
Payız neyləsin
(hekayə)
Payızda doğulsam da, payızı sevmirəm. Payız gəlişiylə könlümə sıxıntı gətirir, kədərimi bulaq kimi qaynadır. Elə bilirəm tökülən yarpaqlar ömrümdən, günümdən nəyisə qoparıb aparır. Fikirlərim dumanlanır, baxışlarım hansı bir məchul nöqtəyəsə yol çəkir. O yollara payız çiskini ələnir. Ömrümün ötən anları vərəqlənir, xatirələrimin çırağı işıqlı bir ümidin həsrətindən alışıb yanır. Qənirsiz çöhrənin cizgiləri şəhdli duyğularından ürəyimə şirinlik axıdır. Bir zaman küçədə çalınan “Vağzalı”nın həzin, titrək səsini dinləyə-dinləyə dediyin sözlər yadıma düşür. “Bir payız bizə də gülümsər” demişdin. İnamım əlimdən tutmuşdu. Aylarım illərimə calanmışdı. Fəsillər bir-birinin sorağıyla məni payıza çəkib gətirmişdi. Tələbəçiliyim qurtarhaqurtarda idi. Canım yanındaydı, həsrətin özümdə. Vüsallı günlər arzulayırdım. Səni düşünə-düşünə, səndən uzaqda. Amma o günlərsə həyatda qaçaq düşərdi. Ot tayasına düşmüş iynə kimi tapılmazdı. Gecələr arzu olardın, əvəzsiz inci kimi yuxularıma dolardın. Məktub yazardım. Atanın qorxusundan sükutun naməmə cavab olardı. Görüşümüz tətilə qalardı. Anan gəlişimdən duyuq düşərdi. Yollara baxa-baxa kövrələrdim. Şəhərdən özümlə gətirdiyim bir dünyalıq sevincimi, fərəhimi kimsəsiz qoyub, itirə-itirə gedərdim. Təkcə “bir payız bizə də gülümsər” sözlərin ovudardı məni.
Kədərimi dağıtmaq, ürəyimi ovutmaq üçün geyinib kənd yoluna çıxıram. Sağım ağac, solum ağac, ayaqlarım altında oynayan, xışıldayan qızılı, çəhrayı yarpaqlar. Başım üstündə cənuba sarı uzanıb, “ bir də bu yerlərə gələrəm,” -deyən həzin şərqili durna qatarı. Düşünürəm, təbiətdə çox şey təzələnir, gedənlər bir özgə nəfəsdə, bir özgə səsdə qayıdıb yerinə gəlir. Sənsə gəlmirsən, gülüm! Ömrümdən beş payız da beləcə düşür. Ayların, illərin qarı başıma enir. Şəvə saçlarım naxışlanır yavaş-yavaş.
Qulaqlarımın dibində qopan “Gəl, quzum, gəl, yorulmamısan ki…?!” sözlərindən birdən-birə diksinirəm. Səsdəki zəriflik, şirinlik məni ovsunlayır, varlığımı unutdurur. İsti gizilti olub əzalarımdan keçir. Balaca totuq əllərindən tutduğun körpən də mənə baxıb gülümsəyir. O gülümsər gözlərdə nədənsə çırpınan bəxtiyarlığımı axtarıram. Soyuq rüzgar ayaqlarımız altındakı xəzəllə oynayır. Sən, taleyimlə oynadığın kimi. Soyuq dəyməsin deyə tüklü, yun şərfini günahlı boynuna dolayırsan. İncə barmaqların dinc qalmır, titrəyə-titrəyə şərfin uclarındakı tiftikləri yolur. Sevincdənmi, ya qəzəbdənmi belə edirsən, bilmirəm. Mənimsə qəlbimdəki soruşulası suallar şəlalə kimi çağlayır. Ümmanlara qovuşan nəhrlər təki kükrəyib boğazıma qədər axır. Titrəyən dodaqlarımda quruyub qalır. “Sən…Sən, niyə…”-deyib dilim topuq çalır. Kəkələyirəm. Sən isə qırıq könlümdən keçənləri yaxşı anlayırsan. Süzgün baxışlarını sifətimdə dolandırıb: ” Bilirəm, sən niyə andına dönük çıxdın” deyəcəksən. Sən hər şeyin, hər şeyin günahını məndə görəcəksən. Rəzil də, lap elə iblis də adlandıracaqsan. Ancaq bunun nə faydası. Ötən illər ki, bir daha geri qayıtmayacaq. Bax, sən mənə nə verəcəkdin, nə?! Bu maaşdan o maaşa dikilən gözlərdəki həsrətdən doğan ehtiyacımı. Ya şagird dəftərinə düzdüyün bir-iki cızma-qaranımı. İnsan dünyaya bir dəfə gəlir. Gərək o gəlişiylə qayğılar yükündən azad olsun. Meyli nə çəkirsə, o da o dəm gözləri önündə dayansın. Məncə inciməyə dəyməz. Səni gec anladım. Ata nəsihətindən, ana öyüdündən vaxtında nəticə çıxartdım. Peşiman da deyiləm. Topdağıtmaz evimdə hər şey varımdı. Ərim savadsız olsa da, yaşamağın ki, yolunu bilir. Bax, bu, mənimçün elə nəyə desən dəyər. Məni bağışla, getməliyəm. Ərim məni gözləyir. Anamı yoluxmağa gəlmişdim. Xudahafiz!..
Yox, getmə, bir anlıq ayaq saxla. De ki, yalandı deyirəm. Eşitdiyim hənəkdi
söyləyirəm. Qəlbim də, ruhum da dəyişməyib, əzəlki kimi necə vardısa eləcə də qalıb. Nə olar gedəndə, barı könül bağımdan xəyalının açılmış çiçəyini qoparma. Qoy o da mənimçün ümid çırağı olsun. Xatirələrimdə yenə məsum bir gözəl yaşasın. Göyərçin əllərini yelləyib məni səsləsin. Yenə mən özümü aldadıb və bu aldanışda da itirdiklərimi kimdəsə tapım, yaşadım. Yoxsa ömrüm boyu səni yamanlayaram. Məgər əziyyətsiz gələn səadət də səadətdirmi, gülüm! Məgər zəhmət qoxusuna bürünməyən, qabarlı əllərin sığalından uzaqda qaralan bəxtiyarlıq da xoşbəxtlikdirmi. Əsla, yox! Gərək səadətin də dadı ola, duzu ola, gələndə də ehtiyac adlı sədəmənin zərbələrinə dözə-dözə qayğılı yollardan keçib gələ. İndi isə get, ancaq sənə veriləsi ömrü ürəklə yaşa. Ürəklə yaşayanın açmaz qapısını dünyanın qəmi…
Getdi. Ürəyimdə hər şeyi alt-üst etdi. Kaş heç onu görməyəydim. Yaşayaydı məndən uzaqda mənsiz. Təki xəyalı mənimlə olaydı. Yalqız qalanda dindirib danışdıraydı. İndi o pak, büllur xəyalını da ləkələmişdi.
Anam payız, bəlkə sən də elə tutqun qaşqabağınla nəyinsə xiffətini çəkirsən. Bağışla ki, səni dindirib danışdırmamışam. Sənə təbiəti kədərə, qəmə batıran dünya kimi baxmışam. Sən demə o dünya da bir nağıl, bir nəğməymiş. Qızılı, çəhrayı notlu nəğmə. Bəs necə olub ki, dönük sevgilim kimi səni də vaxtında tanımamışam. Qənirsiz cəmalına heyran kəsilməmişəm. Bir ürək dönürsə, bir arzu sönürsə burada sən neyləyəsən, gözəl payız. Gərək ürək dönməsin, gərək arzu sönməsin. Çünki payız sınaqdı. Toy-düyün sınağı, məhəbbətli dünyanın sınağı. Qoy yenə yay ötsün, payız gəlsin. Qoy yenə gözlərdə gözəllər sonalansın. Amma sınağa dözməyən məhəbbətlər gəlməsin, yorulub yollarda mənzilsiz qalsın!
MÜƏLLİF: ƏZİZAĞA ELSEVƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru