Etiket arxivi: Namiq Müslümov

Namiq Müslümov – Qorxma, ata

Namiq Müslümovun yazıları

Qorxma, ata
(hekayə)

Ard-arda “Qorxma, ata… Qorxma, ata…” sözlərini eşidirdi. Hər tərəf qaranlıq olduğu üçün oğlunu görmürdü. Ancaq səs çox yaxından gəlirdi… “Oğlum!” deyə qışqıraraq yuxudan ayıldı. Ətrafa göz gəzdirdi… Əvvəlcə harda olduğunu anlamadı. Yavaş-yavaş özünə gəldikcə Tərtərdə gecələdiyini və yuxu gördüyünü başa düşdü. Birdən-birə “Çox qorxuram, oğlum” deyərək hönkürüb ağlamağa başladı. Bir neçə dəqiqə ağladıqdan sonra yavaş-yavaş sakitləşdi və xəyalları onu 25 il öncəyə apardı…

…“Təbrik edirik. Sizin nur topu kimi oğlunuz olub” deyərək gülə-gülə ona yaxınlaşan tibb bacısını görüb ona tərəf adımladı. “Çox sağ olun. Bəs yoldaşım necədir” – deyə həyəcanla soruşdu. “Yoldaşınız da yaxşıdır. Gəldim sizə deyim ki, narahat olmayın. Hər şey qaydasındadır. Daha gözləməyinizin mənası yoxdur. Sabah gələrsiniz” deyib, tibb bacısı uzaqlaşdı.
Səhər xəstəxanaya gələn kimi ona, binanın arxa tərəfində, ikinci mərtəbədəki sağdan ikinci pəncərənin önündə gözləməsini dedilər. Arxa tərəfə yenicə keçmişdi ki, pəncərə açıldı və həyat yoldaşı qucağında körpə ilə göründü. “Kamil, oğlumuz necə də sənə oxşayır. Burnu, gözü… hələ bax…” deyərək uşağı azacıq önə doğru əydi. Kamil gülə-gülə cavab verdi:
– Yoox… Qəşəng uşaqdır, maşallah. Sənə oxşayır, Könül.
Oğlunu uzaqdan görməsi belə onun içində fərqli duyğular yaratdı. Ata olmağın həyəcanını hiss eləməyə başladı.
İki gün sonra oğlunu və yoldaşını evə gətirdi. Qohumları, qonşuları da dəvət edərək gözəl bir məclis qurdu. “İstəyirəm oğlumuzun adını Kamal qoyaq. Səncə necədir, Könül?” deyərək yoldaşının üzünə baxdı. Könül gülümsəyərək cavab verdi:
– Gözəl addır. İnşallah, oğlumuz böyüyər, agıllı-kamallı biri olar.
Qonaqlar da birağızdan “Gözəl addır. Həm də ata-anasının adına uyğundur. Adı ilə böyüsün” deyərək təkrar təbrik etdilər.
Günlər ayları, aylar illəri əvəz edirdi… Kamal 6 yaşına çatmışdı artıq. Bu il məktəbə gedəcəkdi. Çox ağıllı, ağıllı olduğu qədər də cəsarətli uşaq idi. İtdən, pişikdən, həşəratdan-zaddan da qorxub eləmirdi.
Bir yay günü idi. Kamil həyətdə ağaclara, bağ-bostanına qulluq edirdi. Balaca Kamal da cürbəcür suallar verir, aradabir ağacların dibindəki, tərəvəz ləklərinin arasındakı otları qopararaq atasına “kömək edirdi”. Sonra “Ata, bu bəzəkli şey nədir?” deyərək əlində tutduğu ilan balasını atasına göstərdi. Atası “Tez at yerə” deyib oğluna sarı yüyürdü. Kamal ilan balasını yerə atsa da heç nə olmamış kimi əyilib qıvrıla-qıvrıla getməsini izləyirdi. Kamil ayağ ilə ilanın başından basıb oğlunu qucağına aldı:
– Oğlum, bu, ilan balasıdır. Adamı dişləyir. Sən quyruğundan tutduğuna görə səni dişləyə bilməyib. Qorxma, yaxşı?
– Mən qorxmadım ki, ata.
Kamil ayağını sağa-sola sürtərək heyvanın başını əzməyə çalışırdı. Öldüyünə əmin olduqdan sonra oğlunu qucağında evə gətirdi. Tez yoldaşını səslədi:
– Könül, bir stəkan su gətir, ver uşağa.
Könül, – nə olub? Susamısan oğlum? – deyərək uşağın üzünə baxdı.
– Yox. Həyətdə ilan balası tutmuşdu. Şükür Allaha ki, vurmadı. Amma qorxmuş ola bilər.
Kamal üzünə qəribə ifadə alaraq cavab verdi:
– Qorxmadım, ana. Sən də qorxma.
Kamil gülə-gülə oğlunun başını sığalladı:
– Gərək bu uşağın adını Qorxmaz qoyardıq.
Məktəblər açılmışdı. Bu gün ilk dərs günü idi. Kamal 1-ci sinfə gedirdi. Valideynlərindən ayrılıb dərs otağına keçən bütün uşaqlar ağlayırdı, bircə Kamaldan başqa. Digər valideynlər kimi Kamil də məktəbin həyətində gözləyirdi. Tənəffüslərdə uşaqlar pəncərədən həyətə baxır, valideynlərini gördükdə yenidən ağlamağa başlayırdılar. Ancaq Kamal atasını görən kimi əl edib gülümsəyirdi. Dərs bitdikdən sonra ata-oğul birlikdə evə qayıdırdılar. Kamil bir əli ilə oğlunun əlindən tutmuş, digər əlinə də onun çantasını götürmüşdü. Ata oğluna baxıb gülə-gülə dedi:
– Afərin sənə. Heç ağlamadın.
– Niyə ağlayım ki?
– O biri uşaqlar ağlayırdı axı… İlk dəfə idi tək qalırdılar deyə, qorxurdular da… Normal haldır məncə.
Kamal üzünə ciddi görkəm alıb cavab verdi:
– Mən qorxmuram, ata. Sabah da gözləmə. Dərs bitəndə gələrsən.
Kamil bir söz deməsə də oğlunun həm ağıllı, həm də qorxmaz olmasından qürurlandı.
İllər bir-birini əvəz elədikcə Kamal böyüyür, yaraşıqlı bir yeniyetməyə çevrilirdi. İdmana da çox həvəsli idi. Bir neçə idman növünə; – güləşə, cüdoya və boksa getmişdi. Hər üçündə də yarışlara qatılmış, nailiyyətlər əldə etmişdi. Ancaq yenə də heç birində özünü tapa bilmirdi. Son siniflərə çatanda hərbçi olmağa qərar verdi. Bunu valideynlərinə bildirəndə anası, “Sən bizim tək övladımızsan” deyərək narazılıq bildirsə də, atası razılaşmış, yoldaşına da “Narahat olma, oğlumuza yaraşan peşə də elə budur” söyləyərək oğluna uğur diləmişdi. Kamal da anasının boynunu qucaqlayıb ürək-dirək vermişdi: “Qorxma, ana. Düşünürəm ki, içimdəki enerjini düşmənlərdən qisas almağa sərf eləsəm rahat olaram”.
Kamal dediyi kimi də etdi; hərbi məktəbi oxudu və zabit kimi hərbi hissələrin birində qulluq eləməyə başladı.
Hava yenicə işıqlanırdı. Kamil avtomobili ilə Qarabağ istiqamətinə gedirdi. Artıq Bərdə şəhərinə çatırdı.
İşğal olunmuş torpaqların azad olunması üçün genişmiqyaslı əməliyyatlar başlamışdı. Kamal da döyüşdə idi. Sonuncu dəfə telefonla danışanda Tərtərdə olduğunu demişdi valideynlərinə. Ancaq neçə gün idi ki, ondan xəbər-ətər yox idi. Cib telefonuna da zəng çatmırdı. Kamil də, Könül də çox narahat idilər. Son əlacı döyüş bölgəsinə gedib, oralarda axtarmaqda görürdülər. Buna görə də Kamil gecə yarısından yola düzəlmişdi. Ancaq tək gedirdi. Könül nə qədər yalvarıb yaxarsa da onu özü ilə götürməmişdi. Düşünürdü ki, lazım gələrsə oğlunu dağda, daşda da axtaracaq. Bu isə bir qadın üçün çox çətin idi. Həm də Allah eləməmiş, oğluna bir şey olsa, ana ürəyi onu qaldırmaz.
Cəbhə xəttinə yaxınlaşdıqca top səsləri eşidilməyə başlayırdı. Müharibənin nə demək olduğunu burda daha yaxşı anlamaq olurdu. Hərdən elə gurultu qopurdu ki, sanki yer, göy titrəyirdi.
Kamil şlaqbaumun önündə maşını saxladı. Bəlli ki, burdan o tərəfə mülki şəxslərə giriş qadağan idi. Bir polis əməkdaşı ona tərəf gəlməyə başladı. Kamil maşından düşüb salamlaşdı:
– Salam-əleyküm. Mən oğlum üçün gəlmişəm. Baş leytenant Kamal Əhmədov. Döyüş bölgəsindədir. Neçə gündür xəbər ala bilmirik.
– Salam. Zəhmət olmasa öncə sənədlərinizi göstərin.
Kamil sənədini göstərdikdən sonra onu posta dəvət etdilər. O, oğlunun döyüşdüyü hərbi hissə barədə məlumat verdikdən sonra, polislər ondan əlaqə nömrəsini istədilər və geri qayıdıb rayon mərkəzində gözləməsini bildirdilər.
Kamil rayon mərkəzinə qayıdıb günortaya qədər gözlədi. Ancaq ona zəng edən olmadı. Belə olan halda yaxınlıqdakı bütün xəstəxanalara, hospitallara baxmaq qərarına gəldi. Gecə yarısına qədər bir çox yerlərə baxsa da, oğlundan soraq tapa bilmədi. Nə qədər narahat olsa da, yarım saatdan bir zəng edən Könülə də ürək-dirək vermək məcburiyyətində qalırdı. Gecələmək üçün kiçik otellərdən birində yer axtarmağa başladı. O qədər yorulmuşdu ki, yemək yemədən özünü çarpayıya atdı. Bu saatda onsuz da yemək tapmaq müşkül məsələ idi.

…Oğlunun səsi hələ də qulaqlarında əks-səda verirdi; – Qorxma, ata…
Yaşaran gözlərini əllərinin arxası ilə silib yatağından qalxdı. Cəld əl-üzünü yuyub çölə çıxdı. Başı da bərk ağrıyırdı. Neçə saatdır ac-susuz olduğunu xatırladı. Yaxınlıqdakı kafelərdən birində yüngül qəlyanaltı etdikdən sonra, maşınına minib yenidən döyüş bölgəsinə yollandı.
Dünənki postda onu yenidən saxladılar. Bu dəfə ona başqa polis yaxınlaşdı. Oğlunu axtardığını, dünən də bura gəldiyini və onlardan zəng gəlmədiyini söyləyərək onu buraxmalarını xahiş etdi. Polis əməkdaşı telefonla kiminləsə danışdıqdan sonra Kamilə yaxınlaşıb dedi:
– Əmi, mən sizinlə açıq danışacağam. Oğlunuzun olduğu hərbi hissə ilə əlaqə saxladım. Şiddətli döyüşlər gedir, şəhidlərimiz və yaralılarımız var. Ancaq sizin oğlunuz barədə dəqiq heç nə bilmirlər. Sadəcə onu dedilər ki, bir az səbr eləmək lazımdır.
Kamil nə qədər xahiş eləsə də onu döyüş bölgəsinə buraxmadılar. Belə olan halda “oğlumdan xəbər almayanadək burdan gedən deyiləm” deyib maşınına sarı yeridi. Maşını bir ağacın altına çəkib gözləməyə başladı.
Yorğunluqdan göz qapaqları ağırlaşırdı. Neçə saat gözlədiyini bilmədi…
Çiyninə bir əl toxunduğunu hiss edib dik atıldı və doğma səs eşitdi: – Qorxma, ata.

Müəllif: Namiq Müslümov

Namiq Müslümovun yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Namiq Müslümov – “Gələn həftə yenə gələcəm”

Namiq Müslümovun yazıları

“Gələn həftə yenə gələcəm”
(hekayə)

Metronun çıxacağı ilə üzbəüz səkidə dayanmış, gözlərini qapıya dikmişdi. Metrodan çıxan insanlar qatarın gəlməsindən asılı olaraq 10 dəqiqədən bir çoxalır, sonra yavaş-yavaş azalırdı. Qolundakı saata baxdı. Yarım saatdan çox gözlədiyinin fərqinə varıb ağır addımlarla bulvara tərəf yeriməyə başladı. Beli azacıq əyilmiş, əynində pencəyi nimdaş, ayaqqabılarının dabanları da yeyilmiş olan 70 yaşlarındakı bu kişinin ayaqlarını yerə sürtə-sürtə yeriməsindən hiss olunurdu ki, özü getmək istəsə də, ayaqları getmək istəmir.
Yeraltı keçidi keçdikdən sonra bulvar ərazisinə daxil oldu. Dənizə tərəf gedib dayandı. Sonra ətrafına baxıb, sahilə yaxın yerdəki boş skamyalardan birində əyləşdi. Dərin nəfəs alıb pencəyinin cibindən bir dəftərçə çıxardı. Titrəyən əlləri ilə dəftərçəsini xeyli sığalladı və varaqlamağa başladı. Vərəqlərin arasındakı qadın şəklini götürüb dəftərçəsini yenidən cibinə qoydu. Əlinin arxası ilə yaşarmış gözlərini silib nəzərlərini şəklə zillədi. Amma gözlərindən axan yaş dayanmırdı. Gözlərini yumdu… Dodaqları titrəyirdi. Bilmək olmurdu, ağlayırdı, yoxsa öz-özünə nəsə danışırdı…

Sevinci yerə-göyə sığmırdı. İlk dəfə görüşəcəkdi sevdiyi qız ilə. Əslində demək olar ki, hər gün bir-birlərini görürdülər. Eyni məhəllədə qalırdılar. Buradakı insanlar çox mehriban idilər. Axşam üstü hamı həyətə düşər, söhbət edərdi. Qapıya yaxın yerdə yaşlı qadınlar, onlardan bir az aralıda qızlar, gəlinlər, qarşı tərəfdə də yaşlı kişilər əyləşərdilər. Məhəllənin ortasına yaxın yerdə də gənc oğlanlar yığışardı. Artıq 2 ilə yaxın idi ki, Nuriyyə ilə gizlin-gizlin baxışır, gözləri ilə söhbət edirdilər. Özü hərbi xidmətini başa vurduqdan sonra Pedoqoji instituta qəbul olmuş, 2-ci kursda oxuyurdu. Nuriyyə isə bu il orta məktəbi bitirmişdi. O da gələcəkdə müəllim olmaq istəyirdi və sənədlərini həmin instituta verəcəkdi.
2 illik gizlin-gizlin baxışmalardan sonra cəsarətini toplayıb qıza ürəyini açmış və bu gün görüşə dəvət etmişdi. Dediyi vaxtdan yarım saat öncədən gəlib metronun çıxacağının qarşısındakı səkidə dayanmış, sevdiyi qızın gəlməsini gözləyirdi.
Nəhayət Nuriyyə qapıda göründü. Utana-utana ona yaxınlaşıb titrək səslə “Salam” dedi və başını aşağı salıb sakit dayandı.
Birlikdə bulvara tərəf üz tutdular. Xeyli gəzib dolaşdıqdan sonra dənizə yaxın yerdə bir skamya tapıb əyləşdilər. Məlum oldu ki, hər ikisi dənizi çox sevirmiş. İki il idi ki, bir-birlərinə gözləri ilə elan etdikləri sevgini bu gün sözləri ilə də dilə gətirdilər.
Bu görüş həftədə bir dəfə olmaqla illərlə davam elədi.

Artıq evlənmişdilər. Hər ikisi müəllim işləyirdi, amma fərqli məktəblərdə. Yenə də həftədə bir dəfə işdən çıxıb metronun önündə görüşərək bulvara gələr, skamyada əyləşib dənizə tamaşa edərdilər. Bu iki gəncin sevgisi onları tanıyan hər kəsə örnək olmuşdu. Ancaq bir məsələ var idi; övladları olmurdu. Neçə dəfə müalicə üçün həkimlərin qapılarını döysələr də, müsbət cavab ala bilməmişdilər. Axırda qismətləri ilə barışımağa məcbur olmuşdular. Övlad sahibi ola bilməmələri onların sevgisini azaltmır, əksinə daha da gücləndirirdi. Bu da onları tanıyanların gözündə həm özlərini, həm sevgilərini çox dəyərli etmişdi.

Gözəl məclis qurulmuş, süfrə açılmışdı. Yuxarı başda bu iki cütlük, ətraflarında da yaxınları, doğmaları əyləşmişdilər. Bu gün onların evliliklərinin 20 illiyi qeyd olunurdu. Hamı ürəkdən gələn ən gözəl sözləri səbəbkarlara söyləyir, onları “Leyli və Məcnunun qovuşmuş versiyası” adlandırırdılar.
Məclis dağıldıqdan sonra Nuriyyə bu gün çox yorulduğunu və özünü pis hiss etdiyini, başının ağrıdığını söylədi. Ancaq səhərə kimi baş ağrısı kəsmədi.

Lazım olan bütün analizləri vermişdilər. Dünəndən bəri davam edən baş ağrısının səbəbini həkim də tam izah edə bilmirdi. Ona görə də analizlərin nəticələri çıxana qədər bir neçə gün gözləməyi və hələlik ağrı kəsici qəbul etməyi məsləhət görmüşdü. Artıq evə qayıdırdılar. Nuriyyə bulvara getmək, dənizə baxmaq istədiyini bildirdi.
Havanın küləkli, dəniz kənarının daha soyuq olduğu üçün çox qala bilmədilər bulvarda. Sanki təbiətin də keyfi yox idi bu gün.

Çox dərindən sarsılmışdı… Ağır addımlarla evinə doğru yeriyirdi. Ayaqlarını yerə sürtə-sürtə gedirdi. Bəlli ki, evə çatmaq istəmirdi. Analizlərin cavabı ürəkaçan deyildi. Həkim “xərçəng”dən şübhələndiyini demiş, neyrocərraha müraciət etmələrini məsləhət görmüşdü. Özünü ələ almalı, Nuriyyəni şübhələndirməməli idi. Lap tutaq ki, bunu edə bildi… Bəs neyrocərraha getməli olduqlarını necə deyəcəkdi? Yaxşı ki, Nuriyyə bu gün həkimə gəlməmişdi. Heç olmasa düşünməyə az da olsa vaxt qazanmışdı. Önündən keçdiyi binanın şüşə qapısında öz əksini gördü; sanki beli əyilmiş idi. Öz-özünə, “Bu necə ola bilər? Yəqin qapıda əyrilik var” deyərək yeriməyə davam elədi.

Yerində dura bilmir, dayanmadan dəhliz boyu o başa, bu başa gedib gəlirdi. Dörd saatdan çox idi ki, əməliyyat gedirdi, ancaq kimsə çıxıb bir məlumat vermirdi. Dostları da yanında idi. Bir neçə dəfə “gəl azacıq otur”, “çıxaq çölə bir az hava alaq” desələr də, çay, su təklif eləsələr də hamısından imtina eləmişdi. Keçən dörd saatda bir an belə dayanmamışdı.
Nəhayət əməliyyatxananın qapısı açıldı və həkim göründü. Hamı həkimi dövrəyə alıb, suallar yağdırmağa başladı. Həkim gözü ilə ona arxasınca gəlməsini işarə elədi.
Birlikdə otağa daxil oldular. Həkim öncə qrafindən bir stəkan su süzüb onun qarşısına qoydu və aramla danışmağa başladı;
— Baxın, mən sizə hər şeyi olduğu kimi söyləyəcəyəm. Biz əlimizdən gələni elədik. Xəstə hal-hazırda demək olar ki, yaxşıdır, həkimlər son tikişləri atırlar. Bir azdan reanimasiyaya köçürəcəyik. Ancaq bir şeyi bilməyinizi istəyirəm. Şiş çox böyük idi və təhlükəli yerdəydi. Mərkəzlərə də yaxın olduğu üçün tam çıxara bilmədik. Yoxsa görməsində, yaxud yeriməsində fəsadlar ola bilərdi. Bu vəziyyətdə mən sizə dəqiq bir söz deyə bilmərəm. Biopsiya üçün toxuma götürmüşük. Histoloji müayinədən sonra nəsə demək olar. Bircə onu deyə bilərəm ki, möhkəm olun və çoxlu dua edin.
Heç nə demədən ağır-ağır otaqdan çıxdı. Belinin bir az da əyildiyini hiss elədi sanki…

“Öz yerlərində” oturub dənizə tamaşa edirdilər yenə. Əslində Nuriyyə dənizə, o isə Nuriyyəyə tamaşa edirdi. Payız da gəlmiş, havalar yavaş-yavaş soyumağa başlamışdı. Buna baxmayaraq Nuriyyəni hər gün bulvara gətirirdi. Axı sevdiyi qadın son günlərini yaşayırdı… Barı dənizə doya-doya baxsın. Həkim xəstəliyin metastaz verdiyini, sürətlə inkişaf etdiyini, xəstənin də ömrünün az qaldığını bildirmişdi. Əlindən bundan başqa heç nə gəlmirdi…

Hava qaralmaq üzrə idi. Pəncərənin önündə dayanıb küçəyə baxırdı. Yollarda demək olar ki, adam gözə dəymirdi. Yağış da heç dayanmırdı. Günorta 1 saat ara vermişdi, o da dəfn zamanı. Sanki yer-göy Nuriyyə üçün ağlayırdı.
Son 20 ildə Nuriyyəsiz ilk gecəsini keçirəcəkdi…

Bu gün Nuriyyəsinin dünyasının dəyişməsindən 40 gün keçirdi. Bayaqdan məzarının önündə heykəl kimi dayanıb baxırdı. Bir neçə addım irəli atıb başdaşını qucaqladı və danışmağa başladı:
— Nuriyyəm, mənim hər şeyim… Bura son gəlişimdir… Məni bağışla… Səni torpaq altda görmək çox ağır gəlir mənə. Ya özün məni bura birdəfəlik gətir, ya da mən səni həmişəki kimi metronun qarşısında gözləyəcəyəm. Hələlik…
Başdaşının üzərindəki şəkli öpüb ayaqlarını yerə sürtə-sürtə ayrıldı məzarlıqdan.

O gündən sonra hər həftə eyni gün, eyni saatda metronun qarşısına gəlir, yarım saat gözlədikdən sonra ürəyində, “bəlkə məni dənizin kənarında gözləyir” deyərək bulvara tərəf yeriyirdi. Bu artıq 30 ilə yaxın idi ki, davam edirdi. Yay-qış, şaxta-boran bilmədən…

…Gözlərini açdı və “Yenə məni aldatdın, gəlmədin, Nuriyyə. Yaz özün gəl, ya da məni apar yanına, nolar…” deyərək şəklə son dəfə baxaraq öpüb dəftərcəsinin arasına yerləşdirərək cibinə qoydu. Sonra əllərinin arxası ilə yaş süzülən gözlərini və yanaqlarını silib ayağa qalxdı. “Gələn həftə yenə gələcəm, gecikmə ha” deyərək ağır addımlarla, ayaqlarını yerə sürtə-sürtə ordan uzaqlaşdı…

Müəllif: Namiq Müslümov

Namiq Müslümovun yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

31 il sonra dəfn edilən şəhid

Namiq Müslümovun yazıları

31 il sonra dəfn edilən şəhid
(sənədli hekayə)

25 oktyabr 2024-cü il…

-Alo…

-Bəli.

-Salam. Məmmədov Arif Sabir oğludur danışan?

-Bəli. Buyurun. Kimdir?

-Sizə Müdafiə Nazirliyindən zəng edirik. Sizin 1993-ci ildə, Qarabağda döyüşlər
zamanı itkin düşmüş qardaşınız əsgər Məmmədov Şahidin qalıqları tapılıb. Zəhmət olmasa, Bakıya – bizim nazirliyə gəlin…
Arif əlində telefon donub qalmışdı. Bir anda içində fərqli duyğular yarandı. Bir tərəfdən kədərləndi ki, qardaşının sağ-salamat qayıdacağına olan son ümidləri də bu zənglə yerlə yeksan oldu. Digər tərəfdən isə bir təskinlik tapdı. 31 ildən çoxdur ki, itkin düşən, ancaq hazırda rəsmi surətdə şəhid statusu verilən qardaşının da artıq məzarı olacaqdı. İndi qarşısında çətindən də çətin bir məsələ dururdu: bunu anasına necə desin? O ana ki, illərdir oğlunun salamat qayıdacağına bir an belə ümidini itirmirdi. Evdə pərdələri çəkməyə belə icazə vermirdi ki, Şahid gələndə görə bilsin. Hər gün mətbəxdə oturub darvazaya baxar, tez-tez yolun başına çıxıb oğlunun gəlişini gözləyərdi. Evin qapılarını da bağlamağa qoymurdu ana. Deyirdi ki, birdən balam gələr, qapını aça bilməyib çöldə qalar … İndi bu anaya necə deyəsən ki, oğlun heç zaman qayıtmayacaq!
9 sentyabr 1974-cü ildə Şəki rayonu, Orta Zəyzid kəndində, usta Sabirin evində dünyaya gəlmişdi Şahid. Dörd qardaş, bir bacı idilər. Şahid qardaşların ən kiçiyi idi. 1980-cı ildə Orta Zəyzid kənd orta məktəbinin 1-ci sinfinə qədəm qoymuş, 1991-ci ildə 11-ci sinfini bitirmişdi.
Deyib-gülən, şən, zarafatcıl oğlan idi Şahid. Qara qaşları, qara gözləri və o gözlərə kölgə salan uzun, qıvrım kirpikləri yaraşıqlı simasına bir məsumluq da qatırdı. Dəcəlliyi ilə hamının sevimlisinə çevrilmişdi. Əmilərini çox incidirdi. Çıxıb ucaboylu Cahangir əmisinin boynunda oturur, sonra da “məni gəzdir” deyirdi. Əmisi onu gəzdirdikcə də “mən hamınızdan yüksəkdəyəm” deyərək şaqqanaq çəkib gülürdü. İllər sonra elə də oldu. Şahid gerçəkdən də ən yüksəyə – Şəhidlik zirvəsinə ucaldı.
Böyüdükcə boyu ilə öz yaşıdlarından seçilirdi. Hətta özündən böyük qardaşlarından belə ucaboy idi. Buna görə də anası evdə iş görəndə hündür yerləri Şahidə təmizlətdirərdi. Plovu və xəngəli çox sevərdi Şahid. Anası hər plov bişirəndə yanında oturar, “qazmağın hamısını mənə verərsən” deyib bərk-bərk tapşırardı. Anası da “bu qədər qazmaq yemə, yoxsa toyunda qar yağar” deyib zarafatlaşardı. Şahid əsgərliyə getməzdən öncə anasına demişdi ki, qayıdıb gələndən sonra qardaşlarımdan əvvəl mənə toy edərsən. Hər bir gənc kimi, o da həm sevir, həm də sevilirdi. Buna görə də tez bir zamanda sevdiyinə qovuşmaq istəyirdi. Ancaq yazıq ana hardan biləydi ki, Şahidin heç zaman toyu olmayacaq… Ona görə bu gün də ana plov bişirəndə göz yaşlarını saxlaya bilmir.
Gözəl əl qabiliyyəti var idi Şahidin. Hər halda atasından keçmişdi ona bu bacarıq. Atası kimi usta olmaq istəyirdi Şahid də. Uşaq yaşlarından taxtadan tapanca, avtomat düzəldib öz yaşıdları ilə “dava-dava” oynayardı. Dərsdən sonra dostları ilə kənddəki qədim Alban kilsəsinin yanına gedər, hava qaralanadək kilsənin uçub dağılmış divarları arasında mövqe seçər, özünü döyüşdəymiş kimi hiss edər və yaxın gəlmək istəyən “düşmənləri” “öldürərdi”. Alban kilsəsini “alınmaz qala”ya çevirmişdi. Dostları ilə kəndin küçələrində gəzən sahibsiz uzunqulaqlara minər, bir sıra boyunca düzülüb gedərdilər. Özlərini “7 oğul istərəm” filminin qəhrəmanlarına bənzədərdilər. Və bu dəstənin “Bəxtiyar”ı həmişə Şahid olardı. O vaxtlar heç kəsin ağlına gəlməzdi ki, “atışma”nı bu qədər çox sevən Şahid gələcəkdə gerçək savaşa qatılacaq, Vətənini qorumaq üçün canını qurban verəcək. Allah sanki Şahidi döyüşmək üçün xəlq eləmişdi.
Meyxananı da çox sevirdi Şahid. Özü səsləndirməsə də, hər toyda yeni bir qafiyə düzəldər, müğənniyə verib, oxumasını xahiş edərdi. Sonra da bu musiqi sədaları altında oynayardı. Bir də “Leylam” adlı hind musiqisini çox sevərdi. Meyxanadan sonra mütləq həmin musiqini sifariş edən bu yaraşıqlı gənc, gözəl rəqsi ilə bütün “Leylalar”ın canına od salardı.
Yenicə müstəqilliyini elan etmiş dövlətimizə qarşı ermənilərin törətdiyi vəhşiliklər hər bir Azərbaycan oğlu kimi Şahidi də çox narahat edirdi. Ancaq zarafatlarından da geri qalmırdı. Tez-tez evdə böyük qardaşının körpə qızını qucağına alar, sinəsinə bərk-bərk sıxaraq pencəyinin altında gizlədər, “Qarabağa gedəndə bunu da özümlə aparacağam, əmi-bala ermənilərin hamısını qırıb gələcəyik” deyib zarafat edərdi.
18 yaşı tamam olan kimi əsgərliyə, Vətəni qorumağa yollandı. Çağırış məntəqəsinin önündə avtobusa minməzdən öncə son dəfə meyxana musiqisinin sədaları altında oynayıb, sonra da anasını qucaqlayıb yaşaran gözlərini gizlətməyə çalışmışdı. Bir gün əvvəl bibiləri ilə görüşəndə də qəhərlənmişdi. Həmişə deyib-gülən Şahidi heç kəs belə görməmişdi. Sanki ürəyinə dammışdı ki, bu görüş son görüşdür. Şahid bir dəfə də belə kövrəlib göz yaşı axıtmışdı. Son sinifdə oxuyarkən, müəllimləri və məktəb yoldaşları ilə birlikdə Bakıda Şəhidlər Xiyabanında olarkən…
Öncə Lənkərana, qısa müddət sonra Ağdərəyə göndərdilər Şahidi və əsgər yoldaşlarını. Ağdərənin Mehmanə kəndi yaxınlığında qəhrəmanlıqla savaşırdı Şahid.
8 fevral 1993-cü ildə qulluq etdiyi hərbi hissədən evlərinə Şahidin itkin düşməsi ilə bağlı məlumat verdilər. Atası Sabir kişi oğlunun döyüşdüyü Ağdərə istiqamətinə yollandı. Yaxınlıqdakı bütün xəstəxanaları, hospitalları dolaşdı, ancaq Şahidi gördüm deyən olmadı… Şahidin anası Kətayim xala yuxuda oğlunu görmüş, ancaq nə qədər çağırsa da, Şahidin ona tərəf gəlmədiyini deyərək için-için ağlamışdı. Buna görə də ərini bir daha məcbur edərək oğlunu axtarmağa göndərdi ki, balam bizdən küsüb. Bu dəfə Sabir ata özü ilə iki qardaşını, bir qohumunu və bir bələdçi götürərək hər tərəfi qarış-qarış axtarmaq üçün öz maşını ilə təkrar yola düşdü. Ata canını heçə sayaraq birbaşa döyüş bölgəsinə, güllənin altına girdi. Təki oğlundan bir iz, bir soraq tapsın… Axtara-axtara ön xəttə qədər gedib çıxan Sabir atanın avtomobili xain düşmənin basdırdığı minaya düşdü.
27 fevral 1993-cü ildə, itkin düşmüş Şahiddən soraq gözləyən Orta Zəyzid kəndi daha bir acı xəbərlə sarsıldı. Şahidi axtarmağa gedənlərin hamısı şəhid olmuşdu: atası, iki əmisi və bir qohumu. Şahiddən isə hələ də bir xəbər yox idi…
Müharibə öz işini görürdü. Zaman-zaman kəndə öncə şəhid xəbərləri gəlir, daha sonra cənazələri gətirilir, dəfn edilirdi. Ancaq Şahiddən soraq verən yox idi… Ana hər dəfə kənd poçtalyonu İzzət dayını görəndə “Ana və poçtalyon” şeirini xatırlayıb, “mənim oğlumdan nə vaxt məktub gətirəcəksən” deyərək sitəm edirdi.
Beləcə illər ötüb keçdi. Artıq rəsmi olaraq itkin sayılan Şahidin adı oxuduğu məktəbin həyətindəki bulağa verilmiş, önündə xatirə barelyefi qoyulmuşdu. Şahidin anası Kətayim ana hər gün həmin bulağa gəlir, ətrafını təmizləyir, oğlunun şəklinə baxıb, “uşaqlığı fağır (Şəkidə kasıba fağır deyirlər), gəncliyi ağır keçən balam” deyərək ağlayırdı. Ana bu bulaq başını arzusu ürəyində qalan nakam oğlunun bəy otağı kimi görürdü. Çünki Şahid əsgərliyə gedəndə anasına “qayıdıb gələn kimi ilk mənə toy edərsən” demişdi. İllərdir xəbər ala bilmədiyi oğlunun qoxusunu burdan alırdı dərdli ana. Hər tərəfə gül-çiçək əkmiş, Cənnətin bir parçasına çevirmişdi buranı.
2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən İkinci Qarabağ savaşında mənfur düşmən təslim olmuş, kapitulyasiya aktına imza atmışdı. Müharibə başlanandan hər gün televizorun qarşısında oturub xəbərləri izləyən ananın və doğmalarının ürəyindəki ümid közərtisi daha da artmış, alovlanmışdı. Bəlkə Şahiddən bir iz, bir soraq alarlar deyə. Anasından, qardaşlarından DNT testi götürülsə də, onlar Şahidin sağ olduğuna və qayıdacağına inanırdılar.
25 oktyabr 2024-cü ildə qardaşına zəng edilərək Xankəndi yaxınlığından Şahidin qalıqlarının tapılması barədə məlumat verildi və həmin ilin 1 noyabrında Orta Zəyzid kənd məzarlığında dəfn edildi.
Artıq Kətayim ananın da, doğmalarının da ziyarət edə biləcəyi bir məzar var: – 19 yaşında şəhid olub, 50 yaşında torpağa tapşırılan Şahidin məzarı…
Allah rəhmət eləsin! Nur içində yatsın şəhidimiz!

Bağışla, ay ana, gələ bilmədim

Salam, əziz anam, salam, can anam,
Qalma məndən daha nigaran, anam.
Otuz il məzarsız qalan balanam,
Nə qədər çəkmisən çilə, bilmədim,
Bağışla, ay ana, gələ bilmədim.

Gedəndə “igidəm, mən nərəm” dedim,
“Düşməni tezliklə yenərəm” dedim,
Söz verdim, “salamat dönərəm” dedim…
Belə olacağın bilə bilmədim,
Bağışla, ay ana, gələ bilmədim.

Yoxluğum qəlbinə qara xal saldı,
Üzündən gülüşü ömürlük aldı,
İllərlə gözlərin yollarda qaldı,
Gözünün yaşını silə bilmədim,
Bağışla, ay ana, gələ bilmədim.

Sahib çıxammadım nakam sevgimə,
Bənzədim mizrabı qırılmış simə,
Ürək sözlərimi söyləyim kimə?
Günəşə, yağışa, yelə… bilmədim…
Bağışla, ay ana, gələ bilmədim.

Üst-üstə yaşatdım dərdi, kədəri,
Betərin bu imiş daha betəri,
Ata, əmilərin məndən ötəri
Şəhid olduqların belə bilmədim…
Bağışla, ay ana, gələ bilmədim.

Müqəddəs şəhidlik yolunu seçdim,
Bu yoldan dönmərəm deyə and içdim,
On doqquz yaşımda canımdan keçdim,
Uzun ömür sürüb, ölə bilmədim,
Bağışla, ay ana, gələ bilmədim.

Müəllif: Namiq Müslümov

Namiq Müslümovun yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Namiq Müslümov – Ağla, tarım

Namiq Müslümovun yazıları

Ağla, tarım
(hekayə)

Hava artıq qaralmışdı. Nübar tarın yanıqlı səsinə gözlərini açdı. Hər şey ona bulanıq görünürdü. Baxışları tavanda, divarlarda dolaşıb nəhayət başı üstündə dayanmış ağ xalatlı qızın üzündə dayandı. Pıçıltılı səslə: “Mən hardayam, bura haradı?”- deyə soruşdu. Qız gülümsədi:
– Siz xəstəxanadasınız. Narahat olmayın. Hər şey yaxşıdır.
– Bəs bu tar səsi hardan gəlir?
– Həkimin məsləhəti ilə qoymuşuq. Səni dünən gətiriblər. Elə hey “Ağla, tarım… ağla, tarım…” deyirdin. Həkim də valideynlərindən bir maqnitofon, bir də tar ifası olan kaset istədi.
– Anamgil hardadır bəs?
– Çöldədirlər. İndi çağıraram.
Bunu deyib ağ xalatlı qız otaqdan çıxdı. O, yenidən gözlərini yumdu və xatirələrin qoynuna sığındı…

Bakıya gəldikləri 10 ay olardı. Çox ağır günlər keçirmişdilər. Ermənilərin qəfil hücumu onları hazırlıqsız yaxalamışdı. Doğma el-obalarından ayaqyalın, başı açıq didərgin düşən camaat ölkənin müxtəlif rayon və şəhərlərinə səpələnmişdi. Atası ilə dayısı da özünümüdafiə batalyonunda döyüşmüş, dayısı şəhid olmuş, atası isə yaralandığı üçün tərxis olunmuşdu.
Əvvəlcə aran rayonlarından birində bir neçə həftə qalmışdılar. Dolanışıq olmadığından Bakıya üz tutmuşdular.
Bakını ilk dəfədir görürdü. Geniş küçələrdən keçib, darısqal, nahamar yollarla Papaninə – qalacaqları yerə çatanda əvvəl elə bilmişdi ki, bura Bakı deyil. Hər tərəf bir-birinə qısılıb qalmış bir mərtəbəli kiçik evlərdən ibarət idi. Üfunət qoxusu ətrafa yayılmışdı. Maşından düşüb ensiz qapıdan kiçik həyətə girdilər. Bura atasının əmisi oğlunun idi. Özləri Rusiyada yaşadıqları üçün kirayəyə verirdilər evi. Yay tətili olduğu üçün kirayəçi də çıxmışdı. Həyətdə ayaqyolu, hamam, bir də küncdə qaz sobası, yanında da kiçik masa vardı. Bəlli ki, bura evin mətbəxi idi. Qaz sobasının yanındakı qapıdan evə daxil oldular. Mənzil iç-içə 2 otaqdan ibarət idi. Divarlar kiflənmiş, bəzi yerlərdə yapışdırılan kağızlar qopmuşdu. İçəridən də kəskin rütubət qoxusu gəlirdi. Nübar kənddəki evlərini xatırladı; geniş həyətləri, hündür, işıqlı 4 otaqlı evləri var idi. Tövlələri belə bu mənzildən daha geniş, daha işıqlı idi. Atasının “Burda qalacağıq” deməsi onu xəyallardan ayırdı. Anası yarızarafat, yarıincik şəkildə söyləndi:
– Ay Səttar, sən Allah, buralar nə gündədir? Necə yaşayırlar burda? Sonra da kəndə gələndi fors edirlər ki, biz Bakıdan gəlmişik.
– Neynək, ay Gülsüm? Elə bilirsən mənim xoşuma gəlir? Məcburuq da, çöldə qalası deyilik ki… Yenə sağ olsun əmioğlu. Dedi, özünüzü toparlayana qədər qalın, pul zad da lazım deyil.
– Sağ olsun. Allah ermənilərin də bəlasını versin.
Tezliklə atası da, anası da tikiş fabrikində işə düzəldi. Nübar bu il 11-ci sinfi bitirmişdi. 10 və 12 yaşlarında iki qardaşı da var idi. Valideyinləri səhər işə gedir, Nübar ev-eşiyi təmizləyir, yemək bişirir, hərdən də küçəyə çıxıb qardaşlarına nəzarət edirdi. Günləri belə keçirdi. Artıq bu həyata öyrəşirdilər.
Sentyabr ayı gəlmişdi. Qardaşları yaxınlıqdakı məktəbə gedirdilər. Onları məktəbə aparıb gətirməyi valideynləri Nübara tapşırmışdı. O da qardaşlarını səhər məktəbə aparar, günorta yenidən gedib gətirərdi. Sonra da ev işləri görər, qardaşlarına dərslərində kömək edərdi. Axşam da valideyinləri gəldikdən sonra birlikdə yeməklərini yeyər, bir az söhbət etdikdən sonra yatardılar.
Son günlər axşam düşəndə hardansa tar səsi yüksəlirdi. Kim idisə, elə kövrək və ustalıqla çalırdı ki, insanın ruhuna işləyirdi. Nübar da yatağına uzanandan sonra bir müddət o səsi dinləyər, tarın həzin ahəngi altında yavaş-yavaş yuxuya gedərdi.
Nübar qardaşlarını səhər məktəbə aparanda bir oğlan da onlarla eyni vaxtda yola çıxar, arxalarınca dayanacağa qədər gələrdi. Qızın diqqətindən yayınmayan bu oğlan əvvəllər ona bir az şübhəli gəlsə də, sonradan onun qonşuluqda yaşadığını bilib rahatlaşmışdı.
Günlərin birində Nübar qardaşlarını məktəbə qoyub təzəcə aralanmışdı ki, həmin oğlanı gördü. Öz-özünə düşündü ki, nə əcəb burdadır. Axı o hər gün dayanacağa qədər gələr, ordan da avtobusa minib gedərdi. Yanından keçəndə oğlan çəkinə-çəkinə, “Salam. Bir dəqiqə olar sizi?” dedi. Nübar bir anlıq duruxub qaldı, nə deyəcəyini bilmədən oğlanın üzünə baxdı. Oğlan udquna-udquna sözə başladı:
– Çox üzr istəyirəm. Məni tanıyırsız yəqin ki. Qonşuluqda qalıram. Adım Səməddir. Siz Allah, narahat etdimsə, bağışlayın. Neçə vaxtdır sizi görürəm, qardaşlarınızı məktəbə aparırsız deyəsən. Adınızı bilmək olar?
Nübar donub qalmışdı. Ürəyi şiddətlə döyünürdü. Gözləri oğlanın mavi gözlərinə sataşanda ürək döyüntüləri bir az da artmağa başladı və üzündəki istilikdən hiss etdi ki, yanaqları qızarıb. Tez başını yerə dikərək cavab verdi:
– Nübar.
– Çox şad oldum. Çox sağ olun. Bir daha üzr istəyirəm. Neçə gündür sizə yaxınlaşmaq, tanış olmaq istəyirdim, ancaq cürət eləmirdim. Siz çox gözəlsiniz və mənim xoşuma gəlirsiz. Mən də sizin qonşuluqda kirayədə qalıram. İncəsənət İnistitutunda, 3-cü kursda oxuyuram. Özüm də Göyçaydanam.
Oğlanın həyəcanla, birnəfəsə söylədiklərinə Nübar bilmirdi ki, nə cavab versin. Özü də çox həyəcanlanmışdı. Sanki ağzını açsa, ürəyi çölə çıxacaqdı. Dərin bir nəfəs alıb; – mən də çox şad oldum, dedi və yavaş-yavaş addımlamağa başladı. Səməd sözünə davam elədi:
– İcazə verirsiz, heç olmasa dayanacağa qədər söhbət edə-edə gedək?
– Olar.
– Çox sağ olun. Ordan sonra yolun o biri tərəfinə keçərəm. Bu gün sizinlə danışmaq üçün birinci dərsə girmədim.
– Dediniz, incəsənətdə oxuyuram. Nə üzrə oxuyursuz?
– Musiqi sənəti fakültəsində, tar sinfində.
– Axşamlar tar səsi gəlir. İfa edən sizsiniz?
– Bəli. Dərs tapşırıqlarını öyrənirəm. Sizi narahat eləmir ki, səs?
– Yox. Əksinə, çox gözəldir. Hətta bəzən mahnılar yarımçıq qalanda öz-özümə deyirəm, kaş axıra qədər ifa edərdi.
– Bəyəndiyinizə sevindim. Hansı mahnını xoşlayırsız? Sizin üçün ifa edim hər gün.
Nübar hiss etdi ki, yanaqları yenə qızardı. Utana-utana cavab verdi:
– Fərqi yoxdur. Özünüz hansını istəsəniz.
– Yenə də…
– Biz Qarabağlıyıq. Babamgilin evində də tar var idi. Babam özü toylara gedib o vaxtlar. Ona görə tarı, kamanı, muğamı çox sevirəm. Kəndimizi xatırladır. Hətta bəzən sizin ifanız ağladır məni.
– Aaa… Çox üzr istəyirəm. Bunu düşünməmişdim. Bir də ifa etmərəm.
– Yox, yox… O mənada demədim. Əksinə çox xoş olur. Ağlasam da, ruhum sakitləşir sanki. Həm də həmişə ağlamıram ki.
Nübar bunu deyib dayandı və Səmədin üzünə baxıb gülümsəyərək, “dayanacağa çatdıq,” – dedi. Səməd: “Çox sağ olun, Nübar xanım. Çox şad oldum sizi tanımağıma. Hələlik.” dedi və ondan ayrılıb yolun digər tərəfinə keçdi. O axşam Səməd tarda Qarabağ şikəstəsini elə ifa etdi ki, Nübar ömründə bu qədər təsirlənməmişdi.
Növbəti gün Səməd səhər-səhər Nübarı məktəb yaxınlığında gözləməyə başladı. Bu dəfə bir saata yaxın söhbət elədilər. Daha sonra Səməd avtobusa minib dərsə getdi.
Günlər keçdikcə Nübar Səməd üçün darıxır, onu görməyə can atırdı. Bir dəfə də Səməd onu dənizkənarı bulvara aparmışdı. Bulvarı ilk dəfə idi görürdü. Hələ üstəlik Səməd onun əlindən də tutmuşdu. Sevinci həyəcana qarışmış, özünü xoşbəxt hiss etmişdi. O gündən sonra görüşəndə əl-ələ tutub gəzirdilər. Ancaq yenə də dayanacaqdan sonra Səməd yolun digər tərəfinə keçirdi. Nübar Səməddən nə qədər ayrılmaq istəməsə də, qonuşuların görməsindən çox qorxurdu. Dayanacaq onların həm “birləşmə”, həm də “ayrılma” nöqtələri idi.
Beləcə bir neçə ay keçdi. Artıq havalar soyumuş, qış qapıya dirənmişdi. Məktəblər qış tətilinə çıxdığı üçün Nübar evdən çıxa bilmirdi. Ona görə Səmədi görmürdü. Ondan otrü çox darıxmışdı, dərslərin bir an öncə başlamasını istəyirdi. Axşamlar Səmədin tarının səsindən təskinlik tapırdı. On günlük tətil Nübara 10 il kimi gəldi. Nəhayət, yanvar ayında orta məktəblərdə dərslər başladı. İnstitutlarda isə fevralda başlayacaqdı. Səməd də dərsə getmir, imtahanlara hazırlaşırdı. Ona görə bir yerdə çox vaxt keçirirdilər. Demək olar hər gün səhərdən günortaya kimi gəzir, gülüb-əylənirdilər. Nübar Bakının bir çox gəzməli, görməli yerlərində olmuşdu. Bakı onun üçün doğma şəhərə çevrilmişdi, çünki burda sevdiyini tapmışdı. Səməd də Bakıda yaşamaq istədiyini demişdi. Çox gözəl tar ifaçısı olduğu üçün müəllimləri ona rayona getməməyi, burda qalıb yaradıcılıqla məşğul olmağı tövsiyə etmiş, “Sən Azərbaycan musiqisinə, mədəniyyətinə böyük töhfələr verə bilərsən, biz səndə bu potensialı görürük,” demişdilər. Nübar ilə Səməd əl-ələ tutub Bakı küçələrində gəzərkən xəyallarında hər küçədən bir “ev alırdılar”.
Bir gün yenə Nübar Səmədlə məktəbə, qardaşalarını götürməyə gəlirdi. Artıq neçə vaxtdır ki, Səməd Nübarı məktəbin yanına qədər gətirər, sonra kənara çəkilib gözləyər, Nübar qardaşlarını götürdükdən sonra onların arxasınca evə gedərdi. Nübar birdən əlini çəkdi. Səməd, “nə oldu?” dedikdə, bir kəlmə, “anam” söylədi. Nübarın anası məktəbin qapısının yanında durmuşdu və onlara tərəf baxırdı. Səməd addımını yavaşlatdı və ağacın arxasına keçdi. Nübar yaxınlaşıb “Nə olub, ana, sən xeyir ola burda?” dedikdə, anası qəzəblə soruşdu:
– Hardan gəlirsən?
– Evdən…
– Yalan deyirsən. Evdən gələn mənəm. Evdə yox idin. Uşaqları məktəbə aparandan çıxmısan evdən. Haralardaydın?
– Axı nə olub? Nəsə baş verib? Yoxsa atama nəsə olub?
– Sən yaxşı bilirsən nə olub. Burda camaat var. Evə gedək, nə olduğunu sən deyərsən. Bir bu qalmışdı…
Nübar başını aşağı dikdi. Pərt olmuşdu.
Sən demə qonşulardan kimsə gəncləri görmüş və Nübarın anasına demişdi. Anası da həmin gün qızını yoxlamaq üçün işdən icazə alıb gəlmişdi. Nübar evdə deyildi. Anası məktəbə gedib qızını orada gözləməyi qərarlaşdırmışdı. Bir müddət sonra qızını oğlanla əl-ələ görən ana bərk əsəbləşmişdi.
Evə girər-girməz anası Nübarın qolundan tutub o biri otağa apararaq qəzəblə soruşdu:
– Hardaydın?
– …
– Səndən söz soruşmuram? Hardaydın? O oğlan kim idi?
– …
– Niyə dillənmirsən? Utanmırsan? Biz səhərdən axşamadək qul kimi işləyirik. Evi, uşaqları qoyub gedirik ki, böyük, ağıllı qızımız var. Biz olmayanda qardaşlarına sahib çıxacaq, evi çəkib-çevirəcək. Sən demə qızımız özü sahibsiz qalıb, yolunu azıb. Kimdir o gədə? Nəsə olub aranızda? Cavab ver!
– Yoox. Nə olacaq ki?
– Nə bilim? Sən bilərsən. Nəsə olubsa mənə de.
– Heç nə olmayıb, ay ana. Sadəcə 1-2 dəfə şəhərə çıxmışıq.
– Utanmırsan? İki gün deyil Bakıya gəlmisən, əl-ələ tutub gəzirsən. Nə tez tapdın? Hardan tapdın?
– Ana, mən onu sevirəm.
– Qələt edirsən sən! Tanıyırsan onu? Dədəsin kimdir, nənəsi kimdir, bilirsən? Özbaşınasan sən? Səni Qurbangil oğluna istəyirlər. Ona verəcəyik.
– Qurban kimdir? Nə Qurban?
– Bu evin sahibi. Atanın əmisi oğlu. Moskvada yaşayırlar, imkanları da yaxşıdır. Bu ev də oğlunundur.
– Ana, mən onu tanımıram, görməmişəm. Necə yəni səni veririk Qurbanın oğluna?
– Sənin görüb-görməməyin vacib deyil. Görüb neyniyəcəksən ki? Budur e, gördün… Tanımadığın, bilmədiyin birinin əlindən tutub küçələrdə veyillənirsən. Hələ qoy atan gəlsin… Sən elə bilirsən biz boş yerə burda pulsuz qalırıq? İndiki zəmanədə kim kimə evini müftə verər?
– Ana, qurban olum, demə atama. Axı mən pis bir iş tutmamışam. Sevmişəm də…
Nübar ağlaya-ağlaya anasının əllərindən tutdu. Anası qızının bu halını görüb, bir az yumşaldı. Əslində qızına çox inanırdı. Bu günə kimi bir sözünü iki eləməmişdi. Evin biş-düşündə, yır-yığışında kiçik yaşlarından anasına kömək edərdi. Çox ağıllı, səliqəli və tərbiyəli qız idi Nübar. Amma bura da şəhər yeridir. İnsanları tanımaq olmur. Kənddən gəlmiş saf qız uşağını aldadıb yoldan çıxarmağa nə var? Qızının göz yaşını silə-silə dedi:
– Bax, qızım. Bura şəhər yeridir. İnsanlar bir-birini tanımır. Sənin kimi saf qızları yoldan çıxaran o qədər biqeyrət var ki. Mənim ağıllı balam, özün görmədin, bu neçə ayda biz nə qədər zülüm çəkdik? O boyda ev-eşiyimiz, həyət-bacamız, mal-qaramız qaldı orda. Atan da, mən də gecəmizi gündüzümüzə qatırıq ki, balalarımız korluq çəkməsin, ac qalmasınlar. Kimsə bizim qapımızı döyüb, bir loxma çörək verib bu günə qədər? Əgər aranızda heç nə olmayıbsa, atana bir söz demərəm. Bir səhvdir, eləmisən. Bir daha da eləməzsən, keçib gedər. 1-2 aya Qurbangil elçi gələcəklər. Yəqin ki, yaya da toyunuz olar. Sağ olsunlar, cehiz-zad da istəmirlər. Oğlan səni götürüb aparacaq Moskvaya. Biz də görək neyniyirik. Qardaşların da məktəbi oxuyub qurtarsınlar. Əsas onların təhsilidi. Biz də ağ günə çıxarıq İnşallah.
– Ana… Axı mən Qurban əminin oğlunu tanımıram, görməmişəm, heç adını da bilmirəm… Səməd pis oğlan deyil, ana. Göyçaydandır, institutda oxuyur, özü də Bakıda qalmaq istəyir.
– Ceyhundur Qurbanın oğlunun adı… Qızım, mən demirəm Səməd pis oğlandır, ya yaxşı oğlandır. Amma sən uşaqsan hələ. Çox şeyi dərk eləmirsən. Qurban əmingili mən tanıyıram. Özü də, yoldaşı da çox yaxşı adamlardır. Belə ata-anası olan oğlan da əlbət yaxşı olar. Bir də ki, indi çox pis zəmanədir, qızım. İnsanlar güclə özlərinə çörək pulu tapırlar. Yaşamaq üçün, ailə saxlamaq üçün tək sevgi kifayət eləmir. İndi 3-5 gün göz yaşı tökəcəksən, amma gün gələcək mənim haqlı olduğunu görəcəksən. Onda deyəcəksən ki, anam düz deyirmiş. Mən səni düşünüb deyirəm. Elə eləmə ki, atana deyim. Bir daha bu söhbətə qayıtmayaq. Səməddir, nədir, o oğlanla görüşməyəcəksən!
Nübar heç nə deyə bilmədi. Atasının, anasının nə qədər zülm çəkdiklərini görürdü, dərk edirdi. Bir anda evsiz-eşiksiz, pulsuz-parasız qalıb, çöllərə düşən ailəsi üçün atasının nə qədər əziyyət çəkdiyini bilirdi. Neçə dəfə evdə ailəliklə yemək yeyərkən atasının “mən toxam, çöldə yemişəm” deyib, sual dolu baxışlarla baxan anasınin qulağına “qoy uşaqlar doysun” pıçıldamasını eşitmişdi. Belə atanı necə incidə bilərdi? Axı Qurban əmigil onlara evlərini vermişdilər. Ən azından kirayə pulu vermirdilər. Ata-anasının maaşı yeməklərinə güclə çatırdı. Digər tərəfdən də Səmədi düşünürdü. Axı onun yanında çox xoşbəxt olurdu. Bütün dərdini unudurdu sevdiyi oğlanın mavi gözlərinə baxdıqca. Çox çarəsiz idi. Elə bil onu görünməz bir uçurumun kənarına sıxışdırmışdılar. Düşünürdü ki, indi susub özünü fəda etməlidir, təki ailəsi pərişan olmasın. Bu fikir içini didib-parçaladı. Üzü üstə yatağa uzanıb hönkür-hönkür ağladı.
Martın 8-i idi. Nübargilin evində canlanma vardı. Bu gün ona elçi gələcəkdi. Eıçilik deyəndə ki, əslində böyüklər öz aralarında söz kəsmişdilər. Bu gün üzük gətirəcək, elçiliyi bir növ rəsmiləşdirəcəkdilər. Qurbangil bir neçə gün idi ki, Bakıya gəlmişdilər. Hələlik başqa qohumlarıgildə qalırdılar. Hamının üzündə sevinc var idi, bircə Nübardan başqa. Hər gün Səmədi düşünürdü. Anasının sözündən sonra Səməddən ayrılmışdı. Onu da sözlə deyə bilməmişdi. Uzun-uzadı məktub yazıb, Səmədi görən kimi ona verib qaçmışdı. Ondan sonra da bir daha görməmişdi oğlanı. Bu Nübarın işini bir az rahatlaşdırsa da, qəlbində böyük nigarançılıq yaratmışdı. “Görəsən Səməd hardadır indi?” sualı içini gəmirirdi. O gündən tar səsi də gəlmirdi. Bilirdi ki, Səməd imtahanlardan sonra 15-20 günıük rayona gedəcəkdi. İndiyədək isə çoxdan qayıtmalı idi. Amma heç qarşılaşmamışdı onunla. “Bəlkə də evini dəyişib…”, “Bəlkə də heç Səməd sevmirmiş məni…”, “Bəlkə elə anam deyən kimi imiş, yoldan çıxarmaq istəyirmiş məni…”. Suallar beynini yorur, cavabını isə tapa bilmirdi. Bildiyi tək bir şey var idi; Səməd üçün çox darıxmışdı. Anası dediyi kimi olmadı, 3-5 gün ağlayıb, sakitləşmədi. Hər gecə yerinə girib səssiz-səssiz göz yaşları tökdü. Qapı taqqıltısı onu xəyallardan ayırdı. Qohumlardan kimsə “Ay Gülsüm, deyəsən gəldilər,” dedi və həyət qapısına doğru addımlamağa başladı.
Səttarla Gülsüm elçiləri qapıda qarşıladılar. Elçilər gətirdikləri hədiyyələri ev sahiblərinə verdikdən sonra göstərilən yerdə əyləşdilər. Qadınlar öz aralarında “oğlan niyə gəlməyib?” deyə pıçıldaşmağa başladılar. Oğlanın anası üzünü Gülsümə tutub, “eşitdik ki, buralarda “oblavadır”, cavan oğlanları küçədə tutub Qarabağa aparırlar, biz də ona görə Ceyhunu gətirmədik”, dedi. Ortaya dərin sükut çökdü. Bu söz hamıya pis təsir eləmişdi. Necə yəni, bəs torpaqları kim azad edəcək? Axı Ceyhun özü də Qarabağda doğulmuşdu. Kəndlərindən, elə öz qohumlarından neçə şəhid var idi, neçəsi hələ də cəbhədə vuruşurdu. Ceyhunun onlardan nəyi artıq idi ki? Qurban hiss elədi ki, arvadının yersiz sözü hamiya pis təsir edib, ortalığı toparlamağa çalışdı:
– Əslində gələcəkdi, amma işdən icazə ala bilmədi. Nəsə yoxlamaları var. Bileti belə öncədən almışdıq, sonra qaytarmalı olduq.
Qurbanın yalan danışdığı aydın hiss olunurdu. Səttar onları utandırmamaq üçün “eybi yoxdur, canınız sağ olsun. İndi pis zəmanədir, insanlar güclə iş tapıb bir loxma çörəyini qazana bilirlər” dedi. Bundan sonra ortalıq bir az yumşaldı. Qadınlar süfrəni bəzəyir, Səttar da Qurbanla söhbət edirdi. Bir müddət sonra məclis şənləndi, hamı deyib-gülürdü.
Nübar yatağında oturub barmağındakı brilliant qaşlı üzüyə baxırdı. Qonaqlar artıq getmişdi. Qurbangilin gətirdikləri hədiyyələri hər kəs bəyənmişdi. Hiss olunurdu ki, çoxlu pul xərcləyiblər. Ən çox sevinən Nübarın qardaşları idi. Üzünü görmədikləri, dadını bilmədikləri cürbəcür şokoladlardan, konfetlərdən yemişdilər. Hamının kefi kök idi, bir Nübardan başqa. Səmədi unuda bilmirdi. Əvvəllər düşünürdü ki, elçiliyə Ceyhun da gələcək, onu yaxından tanıyacaq, şəhəri gəzəcəklər, bir neçə günlük də olsa başı qarışacaqdı. Bəlkə sevməyə də başlayacaqdı Ceyhunu. Şəklini görmüşdü; pis oğlana oxşamırdı, üstəlik yaraşıqlı idi. İndi isə düşünürdü, qorxusundan nişanlısına üzük taxmağa gələ bilməyən oğlan onu necə xoşbəxt edəcək? Öz dədə-baba yurdunu qorumayan Nübarı necə qoruyacaq? Nübarın sabaha olan ümidləri, bütün xəyalları alt-üst olmuşdu. Qurbangil yayda toy etmək istədiklərini bildirmişdilər. Toyu da Moskvada edəcəkdilər. Belə çıxır ki, Nübar 3-4 aydan sonra yaxınlarını, doğmalarını tərk edib uzaq, qərib yerdə həyatına davam edəcəkdi. Səməddən sonra demək olar şəhərə çıxmırdı. Həyat onun üçün çox darixdirici olmuşdu. Qürbət yerə gəlin köçəcəyi onu qorxudurdu. Ən pisi isə heç tanımadığı insanla ailə qurması idi. Bütün bunları düşündükcə göz yaşlarını saxlaya bilmirdi və özünü çox çarəsiz hiss edirdi.
Gülsüm qızının halını görürdü. Nübar gecələr nə qədər səssiz ağlasa da anası duyurdu. Bu günə qədər düşünürdü ki, zamanla hər şey düzələcək, qızı keçmişi unudacaq. Amma nişana Ceyhunun gəlməməsi onu da pərt etmişdi. Hiss edirdi ki, bu hal Səttarın da xoşuna gəlməyib.
May ayının sonu idi. Havalar isinməyə başlamışdı. Axşam Səttargil ailəliklə yemək masasının ətrafına toplaşmışdılar. Televizorda xəbərlər gedirdi. Diktor xanım növbəti süjetə şeirlə keçid elədi:

Bir gözələ vurulmuşdum,
O sevgidə ilk nübarım.
Eşqimdən göylərdə uçdum,
Sonra sındı qanadlarım…
Ağla, tarım… Ağla, tarım…

Arzularım yarım qaldı,
Onu məndən kimlər aldı?
Sağalmaz bir dərdə saldı,
Bitmədi ki, ahu-zarım,
Ağla, tarım… Ağla, tarım…

Göz yaşlarım dayanmadı
Ölmüş ruhum oyanmadı.
Mən çox yandım, o yanmadı?
Vəfasızmış demə yarım,
Ağla, tarım… Ağla, tarım…

Qəhrəman bir əsgərimizin ürəyinin dərinliyindən süzülüb axan bu kəlmələr hər kəsi duyğulandırdı. Həkimlərin dediyinə görə əməliyyat zamanı əsgər durmadan bu şeiri oxuyurmuş. Biz də qəhrəmanımızı tanımaq üçün yolumuzu hərbi hospitaldan saldıq. Səməd Məmmədov İncəsənət İnistitutunun 3-cü kursunda oxuyurdu. Təhsilini yarımçıq qoyub könüllü cəbhəyə getmiş və qəhərmanlıqla döyüşərək yaralanmışdır…”
Bunu eşidən Nübarın baxışları anasının baxışları ilə toqquşdu. Qızın ürəyi sıxıldı, gözləri qaraldı və müvazinətini itirib yerə yıxıldı.

Qapı açıldı və bayaqkı ağ xalatlı qız astanada göründü: – Nübar, gör sənə kimi gətirmişəm?! deyərək qapını açıq qoyub təkrar dəhlizə çıxdı və əlil arabasını sürə-sürə Nübarın yanına gətirdi. Nübar gözlərinə inanmadı. Arabada əyləşən Səməd idi. Heyrətlə, “Səməd, bu sənsən?” – dedi. Səməd gülümsəyərək cavab verdi:
– Oxşamıram?
– Oxşayırsan. Nə yaxşı gəldin?
– Eşitdim, burdasan, gəldim. Necəsən? Yaxşısan indi?
Nübar kövrək səslə, “hə” cavabını verdi.

Nübarın televizordakı xəbərləri eşidib huşunu itirməsindən peşman olan anası onu xəstəxanaya yerləşdirdikdən sonra hospitala getmiş, orada Səmədi taparaq baş verənləri danışmış, günahkar olduğunu etiraf etmiş və üzr istəyərək qızının müalicə aldığı xəstəxanaya gəlməsini xahiş etmişdir. Səmədin müharibəyə könüllü gedərək savaşması və yaralanması bir şəhid bacısı kimi Gülsümə çox təsir etmişdi.

Müəllif: Namiq Müslümov

Namiq Müslümovun yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Namiq Müslümov – Kimdir günahkar

Namiq Müslümovun yazıları

KİMDİR GÜNAHKAR
(hekayə)

Nazim qəfil bir diksinmə ilə yerindən atıldı. Sanki kimsə kürəyinə sərt bir şillə vurmuşdu. Cəld çevrilib arxasına baxdı, amma heç kəs yox idi. Üstü gül-çiçəklə örtülmüş iki yanaşı məzarın qarşısında çöməlib oturmuşdu. Havanın yavaş-yavaş qaraldığını, bədəninin isə üşütmədən əsdiyini indi hiss elədi. Nazimə elə gəldi ki, ətrafda ucalan soyuq məzar daşları birdən-birə canlanıb insana çevrilir; ona istehza ilə baxır, öz aralarında pıçıldaşırlar. Bədənindən soyuq bir gizilti keçdi. Təşviş içində ayağa qalxıb, iti addımlarla məzarlığın çıxışına tərəf yeriməyə başladı…
Nazim Bakıda doğulub boya-başa çatmışdı. Atası bu kənddən olduğu üçün uşaqlığının hər yay tətilini burada – babasıgildə keçirərdi. Babası mahir ovçu idi, tez-tez dağlara ova gedərdi. Nazim nənəsi ilə evdə qalar, gecələr yuxuya getməzdən əvvəl xəyalında babasının sıldırım qayalarda ayılarla, canavarlarla mübarizəsini canlandırardı. Onun uşaq təxəyyülündə canavarlar və ayılar babasının ən böyük düşmənləri idi. Çünki onlar babasının ovlayacağı ceyranı, cüyürü ondan qabaq tutub yeyir, qocanı evə əliboş qayıtmağa məcbur edirdilər.
Kənddə Nazimin əmisi və bibisi də yaşayırdı. Bibisinin ondan üç yaş kiçik Leyla adında qızı, əmisinin isə həmyaşıdı Fərhad adlı oğlu vardı. Eyni yaşda olmalarına baxmayaraq, Fərhad daha iri-sümüklü, qarayanız və qıvrımsaç idi; Nazimdən daha böyük görsənirdi. Nazim kəndə gələndə Fərhadın sevinci yerə-göyə sığmazdı. Çünki atası Nazimin velosipedini də özü ilə gətirirdi. Fərhad gün boyu o velosipedin belindən düşməzdi.
Hər sabah nənəsinin hazırladığı təzə qaymağın, pendirin dadına baxıb evdən çıxar, kəndi dolaşar, sonra çayda düzəltdikləri bənddə – “göl”də çimərdilər. Günorta yeməyindən sonra bir-iki saat mürgüləyib, axşama doğru kənd uşaqları ilə futbol oynamağa qaçardılar. Lakin illər keçdikcə Fərhad daha az görünməyə başladı. Atası onu artıq hər sabah özü ilə sahəyə aparır, əkin-biçin işlərinə qoşurdu. Dostu işə gedəndə Nazim tənha qalırdı.
Zaman keçdikcə kənd Nazim üçün darıxdırıcı olmağa başladı. Artıq gəlmək istəmirdi. Həm də atasının imkanları artmışdı; hər yay Antalyaya, Avropanın müxtəlif şəhərlərinə səyahət edirdilər.
Nazim orta məktəbi bitirib Türkiyədə ali təhsil aldı. Fərhadın isə əsgərliyə getdiyini eşitmişdi. Yolları çoxdan ayrılmışdı. Təhsilini tamamlayıb Bakıya döndü və atasının şirkətində işə başladı. Artıq evlənmək vaxtı da yetişmişdi. Nazim şəhər mühitində böyüsə də, ömrünün ən saf və unudulmaz anları o uzaq kəndlə bağlı idi. Babası və nənəsi o Türkiyədə oxuduğu illərdə dünyalarını dəyişmişdilər; təəssüf ki, heç birinin dəfnində iştirak edə bilməmişdi.
Avqust ayı idi. İşə yeni başlamasına baxmayaraq, birdən-birə içini qəribə bir darıxmaq hissi bürüdü. On il idi ki, kəndə ayaq basmırdı. Atasından icazə alıb babasının və nənəsinin məzarlarını ziyarət etmək üçün yola düzəldi. Yeni aldığı avtomobili ilə kəndə daxil olanda ilk dayandığı yer yol kənarındakı bulaq oldu.
Bulağın suyu buz kimi sərin idi. Nazimə elə gəldi ki, suyun fərqli bir dadı, ətri var – uşaqlığının qoxusu gəlirdi bu sudan. Kənarda oturub keçmişi vərəqlədi. Fərhadla bura nə qədər gəlmişdilər… Hətta velosipedini neçə dəfə burada yumuşdu. “Görəsən Fərhad hardadır?” – deyə düşündü. Atası ilə əmisinin arası o qədər də yaxşı deyildi. Nazim heç vaxt əmisigildə gecələdiyini xatırlamırdı. Anasından öyrənmişdi ki, bu soyuqluğun səbəbkarı Fərhadın anasıdır. Qadın Nazimgilin şəhərdə yaşamasına, imkanlı olmalarına paxıllıq edər, arxalarınca qarğış tökərmiş. Bibisi də elə buna görə gəlinləri ilə dalaşmışdı. “Bəs Fərhad? O niyə məni axtarmadı?” deyə fikirləşdi, amma dərhal da özünü qınadı: “Sanki mən onu axtarmışam? Üstəlik mənim imkanım ondan qat-qat çoxdur.”
Qəfil bir səs onu xəyal aləmindən qopardı:
– Salam. İcazə olar, su doldurum?
Qarşısında gülümsəyən bir qız dayanmışdı. Nazim cəld ayağa qalxıb, “buyurun” deyərək kənara çəkilidi. Qızın səsi də, siması da heyrətamiz dərəcədə gözəl idi. Əynindəki geyim sadə olsa da, ona xüsusi bir yaraşıq verirdi. Nazim bir anlıq qızı məşhur modellərə bənzətdi; onu dəbdəbəli donlarda təsəvvür etməyə çalışdı. Doğrudan da, qızın üzündəki o məsum ifadə gözəlliyinə fərqli bir nur qatırdı.
Nazim özündən asılı olmayaraq telefonunu çıxarıb gizlincə onun şəklini çəkdi. Sonra bir az utana-utana soruşdu:
– Mən də əslən buralıyam. Fərhadın əmisi oğluyam, Bakıdan gəlmişəm. Adım Nazimdir.
– Çox gözəl. Xoş gəlmisiniz, – deyə qız nəzakətlə gülümsədi.
– Çox sağ olun. Bəs siz? Siz də bu kənddənsiniz? Adınız nədir?
– Bəli, mən də buralıyam.
Qız dolmuş qablarını götürüb, adını demədən sürətlə uzaqlaşdı. Nazim onun hara getdiyini, hansı qapıya yönəldiyini görmək üçün arxasınca baxdı. Qız yaxınlıqdakı darvazadan içəri girən kimi, Nazim o qapının da şəklini çəkib cəld maşınına oturdu…
Nazim boz rəngli darvazanın önündə maşını saxlayıb aşağı endi. Darvazanın bağlı olduğunu görüb, adəti üzrə yerdən bir daş götürdü və bibisigilin evinə gedən qaz borusunu döyməyə başladı. Kənddə qapı zəngini elə bu qaz boruları əvəz edirdi. Ev həyətin o başında yerləşdiyindən səsləməklə ev sahibinə səs çatdırmaq mümkün deyildi. Nazim uşaqlıqdan görmüşdü: kim gəlirdisə, əlinə keçən bir daşla borunu döyəcləyirdi. Bu səs evin hər küncündən aydın eşidilir, gələnin xəbərçisi olurdu.
– Kimdir? – deyə həyətdən bir səs gəldi.
– Mənəm, ay bibi, Nazim!
– Bibi qurban olsun sənə!
Nazim cəld maşının yük yerini açıb bibisigil üçün gətirdiyi hədiyyələri götürdü. Elə bu an darvazanın kiçik qapısı açıldı və 40-45 yaşlarında bir qadın göründü. Qollarını geniş açaraq Nazimə tərəf gəldi və onu bərk-bərk qucaqladı:
– Ay bibisinin bir dənəsi, xoş gəlmisən! Sən hara, bura hara? Gör neçə ildir görmürəm səni, kəndə gəlmirsən, ay etibarsız.
– Xoş gördük, ay bibi. Vallah vaxt olmur. Kənd üçün çox darıxıram, amma necə gəlim? Baba yox, nənə yox… Fərhadın harda olduğunu bilmirəm. Səni də ki, ay bibi, heç bir il deyil görmüşəm, tez-tez Bakıya gəlirsən də.
Nazimin bibisinin qızı Leyla Bakıda universitetin birinci kursunu bitirmişdi. Bibisi qızına baş çəkmək üçün tez-tez şəhərə gedirdi. İndi yay tətili olduğu üçün Leyla da kəndə, anasının yanına dönmüşdü.
– Sənə onsuz da söz çatdırmaq olmur. Gəl, keç içəri, – deyərək bibisi Nazimi həyətə dəvət etdi. Darvazanı bağlayıb Nazimin əlindəki paketlərdən bir neçəsini götürdü:
– Bu nədir? Nə əziyyət çəkmisən? Özün gəlmisən, bəsdir. Səndən nəsə uman var?
– Əziyyət deyil, ay bibi. Anam verib. Dedi ki, daha uşaq deyilsən əliboş tullana-tullana kəndə gedəsən; qonaq yerinə əliboş getməzlər.
– Anan başqa arvaddır, maşallah, göz dəyməsin. Yoxsa o Əminə…
Əminə Nazimin əmisi arvadı, Fərhadın anası idi. Nazim bilirdi ki, bibisinin ondan heç xoşu gəlmir. Əmisi Əminəni vaxtilə qonşu kənddən qaçırmışdı. Kənddə qonşu kəndin gəlinlərini bir o qədər bəyənməz, onlara “həyasız” deyərdilər. Nənəsi həmişə deyərmiş: “Sənin atanı evləndirdik, əmin paxıllığından gedib tələm-tələsik qız qaçırtdı”. Nazimin əmisi atasından bir yaş kiçik olsa da, həyatları tam fərqli idi. Atası ali təhsil alıb ucalmış, əmisi isə oxumamışdı. Nənəsinin təbirincə desək, o, “avara bir uşaq” idi. Qardaşların arası da bu səbəbdən həmişə soyuq olmuşdu. Atası uzaqda olsa da, tez-tez əmisini danlayır, “Barı valideynlərimizə kömək elə, bir işin qulpundan tut” deyirdi. Hətta bir dəfə əmisinə əl qaldırdığı da danışılırdı.
Lakin bütün bunlara rəğmən, Nazimlə Fərhad uşaq vaxtı çox mehriban idilər, sanki qardaş kimi böyüyürdülər. Böyüdükcə bu bağlar da zəiflədi. Nazim Türkiyəyə təhsilə yollandı, Fərhad isə əsgərliyə getdi. Xidmətini bitirdikdən sonra isə orduda qalıb “MAXE” (müddətdən artıq xidmət edən hərbi qulluqçu) olmuşdu.
Nazim üzünü bibisinə tutub soruşdu:
– Fərhad haralardadır? Necədir?
– Harda olacaq? Orduda. O yazıq uşaq da anasının əlindən didərgin düşüb, özünü ölümə yollayıb.
Nazim düşündü ki, əslində Fərhadın bu seçimində anası qədər atasının da günahı var idi, lakin bibisi hər zaman olduğu kimi öz qardaşını müdafiə edirdi. Gülümsəyərək cavab verdi:
– Ölümə niyə, ay bibi? Halaldır ona, vətəni qoruyur. Bundan şərəfli iş var?
– Ona sözüm yoxdur, amma təhlükədir də, hər an ölümlə üz-üzədir. Əminin də ondan başqa kimi var ki? Keç içəri, keç.
Evin eyvanına çatanda Nazim bibisini irəli ötürüb içəri keçdi. Əlindəkiləri yerə qoyub birbaşa divarda asılmış babası ilə nənəsinin şəklinə tərəf yeridi. Bu zaman içəri otaqdan Leyla çıxdı:
– Xoş gəlmisiniz.
– Sağ ol, Leyla. Necəsən?
– Yaxşıyam, çox sağ olun. Siz necəsiniz? Dayım, gəlinbacım necədirlər?
– Hamısı yaxşıdır, salamları var.
Leyla ondan üç yaş kiçik olsa da, böyüdükdən sonra Nazimə “siz” deyə müraciət etməyə başlamışdı. Nazim bir-iki dəfə etiraz etsə də, Leyla xasiyyətini dəyişməmişdi.
– Leyla, çay süz, qızım, – deyə anası səsləndi və Nazimi yanına – divana çağırdı:
– Gəl, əyləş. Danış görək, nə var, nə yox? Eşitdim işə başlamısan, xeyirli olsun. Allah ruzini bol eləsin.
– Çox sağ ol, ay bibi. Həsən dayı hardadır bəs?
Həsən Nazimin bibisinin əri idi. Kənddə “xaltura” edər, maşını ilə şəhərə sərnişin daşıyardı. Nazim atasından onun haqqında həmişə müsbət sözlər eşitmişdi: “Həsən halal adamdır, xeyirə-şərə yarayandır”.
Bibisi çayı Nazimə tərəf sürüşdürərək dedi:
– İşdədir, indi gələr. O da neyləsin, sübhdən çıxır, gecə qayıdır. Yaşlanıb artıq, əvvəlki gücü yoxdur, hiss edirəm ki, sükan arxasında çox yorulur. Götür iç çayını… Leyla, atana zəng elə, de ki, Nazim gəlib, tez gəlsin. Uzaqdadırsa, biz yeməyimizi yeyək, uşaq uzaq yoldan gəlib.
Leyla atasının 10 dəqiqəyə çatacağını xəbər verib anasının yanında oturdu, amma bibisi dərhal onu tərpətdi:
– Nə oturmusan? Dur yeməyi isit. Demədin atan gəlir?
Nazim müdaxilə etdi:
– Dayan, ay bibi, hələ Həsən dayı gələcək, yuxarı çıxacaq… Qoy qız bir udum çayını içsin. Leyla, imtahanları necə verdin? Kəsirin olmadı ki?
– Yox, üç imtahanım vardı, hamısını verdim. Bir beş, iki dörd.
– Ay maşallah, təbrik edirəm!
Nazim sonra söhbəti əsas məqsədinə gətirdi:
– Bibi, mən bura babamla nənəmin məzarını ziyarət etməyə gəlmişəm. Heç görməmişəm oraları. Səninlə gedək, yoxsa Həsən dayı ilə?
– Qoy Həsən gəlsin, baxarıq. Mən də getmək istəyirəm, bəlkə elə üçümüz birlikdə getdik.
Həsənin köhnə maşını ilə məzarlıqdan qayıdırdılar. Nazim öz maşını ilə getmək istəsə də, ona mane olmuşdular: “Qəbiristanlığın yolu çox bərbaddır, sənin maşınının altı dəyər, heyifdir”. Həsən onları evə düşürüb: “Məni müştəri gözləyir, axşam görüşərik” – deyərək tələsik uzaqlaşdı. Əslində Nazim anlayırdı ki, bibisi Həsəni bazarlıq etməyə göndərib, müştəri sadəcə bəhanədir. Axı Bakıdan ən əziz qonaqları gəlmişdi, axşama böyük məclis qurulmalı, qohum-qonşu çağırılmalı idi.
Nazim həyətə keçən kimi bəhanə ilə Leylayanı kənara çəkdi:
– Leyla, gəl bir az bağı dolaşaq. Çoxdandır kəndə gəlmirəm, görüm ağacları tanıya bilirəmmi?
Nazim səbirsizliklə bayaq gördüyü qız haqqında danışdı, telefonundakı gizli şəkli və darvazanın fotosunu göstərərək onun kimliyini soruşdu. Leyla qızı dərhal tanıdı:
– Onun adı Firuzədir, bu il məktəbi bitirib. Bildiyim qədər çox yaxşı qızdır, valideynləri də abırlı adamlardır. Amma ən dəqiqini anam bilər, istəyirsinizsə ondan soruşaq.
Nazimin qərarı artıq qəti idi. O, Firuzəyə ilk baxışdan vurulmuşdu. Leyla ilə birlikdə evə qayıtdılar. Leyla içəri girən kimi anasına tərəf yüyürdü:
– Ana, sənə şad xəbərim var! Nazim kənddən qız bəyənib.
– Kimi?
– Cəlal əminin qızı Firuzəni.
– Ay oğul, sən bura indi gəlmədin? Nə tez qız tapdın? Harda gördün onu? – deyə bibisi heyrətlə Nazimə baxdı.
Nazim olanları danışdı:
– Aşağıdakı bulaqda gördüm, ay bibi. Su doldurmağa gəlmişdi, çox xoşuma gəldi. Necə ailədirlər?
– Çox yaxşı adamlardır. Atası da, anası da zəhmətkeş, sakit insanlardır. Qız haqqında da bu vaxta qədər bir artıq-əskik söz eşitməmişəm. Bakıda oxuyan bir böyük qardaşı da var. Kasıbdırlar, deyilənə görə oğlana pul göndərə bilmirlər, uşaq həm işləyir, həm də oxuyur. Düz seçim etmisən, Nazim. Mən qızın anası ilə danışıb ağızlarını arayaram, sonra elçiliyə gələrsiniz.
Vağzalının sədaları kəndin dar küçələrinə yayılırdı. Firuzə Nazimin qoluna girmiş, ata evinin pilləkənlərini ehtiyatla enirdi. Nazim qızın səssizcə ağladığını görsə də, buna böyük əhəmiyyət vermirdi. Düşünürdü ki, on yeddi il yaşadığın evi tərk edib yad bir ailəyə, tanımadığın bir şəhərə getmək asan deyil. Əslində Nazim özü də Firuzəyə yad idi; bir-birlərini cəmi bir neçə dəfə görmüş, üst-üstə toplasan yüz kəlmə kəsməmişdilər.
Nazim gəlini öz maşınına əyləşdirib qapını örtdü. Anası və bibisi də maşına əyləşdikdən sonra dörd maşınlıq karvan Bakıya tərəf yola düşdü. Nazimə hər şey yuxu kimi gəlirdi; cəmi iki ay əvvəl məzar ziyarətinə gəlmişdi, indi isə ömürlük həyat yoldaşını götürüb aparırdı. İki gün sonra Bakının şadlıq saraylarından birində toyları olacaqdı. Toya qədər isə Firuzəni el adəti ilə uzaq bir qohumun evinə qoyacaqdılar.
Ertəsi gün Nazim iş otağında oturub sabahkı toyu düşünürdü. Qəfildən telefonu zəng çaldı: “Leyla”. Telefonu açan kimi bibisinin fəryad dolu səsi eşidildi:
– Nazim, tez evə gəl! – və xətt kəsildi.
Nazim geri zəng etsə də, telefonu söndürmüşdülər. Cəld iş yerindən çıxıb evə tərəf qaçdı. Həyətə çatanda təcili yardım maşınını görüb ürəyi yerindən oynadı. İkinci mərtəbəyə lifti gözləmədən qaçaraq qalxdı. Qapı açıq idi, qonşular dəhlizə toplaşmışdı. İçəri girəndə anasını divanda uzanan, həkimin isə onun təzyiqini ölçdüyünü gördü.
– Nə olub? Nə baş verir burada? – deyə bağırdı.
Həkim anasının təzyiqinin normaya düşdüyünü deyib çıxıb getdi. Nazim anasının yanında diz çökdü:
– Ana, qorxutma məni, nə olub axı? Anası gözlərini qaçıraraq: “Heç nə, oğlum, təzyiqim qalxdı birdən…” – desə də, Nazim inana bilmirdi. Bibisinin və Leylanın gözləri ağlamaqdan qıpqırmızı idi. Qonşular dağılışandan sonra anası titrək səslə dedi:
– Nazim, maman qurban, möhkəm ol. Sənə deyəcəyim var…
Başımıza müsibət gəlib. Firuzə özünü balkondan atıb.
Nazim yerindən dik atılıb qapıya tərəf qaçmaq istəyəndə bibisi onun qolundan yapışdı:
– Səbirli ol, Nazim! Atan onsuz da oradadır.
Elə bu an bibisinin telefonuna Həsən dayıdan zəng gəldi. Bibisi cəmi bir kəlmə “Bəli” deyə bildi və “Fərhad!” deyərək divana çökdü.
Kənd sarsılmışdı. Bir gündə iki yas, iki faciə… Biri kəndin yuxarı başında, o biri aşağı. İki tabut insanların çiyinlərində eyni vaxtda kəndin ortasındakı qəbiristanlığa doğru irəliləyirdi. Göydən baxanda sanki iki nəhəng ilan ağzında tabut tutub qəbiristanlığa doğru sürünürdü.
Onları yanaşı qazılmış məzarlarda dəfn etdilər. Nazim belə istəmişdi: “Bu dünyada qovuşmadılar, heç olmasa orada yanaşı olsunlar”. Bütün dəfn xərclərini Nazimin atası boynuna götürmüşdü.
Nazim məzarların başında heykəl kimi dayanmışdı. Leylanın yolboyu ona danışdıqları qulaqlarında əks-səda verirdi: Sən demə, Firuzə ilə Fərhad bir-birlərini gizlicə sevirlərmiş. Nazimgil elçi gələndə Firuzə anasına yalvarıb: “Mən Fərhadı sevirəm”.
Amma anası etiraz edib: “Fərhadın anası həyasızın biridir, o iki ailəni müqayisə etmək olmaz. Fərhad hərbçidir, hər an ölümü gözünün qarşısındadır. Səni öz əlimlə bədbəxt edə bilmərəm”. Digər qohumlar da “Nazim imkanlıdır, şəhərdə yaşayacaqsan, ailənə əl tutarsan” – deyərək qızı küncə sıxıblar. Firuzə çarəsiz qalıb razılaşıb.
Toya bir gün qalmış Fərhad Firuzəyə görüntülü zəng edib, vəfasızlığına görə onu qınayıb və canlı yayımda özünü silahla vurub. Bunu görən Firuzənin ağlı başından çıxıb və özünü eyvandan atıb…
…İnsanlar yavaş-yavaş məzarlıqdan dağılışdı. Nazim isə yerindən tərpənmirdi. Atası gəlib qolundan tutanda: “Ata, tək qalmaq istəyirəm” – dedi. Saatlar keçdi. Nazim vicdan əzabı içində o iki təzə məzara baxırdı. İki gənc canına qəsd etmişdi.
Nəhayət, Nazim ağır addımlarla məzarlıqdan çıxıb maşına əyləşdi. Qızarmış gözlərini atasına dikib, boğuq bir səslə soruşdu:
– Ata, kimdir günahkar?

Müəllif: Namiq Müslümov

Namiq Müslümovun yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Namiq Müslümov – Anam

Anam

Əyilib qaməti, bükülüb beli,
İlahi, necə də qocalıb anam,
Qırışıb üz-gözü, ipəktək əli,
Qara saçlarına dən salıb anam.

Yadımda, gündüzlər gedərdi işə,
Qayıdıb başlardı evdə biş-düşə,
Bizimçün hər zaman, hər vaxt, həmişə,
Çiyninə ən ağır yük alıb anam.

Düzəni olsa da yerli-yerində,
Yaxşıyam desə də öz təbirində,
Gözləri gülsə də, amma dərində,
Nə isə düşünür hey dalıb anam.

Mən layiq olsam da övlad adına,
Çalışıb yetsəm də onun dadına,
Bilirəm, yenə də düşüb yadına:
Atamçün darıxır… tək qalıb anam.

Müəllif: Namiq Müslümov

Namiq Müslümovun yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Namiq Müslümov – Heç kim

Heç kim
(hekayə)

Hava yavaş-yavaş qaralırdı. O, yorğun addımlarla evinə tərəf gedirdi. Yaşadığı binanın qarşısına çatanda qeyri-ixtiyari ətrafa boylandı. Nə həyətə çıxan vardı, nə də tanış sima gözə dəyirdi. Dərin nəfəs alıb giriş qapısından içəri keçdi. Mənzili birinci mərtəbədə idi. Buna görə də çox keçmədən qapısının önündə dayandı. Əlini cibinə atıb açarı axtardı. Tapmadı. Qapının zəngini basdı. İçəridən səs gəlmədi. Bir qədər gözləyib qapını ehmalca döydü. Yenə cavab verən olmadı. “Görəsən, hardadılar?” Bir neçə dəqiqə də gözlədi. Sonra yenidən qapını döydü. Səs gəlmirdi. Axırda aşağı enib həyətdə gözləməyə qərar verdi.

Skamyada oturmuşdu ki, birdən gözü şüşəbəndə sataşdı. Açıq pəncərədən 8-9 yaşlarında bir uşaq həyətə baxırdı. Az sonra onun yanında gənc qadın göründü. Qadın uşağa nəsə deyib pəncərəni örtmək istədi. O, cəld ayağa qalxıb səsləndi:

— Ay xanım, olar bir dəqiqə?

Qadın sanki onu eşitmədi. Pəncərəni bağladı və uşaqla birlikdə otağa çəkildi.
Onun ürəyinə narahatlıq çökdü: “Bunlar kimdir? Mənim evimdə nə edirlər? Niyə qapını açmırlar?” Tələsik yenidən binaya girdi. Qapını bir neçə dəfə döydü, zəngi ard-arda basdı. Açan olmadı. Həyəcanı getdikcə artırdı: “Yoxsa səhv gəlmişəm? Bura mənim evim deyil? Elədirsə, niyə içəridəkilər səs vermirlər?” Yenidən aşağı düşüb çaşqın halda ətrafa baxdı və keçib skamyada oturdu. Artıq hava tamam qaralmışdı. Pəncərədən sızan işıq və hərəkət edən kölgələr göstərirdi ki, evdə adam var. Başının içində dolaşan fikirlər bir-birinə qarışırdı. Gözlərini yumdu. Nəyisə xatırlamağa, bu anlaşılmazlığın səbəbini tapmağa çalışdı…

Qəfil gələn maşın səsi onu diksindirdi. Gözlərini açdı. Ətrafa baxdı. Nə bina vardı, nə həyət, nə də skamya. Qarşısında ensiz asfalt yol uzanırdı. Yolun kənarındakı daşın üstündə oturduğunu anlayıb cəld ayağa qalxdı. Bura onun doğulub boya-başa çatdığı kənd idi. Səhər yenicə açılırdı. Qəribədir, az əvvəl şəhərdə idi, indi isə kənd yolunda dayanmışdı. Necə gəldiyini anlamadan addımlamağa başladı. Ata evi çox da uzaqda deyildi.

Darvazanın ağzında dayanıb həyətə baxdı. Divarlar uçub tökülmüş, həyəti kol-kos basmışdı. Evin damı əyilmişdi, sanki bir azdan çökəcəkdi. Hər yerdən viranəlik yağırdı. Bəlli idi ki, bu qapıdan illərdir girib-çıxan olmayıb. Geri çəkilib nə baş verdiyini anlamağa çalışdı. Qəhər onu boğdu.Öz-özünə: -Qoy görüm, tanış adamlardan kimi tapıram, -deyə
yola düzəldi. Kəndin küçələri, yolları, həyətlər, ağaclar ona doğma idi. Amma qarşısına çıxan üzlərin heç biri tanış gəlmirdi. Bir neçə qohumunun evinin önündən keçdi. Həyətdə yad adamlar vardı. “Mənə nə olub? Yaddaşımı itirmişəm? Axı hər yeri tanıyıram. Bəs insanlar niyə yaddır?” Bu suallar beynində səsləndikcə addımları ağırlaşırdı. Birdən özünü məzarlığın girişində gördü. Necə gəldiyini özü də bilmədən içəri keçdi. Atasının məzarı olan tərəfə yönəldi. Uzaqdan baxanda atasının qəbrinin yanında yeni başdaşı gördü. Addımlarını sürətləndirdi. Sinəsində qəribə ağrı baş qaldırdı. Yaxınlaşıb başdaşının üzərindəki şəklə baxanda qanı dondu. Şəkildəki adam özü idi. Nəfəsi kəsildi. Dizləri üstə yerə çökdü: “Bu necə ola bilərdi? Nə vaxt ölmüşdü? Kim gətirib onu burada basdırmışdı?” Qışqırmaq istədi. Səsi çıxmadı.
Sinəsi daralırdı. Nəfəs ala bilmirdi. Təlaş içində ətrafa boylandı və var səsi ilə qışqırdı:

— Mən kiməm?!

Qan-tər içində yatağından dik atıldı. Dodaqları əsə-əsə eyni sözləri təkrarlayırdı:
“Mən kiməm? Mən kiməm?” Bədəni titrəyirdi. Gözlərini otaqda gəzdirəndə yorğan-döşəyin içində olduğunu gördü. Tədricən nəfəsi düzəldi. Gördüklərinin yuxu olduğunu anladı. Ancaq yuxunun təsiri canından çıxmamışdı. O, yuxuda gələcəyinə getmişdi. Elə bir gələcəyə ki, orada onu tanıyan yox idi. Adı, varlığı, iddiası, qüruru heç nəyə çevrilmişdi. O, heç kim olmuşdu. Elə həmin anda dünən baş verən hadisə yaddaşında canlandı.

Bir gün əvvəl oğlu məktəbdən evə cırılmış paltarla, üz-gözü göyərmiş halda qayıtmışdı. Məlum olmuşdu ki, sinif yoldaşı ilə dalaşıb. Dərhal məktəb direktoruna zəng etdi, səhər məktəbə gələcəyini bildirdi. Oğlunu döyən uşağın valideyninin də orada olmasını tələb etdi.
Səhər tezdən oğlunu götürüb məktəbə yollandı. Direktorun otağına daxil olan kimi uşağı görüb özünü saxlaya bilmədi. Atasının və direktorun gözü qarşısında uşağa şillə vurdu. Sonra qəzəblə bağırdı:

— Sən kimsən ki, mənim oğluma əl qaldırırsan?!

Ardınca üzünü direktora və uşağın atasına tutdu. Səsi daha da sərtləşdi:

— Siz bilirsiniz mən kiməm? İstəsəm, bir günə sizi yox edərəm. Mənim uşağıma heç kim əl qaldıra bilməz!

Otaqda ağır sükut çökdü. Direktor dinmədi. Uşağın atası ona yaxınlaşdı. Gözlərinin içinə baxıb aramla dedi:

— Sənin kim olduğunu bilmirəm. Amma onu çox yaxşı bilirəm, bir gün heç kim olduğunu anlayacaqsan.

Sonra oğlunun əlindən tutdu və iti addımlarla otaqdan çıxdı

Müəllif: Namiq Müslümov

Namiq Müslümovun yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I