Etiket arxivi: SABİR RÜSTƏMXANLI

SABİR RÜSTƏMXANLI-79

SABİR RÜSTƏMXANLI-79

Öncə söz vardı
29-cu hissə

Türk dünyasının böyük şairi, Milli azadlıq hərəkatının öncüllərindən olan, “Ömür kitabı” ilə ömrümüzə yazılan Xalq şairi Sabir Rüstəmxanlını mayın 20-də 79 yaşının tamam olması münasibətilə təbrik edirəm.Şadam ki, Sabir bəyin istiqlal ideyalarının gerçəkləşməsinə birgə tanıqlıq etdik və 44 günlük Zəfər savaşında fərəhli anları yaşamağımız hamımıza nəsib oldu.Qarabağın hürr günlərini görmək Rüstəmxanlının ən doğal haqqı olduğu kimi, Təbrizlə bağlı arzularının da reallaşmasına şahidlik edəcəyi günü görmək ən təbii haqqıdır. Düşünürəm ki, bu təmənna ilə yazdığım “Bakı-Təbriz şairi” essesini bölüşməyə dəyər!

BAKI -TƏBRİZ ŞAİRİ

Bu millətin Sabirləri…
Bu millətin Sabirləri bu millətin səbrindən doğulub.
-Neçə Sabiri var bu məmləkətin?
-Mirzə Ələkbər Sabir kimi şair Sabiri var, yazıçı Sabirləri var: Sabir Əhmədli, Sabir Azəri kimi. Bu günlərdə sinni 78-ə çatan daha bir Sabirimiz var: Rüstəmxanlı Sabir.Millətin səbrindən çıxan həmin Sabiri mən də tanıyıram.Elə tanıya-tanıya da ürək antenalarımı tuşlayıram:
-Londona?-Əsla!
-Parisə?-Heç vaxt!
-Madridə?-Məbadə!
-Bəs haranı verəcək bu dalğa?
-Hamarkəndi, Yardımlını.
Yardımlı yolları, Hamarkənd, Sarıbulağ, Haçayurd, Şahnişin, yamaclar, təpələr, dağlar, dərələr Sabirlə əl sıxmağa hazır görünürlər.Gedək Sabirin gəldiyi yerə, əbədi vətəninə-çocuqluğuna.
-O sirli dünyada zimistan dağlara çəkilərmi?
-Çəkilər, bəs sonra nə baş verər?
Yaz buta verər bağlara, hər il olan şeydi, nosun ki, nə var burada. Yox “nosun ki” deməyək, darqursaq olmayaq, gözləyək.
-Nəyi?
-1946-cı ili.
Mayın 20-sini, bu millətin Sabirinin doğulacaq gününü. Sabirlər bulağı qurumadığı üçün əvvəlcə izin verin bir az şadlıq eyləyim, əkin-biçinin şıdırğı vaxtında, şair gəlişindən məmnun olum.Xudu kişinin oğlunu Xudanın əlindən aldığımız üçün hətta sevinməli, sevinib öyünməli, sonra da baxmalıyıq ki, insanı ürək yerinə sinədən necə asanlar var şairlərimiz arasında.Ustalıqla, ehtirasla, lazım gəlsə lap amansızlıqla.
Cəllada baxeeeee.Cəllad şairə baxxxxx, Sabirə bax.
Səni Allahımın əlindən alıb
Asaram sinəmdən ürək yerinə.
Bu eşq soyumasın deyərəm heç vaxt
Yazsan günahımı mələk yerinə… S.Rüstəmxanlı

Şairin o kövrək qəlbinin titrək anları Hamarkəndə bağlıdır -desəm əcəb etmiş olaram.Hələ çoxuşaqlı ailənin, böyük bir külfətin ilkgüzarı Sabirdir-desəm, 9 qardaşın ağabəyi desəm, atasına “qağa”, anasına “bacı” deyən Sabirin çocuq vaxtlarından onlara hər işdə yardımçı olmağı varmış-desəm yenə dürüst alınar.Tiydaşdan su gətirən, təsərüffatda köməkçi olan 14 uşağın ən böyüyü idi Sabir.Sözün hər mənasında: həm yaşda, həm də başda.Tiydaş adını bihudə çəkmədim, ondan bica bəhs etmədim ki.Bu ocağın bütün uluları, güvəncləri, ağsaqqalları o bulağın suyunu içib sonra ömürlərini qalanlarına bağışlardılar.Dövransürmüşlər bir növ Tiydaşı aman yeri, özək yeri, təməl yeri biliblər. Həm də Rüstəmxanlıların “sağol” yeri, “xudahafiz” yeri olub Tiydaş. Ziyan etməz! Bunlar,
“Atam məni həyatı sevdirmişdi, ölümü də sevdirdi” -deyən Sabiri qorxutmaz.
Sabir riyaziyyatçı olmaq da istəmişdi, filoloq da. O dağları, gədikləri aşıb sonsuzluğa, nəhayətsizliyə üz qoymaq körpəlik arzusu olsun şairin.Cavad kişi də olsun bu arzunun ocağına kömür atan körükçü: Qazax elinin vicdanlı bir müəllimi:
Ay Cavad müəllim, nə yaxşı ki, yeniyetmə Sabiri rəqəmlərin əlindən alıb, verdiniz onun yaxasını sözün əlinə.İki əliniz bir yaxasında olsun!
Yurdun, uca Türkün sərhədlərinə yaxşı bələd idi gənc Sabir.Bizi güneydən ayıran Şahnişindəki tikanlı məftilləri onu hələ çocuq ikən dalamış, ağrıtmış, köksünə neştər kimi sancılmışdı.Ona görə də əli çörəyə çatanda, namı dillər əzbəri olanda türk ellərini qarış-qarış gəzəcək, Monqolustanda, Orta Asiyada türk torpaqlarında tikanlı məftillərin acığına Orxonla görüşə də çıxacaqdı.Fəqət öncə Bakıda didərgin ömrü yaşamaq vardı Sabirin tələbəlik illərində.
-Didərgin niyə?

-Didərgin deyildi, bəs nə idi? Başqa, yad xalqların evində, kirayəşin qala-qala doğma Bakıda illər uzunu evsiz olacaqdı.”Milyon-milyon yanan işıqlı evlərin arasında bəs mənim niyə çırağım yanmasın” -deyib giley-güzar edən də yenə şair Sabir olacaqdı.Neçə min kvadrat məmləkətdə yadların evi olsun, sənin yox-bu da ayrı bir dərd olsa gərək.Evi yox idi şairin, amma vətəni vardı.O vətən ki, özü demiş: 21 Azərin qanı ilə sulanırdı, o Vətən ki Cavad xanın qətl yeri idi.O vətən ki, Sabirin gözündə durnanın lələyi, bir əlçim bulud, bir ömür umud idi.
Bir əlçim buluddu,
Bir ömür umuddu,
Bir içim sudu.
Yandıqca odlanan ocaqdı,
Daddıqca dadlanan arzudu.
Bir dərə bahar leysanıdı
21 Azərin qanıdı,
Cavad xanın qətl yeridi,
Sabirin “Fəxriyyə” şeiridi,
Dağları dumanda itən-
Vətən.. Vətən!
Şair Sabiri meydanlara aparan Cavad xanın portreti, əcdadlarımıza sayğısı və sevgisidir, bir şərtlə ki, meydanlardan ürəklərə gedən yollara nəzər salaq.O yolların sınandığı məqamlar da az olmayıb axı…
-Onda Sabir neynərdi?
-Küsərdi.Yolları çən bağlasaydı çəndən, işdi-şayət sən bağlasaydın səndən küsərdi.
Küsəndə qalaq-qalaq xatirələr başda tozanaq qoparar, rahat buraxmazlar şairi, gənclik xatirələri boy verər, bir saçıyoluğun, bir zülfü pərişanın dağınıq telləri Sabirin şux qamətinə əyilər, şairin baxımlı, səliqəli, gözoxşayan saçlarını darayar, həmin o görüşlər aranar, arandıqca çox göllərdə çox sular bulanardı.O bulanıq sular bəzən şərab yerinə içilər, bəzən göz yaşını əvəz edər:
-Əldə bir qədəh şərab onu əvəz edərdimi?
-Etməzdi!
-Şəkillərdə baxışı necə? Yox, amma şairin ana dilimizdə cəh-cəh vurmağı onu milyonların sevimlisi elədi.Hələ o dilin şəhdi-şirəsi şair dodağından süzülərdisə.
Görək hara tuşlanacaq, ürək antenamız.Hansı dalğanı tutacaq? “Ömür kitabı”-nı, “Qan yaddaşı” şeirini, “Ölüm zirvəsi” romanını, ilk müstəqil qəzetimizi “Azərbaycan”-ı, yoxsa dostlarla görüşləri tutacaq, Məmməd Aslanla görüşü tutacaq, Nüsrət Kəsəmənli, Fərman Kərimzadə, Sabir Əhmədli ilə görüşlərə tuşlanacaq. Məmməd İsmayıl, Çingiz Əlioğlu, Tofiq Hüseynlə dostluqları andıracaqmı bizə?
Hələ bəzilərini xatırladıqca üzümüzə təbəssüm də qonacaq.Məsələn, Heç olarmı şair Qabili xatırlayaq, amma dodaqlarımız qaçmasın, könlümüz açılmasın?!
Bir də Məmməd İsmayılla deyişmələri var şairin.Kolleqa iclaslarında baş redaktorlar oturardılar, sonra natiqləri dinləyərdilər, uzun-uzadı söhbətlərdən sıxılardılar, ahbablar usanardılar, bezərdilər, başlarmışlar xısın-xısın danışıb, bir-birilərilə xosunlaşmağa. Yerindəcə, bədahətən şeir qoşmağa başlardı Allahın bəlası Sabir.Gözünə döndüyüm Məmməd əmi də cavabsız qoymazdı onu.Eh nə günlər vardı, nə günlər!
Vaxtilə neçə ilin Vətən ağrısı şairin çiyinlərinə qurğuşun təki çökmüşdü. Belə günlər də vardı.Yediyi hər təamı zəhər bilərdi onda.”Bu qədər qaçqının ürəyi kabab ikən, neynirsən Bakıda kababxananı”-deyib şair toppuzunu arada-bir vurmağı da vardı, çünki vaxtilə Cıdır düzündə şeşələnən yağının xəbis niyyətini canına sindirə bilmirdi.
44 günlük Zəfər sevincimizdən qəlbi uçunan şairimizin indi çiçəyi çırtlayır, odur ki, ardı kəsilmədən qələbəmizə şeirlər, poemalar yazır. Bu dəm isə Sabir Rüstəmxanlı ürəyinin anteanları nə Londona, nə Madridə uzanır, heç Paris həndəvərinə də yan almır, ancaq Təbrizə sarı boylanır.

İpək nəğmələrim gülləbatmazdı
Qolunu qandalla bağlamaq olmaz.
Bu taydan o taya arxayın keçən,
O taydan bu taya arxayın keçən
Dilin sənədini yoxlamaq olmaz! S.Rüstəmxanlı
Şair arzusu budur,
Sabir arzusu budur:
O taylı bu taylı yurdumuzda ana dilimiz üçün sərhəd olmasın gərək! Sənədlər yırtılsın, havada uçuşsun, üfüqdə isə şirin, zəngin türk dilinin gözəlliklərini göstərən bu sözlər həkk olunsun:

BAKI-TƏBRİZ şairi!

Yardımlı yolunun, Sarıbulağın,
Hamarkənd tərəfdən aldım sorağın.
Neçə yaylaqların, aranın, dağın,
Dərədən düzəcən şairi sənsən!
Burdan Təbrizəcən şairim sənsən!

Anaya “bacı”-de, ataya “qağa”
Haçayurd gözləyir bir əl sıxmağa.
Ələkbər Sabirdən üzü bu yana,
Kürdən Arazacan şairim sənsən
Burdan Təbrizəcən şairim sənsən!

Sözün qılınc olub, işə yarısın
İnnən belə sənə Tanrı yar olsun!
Sevilən bir xalqın, sevən ulusun,
Orxondan bizəcən şairi sənsən.
Burdan Təbrizəcən şairim sənsən!

Atanın yaşına gəlib çatmısan,
Ana sevgisindən dastan yapmısan.
Aydanı deyəsən aydan tapmısan?!
Aydan ulduzacan şairim sənsən,
Burdan Təbrizəcən şairim sənsən!

Həyatda bəyimsən, sənətdə ağam,
Gərək mən də sözdən bir qala quram.
“Ömür kitabı”-ndan çıxan oğlanam,
Bahardan güzəcən şairim sənsən.
Burdan Təbrizəcən şairim sənsən!

Bakı

Turan Uğur

Turan Uğurun yazıları

“Öncə söz vardı…” rubrikası

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. ÇAĞDAŞ  ÖRNƏK  YAZARLAR.

ZAUR USTACIN YAZILARI

QIRX  SƏKKİZİNCİ  YAZI

ÇAĞDAŞ  ÖRNƏK  YAZARLAR

 (“Nə məsləhət verirsiniz?” sualının cavabı)

Salam olsun, dəyərli qələmdaşlar və çox dəyərli oxucular! Həmd olsun Uca Yaradana! Bugünkü söhbətimiz  “Nə məsləhət verirsiniz?” sualına cavab olaraq qələmə alınmışdır. Söhbətə başlamazdan əvvəl onu qeyd etmək istəyirəm ki, bu suala əsasən gənc yazarlar və ya canında yazmaq həvəsi olub, bir türlü başlaya bilməyənlər,  bir də hər şeyə maraqlı oxucular müxtəlif görüşlərdə, oxucu məktublarında cavab axtarırlar. Yazı, kitab aləmi haqqında bu cür şikayətlərlə dolu bir fonda ilk addımlarını atmağa tərəddüd edən gənc yazarlar kimi, eyni zamanda diqqətli oxucular da eyni suala cavab axtarışındadır.  Qələm adamları  “nədən yazım”, “necə yazım”, “necə başlayım”, “kimdən örnək alım” kimi suallara cavab axtararkən, oxucular da həmən-həmən ekvivalent “nə oxuyum”, “kimi oxuyum” kimi sualların cavabını arayırlar. İstənilən cavabı diqqətlə dinləyir və ya oxuyurlar. İnanıram ki, hamımız nə vaxtsa bu suallarla üzləşmişik. Şəxsən mənə gəlincə bu sual ətrafında şifahi olaraq dəfələrlə danışıb fikir bildirmişəm (bu mövzuda internetdə bir neçə variantda video material da var). Hətta o qədər təkrar-təkrar danışmışam ki, artıq danışdıqlarımı özüm də əzbərləmişəm. Sual aktual olduğuna görə və həm də bu günün, bu yaşımın fikirlərini qeyd etmək məqsədi ilə məlum sual ətrafında olan, dəfələrlə təkrarladığım fikirlərimi yazı şəklinə salmaq istədim. Keçək mətləbə.

Tarixə söykənməyən gələcək yoxdur və ya qol-budaqlı ağaca sağlam kök lazımdır düşüncəsi ilə adətən bu mövzuda olan söhbətlərimə ötən əsrdə qələmə alınmış Makulunun “Səttarxan” və müəllifinin kimliyinə belə ehtiyacı olmayan “Əli və Nino” kitablarını misal çəkməklə başlayıram. Müasir dövrümüzdən Aqil Abbasın “Dolu” sunu nümunə kimi təqdim edir və hələ elə də böyük auditoriyanın  tanımadığı rəhmətlik Qələndər Xaçınçaylının “Güllə işığında” povesti,  Əli bəy Azərinin “Hərbi Zəngilan”ı haqqında məlumat verirəm. Aydın məsələdir ki, danışanda müxtəlif sualları yazar üçün ayrı, oxucu üçün daha uyğun formada cavablandırmaq imkanı geniş olur. Çalışacağam ki, “Nə məsləhət verirsiniz?” sualına ümumi fikirlərimdə dəyişikliyə yol vermədən hər iki tərəf üçün yığcam və əhatəli şəkildə 22 mart 2022-ci il üçün olan qeydlərimi sizlərlə bölüşüm. Birinci onu bildirmək istəyirəm ki, fikirlər subyektivdir, əksini düşünənlərin fikrinə hörmətlə yanaşıram. İkinci yazıya “ondan xəbəri yoxdur”, “bundan xəbəri yoxdur” düşüncəsi ilə yanaşanlara xatırlatmaq istəyirəm ki, istər elektron, istərsə də ənənəvi qaydada ortalığa çıxmış nümunələrlə tanışam. Üçüncü hər hansı bir suala cavab verəndə istənilən şəxs elə örnəklərdən istifadə etməlidir ki, ən azından bu nümunə müsahibinə tanış olsun. Məsələn, Azərbaycan reallığında ağaclardan söhbət gedirsə, “palıd”, “qoz”,  “nar”  ağacları daha çox hamı tərəfindən tanınır, nəinki, “evkalipt” və ya  “baobab”.  Belə bir əhatəli girişdən sonra yazının əhatə edəcəyi dövrlər və meyar kimi götürülmüş kriteriyalar barədə də qısaca məlumat vermək istəyirəm. Çünki bu vacib məsələlərin mətləbə birbaşa dəxli var. Mənim sizlərə təqdim edəcəyim örnəkləri seçməmdə əsas meyarlarım faydalılıq, tanıtmaq və tanınmaq, özünə yer tutmaq  bacarığı, müstəqil olmaq qabiliyyəti, ən əsası heç kimə, heç nəyə fikir vermədən yaxşıları öyrənib tətbiq etməklə öz işi ilə məşğul olmaq, daim axtarışda olmaq, təkmilləşmək, görünə bilmək, seçilməyi bacarmaq. Bu sadaladığım qabiliyyətlərlə seçilmək, fərqlənmək 1920-ci ilə qədər birinci, 1920-1990 ikinci və 1990-dan sonra üçüncü (bu dövrü də 1990-2000, 2000-2010, 2010-2020, 2020-dən sonra) dövr olmaqla olduqca müxtəlif tələblər və şəraitdə baş verdiyini unutmamalıyıq. Bütün bu bölgülərin fövqündə dayanaraq  müxtəlif dövrlərin  keşməkeşlərinə sinə gərərib  indi də mətin addımlarla sıralarımızda addımlayn bir qrup müasirlərimiz olan qələm adamları var ki, onlar çağdaş ədəbiyyatımızın məhəng daşlarıdır.

DÖVRLƏR VƏ TƏLƏBLƏR HAQQINDA

1920-ci illərə qədər bizim qənaətimiz üçün əsas olan meyarlar keyfiyyət baxımından təxminən indiki (1990-cı illərdən sonra) kimi idi. Yəni yalnız öz şəxsi keyfiyyət və bacarıqlarınız (həm yaradıcılıq, həm də maddi baxımdan) əsasında uğur qazana bilərdiniz.

1920-1990-cı illərdə vəziyyət bir az fərqli idi. Beləki, yaradıcılıqda müəyyən korrektələr olmaqla demək olar ki, maddi problem yox idi. Yəni yaradıcılıq qənaətbəxş olduqdan sonra, maddi həllə yol tapmaq (təbii ki, bu məqamda da şəxsi keyfiyyətlər, bacarıqlar əsas amil olub) mümkün idi.

1990-lardan sonra baş verənlər çoxumuzun göz qabağındadır. Məncə ən qarışıq dövr 1990-2000-ci illər hesab olunmalıdır. Bu həm fürsətlər, həm də çətinliklər baxımından eyni dərəcədə əhəmiyyətlidir. Ümumiyyətlə, istənilən sahədə uğur qazanmaq üçün şəxsi keyfiyyətlər önəmlidir. Bu mövzuda söhbətə məsələyə dolayısı ilə aidiyyəti olan “utananın oğlu olmur” atalar sözü ilə nöqtə qoymaq istəyirəm.

2000-2020 zəngin təcrübə və püxtələşmə dövrü kimi səciyələnməlidir.

Ən maraqlı və real vəziyyəti əks etdirən dövr indi başlayıb (2020-ci ildən). Necə deyərlər, “bu meydan, bu şeytan”.

Birinci dövrə baxdıqda kimləri xatırlayırıq, Abbasqulu Ağa Bakıxanovu, Mirzə Fətəli Axundovu, Nəriman Nərimanovu, Əbdürrəhim bəy Haqverdiyevi, Üzeyir Hacıbəyovu, Həsən bəy Zərdabini və b. Şərhə ehtiyac duymuram.

İkinci dövrün süzgəcindən keçib (birinci dövrlə əlaqəli şəxslər də daxil olmaqla) gələnlər; Süleyman Sani Axundov,  Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Mir Cəlal, Mirzə İbrahimov, Süleyman Rəhimov, İsmayıl Şıxlı,  Bayram Bayramov, İlyas Əfəndiyev, Cabir Novruz,  Fərman Kərimzadə, Fikrət Qoca, o taylı-bu taylı Şəhriyar  və b. Bu dövrün ortalarından və sonlarından ədəbi fəaliyyətə başlamış və çoxu bu gün də yaradıcılığını uğurla davam etdirən dövrlərin fövqündə dayanmış, çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız Bəxtiyar Vahabzadə (2009-cu ildə vəfat edib), İsa Muğanna (2014-cü ildə vəfat edib), Anar, Elçin, Çingiz Abdullayev yaradıcılığı Azərbaycan ədəbi irsində xüsusi yer tutur.

Çingiz Abdullayevi Azərbaycan ədəbi mühitində  bu dövrlərin kəsişməsində möhkəm dayanaraq ədəbiyyatı cəmiyyətə, kitabı oxucuya qırılmaz tellərlə bağlayan mühüm fiqur kimi dəyərləndirmək lazımdır. Bu yöndə onun xidmətləri danılmaz və əvəzolunmazdır.

Bəxtiyar Vahabzadə, İsa Muğanna, Anar, Elçin və Çingiz Abdullayev kimi çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız örnək şəxsiyyətlərin üzərindən onların da içində olduğu üçüncü dövrə nəzər salsaq, Aqil Abbas, Akif Əlini,  Sabir Rüstəmxanlı, Kamal Abdullanı, Yunus Oğuzu, Rəşad Məcidi, Elxan Elatlını, Varisi, Musa Ələkbərli, Səlim Babullaoğlunu, Vüqar Əhmədi, Azər Turan, Firuz Mustafa, Elçin Hüseynbəylini, Əli bəy Azərini, İlqar Fəhmini, Kənan Hacını, Sayman Aruzu,  Fərid Hüseyni, Rövşən Abdullaoğlunu, Nicat Həşimzadəni, İntiqam Yaşarı görürük. Və təfərrüata keçməzdən əvvəl bir məqamı vurğulamaq istəyirəm. Necə ki, bu gün  (22 mart 2022 – ci ildə) böyük əminliklə Çingiz Abdullayevi bir vaxtlar dahi Üzeyir Hacıbəyovun gördüyü işi ləyaqətlə və böyük əzmlə davam etdirərək  ədəbiyyatla cəmiyyət, ədəbi-bədii yaradıcılıq məhsulu ilə kütlə-oxucu arasında möhkəm əlaqə, bağ yaradan şəxs kimi təqdim edirik, Rövşən Abdullaoğlu da eyni ilə gələcək nəsillər üçün bu vəhdəti qoruyacaq real namizəddir. Onun bu missiyanın öhdəsindən ləyaqətlə gələcəyinə inanıram. Xahiş edirəm ara-sıra bu tərz qeydləri oxuyarkən fiklərimizi əsaslandırıb, söykəndiyimiz meyarları unutmayaq. Mümkün qədər konkret və əhatəli izahatdan sonra “Nə məsləhət verirsiniz?” sualına cavab olacaq və yuxarıdakı qaydada əsaslandırılmış müasirlərimiz olan örnək yazarlar barədə danışmazdan əvvəl bir qeyd də etmək istəyirəm. Mənim yazdıqlarım tam subyektivdir. Və mən sadəcə fikirlərimi sizlərlə bölüşürəm. Bu heç vaxt məsləhət kimi qəbul edilməməlidir. Mən sualı eyni ilə eşitdiyim, oxuduğum kimi, mənə ünvanlanmış qaydada yazmışam. Ümumiyyətlə, bir şəxsin yaxınlıq və qohumluq, subardinasiya dərəcəsindən asılı olmayaraq digər şəxsə məsləhət verməsi qəbuledilməzdir. Bu ən yaxşı halda tövsiyə formasında ola bilər. Bu yöndə ən təqdirəlayiq hal örnək göstərməkdir.

ÇAĞDAŞ ÖRNƏK YAZARLARIMIZ:

Aqil Abbas – şair, yazıçı, siyasətçi. “Ədalət” qəzeti idarəçiliyindədir. Xalqla bağlı istənilən məsələyə söz adamı olaraq anındaca mövqe bildirir.

Sabir Rüstəmxanlı – şair, siyasətçi. Mövqe sahibidir. Nəzarətində nəşriyyat var.

Çingiz Abdullayev – yazıçı. Dünyanın müxtəlif yazar klub və dərnəkləri, nəşriyyatları ilə əlaqəsi var.

Yunus Oğuz – yazar, həm də “Olaylar” informasiya agentliyi və eyni adlı qəzet idarəçiliyindədir.

Varis (Varis Yolçuyev) – yazar, həm də “168 saat” qəzeti və digər mətbu orqanlarla, TV-lərlə birgə fəaliyyət göstərir.

Rəşad Məcid – şair, həm də “525-ci qəzet” idarəçiliyindədir. Bundan əlavə saytlardan, sosial şəbəkələrdən, TV-lərdən, müxtəlif internet kanallarından, bir sözlə fayda verəcək yazılı və görüntülü bütün dəstək variantlarından böyük ustalıqla istifadə edir.

Elxan Elatlı – yazar. Heç kimə, heç nəyə fikir vermədən öz işinə konsentrasiya olaraq fasiləsiz və nümunəvi fəaliyyət göstərir. Əsl müasir yazıçıdır.

Azər Turan – tənqidçi, publisist. Təyinatla “Ədəbiyyat qəzeti”nə rəhbərlik edir. Gücü çatdığı qədər  bölgələrdə yaşayıb-yaradan yazarlar da daxil olmaqla bütün qələm adamlarına dəstək olmağa çalışır.

Musa Ələkbərli – şair, naşir. Bacardığı qədər yazarlara kitab işində dəstək olur.

Firuz Mustafa – nasir, dramaturq.  Yazır yaradır.

Əli bəy Azəri – yazar, səlnaməçi. “Xəzan” jurnalı idarəçiliyindədir. Mümkün qədər ədəbiyyatımız, tariximiz üçün faydalı olmağa çalışır.

Səlim Babullaoğlu – şair, tərcüməçi. Kitabçılıq, tərcümə və tanıtım baxımından fəaliyyəti misilsizdir. ATV kitab – “Parlaq imzalar” layihəsi kimi dəyərli bir iş ortaya qoymuş şəxsdir.

İlqar Fəhmi – şair, yazıçı, kinodramaturq. Bir sözlə xalq üçün faydalı ola biləcək bədii yaradıcılıqla bağlı istənilən sahədə onu görmək olar.

Kənan Hacı – şair-publisist, mücadilə edir. Bir zamanların Sabiri, Hadisi kimi mücadilə aparır. İlk anlaşılmazlıqda vaz keçən gənclər üçün nümunə olacaq müasirimiz, çağdaş yenilməz qələm adamı.

Rövşən Abdullaoğlu – yazar, psixoloq, araşdırmaçı, səyyah. “Qədim Qala” nəşriyyatının qurucusu. Yorulmadan öz üzərində işləyən, təkmilləşən və öyrəndiklərini həyatına tətbiq edib, oxucusuna təlqin edən ən  müasir, ən prespektivli çağdaş örnək yazarımız.

İntiqam Yaşar – şair, təşkilatçıdır. Həyatdan nə istədiyini bilir. Uğurları bol olsun!

Dəyərli oxucum, bu çəkdiyim misallar, gətirdiyim örnəklər sadəcə bir ipucu kimi dəyərləndirilməlidir. Müxtəlif yaş qruplarından olan, olduqca keşməkeşli həyat yolu keçərək uğura, misilsiz nailiyyətlərə imza atmış bu örnək şəxslərin həyat və yaradıcılıqları ilə tanış olmağınızda “Google” dostumuzun xidmətindən və kitabxanalardakı kitablardan istifadə edə bilərsiniz. Atalar yaxşı deyib: – “Gör, götür dünyasıdır.” Və inanıram ki, təqdim etdiyim bu “açar söz”lərdən istifadə etməklə özünüz üçün böyük imkanlar vəd edən geniş bir dünyaya qapı açmış olacaqsınız. Uğur bələdçiniz olsun. Bu yazının ancaq və ancaq bir məqsədi var faydalı olmaq. Vəssalam!

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Çox sağ olun!

             22.03.2022. Bakı.

Qeyd:

Məqalə müxtəlif saytlarda dərc olunmaqla yanaşı müəllifin “Qələmdar-2” (məqalələr), Bakı , 2022. səh. 160-165. və “Seçilmiş əsərləri” (ikinci cild), Bakı, 2022. səh. 395-403. kitablarında da yer almışdır.

Müəllif: Zaur Ustac

ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru