
Məmməd Arazın məzarı başında
“VƏTƏN MƏNƏ OĞUL DESƏ…”
(esse)
Vətən təkcə doğulduğun torpaq deyil. Vətən insanın nəfəsidir, yaddaşıdır, köküdür, adına layiq yaşamaq məsuliyyətidir. İnsan bəzən ömrü boyu özünü axtarır, bəzən də bütün ömrünü Vətənin içində tapır. Çünki Vətən insanı böyüdür, formalaşdırır, ona kimlik verir. Elə buna görə də Vətən sevgisi sadəcə bir duyğu yox, bir ömürlük sədaqətdir.
Böyük şair Məmməd Arazın poeziyasında Vətən anlayışı hər zaman müqəddəs zirvədə dayanır. Onun misralarında torpaq daş deyil, nəfəs alan canlıdır; dağlar sadəcə yüksəklik yox, qeyrət rəmzidir; insan isə Vətən qarşısında cavabdeh olan bir övladdır.
Həyat insanı dəyişir. İllər keçir, arzular köhnəlir, güclər azalır, zaman insanı öz süzgəcindən keçirir. Gənclikdə adam özünü dağ sanır, tufan sanır, ildırım sanır. Düşünür ki, dünyanı dəyişəcək. Amma zaman keçdikcə anlayır ki, insanı böyük edən güc yox, sədaqətdir. İnsanı ucaldan şöhrət yox, mənsub olduğu torpağa bağlılığıdır.
Məmməd Araz bunu bir ömür yaşayıb yazan sənətkar idi. O bilirdi ki, insanın həqiqi qüdrəti Vətən sevgisindən başlayır. Elə buna görə yazırdı:
“Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.”
Bu misralar sadəcə şeir deyil. Bu misralar ömür andıdır. Bu misralar torpaq qarşısında baş əyməyin yox, torpağın özünə çevrilməyin etirafıdır.
Mamır olmaq – kiçilmək deyil. Mamır olmaq – Vətənin daşına çevrilməkdir. Onun qayasına kök salmaqdır. Adın unudulsa belə, ruhunun torpağın yaddaşında qalmasıdır. İnsan üçün bundan böyük səadət varmı?
Bu gün dünyanın müxtəlif yerlərində insanlar öz köklərindən uzaq düşürlər. Texnologiya böyüyür, şəhərlər böyüyür, imkanlar artır. Amma bəzən insanın ruhu kiçilir. İnsan doğulduğu torpağın qoxusunu, uşaqlıq küçələrini, ata ocağını unutmağa başlayır. Halbuki insan keçmişindən ayrılan kimi gələcəyini də itirir.
Vətən sevgisi yalnız döyüş meydanında sübut olunmur. Vətən sevgisi müəllimin dərsində yaşayır, əkinçinin torpağında boy atır, şairin misrasında nəfəs alır, qələmin ucunda sabaha çevrilir. Hər vicdanlı əməl Vətənə xidmətin bir parçasıdır.
Tarix boyu bu torpaqlar oğullar yetişdirib. Adı dastanlara dönən igidlər, sinəsini sipər edən şəhidlər, sözü ilə millətin ruhunu yaşadan qələm adamları… Onların hamısını birləşdirən bir həqiqət olub: Vətən onlara sadəcə yurd olmayıb – tale olub.
İnsan bəzən öz ömrünü ölçmək istəyir. Nə qazandığını, nə itirdiyini düşünür. Amma ömrün həqiqi dəyəri insanın arxasında nə qoyması ilə ölçülür. Bir insan torpaq üçün nə etdi? Milləti üçün nə yazdı? İnsanlara nə verdi? Budur əsas suallar.
Məmməd Arazın poeziyası bizi öyrədir ki, keçmişini inkar edən gələcəyini qura bilməz. İnsan dünənini sinəsindən asa bilməlidir. Keçmişindən utanmamalıdır. Çünki yaddaşını itirən xalq yolunu itirər.
Bu gün də Vətən bizdən eyni şeyi istəyir: dürüst olmağı, vicdanlı yaşamağı, torpağın qədrini bilməyi. Vətən yalnız sərhəd xətti deyil. Vətən ana laylasıdır. Qəbir daşına çevrilmiş ata nəsihətidir. Məktəb həyətində dalğalanan bayraqdır. Yaddaşımızı yaşadan dildir. Qələmimizin yazdığı həqiqətdir.
İnsan ömrü bir gün bitir. Adlar unudulur. Vəzifələr dəyişir. Şöhrətlər solur. Amma Vətən üçün yaşayanların izi qalır. Daşda qalır. Sözdə qalır. Ürəklərdə qalır.
Bəlkə də insan ömrünün ən böyük arzusu budur – bir gün Vətən ona oğul desin.
Və insan o zaman anlayar ki, ömrü hədər yaşamayıb. Çünki Vətənin qəbul etdiyi övlad olmaq dünyanın bütün şöhrətlərindən daha böyük mükafatdır.
14.10.2021. Bakı.
Müəllif: Zaur USTAC
AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında