
Əvvəli burada: Müqəddəs Zəfər: 3 -cü hekayə
Qayalıqda tənha ağac
(Müqəddəs Zəfər: 4-cü Hekayə)
-Ata, ata… qalx ata, işin yarımçıq qalıb… İşini qurtaranda mənə yağlı boya, bir də fırça alarsan. Yaxşı ata? Özü də heç kimlə göndərmə, özün gətir. Yaxşı?
-Yaxşı mənim mələk balam, özüm gətirəcəm.
-Söz verirsən? Bax, anam da yanımdadır, o da eşidir.
-Hə, Turan, mən də şahidəm. Mələk qızımızın sözünü yerə salma, yoxsa…
-Yoxsa nə? İnciyərsən? Yox gözəlim, mən buna imkan vermərəm… nə də dözə bilmərəm…
-Mənim mərd balam! Qalx, get vədinə əməl elə!
-Ana, sənsən? Nə qəribə geyimdəsən? Saçların rəngində…
-Burda hamı belə geyinir, mənim balam. Qalx igidim, işini sona çatdır!
-Qalxa bilmirəm ana…
-Ata… qalx da… fırça, boya yadından çıxmasın haa…
-Neynirsən onları qızım?
-Şuşa Qalasının şəklini çəkəcəm.
-Şuşa Qalasının? Sən Şuşanı görmüsən ki, mələk qızım?
-Həə, görürəm, indi görürəm. Qan içindədir… karandaşla cizgilərini də çəkmişəm… sən də ordasan…
-Göstər görüm! Bəs o səmadakılar nədir? Heç quşa oxşamırlar…
-Quş deyillər, ata. Onların ürəyi dəmirdəndir, qanadlarında ölüm daşıyırlar… Sən öz işini sona çatdır ki, onlar da yenidən quşa çevrilsinlər… qalx ata!
-Qalx Turan! Qalx, mənim həyatım!
-Qalx oğlum! Qalx igidim! Yoldaşlarını darda qoyma… sən onların son ümidisən…
-Hara gedirsiniz? Ana! Məni də gözlə!
-Yox! Sənin üçün bura gəlmək hələ tezdir. İşini başa çatdır…
-Ana… Aysel… Mələk…
… Əlli cürə səsin qarışığından beyni az qalırdı ki, parça-parça olsun. Özündən ixtiyarsız olaraq əlləri ilə başını var gücü ilə sıxırdı… Sıxdı, sıxdı və birdən bərkdən, lap bərkdən bağıraraq gözlərini açdı. Səsi qayalara çırpılıb qulaqlarına dolanda ayıldı. Başının üstündən Şuşa Qalasına tərəf uçan raketlər sanki mərmilərlə bəhsə girmişdilər… Onu ayılmağa sövq edən hansı qüvvə idi? Doğmalarının çağırışı, başı üzərindən sürətlə uçan mərmilərin, ya qulaqlarının uğultusu, yoxsa?… yoxsa öz bağırtısı, qəlbinin hayqırtısı?…
Nə olmuşdu, necə olmuşdu, indi o hardadır, niyə belə taqətsiz şəkildə uzanıb, onu saxlayan nədir, niyə qolları havadadır?… Əlləri salamat idi, ilk olaraq bunu dəqiqləşdirə bildi- əllərini yuxarıya qaldırıb öz gözləri ilə gördü. Bədəni, ayaqları daş kimi idi, keyimişdi. Təkcə sağ dabanında küt ağrını hiss edirdi. Yadına düşdü: onu güclü partlayışın dalğası geriyə tullayanda sağ dabanı nəyəsə ilişmişdi… bir də ki, havada uçduğu yadına düşdü… arxası üstə uçurdu… sonra… şaqqıltı səsi… onu kimsə qucağına alıb yuxarıya tulladı, yenidən qucağına aldı. Bu qucaq anasının qucağına həm bənzəyirdi, həm də yox- həm yumşaq idi, həm də yox… sonrası yadında deyildi… Sağ ayağı sallaq vəziyyətdə idi, sol ayağı nəyəsə ilişmişdi, başının üzərində nə isə yellənirdi. Bu ağac budağı deyildimi?! Budağı yana itələyib başına qaldırmağa cəhd elədi, başı çox ağır idi, 27 il çiyinləri üzərində şəstlə gəzdirdiyi başından çox-çox ağır idi. Lap zindan da olsa qaldırmalı idi, qaldıracaqdı, nəyin bahasına olursa olsun qaldırmalı idi ki, ətrafı müşahidə edə bilsin. Əllərini qabağa uzadıb başqa bir budaq tapdı, ondan bərk-bərk tutub özünə tərəf dartdı. İlk gözünə görünən qayalıq oldu- o, qayalıqdan asılı vəziyyətdə qalmışdı… Çətinliklə də olsa, oturaq vəziyyəti ala bildi. Ətrafa boylandı, ehtimalı tam təsdiqini tapdı- qayalıqdan sallanan bu ağac onu parça- parça olmaqdan xilas etmişdi. Bir neçə saat ərzində cəhənnəmə göndərdikləri onlarla ermənilərin leşlərindən fərqli olaraq onun cəsədinin qalıqları qurda-quşa qismət olmamışdı- Yaradana çox şükür! Bəs bu nə ağacı idi, belə şəraitsiz yerdə, qayaların şahlıq elədiyi bir məkanda necə bitib böyüyə bilmişdi? Gövdəsi Turanın biləyi qalınlığında olan bu ağac onun ağırlığına necə tab gətirmişdi?… Yulğun ağacının möhkəm və elastik olduğunu bilirdi. Rəhmətlik anasının yun çubuğu yulğun ağacının nazik budağından hazırlanmışdı. Bəs bu ağac?… özü də iynəyarpaqlı. Əgər meşə ağacı idisə, tikanları olmalı idi. Elə tikanlar ki, Turanın zirehli jiletinin metal lövhələri arasından da olsa özünə yol açıb onun bədənini deşməyə qadir tikanlar… Müvazinətini düzəldib qayalara tərəf irəlilədi. Daşlardan tuta-tuta yuxarıya qalxdı. Yolun kənarında dabanını zədələmiş daşı tanıya bildi. Çəkməsinin daban hissəsində daşın izi, daşın baş hissəsində isə çəkmənin izi qalmışdı. Snayper tüfəngi də daşa söykənib sahibini gözləyirdi. Sanki Turan özü söykəmişdi. Bilirdi ki, tüfəngdə güllə yoxdur. Elə bu səbəbdən də yola çıxmışdı- erməni leşlərinin ətrafında sahibsiz qalan silahlardan ən azı birini götürmək üçün. Lakin yaxınlıqda partlayan mərmi buna imkan verməmişdi… Yadına düşdü ki, mərmi Qismətin mövqeləndiyi yerin lap yaxınlığında partlayıb. Dərhal yolu keçib Qisməti axtarmaq istədi. Lakin Xankəndi istiqamətindən gələn tankın üstündən başına yağdırılan pulemyot güllələri buna imkan vermədi. Cəld bayaq ona badalaq atmış həmin daşın arxasına uzandı, daş indi onun xilaskarına çevrildi. Əlini kitelinin ürəyinin üstündəki cibinə saldı. Hər ehtimala qarşı saxladığı sonuncu güllə yerində idi. Döyüş yoldaşları hamısı belə edirdi, hələ üstünə ad və soyadlarının baş hərflərini də həkk edirdilər- hər ehtimala qarşı… Düşmən onu görmüşdümü, aydınlaşdırmaq mümkün deyildi, çünki, o, güllələri yol boyu sağa-sola səpələyirdi. Turanın isə yalnız bir dəfə atəş açmaq şansı vardı, yalnız bir dəfə… Güllə dığanın alnının ortasından dəydi, pulemyot dərhal susdu. Tank irəliləməkdə davam edirdi. Turan fürsətdən istifadə edib badi yoldaşının mövqeləndiyi yerə tələsdi. Lakin, gördüyü mənzərədən çox sarsıldı- Qismət şəhid olmuşdu, onun qumbaraatanı da bu səbəbdən susurdu…
-Qardaş! Niyə belə etdin, qardaş? Axı biz söz vermişdik- Cıdır düzündə, İsa bulağının qarşısında, Gövhər Ağa məscidində namaz qılıb önündə… şəkil çəkdirəcəydik… döyüşçü yoldaşlarımızla sənin toyuna gələcydik. Qardaş! Niyə əhdinə vəfasız çıxdın?…
…Tank yaxınlaşmaqda davam edirdi. Qismətin cəsədini arxası üstə yerə uzatdı, öz jiletini çıxarıb onun üstünə sərdi, bir ucu ilə üzünü örtdü. Qumbaraatanı götürüb yola çıxdı.
-Gəlin alçaqlar, görün qardaşlarımın qisasını sizdən necə alıram.
Bir qədər əvvəl Qismətin vurduğu, hələ də tüstülənən tank yolu bağlamışdı. Barıt iyi, yanmış cəsdlərin iyi bir-birinə qarışmışdı. Xankəndidən üzü yoxuşa, Şuşa istiqamətində qalxan asfalt yol belə cəsədlərin və alovlanan hərbi texnikaların aqibətinə şahidlik edirdi… Bu, yəqin ki, ermənilərin son həmləsi idi.
Turan bayaq arxasında uzandığı daşın yanında dayanmışdı, qumbaraatanı tanka tərəf tuşlayıb onun məhz tüstülənən tanka yanaşmasını gözləyirdi. Tank da elə həmin yerdə, Turanın istədiyi yerdə dayanıb lüləsini onun istiqamətinə yönəltmişdi. Mərmilər hər iki lülədən eyni anda çıxdı. İki mərmi qarşı-qarşıya uçurdu. Yolda bir-birlərinə tuş gələcək, ya yandan ötüb məqsədlərinə doğru irəliləyəcəkdilər? Hansı daha sürətli idi, ünvana daha tez çatacaqdı?…
Turan qumbaratanı qayalıqdan aşağı tullayıb özü də ardınca atılmışdı. Bu dəfə könüllü olaraq qayqlıqdan sallanan bayaqkı xilaskarına pənah aparırdı. İldırım sürətilə üstünə uçan mərmi buna imkan verəcəkdimi? Yol kənarındakı kollardan, üzü aşağı qaya daşlarından, uçurumun sonundakı ağacların budaqlarından sallanan, hələ qanları axan cəsədlərə, ya da ki, cəsəd qalıqlarına bənzər bir hala düşəcəkdimi? Əgər bütün bunlar heç biri baş verməsydi, bayaqkı ağac, həmin ağac, qayalıqda bitmiş o tənha ağac yenə də onun xilaskarına çevriləcəkdimi?!..
Turan son dəfə üzünü çevirib qala divarlarına tərəf boylana bildi. Bu o qədər ani bir zaman kəsiyində baş verdi ki, heç ən müasir elktron cihazlar belə həmin anın yaratdığı aydınlığı yaddaşında əks etdirməyə macal tapmazdı. Qala divarlarının başı üzərində səma tər-təmiz idi, daha o istiqamətdə dəmir ölüm quşları görünmürdü. Əks tərəfdə bir tank qülləsi alov donuna bürünüb uçuruma doğru yuvarlanırdı. Turan isə, hansı səbəbdənsə, qayalığı özünə yurd eləmiş o tənha ağaca pənah aparırdı…
Ardı burada: Müqəddəs Zəfər: 5-ci hekayə
Müəllif: Xəlil Mirzə,
Şair-publisist, AYB-nin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında