Streptosid oldu yeni mərhələ. O, yüz min insanı əcəldən aldı,
Ölkədə yurdunun şanı ucaldı.
Budur, başa çatdı gərgin iş günü,
Oturdu, astaca çəkib köksünü.
Parlayan gözləri bir az qıyıldı,
Üzündə təbəssüm, sevinc duyuldu.
Gedəcək evinə dəstə gül ilə,
Ömür-gün yoldaşı şirin dil ilə,
“Xoş gəldin” söyləyib, gözünə baxıb,
Bir azca qayğılı üzünə baxıb,
Açacaq süfrəni böyük həvəslə.
“Necəsən?” – soruşub eşq dolu səslə,
Çay da süzəcəkdir, pürrəng, məxməri,
Sonra da gülərək xoşcamal pəri,
Royalın dalına keçib astaca,
Bir “Ala gözlüm”ü çalar ustaca.
Yarımçıq qutudan bir siqar aldı,
Tüstünü üfürüb, xəyala daldı:
…Küləkli havaydı, qar da yağırdı,
İsmayıl Axundov onu çağırdı:
– Xanım hazırlayıb qurutlu xəngəl,
Bir neçə dost gəlir, Yusuf, sən də gəl.
Yusuf gülər üzlə gəldi dəvətə,
Bələddi mənəvi, ruhi sərvətə.
Nə bilsin, toxunub həzin bir simə,
Qəlbini çalacaq, burda eşq, demə.
Dayısı evinə gələn cavan qız,
Bəxtinə doğacaq, sanki bir ulduz.
Musiqi təhsili alırdı Bilqeys,
Piano, royalda çalırdı Bilqeys.
Qızın da gözündə şəfəq görüncə,
Bir ülfət yarandı onda, gizlicə.
İki ay görüşüb yaxınlaşdılar,
Görünməz sədləri birgə aşdılar.
Qızın əmiləri, dayısı bir də,
Sürgünə məruzdu uzaq Sibirdə.
Onunla evlilik bəlkə hünərdi,
Zaman göstərirdi namərdi, mərdi.
Yetirdi Yusufun eşqə cürəti,
Tərəddüd etmədi heç bir an qəti,
O, üzük, Bilqeys ləl qaşı oldu,
Ömrünün, gününün yoldaşı oldu.
Sakit, aram-aram axan o ildə,
Oynadı kainat sanki qəfildən.
Qırx birinci ildə o dəhşətli gün,
Günəşli səmada pozuldu sükun.
Sarsılıb dəniz tək dalğalandı xalq,
Birliyin gücünə arxalandı xalq.
Həyatı dəyişdi hər ayrı fərdin,
Hər kəsin payına düşən bu dərdi,
Yox edib silməyə bir can oldular,
Birləşən damlalar ümman oldular.
Nə gündüz, nə gecə bilmədi kimsə,
Ya alim, ya əsgər, ya da həkimsə,
Düşmənə səd çəkən səngər oldular,
Uşaqdan böyüyə bir ər oldular.
Bir idi, beş oldu fəhmi Yusufun,
Faşizmə yox idi rəhmi Yusufun.
Ədalət – vəhşətin tərs inikası,
Qılınctək kəsirdi onun zəkası.
Düşməni əzməyə mübahdı hər yol,
Mühümdü aldığı maddə – toluol.
Bununla uzağa düşən mərmilər,
Vururdu yağıya ağır zərbələr.
Alimin kəşfinə uyğun üsulla,
Şüşə bir silaha dönür bu yolla.
Atırmış düşmənə partizan, əsgər,
Bir anda partlayıb yağır qəlpələr.
Partlayan bu maddə salıb yanğını,
Çevirmiş məşələ düşmən tankını.
“Molotov kokteyli” söyləmiş buna,
Bu haqda deyəndə ser Uinstona.
Çox asan deyildi düşməni əzmək,
Torpaqdan, havadan alırdı kömək.
Yıxıb yox edirdi o quduz itlər,
Səmanın hakimi Messerşmittlər.
Söykəmiş üzünü əlləri üstə,
Xəyalı çırpınır, sanki qəfəsdə.
Dolub-boşalırdı Bilqeysin gözü,
Gəlmirdi cəbhədən xoş xəbər, düzü.
Az qala bir aydı evə gəlmədən,
Nə gündüz, nə gecə bilib-bilmədən,
Yusufla dostları axtarışdadır,
(Bu yöndə ölkələr lap yarışdadır).
Hər an çox mühümdür, öndə olmalı,
Ən yüksək oktanlı benzin almalı.
Bu benzin çeviklik, üstünlük demək,
Cəbhəyə, Vətənə yar olmaq gərək!
Dikəldi inamla, həzin həvəslə,
Gəzdi barmaqları dillərin üstə:
“Şiş ucları buludlarla döyüşən,
Dağlarında buzları var, ölkəmin…”
Çalındı qapının zəngi astaca,
Yetişdi qapıya lap qaça-qaça.
Bu gələn Yusufdu, mehriban əri,
Saçını əliylə darayıb geri
Söylədi: “Əzizim, bunu bacardıq,
Cəbhəyə “qan” verən benzini aldıq”.
Bilqeys atıldı onun boynuna,
Gözləri yaşardı baxanda ona.
Qürurla, sevinclə qabardı köksü,
Yusufun gözündə titrədi əksi.
Duyğular sel kimi axdı dərindən,
Sıxıldı qolları kürəklərində.
Gözündə jalətək bir gilə yaşdı,
Yoxsa o, Vətəni qucaqlamışdı?
…Külək vıyıdayır salıb hay-haray,
Yusuf da dincəlir, önündə tünd çay.
Bilqeys dinləyir onu həvəslə,
Nə qədər sevgi var bu doğma səsdə.
Vətənin fəxriydi, qüruru idi,
O, artıq elmlər doktoru idi.
Böyükdü uğuru cavan yaşında.
Gülərək söylədi: “Bəsdi işimdən
Danışdım, çəkmişəm bunca özləmi,
Dinləsəm olarmı “Ala gözlüm”ü?”
…Həzin bir musiqi qəlbinə doldu,
Ruhunun ecaza çatdığı yoldu.
Oktanı 100 olan bu benzin ilə,
Ölümlə oynayan güc, əzim ilə,
Sovetin zərbəsi artdı bir-beşə,
Düşmənlə gələndə göydə döş döşə.
Sərrast atəş ilə, ya da taranda,
Düşməni azdırıb, göydə vuranda,
Fürsətə dönərdi hər yol hər sayaq,
Dönmüşdü kabusa indi sadə “YAK”
Bir anda səmaya o, millənirdi,
Messerşmitt isə tüstülənirdi.
Min doqquz yüz qırx beş, iyun ayında,
Qələbə müjdəli ilin yayında,
Moskva şəhəri, Qırmızı meydan,
Birləşmiş alaylar keçir anbaan.
Paradı qəbula səf sıralanmış,
Bir neçə marşalla Jukov dayanmış.
Onlarla sırada o möhtəşəm an,
Məmmədəliyev də durub yanbayan.
Cəbhəyə verdiyi töhfələr üçün,
Ən uca zirvədə dayanmış bu gün.
Hələ çox görəcək dəyər, etimad,
Amma sınaqlar da verəcək həyat.
Elmiylə güc oldu elin qolunda,
Zəkası silahdı zəfər yolunda.
Zaman – min doqquz yüz qırx altıncı il,
O, təltif olundu – təsadüf deyil,
“Stalin mükafatı laureatı” –
O dövrün dəyərli təsdiq baratı.
Onunsa rəhbəri – qəlbinin səsi,
Ən böyük sərvəti – elin sevgisi.
İnsan bədəniylə gələn dühalar,
Zaman yetişməsə hər an çıxmayır
…İnsan öz-özünü biləndən bəri,
Dolaşmaq istəyib mavi göyləri.
Ulduzlu səmanın varmıdır sonu,
Nə qatda gözlədib kainat onu?
Kosmosu fəth etmək! Ay da bir inci,
Görəsən kim yetər ona birinci?
Dahi elm alimi çarəni tapdı,
Raketə yanacaq növü yaratdı.
Yeni kəşf insana verdi ki, imkan,
Kosmosu eyləsin əlçatan məkan.
İttifaq gözləyib hər an tədbiri,
Birinci süni peyk “Sputnik-1”-i,
Uçurdu səmaya, böyük qürurla,
Texniki vüsətin məğzi – şüurla.
Sınaqlar, kəşflər durdu sıraya,
Keçildi yeni dövr, yeni eraya.
“Vostok” gəmisində Yuri Qaqarin,
Dolandı orbital çevrəsin Yerin.
Bir çox rəsmilərlə vardı ölkənin
Paradda kralı alkilləşmənin.
O bir bağ saldı ki, hər zaman yaşıl,
Gün keçir, azalmır əsla bəhər, bar.
Məkanda, zamanda yol gələn irsi,
Özündən sonra da xatirələr var.
Böyük fond yaratdı əlyazmalardan,
Hər vərəq zülmətə nur saçan ziya.
İncilər yetirər nurlanan beyin,
Onların məbədi akademiya.
“Akademiyanı təsis eyləmək,
Yenə də borcumuz olardı bizim,
Olsaydı tək bircə Məmmədəliyev”, –
Demişdi Komarov lap sözün düzün.
Qırx beşdə yarandı məbədi elmin,
O, on beş həqiqi üzvündən biri.
Bu Odlar Yurdunu ucaltmaq üçün,
Qalmadı heç zaman heç nədən geri.
Prezident seçildi, – akademiya
Yaratdı tədqiqat institutları.
Qaranlıq dənizdə mayakdır onlar,
Bu gün də vüsətə çıraqdır onlar.
“İqtisad”, “Fizika”, “Kibernetika”
Ya da “Şərqşünaslıq” – nur ocaqları,
Onun təklifiylə ərsəyə gəlmiş,
Tədris sinifləri, dərs otaqları.
Yazıldı “ADU”-da rektor olanda
Kargüzar işləri öz dilimizdə.
O, beş dil bilirdi, eyni zamanda
Dilində səlisdi öz dilimiz də.
Qobustan məskəni ocaqdır qədim,
Tarixi izidir mədəniyyətin.
Qayalar saxlayan cızma şəkillər,
Qavaldaş çalaraq iz qoyan əllər.
Böyük bir zamanın sığdığı dastan,
Hələ də sirr olan milli mirasdan,
Rəvamı xələflər xəbər tutmasın?
Görkəmli alimlə xalqın şairi,
Böyükdaş dağında o susqun yeri,
Tədqiqat işinə nail oldular.
Bir çoxu qərəzlə etsə də inkar,
Qazıntı, analiz eylədi aşkar,
Bu yerdə mənəvi-milli dəyər var.
İnsana yurd olub qədim Qobustan,
Hər zağa eposdur, hər qaya dastan.
Bu illər içində budaqlandı elm,
Uğurlar deyilmi zəkanın barı?
Artıq tələbiydi dövrün, zamanın
Səmanın, günəşin tədqiqatları.
Təsadüf – aləmin məchul sirr qatı,
Tanrının yazdığı alqoritmidir.
Günəşin yanmağı onun həyatı,
Yerdə var oluşun ürək ritmidir.
Böyük Kəhkəşanda bir Hüma quşu,
O Yerə can verir, yoxdu minnəti…
Günəş çənbərində Yer – üzük qaşı,
Günəşdən başlanır Yerin Cənnəti.
Yol almış süni peyk, raketlər göyə,
Sirrini açarmı kosmos insana?
Kainat həm yaxın, həm uzaq deyə,
Yaratmaq gərəkdir bir rəsədxana.
Dəyanət göstərib təşəbbüs etdi,
Bir neçə alimlə Məmmədəliyev.
Nəhayət mərama, məqsədə yetdi,
“Gərəkdir optimal, uyğun yer”, deyib.
Pirqulu dağıydı seçilmiş məkan,
Səmanın qübbəsi aydın, hər gecə.
Şəhərcik salınsın çox gec olmadan,
Reflektor, teleskop, ŞAR-da bir neçə.
Sifariş olundu teleskop – böyük,
Güzgünün çevrəsi 6 metrdi.
Alimə qatarda olsa da lap yük,
Moskva şəhrindən özü gətirdi.
Alman istehsalı cihaz gələndə,
Erməni qonşular düşüb təşvişə.
Teleskop gərəkmiş Ermənistana,
Anastas Mikoyan qarışmış işə.
İclas zalındadır Məmmədəliyev,
Bu dəmdə təcili teleqram gəlir.
Mətnini oxuyub Nesmeyanovun,
Erməni fitnəsin, hiyləsin bilir.
Həmin dəm çıxır o, iclas zalından,
İclası tapşırır Topçubaşova.
Bir an da gecikmir, qalmır yolundan,
Yolçuluq bəllidir: Bakı – Moskva.
Gətirdi, teleskop çatdı ünvana,
O, gəldi qatarla üç gecə, üç gün.
Mümkünsüz olardı adi insana,
O isə müstəsna, fərqli büsbütün.
Astrofizika Rəsədxanası, –
Gözünün baxdığı səma dərindi.
Dağların qoynuna qonan şəhərcik,
Alimin soyadın daşıyır indi.
Qısa ömründəki böyük əməllər,
Bu günün banisi güclü təməllər,
Yaddaşa sığmayır, sözə sığmayır,
İnsan bədəniylə gələn dühalar,
Zaman yetişməsə hər an çıxmayır.
“İnsanın həyatı olsa lap yüz il,
Şam kimi yanmasa o, həyat deyil”
Havada bir azca yosun qoxusu,
Mürgülü dənizin qaçır yuxusu,
Bərkdən çığıranda ağ qağayılar.
Bulvarda ən zərif inci sayılar,
“Mirvari” kafesi görümlü yerdi,
Yusuf gülümsünüb asta deyirdi:
“Bilirsən, əzizim, çox sevirəm mən,
Ruhum qanadlanır, dincəlir bədən,
Dənizin laylatək səsi gələndə”.
Bilqeys söylədi: “Bax, elə mən də.
Səninlə duyanda aləmin səsin,
Mənə hüzur verir doğma nəfəsin”.
…Dənizə sallanır göyün məndili,
Parlayır çıraqtək səma qəndili.
Bir azca aralı gözləri ulduz,
Gəzinir qol-qola üç sevimli qız.
Qızları Gülarə, Sevda və Rəna
Hərdən gülümsünür, əl edib ona.
Bilqeysin qoluna astaca dəydi.
Gözləri bir qədər düşüncəliydi.
Sükutun içindən doğur xəyallar,
Bir ucu dünəndə böyük amallar.
Elmin fədaisi, dahisi olmuş,
Sevilmiş, seçilmiş, dəyər də almış.
Xəyalı bir az da keçmişə döndü,
Gözünə o ağır illər göründü.
Xidməti böyükdü xalqa, ölkəyə,
“Çox mühüm yanacaq, neft aldın” – deyə
Fəxri ad, həm orden, medal da almış,
Verdiyi töhfələr onu ucaltmış.
Sintetik kauçuk zavodu bu gün,
Nə qədər artırıb istehsal yükün.
Sonra “Neft Daşları” böyük möcüzə,
Əzmin təsviratı sığmayır sözə.
Torpağa saplanan polad dayaqlar,
Bir ada-şəhəri dənizdə saxlar.
Meydanlar, binalar, maşın yolları,
Su üstdə ucalan buruq qolları.
Möcüzə həm özü, həm adındadır,
Ginnesin Rekordlar Kitabındadır.
Bir də xatırladı rəsədxananı,
Qurulmuş fitnəni, nadürüst qanı.
(Burda gülümsədi, – çıxardıb boşa, Vurmuşdu erməni oxların daşa)
O qədər böyükdü onun kəşfləri,
Neftin tərkibini biləndən bəri
O, layiq görülmüş ali təltifə,
Nobel mükafatı – haqqı min dəfə.
Erməni lobbisi yenə bu işdə
Göstərib məkirli hiylə, səriştə,
Haqqının yoluna qoydular daşı,
Paxıllıq göstərib hər qədəm başı.
İclas gedən zala gəldi qəfildən,
Məktub – anonimdi, fitnəkar əldən.
Yazılmış: “Bu kəşflər elmin fəxridir,
İxtira sirləri, əfsus, məxfidir”.
Bu oldu büronun əlində əsas,
Baqramyan, dostları qazandılar səs.
“Mənimsə amalım nurdu, sayrışan,
Gözümdə olmayıb nə şöhrət, nə şan,
Çalışdım, qarşılıq gözləmədim mən,
İstədim qazansın, ucalsın Vətən”.
…Bilqeys görürdü gizli ümmanı,
Yusufun gözündə dalğalanmanı.
Böyük məhəbbətlə əlini sıxdı,
Yusuf də xəyaldan bir anda çıxdı.
Götürdü çayını, rəngi məxməri,
Döndü, xiyabanı gəzdi gözləri.
Bu anda qızları sarıldı ona,
Ay üzlü Gülarə, Sevda və Rəna.
…Gecəyarısından ötsə də xeyli,
Yusufun yatmağa yox hələ meyli.
“Neftin tarixi”ni yazır həvəslə,
Düşünür, danışır, daxili səslə.
Əlindən gələndən artıq bəlkə də
Çalışıb, işləyib doğma ölkədə.
Masada qoyulmuş “Elm və həyat”,
Onun təklifiylə tapıbdır həyat.
Azalmır, arzular azalmır yenə,
Min arzu yüklənir hər gələn günə.
Sükutu pozurdu divarda saat,
Elə bil deyirdi “artıq sən də yat”
O qalxdı yerindən, yorulmuş bir az,
Düşündü: dincəlim, heç də pis olmaz.
Son günlər bir qədər ağrı çoxalmış,
Təşrih olunmağa vədə də almış.
İstəyir bitirsin əldə son işi,
Bir işi uzatmaq deyil vərdişi.
İnsanın həyatı olsa lap yüz il,
Şam kimi yanmasa o, həyat deyil.
Tanrının hikmətin kim anlayıb, kim,
Nədən dərd bilməsin dərd bilən həkim.
…Deyirlər hər gələn köç edib gedər,
Qisməti yazırmış bir ucdan qədər.
Qırıldı dahinin ömrünün sapı,
Yarımçıq qapandı ömür kitabı.
Gözündə məramı, məqsədi vardı,
Oxşayıb Yusufu, əcəl apardı…
Dekabr, şaxtalı, soyuq qış günü,
55 yaşında yumdu gözünü.
Ağ duman içindən çən ələnirdi,
Şeh düşür, nəmlənir Fəxri Xiyaban.
Məzarın üstünə hey döşənirdi,
Tər-təzə çiçəklər hər gün, hər zaman.
Durubdu Bilqeys məzar başında,
Xatırə, xəyallar deyilmi onla?
Gözündən süzülən damla yaşında,
Gözündə titrəyir yaşanmış anlar.
Rənanın, Gülyanın gözləri nəmli,
Sevdanın qəlbini qəm-kədər sıxır.
Gözləri gəzirdi mavi göyləri,
Əmindi, atası üfüqdən baxır.
Qəlbində əssə də ayrılıq yeli,
“Bal qızım” söyləyən səsi yadında.
Saçına dəyməyir qayğıkeş əli,
O dünya yox olmaz, – ata adında.
Bir tarix yaşadır özündə bir ev
…Bir tarix yaşadır özündə bir ev,
Heydərin əl izi iç-civarında.
Bu evdə doğulmuş Məmmədəliyev,
Gülsümün laylası daş-divarında.
İndi bir muzeydir, bu ev, bu həyət,
Burda hər gördüyün ondan nişandır.
Elmə, tərəqqiyə həsr olan həyat,
Nə parlaq səhifə, ülvi yaşamdır!
Bu kitab dolabı, yazı masası,
Hansı kəşf yazılıb, bax, bu qələmlə?
Bəlkə bu saatın çıqqıltı səsi,
Ölçüb saatları kiçik qədəmlə.
Toxunub bir zaman klavişlərə,
Piano çalarkən Bilqeys xanım.
Bir bəstə çevrilib həzin səslərə,
Yusufun ömrünün şirin bir anı.
Burdasa medallar, zəfərlər tağı,
Bu, Lenin ordeni, Şərəf nişanı,
Bu orden – Qırmızı Əmək Bayrağı.
Sülh-dostluq uğrunda – dostluğun şanı.
Məktub, vəsiqələr, kitabçalar var,
Zamanın şahidi, zamana yoldaş.
Bu gün səssiz duran burda hər nə var,
Alimin qəlbinə, könlünə sirdaş.
Sanki bir günəşdi bəşər içində,
Günəştək parladı, zülməti yardı.
Tanrı ərməğanı şəfəq biçimdə
Zamanı aşanlar nə bəxtiyardır.
Epiloq
Allahın lütfünün yerə enməsi,
Allahın bəşərə işıq bəxşisən.
Zəkanın bədəndə şəkillənməsi,
Bəşər taleyində ömür nəqşisən.
Yaşarsan zamanda, məkanda, səsdə,
Sən ötüb keçmədin xəfif yel kimi.
Xatirən önündə dəstəbədəstə,
Kəlmələr gül açır qərənfil kimi.
Min sözün içində məna tapmamaq,
Sükutu dinləyib, daşımaq da var.
Var ikən yox kimi, ömrə yad yamaq,
Dünyadan köç edib yaşamaq da var.
Doğuldun, böyüdün sən Ordubadda,
Dünyaya toxundu işıq əllərin.
Yusufdun, başladın ömrə bir adda,
Alimi, dahisi oldun ellərin.
20.01.2026 – 06.03.2026
——————————————-
Mövsüm bəy Məhəmməd bəy oğlu Xanlarov (1857–1921) — Azərbaycanın ilk kimyaçı (üzvi kimya) alimi və Bakı Şəhər Dumasının üzvü, Hüseynov Sadıq Cavad oğlu (1883– 1952) — Azərbaycan kimyaçı-alimi, Azərbaycan SSR əməkdar elm xadimi, professor
Moskva Dövlət Universiteti
Nikolay Dmitriyeviç Zelinski (1861–1953) üzvi kataliz və neft-kimyanın banilərindən olan görkəmli rus/sovet kimyaçısıdır. Moskva Universitetinin professoru, SSRİ Elmlər Akademiyasının akademiki olmuşdur.
akademik Aleksandr Aleksandroviç Balandin (1898–1967) — görkəmli sovet fiziki-kimyaçısı, SSRİ Elmlər Akademiyasının akademiki
üzvi maddələrin və bəzi qeyri-üzvi maddələrin molekullarına alkil qruplarının daxil edilməsi adlanır.
Qəlbinin işığı gözündə idi, Qəfildən bürüdü çən, niyə getdin? Hələ də cavandı ruhunun yaşı, Ələndi saçına dən, niyə getdin?
Güzarın düşübdü özgə bir bağa, Cənnəti-İrəmə köçüb qalmağa, Söz ilə dürr düzüb sədəf salmağa, Deyirdin gələcəm mən, niyə getdin?
Qəlbini nə yordu, düzün bilirsən, Nəğmətək şirindi sözün, bilirsən, El səni sevirdi, özün bilirsən Həsrətə qoşulub sən niyə getdin?
Ölümmü yalandır, həyatmı yoxsa, Bu yanda uyudan oyatdı yoxsa, Bu ölçü özgə bir boyutdu yoxsa, Düşmüsən bu qədər gen, niyə getdin?
Ay mənim yuxuma gələn Minarə, Ümidə sarılıb gülən Minarə, Zeynəbi həmdəmi bilən Minarə, Ay üzü gülənim, şən, niyə getdin? Sözləri yadigar, sən niyə getdin?
Yaxdı o kiçik can evini atəşi eşqin, Qopdu sinədən nəğməsi rəvanə, qızılgül.
Ötdü neçə pərdeyi-ələmdə elə zar ki, Ah, bu necə nəğmə, necə təranə, qızılgül.
Sübhün yeli oxşar yanağın sevgili yarın, Aşiqi-dili eylədi viranə, qızılgül.
Zeynəb, bilirəm dərdi nədir bülbüli-zarın, Düşdü o da çün mən kimi hicranə, qızılgül. 12.03.2024
ŞUŞAM Dəyəndə yad ayaqlar ətəyinə, yalına, Sanki yarımcan idim, əskik bir yanım, Şuşam. Yağı xəncər çəkəndə əzəmət, cəlalına, Deyirdim bu ağriya necə dayanım, Şuşam, Haqqa açılmış qolum, ürəyim, canım, Şuşam.
Qeyrətinə qurban el, igid ərənlər, ərlər, Keçilməz səngər olan, ər oğlu ər nəfərlər, Siz torpağa döndünüz, doğulanda zəfərlər, Şəhidiylə yoğrulan, bir olan, qanım, Şuşam, Haqqa açılmış qolum, ürəyim, canım, Şuşam.
Qayalar arasında, Pənahabadım, qalam, Sən tanrıdan ərməğan, sən tanrıya bir salam. Sən əbədi mirasım, sən babalardan qalan, Möhürləndi səninlə bu gün ad-sanım Şuşam, Haqqa açılmış qolum, ürəyim, canım, Şuşam.
Nətavanım, Vaqifim iz qoydu diyar-diyar, Nəğmələrdən doğuldu, Xan oldu İsfəndiyar. Cabbarımı söyləyim, ya Nəvvabı? – az olar! Muğamatım, təsnifim, tarım, kamanım, Şuşam, Haqqa açılmış qolum, ürəyim, canım, Şuşam.
Göz ilə görünməyən ruhların yurd, yaylağı, Mələklər toplanan yer, bəlkə çayı, çaylağı, Sən nağıllar aləmi, pərilərin oylağı, Ay nurunda çimənim, ulduz sayanım, Şuşam, Haqqa açılmış qolum, ürəyim, canım, Şuşam
Gecə həzin, göy bəyaz, ulduzlar çiyid-çiyid1, Buludlar əlçim-əlçim, hər duyğusu bir öyüd. Pıçıltısı layladı, telləri salxım söyüd, Möcüzənə bələnim, uyum, oyanım Şuşam, Haqqa açılmış qolum, ürəyim, canım, Şuşam. 22.07.2024 1 çiyid -pambıq toxumu, burada dən-dən
SAXLAR, A SAXLAR Gəzdiyi məkanda varmı sağ-solu? Gün Yeri, Yer Ayı yoxlar, a yoxlar. Ağır qoşunuyla keçər Süd yolu, Qoşunun özünə bağlar, a bağlar.
Həm gündüz, həm gecə hikmətin kanı, Ehtiva eyləmiş sirlə hər yanı. Bir cüt qanad kimi sarıb dünyanı, Tanrıdan əmanət saxlar, a saxlar.
Əjdaha od saçan odun külündə, Saxlayır yüyənin güclü əlində. Yeraltı ayğırın durub belində, Göstərir dəyanət dağlar, a dağlar.
İnsanın cismi də sanki Yer kimi, Torpağı eynidir, suyu bir kimi. Gah həzin, dalğalı, gah da kür¹ kimi, Hayqırar, kükrəyər, çağlar, a çağlar.
Taylının taylısı, bablının babı, Olmasa, a Zeynəb, yetişməz tabı. Nə çoxdu dünyada ömür kitabı, Hər kəs öz ömrünə ağlar, ay ağlar. 27.02.2025.
Yolda, izdə çoxdu Leyli, Həm də Məcnundan gileyli. Qıraqdan izləyib xeyli, Mat qalan, çaşbaş adamam.
Öz unumda yoğrulmuşam, Ələnmişəm, sovrulmuşam. Öz özümdən doğulmuşam, Həvvayla həmyaş adamam.
Zeynəbəm, qəlbim qalacıq, Hər kəsə deyildir açıq. Qurmuşam qardan alaçıq, Buz kimi atəş adamam. 22.01.2025
QIRPDIM KİPRİYİMİ Qırpdım kipriyimi, Axan sel ilə Düsdün gözümdən. Gozümün qarası Otağın idi, Sən orda qalırdın, gecələyirdin, Hər isti düşüncəm yatağın idi.
Qırpdım kipriyimi, Axdın gözümdən. Mən səni ən əziz bir qonaq kimi, Gözün giləsində qonaqlamışdım. Sənin xəyalını hər kəsdən deyil, Lap elə özümdən bil, saxlamışdım.
Qırpdım kipriyimi, Qoşulub selə, Sürüşdün göldəki Bir balıq kimi. Yerinə düşməyən yaxalıq kimi Düşdün gözümdən. İndisə özümlə hesablaşaraq, İlin sonundakı Bir qalıq kimi Ümüdsiz borclara siləcəm səni. Açıb dəftərimi hesabat üçün, Gərəksiz xərclərə siləcəm səni… 16.08.2024.
Ay – ürəyimdəki yumru kədər, Gümüşü telləri Həsrət yolları, Sən olmayınca Uzanar, uzanar, Yerdən göyə qədər.
Bir də qəlbimdən Dilimə gələn “Sevirəm” sözü var. Dodaqlarım qapandıqca Gözlərimdə bulaqlanar. Çiçəklərin Səhər yelinin öpdüyü zərif ləçəklərində Damla-damla şeh olar…
Üşüyən ümidlərim Qarın altından Həyata tutunan, Günəşə sarılan Qardələn… Yaşamaqdan və sevməkdən Heç vaz keçməyən… Heç vaz keçmən 01.03.2024.
YOXDUR Kİ Nədən belə ətalətə düşmüşəm Arzularım, xəyallarım yoxdu ki. Arzuların qanadında uçurdum, Qanadlanan o hallarım yoxdu ki.
Bürünurdüm duman açan şallara, Tamsınırdım arı çəkən ballara. Kəpənəyin qanadında xallara, O ballarım, o xallarım yoxdu ki.
Doğma idim torpaq qoxan dərəyə, Hər söyüdü çətirlənən bir dəyə. Yollar məni götürüdü zirvəyə, Dağa qalxan o yollarım yoxdu ki.
Hədəflərim mənim xəyal ortağım, Səsləşirdi dünənimlə bu çağım. Hafizəmin rəflərinə yığdığım, Xurcunlarım, xarallarım yoxdu ki..
Yaş gətirir ətaləti, ayıl sən, Vaxtı saldın heç etməyə meyil sən. Zeynəb, artıq bu sən o sən deyilsən, Sənin bəlli kuralların1 yoxdu ki… Kural – (türk) qayda, şərt
Cəmiyyətə təqdim etməyə ehtiyacı olmayan, sosial şəbəkələr üzərindən və ədəbi-bədii dərgilərdə çap olunmuş poeziya nümunələrindən kifayət qədər yaxşı tanınan şair Zeynəb Cəmaləddinin “Divani”sindəndi bu bənd. Adətən şair, yazıçı yaradıcılıqları haqda uzun giriş yazıb oxucunu bir müddət intizarda saxlayırlar. “Görəsən, kimdən söhbət gedir? Bu cür möhtəşəm giriş hansı şairə aiddir?” deyə sual-suala dirənir. Odur ki, birbaşa haqqında söhbət açmaq istədiyim şairin bir bəndini dərhal təqdim etdim ki, mənim bəzəksiz-düzəksiz sözlərimdən əvvəl elə şairin şeirini oxuyasınız.
Düzdür, şairin doğulub boya-başa çatdığı coğrafi məkanın da təsiri mütləq öyrənilməlidir. Çünki şairlər hər zaman təbiətdən ilham alıblar. Bu ilham bəzi şairlərin yalnız təbiət təsvirlərini və sevgi macəralarını nəzmə çəkməyinə bəs edib. Lakin əsl şairlərin missiyası daha dərin mövzuları əhatə edib, yaranışdan üzübəri zamanın gərdişində hər nə baş veribsə, bir qəvvas kimi həmin hikmətlərin dərinliklərinə baş vurmaqla vəzifələndirilib. Şairlərin doğulub böyüdüyü, təbiətindən güc aldığı bölgənin adamlarının fərdi xüsusiyyətləri, ötkəmliyi, ibarəli danışıq tərzi mütləqdir ki, onun poeziyasında öz təsirini göstərmiş olsun.
Zeynəb Cəmaləddin təbiəti və əhalisi ilə Azərbaycanın füsunkar guşələrindən biri sayılan Quba şəhərində anadan olub. İbtidai təhsilinə orda başlasa da ailəsi Bakıya köçdüyündən təhsilini Bakıda davam etdirmişdir. Bakı Neft Texnikumunu bitirib. Bədii yaradıcılıqla məşğuldur. “Payız qoxulu nəğmələrim” və “Ruhumun zərrələri” şeirlər kitablarının müəllifidir.
Mən qaçmazdım söyuq haşa, yağışdan,
Pəncərəyə şaxta salan naxışdan.
Çəkinməyib, heyrət edən baxışdan,
Təbiətlə qıraqlaşıb, gəzmişəm.
Duyğularla dolub-daşıb gəzmişəm.
Leysan yağış bənzəyəndə şırnağa,
Hər kəs evə, mən çıxmışam qırağa.
İslanmışam ta təpədən dırnağa,
Yağış ilə qucaqlaşıb, gəzmişəm,
Duyğularla dolub-daşıb gəzmişəm.
Təbiətlə harmoniya təşkil edən yaradıcılıq özü elə təbiət boydadır, bəlkə də ondan daha böyükdür, hüdudsuzdur, sonsuzdur. Yaradıcılıq təbiəti tez-tez dəyişən fəsillər kimi də ola bilir. “Bir də görürsən ki, açılan solur”, “Bir yandan boşalır, bir yandan dolur”, deyən böyük Vurğun necə də haqlıymış. Yaradıcılığına ciddi yanaşan, yaratdıqlarında səmimiyyət və məsuliyyət hiss olunan istənilən yaradıcı insanın külliyyatı təbiətin fəsilləri kimi dəyişkən olsa da, vəhdətində ahəngdarlıq duyulmalıdır. Gülli-çiçəkli laləzarı əks etdirən poetik nümunələr xəzan yeli kimi hər şeyi silib-süpürüb aparan digər yaradıcılıq növləri ilə zənginlik, rəngarənglik təşkil etməli, gecə kəhkəşanda bərq vuran çilçırağı xatırlatmalıdı. Belə zəngin yaradıcılıq nadir imza sahiblərinə nəsib olur. İndiki azad şəraitdən bəhrələnən qələmini sınayan yüzlərlə adam arasından yaradıcılığını incələyib o nadir imza sahibini üzə çıxartmaq bir o qədər də çətin deyil. Çünki, qızıl öz parıltısı ilə ona oxşar parıltılardan seçildiyi kimi, əsl poeziya da digər yaradıcılıq nümunələrindən; həvəskar nəzmə çəkilmişlərdən, qafiyəsi, hecası yerində olan şeir nümunələrindən dərhal seçilir.
Bildiyimiz kimi poeziya nitqin xüsusi formasıdır. Bu formadan istifadə olunmaqla hiss-həyəcanı, emosiyanı, sevgini, hiddəti daha ritmik və bəlağətli şəkildə ifadə etmək mümkündür. Poeziya təbiətin və dünyanın gözəlliklərini tərənnüm etdiyi kimi, müxtəlif dərdlərini və düşüncələrini də əks etdirən bədii yaradıcılıq növüdür.
Xeyli vaxtdır ki, sosial şəbəkələrdən tanış olduğum, ədəbi-bədii dərgilərdən oxuduğum bir şairin poeziyası xüsusi olaraq diqqətimi çəkmişdi. Gözüm hər yerdə həmin imzaya məxsus şeirləri axtarırdı, daha geniş yaradıcılıq nümunələri ilə tanış olmaq istəyirdim. Bu şeirlərdə təkcə təbiət tərənnümü, lirik qəhrəmanın sevgisi, hiss-həyəcanı əks olunmurdu, bu şeirlərdə təbiətin dinamikliyi əks olunduğu kimi dünyanın gərdişi də hiss olunurdu. Klassik şeir nümunələri qloballaşan dünyanın yenilikləri ilə ayaqlaşırdı:
Ağlı kölə eylədinsə alma əsir cismini,
Təlqin ilə kim dəyişir Yerdə dünya rəsmini,
Hansı dildə öyrənmişdi Adəm baba ismini,
İnsanlığı kim oynadır şeytan ilə baş-başa?
Müxtəlif dövrlərdə ədəbiyyata, xüsusən də poeziyaya baxışlar bir-birindən fərqlənib. Yenilik tərəfdarlarının klassik poeziya nümunələrindən bəhrələnməməyə çağırışları son otuz ildə daha çox vüsət alıb, hansı ki, bu cür şeirlər XX əsrin otuzuncu illərindən yaranmağa başlamışdı. İndi əruzun ağırlığından şikayət edənlər daha az hecalı şeirlərə üstünlük verməyə başlayıblar. Bu həm də mahnı bəstələyənlərə, onları ifa edənlərin işinə yarayır. Hardan tapsınlar ikinci Zeynəb Xanlarovanı ki, Süleyman Rüstəmin qəzəllərinə bəstələnmiş muğam bəstələrini dünyanın hər yerində istənilən tribunalardan səsləndirə bilsin.
Nəhayət, ədəbi mühit bir müddət hecalı şeir növündən imtina həddinədək gəlib çıxdı. Son otuz ildən artıq bir müddətdə ədəbi proseslər onu göstərir ki, sərbəst şeir üstünlüyə can atmaqdadır. “Əsas fikirdir”, deyənlər öz seçimlərinə ciddi-cəhdlə bəraət qazandırmağa çalışırlar. Lakin hələ də Mayakovskini, Yevgeni Yevtuşenkonu üstələyən “sərbəst” şeir nümunəsi yetişməyib.
Bir qazanda qaynamağa gərək bircə baş olsun,
Şir şir ilə baş eləsin, quş quşa yoldaş olsun.
Ki, yaradan qismətinə bəlkə yazıb, daş olsun,
Yazıq olur kəsəklərə rast gələndə daş-daşa.
Heç bir izaha, şərhə ehtiyac duyulmur. Zeynəb Cəmaləddin dərin mənalı sözləri muncuq kimi elə düzür ki, orda nə bir söz dəyişməyə, ya çıxartmağa, ya artırmağa ehtiyac qalmır. Eyni zamanda, hiss olunur ki, şair daha dərin mətləblərdən xəbərdardır və hər zaman söz açmağa hazırdır, sinədəftərdir. Görünür, xalq folklorunu yaxşı mənimsəyib, Aşıq Alı, Dədə Ələsgər məktəbindən bəhrələnib, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Dirili Qurbani külliyyatlarından xəbərdardır. Ustadlardan dərs almış şairin şeirləri elə ustadlara layiq səviyyədə olmalıdır.
Zeynəb Cəmaləddinin poetik nümunələri arasında şeirin müxtəlif növlərinə rast gəlmək olar. Onun təcnisi də, gəraylısı da, müxtəlif hecalı şeirləri də, hətta tərcümələri də fərqlidir, möhtəşəmdir, könüloxşayandır. Zeynəb xanım, sadəcə, fikir ifadə etmir, hardansa, kimdənsə eşitdiyi deyimi yeniləyib özününküləşdirmir, o, insanı düşündürəcək fikirləri səsləndirir, özü də necə: – müdrikcəsinə, ibarəli tərzdə söyləməyi bacarır.
Doğrudurmu min illərlə ömrü olub insanın,
Çoxlu sayda kitabəni ha gizlədin, ha danın.
Məlum deyil kim gedəcək, kim yeyəcək ehsanın,
Zeynəb deyir, fərqinə var, bacar, yüz il yaş yaşa.
Zeynəb Zeynəb olmazdı “divani”ni sonadək bu cür gətirib çıxarmasaydı. Onun bütün şeirləri bu cürdü, dərin məzmunlu, yüksək ritmli, necə başlayırsa, sonadək o cür gedir. Fəlsəfi fikirlərlə dolu poetik nümunələrinin hər misrası düşündürücü suallar doğurur.
Əlbəttə ki, əsl şairin bir şeirini oxumaqla onun şairliyini müəyyənləşdirmək mümkündür. Yaradıcılığı itib-batmış, yalnız bir şeiri dövrümüzə gəlib çatmış şairləri buna nümunə göstərmək olar. Mən də Zeynəb Cəmaləddinin çoxşaxəli yaradıcılığından əsasən bir-iki şeirindən parçalar seçməklə kifayətləndim. Məhz, onun zəngin və çoxşaxəli poeziyasından seçilmiş bu parçalar onun necə qüdrətli ilhama, təbə sahib olduğundan xəbər verir.
Zeynəb Cəmaləddinin yaradıcılığında mövzu mübarizədir – həyatla mübarizə, yaramazlıqlarla, cəhalətlə, kütbeyinliklə… hər nə pislik varsa, onlarla mübarizə… Şairin silahı da qəribədir. Şairin silahı təpədən dırnağadək folklorla yüklənmiş SÖZdür – əlahəzrət söz. Zeynəb Cəmaləddin dastan qəhrəmanları kimi hayqırmır, qılıncı çəkib meydana girmir, o, elə hər zaman meydandadır – eyhamla səsləndirsə belə kəsərli sözləri ilə.
Bütün yaradıcı insanlar bir marafonun iştirakçılarıdır. Bu marafonu ZAMAN təşkil edir. Marafonun nə vaxt başlayıb, nə vaxt bicəcəyi dünya binə olandan bəri heç kimə bəlli deyil. Hər kəs öz yaşadığı dövrdə dərk etdiyi səviyyədə bu marafona qoşulur. Zamanın süzgəcindən kimlər keçir, kimlər ilişib xəlbirdə qalır, bu, çox-çox sonra aydınlaşır. Lakin gedişatı diqqətlə izləyənlər təxmini olsa da fikir yürüdə bilirlər. Bu, yaradıcılıq mərhələsində özü-özünə görünür.
Mənə elə gəlir ki, Zeynəb Cəmaləddin imzası da onlarla parlaq imza sırasında daha parlaq bərq vurur. Onun fəlsəfi zənginliklərlə yüklənmiş poeziyası Məhsəti Gəncəvi, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Mədinə Gülgün, Firuzə Məmmədli kimi dolğun yaradıcılıqla yadda qalan imzalar cərgəsində yer tutmağa çalışır. Hər halda, Zeynəb Cəmaləddinin yaradıcılıq tempi belə deməyə əsas verir.
Dəyişir illər fəsillər, Dəyişir yer üzündə nəsillər. Zaman-zaman təkrarlanır zaman yolu, Hər ulduzun yolunun harada bitəcəyini Bilir artıq saman yolu.
Hər şey ölçülür, biçilir, Dünya hər kəsin içində böyüyür, Dünyanın içində hər kəs kiçilir.
Hər kəsin içində “Mən” duyğusu, empatiyanın uyqusu. Amma hər kəs öz arzularıyla, hədəfləriylə Dünya üçün statistik biçimdə. İnsanın böyüklük xülyalarına Gülür dünya. Hardan gəlib, hara getdiyini Bilir dünya.