Laçında 2024-cü ildə açılan bu kitabxanada mənim də “Sirran” kitabım var. Və eləcə də yüzlərlə yazıçının ömründən kəsib min bir əziyyətlə ərsəyə gətirdiyi kitabları yer alır. Mən aidiyyatı quruma suallar vermək istəyirəm, sizin yazıçı ömründən xəbəriniz varmı? Bu kitablar nə üçün yazılıb, niyə kitabxana yaradılıb, ümiyyyətlə kitabxanalar nəyə xidmət edir? O qədər suallar var ki, əminəm heç bir sual cavablandırılmayacaq. MMC-nin işçiləri öncə kitab oxumağa başlasalar bəlkə az çox başa düşərlər ki, kitabın mahiyyəti, məramı, görüşü nədən ibarətdir. Onda da tam olaraq bir şey başa düşməyəcəklərinə əminəm. “Laçında Simruq kitabxanası bağlanır” ifadəsindən işğal saçılır. Mədəni irsin işğalı, talanı… Özü də görün harda bağlanır LAÇINDA.
Hələ o yerlərdə TV – kanalları fəaliyyət göstərməlidir, nə inki könüllülərin ömür verdiyini, ac qaldığı, kitablara baş əyərək keçindiyi az maaaşı kəsib üstəlik “bu kitablar anbara yığılsın” deyə xəbərdarlıq edilməli heç deyil. Siz nə danışdığınızın fərqindəsinizmi? Bəlkə oradan da kənd tualetlərinə göndərəsiniz ki, anbarda da yer tutur. Mədəniyyət Nazirliyi bu kitabxanaya mütləq və mütləq sahib çıxmalıdır. MMC qanmasa da Nazirlik bilir ki, bu bir mədəni irsdir. İrsin qorunması üçün də dövlət başçısı tonlarla pul ayırır. Həmin büdcədən vəsait ayrılaraq Laçında fəaliyyət göstərən bu möhtəşəm təşəbbüsə təəccili şəkildə dəstək verilməlidir. Mən bu məsələdə həddindən artıq narahatam. Eləcə də Azərbaycan ədəbiyyatında qələmin nə olduğunu bilən qələmdostlarımız da eyni halı yaşayır və daha dərinini hiss edirlər. Bu təkcə bir kitabxana məsələsi deyil, şair və yazıçıların əl əməyi, ömür kəsimi, enerjisi və ədəbiyyatın yaşarlığına çevrilən gecə-gündüzləridir.
Yadımdadır kitabxana açılanda burdan öz dövlət işini atıb Laçına gedən xanımlarımız var. Onlar ömrünü mədəni irsin qorunmasına həsr ediblər. Altı aydan çoxdur orada maaş da almırlar. Bəs heç düşündünüzmü bu insanlar nə yeyib, nə içir, necə yaşayıb ömürlərini keçirirlər?
Bu Azərbaycan xalqının çökdürülməsinə gedən yolun başlanğıcıdır. Qəti şəkildə yolverilməzdir. Hər halda ümid edirik ki, irsimiz qorunub saxlanılacaq daha geniş şəkildə kitabxana öz fəaliyyətini bərpa edəcək. Biz də əvvəlki kimi yenidən öz dədə-baba yurduna geri qaytarılan insanlarımıza kitab sevinci yaşadacağıq.
HÖRMƏTLƏ: GÜLNARƏ İSRAFİL Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist yazar
(Gülnarə İsrafilin yeni şeirləri) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu olduqca səmimi, içdən gələn şeirlər olacaq. Elə şeirlər ki, müəllifi olduğu kimi təqdim edir və bu müəllifin heç vecinə də deyil… Bax, elə belə… Çox maraqlı… Müasir Azərbaycan poeziyasında daxili sarsıntını, milli yaddaşı, qadın duyğusunun incəliyini və mənəvi axtarışları bir araya gətirən şairlərdən biri də Gülnarə İsrafildir. Onun şeirlərində həm Vətən ağrısı, həm qadın həssaslığı, həm metafizik düşüncə, həm də insan ruhunun qaranlıq və işıqlı tərəfləri poetik dillə ifadə olunur. Gülnarə İsrafilin poetik dünyası oxucunu yalnız misralarla deyil, həm də yaddaş, vicdan və hisslərlə danışmağa vadar edir. Təfərrüata keçməzdən əvvəl onu yaxından tanıyaq:
QISA ARAYIŞ
Gülnarə İsrafil, Gədəbəy rayonunun Qarıkənd kəndində doğulub, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Torpaq adamlar”, “İki”, “Sirran” adlı şeir kitablarının müəllifidir. Onun bu yaxınlarda “Daşın bağrında bir daş” adlı şeir kitabı əski Azərbaycan əlifbası ilə öz ana dilimizdə Urmiya şəhərində işıq üzü görüb. 2002-ci ildən müxtəlif qəzet və jurnallarda çap olunur. “Düşünürəmsə varam”, “Zərrələr” adlı layihələrin müəllifidir. Hal-hazırda jurnalist olaraq fəaliyyət göstərir. Şairənin “Əfəndim” şeiri milli parçalanmanın, tarixi ağrının və bütöv Azərbaycan duyğusunun poetik manifesti kimi diqqət çəkir. Burada coğrafiyalar artıq xəritə deyil, ruhun parçalarıdır: “Məni soruşsan yaralı canam, İrəvanam! Paramparça Azərbaycanam!” Bu misralarda bir xalqın bölünmüş taleyi, didərgin yaddaşı və mənəvi bütövlük arzusu yaşayır. Təbrizdən Borçalıya, Dərbənddən Qarabağa qədər uzanan poetik xəritə əslində milli kimliyin ruh xəritəsidir. “Göylər saçlarımın duvağı” şeirində isə şairə qəmli ruhu işığa çağırır. Yağışdan sonrakı günəş, göy qurşağı, rənglər və işıq insan ruhunun qaranlıqdan çıxışına çevrilir: “Bir göyqurşağıyla yallı oynayaq, Çal, sakit havada cəngini mənə.” Bu poetik ovqatda həm nikbinlik, həm də ruhun özünü təbiətdə bərpa etməsi hiss olunur. Şairə rəngləri sadəcə vizual element kimi yox, mənəvi şəfa vasitəsi kimi təqdim edir. “Ruhumun qalxanı” şeirində sevgi artıq adi hiss deyil, insanın varlığını qoruyan müqəddəs qüvvəyə çevrilir: “Ay ruhumun qalxanı, cismimin dəbilqəsi.” Bu misra sevginin insanı necə qoruduğunu, ruhu necə sipərə çevirdiyini poetik güclə ifadə edir. Gülnarə İsrafil sevgini zəiflik yox, mənəvi dayaq kimi təqdim edir. Şairənin “Birdən” şeiri isə insanın daxili dəyişmələrinin fəlsəfi poetikasıdır: “Birdən öz içimdə məğlub oluram, Birdən öz içimdə mətinləşirəm.” Burada insanın ruh halının ani dəyişmələri, həyatın gözlənilməz çevrilmələri və daxili savaşları çox təbii şəkildə verilib. Şairə insanın öz daxilində həm məğlub, həm qalib olduğunu göstərir. “Gəncliyin yuxusu apardı məni” şeirində nostalji duyğular üstünlük təşkil edir. Keçmişin uşaq yuxuları və zamanın axışı poetik bir həzinliklə təqdim olunur: “Uşaq yuxularım dağılmamışdı, Gəncliyin yuxusu apardı məni.” Bu misralar insanın yaş artdıqca uşaqlıq təmizliyinə və gənclik hisslərinə daha çox bağlandığını göstərir. “Könlünə ebru çək” şeiri sevginin estetik fəlsəfəsidir. Burada sevgi sadəcə hiss yox, həyatın bozluğunu rəngləndirən sənətdir: “Boz ömrü rəngləyək, silim demə heç.” Şairə münasibətləri səthi deyil, “dərinə yazmaq” istəyir. Bu da onun sevgi anlayışının dərin mənəvi qatlara bağlı olduğunu göstərir. “Kağız” şeirində insan taleyi kağız metaforası ilə təqdim edilir: “Hərdən misra-misra şeir yazılan, Hərdən qəzəb-qəzəb əzilən kağız.” Burada insanın həm yaradıcılıq, həm də həyat qarşısında əzilməsi poetik obrazla ifadə olunur. “Özüm gedərəm” şeirində sevginin fədakarlıq tərəfi ön plana çıxır: “Sən getmə, əzizim, özüm gedərəm…” Bu misralarda sevən insanın öz ağrısını belə qarşı tərəfin rahatlığına qurban verməsi görünür. “Gedən payız gələn ilə eynidir” şeirində həyatın təkrarlanan ağrıları, insanın zaman qarşısında yorğunluğu ifadə edilir: “Bu həyatın bəlkə, özü bir yuxu?!” Şairə burada həyatın mənasını sorğulayır və insanın öz daxilindəki boşluq hissini poetikləşdirir. Bu məqamda qısa bir haşiyəyə çıxmaq istəyirəm:
HAŞİYƏ
“Gülnarə İsrafilin şeirlərində lirik qəhrəman obrazı daha çox üstünlük təşkil edir. Bu lirik qəhrəman sevgi yolunun yolçusudur. O öz sevgi yolunda “Mən”- dən “Sən”- ə doğru yol gedir və bu yolda xoşbəxtliyə ümid və çağrış da var, üzüntü də var, məyusluq da, anlaşılmazlıq da. Onun digər şeirlərindəki təzadlı hisslər, sevgi şeirlərində də öz əksini tapır.
“Yandırıb eşq oduna, Qəlbimi şan-şan etmisən. Şirinin qəmdən acı, Qəmimi al-qan etmisən. Nə məni öldürmüsən, Nə də məni var etmisən. Yaralanmış ürəyimi hansı yana alım gedim? Dəvətsiz qonaq olmuşam bu sevgiyə, qalım, gedim?” Qalsa yaxşıdır… Çünki sevgi ömrü tükənmir. Füzuli babamız demişkən:
Gülnarə İsrafilin şeirlərində sərbəst dil manerası ilə rastlaşdım. Doğrudur, çətin anlaşılan sözlər, ifadələr də var, amma bundan keçmək olar. Fəqət bir çox şeirlərində şeirə uyuşmayan sözlərə, ifadələrə nə deyəsən? Şair bir də baxsın “Mən adlı kim qaldı ki…”,”Boşluqda ulayan “mən”im”, “Sonsuzluq” şeirlərinə… Bu şeirlərdə fikir var, amma şeir yoxdur. Və birdə baxsan “Payız” və “Dirilim” şeirlərinə əsl şeir kimi şeir…
Gülnarə İsrafil! Sənin üç kitabının şeirlərini mən oxudum. Və sevindim ki, sən, əsl şairsən…Yoluna davam et!” Gülnarə İsrafil haqqında bu dəyərli fikirlər filologiya elmləri doktoru, professor Vaqif Yusifliyə aiddir. Eldar Baxışa ithaf edilən “Öldürdülər şairi” şeiri isə sənət adamının cəmiyyət içində yaşadığı faciəni göstərir: “Sağ olanda öldürdülər şairi.” Bu misra təkcə bir şairin deyil, ümumən sənət adamlarının zaman-zaman yaşadığı mənəvi tənhalığın simvoludur. “Tökül gözlərimdən” şeirində ölüm duyğusu, həyat yorğunluğu və insanın son həddə çatmış ağrısı hiss olunur: “Ürəyim elə çox yanır ki, bu dəm Ölümün ömrümə az vaxtı gəlib.” Bu poetik ağrı oxucunu sarsıdır və insan ruhunun dərin qatlarına toxunur. “Sübh mavi gəlinlikdə” şeiri isə romantik poetik tablo təsiri bağışlayır: “Qışa doğru yeriyən, Payız mənim ünvanım.” Burada payız həm zamanın, həm də insan ömrünün metaforasıdır. “Dirilim” şeirində sevgi yenidən doğuluşun səbəbi kimi təqdim edilir: “Könlümə sevdadan qaynasın bulaq, Günümü ruhuma əkim, dirilim.” Bu şeir insanın sevgidə özünü yenidən tapmasının poetik ifadəsidir. “Ey insan!” şeirində isə müəllif mənəvi oyanış çağırışı edir: “Ey insan! Elə sənin özünsən, Nurdan doğmuş kainat.” Bu misralar insanın ilahi mahiyyətini xatırladan fəlsəfi çağırışdır. “Kiməm” şeirində şairə özünü və insan varlığını sorğulayır: “Düşüncələr böyüdükcə, bu dünyaya sığammıram.” Bu artıq təkcə fərdi hiss deyil, müasir insanın mənəvi sıxıntısının poetik ifadəsidir. “Səs çıxarma, yat, bala” şeiri müharibələrin ən ağır yükünü uşaqların daşıdığını göstərən təsirli bir etiraz poeziyasıdır: “Yat iki məzar arasında, səs çıxarma, yat, bala.” Bu misralar oxucunun vicdanına toxunan ağır humanist çağırışdır. “Kəpənək qadın” şeirində qadın obrazı həm incə, həm də yaralı təqdim olunur: “Sən ey əlləri boş, kəpənək qadın…” Burada qadının daxili sükutu, cəmiyyət içindəki yorğunluğu və mənəvi tənhalığı hiss edilir. “Darıxmaq” şeirində həsrət duyğusu çox canlı poetik ifadə tapır: “Bu darıxmaq o darıxmaq deyil hələ…” Şairə darıxmağı adi hiss deyil, insanı içindən dağıdan mənəvi yanğı kimi təqdim edir. “Odunçu” şeirində isə ekzistensial boşluq və ruhun işığa ehtiyacı ön plana çıxır: “Qaranlığımı al odunçu, yax odunla-işıqlat.” Bu misralar insanın öz qaranlığından xilas olmaq istəyinin simvoludur. “Zikr sevdiyim” şeiri mistik sevgi poeziyası təsiri bağışlayır: “Əgər bu yuxudursa, sonsuzluğu seçirəm!” Burada sevgi artıq maddi yox, kosmik və ruhani məna daşıyır. “Yarğısız infaz” şeirində sevginin insanı necə dağıda bildiyi göstərilir: “özünün öldürdüyün?!” Bu poetik sual həm sevgi, həm xəyal qırıqlığı, həm də daxili məhvin ifadəsidir. “Payız” şeirində isə Azərbaycan kənd həyatının nostalji mənzərəsi yaradılır: “bəzənib, qışa gedir payız.” Bu sadə, amma təsirli sonluq həyatın dəyişən ritmini poetik tabloya çevirir. Gülnarə İsrafilin poeziyası müasir Azərbaycan qadınının ruh xəritəsidir. Onun şeirlərində Vətən də danışır, sevgi də, insan ağrısı da, Tanrı axtarışı da. Bu poeziya yalnız oxunmur — yaşanır, hiss edilir, insanın daxilində iz buraxır. Müasir Azərbaycan ədəbiyyatında belə poetik səsin varlığı sözün hələ də ruhu yaşatdığını sübut edir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik. 14.05.2026. Bakı. Müəllif: Zaur USTAC
AVMVİB, AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru,şair-publisist, tərcüməçi-nasir
Məni soruşsan yaralı canam, İrəvanam! Paramparça Azərbaycanam! Bir tərəfim Təbriz, bir tərəfim Borçalı, hərəsindən bir tikəyəm, yekəyəm, Əfəndim. Dərbənddir anamın bayatıları. Urmiyada iki canıq deyir, Kərbəlada əlimi öpən, yaşlı qadın. Ərdəbil ətri gəlir məzarından babamın. Şanlı-şanlı uyuyuram… Xallı gözümdə işıldayan parıltımdır İğdırım, Qarsım. Dərbədər halımın kəpənək qanadında hal-halam. Evimizin üstündə əridilmiş Xalxalam, Xal-xalam, Əfəndim. Kibrit boyda alışqanam… Qarabağın ağrıyan vücuduyam, Şəhidəm, şahidəm, Əfəndim. Vətən yağır gözlərim… Bir ovuc boyda qalmışam, bir ovuc torpağam, Əfəndim…
Göylər saçlarımın duvağı
Hər dəfə yağışdan sonra gün çıxır, Gətir, göy üzünün rəngini mənə. Bir göyqurşağıyla yallı oynayaq, Çal, sakit havada cəngini mənə.
Rənglərdən azacıq otağa düşsün, İsitsin yastığı gün qırıqları. Qəmli baxışlara bir nur yapışsın, Məst etsin özündə qaranlıqları.
Göylər saçlarımın duvağı, örtüm, Gəlib yer üzündə yanağıma çən. Bu qədər çiskini neynirəm axı? Yığıb qucaq-qucaq, qucağıma cəm.
Götür gözlərimə göygurşağı çək, Görməsin yerdəki uzaqlıqları. Əl atım hər dəfə tuta bilim, Yar! Buludun rəngindən ən ağlıqları.
Ruhumun qalxanı
Bir çəkimlik nəfəsəm, bir udumluq su düşün, Büsbütün ruhundakı qida kimi, səs kimi. Sən məni unutmusan, unut, unuda bilsən, Səni çəkdim içimə ən qəşəng nəfəs kimi.
Gözümdə bir güzgülən, gözümdə bir köç də, qal! Bu dünyanın yox üzü, hə üzü üzümdədir. Sənin mən olan adın kainatın köçündə, Yaşanmış və yaşlanmış ən ali, ən ümdədir.
Elə sanma getmərəm, gedər, geri gəlmərəm, Buludların əlində göy üzü çiliklənər. Sən müqəddəs sandığın bağımız qopsa birdən, Ən ali həqiqətlər, yuxular da çirklənər.
Sənin döydüyün qapı ürəyimin çarpışı, Sənin gəzdiyin ürək gözlərimin qibləsi. Sən məni yox saymağa davam etmə eləcə, Ay ruhumun qalxanı, cismimin dəbilqəsi.
Xoşlansın günümüz sığalbəsığal, Yazaq özümüzdən, qərinə yazaq. Üzdə hamı sevər, hamı sevilər, Gəl, biz sevgimizi dərinə yazaq.
Kağız
Elə kağız-kağız, varaq-varağam, Şəkil dəftəritək bəzənən kağız. Hərdən misra-misra şeir yazılan, Hərdən qəzəb-qəzəb əzilən kağız.
Elə kağız-kağız, varaq-varağam, Uşaq sevincinə gəmi düzəldən. Arabir doğranıb rəqəm yerinə, Say-say toplanaraq cəmi düzəldən.
Elə kağız-kağız, varaq-varağam, Elə təmiz-təmiz yuyulan kağız. Sualsız cavabsız kənarda qalan, Sualsız cavabsız soyulan kağız.
Özüm gedərəm
Sən getmə, əzizim, özüm gedərəm, Yollar ayağımın həsrətindədi. Getmisən, yamanca qəribsəmişəm, Bu hikmət dizimin əsməsindədi.
Səni soruşuram, yollar lal olur, İzini gəzirəm, izin qar olur. Nəfəs alammıram, köksüm daralır, Nəfəsim izinin kəsməsindədi.
Sən getmə, dön geri, özüm gedərəm, Yoluna səcdələr düzüm, gedərəm. Çökərəm diz üstə, dizin gedərəm, Sevgin dizlərimin gəzməsindədi.
Gedən payız gələn ilə eynidir
Bu payızın küləyinə qarışdım, Yağışı da, küləyi də sərindi. Bu həyatın yolu, dərdi ayrıdı, Bu həyatın ələyi də dərindi.
Qarsaladı , təndirində bişdi can, Yağış yağdı, qaysağını qopardı. İşlərindən başım çıxmır, qardaşım, Xəstə qaldı, sağlamını apardı.
Aləmində, aləm sirli, gün sirli, Cəld talenin maymağından yapışdım. Hamı getdi öz işinin dalınca, Yerimdəcə saymağıma çalışdım.
Qara saça, ağ rəng verib süslədim, Ürəyimdə dərd böyüdüb, ev etdim. Sevinəndə kiçik şeyə sevindim, Qəmlənəndə qarışqanı div etdim.
Gedən payız gələn ilə eynidir, Gecələrin gündüzüdü qaranlıq. Bu həyatın bəlkə, özü bir yuxu?! Bu həyatın könlü, gözü o yanlıq.
Öldürdülər şairi (Eldar Baxışa itihaf) Həyatına neçə çəpər çəkildi, Yollarına tikan kolu əkildi, Bu şairin ölüm evi tikildi, Sağ olanda öldürdülər şairi.
Viran evi, viran ömrü dil açdı, Hər kəlməsi hər misrası, sirr açdı, Əzabından daş göyərib gül açdı, Bağ olanda öldürdülər şairi.
İşıq üçün od başına dolandı, Yol başına, yurd başına dolandı, Ömür ipi yaddaşına dolandı, Dağ olanda öldürdülər şairi.
Tökül gözlərimdən
Tökül gözlərimdən yaş əvəzinə Desinlər yağışın yaz vaxtı gəlib Ürəyim elə çox yanır ki, bu dəm Ölümün ömrümə az vaxtı gəlib
Yandır nə deyirəm külüm qalmasın Ölüm yer üzündə ölüm qalmasın Bürünüm kilimə kilim qalmasın Ölümün ömrümə toz vaxtı gəlib
Yanağım sel tutub selimə minnət Sənsiz keçib bitən ilimə minnət Son sözü söyləyən dilimə minnət Ölümün ömrümə buz vaxtı gəlib. 14.09.24.
Sübh mavi gəlinlikdə
Sübh mavi gəlinlikdə, Mənsə ulduzlu axşam. Əks olur dodağımda İçimdə əriyən şam.
Açılır hər gün yeni Xəyalıma pəncərə. Göy qurşağı deyilir, Arzular doğan yerə.
Qanadları bəmbəyaz, Uçur gedir zamanım. Qışa doğru yeriyən, Payız mənim ünvanım.
Dirilim
Külək, sevdiyimi götür geri gəl, Çəkim ciyərimə, çəkim dirilim. Əvvəlki ömrümdə xarabalıqdır, Alım can evimə tikim, dirilim.
Öpüb gözlərimin üstünə qoyum, Ərisin şövqümə, tüstüyə doyum, Sinəmin üstündə büstünü oyum, Gözümün nuruna çəkim, dirilim.
Günəş, dər gecəmi, çevir gündüzə, Bərqindən süzülən eşqi çək üzə, Məni nökər elə, döndər kənizə, Önündə diz üstə çöküm, dirilim.
Sübh çağı hər yan şəfəq, Ağac əyir başını, Yaradanın qulutək. Hətta ilham alıbdır, Bu dünyanın daşı da. Mələklər endirərkən, Göylərdən yağışı da. Buludlar aram-aram Səmadan çəkiləndə, Damla-damla nur yağır, Dan yeri söküləndə. Demə hər gün yenidən Doğulurmuş kainat. Oyan, ey qafil insan! Sən yalanlar içində, Qara üzlü günahın Yuxusuna qalmısan, Neçə haqqı çalmısan. Nə eşqdən xəbərin var, Nə də ki oyanışdan. Hər gəlişdə bir sevgi, Hər gedişdə bir həyat. Ey insan! Elə sənin özünsən, Nurdan doğmuş kainat.
İlahi
Mənim bir dənəyimlik ömrüm yoxdur, İlahi, Ondansa bağrım üstə daş göndər, taxta göndər. Sən verdiyin şeyləri almadım ki, vaxta var, Bir işığın vardırsa, qısacıq vaxta göndər.
Boş qalan beşiyimin layla səsi çatışmır, İçimdəki ocağın, su töksəm də yatışmır, Başımı nəylə qatsam, qarışmır ki, qatışmır, Beynimi dondurmağa azacıq şaxta göndər.
Sil ömrümdən nə olar anam atam nə yazdı, Mən dərinəm, olanlar ömrüm üçün dayazdı, Əgər deyirsən ki, Sən, olub bitənlər azdı, Səsi, nəfəsi də al, nə versən yoxda göndər.
Kiməm
Çox qəribəm, yüküm ağır, yüklənirəm hər dərdləri. Hey uduram içimdəki fırtınalı küləkləri. Yer içimdə, göy içimdə, Dünya mənim içimdədi. Yer kürəsi, düşücəmin küncündədi. Bəs, mən kiməm? Hey qəmginəm. Uzaq-uzaq arzulara, sarılıbdır baxışlarım. Tapammıram sualların cavabını, bəs, nə qoyum öz adımı? Dadmamışkən yer üzündə nemətləri, dadı məndə. Dağın, daşın, çiçəklərin rəngi, ətri, adı məndə. Əzilirəm ayaqların altında mən, çox qəribəm. Məkanımı tapammıram, zamanımı tapammıram, itirmişəm öz adımı, öz adımı tapammıram. Düşüncələr böyüdükcə, bu dünyaya sığammıram.
Təpəgözün nağılı
Sənə uzaq, sənə yaxın nəyim var, Bir daxmam yox uçuq, sökük közərə. Ümidlərim çarmıxlardan asılı… Tərsə gedən həyat çətin düzələ.
Hər şey başdan təpəgözün nağılı, Cütcü babam oğurlayıb noğulu, Hardan alım səndəki son ağılı? Gizli tutum, kilidləyim özələ.
Ürəyimdə bir işartı sevinc yox, Yaşamağa kök altında bilinc yox, Yorulmuşam, qabağında gülünc yox, Sozalmışam, nə qalıb ki, sozala.
Hardan getsəm, hara çıxsam dolanbac, Sevgi desəm, gözü, könlü, qarnı ac, Nəyə gərək od üstünə qoyum sac, Ürəyimdə bişirdiyim az ola.
Səs çıxarma, yat, bala
Anasını, atasını itirən uşaq! Üzünü soyuq daşa qoyub… İsti qucaq əvəzinə, iki məzar arasında yatan uşaq, əllərini başı altda qoşa qoyub. Anasının, atasının nəfəsini, duymaq üçün, gecə-gündüz yatır orda. Göz yaşını, ahına qatır orda. Bu uşağın taleyini düşünəcək, bir kimsə yox. Mərmi yağır göy üzündən, yağış kimi. Səs çıxarır zülmlərə əl çalınan alqış kimi. Şak, şak, şak… Bu cənnətmi, cəhənnəmmi, qiyamətmi..? Yoxsa bütün insanların göz yumduğu cinayətmi… Sadə bir ad qoyublar, vətəndaş müharibəsi. Yaxşı addır, yatımlıdır qulağa. Yat iki məzar arasında, səs çıxarma, yat, bala.
Göy qurşağı çəkildi
Dağ yamacda ayaq izi göyərçin, Taptağında pasa batıb kərənti. Buludlara daldalanmır bədirli, İki donmuş səsə batıb kərənti.
Gecələrin ilığımında ot küsük, Gündüzlərin hovruğunda ömür tən. Tər, buz olub laylaların üzündə, Varlığımın büsbütünü kömürdən.
Bir oraq var nənəm asıb kərtmədən, Bir güyüm var əl yerləri qalaylı. Öpəmmirəm od püskürən əlləri, Ağrılarım daş torpağa halaylı.
Həyat nədir; bircə nəfəs, bircə səs, Göz yaşımda anam atam şəkildi. Kim nə deyir, desin, artıq yoxdu, yox, Varlığımdan göy qurşağı çəkildi.
Səni görsün gözlərim
“Cəhalət qunası”da sevdim səni sevdiyim, Egomla aşiq oldum səni sevdiyim günü. Sən İlahi sevirdin, sev, ilah ol könlümə, Dünyamın rənginə dön, sənə döndüyüm günü.
Gedirəm dediyimdə, bil ki, sənə gedirəm, Darıxmağım ölümdür, səsin nəfəsim kimi. Bütün aləm bir yana, sən aləmsən canımda, Elə möhkəm sevirəm, deyil həvəsim kimi.
Ruhum darmadağındır, bu dünyada kəsim sən, Varım da sən olmusan, varlığım da, yarım da. Elə istəyirəm ki, həm gecə, həm də gündüz, Səni görsün gözlərim açıldıqda yanımda.
Kəpənək qadın
Sən ey əlləri boş, kəpənək qadın, de niyə dinmirsən dilin tutuldu? ağrıdı saçların sığalsızlıqda, ovcunmu lillədi, əlin tutuldu?
De hara gedirsən, yolun hardadır, “dünya tək adamlıq yerdir” demişdin. nə çoxdur yol üstə ruhu əzilmiş, nə çoxdur sürüdən ayrılmış adam sən dik baxışları kimdə əymişdin?
Sən ey əlləri boş, kəpənək qadın, nəfəs boyda qaldın, nəfəs-nəfəsə. deyirlər üstündə şam yandıran yox, qəlbini küsdürmə gül və ağla keç, tutun, bərk tutun! səni ovunduran bax gör nədirsə.
Darıxmaq
Həsrətindən sürsümüyüm çıxıb burda, Elə bil ki, yüz illərdir görüşmürük. Dodaqlarım parçalanıb susuzluqdan, Öpüşünün qollarında gülüşmürük…
Yatağımda titrəyirəm, hənirin yox, Buzlayıbdır ürəyimin divarları. Darıxmağa nə verirlər, darıx kiri, Buz adamlar görür gözüm adamları.
Dur azacıq otağından çölə boylan! İnanmırsan baxışında isinəcəm? Ruhundakı od gölünə buxarlanıb, Ruhumdakı od gülünə sindirəcəm.
Bu darıxmaq o darıxmaq deyil hələ, Gözə görün, bu gözləri öldürəcəm!
Səbəbim; azan çiçəyinin açılışında, dan çağının arıntısında, qürub şəfəqinin qığılcımında.
Qollarında əzabımın yenilgisi, yüz illik tənhalığımın çırpıntısı, istiliyində qızınan “Mən” im…
Zikr sevdiyim, aludə olmuşam gecə yarısı şirin yuxumu bölən hənirinə, pıçıltına, başımı döndərən ürək atışına.
Əgər bu yuxudursa, sonsuzluğu seçirəm! – əbədiyyətində. Zikr et, ruhumun kəhkəşanını, zikr et, toxunuşunu, zikr et, ömrümün çıxışını, yoxuşunu, doluşunu – sevgində.
Güvəncə yerim, güc yerim, ayaq çakrasından təpə çakrasına yüksələn “Sən” də – yəni, “Sən”imdə hərəkətli.
Öz yaşarlığımda Sən!
Yarğısız infaz
Mən səni sevmişdim ki, ağrıyan göz yaşını öpüm, ağrın dinisin. Qəlbindən qopan külək, sussun, yatsın, kirisin. Kədərin buzlaqları gözlərindən yerisin, Parçalarını yığdım, özümü parçaladın.
Susdum ağrımı bilmə, Dağıldım kəlmə-kəlmə. Sən keçmişlə yaşadın, Mən isə ilmə-ilmə.
Hər şey uzaq görünür, sevmək də, sevməmək də.
Adam müqavva olur, adam hissiz duyğusuz. Mən ki sənlə bir bədən, ruh sanmışdım sən demə; biz ikimiz yaralı, biz ikimiz yuxusuz.
Dünyaya gözlərindən baxanda gözüm oldun. İşığım da yox daha, hünərim də, səsim də, səni çəkdiyim o bol, o isti nəfəsim də.
Bax gör indi mən kiməm, külək, yağış, yoxsa Gün, özünün öldürdüyün?!
Payız
Dəli külək əsir üfüqdən, torpaq gömgöy. Xəzəllənib göy üzü, sarı gəlin deyir nənələrimiz dəyişkən havalıya. Tumurcuqlayır, tisələyir arabir bulud. Qurov bağlayır biçilmiş otların kökü. Palıd yığmağa gedir kənd qadınları meşədən. Fıstıq dibinə tökülüb, sevinir uşaqlar… Səsi xışıldayır, qızıllanır yarpaqlar, əynini dəyişib ağ gəlinlik geyinir xınalı gəlin, bəzənib, qışa gedir payız.
Gülnarə İsrafilin şeirləri ilə tanışlığım dörd il əvvəl başlayıb. Sonra özüylə görüşdüm. Axırıncı şeirlər kitabını “Sirran” və son illərdə yazdığı şeirləri də mənə verdi ki, oxuyum, fikirlərimi bildirim, “Torpaq adamlar” və “İki” adlı iki şeir kitabını da əldə etdim. İndi mən onun şeir dünyası ilə üz-üzəyəm.
Bir şeir dünyasından nələr əxz etdim?- Oxuduğum şeirlər müasir poeziyamızın yaddaşında yaşaya biləcəkmi? O şeirlər təkcə Gülnarə İsrafilin deyil, bizim də könül duyğularımıza yol tapa biləcəkmi? Və Gülnarə İsrafilin şeirlərində onun bir şair kimi özünəməxsusluğu nəzərə çarpırmı? Adını çəkdiyim şeir kitablarına yazılan ön sözlərinə nəzər yetirirəm.
Kənan Hacı “Torpaq adamlar”a yazdığı ön sözdən: Gülnarənin şeirlərini oxuduqca görürsən ki, o, sanki öz hisslərini çarmıxa çəkir, yaşantılarının maddi formasını – söz formasını yaratmağa cəhd edir. Gülnarə hansı sözün hansı formanı tələb etdiyini duyur və hisslərini həmin formada ifadə etməyə çalışır. Onun şeirlərinin fərqli bir intonasiyası var.”
Bilal Alarlı “İki” şeirlər kitabına yazdığı ön sözdə deyir: “Gülnarə İsrafilin poetik dünyası, fərqli dil üslubu, obrazlı ifadəsi ilə diqqət çəkir.”
“Sirran” şeirlər kitabındakı ön söz müəllifi isə Naibə Yusifdir. O, şairin ayrı-ayrı şeirlərindən söz açır və onun bir şair kimi özünə məxsusluğunu nəzərə çarpdırır.”Özünəməxsusluq, bənzərsizliyi onun poeziyasının özəlliyidir.” Əlbətdə, hər üç ön sözdə tərif ahəngi üstündür. Belə də olmalıydı, çünki bu gün nəşr olunan bütün şeir kitablarına yazılan ön sözlərdə bu ahəng pozulmur.
Gülnarə İsrafili özünəməxsus bir şair kimi səciyyələndirmək üçün onun bir neçə şeirinə müraciət etmək istəyirəm.
Vətən və müharibə mövzusu son otuz ilin poeziyasında şairlərimizi düşündürüb və bu düşüncələr də müxtəlif şəkildə öz əksini tapıb. Nədir bu müxtəlflik? İlk növbədə, ənənəvi tərzdə, demək olar ki, “sovet şeiri” üslubunda – Vətəni və müharibəni məlum ifadə vasitəsi ilə yazılan şeirlər. İkincisi, dövrün, zamanın, gerçəkliyin ruhuna uyğun yazılan şeirlərdir. Burada Vətənin təsvir və tərənnümü o qədər də ardıcıl deyil, əsas məsələ vətənpərvərlik və səfərbərlik ruhunun aşılanmasıdır. Məsələn: Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun “Qalx ayağa Azərbaycan” çağrışlı şeirləri kimi. Üçüncü isə, Vətən və müharibə mövzusuna tamamilə fərqli bucaq altında yanaşan şeirlərdir. Bu tipli şeirlərdə ağrı, kədər motivləri üstünlük təşkil edir və əlbəttə bu motivlər vətənpərvərliyin ağrı səviyyəsində dərki deməkdir. “Müharibə” şeirində müəllif bir nənənin müharibəylə bağlı ömrü qısaca “səhifələnir”. “ Nənəmin tellərində ağarmışdı müharibə, ala gözləri qonurlaşmışdı yanğıdan.”- Bu nənə ümumiləşmiş bir obrazdır, “qara kağız öpdü nənəmin kəhraba əllərini”. Və o nənə hər gün ölür, “son dəfə öləndə gözündəki yaş nəsə deyirdi.”- Metaforalardan ibarət bu şeirdə, nənə-qara kağız, ölüm simvollarında reallaşır. Göründüyü kimi, sırf müharibə nə deməkdir şeirlərdən fərqli olaraq, Gülnarə İsrafil ənənəvi mövzuya təzə rəng qatır. “Vətən” şeiri mən deyərdim, Gülnarə İsrafilin metaforik şeirlər sırasında ən görümlü, duyumlu şeiridir.
“Bir şəhid gördüm ki, mən Köynəyi can verirdi. Dilində ilk yaddaşı, Qurumuş son kəlməsi Yerdən torpaq dərirdi.
Bir şəhid görüm ki, mən Torpaqdan don geyinmiş. Anadan köz atəşi, Atadan sirr daşları Geyinmiş də, geyinmiş…
Bir şəhid görüm ki, mən Vətən olmuşdu, Vətən!”
Kimdir o şəhid? Anamı, atamı, oğulmu? Və sonda Vətənləşir o şəhid. Gülnarə İsrafil “Şəhid Vətən” ümumiləşmiş bir obraz yaradır. Gülnarə İsrafilin şeirlərində obraz yaratmaq xüsusiyyəti daha qabarıq nəzərə çarpır. O, ayrı-ayrı fərdlərin (müşahidə etdiyi insanların taleyi ilə maraqlandığı) obrazlarını həm zahiri, həm də daxili- mənəvi planda təqdim edir.
“Nə durmusan yol üstündə, qarı nənə! Gedənə də, gələnə də əl açırsan, ovcuna qəpik düşəndə küçələrdə qəpik-qəpik gül açırsan. Kədərin yoxmu sənin üzüləsən?”
İlk baxımdan adət etmədiyimiz bir mənzərə ilə qarşılaşırıq. Bir nənə dilənçilik edir, yalvarış, sızıltı ilə yox…Əksər dilənçilərə xas olan “yalvarış mexanizmindən” uzaq bir nənə. Amma bu zahiri bir görüntüdür və bu görüntü elə buradaca sona çatır. Amma Gülnarə İsrafil bu obrazı böyüdür, ümumuləşdirir və şeirin ifadə etdiyi məna bir dairədən digərinə adlayır. “Sən dalansan, sən küçəsən, yox, elə sən, özün boyda bir şəhərsən.”
O qarı nənə bütün gəlib keçənlər üçün bir dayanacaqdır, onun “əvvəlki şəhərinə” qayıtması lazım… Şeirdə bir insan həyatından cəmiyyət həyatına keçid diqqəti cəlb edir. Təfərrüata varmadan Gülnarə İsrafilin “Viran şəhərlərin uşaqlarıyıq”,”İşıqçı”,”hər gülün dibində bir şəhid”,”Ağdam”,”Balacam”,”İnsan” şeirləri haqqında da eyni fikirləri söyləmək olar. Mən Gülnarə İsrafilin nakam şair Həsən Kürə həsr etdiyi şeiri onun ən kədərli şeiri hesab edirəm.
Niyə “ən kədərli”? Çünki, Həsən Kürün faciəli həyatına şairin də öz kədəri qarışır. Ümumiyyətlə Gülnarə İsrafil bir çox şeirlərində kədər, ağlamaq, sıtqamaq yox, düşünmək əhvalını yaradır.
“Düşünmək əhvalı”ifadəsini nahaq yerə işlətmirəm. Əlbəttə hər hansı şeirdə müəyyən düşüncə – fikir öz ifadəsini tapmalıdır. Təbii ki, bu düşüncələr obrazlı şəkildə əks olunmalıdır. Mən onun “Yol”və “Elə istəyirəm”şeirlərini bu baxımdan bitkin şeir hesab edirəm. O, yol obrazını insan obrazı ilə vəhdətdə təqdim edir.
“Bu yol məhəbbətdi, bu yol məşəqqət, Ayağım torpaqda sırsıralanıb. Yolun üzündəki mənim göz yaşım, Yolun ürəyində sirr sıralanıb.
Bu yol arzuların budağı kimi, Bu yol günahların otağı kimi, Bu yol dirilərin ölüm ayağı, Bu yol ölülərin torpağı kimi.”
Gülnarə İsrafilin şeirlərində lirik qəhrəman obrazı daha çox üstünlük təşkil edir. Bu lirik qəhrəman sevgi yolunun yolçusudur. O öz sevgi yolunda “Mən”- dən “Sən”- ə doğru yol gedir və bu yolda xoşbəxtliyə ümid və çağrış da var, üzüntü də var, məyusluq da, anlaşılmazlıq da. Onun digər şeirlərindəki təzadlı hisslər, sevgi şeirlərində də öz əksini tapır.
“Yandırıb eşq oduna, Qəlbimi şan-şan etmisən. Şirinin qəmdən acı, Qəmimi al-qan etmisən. Nə məni öldürmüsən, Nə də məni var etmisən. Yaralanmış ürəyimi hansı yana alım gedim? Dəvətsiz qonaq olmuşam bu sevgiyə, qalım, gedim?” Qalsa yaxşıdır… Çünki sevgi ömrü tükənmir. Füzuli babamız demişkən:
Gülnarə İsrafilin şeirlərində sərbəst dil manerası ilə rastlaşdım. Doğrudur, çətin anlaşılan sözlər, ifadələr də var, amma bundan keçmək olar. Fəqət bir çox şeirlərində şeirə uyuşmayan sözlərə, ifadələrə nə deyəsən? Şair bir də baxsın “Mən adlı kim qaldı ki…”,”Boşluqda ulayan “mən”im”, “Sonsuzluq” şeirlərinə… Bu şeirlərdə fikir var, amma şeir yoxdur. Və birdə baxsan “Payız” və “Dirilim” şeirlərinə əsl şeir kimi şeir…
Gülnarə İsrafil! Sənin üç kitabının şeirlərini mən oxudum. Və sevindim ki, sən, əsl şairsən…Yoluna davam et!
“Torpaq adamlar”, “İki”, “Sirran” şeir kitablarının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü – dəyərli şairimiz Gülnarə İsrafilin yaradıcılığı haqqında günlərlə danışa bilərəm, şeirlərindən yazın nəfəsi, yayın nəfəskəsən istisi, payızın kədəri, qışın qırovu, dağların kəklikotusu, çəmənlərin kəpənək şıltaqlığı duyulan, insan ömrünün bir rəssam fırçası ilə çəkilib boyanmış əksi görünən imzamızın müasir ədəbiyyatımızdakı yeri təkrarsızdır. Azərbaycan ədəbiyyatının günəş ruhlu imzası Gülnarə İsrafildən bəhs edərkən amerikalı şair Emili Dikensonun yuxarıda qeyd etdiyim misralarını əbəs yerə xatırlamadım. Çünki Gülnarə İsrafilin göyqurşağı kimi rəngarəng və çoxşaxəli yaradıcılığının özəyi, kökü ruhun yalnızlığının təcəssümü oldu mənə görə. Eyni zamanda öz dövrünün oxucuları üçün E. Dikensonun da yazı dili Gülnarə İsrafilin şeir dili kimi qəliz gəlirmiş. Əslində bu “qəliz” sözünün gerçək anlamı odur ki, bu şeirləri anlamaq üçün oxucunun savadı, dünyagörüşü olmalıdır. Onun şeirlərindəki qəhrəmanlar ən xoşbəxt anlarında belə yalnızlıq larını unutmurlar. Eynilə “Tənha ağac” şeirindən olan bu misralar kimi : “Eyni mənim bənzərim Tənha ağac, tək ağac İki qola ayrılıb Yer üstünə yük ağac.”
Şairin yaradıcılığı həm də dilimizin zənginliyini, özəlliyini, gözəlliyini təcəssüm etdirir. Mənim fikrimcə dil də təbiətin özü kimi zamanla aşınmaya məruz qalır, Gülnarə İsrafilin şeirləri isə yarğanın çəmbərinə əkilmiş, kökləri dərinliklərə şaxələnmiş yamyaşıl ağaclar kimi dilimizi aşınmaqdan qoruyur, “Kəndimiz” şeirindən bu möhtəşəm misraları xatırladım :
“Cığırları soluxlanır Sərkərin, Dəyə quran dəyəsində yaşlanıb. Qaraçökək qoruq yeri əzəldən, Gül-çiçəyi kərəntəyə süslənib.”
Ruhumu oxşayan rəngarəngliyin çalarları arasında bir rəng gördüm, unutduğum adını xatırladım, bir söz məni sehirləyib uşaqlığıma götürdü. Uşaqlığımın mürəkkəb qabı olan qələmlərini özlədim,” Baryum buludu” şeirini bir başqa sevdim :
“Yeddi rəngin təpəgözü – Şimşəklərin qığılcımı, Bir qaztopu suyun şövqü halqalarda toz ilğımı sıçrayışa. Ev boyda qara qartopu, narıncı, sarı çir yeli. Yeddi rəngi yumurtladı yaşıl, hava, göy, çirneli anlayışa.”
Yaxşı bilirik ki, körpə ana bətnində olandan ananın əhval – ruhiyyəsini duyur, ananın sevinci, kədəri körpəyə də sirayət edir. Şairimizin qəhrəmanı anasının kədərli halından təsirlənib zamanı qabaqlayıb vaxtından əvvəl böyüdüyünü, ruhunun yaşlandığını dilə gətirir :
“Yaşadığım, yazmadığım köhnəlib, Atam deyir, iş – güc qalıb böyüyüb. Anamın da qımqıması susandan Yaddaşımda gizlənqaçım körüyüb.”
Şairin sazlı-sözlü keçmişimiz olan Aşıq ədəbiyyatının nəfəsi duyulan misraları da bir başqa gözəldir. “Qadan alım” şeirinin dilinin şirinliyi, axıcılığı ilə sazın sədası gəlir qulaqlarımıza :
“Gözəl yarım, göndərmişəm naməni, Götür, cavab söylə, al, qadan alım. Qəm üstündə köklənibdir” Kərəmi” Dilləndir sazını, çal, qadan alım. “
Şifahi xalq ədəbiyyatı nümunələrimizdən olan bayatıları da unutmayan şairin yaradıcılığında bayatılar da özünəməxsus yer tutur. Qəlbimi göynədən bayatılardan birində şair Qarabağ dərdimizin müharibəsiz sağalmayacağını, sülhün, ədalətin bərqərar olması aparılan danışıqların faydasızlığını vurğulayır. Və biz zamanla bu uzaqgörənliyin şahidi oluruq :
“Tar susub, dilə gəlməz, Bülbüllər gülə enməz, Əldən gedən Qarabağ Şəhidsiz ələ gəlməz.”
Türklüyümüzü, kimliyimizi xatırladan, Tengridən, şamandan bəhs edən, bir şeiri ilə tarix vərəqləyən şairimiz Ön Asiyadan Sibirədək kök salan, haramdan uzaq olan bəy dədələrimizi xatırladır, Van gölünü, Xəzəri, Urmiyanı, Kərkükü, Anadolunu, Etrüskləri, Arattanı anır :
“Qut tenqri, Göy tenqri, Şaman ayin, köç yeri. Tamğalı Qobustan qayaları. Huydum – hun dam. Yay düzəldən, ox atan. Günəş tanrı, Günəş adam, Hun atam!”
Deyirlər ki, öz ağrını duyursansa canlısan, başqalarının ağrısını duyursansa insansan. Şair insanın, ağacın, torpağın, daşın ağrısını dilə gətirir. Gülnarə İsrafil başqalarının ağrısını, acısını o qədər gözəl duyur ki, bu acı ilahiləşir, gözəlləşir, sözün əsl mənasında sevilir.” Kəndimiz “şeirindəki ağrının tərənnümünə, təsvirinə diqqət yetirək :
“Karxanaya döndəriblər Xalxalı, Yastı daşı kamaz-kamaz daşınır. Sinəsini ovuq-dəlik edəndən Göy çəmənin ağrıları qaşınır.”
Fransız yazıçısı Gi de Mopassanın “Bir yaz axşamında” hekayəsindəki Lozan xala obrazını çox sevirəm. Gülnarə İsrafil də Mopassan kimi qadınlardan yazanda çox maraqlı, adi vaxtlarda bəlkə heç kəsi cəlb etməyən məsələlərə toxunur, necə ki, Mopassanın “Bir yaz axşamında” hekayəsi cəmi bircə cümlə üzərində qurulub: “O, səndən soruşdu ki, “sənin qəşəng, pənbə ayaqcıqların üşümədi ki” heç kəs, heç vaxt… heç vaxt… mənə bu cür söz deməyib! Heç vaxt! Heç vaxt!” Heç vaxt ailə qurmamış Lozan xala nişanlı olan bacısı uşaqlarının söhbətini eşidir. Oğlanın qıza nəvaziş göstərməsi Lozan xalanı ağlamağa vadar edir. Çünki heç vaxt kimsə ona belə nəvazişli, xoş söz deməyib. Və Şairin “Bu qız” əsərini oxuyanda həmin Lozan xalanı xatırladım, ruhum yenidən göynədi :
“Mən də bilirəm ki, bu, o qız deyil. Saçları sığalsız qızdır. Hər gecə saçlarının dənini sayan qızdır Bu, tənha qızdır. … Bu qız yuvasız qızdır, laylasız qızdır. Bax, bu qız balasız qızdır. Heç böyümədi ki… Heç böyüdüyünü görmədim ki…”
Dəyərli şairimiz Gülnarə İsrafilin yaradıcılığı da eynən günəş kimidir. Bu günəş şairin misralarında gah sübh çağı səmadan boylanıb zərif işıq saçır, gah da istisi, alovu ilə nəfəsimi qarsıdır, gah da ki, axşamın qürub çağında yür üzündən küsüb, boynunu bükmüş kimi inzivaya çəkilir. Zülməti, ruhları nura boyayıb, hər kəsin içini isidən günəşin əslində özünün yalnız olduğunun fərqinə varan, həyatda yanlış etməməyə çalışan, başqalarının səhvlərini düzəltməkdən yorulmuş, lazım gələrsə arzularını, gələcəyini həqiqətə, öz doğrularına qurban verə biləcək qədər cəsur olan qəhrəman öz yalnızlığını Günəşin yalnızlığına bənzədir :
“Di get! Mən Günəş ömrü yaşayıram. Uşaq qəhqəhəsinə yarımyuxudan oyandım…”
Müasir ədəbiyyatımızın möhtəşəm imzası, Günəşi – dəyərli Gülnarə İsrafilə yeni – yeni yaradıcılıq uğurları arzulayıram. Janna Dark ruhlu bu vətənpərvər qızın “kralların paxıllığına” məruz qalmamağını, ədəbi mühitimizdən layiq olduğu dəyəri zamanında görməyini arzu edirəm. Və şairimizə özünün bu ecazkar misraları ilə xitab edirəm : “Sən Günəş ol, yer üzünü isindir, Yatır, oyat sabahları, diksindir! Yer əlifdir, yer əlmasdır, göy” sin”dir, Bir göy yarat, bir göy böyüt, göy sindir.”
Xankəndini ziyarət etdikdən sonra Şuşaya qayıtdıq. Qala qapısının yaxınlığında yastana yerdə qoyulmuş heykəllərlə şəkil çəkdirib qaladivarları ilə üzü aşağı Şuşa yazılan girişə endik. Yerdə əmənkömənciyə rastladım, qayıdanda bir topa yığıb özümlə götürdüm. Amma o yerləri gəzdikcə igidlərin ayaq izlərini gəzirdim. Yuxarı qalxıb Qövhər Ağa məscidinə ordan da Cıdır düzünə tərəf yollandıq. Cıdır düzü bir tərəfi meşəlik, bir tərəfi sıldırım qayalıq. Mən ondan iri qayalıqlar, düzəngahlar gördüyümə görə mənə elə də təəcüblü göz oxşayan görünmədi. Sadə bir təpəlik. Səməd Vurğunun göyəzən dağına yazdığı şeirini xatırladım. Olsun, dedim ürəyimdə. Bəzən toponimlər öz müəllifləri ilə əbədiyyət qazanır və bir də igidlərimizin ayaq səsləri azadlıq yaratmışdı daşlarda. Min illər keçəcək, bu günlərin əziz xatirəsi unudulmaz qalacaq. Bir vaxtlar at çapılmış bu yastana ayaq izləri ilə öz yaşarlığını tapmışdı. Bundan sonra da igidlərimizin canı qanı ilə müqəddəsliyinə davam edəcək. Orda bir neçə şəkil, qısa video çəklişi edib Vaqif məqbərəsinə yetişdik. Poeziya günləri keçirilən yerdə şəkil çəkdirmədim. Mən bu yerdə kürsüyə qalxıb şeir səsləndirəndə şəklim çəkilib tarixə düşər. Əks halda özümə haqsızlıq etmiş olardım.
Əzəmətli bayrağın dalğalanan uca Şuşası sən bizim ağrılarımızın şahidisən. Sənin hər daşını öpüb göz üstünə qoysaq yenə də azlıq edəcək. Gün qaralmadan Laçına çatıb, Mərkəzi kitabxanaya kitablarımızı bağışlamalıydıq… Ordan ayrılanda Şuşanın ətri burnumdan uzun müddət getmədi. Laçınla Şuşa arasından Qubadlıya çəkilən dolama yollar uzaqdan selə oxşayırdı.
Yolqırağı böyürtkən kolları, turşsu, insanların əllərində dopba ilə baş ucunda gözləyib növbə ya da növbədən kənar su qablaşdırıb içmələri adama sevinc bağışlayırdı. Biz də elə burada nahar edib, torbamıza çəmənlikdən qantəpər, qaraçörək otu toplayıb yolumuza davam elədik.
Gedişimizdə Ağdam “Dram Teatrı” nın qalığının önündə bir xatirə şəkli çəkdirdik. Bildiyimiz kimi doxsan ikinci illərdə başlanan müharibədə Ağdam sona qədər döyüşdü. Ən çox şəhid verən rayonlarımızdan birincisi indi xarabalıqları ilə ürək dağlayır. Hansı səmtinə baxırsan tikilinin didilib, uçulmuş formasını görürsən. Əlacları olsa, daşı da qazana basıb yeyərmiş hay çətələri.
Yolda şəhidlərimizə dua edərək, bərpa işləri aparılan yollara zümzümə də elədik. “Küçələrə su səpmişəm, yar gələndə toz olmasın”. İri maşınlar toz qaldırmasın deyə “vadovoz”lar yolları sərinlətmişdi. Təbiət öz axarında davam edirdi. Axşam biz hava qaralmadan geri dönəndə gün yandırmış heyətləri də xarabalıqların içində gördük. İş saatları bitmiş, əl-ayaqlarını toparlayırdılar.” Böyük Qayıdış” a əmək verən insanların baxışlarında həm kədər, həm də ümid görmək olurdu. Biz keçib gəldik onlar əmək verməyə davam edəcəkdi. Axşama dostumuz Savadsız Arzuman yığdı. Bəs, mən də ordaydım dedi. Əgər bilsəydim on dəqiqəlik salam verib keçərdik dedim. Ağdama yazdığım şeir ilk kitabımda nəşr olunmuşdu. Onu xatırlamağa çalışdım. Və nəhayət üzünü görmədiyim heç vaxt ayağım dəyməyən bu torpağı gəzmək fürsətim olduğuna görə çox şükür etdim. Dünya gözü ilə görmək, sevmək başqa bir nemətdir.
Əsgəran qalasında dayanıb sağa, sola nəzər saldıq. Haylar Əsgəranı işğal edilməklə Ağdamın əlaqəsini Xocalıdan və bütöv Qarabağdan kəsiblər. Deməli, planlı şəkildə şəhərlərimiz məs Əsgəran vasitəsi ilə hasara alınıb. Bu Qala, Qarabağın strateji baxımdan canı hesab olunur. Qala, çay daşından on səkkizinci əsrdə, 1751-ci ildə Pənahəli xan tərəfindən inşa edilib. Bir hissəsini dağıdıblar, bir hissəsi qalır. Yolumuz buradan keçdiyinə görə çox sevincli idim. Mənim işğal altına düşmüş qərib şəhərimin daşları, divarları öz sakinlərində idi. Biz orda olanda çoxlu sayda insanlarımız qalanın başına çıxırdı. Yolumuzun uzaqlığına görə, aşağıda qalanı gözümüzlə oxşayıb yolumuza davam elədik. Yolumuz Xocalıdan keçirdi. Daşı daş üstündə, başı baş üstündə qalmayan başı bəlalı şəhər. Bu şəhər öz sakinləri ilə yerin dibinə gömülüb, qətl olunmuşdu…
Hər şey qürurvericiydi. Postlarda gənc polislərimizi görüncə, gələcəyə ümid daha çox artır. Bu şəkildə azad olmuş torpaqlarımız nəzarət altına alınıb qorunur. Yaxın gələcəkdə hər kəs öz obasına köçəcək…
Xankəndinin mərkəzi
Şofer Arzuman bəy polisdən yol soruşur:
-Biz Şuşaya gedirik, düzdürmü?
-Yox, əlini uzadır, o biri yolla gedəcəksiniz. Bu yol Xankəndinə gedir.
-Olarmı baxaq qayıdaq? Polis yol göstərir.
-Buyurun. Biz şəhərə daxil oluruq. Azca irəlidə möhtərəm şəhər qol açır, öpür doğmalarını. Və acizanə heyrətliklə irəli yeriyirsən “bu nə gözəllik?”.
O qədər gözəldir ki, Xankəndi, mən təkcə bu şəhər üçün ölərdim. Lap uzun il əvvəllər şəhərin yoxluğu ciyərimi fərqli yöndən qovururdu. Həmin doğmalıq canıma hopdu. Həyat öz axar-baxarında davam edir, bir tərəfdə Gəncə təndiri, yol qırağında çayxana, yerə tökülmüş xəzəllər, ox, yer üzünün cənnəti… Digər tərəfdə göy hərflərlə yazılmış tablo “Qarabağ Azərbaycandır!” Dəmir Yumruq” simvolu – tablo danışır.
Azərbaycanın ən böyük şəhərlərindən biri olan bu füsunkar şəhər yenidən özünə qayıdıb. Kuruqdan təxmini üç yüz metr aralıda “Qarabağ Universiteti” yerləşir. Bakı seriyası maşınları şütüyən görəndə fərəhlənirsən. Üzündə bir təbəssüm, gözündə bir sevinc hissi yaranır. Ta oralara qədər döyüşüb geri çəkilən igidlərimiz yada düşür. Şəhərin qəribə qoxusu var. Burada canına çökmüş çirkabdan azad olan döşəmə yollar ayağına sərilir. Ala buludlar göy üzünə daraşıb yol gedir. Xısın yarpaqlar ağac dibində ayaq tappıltısı gözləyir. Və təkəmseyrək adamların keçişi yaşıl ağaclara can verir. Həyat bu şəhərdə dirilir. Mənim qısa dəqiqələrdə bunu yaşamağım da ayrıca bir lütvdür. Piramida tikililər diqqət çəkir.
Və bir də o möhtərəmi yeddi dolamadan seyr edəndə kiçik evlər ulduz kimi səliqəli görünür. Yolçu yolunda gərək, bir daha şirin təbəssüm edib ayrılırsan. Sevilməli və içində yaşayıb var olmalı şəhərim, hələlik deyib davam etdikcə daha da əzəməti insanı basır. Bax bu!..