Etiket arxivi: Vaqif İsaqoğlu

Vaqif İsaqoğlunun “Günahsız günahkar” kitabı

YÜZ YEDDİNCİ YAZI
Vaqif İsaqoğlunun “Günahsız günahkar” kitabı
Salam olsun çox dəyərli oxucum! Bu dəfə söhbətimizi həmişə aktual olan hərbi mövzulu yazılar üzərindən qurmağa çalışacağam. Bu mövzu aktual olduğu qədər də çoxşaxəli olub, demək olar ki, bütün həyatımızı öz ağuşuna alır. Xırda məişət problemlərindən tutmuş, böyük ictimai-siyasi məsələlərə qədər uzanan bu həyati əhəmiyyət daşıyan vacib məsələ zaman-zaman gündəmə gəlir. Müasir Azərbaycan ədəbiyyatı daim xalqın ağrılarını, cəmiyyətin mənəvi sarsıntılarını və milli ruhunu özündə yaşadan nümunələr ortaya qoyur (Kimin necə düşünməyindən asılı olmayaraq). Bu baxımdan tanınmış hərbi jurnalist, publisist, şair və yazıçı Vaqif İsaqoğlunun “Günahsız günahkar” hekayələr kitabı son dövr Azərbaycan nəsrinin diqqətçəkən və ictimai əhəmiyyət daşıyan əsərlərindən biridir. Ehtiyatda olan yüksək çinli zabit və qazi kimi Vaqif İsaqoğlu yalnız müşahidə edən bir yazar deyil, həyatın ən ağır həqiqətlərini yaşamış, müharibənin ağrılarını öz taleyindən keçirmiş bir ziyalıdır. Elə buna görə də onun qələmə aldığı hər bir hekayə oxucuda sənədli təsir bağışlayır, süni bədii təsvir yox, yaşanmış həqiqətin nəfəsini duyurur. Son dövrlərdə dünya ədəbiyyatnda da əsasən bu tip – real həyatdan götürülmüş mövzular işlənir və uğur qazanır. Azərbaycan ədəbiyyatının da gələcək inkişaf perspektivləri məhz bu istiqamətdə gözlənilir.
“Günahsız günahkar” sadəcə hekayələr toplusu deyil. Bu kitab vicdanın məhkəməsi, insanlıq dəyərlərinin sınağı, milli yaddaşın qorunmasına xidmət edən mənəvi manifestdir. Müəllif cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları, onların daxili aləmini, mənəvi sarsıntılarını, haqsızlıq qarşısında yaşadıqları ağrıları böyük ustalıqla təsvir edir. Əsərin əsas gücü də məhz bu təbii və sarsıdıcı realizmdədir.
Kitabın diqqət çəkən əsas xüsusiyyətlərindən biri cəmiyyətdə kök salmış məmur özbaşınalığının və korrupsiyanın cəsarətlə ifşa olunmasıdır. Vaqif İsaqoğlu öz hekayələrində vəzifə kreslosunu şəxsi hakimiyyət vasitəsinə çevirən, insan taleləri ilə oynayan “kiçik allahlar”ın iç üzünü açır. Müəllif göstərir ki, bəzən günahsız insanlar məhz vicdansız sistemin içində “günahkar” elan olunur. Kitabın adı da bu acı həqiqətin bədii ifadəsidir. Yazıçı hadisələri pafossuz, şişirtməsiz təqdim edir və məhz buna görə oxucu hər sətrin arxasında canlı həyat həqiqətini görür.
Vaqif İsaqoğlunun yaradıcılığında vətənpərvərlik xüsusi yer tutur. Bu təsadüfi deyil. Çünki müəllif özü ehtiyatda olan yüksək çinli zabit və qazi kimi Vətən uğrunda xidmət etmiş, xalqın ağrılarını yaxından yaşamış bir şəxsiyyətdir. Onun yazılarında vətən sevgisi süni şüar deyil, həyat amalına çevrilmiş müqəddəs hiss kimi təqdim olunur. Xüsusilə “Anuş”, “Erməni”, “Mişel” kimi hekayələrdə erməni faşizminin insanlığa qarşı törətdiyi vəhşiliklər bədii dillə gələcək nəsillərə çatdırılır. Bu əsərlərdə müəllif təkcə keçmişi xatırlatmır, həm də milli yaddaşı qorumağın vacibliyini ön plana çəkir.
Yazıçının “Oğru” hekayəsi mənəvi aşınmanın ağrılı mənzərəsini yaradır. Professor Bədəlov obrazı vasitəsilə müəllif ziyalının cəmiyyətdə düşdüyü çıxılmaz vəziyyəti, mənəviyyatın maddi maraqlar qarşısında necə sıxışdırıldığını göstərir. Ömür yoldaşının xatirəsini yaşatmaq istəyən bir insanın kitablarını satmağa məcbur qalması yalnız bir şəxsin faciəsi deyil, bütöv bir dövrün mənəvi böhranıdır. Burada kitabların belə sahibinə dayaq ola bilməməsi xüsusi simvolik məna daşıyır.
“Qazi Həsən” hekayəsi isə kitabın ən təsirli və sarsıdıcı nümunələrindən biridir. Bu əsərdə Vaqif İsaqoğlu müharibədə qəhrəmanlıq göstərmiş bir qazinin sülh dövründə qarşılaşdığı mənəvi haqsızlıqları ustalıqla qələmə alır. Füzuli döyüşlərində erməni tanklarını məhv etmiş Həsən obrazı Vətən uğrunda canını ortaya qoyan minlərlə Azərbaycan oğlunun ümumiləşdirilmiş simvoludur. O, dövlətdən xüsusi imtiyaz istəmir, halal zəhməti ilə dolanmağa çalışır. Lakin qarşısına çıxan vicdansız sistem onun qürurunu tapdalayır.
Kapitanın qaziyə qarşı kobudluğu, onun qəhrəmanlıq nişanələrini “iki-üç dəmir-dümür” adlandırması, küçədə alver etmək üçün gündəlik pul tələb etməsi cəmiyyətdə mənəvi deqradasiyanın hansı həddə çatdığını göstərir. Çiyələk yeşiklərinə vurulan təpik təkcə meyvələrin yox, qazinin ləyaqətinin ayaqlar altına atılmasıdır. Ayaqqabının qazinin kürəyində təmizlənməsi isə insanlıq adına utanc doğuran mənəvi eybəcərliyin zirvəsi kimi təqdim edilir.
Ən sarsıdıcı məqam isə Həsənin ağlamasıdır. Müəllif göstərir ki, müharibədə tankları partladan, ölümün gözünə dik baxan qəhrəman fiziki ağrıdan deyil, mənəvi xəyanətdən sarsılır. Bu, sadəcə bir qazinin faciəsi deyil, cəmiyyətə ünvanlanmış ağır ittihamdır. Vaqif İsaqoğlu burada oxucunu qazilərə, şəhid ailələrinə qarşı daha vicdanlı və diqqətli olmağa çağırır. Ehtiyatda olan yüksək çinli zabit və qazi kimi müəllifin bu mövzunu xüsusi həssaslıqla qələmə alması əsərin təsir gücünü daha da artırır.
“Ana istəyi” və “Şəhid” hekayələri isə kitabın emosional zirvəsidir. Şəhid analarının yaşadığı sonsuz ağrı müəllif tərəfindən böyük ustalıqla təqdim olunur. “Məni də oğlumla birlikdə dəfn edin” deyən ana obrazı Azərbaycan qadınının müqəddəs analıq duyğusunun bədii simvoluna çevrilir. “Şəhid” hekayəsində ananın “İndi o təkcə mənim oğlum deyil, Azərbaycanın oğludur” sözləri fərdi kədərin milli qürur səviyyəsinə yüksəlməsinin ən ali ifadəsidir.
Vaqif İsaqoğlunun yaradıcılığının ən mühüm cəhətlərindən biri də gənc nəslin vətənpərvər, vicdanlı və mənəviyyatlı ruhda yetişməsinə xidmət etməsidir. Onun əsərləri sadəcə bədii mətn deyil, həm də mənəvi məktəbdir. Ehtiyatda olan yüksək çinli zabit və qazi kimi müəllif öz həyat təcrübəsini, gördüyü həqiqətləri gənclərə çatdırır, onları Vətənə sədaqətə, milli dəyərlərə bağlılığa çağırır. Bu baxımdan “Günahsız günahkar” kitabı təkcə ədəbi hadisə deyil, həm də ciddi ictimai-mənəvi əhəmiyyət daşıyan əsərdir.
Bu kitab oxucunu düşündürür, silkələyir, cəmiyyətin ağrılı nöqtələrinə diqqət yönəldir. Vaqif İsaqoğlu insanın vicdanını oyadan, onu haqqın və ədalətin yanında dayanmağa çağıran sənətkardır. Onun hekayələrindəki həyat həqiqətləri, milli ruh, vətən sevgisi və insan ağrısı Azərbaycan nəsrinin ən dəyərli keyfiyyətləri kimi özünü göstərir.
“Günahsız günahkar” – həqiqətin səsini susdurmayan, insanlıq dəyərlərini müdafiə edən, milli ruhu yaşadan bir kitabdır. Bu əsər bir daha sübut edir ki, Vaqif İsaqoğlu yalnız istedadlı yazıçı deyil, həm də xalqının ağrılarını qəlbində daşıyan böyük vətəndaşdır. Onun əsərləri xüsusilə gənc nəslin vətənpərvər ruhda yetişməsində, milli yaddaşın qorunmasında və mənəvi dəyərlərin təbliğində mühüm rol oynayır. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
16.05.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

MƏHƏMMƏD ƏLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vaqif İSAQOĞLU – Şeirlər

AĞLADIM

Öz doğma yurdumda qəribəm qərib,
Qayğılar günümü yasa döndərib.
Dərdli ürəyimi güneyə sərib,
Üzümü dağlara tutub ağladım.

Getdiyim yollarda duman süründü,
Can evim kədərə, qəmə büründü.
Yenə gözlərimə anam göründü,
Üzümü dağlara tutub ağladım.

Ayları, illəri yaşadım yalqız,
Ömrün dərd yükünü daşıdım yalqız.
Yadıma düşəndə ilk sevdiyim qız,
Üzümü dağlara tutub ağladım.

Mən ki, yıxılmazdım, dərd məni yıxdı,
Fikir məngənə tək canımı sıxdı.
Kimə «qardaş» dedim, qara daş çıxdı,
Üzümü dağlara tutub ağladım.

Qocalıq əl verib mənlə görüşdü,
Elə bil üstümə dağlar sürüşdü.
Cavanlıq çağlarım yadıma düşdü,
Üzümü dağlara tutub ağladım.

9 mart, 2026

MƏNƏ QOCA DEMƏ…

İllər saçlarıma çoxdan dən salıb,
Həsrətin canımı lap əldən salıb.
Ürəyim cavandı, demə qocalıb,
Mənə qoca demə, ay canı yanmış!

Həyatım bir cənnət bağıdı indi,
Ömrümün ən gözəl çağıdı indi.
Deyirlər: «Bu dünya sevənlərindi»,
Mənə qoca demə, ay canı yanmış!

Yanar bir ocağam, közümdən bilsən,
İşığım sönməyib, üzümdən bilsən.
Qəlbimdən keçəni gözümdən bilsən,
Mənə qoca demə, ay canı yanmış!

Göylərə çatacaq gur səsim də var,
Bitib-tükənməyən həvəsim də var,
Yüzü haqlamağa nəfəsim də var,
Mənə qoca demə, ay canı yanmış!

İpək saçlarını mənim üçün hör,
Mənimlə birlikdə gözəl ömür sür.
Nə olar, sözünü sən geri götür,
Mənə qoca demə, ay canı yanmış!

Dəmiri mum kimi əyər bu Vaqif,
Həmişə haqq sözü deyər bu Vaqif.
Vallah yüz cavana dəyər bu Vaqif,
Mənə qoca demə, ay canı yanmış!

Çəliklə gəzməyin gəldi zamanı,
Yayda da isinmir Vaqifin canı.
Hanı, qız qaytaran günlərim, hanı?
Üzümü dağlara tutub ağladım.

7 mart, 2026

HEÇ KİMƏ İNANIB,
GÜVƏNMƏ VAQİF

Əvvəlki kişilər çıxıb getdilər,
Mərdliyi, qeyrəti yığıb getdilər.
Dünyanın «əlini» sıxıb getdilər,
Heç kimə inanıb, güvənmə Vaqif!

Haramı halala qatan çoxdu çox,
Hər gün ürəyinə batan oxdu, ox.
Bir vaxt güvəndiyin atan yoxdu, yox,
Heç kimə inanıb, güvənmə Vaqif!

Yalan söz ağızda bal dadır daha,
İlan zəhəri də baldadır daha.
Qardaş da qardaşı aldadır daha,
Heç kimə inanıb, güvənmə Vaqif!

Yaman çoxalıbdı şeytan adamlar,
Daha yoxa çıxıb, qeyrət, namus, ar.
İndi nə sirdaş var, nə də ki, dost var,
Heç kimə inanıb, güvənmə Vaqif!

Enişdə, yoxuşda dizinə güvən,
Halal ocağına, közünə güvən.
Özünə arxalan, özünə güvən,
Heç kimə inanıb, güvənmə Vaqif!

4 mart, 2026


KİŞİ TƏK YAŞA…

Halal qazanırsan halal varını,
Ağ çiçək sanırsan qışın qarını.
Əymədin heç zaman dağ vüqarını,
Qalan ömrünü də kişi tək yaşa.

Eşitdin hər kəsin qəm fəryadını,
Tarixə yazmısan öz soyadını.
Göylərə ucaltdın kişi adını,
Qalan ömrünü də kişi tək yaşa.

Heç zaman yalana əl çalmamısan
Yaltaqlıq eləyib alçalmamısan
Bir gün də mənasız yaşamamısan,
Qalan ömrünü də kişi tək yaşa.

Qaraya ağ deyib yarınmadın sən,
Heç kimin boynuna sarılmadın sən.
Sənin soykökünə, nəslinə əhsən,
Qalan ömrünü də kişi tək yaşa.

Vicdanla görübdü hər işi Vaqif,
Dərdli adamların dərdişi Vaqif,
Sən kişi oğlusan, ay kişi Vaqif,
Qalan ömrünü də kişi tək yaşa.

2 mart, 2026


KƏNDDƏ YAŞAYARAM
QALAN ÖMRÜMÜ

Doğma kəndimizə çıxıb gedirəm,
Şəhərin «əlini» sıxıb gedirəm.
Mən şələ-küləmi yığıb gedirəm.
Vurub qoltuğuma solan ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

Gülləri soluxan mən yaz kimiyəm,
Pas atıb çürüyən dəryaz kimiyəm.
Telləri qırılmış bir saz kimiyəm,
Bu şəhər eylədi talan ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

Yadımdan çıxmadı bir an da kəndim,
Yaşadı ürəkdə, həm qanda kəndim.
Bu qərib şəhərdə bitib-tükəndim,
Fələk qıra bilər hər an ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

Elə bil qəfəsdə yaşıyıram mən,
Ürəkdə dərd yükü daşıyıram mən.
Birtəhər çıxaraq bu cəhənnəmdən,
Gedib söndürərəm yanan ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

Təzə arzu ilə, yeni nəfəslə,
Canımda can olan sevdiyim kəslə,
Üz tutub gedirəm böyük həvəslə,
Şəhərdə saxlayıb yalan ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

Unuda bilmədim bir an dağları,
Saxlayıb izimi o kənd yolları.
Qaçmaq istəyirəm günəşə sarı,
Qırx ildir bürüyüb duman ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

25 fevral, 2026

GƏLƏRSƏNMİ BİZƏ DE

Bir yaz günü biz görüşdük səninlə,
Ay batanda tez öpüşdük səninlə.
Beşinci gün oda düşdük səninlə,
Beşinci gün gələrsənmi bizə de?

Könlüm səni doğma sanır, yar sanır,
Bu sevgini unutmayıb hey anır.
Beşinci gün canım yanır, odlanır,
Beşinci gün gələrsənmi bizə de?

Mən bir vaxtlar cavan idim, nə dərdim,
Nə bir kədər, nə də qayğı bilərdim.
Beşinci gün sənə məktub göndərdim,
Beşinci gün gələrsənmi bizə de?

Qocalsam da gözlərində gözüm var,
Kül altında qaralmayan közüm var.
Beşinci gün sənə xəlvət sözüm var,
Beşinci gün gələrsənmi bizə de?

Bu sevgini oda yapdı ayrılıq,
Qılınc kimi kəsdi, çapdı ayrılıq.
Beşinci gün bizi tapdı ayrılıq,
Beşinci gün gələrsənmi bizə de?

Əlli ildir qəlbimdəsən hələ sən,
Əlli ildir bənzəyirsən gülə sən.
Beşinci gün sığal verib telə sən,
Beşinci gün gələrsənmi bizə de?

Bu sevgimiz nağıl kimi bitiəcək,
O xoş günlər ilim-ilim itəcək.
Beşinci gün ömrüm sona yetəcək,
Beşinci gün gələrsənmi bizə de?

fevral, 2026

Müəllif: Vaqif İSAQOĞLU

VAQİF İSAQOGLUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

MƏHƏMMƏD ƏLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vaqif İsaqoğlu – Qırmızı yağış – hekayələr kitabı

Vaqif İsaqoğlu – Qırmızı yağış – hekayələr kitabı

Kitaba daxil edilmiş hekayələr cəmiyyətin iç üzünü əks etdirir. Mütləq oxuyun! Oxu!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan Milli Mətbuat – 150 – Medaldan söz düşəndə

1987-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. Tovuzluyam, Köhnəqala kəndində anadan olmuşam.

Müstəqil Azərbaycanın ilk hərbi jurnalistlərindən biriyəm. 1992-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nin Hərbi bilik jurnalında redaktor kimi fəaliyyət göstərmişəm. Birinci Qarabağ müharibəsi veteranıyam. Ehtiyatda olan mayoram.

2003-2008-ci illərdə “Qızıl əsr” qəzetinin təsisçisi və baş redaktoru olmuşam. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nin sifarişi ilə teatr, kino sahəsində kitablarım çap olunub. Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Yazıçılar Birliyinin (1995) üzvüyəm. Prezident təqaüdçüsüyəm. 50-yə yaxın kitabın müəllifiyəm. Gənclər bəlkə də məni tanımır. Ancaq Azərbaycan mətbuatında imzama peşəkarlar bələddir. Medianın İnkişafı Agentliyi nin fəaliyyətini yaxından izləyirəm. Həmkarlarımın mükafatlandırılmasını görüb, sevinirəm. Bu il 65 yaşım tamam oldu. Jurnalist kimi fəaliyyətimin 40 yaşı tamam olacaq. Heç vaxt mükafat və təltif haqqında yazmamışam. Heç düşünməmişəm də… Ancaq haqqım olanı istəmək məncə təbiidir. Düşünürəm ki, müvafiq qurumlar bu yazını oxuyacaq. Salamat qalın!

Hörmətlə, Vaqif İsaqoğlu

AYB və AJB üzvü.

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı – Ziyadar

Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı – Ziyadar

Ədəbiyyat tarix boyu bəşərin yolunu işıqlandıran bir çıraq olub. Xüsusilə poeziya insan ruhunun ən dərin qatlarına enərək həm fərdi, həm də milli kimliyi ifadə edir. Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Adından da göründüyü kimi, kitab yalnız bir şeir toplusu deyil, həm də yol göstərən, istiqamət verən, milli-mənəvi dəyərləri qoruyaraq, gələcəyə daşıyan mənəvi ulduz – işıq (çıraq, mayak) rolunu oynayır.

“Sevgi dolu şeirlər” kitabı oxucuya bir mesaj verir: insan öz yolunu itirməmək üçün mənəvi ulduzlarını, onların göstərdiyi yolu (saman yolunu – işıq yolunu, sevgi yolunu) unutmamalıdır. Bu yol göstərən (Ziyadar) ulduz (ulduzlar) – ziya bəzən Vətəndir, bəzən ana dili, bəzən də şəhidlərin ruhu, milli yaddaş və tarixi mirasdır. Zaur Ustacın poeziyası yalnız estetik gözəlliyi ilə deyil, həm də məzmun yükü ilə seçilir. O, oxucunu düşündürür, həm də yol göstərir:

Dünyanın təməli sevgidir, gülüm!
Dərdin, ah-nalənin özü də sevgi…

Kitabda müəllifin poetik üslubu sadə, lakin dərin məna ilə yüklənib. Şeirlərdə müasir insanın qarşısında dayanan mənəvi böhranlar, milli kimliyin qorunması ehtiyacı, bütövlük arzusu ön plana çəkilir. Zaur Ustac bir tərəfdən klassik ədəbiyyatın zəngin ənənələrindən faydalanır, digər tərəfdən çağdaş dövrün ictimai-siyasi reallıqlarını şeir dili ilə ifadə edir. Bu isə əsərə həm publisistik kəskinlik, həm də bədii zəriflik qatır:

Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…

“Sevgi dolu şeirlər” kitabı həm də bir ədəbi manifest kimi qəbul oluna bilər. Burada yalnız fərdi duyğular deyil, həm də milli amal, vətəndaş məsuliyyəti, bəşəri dəyərlərə sədaqət özünü göstərir. Müəllifin şeirləri oxucuya bir növ çağırışdır: özünü tanı, kimliyini unutma, milli ulduzunu yol göstərici kimi qəbul et!

Publisistik baxımdan əsərin gücü ondadır ki, o, yalnız poetik mətnlərdən ibarət deyil, həm də cəmiyyətin problemlərinə işıq salır. Müasir insanın qarşısında duran ən böyük sual – “haradan gəlirik və hara gedirik?” – kitabın ideya xəttində daim öz əksini tapır:

…sevin ki, seviləsiniz…

Bu baxımdan “Sevgi dolu şeirlər” həm ədəbiyyatsevərlər, həm də gənc nəslin milli-mənəvi tərbiyəsi üçün qiymətli qaynaqdır.

Hər misrası bir nümunədən, bir ibrətdən, bir dəvətdən ibarət olan Zaur Ustac bu çağırışları ilə sübut edir ki, şair yalnız qəlbin sözçüsü deyil, həm də cəmiyyətin vicdanıdır. Onun “Sevgi dolu şeirlər” kitabı da məhz vicdanın, haqqın, həqiqətin işığını oxucuya təqdim edir.

Bu məqamda istər-istəməz kitab haqqında olan Vqif İsaqoğlunun – “Sevgi dolu şeirlər”in işığında yazısını xatırlamalı olursan… Başdan-ayağa bu müqəddəs işığın tərənnümünə həsr olunmuş yazının sonluğu belədir (olduğu kimi):

“Sevgi dolu şeirlər” onun zəngin və çoxşaxəli yaradıcılığından süzülən bir damla nurdur. Bu nurun özündə bir Günəş işığı var. Bu günəşin işığına yığışıb şair qəlbindən süzülüb gələn şeirləri oxuyun, bu şeirlərin sehr-cazibəsinə düşün və unutmayın ki, Zaur Ustac kimi haqqa üz  tutan şairlərin yanında olmaq Allaha da xoş gələr. Allahın xoşuna gəlməyi kim istəməz ki?

Bu kitabı oxumaq sadəcə poeziya zövqü yaşatmaq deyil, həm də bir istiqamət, bir yol, bir missiya qazanmaq deməkdir.

Müəllif: Günnur AĞAYEVA,

müstəqil ədəbiyyatşünas-tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Novella kitab mərkəzi

Zaur Ustac, Sədulla Şirinov və Vaqif İsaqoğlu.

05 fevral 2025-ci il, Bakı şəhəri.

Məlumatı hazırladı : Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tovuzlu Vaqif İsaqoğlu öz vəsaiti hesabına Tovuz və Tovuzlular haqqında 10 kitab yazıb, çap etdirib

Dəyərli Tovuzlular, bu günlərdə sosial şəbəkələrin birində belə bir başlığa rast gəldim. Oxudum və çox təəccübləndim. “Tovuzdan olan yazarlar nə üçün Tovuz haqqında yazmırlar“. Bu cümlə məni çox narahat etdi. Axi əslən Tovuzun Köhnəqala kəndindən olan, şair – publisist, canlı ensiklopediya olan Vaqif İsaqoğlu öz vəsaiti hesabına Tovuz və Tovuzlular haqqında 10 kitab yazıb, çap etdirib. 1.”Tovuz şəhidləri”. 2. “Dünya səndən kimlər keçdi”?… 3.”Tovuzlu həkimlər”. 4.”Tovuzdan məktublar”. 5.”Haça qaya”.6. “Tovuzum “. 7.”Tovuzun saz – söz dünyası”.8.”Qandallara bizi aparan yollar.” 9.”101 Tovuzlu “.10.”Kimlərdi Tovuzun şohrət ünvanı?!” adlı kitabların müəllifidir.

Bu yazılanları görməmək mən deyərdim ki, insafsızlıqdır!

Hüseyn İsaoğlu (Məmmədov),
Yazıçı-publisist, AYB və AJB-nin üzvü.

Hüseyn İsaoğlu (Məmmədov)nun yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VAQİF İSAQOĞLU – “SEVGİ DOLU ŞEİRLƏR”İN İŞIĞINDA

“SEVGİ DOLU ŞEİRLƏR”İN İŞIĞINDA

(Zaur Ustac yaradıcılığına bir nəzər)

Hərə dünyaya bir missiya ilə gəlir. Zaur Ustac da şairlik missiyasını yerinə yetirmək üçün qələmdən yapışmalı olub və ilk şeirlərindən anadan  şair doğulduğunu təsdiqləyib.

Zaur poeziyasının işığında görürsən ki, qələm ona, o da qələmə yaraşır. Qələmlə ülfət bağlayan şair ürəyindən gəlməyən bir misranı da yazıya almayıb. Bu da onu göstərir ki, şair ülfət bağladığı qələminə xəyanət etməyib, etməyir və etməyəcək də…

Şairin “Sevgi dolu şeirlər” kitabını (2024) böyük maraqla, həvəslə, həm də həyəcanla oxudum. Ürəyim ağappaq işıq selinə büründü, duyğularım təzələndi və ruhumu qidalandıran şeirlər Zaurun söz dünyasının təmizliyindən, saflığından, halallığından xəbər verməklə yanaşı, həm də şairin vətənə, torpağa, yurd yerinə… böyük sevgisinin göstəricisidir.

Zaurun təkcə “Ağ çiçəyim” şeirilə  onun vətən  sevgisini, yurdun hər  gülünü, çiçəyini  necə əzizlədiyini, onlara müqəddəs bir varlıq kimi baxdığını hiss edirsən. Hiss edirsən ki, “Xoş gördük, günaydın, ay Ağ çiçəyim!” – deyən şairin ürəyindən süzülən səmimi, kövrək misralar ruhumuzu sığallayır və o, gözəl bir təbiət mənzərəsini Ağ çiçəyin timsalında rəssam kimi çəkərək gözlərimiz önündə canlandırır. Sözlə Ağ çiçəyin şəklini çəkən, çiçəyi insaniləşdirib onunla söhbət edən şair inandırıcı, təsiredici misraları inci kimi ard-arda düzərək həm gözümüzü, həm də könlümüzü oxşayır.

Dümağsan, qar sənin yanında qara,

Tanrım rüsxət verib, baxmayıb qara.

Bu qarlı qış hara, tər çiçək hara?

Xoş gördük, günaydın, ay Ağ çiçəyim!

Zaurun hər şeiri onun həm yaradıcılığını, həm məramını, məsləkini səciyyələndirir, həm də hiss olunur ki, onun hər bir poetik misrası qətiyyən pafos xatirinə yazılmayıb, hər misra onun iç dünyasından qopub gələn ən kövrək, ən həzin, ən səmimi hisslərdir, duyğulardır. Duyğularını, hisslərini, fikir və düşüncələrini şeirlərinə hopduran, hər “sözə ehya” verən Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabını çəkinmədən, cəsarətlə ədəbi hadisə saya bilərəm. Bu fikrimdə haqlıyam. Çünki ədəbiyyatın ədəbi  tarixinə yazıla biləcək bu misraları onun kimi yazan olarmı? “Yelləncək” şeirində oxuyuruq:

Çiçəklər ruhumun yelləncəyidir,

Ruhumu asmışam nar çiçəyindən.

Arzular dünyamın gələcəyidir,

Arzumu tutmuşam bar çiçəyindən.

Bu poetik misraları oxuyandan sonra düşündüm ki, Zaurun özü də işıqdır, sözü də. Onun sözünün işığında ziyarətgaha doğru üz tutub getmək olar. Çünki şair sözünün işığında mənən saflaşırsan, ruhən təmizlənirsən, imam övladı olursan! Ziyarətgaha da məhz mənən təmiz və halal adam kimi getməlisən ki, ziyarətin də qəbul oluna.

Bu misraların işığında müqəddəs yerlərə ziyarətə necə getməyə bilərsən? Və həm də ziyarətə Qarabağ atının belində getmək necə də gözəl olardı!

Anası Günəşdi, atası Aydı,

“Qıratdı”, “Düratdı” Qarabağ atı!

Tanrı ərməğanı, butadı, paydı,

Baratdı, muraddı, Qarabağ atı!

“Sevgi dolu şeirlər”də idrak və təsvir üslubu təzə, orijinaldır, həyati, dünyəvidir, təbii və ülvidir. Təbii və ülvi olduğuna görə də şeirləri ürəyə yatımlıdır, könül rahatlığı gətirəndir, oxucunu yaşamağa ruhlandıran, həyatdan zövq almağa, sevib-sevilməyə, qurub-yaratmağa, insanlara yaxşılıq etməyə, savab işlər görməyə səsləyəndir. Bu şeirlərə hopmuş hissləri, duyğuları canlı səs kimi eşitmək olur, çünki şair havada uçuşan səsləri “tutub”  şeirə gətirərək oxuculara təqdim edir. Oxucular da bu şeirlərdə  öz hisslərini, duyğularını, fikir və düşüncələrini hiss edir, ürək döyüntülərini, qəlb çırpıntılarını  duyur. Şairin ürək döyüntülərilə oxucuların ürək döyüntüləri üst-üstə düşür ki, bu da Zaur Ustacın əsl şair olduğunun göstəricisidir.

“Sevgi dolu şeirlər” kitabını bir nəfəsə oxusam da gəldiyim qənaət budur ki, Zaur Ustac sözün həqiqi mənasında lirik duyğular şairidir,  fikir və düşüncə şairidir. Onun şeirlərində fəlsəfi fikirlər özünü qabarıq şəkildə göstərir, eləcə də onun şeirlərində yalan və uydurma bir misraya, misralarında “laxlayan”, yerində olmayan bir sözə, bayağı, cılız hisslərə,  saxta, boğazdan yuxarı deyilən, cansıxıcı bir misraya da rast gəlmək mümkün deyil. Nə yaxşı ki, onun şeirlərində ümid  işığı var, bu günə, gələcəyə inam dolu ovqat var, mübarizəyə çağırış var, namərdlərə, şeytan adamlara nifrət var. Bu, belə olmalıdır. Axı o, şeirlərinin birində haqlı olaraq “Ustacam” deyir. “Ustacam” deyən şair ancaq düzü-düz, əyrini – əyri yaza bilər, qələmilə vətənə, millətə, Azərbaycan ədəbiyyatına xidmət edə bilər.

Müzəffər ordunun şanlı əsgəri,

Ərənlər yurdunun ər övladıyam.

Zalımın zülmünə təhəmmülüm yox,

Babəklər yurdunun hürr övladıyam.

Onu da deməyi özümə borc bilirəm ki, şairin şeirlərinin “dili” təbii və sadədir. Təbii və sadə olduğu qədər də xəlqidir. Onun şeirlərində poetik ritm pozulmur, misralar həzin bulaq kimi ürəyə rahatlıq gətirir, ovqatı təzələyir, şairin vətənpərvərlik duyğularından, yurd yerinə sevgisindən xəbər verir:

Gəzdim qarış-qarış doğma torpağı,

Hər dağda, dərədə  izim var mənim.

Hələ keçilməmiş uca dağların,

Uca zirvəsində gözüm var mənim.

(Gəzdim)

“Sevgi dolu şeirlər”in işığında sonetlər su çəkən kimi məni özünə çəkdi. Gözlərim önündə “Yazıçı” nəşriyyatında ötən əsrin 70-ci illərində çap olunan V. Şekspirin “Sonetlər” kitabı canlandı. O vaxtdan bu günə kimi Azərbaycan şairlərinin qələmindən (B. Adil istisna olmaqla) çıxan sonetləri oxumamışdım, görünür, rastıma çıxmamışdı, yoxsa gözümdən yayınmazdı. Bir sözlə, az qala əlli ilə yaxın idi ki, sonet janrında şeir oxumamışdım, amma Zaurun qələmindən çıxan sonetləri böyük maraqla, böyük həvəslə oxudum. Heyrətdən əllərim üzümdə qaldı. Bu sonetlərin sehrinə düşdüm,  cazibə qüvvəsindən çıxa bilmədim. Nə vaxtsa Zaurun sonetlərindən söz açmaq arzusu ilə sözümü tamama yetirmək istəyirəm. Həm də istəyirəm ki, bilələr: Zaur Ustac müasir Azərbaycan poeziyasına yeni nəfəs və ovqat bəxş etmiş istedadlı bir şairdir. Onun ürəklərə yol tapan hər bir şeiri Zaur dünyasının böyüklüyündən, Zaur yaradıcılığının zənginliyindən, novatorluğundan xəbər verir.

“Sevgi dolu şeirlər” onun zəngin və çoxşaxəli yaradıcılığından süzülən bir damla nurdur. Bu nurun özündə bir Günəş işığı var. Bu günəşin işığına yığışıb şair qəlbindən süzülüb gələn şeirləri oxuyun, bu şeirlərin sehr-cazibəsinə düşün və unutmayın ki, Zaur Ustac kimi haqqa üz  tutan şairlərin yanında olmaq Allaha da xoş gələr. Allahın xoşuna gəlməyi kim istəməz ki?

Müəllif: Vaqif İsaqoğlu

AYB və AJB üzvü.

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru