
Əfəndim
Məni soruşsan yaralı canam,
İrəvanam!
Paramparça Azərbaycanam!
Bir tərəfim Təbriz,
bir tərəfim Borçalı,
hərəsindən bir tikəyəm,
yekəyəm, Əfəndim.
Dərbənddir anamın bayatıları.
Urmiyada iki canıq deyir,
Kərbəlada əlimi öpən, yaşlı qadın.
Ərdəbil ətri gəlir
məzarından babamın.
Şanlı-şanlı uyuyuram…
Xallı gözümdə işıldayan
parıltımdır
İğdırım, Qarsım.
Dərbədər halımın kəpənək qanadında
hal-halam.
Evimizin üstündə əridilmiş Xalxalam,
Xal-xalam, Əfəndim.
Kibrit boyda alışqanam…
Qarabağın ağrıyan vücuduyam,
Şəhidəm, şahidəm, Əfəndim.
Vətən yağır gözlərim…
Bir ovuc boyda qalmışam,
bir ovuc torpağam, Əfəndim…
Göylər saçlarımın duvağı
Hər dəfə yağışdan sonra gün çıxır,
Gətir, göy üzünün rəngini mənə.
Bir göyqurşağıyla yallı oynayaq,
Çal, sakit havada cəngini mənə.
Rənglərdən azacıq otağa düşsün,
İsitsin yastığı gün qırıqları.
Qəmli baxışlara bir nur yapışsın,
Məst etsin özündə qaranlıqları.
Göylər saçlarımın duvağı, örtüm,
Gəlib yer üzündə yanağıma çən.
Bu qədər çiskini neynirəm axı?
Yığıb qucaq-qucaq, qucağıma cəm.
Götür gözlərimə göygurşağı çək,
Görməsin yerdəki uzaqlıqları.
Əl atım hər dəfə tuta bilim, Yar!
Buludun rəngindən ən ağlıqları.
Ruhumun qalxanı
Bir çəkimlik nəfəsəm, bir udumluq su düşün,
Büsbütün ruhundakı qida kimi, səs kimi.
Sən məni unutmusan, unut, unuda bilsən,
Səni çəkdim içimə ən qəşəng nəfəs kimi.
Gözümdə bir güzgülən, gözümdə bir köç də, qal!
Bu dünyanın yox üzü, hə üzü üzümdədir.
Sənin mən olan adın kainatın köçündə,
Yaşanmış və yaşlanmış ən ali, ən ümdədir.
Elə sanma getmərəm, gedər, geri gəlmərəm,
Buludların əlində göy üzü çiliklənər.
Sən müqəddəs sandığın bağımız qopsa birdən,
Ən ali həqiqətlər, yuxular da çirklənər.
Sənin döydüyün qapı ürəyimin çarpışı,
Sənin gəzdiyin ürək gözlərimin qibləsi.
Sən məni yox saymağa davam etmə eləcə,
Ay ruhumun qalxanı, cismimin dəbilqəsi.
Birdən
Birdən ölümümə doğru gedirəm,
Birdən dirilərək yoxa dönürəm.
Birdən azalıram özüm-özümdən,
Birdən əriyərək çoxa dönürəm.
Bu halım halbahal qorxudur məni,
Birdən asanlaşır, çətinləşirəm.
Birdən öz içimdə məğlub oluram,
Birdən öz içimdə mətinləşirəm.
Hər şey birdən olur, hər şey qəfildən
Od tutub alışır gözümün üstü.
Birdən çiçəkləyir, birdən də solur,
Birdən də şehləyir üzümün üstü.
Gəncliyin yuxusu apardı məni
Bu qış da ömrümə nağıl danışdı,
Nağıl yaman doğma, yaman tanışdı,
Uşaq yuxularım dağılmamışdı,
Gəncliyin yuxusu apardı məni.
İllərim, aylarım, fəsillərim çin,
Hər gecə, hər gündüz, ömür bir əlçim,
Bulud arasından doğub göyərçin,
Yağış damlaları yapardı məni.
Nə qış axşamıydı, yaz axşamıydı,
Nə gün işığıydı, nə ağ şamıydı,
Bu ömür ömrümə heç oxşamırdı,
Ayılıb, ayılıb tapardı məni.
Könlünə ebru çək
Könlünə ebru çək baxışlarımı,
Boşuna gözəlim, gülüm, demə keç.
Əl-ələ tutmadan, tutaq əl-ələ,
Boz ömrü rəngləyək, silim demə heç.
Səni bənd-bənd yazım, şeirbəşeir
Sallanaq bir ağac budağına söz.
Uşaqlıq şəklimdə təbbəssüm qalıb
Götür, dodağımdan yanağıma düz.
Təmizlə lallığın qırışlarını,
Axım tozlu ömrə, şələlə axım.
Səndə güzgülənim, səndə daranım,
Səndə ürkək-ürkək camala baxım.
Xoşlansın günümüz sığalbəsığal,
Yazaq özümüzdən, qərinə yazaq.
Üzdə hamı sevər, hamı sevilər,
Gəl, biz sevgimizi dərinə yazaq.
Kağız
Elə kağız-kağız, varaq-varağam,
Şəkil dəftəritək bəzənən kağız.
Hərdən misra-misra şeir yazılan,
Hərdən qəzəb-qəzəb əzilən kağız.
Elə kağız-kağız, varaq-varağam,
Uşaq sevincinə gəmi düzəldən.
Arabir doğranıb rəqəm yerinə,
Say-say toplanaraq cəmi düzəldən.
Elə kağız-kağız, varaq-varağam,
Elə təmiz-təmiz yuyulan kağız.
Sualsız cavabsız kənarda qalan,
Sualsız cavabsız soyulan kağız.
Özüm gedərəm
Sən getmə, əzizim, özüm gedərəm,
Yollar ayağımın həsrətindədi.
Getmisən, yamanca qəribsəmişəm,
Bu hikmət dizimin əsməsindədi.
Səni soruşuram, yollar lal olur,
İzini gəzirəm, izin qar olur.
Nəfəs alammıram, köksüm daralır,
Nəfəsim izinin kəsməsindədi.
Sən getmə, dön geri, özüm gedərəm,
Yoluna səcdələr düzüm, gedərəm.
Çökərəm diz üstə, dizin gedərəm,
Sevgin dizlərimin gəzməsindədi.
Gedən payız gələn ilə eynidir
Bu payızın küləyinə qarışdım,
Yağışı da, küləyi də sərindi.
Bu həyatın yolu, dərdi ayrıdı,
Bu həyatın ələyi də dərindi.
Qarsaladı , təndirində bişdi can,
Yağış yağdı, qaysağını qopardı.
İşlərindən başım çıxmır, qardaşım,
Xəstə qaldı, sağlamını apardı.
Aləmində, aləm sirli, gün sirli,
Cəld talenin maymağından yapışdım.
Hamı getdi öz işinin dalınca,
Yerimdəcə saymağıma çalışdım.
Qara saça, ağ rəng verib süslədim,
Ürəyimdə dərd böyüdüb, ev etdim.
Sevinəndə kiçik şeyə sevindim,
Qəmlənəndə qarışqanı div etdim.
Gedən payız gələn ilə eynidir,
Gecələrin gündüzüdü qaranlıq.
Bu həyatın bəlkə, özü bir yuxu?!
Bu həyatın könlü, gözü o yanlıq.
Öldürdülər şairi
Eldar Baxışa itihaf
Həyatına neçə çəpər çəkildi,
Yollarına tikan kolu əkildi,
Bu şairin ölüm evi tikildi,
Sağ olanda öldürdülər şairi.
Viran evi, viran ömrü dil açdı,
Hər kəlməsi hər misrası, sirr açdı,
Əzabından daş göyərib gül açdı,
Bağ olanda öldürdülər şairi.
İşıq üçün od başına dolandı,
Yol başına, yurd başına dolandı,
Ömür ipi yaddaşına dolandı,
Dağ olanda öldürdülər şairi.
Tökül gözlərimdən
Tökül gözlərimdən yaş əvəzinə
Desinlər yağışın yaz vaxtı gəlib
Ürəyim elə çox yanır ki, bu dəm
Ölümün ömrümə az vaxtı gəlib
Yandır nə deyirəm külüm qalmasın
Ölüm yer üzündə ölüm qalmasın
Bürünüm kilimə kilim qalmasın
Ölümün ömrümə toz vaxtı gəlib
Yanağım sel tutub selimə minnət
Sənsiz keçib bitən ilimə minnət
Son sözü söyləyən dilimə minnət
Ölümün ömrümə buz vaxtı gəlib.
14.09.24.
Sübh mavi gəlinlikdə
Sübh mavi gəlinlikdə,
Mənsə ulduzlu axşam.
Əks olur dodağımda
İçimdə əriyən şam.
Açılır hər gün yeni
Xəyalıma pəncərə.
Göy qurşağı deyilir,
Arzular doğan yerə.
Qanadları bəmbəyaz,
Uçur gedir zamanım.
Qışa doğru yeriyən,
Payız mənim ünvanım.
Dirilim
Külək, sevdiyimi götür geri gəl,
Çəkim ciyərimə, çəkim dirilim.
Əvvəlki ömrümdə xarabalıqdır,
Alım can evimə tikim, dirilim.
Öpüb gözlərimin üstünə qoyum,
Ərisin şövqümə, tüstüyə doyum,
Sinəmin üstündə büstünü oyum,
Gözümün nuruna çəkim, dirilim.
Günəş, dər gecəmi, çevir gündüzə,
Bərqindən süzülən eşqi çək üzə,
Məni nökər elə, döndər kənizə,
Önündə diz üstə çöküm, dirilim.
Göylər, yağışını sevdiyimlə yağ,
Gecəmin üstünü nurlasın çıraq,
Könlümə sevdadan qaynasın bulaq,
Günümü ruhuma əkim, dirilim.
26.08.24
Ey insan!
Sübh çağı hər yan şəfəq,
Ağac əyir başını,
Yaradanın qulutək.
Hətta ilham alıbdır,
Bu dünyanın daşı da.
Mələklər endirərkən,
Göylərdən yağışı da.
Buludlar aram-aram
Səmadan çəkiləndə,
Damla-damla nur yağır,
Dan yeri söküləndə.
Demə hər gün yenidən
Doğulurmuş kainat.
Oyan, ey qafil insan!
Sən yalanlar içində,
Qara üzlü günahın
Yuxusuna qalmısan,
Neçə haqqı çalmısan.
Nə eşqdən xəbərin var,
Nə də ki oyanışdan.
Hər gəlişdə bir sevgi,
Hər gedişdə bir həyat.
Ey insan!
Elə sənin özünsən,
Nurdan doğmuş kainat.
İlahi
Mənim bir dənəyimlik ömrüm yoxdur, İlahi,
Ondansa bağrım üstə daş göndər, taxta göndər.
Sən verdiyin şeyləri almadım ki, vaxta var,
Bir işığın vardırsa, qısacıq vaxta göndər.
Boş qalan beşiyimin layla səsi çatışmır,
İçimdəki ocağın, su töksəm də yatışmır,
Başımı nəylə qatsam, qarışmır ki, qatışmır,
Beynimi dondurmağa azacıq şaxta göndər.
Sil ömrümdən nə olar anam atam nə yazdı,
Mən dərinəm, olanlar ömrüm üçün dayazdı,
Əgər deyirsən ki, Sən, olub bitənlər azdı,
Səsi, nəfəsi də al, nə versən yoxda göndər.
Kiməm
Çox qəribəm, yüküm ağır,
yüklənirəm hər dərdləri.
Hey uduram içimdəki
fırtınalı küləkləri.
Yer içimdə, göy içimdə,
Dünya mənim içimdədi.
Yer kürəsi,
düşücəmin küncündədi.
Bəs, mən kiməm?
Hey qəmginəm.
Uzaq-uzaq arzulara,
sarılıbdır baxışlarım.
Tapammıram sualların cavabını,
bəs, nə qoyum öz adımı?
Dadmamışkən yer üzündə
nemətləri, dadı məndə.
Dağın, daşın, çiçəklərin
rəngi, ətri, adı məndə.
Əzilirəm ayaqların altında mən,
çox qəribəm.
Məkanımı tapammıram,
zamanımı tapammıram,
itirmişəm öz adımı,
öz adımı tapammıram.
Düşüncələr böyüdükcə,
bu dünyaya sığammıram.
Təpəgözün nağılı
Sənə uzaq, sənə yaxın nəyim var,
Bir daxmam yox uçuq, sökük közərə.
Ümidlərim çarmıxlardan asılı…
Tərsə gedən həyat çətin düzələ.
Hər şey başdan təpəgözün nağılı,
Cütcü babam oğurlayıb noğulu,
Hardan alım səndəki son ağılı?
Gizli tutum, kilidləyim özələ.
Ürəyimdə bir işartı sevinc yox,
Yaşamağa kök altında bilinc yox,
Yorulmuşam, qabağında gülünc yox,
Sozalmışam, nə qalıb ki, sozala.
Hardan getsəm, hara çıxsam dolanbac,
Sevgi desəm, gözü, könlü, qarnı ac,
Nəyə gərək od üstünə qoyum sac,
Ürəyimdə bişirdiyim az ola.
Səs çıxarma, yat, bala
Anasını, atasını
itirən uşaq!
Üzünü soyuq daşa qoyub…
İsti qucaq əvəzinə,
iki məzar arasında
yatan uşaq,
əllərini başı altda qoşa qoyub.
Anasının, atasının nəfəsini,
duymaq üçün,
gecə-gündüz yatır orda.
Göz yaşını, ahına qatır orda.
Bu uşağın taleyini düşünəcək,
bir kimsə yox.
Mərmi yağır göy üzündən,
yağış kimi.
Səs çıxarır zülmlərə
əl çalınan alqış kimi.
Şak, şak, şak…
Bu cənnətmi, cəhənnəmmi,
qiyamətmi..?
Yoxsa bütün insanların
göz yumduğu cinayətmi…
Sadə bir ad qoyublar,
vətəndaş müharibəsi.
Yaxşı addır,
yatımlıdır qulağa.
Yat iki məzar arasında,
səs çıxarma, yat, bala.
Göy qurşağı çəkildi
Dağ yamacda ayaq izi göyərçin,
Taptağında pasa batıb kərənti.
Buludlara daldalanmır bədirli,
İki donmuş səsə batıb kərənti.
Gecələrin ilığımında ot küsük,
Gündüzlərin hovruğunda ömür tən.
Tər, buz olub laylaların üzündə,
Varlığımın büsbütünü kömürdən.
Bir oraq var nənəm asıb kərtmədən,
Bir güyüm var əl yerləri qalaylı.
Öpəmmirəm od püskürən əlləri,
Ağrılarım daş torpağa halaylı.
Həyat nədir; bircə nəfəs, bircə səs,
Göz yaşımda anam atam şəkildi.
Kim nə deyir, desin, artıq yoxdu, yox,
Varlığımdan göy qurşağı çəkildi.
Səni görsün gözlərim
“Cəhalət qunası”da sevdim səni sevdiyim,
Egomla aşiq oldum səni sevdiyim günü.
Sən İlahi sevirdin, sev, ilah ol könlümə,
Dünyamın rənginə dön, sənə döndüyüm günü.
Gedirəm dediyimdə, bil ki, sənə gedirəm,
Darıxmağım ölümdür, səsin nəfəsim kimi.
Bütün aləm bir yana, sən aləmsən canımda,
Elə möhkəm sevirəm, deyil həvəsim kimi.
Ruhum darmadağındır, bu dünyada kəsim sən,
Varım da sən olmusan, varlığım da, yarım da.
Elə istəyirəm ki, həm gecə, həm də gündüz,
Səni görsün gözlərim açıldıqda yanımda.
Kəpənək qadın
Sən ey əlləri boş, kəpənək qadın,
de niyə dinmirsən dilin tutuldu?
ağrıdı saçların sığalsızlıqda,
ovcunmu lillədi, əlin tutuldu?
De hara gedirsən, yolun hardadır,
“dünya tək adamlıq yerdir” demişdin.
nə çoxdur yol üstə ruhu əzilmiş,
nə çoxdur sürüdən ayrılmış adam
sən dik baxışları kimdə əymişdin?
Sən ey əlləri boş, kəpənək qadın,
nəfəs boyda qaldın, nəfəs-nəfəsə.
deyirlər üstündə şam yandıran yox,
qəlbini küsdürmə gül və ağla keç,
tutun, bərk tutun!
səni ovunduran bax gör nədirsə.
Darıxmaq
Həsrətindən sürsümüyüm çıxıb burda,
Elə bil ki, yüz illərdir görüşmürük.
Dodaqlarım parçalanıb susuzluqdan,
Öpüşünün qollarında gülüşmürük…
Yatağımda titrəyirəm, hənirin yox,
Buzlayıbdır ürəyimin divarları.
Darıxmağa nə verirlər, darıx kiri,
Buz adamlar görür gözüm adamları.
Dur azacıq otağından çölə boylan!
İnanmırsan baxışında isinəcəm?
Ruhundakı od gölünə buxarlanıb,
Ruhumdakı od gülünə sindirəcəm.
Bu darıxmaq o darıxmaq deyil hələ,
Gözə görün, bu gözləri öldürəcəm!
Odunçu
Qaranlığımı al odunçu,
yax odunla-işıqlat.
Qurumuş qollarımın ağrısı
sükutuma dolub.
Diriliyim səhər danı
qürub kəhkəşanı.
Qaleriyadan abstraktımı çıxarıb
fırla
sinirlərim rəng kolleksiyasını itirib
Gəl odunçu!
Yax təmizlik simvolumu-
qürurlanmaq yadlaşıb,
həyatla bağım qopub
ağız dadım dəyişib
bəxtim, heçliyə ilişib-
boşluq doğur eləcə…
Açılmır dan səhərim.
Gəl odunçu!
Cismimi yax,
İşıqda bəxtimə bax-
İşıqlansın, dəfn elə – ruhumu qəbrimə tax!
Zikr sevdiyim
Zikr sevdiyim,
səsimdəki titrəyişindir
kainatın orbit qatında,
ümidimin nəbzində,
əbədiliyimin ritmində,
nöqtələrimin halında.
Səbəbim; azan çiçəyinin açılışında,
dan çağının arıntısında,
qürub şəfəqinin qığılcımında.
Qollarında əzabımın yenilgisi,
yüz illik tənhalığımın çırpıntısı,
istiliyində qızınan “Mən” im…
Zikr sevdiyim,
aludə olmuşam gecə yarısı
şirin yuxumu bölən hənirinə,
pıçıltına,
başımı döndərən ürək atışına.
Əgər bu yuxudursa,
sonsuzluğu seçirəm! –
əbədiyyətində.
Zikr et,
ruhumun kəhkəşanını,
zikr et, toxunuşunu,
zikr et, ömrümün çıxışını,
yoxuşunu,
doluşunu – sevgində.
Güvəncə yerim,
güc yerim,
ayaq çakrasından
təpə çakrasına yüksələn “Sən” də –
yəni, “Sən”imdə hərəkətli.
Öz yaşarlığımda Sən!
-
- 2026.
Yarğısız infaz
Mən səni sevmişdim ki,
ağrıyan göz yaşını öpüm,
ağrın dinisin.
Qəlbindən qopan külək,
sussun,
yatsın,
kirisin.
Kədərin buzlaqları
gözlərindən yerisin,
Parçalarını yığdım,
özümü parçaladın.
Susdum ağrımı bilmə,
Dağıldım kəlmə-kəlmə.
Sən keçmişlə yaşadın,
Mən isə ilmə-ilmə.
Hər şey uzaq görünür,
sevmək də,
sevməmək də.
Adam müqavva olur,
adam hissiz duyğusuz.
Mən ki sənlə bir bədən,
ruh sanmışdım sən demə;
biz ikimiz yaralı,
biz ikimiz yuxusuz.
Dünyaya gözlərindən baxanda
gözüm oldun.
İşığım da yox daha,
hünərim də,
səsim də,
səni çəkdiyim o bol,
o isti nəfəsim də.
Bax gör indi mən kiməm,
külək,
yağış,
yoxsa Gün,
özünün öldürdüyün?!
Payız
Dəli külək əsir üfüqdən,
torpaq gömgöy.
Xəzəllənib göy üzü,
sarı gəlin deyir nənələrimiz
dəyişkən havalıya.
Tumurcuqlayır,
tisələyir arabir bulud.
Qurov bağlayır
biçilmiş otların kökü.
Palıd yığmağa gedir
kənd qadınları meşədən.
Fıstıq dibinə tökülüb,
sevinir uşaqlar…
Səsi xışıldayır,
qızıllanır yarpaqlar,
əynini dəyişib
ağ gəlinlik geyinir xınalı gəlin,
bəzənib,
qışa gedir payız.
MÜƏLLİF: GÜLNARƏ İSRAFİL
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında