Düz 30 il idi ki, soyad sonluğumda -ov xəcalətini üstümdə gəzdirirdim. Hər il Universitetdə dərs dediyim tələbələrimin ad sonluğuna baxanda dəyişikliklərin müsbətə doğru artdığını görüb sevinirdim. Elə ailəmdə də uşaqlarımın soyadlarını dəyişdirmişdim. Bu da mənə bir təsəlli idi.Ancaq öz-özümə içimdə həmişə bir sual verirdim: Bəs sən, sən özün niyə hələ də soyadını dəyişdirməmisən, hələ də soyadının sonluğunda -ov sonluğunu əzizləyə-əzizləyə saxlamısan? Bu 30 il ərzində üç dəfə dəyişdirməyə calışmışam. İlk dəfə Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 fevral tarixli 495 saylı qərarı mətbuatda dərc olunan günün səhərisi Yasamal rayonunun (onda hələ səhv etmirəmsə, Oktyabr rayonu idi) Nizami metrosunun yaxınlığındakı Vətəndaşlığın qeydiyyatı şöbəsinə müraciət etdim.Orda elə bir ironiya ilə qarşılaşdım ki, düzü o anı xatırlayanda məmurlarımızda heç olmasa iynənin ucu boyda milli hissin olmamasına görə çox təəssüf hissi keçirdim. “Rəhmətliyin oğlu, millət nə hayda, sən nə hayda! Soyadını dəyişəndə nə dəyişəcək ki?!” Millətin nə hayda olduğunu bilirdim, ancaq belə soyuqqanlı, rusbaşlı, rus düşüncəli məmurlarımızın idarələrimizdə oturub, hələ də naftalin düşüncəsi ilə yaşadığını, “bəlkə də qaytardılar?” havasına kökləndiyini bu dərəcədə bilmirdim. İkinci dəfə 2010-cu ildə müraciət edəndə doğum şəhadətnaməsi mütləq vacibdir dedilər. Həmin vaxtdan doğum şəhadətnaməsinin axtarışı bu günlərdə səmərəsini verdi. 1984-cü ildə şəhərə gəlmişdim.O vaxtdan kimin yadına doğum şəhadətnaməsi düşürdü ki?! Bir də o vaxtlarda lazımsız bir sənd kimi idi, kimə və nəyə lazım idi ki?! Nəhayət yaxın günlərdə doğum şəhadətnaməsini tapmağıma görə çox sevindim.Nəhayət uzun illərdən sonra ƏLƏKBƏROV soyadını ƏLƏKBƏRLİ ilə əvəzlədim. Bilirdim, ömürdən bu qədər qazandığım sənədlər, diplomlar köhnə soyadla yazıldığı üçün gərək yeni soyadımı təsdiqləyən Arayışı həmişə yanımda gəzdirməli olacam. Yaxud hansısa bürokrat yeri gələndə bəlkə də məzələnib Arayışın notariat qaydasını da istəyə biləcək.Eybi yoxdur , qoy nə qədər çətinlik, ya hansısa problem olursa olsun! Əsas odur ki, soyadımı rus çirkabından təmizlədim. Həmişə bu fikir mənə ağır gəlirdi ki, niyə Ermənistanda, Gürcüstanda, Pribaltika ölkələrində yox, məhz bizdə və digər türkdilli respublikalarda məcburi şəkildə Moskvanın göstərişi ilə, özü də millətin rəyini soruşmadan soyadı sonluğunu dəyişdirmişdilər. Bu soyadı sonluğunu 3 SAYLI “ASAN XİDMƏT”ində bir həftəyə dəyişdirdilər. Sağ olsunlar, bir manat belə xərc çıxmadan çox böyük sayğı ilə bunu etdilər. Söhbət əsnasında bir məsələni də öyrəndim ki, valideyinlərin bəziləri hələ də köhnə soyad sonluğunu, könüllü olduğu üçün, övladlarının soyadlarında hələ də saxlayırlar. Məgər o vaxt Moskva bizim soyad sonluğumuzu -ov, – yev edəndə bizdən soruşmuşdu ki, sən razısan, ya yox?! Qətiyyən soruşmamışdı! İndi biz müstəqillik dövründə bu ləkəni üstümüzdə hələ də niyə saxlamalıyıq? Bəlkə valideyinlərin çoxusu bunun mahiyyətini yaxşı bilmir, ona görə də köhnə düşüncədən əl çəkmirlər? Vətəndaşlıq aktlarını qeydiyyata alan orqanlar həmin valideyinlərlə niyə söhbət aparmasın? Niyə bunun mahiyyətini aydınlaşdırmasın? Gərək hər bir insanın içində vətəndaşlıq duyğusu olsun!Biz, Allaha çox şükür ki, müstəqil dövlətçiliyə sahibik! Gəlin dövlətimizin arxasında dayanaq, özümüzə, söyumuza, kökümüzə qayıdaq! Vallah, özümüzə qayıdanda ancaq böyük ola bilərik!
(hekayə) Payızda doğulsam da, payızı sevmirəm. Payız gəlişiylə könlümə sıxıntı gətirir, kədərimi bulaq kimi qaynadır. Elə bilirəm tökülən yarpaqlar ömrümdən, günümdən nəyisə qoparıb aparır. Fikirlərim dumanlanır, baxışlarım hansı bir məchul nöqtəyəsə yol çəkir. O yollara payız çiskini ələnir. Ömrümün ötən anları vərəqlənir, xatirələrimin çırağı işıqlı bir ümidin həsrətindən alışıb yanır. Qənirsiz çöhrənin cizgiləri şəhdli duyğularından ürəyimə şirinlik axıdır. Bir zaman küçədə çalınan “Vağzalı”nın həzin, titrək səsini dinləyə-dinləyə dediyin sözlər yadıma düşür. “Bir payız bizə də gülümsər” demişdin. İnamım əlimdən tutmuşdu. Aylarım illərimə calanmışdı. Fəsillər bir-birinin sorağıyla məni payıza çəkib gətirmişdi. Tələbəçiliyim qurtarhaqurtarda idi. Canım yanındaydı, həsrətin özümdə. Vüsallı günlər arzulayırdım. Səni düşünə-düşünə, səndən uzaqda. Amma o günlərsə həyatda qaçaq düşərdi. Ot tayasına düşmüş iynə kimi tapılmazdı. Gecələr arzu olardın, əvəzsiz inci kimi yuxularıma dolardın. Məktub yazardım. Atanın qorxusundan sükutun naməmə cavab olardı. Görüşümüz tətilə qalardı. Anan gəlişimdən duyuq düşərdi. Yollara baxa-baxa kövrələrdim. Şəhərdən özümlə gətirdiyim bir dünyalıq sevincimi, fərəhimi kimsəsiz qoyub, itirə-itirə gedərdim. Təkcə “bir payız bizə də gülümsər” sözlərin ovudardı məni. Kədərimi dağıtmaq, ürəyimi ovutmaq üçün geyinib kənd yoluna çıxıram. Sağım ağac, solum ağac, ayaqlarım altında oynayan, xışıldayan qızılı, çəhrayı yarpaqlar. Başım üstündə cənuba sarı uzanıb, “ bir də bu yerlərə gələrəm,” -deyən həzin şərqili durna qatarı. Düşünürəm, təbiətdə çox şey təzələnir, gedənlər bir özgə nəfəsdə, bir özgə səsdə qayıdıb yerinə gəlir. Sənsə gəlmirsən, gülüm! Ömrümdən beş payız da beləcə düşür. Ayların, illərin qarı başıma enir. Şəvə saçlarım naxışlanır yavaş-yavaş. Qulaqlarımın dibində qopan “Gəl, quzum, gəl, yorulmamısan ki…?!” sözlərindən birdən-birə diksinirəm. Səsdəki zəriflik, şirinlik məni ovsunlayır, varlığımı unutdurur. İsti gizilti olub əzalarımdan keçir. Balaca totuq əllərindən tutduğun körpən də mənə baxıb gülümsəyir. O gülümsər gözlərdə nədənsə çırpınan bəxtiyarlığımı axtarıram. Soyuq rüzgar ayaqlarımız altındakı xəzəllə oynayır. Sən, taleyimlə oynadığın kimi. Soyuq dəyməsin deyə tüklü, yun şərfini günahlı boynuna dolayırsan. İncə barmaqların dinc qalmır, titrəyə-titrəyə şərfin uclarındakı tiftikləri yolur. Sevincdənmi, ya qəzəbdənmi belə edirsən, bilmirəm. Mənimsə qəlbimdəki soruşulası suallar şəlalə kimi çağlayır. Ümmanlara qovuşan nəhrlər təki kükrəyib boğazıma qədər axır. Titrəyən dodaqlarımda quruyub qalır. “Sən…Sən, niyə…”-deyib dilim topuq çalır. Kəkələyirəm. Sən isə qırıq könlümdən keçənləri yaxşı anlayırsan. Süzgün baxışlarını sifətimdə dolandırıb: ” Bilirəm, sən niyə andına dönük çıxdın” deyəcəksən. Sən hər şeyin, hər şeyin günahını məndə görəcəksən. Rəzil də, lap elə iblis də adlandıracaqsan. Ancaq bunun nə faydası. Ötən illər ki, bir daha geri qayıtmayacaq. Bax, sən mənə nə verəcəkdin, nə?! Bu maaşdan o maaşa dikilən gözlərdəki həsrətdən doğan ehtiyacımı. Ya şagird dəftərinə düzdüyün bir-iki cızma-qaranımı. İnsan dünyaya bir dəfə gəlir. Gərək o gəlişiylə qayğılar yükündən azad olsun. Meyli nə çəkirsə, o da o dəm gözləri önündə dayansın. Məncə inciməyə dəyməz. Səni gec anladım. Ata nəsihətindən, ana öyüdündən vaxtında nəticə çıxartdım. Peşiman da deyiləm. Topdağıtmaz evimdə hər şey varımdı. Ərim savadsız olsa da, yaşamağın ki, yolunu bilir. Bax, bu, mənimçün elə nəyə desən dəyər. Məni bağışla, getməliyəm. Ərim məni gözləyir. Anamı yoluxmağa gəlmişdim. Xudahafiz!..
Yox, getmə, bir anlıq ayaq saxla. De ki, yalandı deyirəm. Eşitdiyim hənəkdi söyləyirəm. Qəlbim də, ruhum da dəyişməyib, əzəlki kimi necə vardısa eləcə də qalıb. Nə olar gedəndə, barı könül bağımdan xəyalının açılmış çiçəyini qoparma. Qoy o da mənimçün ümid çırağı olsun. Xatirələrimdə yenə məsum bir gözəl yaşasın. Göyərçin əllərini yelləyib məni səsləsin. Yenə mən özümü aldadıb və bu aldanışda da itirdiklərimi kimdəsə tapım, yaşadım. Yoxsa ömrüm boyu səni yamanlayaram. Məgər əziyyətsiz gələn səadət də səadətdirmi, gülüm! Məgər zəhmət qoxusuna bürünməyən, qabarlı əllərin sığalından uzaqda qaralan bəxtiyarlıq da xoşbəxtlikdirmi. Əsla, yox! Gərək səadətin də dadı ola, duzu ola, gələndə də ehtiyac adlı sədəmənin zərbələrinə dözə-dözə qayğılı yollardan keçib gələ. İndi isə get, ancaq sənə veriləsi ömrü ürəklə yaşa. Ürəklə yaşayanın açmaz qapısını dünyanın qəmi… Getdi. Ürəyimdə hər şeyi alt-üst etdi. Kaş heç onu görməyəydim. Yaşayaydı məndən uzaqda mənsiz. Təki xəyalı mənimlə olaydı. Yalqız qalanda dindirib danışdıraydı. İndi o pak, büllur xəyalını da ləkələmişdi. Anam payız, bəlkə sən də elə tutqun qaşqabağınla nəyinsə xiffətini çəkirsən. Bağışla ki, səni dindirib danışdırmamışam. Sənə təbiəti kədərə, qəmə batıran dünya kimi baxmışam. Sən demə o dünya da bir nağıl, bir nəğməymiş. Qızılı, çəhrayı notlu nəğmə. Bəs necə olub ki, dönük sevgilim kimi səni də vaxtında tanımamışam. Qənirsiz cəmalına heyran kəsilməmişəm. Bir ürək dönürsə, bir arzu sönürsə burada sən neyləyəsən, gözəl payız. Gərək ürək dönməsin, gərək arzu sönməsin. Çünki payız sınaqdı. Toy-düyün sınağı, məhəbbətli dünyanın sınağı. Qoy yenə yay ötsün, payız gəlsin. Qoy yenə gözlərdə gözəllər sonalansın. Amma sınağa dözməyən məhəbbətlər gəlməsin, yorulub yollarda mənzilsiz qalsın!
Muxtar müəllim yaşadığı evin həyətinə təzəcə girmişdi ki, cardağın altında oturub söhbətləşən qonşulardan biri, düzlüyü, təmizliyi və halallığı ilə tanınan Nəcəf kişi yerindən qalxıb onun qabağına gəldi: – Salam, ay Muxtar müəllim! -deyib, əlini sıxdı. Qoluna girib azman çinarın kölgəliyinə tərəf çəkdi. -Necəsiniz, yaxşısınızmı? Bir binada oluruq, iş-güc o qədər çoxdur ki, düzü, macal tapıb bir görüşə, dərdləşə də bilmirik. Bağışla ey, sən Allah, işdən gəlirsən, yorğunsan, yəqin ki, acsan, bir tərəfdən də mən söhbətə tutub vaxtını alıram. -Xoşdur, Nəcəf kişi, səninlə danışmaq mənə də xoşdur. Sən pərdəli danışan, mətləbin içində gizlənib kiminsə haqqına girən qonşu deyilsən. İndi sənin kimi kişilər çox azdır. Buqəlamunluq edənlər, mühitdən-mühitə düşənlər, rəngdən-rəngə girənlər çoxalıb. Elə bil ki, kişiliyin adı qalıb, gedənlər də ata minib kişi sözünü, kişi mənliyini də özləri ilə aparıb. Fikirlər cılızlaşıb, duyğular korşalıb, sanki pis əməllər insanların üzünə çıxıb. Yalanlar içində üzülür insan. Bu qədər yalanmı olar, ay qardaş?! Gözümüz görə-görə hamı üzü aşağı gedir, hamı da özünü aldadır, dünya onun evinin kəndarına qədərdir deyib, qapılarını bərk-bərk bağlayır. Daha demir ki, dünya elə ağrı-acılarıyla sənin evinin içindədir. Sən gözlərini bərk-bərk yumub etinasız ola bilərsən, ancaq susqunluğun, biganəliyin ağır bir yük olub çiyinlərindən asılanda, qara bir daş olub qabağını kəsəndə qaçıb qurtara bilməzsən. Bax, Nəcəf kişi, buna görə sənin kimi kişilərə həmişə hörmətim var. Neçə ildir, bina, həyət qonşusuyuq, hələ bir dəfə də olsun Nəcəf kişinin kiminsə haqqına girdiyini, kiməsə yalan satdığını eşitməmişəm. Bunu bilirsən, niyə belədir? Çünki kişilik zaatdan, kökdən gələr! Qırdım-qaçdım ailənin törəməsi, gələcəyi də elə özü kimi olar.
-Çox sağ ol, Muxtar müəllim! Üzə demək olmasın, mən də Sizi elə beləcə gördüyüm kimi tanımışam. Müəllim adı indi ucuzlaşıb, hər yoldan ötənə də, oğruya, əyriyə, rüşvətxora da müəllim deyirlər. Bir balaca vəzifəsi, imkanı olanı qabaqda otuzdururlar. Müəllim el ağsaqqalıdır. Onun oturuşunda, duruşunda bir ağayanalıq, ağırlıq olmalıdır. Bəzən oturub fikirləşəndə, qınamıram da onları. Müəllim də insandır, onun da ailəsi, xeyiri, şəri var. Dilənçi, sədəqə payı qədər məvacib verəndə, müəllim neyləməlidir görəsən?! Ailədə üzü kölgəli olanın cəmiyyətdə qürurumu olar? Yalançı ümid ilğım kimidir, bir gün olar, beş gün olar sonra çəkilib gedər. Küçədə bakuş, siqaret, corab satan, bazarda onun-bunun yükünü daşıyan müəllim görmüşəm. Balıq, tərəvəz satan, daha nə bilim hansı hoqqalardan çıxan müəllim görəndə ürəyimdə ağrılarım dil olub danışıb. Desəm ki, için-için ağlamışam, bəlkə də, inanmayacaqsınız. Əsgər torpağımızı, sərhəddimizi necə qoruyursa, müəllim də əxlaqımızı, qürurumuzu, lap elə insanlığımızı da eləcə qoruyur. Bu gün üzü aşağı getməyimizin kökündə də bunlar dayanır. Muxtar müəllim, neçə müddətdir Sizi görə bilmirəm. İçimdə məni yeyən bir dərd də rahatlığımı əlimdən alıb. Ürəyimi boşaltmağa, bir təsəlli payı ummağa fürsət də tapmamışam. Nə gizlədim, bəlkə də, utandığımdan, xəcalətimdəmdən çəkinmişəm. Evimizdə həmişə uşaqlarıma Sizi nümunə göstərmişəm. Həmişə də demişəm, oxuyun, Muxtar müəllim kimi alim olun, adam olun. Nə qədər ki, uşaq idilər, dediklərim beyinlərinə batır, oxuyur, hətta bir-biriləri ilə də höcətləşib, cəhl edib:” Yox, mən Muxtar müəllim olacam! Mən Muxtar müəllim olacam!..”-deyib, yaxalarını dartışdırır, itələşir, didişirdilər də. Mən onları güclə sakitləşdirir, boyunlarını qucaqlayır, başlarını sığallayıb qürurla dönə-dönə üzlərindən öpürdüm. Zaman yel kimi ötüb keçir, illər-illərə calanıb gedirdi. Uşaqlar hər gün, hər saat bir buğda boyu böyüyürdü, boy atırdı. Məktəbi də bitirdilər. Heç dərsdən sonra əlavə müəllim yanına da getmədilər. Sağ olsunlar, əziyyət çəkdilər. Məni heç əlavə xərcə də salmadılar. İnsafən, oğlanlarımdır deyə tərifləmirəm, gedənlərdən də az bilmədilər. Çox bildilər ki, az bilmədilər. O, DİM-dir, DAM-dır, nə bilim nədir, nəmənədir, onun sınaqlarına da getdilər. O, yastı-yastı danışan xanım var ey, dilimizin qolun-qıçını da qıran, onun sınaqlarından da yüksək balla çıxdılar. Ancaq ortada nə oldu, niyə belə oldu bilmirəm. Ali təhsil dalıyca getmədilər. Böyük oğluma çox dedim, az eşitdi. Dedim, ay oğul, get oxu, təhsilini artır, ali təhsil al, getməsən çox peşiman olacaqsan. Gedən vaxt səndən gedir, Bir də ömür təkrarlanmayacaq ki, itirdiyin illərin sənə verəcəyi fürsəti qaytara biləsən. Hanı, hanı, bəs deyirdiniz ki, oxuyub Muxtar müəllim olacaqdınız, böyük, lap böyük alim olacaqdınız?! Axı, o günləri nə tez unutdunuz, o dediklərinizi nə tez yaddan çıxartınız?! Axı niyə, niyə boyunuza baxıb fərəhlənən bir ataya bu sevinci çox gördünüz? Bəs mənə nə qayıdıb desə yaxşıdır, Muxtar müəllim. Təkrarlamağa dilim də gəlmir, elə bil üzümə söydülər, günahsız dədəmi gözüm görə-görə yandırdılar. Utanmadan, çəkinmədən dedi ki, məni dolandırmağa gücü çatmayan savad mənim nəyimə lazımdır, ay dədə, oxuyub, savadlanıb Muxtar müəllim olmaqdansa, elə savadsız qalıb Roko saxlamaq hamısından yaxşıdır. Yazıq Muxtar hər gün qaça-qaçdadır. Bu universitetdən çıxıb o birisinə, o birisindən də çıxıb bu birisinə qaçır. Aldığı nədir, qəpik-quruş. Heç onu almağa, dalısıyca düşüb qaçmağa dəyərmi?! Ondansa, metro qabağında papağını qabağına qoyub dilənsə, bilər ki, aldığı dilənçinin qazancı qədər də deyil. Onun ağlı, düşüncəsi bir ailəni də dolandırmağa bəs etmirsə, onda neynirəm ki, o alimliyi, ağlı, ya düşüncəsi işıqlı olsun! -Sağ ol, Nəcəf kişi!-Muxtar müəllim qımışa-qımışa onun sözünü kəsdi.- Səndə söz var imiş ki… ay qonşu, ay rəhmətliyin oğlu!.. -Neyləyim, ay Muxtar müəllim! Deyir, aşıq gördüyünü çağırar. Siz allah, oxumuş adamsınız, alimsiniz, bir məni başa salın görüm, bu xaraba, başı bəlalı məmləkətdə alim hörmətlidir, yoxsa itə baxan?! -O, nə sözdür, ay Nəcəf kişi?! Ayıbdır, sən imanın, bir də belə demə. Məgər dünya, elə bir qarın çörəkdən ibarətdir? Dünya düşüncə üstə fırlanır. Sağlam düşüncə olmasa, kainat da məhv olub gedər. Həyat həmişə belə ədalətsizliklərlə doludur. Ona işıq verib, yol göstərəni kor qoyub, payi-piyada getməyə, cırmaqlaya-cırmaqlaya yaşamağa, sürünməyə vadər edir. Ancaq insanın inamı özündən qabaq ölmür. İnsan inama sığınanda dünya da onun qabağında diz çökür. Əqidəsin, inamın itirməsin gərək insan. O mahnıda deyildiyi kimi: dünya beş günlükdür, deyənə yazıq. Nə yazıq ki, indi qarın başdan yuxarı olub. Çoxları başı ilə yox, qarnıyla düşünür. Tarixdə qarın otaranlar çox gəlib-gedib.. O gedənlərdən bir iz, bir nişanə də qalmayıb. O, qədri-qiyməti sağlığında bilinməyən söz, işıq adamları dünyanı öz dünyası ilə bəzəyib, şəkilləndirib bu dünyada da qoyub gediblər. Onların yaratdıqları olmasaydı, görən nə üzdə, nə görkəmdə olardı bu dünya?! -Əslinə baxanda, Muxtar müəllim, vallah, Siz deyəni mən də deyirdim. Ancaq hiss edirdim ki, onlara nə isə çatmır. -Ola bilməz ki, ay Nəcəf kişi, birdən-birə dəyişələr. Görünür, nəyisə gözünüzdən qaçırmısınız. Kiminlə oturub-durduqlarını unutmusunuz. Cavanlıq yüyənsiz at kimidir, ram olana qədər hara çapdığını, niyə çapdığını heç özü də bilmir. Ağıl onun çılğınlığı ucbatından düşüncəsiz addımlarını nizamlamaqda çox zaman çətinlik çəkir. -Nə deyim, ay Muxtar müəllim! Mən də iş adamıyam, tezdən çıxıb, axşam işdən qayıdıram. Hərdən elə yorğun oluram ki, danışmağa da heyim-hərəkətim qalmır. O ki, qaldı onların dərsləri… anaları həkimdir, arxayın olub evdən çıxıram. Məktəbdə oğlumla bir sinifdə oxuyan Səlim adlı yaxın dostu var idi. Var idi deyəndə, elə indi də var. Bayramlarda, ad günlərində bizim evə gəldiyi kimi, oğlum da onlara gedərdi. Atası nazir olandan sonra Səlimin ayağı bizim evdən kəsildi. Bizim evi, görünür, öz dəbdəbəli həyatlarına yaraşdırmadı. Ancaq oğlumla dostluğunu da kəsmədi. Qısa bir vaxtda çox şöhrətləndilər. Zənginlik ayaqlarına gəldi. Gəzmədiyi ölkələr qoymadılar, görmədiyi günlər gördülər. Dövlət babanın cibinə girdilər, xalqın qismətinə əl uzatdılar. Səlim məktəbi bitirər-bitirməz gömrükdə tez- tələsik bir idarə yaratdılar. Ağzından süd iyi gələn bu uşağa rəislik tapşırdılar. Bəs nə bilmişdiniz, nazir oğludur axı. Başqalarının əzilə-əzilə, sürünə-sürünə keçə biləcək yolları, qalxa biləcək mərtəbələri o, gözüyumulu keçdi. Sayələr sayəsində! Tez Dərbənddən o tərəfə adını da bir universitetə yazdırdılar. Bədbəxt oğlu heç özü də bilmədi oxuduğu hansı universitet, hansı fakültədir, sabah hansı ixtisas yiyəsi olacaq. Ona nə lazımdır, heç nə, bir qırıq kağız parçası. Zarafat deyil, kişi xaricdə oxuyub. Onsuz da dərinə gedən, fərqinə varan yoxdur. Pulun, arxanda durası adamın varsa, hər şey ayağına gəlir. Qiyabi oxumaqla, illəri yola salmaq qərarına gəldi. Utanıb çəkinmədən də, bir aylıq dərs, sessiya vaxtı işçilərindən birini öz yerinə göndərdi. Dərsdə oturdu, imtahan vedi. Onun cibinə ürəyi istədiyi qədər pul qoydu. Hətta qulağına pıçıldayıb: “ Ye, iç, müəllimləri, dekanı, daha nə bilim kimləri, kimləri tanıdığın qədər qonaq elə, şirəyə çək!..”-dedi. Bu xaraba, bimürvət dünyanın bir ucu yeməyə bağlıdır. İnsan nəfsin qulu, sahib dura bilmədiyi iradəsinin nökəridir. Səlimi kim başa saldısa, zirəng tərpəndi. Bu bir ayda üç-dörd dəfə sərhəddi keçdi, “ kişinin oğlu, dərs oxuyur axı ?!” Qızılyarda təmiz zoğal arağı, yaxşı da balıq kababı verirlər…” deyib, yolunu da ordan saldı. Oranın təmiz havası da sinəsinə yatırmış. Nə gizlədim, bir dəfə də oğlumu özüylə aparmışdı. İşə düzəldəcəm, əli-ayağı təmiz, yaxşı da qazancın olacaq, söyləmişdi. Bura qədər heç onları, sən demə, yaxşı tanımırmışıq. Anası uşaqlıqdan qoca nənəsi Anuşu, babası Arakeli, Qreta xalası və dayısı Arturu o qədər sevdirib ki, bir-birilərini görəndə sevincdən heç bilmirlərmiş ki, neyləsinlər. Süfrə başında Bakını, keçmiş Vorovckidəki geniş həyətli ikimərtəbəli evlərini xatırlayıblar. Anuş ağlayıb da. Qreta Nərimanov kino-teatrında kassir işləyirmiş. Akif adında oğlanla təzəcə tanış olmuşmuş. Ara qarışanda Qretanı taksiylə evlərinə gətirirmiş. Evlənəcəkmişlər. Onlar Bakıdan ayrılanda Akif onun alnından, gözlərindən öpüb: “Darıxma, bunlar keçib gedəcək, hər şey yaxşı olacaq. Arxanca gələcəm, mütləq gələcəm!”-deyib. Ancaq gələ bilməyib. Daşaltıda həlak olub. Könüllü cəbhəyə gedibmiş. Qreta bunları təmiz bizim dildə danışıb, ara qarışdıranları söyüb, yamanlayıb da hələ. Səlimin atası tələbə olan vaxtı bunların həyətində kirayənişin qalırmış. Qretanın böyük bacısı Nellini də elə həmin həyətdə sevib evləniblər. Neft mədənində mühəndis işləyirmiş. Arakel tanışlarının əliylə onun vəzifəsini də böyütdürüb, evlərinin bir hissəsini də qalmaları üçün onlara bağışlayıbmış. Ümidli olublar ki, ara sakitləşən kimi yenə qayıdacaqlar. Ancaq evini satıb gedən qonşu erməni Aşot qaranlığa salıb, gecəylə öz evini, ona bitişik Arakelin də evini yandırmışdı. “ Nəyimiz çatışmırdı? Axı niyə, niyə bizi bu günə saldılar?..”- Arakel içkinin təsirindən, xatırladıqları ötən günlərin həsrətindən, ağrı-acısından kövrəlibmiş kimi öz-özünə sualı sual dalınca verirmiş. Cavabsız suallar, açılmamış mətləblər sanki hamının dilini, ağzını bağlayıbmış. Oğlum bunları mənə danışanda elə bil yer də ayağımın altından qaçdı. Arakel deyirmiş ki, ermənilərin yalançı başbilənləri şimal ayısının felinə uydular. Axırda da aldandılar, çox aldandılar, bu aldanışla da boş düzəngahda qaldılar. Nə bilim, durna, ya qarğa fondu yaratmışdılar. Qapı-qapı gəzib məcbur edirdilər o fonda pul keçirməyi. Hünərin nə idi onların sözünü yerə salasan, yox deyəsən. Allah şahiddir, çox yox, bir həftə gecikdirmişdim. Artur onda Moskvada oxuyurdu, tələbəydi. Gecəylə otağına girib oradan xəbərdarlıq etdilər. Üç günə pul keçirilməsə, oğlunu yeddinci mərtəbədən atarıq. Artur bunları telefonda deyəndə, heç bilirsən necə qorxmuşdu?! Ağlayırdı, zülüm-zülüm ağlayırdı, həyəcandan, qorxudan dili topuq çalırdı. Nə dediyini, bəlkə də, heç özü də anlamırdı. Çox, çox böyük yanlış addımlar atdıq. Gəmidə oturub, gəmiçiylə dava edirdik. Bizim ağılsız, başdan xarab rəhbərlər hamımızı uçuruma apardılar, isti aşımıza su qatdılar. Hanı, hanı bəs, dövlət quracaqdılar?! Dənizdən dənizə Böyük Ermənistan yaradacaqdılar?! Başınıza dəysin yaratdıqlarınız! Qonşuluqda haqqı-sayı itirib, münasibətlərimizə sağalmaz yara vurdunuz. Mən evimi itirdim, əzizlərimin qəbrini qoyub gəldim, qızımın, nəvələrimin üzünə həsrətəm. Mən məgər ikinci bir ömür yaşayacağam ki, yaraları sağaldım, ağrılara məlhəm qoyum?! İki cavan ailə, on beş tələbə də evimdə kirayənişin saxlayırdım. Hərəsindən də filan qədər ayda alırdım. Hər idarədə də adamımız oturmuşdu. Bunlar bizə ağırlıqmı etdi, allah ağlımızı başımızdanmı aldı? Görən niyə, niyə belə oldu?! Sən demə, ay Muxtar müəllim, Qızılyar Səlimgilin həm də görüş yeri, apardıqları çirkli, oğurluq pulların yuyulma, saxlanc yeri imiş. İmanımı yandıra bilmərəm, hələ ki, deyilənlər düzdürsə, o yaxasını cırıb, yalandan “ Vətən!..Vətən!..”-deyən nazirimizin orda mehmanxanası, böyük bir supermarketi var. Tikinti şirkəti də təzəcə açıb fəaliyyətə də başlayıblar. Gedəndə oğluma iş də təklif edib. Şirkətdə, ofisdə yüksək maaşlı iş. Nəsə evdə razı olmadıq. Bu qarışıq-bulaşıq zəmanədə gözdən-könüldən uzağa uşaq buraxmaqmı olar?! Qərib yerdi, ermənilərin də at oynatdığı məkan. Onlara necə etibar edəsən?! Çörəkləri dizlərinin üstündədir bu köpək uşağının. Fürsət düşən kimi pisliklərindən əl çəkmirlər. Düşmənçilik qanlarına yeriyib. Bədbəxt uşaqları, axırda öz murdar qanlarında da boğulacaqlar. -Bəs o it məsələsi nədir, ay Nəcəf kişi? -Muxtar müəllim onun sözünü kəsdi: -Bu hardan ağlınıza gəldi, qardaş?
-Bu da bir əhvalatdır, Muxtar müəllim! -Nəcəf kişi qəribə bir təbəssümlə dilləndi: -Özü də, maraqlı və gülməli bir əhvalat. Yayda ailəlikcə İtaliyanın Lombardiya vilayətindəki səfalı mənzərəsi olan Komo gölünün sahilində dincəlirmişlər. Qaldıqları dördulduzlu “Barchetta Exselsior” otelində Səlim onlardan bir mərtəbə aşağıda olan Lukas adlı gənc turistlə tanış olur. Lukas da İtaliya it cinsindən olan Napoli mastifi ilə gəzməyi çox sevirmiş. İt də, nə it: Qara, sallaqdodağ, gözləri batıq və bədheybətdən də bədheybət. Ancaq deyilənə görə, sahibini tək qoymaz, yeri gələndə özünü ortaya atıb onu kənar təsirdən, təhlükədən qorumağı da bacaran itdir. Buna görə də, nə qədər bədheybət olsa da, sədaqətliliyi ilə özünü sevdirməyi bacaran itdir. Günortadan sonra mehmanxananın önündəki qoşa çinarların çətirləri altında sıra ilə düzülmüş stollardan birinin arxasında əyləşib şirin söhbət edə-edə meyvə kokteyli içirmişlər. İt də yanlarındaymış. Bir az aralıdakı stolun böyründə şöngüyüb ağzının suyunu, selikini axıda-axıda Lukasa baxırmış. İtin qəfildən yerindən qalxıb qabağa sıçramasından hər ikisi təəccüblənib həyəcanla ayağa dururlar. Sarışın saçlı oğlan qabağda yeriyən orta yaşlı qadının çantasını zorla əlindən alaraq, qaça-qaça adamlar arasında itmək fikrinə düşür. Mastif oğlana çataraq boynuna tullanır, bir göz qırpımında onu yerə yıxıb, sinəsi üstündə oturaraq qabaq ayaqları ilə çantanı özünə tərəf sıxır. Bu, elə cəld və bir anın içində olur ki, bayaqdan qollarını yana açıb: “ Kömək edin!.. Çantamı apardılar, kömək edin!..”- deyə, haray-həşir salan qadın da quruyub yerində qalır. Aləm bir-birinə dəyir. Sən demə, kino çəkirmişlər. Neçə dəfəymiş həmin səhnə təbii alınmadığından təkrar-təkrar çəkməli və vaxt itirməli olubmuşlar. Qəzet köşkünün böyründə dayanmış operatorlardan biri:” Yox, belə olmaz, iş tamam pozuldu, ssenaridə heç belə şey yoxdu… təkrar çəkmək lazımdır!..”-deyirsə, o birisi bir az da irəli gedib: “ Əksinə, bu o qədər təbii alındı ki, elə belə də, ssenariyə əlavə etməklə saxlamaq lazımdır!..” söyləyir. Lukas irəli yeriyib mastifini sakitləşdirir, çantanı xanıma qaytarır. Amma yazıq oğlan o qədər vahimələnib, qorxub ki, şalvarını da islatmalı olub. Bunları gözləri ilə görən Səlim əlləri ağzında Lukasa və onun itinə bir anlıq heyranlıqla baxdıqdan sonra onun qoluna girib: “ Bu iti sat da mənə , Lukas!..”- söyləyir. Lukas özünü eşitməməzliyə qoyur. Səlim dediklərini bir də ucadan təkrarlayır. Lukas bunu əvvəlcə zarafat kimi başa düşsə də, indi ciddi qəbul edib, dostu inciməsin deyə, “ Sən onu ala bilməzsən, Selik! Neçə ildir, bizimlədir. Üzümüz-gözümüz də öyrəşib. Bizdən kənarda darıxar, sıxılar, xiffət çəkər yazıq. İt olanda nə olar, onun da ürəyi, etibarı, sədaqəti var axı.”-bildirir. Səlimin ondan əl çəkmədiyini görüb: – Dedim axı, Selik, onu almağa pulun çatmaz!..-deyir. Lukas bilərəkdən elə qiymət deyir ki, bəlkə bundan sonra Səlim ondan əl çəkə. -De, Lukas, qiymətini de!.. -İki milyon dollar… Həə, bu sənin gördüyün itlərdən deyil, haa! İnsan kimi ağlı, kamalı var. Hələ bir az da güzəşt edirəm, dostluğumuz xatirinə, güzəşt… Bu söhbətdən sonra Səlim elə həmin andaca bank hesabından qəbz yazıb Lukasdan iti alır. İki gün iti sakitləşdirmək, ram etməkdə çətinlik çəkiblər. Sonra keyləşdirib başına ip salıblar. Lukas Səlimin dediyinə görə, hələ beş gün də mehmanxanada qalmalı idi. Ancaq Səlimin sözündən dönəcəyindən qorxub, “Anam xəstədir, getməliyəm!” -söyləyib həmin gün də mehmanxanadan çıxır. Verilən pul yox, itin şıltaqlığı yox, Lukasın sağollaşmadan getməsi Səlimə pis təsir etmişdi. -Əlbəttə, o qədər pul, nazir oğluna niyə təsir etməlidir ki?! -Muxtar müəllim əlini yelləyə-yelləyə gileyləndi. – Bu, dəryada bir damladır. Bu, mənim, sənin haqqındır ki, talanıb yeyilir!.. -Muxtar müəllim, iti alıb evə gətirdikdən sonra fikirləşirlər ki, bəs ona kim baxacaq, kim onun nazı ilə oynayacaq? Onda oğlum yadlarına düşür. Çünki Səlimin atası hələ nazir olmamışdan qabaq İzmir parkı tərəfdə yaşlı qonşu arvad yeriyə bilmədiyindən itini birgə gəzintiyə çıxardardılar. Görünür, itə sevgi də o mürdəşir rus qadını Marusyadan bu uşaqlara keçmişdi. Neçə aydır ki, oğlumun düz-axıllı üzünü də görə bilmirik. Nə gecəsi, nə də gündüzü bilinir. Çox zaman itlə bir otaqda yatıb qalır. İtin yeməyi, deyir, Almaniyadan, ətri, şampunu Firəngistandan, o içməli suyu nədir, bizim suları da bəyənmirlər, İtaliyadan – Lombardiya vilayətindən gətizdirirlər. İti yaxşıca gəzdirir, yuyundurur, gülməli də olsa, neçə saat ona klassik musiqi dinlətdirirlər. Necə olsa, axı Avropa itidir, bizim itlərdən deyil ki, zibillikdə eşələnə. Zarafat deyil, nazir itidir. Həə, Muxtar müəllim, oğlum beş ay bundan öncə olardı ilk qazancını gətirib qabağıma qoymuşdu. Bizim pulnan deyil, o xarici göy əskinaslarla idi. Hamısı da yüzlüklər, sayı da otuz olardı, bəlkə də bir az çox. İnanın, heç əlimi də vurmadım. Oğlumun bircə diliynən dediyini eşitdim. Susdum, içimi kəsən hirsimi, hikkəmi boğmağa çalışırdım. Haçandan-haçana: -Mən itdən, itin qohumlarından gələn o çörəyi yeyə bilmərəm, oğul!-deyib narazı-narazı eyvana çıxdım. Nədə səhvə yol vermişdim, hansı qəbahətli addımı atmışdım ki, oğlumun günahlarını vaxtında görüb, dur deməmişdim?! Axı pula şirniklənib gələcək ömrünü, taleyini çirkaba atırdı. Oxuması, təhsil alması hələ qabaqdaydı. Bəs niyə, niyə ucuz yaşamaq yolunu tutmuşdu? Məgər mən beləmi yol arzulamışdım ona?!
-İncimə, Nəcəf kişi, belə olmaz, səhvə yol verirsən! – Muxtar müəllim onun sözünü kəsdi. – Bir qədər hövsələli, səbrli olmaq lazımdır. Hirsnən, hikkəynən yox, ağılnan, düşüncəynən yanaşmaq lazımdır. Cavandır, hələ həyatın nə olduğunu başa düşmür. Bir də, burda oğlun nə qəbahət edib ki?! Atasısan, böyüklüyünə hörmətlə yanaşır, ilk qazancını gətirib sənə verir. Məgər içkiyəmi, kef məclisinəmi xərcləyir, ya əyri-əyri yollaramı qurşanır?! Cavandır başa salsan, payını götürər, nə demək istədiyini bir gün o da anlar. Qəzəbə söykənmə, qəzəb hər iki tərəfi yandırır. Əvvəli vulkan kimi püskürsə də, sonrası xəcalətdən, peşimançılıqdan gizlənməyə yer axtarır!.. -Muxtar müəllim, Səlim oğluma deyirmiş ki, qoy Rokonun toyu olsun, sənə üçotaqlı mənzil bağışlayacam. Özü də şəhərin düz göbəyində, axar-baxarlı yerdə. Dəniz lap ayağının altında. Pəncərəni açsan, mavi, ağ köpüklü suların nəfəsi ciyərlərinə axacaq, sahilə çırpılıb çiliklənən dalğaların əsrarəngiz nəğməsi ruhunu oxşayacaq, şükür ki, Rokonun da toyu oldu, indi görək neyləyəcək? -Roko kimdir, ay qonşu? -Oğlumun baxdığı itin adıdır də! Bizi bəlaya salan, başı batmış itin adı. İnanırsan, Muxtar müəllim, bu yaşa çatmışam, hələ belə həngamə, belə toy görməmişdim. Oğlum toyun video lentini evə gətirmişdi, baxdıq, imkan olsa, sizə də göstərərəm. Rəngbərəng, dünyanın ən bahalı maşınlarının karvanı, ucu-bucağı görünmür. Siqnallar bir-birinə qarışır. Lap qabaqda, bəzədilmiş maşında qırmızı, ağ gəlinlik geymiş itlər, ortada oturmuş oğlum qolları ilə hər ikisinin boynunu qucaqlamış formada… Allah, allah, sən özün bu ağılsız, dağılmış dünyamıza ağıl ver! -“Vağzalı” da çalınırdı? -Yox, müəllim, yox! Allah tərəfi, nə yaxşı ki, “Vağzalı” çalınmırdı. -“Vağzalı” elə pak, müqəddəsdir ki, onu murdarlamaq, itlərin ayaqları altına atıb ləkələmək olmaz. O, anaların sevinc, kövrəklik dolu göz yaşlarına, ataların öyüd, nəsihət dolu baxışlarına, uca yaradanın böyük qüdrətinə bürünmüş süruddur, nəğmədir. Neçə-neçə qərinələrin, əsrlərin ürəyindən qopub gəlir, odundan, atəşindən elə bir ocaq çatır ki, nəsillər o ocağın istisindən öz payını götürüb gedir. İstiliksə azalmır, paylaşdıqca çoxalır. -Səlimin atasının doğulduğu bölgədən bir nazir də var. Əslinə baxanda qohumdurlar. Biri-birilərinə o qədər yaxın, o qədər bağlıdırlar ki, deyilənə görə, aralarından heç su da keçmir. Bayramlarda, ad günlərində bir yerə yığışır, sevinclərini, kədərlərini də birgə bölüşürlər. Ancaq hərdən sanki talelərindən gileylənirmişlər kimi: “Neyləyək, hər ikimizin oğlan övladlarımız var, qız övladımız da olsaydı, evləndirib, daha yaxın, elə bir evli kimi olardıq!” -deyirmişlər. Sonra hardansa ağıllarına girib, it qohumluğu yaratmaqla, bu bağlılığı, daha da möhkəmləndirmək fikrinə düşürlər. Elə ədəblə, ərkanla elçi də gedirlər. Deyirlər, it olanda nə olar, adətimiz var, ənənəmiz var, onu da pozmayacağıq haa!.. Nə olar, toy ediriksə, onda itə də övlad gözü ilə baxmalıyıq. Elə o nazirlərdən birinin şadlıq sarayında da toy çalınır. İnanırsan, Muxtar müəllim, toy bir təmtəraqlı, bir çal-çağırlıdır ki, gəl görəsən. Müğənnilər hardan gəlməyib ki?! Amerikadan, Firəngistandan, İngiltərədən, Polşadan, hətta Afrikanın lap cənubundan, qara zəncilərdən. Deyirdilər, itin qohumlarıdır, gəlməsəydilər, itlər də xəcalətli olardı, əhvalları korlanardı. Yeməklər də növbənöv, içkilər də su yerində, hamısı da xaricdən gətirilmə. Bir dənə yerli mal yoxdur. Hətta mədəni görünsünlər deyə, xidmətçiləri də xaricdən çağırıblar. İçkilər Burqundiya şərabı, İtaliya çaxırı, Firəngistan arağı, daha nə bilim, haranın, haranın içkisi. Hamısı da od qiymətinə, az qalır bir maşın, bir ev qiymətinə çata. Bunlar bizlik deyil, bizim üçün əlçatmaz, bahalıdır. Nazirlər, gələn qonaqlar üçün heç bir şeydir. Özü də bizim pulnan yox, o, xarici əskinaslarla. Bizim pul da yazıq-yazıq boynunu büküb qapının dalında durmuşdu. İçəri buraxan, çağıran da yox idi. Elə bil şadlıq evi hansısa qərib, yad, büsbütün xarici ölkə idi. Doğmalar içində özgəlik, manqurtluq, buz soyuqluğu dolaşırdı. Sanki qapıdan, pəncərədən payız küləyi içəri dolmuşdu. Elə bil pul yox, saralmış, qızılı-çəhrayı yarpaqlar kimi yüzlüklər də xəzəllənib tökülürdü. Şax-şax, qatı açılmamış kimi. Gələn qonaqlar da, yalan olmasın, hələ bir sanasan, heç olmasa, iki yüz olardı. Bəlkə də, çox! -Nadir kişi, bunları gerçəkdənmi söyləyirsən, ya sən allah, baxdığın hansısa bir Avropa filmindən danışırsan? -deyə, Muxtar müəllim çaşqınlıq, təəccüb içində soruşdu. -Düzü, inana bilmirəm! Əgər belədirsə, onda bəs bu millətin işsizi, acı- yalavacı yoxdur? Niyə bunlara dur deyən, yerini göstərən tapılmır? Axı nankorluğun, qudurğanlığın, harınlığın da bir həddi var?!
-O, toyda ürəyimi ağrıdan, Muxtar müəllim, heç bilirsiniz nədir? Mahnıları dil-dil dolaşan, hamının sevimlisi, böyük bəstəkar Kərim Günəşlinin orda olması idi. Onun o toyda nə işi var, niyə gəlmişdi? İnana bilmirəm, bilmirəm ki, o kövrək, duyğusal insan ikrah hissi yaradan bu məclisə necə düşüb. Bir az şən, bir az da sərxoş görünürdü. Təzəcə bəstələdiyi “ Roko-Çiko gecələri” mahnısını ilk dəfə idi səsləndirirdi. İtlərə bəstələnsə də, nə deyim, gözəl idi. Qonaqlar da mahnının ritminə, ahənginə uyğun qol götürüb oynayır, arada ayaqlarını bərk-bərk yerə döyüb, “Bravo!.. Bravo!!!” – deyib qışqırışırdılar. Görün, istedad necə boğulur, qürur, ləyaqət necə alçaldılır, sındırılırdı. Bir tərəfdən, qınamıram da Kərim Günəşlini. O da insandır, onun da ailəsi var. Qeybdən çörək onun evinə tökülmür ki?! Bəlkə də, bu bir qəzəb, nifrət idi musiqinin qanadında onun daxili aləmindən süzülüb gəlirdi. Nazir mahnı bitən kimi qopan alqışların səngiməsini gözləmədən Kərimi qucaqlayıb, sağ əliylə asta-asta kürəyinə toxundu. Mikrafonu ondan alıb: “ Öpürəm, öpürəm səni, Kərim Günəşli!” -dedi. – Çox sağ ol ki, sən bu bəstənlə mənim məclisimə bir özgə rəng qatdın!” Nazirin böyründə dayanmış cangüdəni iri gül buketinin arasına göy əskinaslarla dolu konverti qoyub Kərimə uzatdı. Nazir Kərimi bir də təkrar qucaqlayıb, asta səslə: “ Əlli min!.. Halal, halal xoşun olsun!..” -dedi. Mikrafonu söndürməmişdilər. Bir az aralıda sintezatorun böyrünə qoymuşdular. Səslərini zəif və xırıltılı halda olsa da, çəkib salona ötürürdü. Aləm qarışmışdı bir-birinə. Kimi qışqırır, kimi əl çalır, kimi də heç nəyə baxmadan barmaqlarını dodaqları arasında sıxıb fit verirdi. Kərim alqışlardan, eşitdiyi “əlli min” kəlməsindən, içdiyi bahalı içkilərdən sanki məst olmuşdu. Yuxarı başda, bəy-xanım taxtında oturmuş itlərin boynunu qucaqlayıb öpür, sonra harda olduğunu sanki unudubmuş kimi meydan boyu süzürdü. Hamı əl çalır, kimsə də özünü saxlaya bilməyərək ayağa qalxıb onu meydanda tək qoymaq istəmirdi. “Roko-Çiko gecələri” çalınır…çalınırdı! Nadir kişi danışdıqca çılğınlaşır, həyəcandan bədəni əsir, dili-dodağı topuq çalırdı. Xalqın min illik, milyon illik daşlaşmış adət-ənənəsinin tapdanması, ələ salınması ilə barışa bilmirdi. Hərdən gözlərini yumur, bərk-bərk ovuşdurur və gördüklərini yuxu sanıb özünü aldatmağa, ovundurmağa çalışırdı. Amma bu yuxu deyildi, acı, çox acı olsa da, həqiqət idi. Nadir kişinin telefonunun zəngi onun söhbətini yarımçıq kəsdi. Sanki bir özgə dünyada, xəyal aləmində idi, qopub gəldi. Muxtar müəllimdən üzr istəyib: – Bəli, eşidirəm! -dedi. -Evimizin həkimi, loğmanı. İşdən təzəcə gəlmişəm. Həyətdəyəm, qonşularla söhbətləşirdik… Muxtar müəllimlə… -Nadir, Savalan indicə zəng etmişdi. Nəsə bir az narahat idi, deyəsən.Dedi, bəlkə bir az gec gəldim, ya ola bilsin axşam burda qaldım, evə çörəyi atam alar. -Nə olub, xeyir ola, niyə evə gec gəlir?! -Deyir, o günkü haylı-küylü, gurultulu toyun sədası yuxarılara da gedib çıxıb. İndi gəlib itin qohumlarını axtarırlar.
-Kimdir axtaran… Xoşqədəmmi gəlib axtarır?! Xoşqədəmin də işi-gücü qurtarıb ki, haa, indi də itin qohumlarını axtarır?
-Ay canım, ay Allah köməyi olmuş…Xoşqədəm yox ey, bu, Xoşqədəmlik deyil, yuxarıdan, lap yuxarı idarədən imişlər. Bizim oğlanın iti saxladığı yerə də baxıblar. Hələ üstəlik ona da bir-iki suallar veriblər. Muxtar müəllim də, Nadir kişi də quruyub qalmışdılar. Bayaq ürəklərini sıxan, gileyə-güzara bürünən suallara telefonun o başından sanki cavab gəlmişdi. Bu gec də olsa, ancaq güc gələn haqqın, ədalətin səsi idi. Handan-hana Muxtar müəllimin qırışığı açıldı. Sifətində təbəssüm oynadı. Nadir kişiyə üzünü tutub: -Həə, Nadir kişi, mənə elə gəlir ki, sualınızın cavabını da izah etməyə daha ehtiyac qalmadı. Sağ olsun, “ evinizin həkimi, loğmanı” dediyiniz xanım çox gözəl izah etdi. Daha burda başa düşülməyəsi nəsə bir şey qalmadı!..-deyib, gülə-gülə evlərinin giriş qapısına tərəf uzaqlaşdı. Bakı şəhəri, 28.01. – 05.03.2025.
Əzizağa Bəhram oğlu Ələkbərov 10 sentyabr 1952-ci ildə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
DAĞILAN DÜNYA
Şəhidlərimizin ölməz ruhuna və qazilərimizin hünərinə ithaf
Haqqın, ədalətin pozulduğu yerdə dünya özü öz içindən dağılır.
Fəxri cəbhədən geri qayıdanda gördüklərinə inanmadı. Bu bir yuxu, ya xoşbəxt sonluqlu kino idimi, bilmirdi. Qolunu bərk-bərk çimdiklədi, gözlərini ovuşdurdu, yox, heç nə dəyişmədi. Nə yuxu idi, nə də kino. “Görəsən, necə olacaq?!” – deyə fikrə getdi. İki ay bundan qabaq qorxu, təlaş içində çırpnan kənd, elə bil, həmin kənd deyildi. Adamlar tamam dəyişmişdilər. Sanki bir az böyümüş, bir az da ürəkli olmuşdular. Uşaqlı-böyüklü hamının gözü onda idi. Asfaltı orda-burda uçulub-dağılmış, yağış sularından yığılıb kiçik-kiçik gölməçələnmiş yol boyu düzülənlər onu gözləyirdilər. Bu adi bir iş deyildi, cəbhədən qalib ordunun qazisi gəlirdi. Hər dəqiqəsi, hətta hər saniyəsi belə ölüm olan, qaşla-göz arasındakı məsafə yaxınlığındakı ölümü min kərə görmüş qazi. Qürurlu, vüqarlı adi əsgər. Fərəhindən yerə-göyə sığmırdı. Az qala uçmaq, uçmaq istəyirdi…
Bələdiyyə sədri Şişman Məlik özü kimi köhnəlmiş qara “Mersedes”indən düşüb dayananları ruhlandırır, Murtuz müəllimə uşaqların bayraqları tez-tez oynatmalarını, “Ən böyük əsgər – bizim əsgər!” lövhələrini götürənlərin daha ucadan çığırmalarını tapşırırdı. Fotoqraflar şıqqıltıyla müxtəlif profillərdən şəkillər çəkir, yerli televiziya və qəzetlərin müxbirləri müsahibələr götürür, unudulmaz anları orda-burda dilə gətirirdilər.
Günortadan sonra rayonun başbiləni də kəndə gəlmişdi. Rayona gəldiyi beş il ərzində ilk dəfəydi ki, ayağı bu kəndə dəyirdi. Onu da qazinin yastı-yapalaq daxmasının önündəki tut ağacının altında düz on dəqiqə durmaqla, “Tələsirəm, gərək bağışlayasınız!..” – deyib getmişdi. Yox, tələsmirdi, bəlkə də görünüşündən kasıb, köhnəlmiş daxmaya girməkdən utanıb-çəkinirdi. Həyətdən çıxanda bələdiyyə sədrinin qulağına nəsə pıçıldayıb çıxmışdı. Həmin gün bələdiyyə sədri nədənsə, ürəklənib: “Gəlib-gedəniniz var!” – söyləyib iri bir cöngə kəsdirmişdi. Kənd, həqiqətən aşağı-yuxarı, uşaqlı-böyüklü göz aydınlığına gəlmişdi. Hər gələn də əlində bir bağlamayla, dolu səbətlə. Kimi qənd, çay, noğul-nabat, kimi yumurta, yağ, pendir, kimi… bir sözlə, imkanı, əli catan qədər hər kəs bu qapıdan ürəklə girirdi. Bəlkə də, bugünkü kimi, bu kasıb, sadə daxmanın heç belə sevinci olmamışdı.
Fəxri universitetin jurnalistika fakültəsini bitirmişdi. Hara əl atmışdısa, ixtisasına, istəyinə uyğun iş tapa bilmirdi. Qəzetlər güclə özünü dolandırırdı. Qəzetçilik gözdən düşmüşdü. Təzə işçi götürmək istəyəndə şərt kəsirdilər: “Vəsiqə veririk, gör neynirsən, yaxşı bacarığın varsa, zirəng tərpən, bizi də, özünü də dolandır!..” Bəli, o qədər “zirəng tərpənən”lər var idi ki, idarələrə qənim kəsilmişdilər, qaşınmayan yerdən qan çıxarırdılar. Əlləri bala batanların gözləri doymur, qan görmüş qurd kimi hər gün artan hərisliklərinin ağırlığı altında əzilirdilər. Bu iyrənc hərislik çoxlarını bədbəxtliyə sürükləmiş, nə qədər jurnalisti “quş damına”, barmaqlıqlar arasına saldırmışdı. Söz urvatdan düşmüş, yazan da, yazmayan da çırmalanıb meydana atılmışdı. Meydanda çox adam olsa da, meydan boş idi, qələminin gücü ilə tanınası, barmaqla sananılası qədər az idi, çox az. Fəxri bu meydana girmədi, daha doğrusu, girməyi özünə sığışdırmadı.
Uzaq bir qohumu var idi rayonda. Müstəntiq işləyirdi. Necə olsa, sözü keçirdi. Çox yerə baş vurandan sonra əli hər yerdən üzülən Fəxri axırı qohumuna üz tutdu. Bircə telefon zənginə yanğınsöndürmə idarəsində işə düzəldi. İş deyəndə, nə iş idi ki, şlanq tutan. Yoxa min lənət, yenə bilirdi ki, daimi iş yeridir, hər ay alası məvacib yeri var idi. Daha bu az idi, çox idi, fərq etməzdi. Allah kərimdir, az olsa da, işlərəm, sonra yavaş-yavaş artar. Ancaq Fəxrinin sevinci çox çəkmədi. Qohumunu başqa rayona dəyişdirdilər. İdarədə müdir gələn qonaqları, yoxlamanı qarşılayırıq adıyla pulun üstünə əlini qoydu. Hər ay öz payını götüzdürdü. Fəxri dillənsə də, xeyiri olmadı. Kim idi onu eşidən, dinləyən. İki-üç ay keçəndən sonra bəhanə də tapıldı, ştatı ixtisara düşdü. Sonra bəlli oldu ki, sən demə, öz qohumu üçün o yeri boşaldırmış.
Fəxri çox idarələrə baş vurdu. Hamısından eşitdiyi bircə kəlmə söz oldu: “İş yoxdur… olanda gələrsən!..” Ümidini də tam qırmadılar, yalandan da olsa, vəd verib yola saldılar.
Günortadan xeyli keçmişdi, acından mədəsi sıyrılırdı. Cibində elə də pulu yox idi ki, gedib yeməkxanada oturub, allah verəndən bir tikə yesin. Qonşudan borc aldığı o beş manatın üstündəydi, onu da üç gün idi ki, xərcləyirdi.İş dalıyca rayon mərkəzinə gedib-gəlirdi. Hər yerdən əli üzülmüşdü. İşıq ucu görünəsi bir yer yox idi. Ona ağır gələn o idi ki, Allahın verdiyi sap-sağlam canı, əli-ayağı, ağlı-düşüncəsi yerindəydi, ancaq ailəyə çörək gətirəsi bir iş tapa bilmirdi. İçəridən min kərə sınır, oturub zülüm-zülüm ağlamaq, ürəyi boşalıncaya qədər göz yaşlarını tökmək istəyirdi. Düşünürdü, axı niyə, niyə belə ədalətsizlik olsun?! Biri bir tikə quru çörəyə möhtacdır, o birisi sayı-hesabını itirdiyi pulunu, sərvətini yığmağa yer tapmır. Biri yaşamaqdan bezib, intihar ipini boğazına keçirib, cavan ömrünə qəsd edir, o birisi xüsusu yeməyini də xaricdən gətirdiyi itinə, pişiyinə xidmətçi axtarır. Dünya nə qədər etibarsız imiş, Allah?! Yaşarmış gözlərini silmək üçün cib dəsmalını çıxarmaq istərkən, əli kağıza bükülü çörəyə toxundu. Quru, yavan çörəyə! Özündə deyildi, tamam yadından çıxmışdı. İndi yadına düşdü ki, səhər evdən çıxarkən arvadı Gülsabah bir tikə təndir çörəyini kağıza büküb: “Yavan da olsa, ürəyinə güc verər!” – demişdi.
Fəxri parkın dalda yerində stol kimi düzəldilmiş iri bir ağac kötüyünün üstündə oturub Gülsabahın bükdüyü çörəyi çox iştahla yedi. Saata baxdı. İş vaxtının qurtarmasına hələ bir-iki saat qalırdı. Qonşuları Məlik müəllimin məsləhət gördüyü kommunal təsərrüfatı idarəsinə də baş vuracağını unutmamışdı. “Ümidsiz olma, necə olsa, orada, bəlkə bir iş tapılar. Allah kərimdir, bəndəsini damanda qoymaz… yaradıbsa, ruzusunu da əsirgəməz!..” – demişdi Məlik müəllim.
İdarədə müdiri soruşdu Fəxri. Katibə iş üçün gəldiyini biləndə: “Müdirin vaxtı yoxdur, yuxarıdan qonaqları gəlib… yaxşı olar ki, Güləhməd müəllimə dəyəsiniz… kadrlar şöbəsinə baxan Güləhmədə… Məmiş müəllim bu işi, onsuz da ona tapşırıb…” – dedi.
Fəxri qapını döyüb, otağa girdi. Çox da böyük olmayan, işıqlı otağın baş tərəfində, jalüzlü pəncərənin böyründə oturmuşdu Güləhməd. Pərdələri yarıya qədər çəkildiyindən pəncərənin ağzındakı qovaq ağacı aydın görünürdü. Havadan payızın qoxusu gəldiyindən qollu-budaqlı qovağın yarpaqlarına sarı-sarı zər düşmüşdü. Budağından qopan yarpaqlar ara-sıra xəfif küləyin ağzında uçuşur, bəzən pəncərəyə dəyib, yaralı quş kimi yerə tökülürdü. Bir az o yanda Mişarçay sakit-sakit axıb gedir, uzaqda qəlbilənib, bir-birinə dirsəklənə-dirsəklənə uzanıb gedən bənövşəyi rəngli Burovar dağları payız günəşinin solğun şəfəqləri altında həzin, kövrək bir ovqat yaradırdı. Otaqda divar boyu şkaflar düzülmüş, göy, sarı cildli qalın tikiş qovluqları əlifba sırası ilə cərgələnmişdi. Sağ küncdə iri bir dibçəkdə əkilmiş fikus ağacı qoyulmuşdu. Sol küncdəki limon ağacından sapsarı limonlar sallanırdı. Rəngbərəng açılmış güllər arasında təkcə çatışmayan bülbül idi. Sinəsi, boyun-boğazı bəzəkli, dil-dil ötən bülbül. İlk görünüş, düzü, adamda nikbinlik yaradır, ümid doğururdu. Güləhmədin yaşı o qədər də çox görünmürdü. Otuz beş-qırx yaş arası həmin olardı. O yazdığı vərəqi kənara qoyub, qapı ağzında dayanan Fəxriyə mənalı-mənalı baxdı. Handan-hana:
-Buyurun, eşidirəm sizi! – dedi.
-İş üçün gəlmişəm!.. İşləmək istəyirəm… İstəyirəm halal-haqqına bir iş yerim olsun, hər ayın sonunda ailəmə bir tikə çörək, ruzu aparım!..
-Sən də iki universitet bitirmisən?
-Başa düşmədim. O nə deməkdir?! Niyə elə soruşursunuz?! Məgər burada işləmək üçün iki universitet bitirmək lazımdır?!
-Əstəxfürullah! Mən elə demədim, bir hövsələniz olsun də, sözümü tamamlamağa da imkan vermirsiniz. Bu gün siz iş dalıyca qapını döyənlərin beşincisisiniz. Hamısı da universitet təhsilli olduğunu, hələ üstəlik iki diplomlu olduğunu gözə soxur. Mən neyləməliyəm, onlara nazir, prokuror, ya polis rəisi yerinimi verməliyəm?! Oxumuş adamlarsınız, idarəmizin qapısını açanda divardakı lövhəyə baxmaq günahmı olar? Orda nə yazılıb, yazılıbmı ki, rayon kommunal idarəsi?! Yazılıb… Yazılıbsa, daha burda düşünməli nə var ki?!.. Bu dəqiqə qırx boş iş yerimiz var. Süpürgəçi, zibil daşıyan… Heç kəs bəyənmir, gələn də iki ay duruş tutmamış qaçır. Məgər burda ancaq qızlar, gəlinlər işləməlidir?! Bəs hardadır o kişilər ki, avara-avara veyllənib, çayxanaların yolunu yağır da edirlər, bir o qalır ki, çərçivəsini də yerindən çıxardalar. Hamısı da danışanda ağzı köpüklənə-köpüklənə qeyrətdən, ləyaqətdən, qürurdan danışır. Hələ bir üstəlik başqalarını borclu da çıxarmaq istəyirlər. İş axtarırsansa, qardaşım, istənilən işin qulpundan yapış, qorxma! Lazım gələr, yaxşı iş rastına çıxar, çıxıb gedərsən. Nə diplom bazlıqdır, guya diplomu olanlar hansı təpəni daşıyıb dağa çeviriblər, ya hansı uçuq-sökük damın dirəyinə dönüblər. Əsas odur ki, işi yarıt, rəhbərliyin ağzını açmamış nə deyəcəyini gözlərindən oxu! Mənim heç ali təhsilim, sizlər demişkən, heç universitet təhsilim də yoxdur. Göytəpə peşə məktəbini bitirmişəm. Bir müəllimim vardı. Vardı, deyəndə, elə indi də sağdır. Məndən zara gəlmişdi. Tez-tez sual verərdim. Heç məni görməyə gözü də yox idi. Oturub-durub elə hey kəlməbaşı: “Ədiş, səndən adam olmayacaq!” –deyərdi. Düzəliş verib, ay müəllim, adım Ədiş deyil, Güləhməddir… Güləhməd! – desəm də, fərqinə varmaz, bir az da acığa düşüb, “Yoox, sənin adın Ədişdir!.. Ədişdir, vəssalam!..” – deyib hirsini boğmağa, sakitləşməyə çalışardı. Düzü, niyə mənə Ədiş deyirdi, bu söz onun ağlına hardan girmişdi, onu da bilmirdim. Heç sonra da maraqlanıb soruşmadım. Hər şey qaldı arxada, xoş xatirə, şirin bir nağıl kimi. Bax, görürsən, adam da oldum, müdir də az qalır başıma and içə. Bu böyüklükdə şöbəni, düz on ildən çoxdur ki, idarə edirəm. Bir qüsurum da olmayıb. Hələ kimsə məndən narazı qalmayıb. Həə, yeri gəlmişkən deyim, o gün həmin müəllimim gəlmişdi. Nəvəsi texniki universiteti bitirib. Mühəndisdir. Ona bir iş istəyirdi.
-Verdinizmi? – deyə, Fəxri soruşdu.
-Verdim, niyə də axı verməyim! – Güləhməd gülə-gülə, özü də hərəkətindən çox məmnun bir formada dedi. – Bax, hələ üstəlik o limonumdan dərib, yaxşı bir limonlu, mixəkli çay da verdim!.. Sağ olsun ki, o məni tez-tez tənqid edib. Tənqid etməsəydi, heç bəlkə də belə ciddi-cəhdli ola bilməyəcəkdim. Müəllim əməyi danılmazdır. Hər sözü, bəlkə də, bir hikmətdir. Gözümüz onda bağlı olur, hər şeyin yaxşısını vaxtında görə bilmirik. Sonra anlayanda da başa düşürsən ki, nə deyirmişlər. Gərək hər sözün vaxtını biləsən, ömrünün vaxt saatını da ona uyğun qura biləsən.
-Bəlkə, müəllimin nəvəsi kimi, mənə də abırlı, ürəyimə yatan bir iş verəsən, həə?! – Fəxri Güləhmədin əhvalının xoş vaxtından istifadə etmək istədi.
-Xoşuma gəlirsən, iş bacarana oxşayırsan. Bu gün ovqatımın xoş vaxtıdır. Oğlumun ad günüdür. – Güləhməd dedi: – Bu işi sənə verməmiş, bəs kimə verəcəm. Özümə ki, saxlamayacam. Sənin vəzifən nəzarətçi-tabelçi olacaq. Əllidən çox işçiyə gündəlik nəzarət edəcəksən. İşə çıxıb- çıxmayıb, çıxmayıbsa, bəs hardadır, niyə çıxmayıb suallarını dəqiq bilməlisən. Rayonun ərazisi böyükdür, görüləsi işlər də hər gün dəyişir. Amma iş üçün əsas şərtlər var, onu da bilməyin vacibdir. Əvvəla, maaş kartın düz bir il bizdə qalacaq. İlin tamamında gəlib götürərsən. Elə bilmə ki, bu pul bizim cibimizə axacaq. “Yuxarıdan” bir tük belə əskik olmaz, nə gəlir, nə gedir hamısını yaxşı bilirlər. Bizi burda elə belə, xala xətrin xatirinə otuzdurmurlar. Hər şeyin haqq-hesabı var. Hər şey aşağıdan yığıla-yığıla yuxarıya gedir. Allah atalara min rəhmət eləsin, “balıq başdan iylənir”, – deyiblər. Kənardan baxan da deyir ki, aşağılar cib kəsir, yumurtadan yun qırxır. Vallah, nə gizlədim, bu sökə-sök, ötür-ötür oyununda qəpik-quruş da bizə qalmır.
-Deyirsiniz, məni işə götürsəniz, düz bir il maaş kartım sizdə qalacaq? Bəs bu bir ildə mən nə yeyib, nə içəcəm, ailəmə nə aparacam? Boş ümidlə, quru vədlə ailəni nə qədər aldatmaq olar axı?! Yazıq deyillərmi?..
-Yazıq niyə olurlar. Əlinin altında o qədər işçilərin olacaq, elə hərəsi bir görüm-baxım eləsə, gör qazancın nə qədər olar. Hələ bir az zirəng tərpənsən bizi də sevindirmiş olarsan…
-O yazıqlar nə alırlar ki, hələ üstəlik ona gözümüzü də dikək. Qiymətlər od tutub yanır, dükan-bazara girmək də olmur. Xeyir-şərdə görünmür, elə bil bu üçgünlük müvəqqəti dünyada bağ-böstan uyuğu, müqəvvası kimi yaşayırsan. İrinə-qana bulaşmış o çörəyi mən necə yeyə bilərəm, haram tikəni halal süfrəmə necə daşıya bilərəm?! Elə bilirsən, Allahın cəzası yoxdur?! Gec gələr, ancaq güc gələr… Vallah, elə yandırar ki, dərdinə əlac da tapa bilməzsən… Siz mənə iş təklif etdiniz, buna görə sağ olun. Ancaq mən o təklifə qoşula, o günahla yaşaya bilmərəm…
-Özün bil!.. Quru bəyliklə qarnın doyacaqsa, kefin istədiyin qədər də gəzə bilərsən. Amma unutma ki, fürsət də quş kimidir, uçdumu, bir də geri qayıtmaz…
Fəxri yenə suyu süzülə-süzülə küçəyə çıxdı. Yenə sıxıntılar, yenə ağrı-acılarla üz-üzə qaldı. İçində aranı dağa, dağı arana daşıdı. Dünya fikir-fikir, biçim-biçim içindən keçdi. İndi neyləməli idi? Özünə də çatmadı. Daha üz tutası, ağız açası bir yer də ağlına gəlmirdi. Ürəyində anasını qınadı. Dönə-dönə qınadı. Subay olsaydı, nə vardı ki, dostu Sənana qoşulub, Urusiyətə gedəcəkdi. O gün zəng çalmışdı Sənan, kefi yerindəydi. Əlinin yaxşı gətirdiyini, deyirdi. Bax, anam elə addımbaşı tələsdirirdi ki, “evlən, evlən!” Bir az möhlət qoparmaq, fikrindən yayındırmaq istədim: “Ay ana, bu qayğıların içində evlənmək mənim harama yaraşır! Qoy təhsilimi tamamlayım, əlim çörəyə çatsın, sonra düşünərəm. Bir də, bacı-qardaşlarım var, onlara da yiyə durmaq, oxutmaq lazımdır axı?!” – deyirdim. Dediyim, sanki ona çatmır, inadından dönmürdü ki, dönmürdü. Həə, ana, evlən deyirdin, evləndim, indi əlim bala batıb. – Fəxri anasıyla xəyalən danışırmış kimi dedi. – Özümü dolandıra bilmirəm. Evdə üç uşaq var, məndən çörək gözləyirlər. Onların üzünə çıxmağa da utanıram. Ehtiyac, sıxıntı nə qədər olar?! İl-ildən də pis gəlir. Zalımın qızı təhsilimi bitirməyə, gözümü açıb dünyanı nə rəngdə olduğunu görməyə də macal vermədi. Elə bil ürəyinə damıbmış, “İlkim sənsən, sənin toyunu görüm, daha dünyadan istəyim yoxdur… gözüm də arxada qalmaz. Köçəndə də rahat köçüb gedərəm. Bilərəm ki, evimizin işığını yandıran, balalarımı süfrə başına, ocaq istisinə yığan var!..” – demişdi. Elə bil durna köçüydü, həsrət yükünə bürünüb beləcə, sakitcə də köçüb getdi. “Evin böyüyü sənsən, biz olmasaq da, bacı-qardaşlarına yiyə durub, ev-eşik sahibi edərsən!..” Bu son sözü, köç qabağı son vəsiyyəti idi anasının. Bu sözləri qırıla-qırıla deyərkən gözlərində yaş gilələnmişdi. Görünür, yaşamaq, yaşamaq istəyirdi. Kim yaşamaqdan bezib ki?! Həyat həmişə gözəldir, əzabları olsa da, olmasa da…
Gülsabah ömür-gün yoldaşı Fəxrinin xasiyyətinə yaxşı bələd idi. Bir işi yerində olanda sevincini gizlətməz, uşaqlarını bir-bir qucağına götürüb marçıltıyla üz-gözlərindən öpər, atıb tuta-tuta: “Həə, deyin görüm, kimin belə gül balası, Ay parçası var?!” – deyirdi. İndi heç nə demədi. Sifəti turşumuş ayran kimi büzüşmüş, alt dodağı yer süpürəcəkmiş təki sallanmışdı. Tez-tez gözləri məchulluqda ilişib qalır, sanki bu dünyadan ayrılıb öz aləmində xəyalları, xatirələri ilə oyalanırdı. Bir stəkan çay gətirdi Gülsabah. Öləziməkdə olan ocağın o biri üzündə, əri ilə üz-üzə oturub, maşayla külləşmiş közləri qurdalaya-qurdalaya:
-Bilirəm… – dedi. – İşin yenə alınmayıb. Neyləmək olar. İşsizlik bir bəladır. Burada sənin günahın yoxdur. Kim istəməz ki, ailəsinin bir tikə halal ruzusu olsun?! Belə getsə, kənd də boşalacaq, bir başıpapaqlı da qalmayacaq. Kişilər şələ-şüləsini qoltuğuna vurub çörək dalıyca Urusiyətə qaçır. Burda yurdunu, isti oşağını dağıdıb, orda Tanyaların, Manyaların işığını yandırır. Yox, yox, iş məsələsində mən heç vaxt səninlə üz-üzə gəlmərəm. Görürəm, çırpınırsan, səhər evdən çıxıb, axşam gəlirsən. Axtarırsan, kim bilir, neçə-neçə yaramazla, şərəfsizlə üz-üzə gəlib xahiş-minnət edirsən. Qəhətə çıxan bir tikə çörək üçün kimlərin, kimlərin qapısını döyürsən. Günahı olanlara, Allah, lənət eləsin! Çörəklə də insanları sınağa çəkmək olar?! – Gülsabah nəfəsini dərib, ocağın gözünü qurdalaya-qurdalaya bir qədər susdu. Gözlədi ki, Fəxri çayını içib, neyləmək lazım olduğu barədə bəlkə bir-iki kəlmə danışa. Onun qımıldanmadığını görüb, handan-hana dilləndi. – Nə olar, man deyil! Qoy Tavad xalayla qonşu rayonun bazarına göy-göyərti aparım. Deyirlər, yaxşı gedir, camaat ət, yağ tapa bilməsə də, göy-göyərti ilə birtəhər keçinirlər. Görürəm, gün-günorta əyləmi təzəcə eləmiş qayıdıb gəlir. Dost-doğma xalandır, yalan ha deməyəcək. Ona nə düşüb ki, yalan danışa, dünya malına görə dinini-imanını, axirətini yandıra. Satılır göyərti, deyir, yaxşı satılır. Hər gün on-on beş manat təmiz qazancı da olur. Buna da min şükür, indi kim bu pulu havayı verir insana.
-Heç bilirsən, bazarda yer tutmaq üçün saat neçədən gedir? Saat dörddən!.. Səhərin o ayazında, şaxtasında. Kiminsə, şirin yuxusuna haram qatmadığı vaxtda. Yazığın heç əllərinə fikir vermisənmi, qaralıb, şaxtadan-sazaqdan da çat-çat olub…
-Neyləsin, evin bütün ağırlığı çiyninə düşüb. – Gülsabah sual dolu baxışları ilə Fəxrini süzüb dilləndi: – Əri yoxdur, ölüb, kişi kimi qadındır. Dişiylə, dırnağıyla çörək qazanır, kirpiyilə od götürür. Bəs o işləməmiş kim işləyəcək, çörək nurdanmı tökülür?
-O əzab, o ağrı vaxtsız çiyinlərini əzir, ömrünü çürüdür axı?..
-Kiməsə boyun əymir, kiminsə tənəsini yemir… Pisdirmi məgər?!.
O gün Gülsabahla Fəxri bu barədə çox danışdılar. Hətta sözləri də çəp gəldi. Bir az gileyli, incik də düşdülər. Sonra yenə anlaşıb, Tavad xalayla yol yoldaşlığına razılaşdılar.
İlk gün təmiz on manat qazanc qalmışdı. İlahi, uşaqlar bir sevinirdilər ki?! Hərəsinə bir sorma, manpası almışdı. Ev elə bil böyümüş, işıqlanmışdı… Görəsən, ürəkdən gələn uşaq sevincini görməkdən böyük xoşbəxtlik varmı dünyada?!
Müharibənin başlaması xəbəri ildırım sürəti ilə yayılmışdı. Ermənilərdən hər şey gözləmək olardı. Ağalarının sədaqətli köpəkləri idilər. Boyunlarına xaltanı salıb siyasət meydanında hara gəldi sürüyürdülər. Fəxri bərk sarsılmışdı, eşitdiyinə inana bilmirdi. 27 il həyasızcasına qara-qışqırıq salıb “müharibə ola bilməz” deyənlər, Qarabağdakı erməni işğalına “ədalət” donu biçir, onların nazı ilə də böyük təşkilatları oynamağa məcbur edirdilər. Dünya boz siyasəti ilə gözdən düşür, göz görə-görə ədalətsizlik, başıpozuqluq ayaq açıb yeriyirdi. Müharibə başlayıbsa, demək, böyük oyunun zənciri hardasa qırılmışdı.
Fəxri süfrə başında oturmuşdu. Arvadı Gülsabah Tavad xala ilə bazardan bir-iki saat olardı ki, qayıtmışdı. Şor balıq almışdı Gülsabah, içini doldurub sac altına qoymuşdu. Allahım, balıq da nə balıq, iyi bütün evi bürümüşdü. Yemək istəməyəni də iştaha gətirirdi. Əli üzündə qaldı Fəxrinin. Yerindən dik qalxıb, “Uşaqlar sənə əmanət, Gülsabah, anam gəlini!..” – dedi. Pencəyi çiyninə atıb həyətdən çıxdı. Maşına minmək üçün kəndin o başına da getmədi. Korun-korun, sısqa-sısqa axan Qarayar çayın üstündəki körpünü keçib kəsə yolla, Minay təpəsi tərəfdən rayon mərkəzinə tərəf addımladı. Böyük şose yolu boyunca elə bil maşın axını da güclənmişdi. Polis maşınının səsgücləndirici ilə yolu aça-aça hərbi karvanı da çəkib gətirməsi apaydın görünürdü. Zirehli maşınlar günün günorta çağı işıqlarını da yandırıb irəliləməsiylə hamıya başa salırdılar ki, tələsirik, yolumuzu açın, ləngitmək olmaz. Axın cəbhəyə gedirdi.
Fəxri rayonun hərbi komissarlığına çatanda gözlərinə inanmadı. Adam əlindən tərpənmək olmurdu, iynə atsan, yalan olmasın, bəlkə də yerə düşməzdi. Hamısı könüllülər idi, qeyrət məqamı idi, cəbhəyə yazılmaq, getmək üçün gəlmişdilər. Məqsəd bir idi: “Ölərik, Qarabağı vermərik! Hər qarış torpağımız düşmənə məzar olmalıdır!..” 44 günlük Vətən müharibəsi bu həyəcan, bu ağrı-acıyla başlayıb, bütün dünyanı silkələyən qələbə ilə qurtardı. Sanki ilahi bir möcüzə idi. Düşmənin ayaqları altından torpaq qaçmışdı. Qarabağın tacı, gözəllik beşiyi Şuşa alınmış, rayonlar həsrətdən, işğaldan qurtarmışdı. Küçələr, evlər sanki bayraq olub dalğalanırdı. Ekranlardan, efirlərdən boy-boy boylanan “dəmir yumruq” ermənilərə, paşinyanlara, havadarlarına tuşlanmışdı”. “Bəs nə oldu, Paşinyan?!” kəlamı uşaqlı-böyüklü hamının dilində bitmişdi. Bu ovqatın boy verdiyi bir vaxtda Fəxri qalib ordunun əsgəri kimi geri qayıtmışdı.
Fəxrigilin kəndi üç şəhid də vermişdi. Bunu kəndə qayıdanda bilmişdi Fəxri. Elə həmin gün də onların ata ocağına getmiş, öz ürək ağrısını bildirmişdi. Qəribəydi, elə bil hansısa ilahi bir güc kəndi qüvvətli əlləriylə tutub bərk-bərk silkələmişdi. Fəxrinin qoyub getdiyi kənd 44 gün əvvəlin kəndi deyildi. Kənd, sanki qeyrət, qürur qoxusu verirdi. Adam arzularına baş qoyub, ümidlərinə sığınıb yaşamaq, yaşamaq istəyirdi…
Müharibə bitsə də, onun acı fəsadları hələ indi-indi üzə çıxırdı. Fəxri axşamlar tez-tez diksinir, sayıqlayıb öz-özünə danışır, qan-tər içində boğula-boğula: “Mərmi!.. Mərmi!!. Tez olun… tez olun, səngərə yatın! Düşməni yaxına buraxmayın! Vurun, vurun!..” – deyə qışqırıb yerindən dik atılırdı. Gülsabah təlaş, həyəcan içində onu sakitləşdirir, yaş əskiylə onun üz-gözünün soyuq tərini silirdi. Rayonun həkimbaşı Rəsul ümid verib: “Tezliklə keçib gedəcək!..” – deyir, kəndin ara həkimi, xəbər poçtalyonu Mirnisə arvad cəddini çağırır, baş sındırıb gicitkana cincilim qatır, suda yaxşı-yaxşı qaynadıb üfürə-üfürə, dodağının altında nəyi isə mızıldana-mızıldana suyu süpürgə ilə həyət-bacaya çiləyirdi. Guya cinlər-şəyatinlər ağırlıq gətirib, indi ovsunlanıb, tilsimlənib çəkilib gedəcək.
Hamı səfərbər olunmuşdu. Hamı yumruq kimi birləşmişdi. Fəxrinin içində bir ümid işığı yanırdı. Daha insanlar soyuqqanlı, biganə olmayacaq, yaxşılara əl uzadacaq, yaxşılığa üz tutacaqdılar. O da, daha çörək dərdi, iş dərdi çəkməyəcəkdi. Bu, uydurma, şirin bir yalan deyildi. Özünün də inandığı inam, doğan günəş idi. Zarafat deyildi, o böyüklükdə odun-alovun içindən çıxmışdılar. Gecəsi gündüzündən seçilməyən odun-alovun. İlahi, sanki torpaq da yanırdı, cızdığı çıxa-çıxa. Bəs bu gündə birləşməyib hansı gündə birləşəcəkdilər?!..
İki ay da beləcə ötüb keçdi. Bu evə gələnlərin də ayağı yavaş-yavaş kəsildi. Çörək təknəsi boşaldı. Ehtiyacı, sıxıntını qapıdan qovsalar da, pəncərədən girdi. Yenə iş dalıyca qapıları döydü. Yenə ümidsizlik, yenə inamsızlıq. Yaddaşına yazılmış bir misranı dodağının altında təkrarladı: “Dünya düzəlmir ki, düzəlmir, baba!” Sevdiyi şairin adını xatırlaya bilməsə də, ürəyində min kərə rəhmət oxudu. Sözlə dünyanın şəklini çəkmişdi. Sanki dinlədikcə, səs də rənglərə boyanıb tökülürdü. Dünya sirli bir dünyaydı, vaxt körpüsündən keçib getdikcə, onun altından axan sular kimi, heç nəyi vecinə almadan axıb gedirdi…
Bu kənddə bir balaca imkanı olanlar istixanalar düzəltmişdilər. Qaz olanda qazla, olmayanda odun peçiylə isidirdilər. Göy-göyərti əkirdilər. Müştərisi də başının üstündəydi. Axşamdan dəstələyib qonşu rayona satmaq üçün gedənlərə verər, gedənlər də, sağ olsunlar, halallığı itirməyib qəpiyinə qədər hesablayıb, qaytarardılar. Beləcə, hamı bir-birini yola verib dolanırdı. Bazara gedənlər çox deyildi, cəmi beş-altı nəfər. Yuxusuz qalmaq, günün yarısını ayaq üstə keçirmək zarafat deyildi. Bazarda yer tutmaq üçün səhərin gözü açılmamış yola çıxar, sürücü Rəfi kişinin üstü çadırlı maşınına göy-göyərti kisələrini yükləyib gedərdilər. “Optavoy” deyənlər – yeməkxanalara, toylara, Allah iraq eləsin, yas məclislərinə bir yerdən götürənlər lap tezdən, saat altıdan gələrdilər. Məclislərini yola verməliydilər axı?! Dan yerinə xal düşüb, həyalı qız kimi günəş üfüqdən boylananda adi adamlar tək-tək axıb gələr, istədikləri qədər alıb gedərdilər.
Hərdən düşünürdülər, axı bu rayonun adamları niyə bu qədər göy-göyərti sevən, göy qutab, kükü dəlisidirlər?! Torpaqları şoran idi, yəqin əkə bilmirdilər? Bəlkə kasıb idilər, göy-göyərti də ucuz olduğu üçün birtəhər başlarını girələyirdilər? Yox, sən deyən də kasıb deyildilər, çoxlu mal-qara bəsləyir, toyuq-cücə saxlayırdılar. İnsafən, Allah verəndən də çox şeyləri yerindəydi.
Hava birdən-birə çox soyumuşdu. İki gün idi ki, aramsız yağan yağış dünən axşamdan sulu qara, sonra da qara çevrilmişdi. Narın-narın qar yağırdı. Düzü dünya ağ örtüyə bürünürdü. Çox vaxt dili-topuğu quruyan Qarayarçayın gözünə işıq düşmüşdü. Burovar sanki arzuları, ümidləri ilə köpüklənib çay aşağı Çala qoruğuna sarı axıb gedirdi. Bayırda xırdaca qar dənəcikləri pəncərəni naxışlayır, soyuq külək tüstünü buxarının ağzından alıb, oynada-oynada dər-divara çırpırdı. Belə soyuqda it də başını çölə çıxarmaz, deyirdilər.
Fəxri pəncərə ağzında dayanıb, taxtapuşdan asılmış küləyin oynatdığı elektrik lampasının zəif işığında həyətə baxdı. Göz-gözü görmürdü.
-Yox, sən getməyəcəksən! – Zabitəli səslə dilləndi Fəxri. – Mən gedəcəm. Axşam çağından da göy-göyərtini kisələrə yığıb gətirmişik. Çox saxlamaq da olmaz… bir az da keçsə, saralıb-solacaq. Allah eləməsin, getsən xəstələnərsən. Onda gərək gətirəcəyinin də üstünə bir o qədər qoyub həkimə verəsən ki, səni sağaltsın…
Qar aramsız-aramsız yağırdı. Külək piştaxtaların açıq dər-divarından içəri soxulur, arabir hirsini-hikkəsini toplayıb qarı sovruqlayırdı. İstilənmək üçün ayaqlarını yerə döyməkdən yorulmuş Fəxri Sənanla qulpsuz, yanmaqdan hisə-pasa bürünmüş vedrədə taxta, karton qırıntılarından oçaq qalamışdılar. Tüstüdə boğulmaqdan qorxan qızılı alov dilimləri havanı cırmaqlaya-cırmaqlaya yuxarı qalxır, yanıb çırtladıqca çınqı-çınqı ətrafa səpələnirdi.
Sənan qonşu kənddən idi. Fəxriylə bir məktəbə getmiş, düz on il bir partada oturmuşdular. Gəncədə oxumuş, baytarlıq diplomu almışdı. Hara baş vursa da, iş deyib ümid verən olmamışdı. Hələ subay idi, ailəli deyildi ki, nəyinsə qayğısını çəkə. Bir gün hər şeydən bezib, tələbəçilikdən qalma göy çamadanını qoltuğuna vurub Urusiyətə getmişdi. İşi pis gətirməmişdi. Göy-göyərti, mer-meyvə sata-sata özünü yaxşı tutmuşdu. İkinci il özü daha bazara çıxmırdı. Bazarda altı yer götürüb, satıcı tutmaqla öz işini yola verirdi. Bir zaman pul üzünə həsrət qalan göy çamadan, göy əskinaslarla dolurdu. O pulla Sənan Bakıda bir ev almaq və dədə yurdundakı köhnə evi sökdürüb təzələmək istəyirdi. Hələ nə qədər də pul artıq qalırdı. Üç ay bundan qabaq telefonda danışanda Fəxrini də özüylə gəlib aparacağına söz vermişdi. Ancaq…
Təyyarəyə bilet almaq üçün aeroporta gəlmişdi Sənan. İstanbuldan qayıdan sərnişinlər axınla içəridən çıxırdılar. Düzü, onların ovqatı o qədər gözəl idi ki, hələ Sənan dayanıb həsədlə baxa-baxa dərindən bir köks də ötürmüşdü. Nə gizlədək, İstanbul onun üçün şirin bir nağıl, möcüzəylə dolu əfsanə, əlçatmaz bir uzaqlıq idi.
Taksi gözləyən sərnişinlərdən biri elə bil onu ovsunlamışdı. Sənan gözlərini ondan çəkə, yerindən tərpənə bilmirdi. Mavi gözlü, sarışın qız da, deyəsən bu baxışları tutmuşdu. O, bu baxışların işığında əriyir, içində bir xəyal dünyası qururdu. Birdən-birə cəsarətlənib irəli yeridi. Taksi tutub, qızı əyləşdirdi. Məmnunluq içində tanış da oldular, qızın telefonunu götürdü Sənan. Həkim idi qız. Şəhərin mərkəzindəki o yeddi mərtəbəli xəstəxanada göz həkimi işləyirdi. Həmin gün bilet almaq, heç Sənanın yadına da düşmədi. Kirayə qaldığı evə qayıdıb Anna ilə görüşəcəyi günün vaxtını ürəyində əriş-arğac elədi. Düşünürdü, Annanı şəhərin ən bahalı, köpüklənə-köpüklənə axıb gedən çayın üstündəki o “Qağayı” restoranına aparacaqdı. Həmişə çal-çağırlı, qonaq-qaralı “Qağayı”ya. Orada Sənan iki kərə oturmuşdu. Tez-tez yanıb-sönən əlvan rəngli işıqlar adamı elə bil sirli-sehirli nağıllar dünyasına çəkib aparırdı. İndi evdə dörd divar arasında sıxılan Sənan o nağıl gecənin sehri ilə yaşayırdı. Bu evə çox sarışınlar gətirmişdi, elələri lap elə özləri gəlmişdi. Ancaq heç biri yadında qalmamışdı. Bir-iki saatlıq nəşə, dağın döşündə, uçurumlu dərədə sürünən duman kimi ələnib, keçib getmişdi. Amma Anna keçib gedən dumana bənzəmirdi. O, bu evdə olmasa da, xəyalı hər gün bu evdə böyüyür, böyüyürdü. Restoranda oturduqları gündən bəri telefonları susmur, gecə yarısına qədər danışırdılar. Hədiyyə, gül buketi bağlatdırıb göndərir, içində hələ indiyə kimi duymadığı qəribə bir hiss əl-qolunu bağlayırdı. Daha kəndə də qayıda bilmirdi. Hələ hisslərin içində çırpınır, nə etmək lazım olduğunu kəsdirə bilmirdi. Anna ilə görüşünün gərək ki, onuncu günü olardı. Onu evlərinə ötürüb geri qayıdırdı. Yarıqaranlıq blokda otağının qapısını açıb içəri girmək istəyərkən üç gənc hardansa ortaya çıxıb Sənanı otağa itələdilər. Biri Annanın qardaşı idi. Üç gün əvvəl küçədə qabağını kəsib: “Yolunu azma, oğlan… öz yolunla get!” xəbərdarlığını edən qardaşı. İndi heç nə demədən Sənanı özündən gedənə qədər doyunca döydülər. İki gündən sonra özünə gələndə canının ağrısından tərpənə bilmirdi. Qolları, ayaqları bağlanmış, ağzına yapışqan lenti vurulmuşdu. Ən ağrılısı o idi ki, göy çamadan getmişdi. Yanına “Əl-qolunu açana qədər yaşamaq haqqı veririk. Çəkin, polisə də getmə, polis də bizim adamdır. Dərdini kiməsə anlatsan canından olarsan! Torpağında ölüm-qalım savaşı gedərkən, qeyrətli oğul bazarlarda veyllənmək, onun-bunun namusu, qeyrəti ilə oynamaqdansa, Qarabağda ölməsi daha yaxşıdır!.. Dazbaş Vova” sözləri yazılmış kağız parçası, bilet pulu və yol xərci qoyulmuşdu. “Dazbaş Vova” deyəndə, kimə ilişdiyini anladı. Onu bu şəhərdə, lap elə bu vilayətdə tanımayan yox idi. Cızığından çıxanların qənimiydi. Onlardan qopardığını ehtiyacı olanlara paylardı. İşi müşkülə düşənlər də üstünə qaçardı. Ondan çəkinənlər çox olsa da, sevənləri də az deyildi. Necə gəlmişdisə, eləcə də qayıtmalıydı Sənan. İki gün ərzində üst-başını batırması xəcalətindən özünə gələ bilmir, dərdini kiməsə açmağı özünə sığışdırmırdı. Şalvarından gələn pis qoxu, sanki onu qarabaqara izləyir və içində nə çəkdiyini bir özü, bir də Allahı yaxşı bilirdi. İçəridən onu yeyən bu ağrı-acıyla da qayıtdı Sənan. Müharibə də bitmişdi. Ötən günləri xatırlaya-xatırlaya bazarda göy-göyərti alveri edir, Fəxrinin döyüşlə bağlı söhbətlərini eşitdikcə, ürəyindən keçirdiyi “köpəy oğlu “Dazbaş Vova”nın qızıla tutulası sözləri”ni içində sinirə bilmirdi. Rus olanda, nə olar, yalan ha deməmişdi?!..
-Mirab gəlir!.. Mirab gəlir!.. – Sənan gileyli-gileyli dilləndi. – Bu zalım uşaqlarının insafları yoxdu məgər?! Barı imkan verəydilər, heç olmasa bir siftə edəydik… Qardı… çovğundu… qiyamətdi… Yer-göy qarışıb, gələn yox, gedən yox! Bunlar da bir tərəfdən tələsdirir ki, yerpulumu ver!..
Soyuqdan köhnə, nimdaş paltosunun yaxalığını qaldırıb sanki içində gizlənməyə çalışan Mirabdulla kişi büzüşə-büzüşə, nədənsə gileylənə-gileylənə gəlirdi. Deyəsən, bu gün heç kim yerpulu vermək istəmirdi…
Birdən nə baş verdi, nə oldu, Fəxri heç özü də bilmədi. Yerindən dik atıldı. Qəzəbindən rəngi boğuldu, bədənini əsməcə bürüdü. Az qala hədəqəsindən çıxacaq gözləri bərəldi. Beyni dumanlandı. Sanki piştaxtalar gözünə səngər kimi göründü. Orada yağış da, qar da beləcə yağırdı. Heç nə eyninə deyildi. Çünki qarşıda düşmən var idi. Fürsəti əldən verməyən düşmən.
-Vurun!.. Vurun!.. – Fəxri dəlicəsinə bağırdı. Soyuq səngərə qısılırmış kimi, piştaxtaya sıxılıb, göy-göyərti dəstələrini – kişniş, vəzəri, şüyüd, soğan, turp dəstələrini mərmi atırmış kimi qabağa tullayıb: – Aman verməyin qarı düşmənə!.. Qoymayın!.. Qoymayın yaxına gəlsinlər! – deyə qışqırır, piştaxtanın üstünə qalxıb, yaxasını aça-aça təpiklərini piştaxtaya döyəcləyirdi. Qorxusundan yerində donub qalmış Mirabdulla kişi cınqırını çıxara bilmir, ürəyində bu xata –bəladan uzaq olmaq üçün Allaha yalvarırdı.
Sənan böyük təlaş, həyacan, sarsıntı içində Fəxrinin yaxasından tutub özünə sarı çəkir, qucaqlayıb üz-gözündən öpürdü. Fəxri sakitləşmir, dartınıb yaxasını qoparmağa çalışır, yerində atılıb-düşür, dəlicəsinə bağırır, bağırırdı…
Sənan Fəxrinin sakitləşmədiyini görüb, qəfildən ona möhkəmcə bir sillə ilişdirdi. Şappıltıyla açılan sillənin səsi, üzündə hələ də barmaqlarının izi qalan zərbəsi onu elə bil ki, qəflət yuxusundan ayıltdı, dərin sarsıntıdan çıxartdı. Özünə gəldi. Harda olduğunu yavaş-yavaş anlamağa başladı. Hər şeyi məhv etmişdi, göyləri qom-qom palçığa, ayaqlar altına səpələmiş, yararsız, əzik-üzük vəziyyətə salmışdı. İndi pulunu necə qaytaracaqdı? Uzunboğaz ayaqqabısının altı cırılıb, su verdiyindən məktəbə gedə bilməyən, üzündən öpüb, ürəkli-ürəkli: “Darıxma, ceyran balam, lap təzəsini alacam!..” – söylədiyi qızının üzünə necə baxacaqdı?! Utandı. “Allahım, mən neylədim… mən neylədim!..” – deyib əlləriylə üz-gözünü tutub yerə çökdü, zülüm-zülüm ağladı. Ürəyi boşalıncaya qədər ağladı.
Bəlkə… bəlkə də ömründə birinci dəfə idi ki, belə ağlayırdı…