ilə, “Bir az günəş göndər” həsrətiylə “Sənsiz keçən bir günüm”ün acığına “Gəl gedək bu şəhərdən”, “Vallah gözə gəldi bu ilahi eşq”, “İlləri əl-ələ verib gəlmişik” deyib yollara dikilən gözlərini “Sarı gözəl, sarı çiçək”lərdən çəkməyərək, “Bir az möhlət ver Allah” deyib də, “Arazbarı” “Ay qaragilə” kimi şeirləri ilə dünyanı özünün çəhrayı baxışları ilə seyr edən, rəngli dünyanın, rəngsiz, boyasız nurlu xanımı Sona Vəliyeva “Zaman xəbərsiz ötdü” deyərək “Bir əl qarışdırır qoca dünyanı” deyib , “Üzü Tanrıya” doğru “Ömrün yaddaşı”nı vərəqlədi.
Vərəqlədikcə “Darıxan adam” a çevrilir, bəzən də “Xəyanət” edənlərə, “Çəkilin yolumdan, çəkilin” dedi və “Söz yolu”na davam etdi.
Hər kəsin bir ömür yolu var, o yol uzandıqca yaşananlar xatirələrə çevrilir, yaddaşa köçür. Çevrilib geri baxanda, yaddaşı vərəqlədikcə özünü tanımağa başlarsan. Evinin, ailəsinin deyil, el-obasının, xalqının ziyalısına, ictimai xadiminə çevriləndə daha çox tanınırsan. İctimai simaya çevrilib, söz ünvanı, güman yeri olanda xalqına xidmət etmiş olursan. Səlahiyyətin çərçivəsində kiməsə dayaq, arxa ola bilirsənsə, əl uzatmağı bacarırsansa, odur sənin şəxsiyyətin, odur sənin kimliyin, əməllərin, addımların. Demək ki, bu dünyada ömrünü yalnız özün üçün deyil, başqalarını da düşünərək yaşamısan. Eləsinə deyirlər ki, elin adamı, Allah adamı.
“Şerimizin, nəsrimizin ağıllı qızı” adlandırır xalq şairimiz Nəriman Həsənzadə onu.
Bir neçə il qabaq Həsən bəy Zərdabiyə həsr edilmiş tədbirdə şairimiz Nəriman Həsənzadə ilə yanaşı oturmuşduq. Bir-birindən fərqli çıxışlar vardı. Zamanın necə keçdiyinin fərqində deyildik. Nəriman müəllim şirin təbəssümü ilə çıxışları izləyirdi. Uşaqların hazırladığı kompozisiyaları heyranlıqla izləyirdi. “…Səmimi, sadə, xanımdır, gözəl qələmi var Sona xanımın. Qarşısındaki ilə o qədər incə- zərif danışır ki, səmimiliyinə heyran oluram. Gör nə gözəl hazırlaşdırıb uşaqları, bax onun təlimatı, onun ideyalarıdır. Keçmişə qaytardı məni…. o illəri yaşatdı mənə” demişdi.
Tanınmış şair, yazıçı, publisist ,filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyini üzvü, Prezidentimiz tərəfindən “Əməkdar jurnalist” fəxri adı və “Tərəqqi” medalı ilə mükafatlandırılmış, Ümumdünya Türk xalqları Konqresinin Qızıl, TÜRKSOYun “Molla Pənah Vaqif”, Qırğızıstan Respublikası Milli Yazıçılar Birliyinin “Qızıl qələm” mükafatı laureatı, Özbəkistan Respublikası Ürgənc Dövlət Universitetinin Fəxri professoru, eləcə də bir çox milli və xarici mükafatlara layiq görülən Sona Vəliyeva ölkənin mədəni həyatında öz imzası, addımları, yazıları, kitabları ilə fərqlənən ziyalılarımızdandır.
Azərbaycan milli ideologiyası, milli dövlətçilik mövzuları təkcə kitablarında deyil, həyat yaşamında, gerçəkləşdirdiyi daxili və xarici arenadakı layihələrində özünü hər zaman göstərib. Xalqımızın dəyərli ziyalısı, vətəndaşlıq ruhu ilə yoğurulmuş poeziyası ilə bizləri öz “Çəhrayı dünyasına” aparan, diqqəti ilə ucaldan, səmimiyyəti ilə sevdirən, zərif əməlləri, davranışları ilə gözümüzdə böyüyən ziyalımız, şairəmizdir. İman, inanc, həyat fəlsəfəsindən bəhs edən şeirlərinin əksər misrasında, cümləsində Allahını unutmayan, unutdurmayan güclü bir qadın ruhu var. O ruh səmimiyyəti, diqqəti ilə çox ruhu sevindirmişdi, şadlandırmışdı, çoxlarının həyatını dəyişmişdi. İnsana sevginin təmənnasızlığını, ruhunun və niyyətinin gözəlliyini, haqqa inamını, millətə bağlılığını itirmədən yazmaq, yaratmaq Sona xanımın özəllikləridir. Qəlbimizdəki səmimilik, düşüncələrimizdəki aydınlıq münasibətlərimizi dəyişmədi. Hörmət qarşılıqlı olanda, məqsəd və təmənna olmadıqda insani sevgi yox ola bilməz.
Başqaları olsaydı fərqli davranardı. Laqeydlik, lovğalıq, özündənrazılıq edə bilərdi. Ətrafımızda kifayət qədər Sona xanım statusunda olan bəziləri vardı və onların davranışlarını görürük, bilirik. Amma söhbət ürəyinin səsi ilə oturub-duran, könlünün sarı simi ilə davranan, bu vəzifədədir, bunun adamı yoxdur, onun adamı filankəsdir anlayışını qəbul etməyən bir alicənab xanım Sona Vəliyevadan danışırıq.
Səmimidir, sadədir, diqqətlidir. Allah adamıdır və əsl xanımdır. Dəyişmədi, görmədim. Eyni sevgi, eyni diqqət, “Çəhrayı dünya”sını adı kimi qorudu. Susdu ürəyindən keçənləri şeirə, sətirlərə çevirdi. Yaradıcı xanımdır. Şeirləri ürəyimizdə Vətən havasını əsdirir, doğma ocağa, kökə bağlılığı aşılayır, uşaqlıq dünyamıza aparır. Mənəviyyat, sevgi, nəciblik, xeyirxahlıq, təmənnasızlıq qığılcımları yaradır. İllər qabaq “İşığa gedən yol” tarixi romanını oxumuşdum . Zaman darlığı olsa da, iki günə oxumuşdum kitabı. İlahi milli ruhu, milli düşüncəni, milli ideologiyanı o qədər maraqlı, o qədər səmimi işıqlandırmış, yazmışdı ki, Həsən bəy Zərdabini yenidən sevdirmişdi, tanıtmışdı oxuculara. Həsən bəy Zərdabi haqqında o cür mükəmməl əsər maarifçilik işini mükəmməl bilən və sevərək qələmə alan Sona Vəliyeva ola bilərdi. Haqlı olaraq xalqımız Sona xanımı Həsən bəy Zərdabinin davamçısı, varisi adlandırırlar. Yaxşı ənənələri davam etdirmək, yaşatmaq da ürək istər, cəsarət istər, sevgi istər. Alimdir, publisistdir, şairdir, yazıçıdır və anandır, bir çox gənc xanımlara ailə nümunəsidir Sona xanım.
Allah sevgisinə sığınıb inancını imanla yaşayanlardan, vətən sevgisini imandan bilənlərdən olan Sona xanım Vəliyevanın qələmindən çıxan sözlər ürəklərdə yer tapır. Sadə sözlərin yaratdığı dəyərli misralar ürəklərə cığır açır, həzinləşir. Ədəbiyyatımızda milli adət-ənənələrə önəm verən, milli dəyərləri ön plana çəkən, xalq mədəniyyətinin ruhunu qorumağa çalışan müdrik klassik milli və mənəvi dəyərlərin daşıyıcısı olan yazıçı, şairədir Sona Xanım. Sən demə çəhrayı rəng xeyirxahlığın rəmziymiş. Bu səbəbdən “Çəhrayı dünyam” deyən şairənin misraları könlümüzə hopur.
Azərbaycançılıq ideyalarının yorulmaz təbliğatçısı və tədqiqatçısı olmaqla yanaşı ədəbiyyatımızda öz yeri, öz imzası olan qələm sahibidir.
Mən, xalq yazıçısı Anar müəllimi “Xalqımızın Dədə Qorqudu” adlandırıram. Özü də bilir, hətta Şuşada Vaqif poeziya günlərində çıxışımda demişdim. (O da zarafatca dedi Gülşən xanım Dədə Qorqud 300 il yaşayıb.)
Şeirlərində “Şuşam baş örtüyüm” ifadəsini oxuyanda Sona xanımı xalqımızın Banuçicəyi kimi gördüm. Abır-ismət, milli düşüncə, mənəvi dəyər, milli əxlaq, böyük-kiçik, hörmət, diqqət Sona xanım Vəliyevanın insan, şəxs kimi əvəzedici adlarıdır. Zəngin ənənəsi, zərif və kövrək, bəzən də sərt və döyüşkən qələm sahibi olaraq poeziyası ilə ruhumuzu maarifləndirən Azərbaycanın şairələri arasında seçilən, fərqlənəndir. Vətən məfhumunu ən yüksək zirvədə tutmuş və vətəndaşlıq mövqeyini əməlləri ilə ortaya qoyaraq mənəvi dəyərlərin təbliğində ciddi addımlar atmış, ziyalı xanım, vətənpərvər insandır. Sona xanımın vətən sevgisi, Həsən bəy Zərdabi sevgisi “İşığa gedən yol” kimi işıqlı və ədəbiyyatımızın qalıcı əsərlərindən olan roman yazdırdı. Budur sevgi, budur milli düşüncə, ideologiya. Özünəməxsus yaradıcı sevgisi ilə insana, insanlığa, insani dəyərlərə qiymət verməyi bacaran şairimizin şeirləri ilahi məhəbbətin, Allaha olan sevginin təcəssümüdür.
Zərifliyi, incəliyi, sədaqəti, etibarı ilə seçildiyi kimi, bağışlamağı da bacaran böyük ürək sahibidir Sona xanım. Şeirləri ürəyimizi titrədirsə, ruhumuza toxunursa poeziyanı içində yaşadan, sətirlərində, sözlərində şeiriyyata çevriləndir Sona xanım. “Dünya Tanrı biçimdədir” deyən şairəmizin şeirlərini oxuduqca düşünürsən, saflaşırsan. Sona xanımın yaradıcılığı, mövzuları bu gün də, sabah da aktuallığını itirməyəcək mövzulardır. Şairi şair edən, sevdirən onun qələmi ilə yanaşı humanistliyi və insanlığıdır. Allaha yaxın insandır Sona xanım Vəliyeva. Ad gününüz mübarək Allahın sevdiyi və Allaha bağlı xanım…
Mən onu hələ 9- cu sinifdə (1989 – Agdam, Yusifcanlı) oxuyanda 9-cu siniflər üçün “Ailə” adlanan dərsliyin müəllifi kimi tanımışam. Sonralar Ali və orta ixtisas təhsili müəssisələrində tədris olunan pedaqogika kitablarının müəllifi də məhz mənim sevimli qiyabi müəllim olduğunu öyrəndim. Bu gün bu gözəl insanın; böyük alim, sevimli yazıçı, peşəkar pedaqoq, əsl ziyalı Akif Abbasovun doğum günüdür!!! Təbrik edirəm, Müəllim!!! “Hər kənddə, hər şəhərdə Sənin meyvələrin var!” Var olun!!! Allah Sizi qorusun!!! Allah uzun ömür, can sağlığı versin ki, yazın, yaradın!!! Biz də oxuyaq, öyrənk!!! Hörmətlə: Zaur Ustac
ZAUR USTAC: – USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!