(Hekayət)
Yasəmən yuxudan öz çığırtısına oyandı. Alnı, boyun-boğazı tamam tər içində idi. Bir anlıq gördüklərinin yuxu, yoxsa, gerçək olduğunu ayırd edə bilmədi.Ayılsa da, yuxunun təsirindən çıxa bilmirdi. Yerinin içindən əlini uzadıb, çarpayının sol tərəfindəki kiçik mizin üstündə olan qrafindən bir stəkan su süzüb içdi. Saata baxdı. Saat 14:00 idi. Körpəni yatızdıranda yuxuladığının fərqində olmamışdı. Çarpayının sağ tərəfindəki beşiyə boylandı. Təəccübləndi. Uşaq çoxdan oyanmışa oxşayırdı. Özü də adətinin əksinə sakit-sakit baxırdı. Nə ağlayır, nə də ağlamağa hazırlaşırdı.
Yasəmən körpənin bələyini dəyişdirdi. Onu yedizdirdi. Yenidən beşiyinə qoydu. Körpə yatmaq əvəzinə verdiyi suala cavab gözləyən adamlar kimi gözünü geniş açaraq, anasına baxırdı. Yasəmən beşiyi xeyli silkələyəndən, layla deyəndən sonra körpə yenidən yuxuya getdi. O, körpənin çirkli əskilərini götürüb həyətə düşdü. Çöldə ocağın üstündə qaynayan iri, qara qulplu qazandan vannaya su töküb, paltarları yumağa başladı. Bayaqdan fikrindən qovub-çıxarmağa çalışdığı yuxu yenidən yadına düşdü. Bir anlıq canına üşütmə keçdi. Fikirləşməyə başladı: “Nənəm deyərdi ki, ağır yuxunu axar suya danış, bir də nəzir çıx, hər şey ötüb-keçəcək”.
Paltarları yuyub, qurtardı. Bağçanı suvarmaq üçün həyətə yoğun su arxı gəlirdi. Bu arxın suyu ilə qonşu həyətlərin ağacları da suvarıldığı üçün heç vaxt suyu qurumazdı. Sabunlu paltarları yığdığı vannanı başına götürüb, arxa tərəf üz tutdu. Vannanı arxın kənarına qoyub, dizi üstə çökdü. Asta və arxayın səslə yuxusunu suya danışmağa başladı. “Gördüm ki, həmin bu arxın yerində böyük bir çay axır. Amma çayın suyu qapqara palçıq kimi idi. Çay həm burulğanlı, həm də iti-iti axırdı. Ona görə də çox vahiməli görünürdü. Əkbər əlində bel bu vahiməli suyun qarşısını kəsməkmi, yaxud da qurutmaqmı fikri ilə çaya yaxınlaşdı. Bellə suyun qabağına torpaq tökməyə başladı. Birdən ayağının altındakı altı ovulmuş böyük bir torpaq parçası ilə bərabər çaya yıxıldı. O, palçıqlı, köpüklü sularla çarpışmağa, əl-qol atmağa başladı. Mən də özümü çaya atmaq, ona kömək etmək üçün irəli atıldım. Amma kimsə arxadan qollarımdan, qıçlarımdan bərk-bərk yapışaraq, məni tərpənməyə qoymadı. Azğın sular bir azdan Əkbəri sanki uddu. Mən çay aşağı, çay yuxarı, həyəcanla, qışqıra-qışqıra “Əkbər” deyə haraylayırdım. Öz qışqırığıma yuxudan oyandım. Ey bu suyu-seli yaradan Allah, sən özün Əkbərimə kömək ol!” Dedi və ağlamağa başladı. Ağlaya-ağlaya paltarları yuyur, nə qədər çalışsa da yuxunun təsirindən çıxa bilmirdi.
Paltarları zivəyə sərib, tələsik evə keçdi. Körpə hələ yatırdı. Rahat nəfəs aldı. Ev-eşiyə əl gəzdirmək, sil-süpür etmək istədi. İş görməyə heç həvəsi qalmamışdı. Narahatçılığı, fikrinin qarmaqarışıq olması onu tamam yormuşdu. Taqətsiz halda çarpayının küncündə oturdu. Dirsəyini dizlərinə dayayaraq, əllərini çənəsinin altında çarpazladı. “Birdən Əkbərə bir şey olsa… Allah eləməsin, dilim tökülsün, onda mən neyniyərəm, iraq olsun!” Ağlına gələn bu qəfil fikir Yasəməni necə qorxutdusa, əti ürpəşdi. Sanki kürəyinin arasından ilan keçdi. Heysiz-heysiz çarpayıya uzandı. Xəyala daldı. Yaşadığı həyat kino lenti kimi gözü qarşısında canlandı.
Ailədə beş uşaq idilər. Özündən böyük iki qardaşı, özündən kiçik iki bacısı vardı. Böyüklərinin 16 vardı, kiçiklərinin isə heç 2 yaşı olmazdı. Ata-anası, bacı-qardaşı və nənəsi Bəyimlə ikimərtəbəli, eyvanlı, bağçalı evlərində hamı kimi adi həyat sürürdülər. Atası kolxozda traktorçu, anası pambıqçı idi. Hər ikisi bütün mövsümü tarlada olur, gecə-gündüz çalışır, uşaqların korluq çəkməməsi üçün hər zəhmətə qatlaşırdılar. Bəyim nənə qoca olduğu üçün uşaqların yeməyini vaxtlı-vaxtında ancaq hazırlayırdı. Odur ki, anası tarladan, ağır çöl işindən gələndən sonra dincəlməz, paltar yuyar, evləri təmizləyər, mürəbbə bişirər, banka bağlayardı. Gecənin bəlkə də bir-iki saatını yatar, sübh tezdən yenidən tarlaya üz tutardı. Beləcə, günlər bir-birini əvəz edər, uşaqlar yavaş-yavaş böyüyərdilər. Artıq Yasəmən də 6-cı sinifdə oxuyurdu.Oktyabrın əvvəlləri idi. Yasəmən səhər dərsə gedəndə ilk dəfə anasının tarlada yox, evdə olmasına təəccübləndi:- Ana, işə getməmisən?Anası başı ilə işarə edərək, “yox” cavabını verdi.- Niyə?Anası əli ilə onu yanına çağırdı. Pıçıltı ilə – “yaxın gəl” – dedi. Yasəmən yaxınlaşıb, anasının sinəsinə sarı əyildi. Anası əvvəl heysiz qolları ilə onu sinəsinə sıxıb ürəkdolusu qoxladı, sonra alnından, üzündən, gözlərindən öpməyə başladı.Yasəmən ağlı kəsəndən anasından ilk dəfə idi ki, belə səmimi nəvaziş görür və bununun təsirindən key kimi baxırdı:- Bacılarına yaxşı bax!- Baxıram də! Sən niyə işə getmədin?- Xəstələnmişəm, atan həkim dalınca gedib. Həkim gəlib, iynə vursa, sağalıb, gedəcəm işə…Yasəmən “sağ ol!” deyib, qapıya sarı getdi.- Yasəmən!- Hey!- Balam, bəs sən ananı öpmürsən?- Gələndə öpərəm! – dedi və qaçaraq həyətdən çıxdı.
Dərsləri saat 2-də qurtardı. Yaman acmışdı. “Anam yaxşı ki, bu gün evdədi, dadlı bir şey bişirər, yeyərəm. Yoxsa, nənəm ya duzun yaddan çıxarır, ya da yeməyə o qədər duz vurur ki, yeyəndən sonra, axşama qədər elə su içirik”.
Məktəbdən gələn uşaqların səs-küyü onu fikrindən ayırdı. Yanından həm də dəstə-dəstə qara geyimli, qara yaylıqlı qadınlar da ötüb-keçirdi. Hikkə ilə başını yana çevirdi. Yasəmənin onlardan çoxdan zəhləsi gedirdi. Çünki, bir neçə il bundan əvvəl böyük otaqda həmin bu qara geyimli, qara yaylıqlı qadınlar onun çox istədiyi babasını ortaya uzadıb, elə ağlayır, elə “şaxsey-vaxsey” deyə çığırırdılar ki, Yasəmən qorxusundan bir neçə gün xəstə də yatmısdı. Onların ayağı həyətlərindən çəkilməyincə həm qonşuları, həm də bibisi Minagildən evə gəlməmişdi. Gəlib görəndə babası evdə yoxdu, yəqin etmişdi ki, babasını mütləq o qara geyimli, qara yaylıqlı qadınlar aparıb. Elə o vaxtdan da onları görən gözü yox idi. Onlar tərəfə baxmasa da o, dəstənin ona diqqətlə göz gəzdirdiyini hiss edirdi. İçlərindən biri “tifil, bu gündən yazıq oldun!” dediyini eşitdi.Yasəmən ətrafına baxdı. Yolda bir dəstə qadından, arxadan gələn bir dəstə şagirddən, bir də özündən başqa heç kəsi görmədi. “Görəsən, yazıq kimə deyillər? Mənə? Yazıq özləridi!”Diqqətlə baxdı, qadınlardan birini tanıdı. “Firuzə xaladı, neynək nənəmə deyərəm, sizin cavabınızı verər”. Dodağının altında danışa-danışa evlərinə tərəf addımlarını yeyinlətdi. Evlərinə yaxınlaşdıqca hər aralıqdan, hər döngədən eynən, bayaqkı qara geyimli, qara yaylıqlı qadınlar daha çox görünməyə başlayırdı. Evlərinə bir tin qalmış ayaq saxladı. Yenə də həmin “şaxsey-vaxsey” deyənlərin tükürpədən səsi kəndi başına götürmüşdü. Səsdənmi, yoxsa səsin məhz onların həyətindən gəlməsindənmi, ayaqları titrəməyə başladı. Zəif addımlarla həyətə yaxınlaşdı. Həyət qara geyimli, qara yaylıqlı qadınlarla, başlarını yerə dikib, siqaret çəkən kişilərlə dolu idi. Ağappaq saçları üz-gözünə dağılmıs Bəyim nənə sanki rəqs edirdi. O da Yasəməni görən kimi – “can ay bala, yazıq, tifil bala!” – deyərək, hönkürdü və onu qucaqladı. Həyətin bir küncündə qardaşları diz üstə çökərək, özlərinə yaraşmayan səslə ucadan ağlayır, atası onları sakitləşdirməyə çalışır, gah da özü də onlara qoşulub ağlayırdı. Bacıları isə hərəsi bir qohumun yanında durub, gördükləri mənzərəyə sakit-sakit tamaşa edirdilər. “Bəs, anam hanı?” kəlməsini özündən asılı olmadan, elə ucadan dedi ki, camaatın üzərinə elə bil su ələndi. Hamı susdu. Yasəmən qaçaraq böyük otağa girdi. Evin ortasında kimisə uzandırmışdılar. Özərinə qara yaylıq, yaylığın da üstünə bir güzgü qoymuşdular. Yasəmən bunlara ötəri bir nəzər salıb, tez anasının səhər uzandığı çarpayı olan otağa keçdi. Çarpayı bomboş idi.Heç üstündə yorğan-döşək də yox idi. Çarpayının yanında durub, xəcalətli-xəcalətli baxan qohum-əqrəbaya bir nəzər saldı: “Demiyəssiniz, anam hanı?”Ağlaşma səsi yenə otağı başına götürdü. Hamı ona izah etməkdən, ağlamağı üstün tuturdu. Bəyim nənə irəli çıxdı. Yasəmənin əlindən tutub, ortada uzadılmış, üstü qara örtüklüyə yaxınlaşdı. Örtüyü çəkdi. Örtüyün altından anasının gündən yanıb-qaralmış çöhrəsi göründü. Elə bil, anası pambıq yığmaqdan yorulub, yatmışdı. Yasəmən dizlərini yerə qoyub, anasının yanağından öpdü. Dayanıb xeyli gözlədi. Anasından bir səs çıxmadığını görəndə, balaca əlini uzadıb, anasının üzünü sığalmağa başladı. “Ay ana, mənəm ey, Yasəmən, dur, dur, qadan alım, ana!” Yasəmənin zəif-zəif pıçıltısına, sakit axan göz yaşlarına diqqət kəsilən qadınları elə bil qəflətən ilan sancdı. Yenə ağı səsi, layla səsi evi, həyəti bürüdü.İndi neçə illər keçsə də, Yasəmənin qara geyimli, qara yaylıqlı qadınlara olan nifrəti səngimirdi. Onların evlərinə ayaq açması elə bil Yasəmənin yetimliyinə, yetimliyin verdiyi əzablara səbəb olmuşdu.Yasəmən artıq 15-16 yaşından evin ağırlığını arıq çiyinlərində daşıyırdı. Ögey ananın danlağı da bir yandan…Sonradan atası təzə arvadını da götürüb getdi. Kəndin başqa səmtində ev tikdirib, yaşamağa başladı və o gündən Yasəmən yetimçiliyinin birə beş artdığını hiss etdi. Kiçik qardaşı evin ağsaqqalı, kişisi olmuşdu (Böyük qardaşı atası ilə mübahisə etdikdən sonra uzaq qohumlarıgildə qalırdı). Heyvana, mala baxırdı. Yasəmən isə bacılarına qayğı göstərir, evləri təmizləyir, heyvanları sağır, pambığa gedir, toyuq-cücə saxlayır, bir sözlə, esl ev qadını kimi hər işin öhdəsindən gəlməyə çalışardı. Başqa əlacı yox idi. Uşaqlığı nə vaxt ötdü, yeniyetmə dövrünü necə yaşadı, bilmədi. Bir zaman anladı ki, gənc qız olub. Tay-tuşları bəzəkli-düzəkli, şən çağlarını yaşayanda, sevib-seviləndə Yasəmən evin qarğaşasını çəkmək məcburiyyətində idi. 22 yaşın şirinliyindən xəbərsiz…Qəribə idi, bu qızla heç kəs maraqlanmazdı. Elə bil kəndin cavanları qızın varlığını unutmuşdular. Yasəmən heç incimirdi də. Çünki, hərdən təsadüfən güzgüyə gözü sataşanda gündən, şaxtadan qaralmış, kobudlaşmış sifətini, çəlimsiz vücudunu, bəzən həftələrlə daraq dəyməyən saçlarını, yaşamaq şövqü sönmüş, əzabdan başqa heç nə ifadə etməyən gözlərini görər, ürəyi sıxılardı və güzgüdən aralı gəzməyə çalışardı. Beləcə, günlər öz axarı ilə keçirdi.Bir gün pambıq yığımından gəlirdi. Balaca bacısı Şəfəq qarşısına yüyürərək – “Əkbər qaqa əsgərlikdən gəlib, bizdədi” – xəbərini verdi və gəldiyi kimi də pilləkəniəri qalxıb, özünü evə saldı. Yasəmən də içəri keçdi. Nənəsinin yanında stulda üç il bundan əvvəlki Əkbərdən xeyli fərqli bir oğlan əyləşmişdi. Yasəməni görən kimi ayağa qalxdı. Əl-ələ tutuşdular.- Həmişə evinizdə-eşiyinizdə!- Sağ ol! Yaxşı, nənə, sən də sağ ol, tez-tez yanına gələjəm.Yasəmən Əkbərin arxasınca xeyli baxdı. Dərindən köks ötürdü. İlk dəfə idi ki, nəsə bir xəyal qurmağa, qəlbinə bir işıq salmağa çalışdı. “Yox, yox, özünü ümidləndirmə, Yasəmən, kənddə Gülər kimi, Aytəkin kimi, Vəfa kimi qız ola-ola, heç kim, heç Əkbər də sənə baxmaz. Sən kiməsə lazım olsaydın, heç olmasa bir dəfə adın çəkilərdi. Olmaz-olmaz!” Deyəsən, “olmaz” sözünü qeyri-ixtiyari ucadan demişdi. Nənəsi başını balışdan qaldırıb “nə olmaz, başına dönüm” dedi. “Heç, heç, nənə, heç” – tez cavab verdi, nənəsinin onun fikirlərini duyacağından ehtiyatlandı.Bir müddət Yasəmən Əkbəri görmədi. Sonra tamam unutdu. Qayğıları başını qatdı. Aradan 4-5 ay keçmişdi. Yaz çoxdan gəlmişdi. Yavaş-yavaş obada xeyir işlərə başlanılırdı. Elə həmin günlərdə Şəfəq xəbər gətirdi ki, Əkbər qaqamı evləndirmək istəyirlər, qız tapıblar. Yasəmən həyəti süpürə-süpürə guya ki, elə-belə soruşur kimi:- Bilmədin kimdi qız?- Yox, soruşdum ey, Mina bibim dedi ki, tezliklə bilərsən, toy olanda!Yasəmən özünü o yerə qoymasa da, ürəyini dərin bir kədər aldığını hiss etdi. “Niyə bu Əkbər gəlirdi, qala bilməzdi o Rusiyada?! İşləyərdi, pul qazanardı, çox vacib idi gəlməyi?” – fikirləşsə də, qəlbinin dərinliyində Əkbəri alacağı qıza qısqandığını anladı. Anlayan kimi də pərt oldu. Özünü danlamağa, söyməyə başladı və “Əgər bir də onu fikirləşsəm, Allah mənə qənim olsun” – deyə söz verdi. Həyəti süpürüb qurtardıqdan sonra zibili balaca əl arabasına yığıb, həyətdən çöldə atasının vaxtilə qazdığı dərin çalaya tökdü, geriyə dönərkən Əkbəri qarşısında gördü.- Salam, nətəhərsən?- Sağ ol. Sən nətəhərsən?- Yaxşı.Yasəmən cavab gözləmədən həyətə girdi. Yenidən zibil dolu araba ilə çalaya yaxınlaşdı. Əkbər hələ burda idi. Bu dəfə Yasəmən özünü görməməzliyə vurdu. Əkbər asta addımla ona tərəf gəldi.- Yasəmən, ayaq saxla, səninlə işim var.- Mənnən?.. Nə işin?.. – təmkinli görünsə də içəridən ürəyi sanki sapdan qırılıb düşdü.- Məni evləndirmək istəyirlər. Mənim də istədiyim yoxdur deyə, evdən səni məsləhət görürlər! Sən nə deyirsən?Yasəmən başını qaldırmasa da, ürəyinin içində sevindi. Bilmədi nə desin. Desin ki, “özün necə məsləhətdi o cür də et. Hə… yaxşı cavabdı. Qoy elə belə də deyim”.Əkbər gözləyirdi.Yasəmən gözlərini ayaqqabısının ucundan çəkib, Əkbərin üzünə baxdı. O an elə bil Yasəməni cərəyan vurdu. Əkbər Yasəmənin pırtlaşıq saçlarından tutmuş, ayağındakı köhnə kişi çəkmələrinə qədər elə mərhəmətlə süzürdü ki, elə bil səxavətli bir dövlətli sədəqə yolu gözləyən bir dilənçiyə baxırdı. İndicə qurduğu xəyalları bir andaca heçə döndü. “Aman Allah, yəni yazıqlığım bu qədər qabarıqdır?” – düşündü. Gözlərinə yığılmış yaşları içərisinə axıdaraq, özündən asılı olmadan qəhər, qəzəb qarışıq bir səslə:- Əkbər, sağ ol, mənə sədəqə həyat lazım deyil! Mən yazıq deyiləm! Səni məcbur edənlərə də bildir ki, mən dilənçi deyiləm! Nahaq yerə də səni yormasınlar!Dedi və arxasına baxmadan həyət qapısını taqqıltı ilə örtüb, içəri girdi.Əkbər elə bil yerinə mıxlandı, yəqin ki, belə cavab gözləmirdi, fikirləşirdi ki, Yasəmən sevinəcək, hələ lap bəlkə sevindiyindən ağlayacaq, ordaca “hə” deyəcək. Bir həftəyə nişan da olacaq, toy da. Heç gözəmirdi, “sənə də yox deyən tapılarmış, ay Əkbər”…Axşam evə pəjmürdə döndü. Əhvalatı danışdı. Hamının təəccüblü baxışlarından oxunurdu ki, onlar belə cavab gözləmirdilər. Hərə bir təklif verdi, biri dedi, başqasını seç, biri dedi, götür qaç… Təkcə Əkbər dillənmirdi. Qızın hərəkəti onu sillə kimi tutmuşdu. Elə bil bu sillə onu silkələdi. “Yox, o, mənə rədd cavabı vermədi, “məni sev, – dedi, – hər bir qız kimi mənim də sevgiyə ehtiyacım var. Mərhəmətə yox, məhz sevgiyə!”Onun təəssüf dolu gözləri bunu söylədi. O gözlər ki, kədərlə dolu olsa da, dərinliyində şam kimi şölələnən xırda bir ümid işarırdı.O şölə, o ümid Əkbəri rahat buraxmır, onu cəzb edirdi. Sanki “məni düşün, məni anla”, – deyə haray qoparırdı. Əkbər demək olar ki, hər gün, hər an Yasəmənin bir az dəyişərək, başqalaşdığını hiss edirdi. Yasəmən elə bil günü-gündən gözəlləşir, vüqarlanır, əlçatmaz olurdu. Bəlkə də bu, Əkbərə elə gəlirdi.Amma içindən hər gün bir istək cücərir, boy atırdı. Kənardan da olsa, onu görmək, ona daha diqqətlə baxmaq, heç olmasa bir neçə kəlmə demək istəyirdi. Amma bacarmırdı. Yasəmənin onu görəndə turşutduğu sir-sifəti, bəzən o olan tərəfə belə baxmaması Əkbərin əl-qolunu bağlayırdı.Beləcə bir-iki ay da ötdü. Artıq Əkbər özü də bilmədən Yasəməni fikrindən çıxara bilmirdi. Beləcə, onu ürəyinə həkk edirdi.Payızın gəlməsinə az qalmışdı. Toy-düyünün başlamaq vaxtı idi. Əkbərin evlənmək məsələsi ailədə yenə müzakirə olunurdu. Təbii ki, bu dəfə Yasəmənin deyil, kənddə ən gözəgəlimli qızların adı çəkilirdi. Əkbərsə susur, öz fikrini bildirməyə tələsmirdi. “Yasəmənlə danışmasam, bunlara heç nə deyə bilmərəm”, – deyə fikirləşirdi.Evdən çıxıb dayısıgilə yol aldı. Şəfəq həyətdə tut ağacının altında evcik qurub, öz-özüylə oynayırdı.- Şəfəq, nətəhərsən?- Əkbər qaqa, sağ ol, sən nətəhərsən?- Əla, de görüm evdə kim var?- Nənəm yatıb, Mahir (qardaşı) gedib qoyun otarmağa, Sona (bacısı) əmigilə gedib…- Yaxşı, bəs Yasəmən hanı, Yasəmən?- Kəhrizə getdi, paltar yumağa.- Hə… sağ ol, ay Şəfəq!Cəld darvazadan çıxaraq, kəhrizə tərəf yollandı. Günortanın istisi olduğu üçün kəhrizdə Yasəməndən başqa heç kim yox idi. Başı paltar yumağa elə qarışmışdı ki, arxadan kiminsə yaxınlaşdığından xəbəri olmamışdı.- Yasəmən!- Bismillah, hey!- Qorxutdum səni?- …Əkbər bir az da irəlilədi. Gözlədi. Yox, deyəsən Yasəmənin cavab vermək nədi, heç o tərəfə baxmaq fikri də yox idi. Bu dəfə qızın biləyindən yapışdı:- Eşitmirsən? İki kəlmə sözüm var, dinlə. Sonra yenə işini görərsən.- Burax qolumu… hə indi sözünü de!Əkbər baxdı, baxdı, bilmədi hardan başlasın, nə desin…”Axı bu, mərhəmət hissi deyil, məhəbbətdi, görmürsən?”Deyəsən, axırıncı hissəni ucadan demişdi, yox daha fikirləşməyin yeri deyildi. Neçə vaxtdır beynində, ürəyində dəfələrlə götür-qoy etdiyi sözləri həyəcanla, eyni zamanda, aramla söyləməyə başladı:- Yasəmən, bu mərhəmət deyil. Vallah! Sən, məni rədd edənə qədər elə idi. Rədd cavabınla gözümdə dəyişdin, qeyri-adi oldun, anladım ki, adi qızlara yanaşdığım kimi sənə yanaşa bilmərəm. Səndə, sənin içində bir başqa dünya var. Bax, o dünyadakı amiranə, qürurlu, sevgiyə möhtac, saf qızı gördüm. Görən kimi də vuruldum. Bəlkə də səni heç kim mənim qədər görməz, tanımaz! Sənin indiyə qədər çəkdiyin əzabları ən güclü insanlar çəkə bilməz. Demək, mən ailə quracağım adamı tapmışam. Həyat yolumda səninlə çətin olmayacaq.- Mən nənəmə, bacılarıma baxmalıyam!- Kimə istəyirsən bax, kimə istəyirsən qulluq elə, mən sənin yanında olmaq, həyat yolumu səninlə addımlamaq istəyirəm. Sənə söz verirəm, səni xoşbəxt edəjəm, səninlə xoşbəxt olajam… Axşam cavabını almağa gələjəm, – dedi və gəldiyi kimi də iti addımlarla uzaqlaşdı.Yasəmən gülmək, sevinmək istəsə də, buna ürəyi gəlmirdi. Elə bilirdi ürəkdən sevinsə, sevinci bitib-tükənəcək, yenə də hər şey əvvəlki kimi yeksənəkliyinə dönəcək.Paltarları necə yuyub vannaya yığdığını, “Kəhrizin təpəsi” deyilən təpəni də necə aşdığını bilmədi. Paltarları necə gəldi, hər ucu bir tut ağacının gövdəsinə bağlanmış zivəyə sərdi. Pilləkənləri qaçaraq çıxıb, təngənəfəs özünü otağa saldı. Bir söz söyləmədən nənəsini sinəsinə sıxıb, bərk-bərk qucaqladı, çalmasının kənarından çıxan ağ saçlarından, nurdan düşmüş gözlərindən öpməyə başladı. Bəyim nənə həmişə qayğılı, kədərli gördüyü nəvəsinin belə sevinməsinə təəccüblənsə də, tez də hər şeydən agah adamlar sayağı dodaqaltı gülümsədi.- Noolub, ay bala, xeyir olsun?- Nənə, axşam Əkbər bizə gələjək!- Noolsun, Əkbər elə hər gün gəlir də!..- Yox ey, ay nənə, bu dəfə ayrı cür gəlir!- Nətəhər?- Utana-utana! – deyib, əlini-əlinə vurub, ucadan güldü…***Bu gün Yasəmən gəlin köçürdü. Deyirlər, əynində gəlinlik paltarı olan qıza Allah həmin gün xüsusi gözəllik bəxş edir. Böyük bədənnüma güzgünün qarşısında özünə baxmaqdan doymayan Yasəmən sanki tay-tuşlarına da bunu göstərmək istəyirdi. Dünya Yasəmənin gözündə çiçək açmışdı, həyat gözəlləşmişdi. İndi onu xoşbəxt edəcək Əkbəri vardı.Yasəmən xoşbəxt idi. Başına yığışan sinif yoldaşları, kənd camaatı, toya gələn hər kəs ondakı bu dəyişikliyi aydınca görürdü.Xoşbəxt günləri bir-birinə calandı. Oğlu dünyaya gəldi. Hər şeyə sevinməyə adət etmişdilər. Lap elə qarın yağmasına, günün çıxmasına, quşların səsinə – hər şeyə, hər şeyə sevinirdilər. Bu sevinclər xoşbəxtliyin ətrafa sıçratdığı zərrələr idi. Heç kimdən gizlətmədən, çəkinmədən arzusunda olduğu, amma heç vaxt ağlına da gətirmədiyi xoşbəxtlik ona nəsib olmuşdu. “Mən xoşbəxtəm” kəlmələri dilindən düşmürdü.***Bu gün oğlunun doğulmasının 6 ayı, Əkbərin cəbhəyə getməsinin 10 ayı tamam olurdu. Əkbər 6 ayda oğlunun üzünü 6 dəfə doğru-dürüst görməmişdi. Evə gələndə də əyin-başını dəyişər, yuyunar, sonra qohum-əqrəba ilə görüşər, hamıdan əhval tutardı. Ona görə də oğluna az vaxt ayırardı. Axırıncı dəfə gələndə isə vaxtının çoxunu oğlu ilə keçirdi. Yasəmənin məxsusi bişirdiyi xörəkləri tərifləyə-tərifləyə yeməyə başladı. Çay süfrəsi arxasında keçmişdən-gələcəkdən danışdılar. Söhbət cəbhədən düşəndə, Əkbər susdu. Ordakı ağır döyüşlərdən, itkilərdən danışıb, Yasəmənin ürəyini sıxmaq istəmədi. Onsuz da kəndə tez-tez gələn şəhid tabutlarından vəziyyət bəlli idi. Səhər tezdən Əkbər Yasəməni evdə hərlənən gördü.Ortada qoyulmuş dəyirmi stolun üstündə çay dəstgahı artıq hazır idi. Tələsməli idi. İcazə vaxtı saat 9-da bitirdi. Əynini geyindi. Oğlunun çarpayısına yaxınlaşdı. Körpə elə şirin-şirin, sakit yatırdı ki, onu öpüb oyatmağa ürəyi gəlmədi. Başını beşiyə əyib, ciyər dolusu uşağı qoxladı. Əlində sini otağa girən Yasəmən gördüyü mənzərədən təsirlənsə də, üzə vurmadı.- Gedirsən? Çay içməmiş?- Orda içərəm!- Heç olmasa ağzına bir loxma qoy! – dedi və əlini uzadıb, stolun üstünə qoyulmuş təndir çörəyindən bir parça qopardı. Həmin parçanı nəlbəkidəki çiyəyə batıraraq Əkbərin ağzına yaxınlaşdırdı. Əkbər gülümsündü. Yasəmənin qayğısı, onunçün narahat olması həmişəki kimi Əkbəri məmnun etdi. Ağzındakı çörəyi çeynəyə-çeynəyə həyətə düşdü. İri əsgər çəkmələrini ayağına geyindi. Əkbər həyətə bir yoxlayıcı nəzər saldı. Saat 5 olduğuna görə evdə onlardan başqa heç kəs oyaq deyildi. Arxayınlaşdı. Yasəmənə yaxınlaşdı. Yasəmən qeyri-ixtiyari dilləndi:- Gedirsən?- Hə, amma qayıdajam. Sənə söz vermişəm axı… Səni xoşbəxt edəjəm. Məni gözlə! Səbrlə! Gələjəm! – dedi. Və Yasəməni bağrına basıb, gözündən öpdü. Onun nə deyəcəyini, nə söyləyəcəyini gözləmədən tələsik ordan ayrıldı.Əkbər bilirdi ki, Yasəmən hönkürməkdən özünü güclə saxlayır. Ancaq ərini narahat yola salmamaq üçün canını dişinə sıxıb, susur. Yasəmən Əkbərin ayaq tappıltılarının uzaqlaşdığını hiss edəndən sonra kövrəlməyə başladı. “Əkbər, sən bilsən ki, dünyam sənsiz necə cansıxıcıdı… Gələndə də kədərlənirəm, bilirəm ki, qayıtmaq üçün gəlmisən, gedəndə də bilirəm ki, ayrılıq xeyli çəkəcək. İki illik həyatımızda mənə o qədər məhəbbət və qayğı göstərmisən ki, heç bilmirəm bundan əvvəlki illəri sənsiz necə yaşamışam. Bircə bildiyim budur ki, sənsiz yaşamaq, danışmaq, gülmək, nəfəs almaq mənə mənasız gəlir! Kaş döyüşə getməyəydin, onsuz da qardaşların gedir də … və birdən fikrindən keçirdiyi sözə utandı.- Eh… get, təki Ailah üstündə yar olsun…
***Yasəmən bu düşüncələrlə yuxuya daldı. Onu körpənin ağlamaq səsi ayırdı. Uzandığı çarpayıdan cəld qalxaraq, körpəni qucağına götürdü və yedirtməyə başladı. Bu zaman darvaza möhkəm döyüldü. Yasəmən uşağı çarpayıya qoyub, eyvana çıxdı. Darvaza hündür olduğu üçün heç kim görünmürdü. Yasəmən darvazaya tərəf səsləndi:- Kimdi?Suala sualla cavab gəldi:- Evdə kim var? Mina xalaya denən sizi Sovetliyə çağırırlar.Qonşu uşağı Yasəmənin növbəti sualını gözləmədən, qəfil gəldiyi kimi də, qəfil yoxa çıxdı. “Xeyir olsun, Mina bibimi Sovetliyə niyə çağırsınlar!”.Bir azdan böyük qaynı Ədil təngnəfəs özünü yetirdi. Salamsız, kəlamsız:- Anam hanı?- Raya xalagilə gedib!Ədil həyətdən yel kimi çıxdı. Yasəmən vedrələri götürüb, həyətin ayağından axan arxa sarı getdi. Arxa yaxınlaşanda günortakı yuxusu yadına düşdü. O dəqiqə də halı dəyişdi, bikefləndi. Ordan tez uzaqlaşmaq üçün vedrələri tələsik arxa salıb doldurdu. Asta-asta evə tərəf gəlməyə başladı. Həyətə çatdı. Nəfəsini dərmək üçün vedrələri yerə qoydu. Bu zaman darvazanın qarşısında iki maşın saxladı. Maşın dayanan kimi də Mina bibisinin fəryadlı qışqırtısı nəinki həyəti, bütün məhləni başına götürdü:- Balam laylay, balam laylay, anan öləydi, ay Əkbər! Bala lay-lay… Yaralı canına, axan qanına anan qurban!Kişilər də hönkürürdü. Elə Ədil də anası kimi ucadan ağı deyirdi.Yasəmən səsdən çaşdığı üçün əvvəlcə heç nə anlamadı. Elə bildi ki, yuxu görür, pis bir yuxu… Gözlərini ovuclarının içi ilə sıxcaladı. Yox, yuxu deyil, hamı ağlayırdı. Əkbərin adını çağıra-çağıra….Amma anlaya bilmirdi ki, niyə məhz “Əkbər” deyə ağlayırlar. Soruşmaq istədi. Səsi çıxmadı. Nə qədər cəhd etdisə, nitqi açılmadı. Yavaş-yavaş çoxalan adamlara baxdı. Gözləri ilə kimisə axtardı. Tapa bilməyəndə istədi kimsə ona nə baş verdiyini anlatsın. Mina bibi elə bil Yasəmənin fikrini tutdu:- Yazıq bala, ay bala, Əkbərin öldü. Yazıq, ay yazıq yetim! -deyə sanki Yasəməni ayıltmağa, olduğu röyadan oyatmağa çalışdı.Yasəmənin qaranlıq çökmüş beynində birdən elə bil şimşək çaxdı. Yalnız o bir anlıq şimşəyin işığında hər şeyi aydınca gördü. Əkbər ölüb…Dodaqlarının arasından zəif səs eşidildi: “Əkbər?” Söz ağzından çıxan kimi bir parça ət olub, yerə sərildi.Gözünü açanda başının üstündə qara geyimli, qara yaylıqlı qadınları gördü. Üzlərini seçə bilmirdi. Danışmağa halı da yox idi ki, kimliklərini, nə istədiklərini, indi kimi aparmağa gəldiklərini soruşsun.Kimsə yavaşca “Allaha şükür gözünü açdı” – dedi. Bir başqası isə “Allahın rəhmi o körpəyə gəldi. Körpə lap yetim qalardı” cavabını verdi.”Körpə, yetim, yetim körpə”. Yenə heç nə anlaya bilmədi. Nəsə soruşmaq istəsə də, iniltidən başqa ondan heç bir səs çıxmadı. Gözləri qapandı. Arada qulağına uğultu qarışıq insan səsləri gəlsə də, bu səslər tez də kəsildi.Axşamtərəfi idi. Həyətdə adam əlindən tərpənmək olmurdu. Kişilər bir kənara çəkilib, siqaret tüstülədir, astadan söhbət edirdilər. Kəndin yeniyetmələri neçə gün əvvəl tikilmiş böyük mağarı sökür, qadınlar həyət-bacanı qaydaya salır, uşaqlar isə qonşulardan gəlmiş stol-stulları, müşəmbələri, mağarın içərisinə vurulmuş gəbə və kilimləri paylaşdırırdılar. Hamı sanki bir-biri ilə küsülü idi. Böyük günah etmiş adamlar kimi bir-birinin gözünün içinə baxmır, susurdular. Birdən Şəfəq içəri evdən h[vlanak çıxıb, pilləkənlərin başına gəldi:- Mina bibi, Yasəmən ayıldı, gözlərini açdı!Həyətdə canlanma yarandı. Hamının üzünə ani bir sevinc gəldi. Çünki Yasəmən Əkbərin ölüm xəbərini eşidən gündən dərin sarsıntıdan infarkt keçirmişdi. Kəndin həkimi – Qədir həkim bir müddət xəstənin yanından ayrılmamış, onu yerindən tərpətməyə, narahat etməyə qoymamışdı. Odur ki, qohum-əqrəbadan çox özü sevinirdi. Çölə çıxıb Mina bibiyə yaxınlaşdı:- Ay Mina bajı, çalışın gəlinin yanında ağlayıb, sızlamayın. Ağır sarsıntıdan infarkt keçirib, amma qorxmayın, yüngüldü. Kaş ağlayaydı! Ağlaya bilmədiyi üçün zərbə ürəyə dəyib. Yataqdan qalxmasın, uşağı yanından götürməyin! Tez-tez gələjəm.- Sağ ol, başına dönüm, ay həkim! Ay həkim, səni yaman narahat elədik!- Bu nə sözdü ay Mina bajı? Borcumuzdu! Bir narahatçılıq olsa, xəbər verin!Həkim sağollaşıb getdi. İndi heç kəs pilləkənlə qalxmağa, içəri keçməyə ürək eləmirdi. Hamı bir-birinin üzünə baxırdı. Bilirdilər ki, içəridə Yasəmənin sual dolu baxışları onların yolunu gözləyir.Əkbərin böyük bacısı Fitat önlüyü yaxasından açıb, əllərini sildi. Elə önlük əllərində tərəddüdlə pilləkənləri qaxdı. Evin qapısını açıb, içəri keçdi. Çarpayının baş tərəfinə iki balış üst-üstə qoyulmuş, tibb bacısının köməyi ilə Yasəmən o balışa söykənmişdi. İfadəsiz gözləri elə hey bir məchulnöqtəyə baxırdı. Bu neçə gündə ac-susuz olması onu xeyli sınıxdırmışdı. Rəngi yenə əvvəlki kimi qaralmış, gözləri çuxura düşmüşdü. Fitat qoşa çarpayıda Əkbərin yatdığı tərəfin boş olmasını elə bil indi gördü. Fikrindən nə keçdisə, qəhərini zorla boğa-boğa:- Can, can, Allah məni öldürsün! – dedi.Fitatın yaşı hələ qırxı təzə adlasa da, dünyanın bərkinə-boşuna dəfələrlə düşmüşdü. Amma indi nə demək, necə təsəlli vermək lazım olduğunu bilmirdi. Əkbərin ona doğma qardaş olduğunu sanki unutmuşdu. Elə bil Əkbər yalnız Yasəmənə məxsus idi. Qardaş kimi də, ər kimi də, dost kimi də, lap elə sevgili kimi də. Ona elə gəlirdi ki, doğma bacı olsa da, Əkbərin itkisinə Yasəmən qədər yanmır. Özünü toxtaq göstərməyə çalışdı:- Qadan alım, neçə gündü, ajsan, nə yeyirsən, gətirim?.. Çay içirsən?.. Ürəyin nə istəyir?.. Balanı görmək istəyirsən?.. Sən Allah, ürəyin nə istəyir?Yasəmənin ifadəsiz gözlərində yumrulanmış iki damla yaş sifəti aşağı yuvarlanaraq sinəsinə düşdü. O, zəif səslə, astadan:- Əkbəri… – dedi və bu dəfə aramsız süzülən yaşlar həyətin ayağından axan arxı xatırlatdı. Ölüm xəbəri çıxandan bəri ilk dəfə idi ki, Əkbər üçün göz yaşı axıdırdı Yasəmən!Gələcəkdə onu nələrin gözlədiyini bilməsə də, kəlməbaşı eşitdiyi “yazıq” sözü çox şeydən xəbər verirdi. Həkimin tapşırıqları Fitatın yadından çıxmışdı, o da Yasəmənə qoşuldu və anladı ki, yeddi gündür o, ancaq şəhid olmuş qardaşını ağlayıb, indi isə arzu-muradı gözündə qalmış, ümidləri sönmüş, ruhən ölmüş Yasəməni ağlayır. Ağladıqca fikri aydınlaşan Fitat dilinə qəfil gələn sözləri üyüdüb-tökməyə başladı:- Qadan alım, belə yanıqlı-yanıqlı ağlama. Neynəmək olar, ölüm haqdı, alnımıza nə yazılıb, onu da görəjiyik. Ağlama, başına dönüm, ağlama, şükür, bir balan var. Əkbərin yadigarıdır. Ona yaxşı bax, böyüt! Əkbərin ruhu da şad olsun! Təkcə sənin başına gəlməyif ha! Sakit ol… ağlama… qadan alım!Yasəmən artıq sakitləşmişdi. Yenə də gözünü bir nöqtəyə zilləyib durmuşdu. Fitat Yasəmənin kiridiyini görüb, söhbətin səmtini dəyişməyə çalışdi:- Yasəmən, bir əsgər gəlmişdi. Əkbərin silahdaşı. Nə vaxtdandı bir yerdəymişlər, – ağlamsındı, – Əkbər elə onun qolları arasında can verib. Deyəsən, xeyli də söhbət ediblər, nə bilim, vallah, nəysə sözdü adama oxşuyurdu. Səni görmək istəyirdi, deyəsən?!.Yasəmən bu neçə vaxtda ilk dəfə ağzını açıb, bir neçə kəlmə söz söylədi:- Bəs indi, hanı?- Gedib, günortadan gedib, bəlkə cümə axşamı gəldi.Yasəmən gözlərini qapadı, artıq ağlamağa da heyi-taqəti qalmamışdı. Fitat elə bildi ki, o, yatmaq istəyir. Tez oturduğu yerdən qalxıb, barmaqlarının ucunda qapıya tərəf getdi.Əkbərin yeddisindən beş gün keçmişdi. Sabah isə cümə axşamı olacaqdı. Yenə də həyət qələbəlik idi. Hamı sabahkı məclisə hazırlaşırdı. Yasəmən heç bir iş görməsə də əlləri qoynunda, eyvanda dirəyə söykənərək fikrə getmişdi. Elə bil ətrafda baş verən səs-küyü, qaynaşmanı görmür, eşitmirdi. Əslində heç nə fikirləşmirdi, heç fikirləşə də bilmirdi. Hər şey gözündə adiləşmişdi. Bu adilik onu o qədər sıxırdı ki, bu həyətdən, bu kənddən, lap elə bu dünyadan qaçmaq, uzaqlaşmaq istəyirdi. Təsəlli tapacağı, sakitləşəcəyi bir guşə axtarırdı Yasəmən… Elə bir yer ki, orda əvvəlki kimi xoşbəxt olsun, qayğısız olsun! Fikrində axtardı, aradı… və tapdı. O, yalnız Əkbərin yanında, onun qolları arasında xoşbəxt olar… Qayğısız olar… Ürəyində sevindi, yer tapdığına görə… İçi çiçək açdı, bir addım atsa, Əkbərlə görüşəcək, Əkbərlə birlikdə olacaq. Heç kəs onu Əkbərdən ayırmayacaq… heç kəs…Gözü eyvanda, dirəyə bərkidilmiş elektrik xəttinə sataşdı. Yasəmən əlini atıb elektrik xəttini var gücü ilə dartdı. Xətt Yasəmənin əlində gəldi. Kimsənin görüb-görmədiyini yəqinləşdirmək üçün ətrafa göz gəzdirdi. Birdən lap qarşısında, uşaq arabasında yatmış körpə onu yuxudan ayıltdı. Nə etmək istədiyini indi anladı. “Yaxşı, Əkbər yox, mən də yox… Bu uşağa kim məhəbbət göstərəcək, kim onu sevib əzizləyəcək? Heç kim! Mən boyda adam nəvazişin, məhəbbətin yoxluğundan usanmışam, bəs bu körpə necə dözəcək?.. Heç kim onu mənim qədər sevməyəcək axı, uzaq başı mərhəmətlə başına sığal çəkəcəklər, vəssalam… bəs sonra?”Öz yetimliyini yadına salan Yasəmən əlindəki elektrik xəttini kənara itələyib, dünyadan xəbərsiz, arabasında yatmış körpəsini sinəsinə sıxdı və bu neçə gündə ilk dəfə yanıqlı səslə, ucadan ağı deyib hönkürməyə başladı.
Əzizim ağlamazdım,Gülərdim, ağlamazdım.Bilsəydim vəfan budu,Sənə bel bağlamazdım.
Həyətdəkilər əllərini bir anlıq işdən ayırdılar. Qadınlardan bir neçəsi yuxarı çıxaraq, Yasəmənlə bərabər göz yaşı tökməyə tələssələr də, Mina bibi əli ilə onlara “olmaz” işarəsi verib sakitcə dedi:- Dəyməyin, qoyun ürəyini boşaltsın.Səhər hamı tezdən oyanmışdı. Hər kəs öz öhdəsinə düşən işi görürdü.Yasa gələnlər iki-bir, üç-bir həyətə daxil olur, Ədil onları qarşılayıb mağara dəvət edirdi. Qadınları isə bacısı Fitat otağa aparırdı. Bu zaman həyətə bir əsgər girdi. Qadınlardan başqa həyətdə hər kim vardısa, hamı onun qarşısına yeridi. Xüsusi hörmətlə əsgərə yaxınlaşıb, mehribancasına görüşdülər. Ədil əsgəri də mağara dəvət etdi.-Məni bağışlayın, burda çox qala bilmərəm. Sabah döyüş olacaq, gərək gedib hazırlaşım. Amma Yasəmən bacıya çatacaq əmanət, gərək verim. – Ədil məsələdən hali adamlar kimi başını yellədi. Razılığını verdi. Üzünü Fitata çevirib dedi: – Yasəməni çağır gəlsin!Fitat Yasəmənin nə üçün çağrıldığını anlamasa da, yaşına uyğun olmayan bir cəldliklə ağlaşma olan otağa tərəf getdi. Gözləri ağlamaqdan qıpqırmızı qızarmış Yasəmənlə qayıtdı. Ədil, Fitat, Yasəmən və əsgər boş otaqlardan birinə keçdilər. Söhbətə nədən başlayaçağını bilməyən əsgər bir müddət susdu. Sonra siqaretini yandırdı. Və asta-asta danışmağa başladı:- Əkbər səmimiyyətinə görə orduya gələn gündən hamının hörmətini qazanmışdı. Çox ciddi oğlan idi. Döyüşə hamıdan əvvəl atılar, döyüş meydanını hamıdan axırda tərk edərdi. Döyüşlərə ruh yüksəkliyi ilə hazırlaşmasında hamıya örnək idi. Bəzən boş vaxtlarımızda hərə bir işlə məşğul olardıq. O isə qara rəngli kiçik bir bloknotu açar, qələmi əlinə götürüb, ora nəsə yazar, yazını bitirdikdən sonra, gözünü açıq bloknotun yazılı səhifələrinə zilləyərək bəlkə də, saatlarla xəyala dalardı. Öz aləminə elə qapılardı ki, mənim ona baxdığımı, bəzən də hərəkətlərinə güldüyümü də hiss etməzdi. Sonra bloknotu cibinə qoymazdan əvvəl iki dəfə öpərdi. Sonradan bildim ki, şəkildir. Bir gün yenə yazırdı.Mən ona yaxınlaşıb:- Deyəsən, “şanlı”dı hə? – dedim.Başını qaldırıb gülümsədi:- Yox, “şansızdı”! Oğluma, yoldaşıma yazıram! – dedi.- Dost, deyəsən, sən hər döyüşdən əvvəl bir roman yazıb gedirsən!- Ölüm göznən qaş arasındadır, İsmayıl! Hər an, hər şey ola bilər. Mən bilirəm ki, həyat yoldaşım mənim itkimə dözməz, ona görə də çalışıram onu özüm ovundurum. Axı, oğlum onsuz lap yetim qalar. Ürəyimə damıb ki…- Ə, yaxşı sən Allah! Yekə kişisən, durub boş-boş şeylərdən danışırsan. Denən, ay İsmayıl, qoy müharibə qurtarsın, səni aparım…ə, tut ağacınız varmı?- Hə…- O tut ağacının altında bir yaxşı qonaqlıq verim, səni ailəmlə tanış edim… Sən də başlamısan bəd-bəd danışmağa… xeyirsöyləməz!Əkbər mənim ürəklə dediyim şirin arzularla gülümsündü:- Yaxşı, mən təslim, müharibədən sonra gedirik bizə! Amma səndən bir xahişim var… Əgər mənə bir şey olsa, bu bloknotu həyat yoldaşıma çatdır. Oldu?- Oldu, oldu… Allah eləməsin!Söhbətləşdiyimiz günün sabahısı döyüş əmri verildi. Bizim batalyon xüsusi coşğunluqla döyüşə atıldı. Əkbəri isə döyüş ərəfəsində tanımaq mümkün deyildi. Ermənilərə qarşı o qədər nifrətlə döyüşürdü ki, onları məhv etmək, yer üzündən qaşımaq eşqi ilə alışıb-yanırdı. Əvvəl səngərdən çıxmadan atəş açırdısa, indi irəliyə sürünərək, düşmənləri daha yaxından biçib-tökürdü. Artıq düşmən onu hədəfə götürmüşdü. Buna baxmayaraq, Əkbər yerini dəyişmək, geri, səngərə qayıtmaq fikrinə düşmürdü. Birdən qarşı tərəfdən “Qrad” mərmisi Əkbərin lap yaxınlığına düşdü. Əkbər tərpənmədi.Əkbərin paltarı deşik-deşik olmuş, hər tərəfindən qan axırdı. Hiss olunurdu ki, onu heç cür xilas etmək mümkün deyil. Son dəqiqələri idi. Nəsə demək istədi. Dillənə bilmədi. Amma gözlərini üzümə zilləyərək, sanki “tapşırığımı unutma”, dedi və gözlərini əbədi yumdu. Bu müharibə dövründə, mən təbii ki, silahdaşlarımın çoxunun ölümünün şahidi olmuşam, kədərlənmişəm. Amma Əkbərin itkisi məni dərindən ağrıdıb. Bəlkə də onun bloknotu mənim əlimə keçməsəydi, mən bu qədər sarsılmazdım.İsmayıl əlini cibinə atdı. Ordan qara cildli bir bloknot çıxardi:- Buyurun, Yasəmən xanım, bu, sizə çatacaq! – dedi və üstündən dağ götürülmüş adam kimi dərindən nəfəs aldı. Sonra acı və təəssüf dolu təbəssümlə dilləndi: – Əkbər xoşbəxt insandı, sizin kimi həyat yoldaşı, oğlu, bacısı, qardaşı, qohum-əqrəbası, heç olmasa basdırıldığı qəbiristanlığı var. Mən isə hər şeydən məhrumam!- Niyə, qardaş!İsmayıl indiyə qədər təmkinlə danışmasına, hərəkət etməsinə baxmayaraq, qeyri-ixtiyari gözləri doldu. Kəsik-kəsik qəhərli səslə:- Mən Xocalıdanam! – dedi və iti addımlarla ordan uzaqlaşdı. Yəqin ki, göz yaşlarını qadınların yanında göstərmək istəmədi.Yasəmən əlində dəftərçə yenidən həmin otağa qayıtdı. Fitat israrla içəridə qalmaq istəsə də Yasəmən razılaşmadı. Qapını bağlayıb, dəftərçəni vərəqləməyə başladı.Dəftərçənin içəridən cildinə keçirilmiş, iki-üç ay bundan əvvəl oğlu ilə birgə çəkdirdiyi şəkil, sonra isə aydın xətlə yazılmış bir neçə vərəq göründü. Yasəmən dəftərçəni burnuna yaxınlaşdırıb qoxladı. Gözlərinin yaşını silib, dəftərçəni oxumağa başladı.
1-ci vərəq
“Yasəmən, indi başa düşürəm ki, səni nə qədər sevirmisəm. Ayrılıq adama cox şeylər deyir. Yaxşı ki, heç vaxt xətrinə dəyməmişəm, yoxsa indi altını çəkərdim. Səmədin üzündən, gözlərindən öp. Mən ikinizi də öpürəm. Sağ olun!”
2-ci vərəq
“Salam, sabah döyüşə gedirik, oğlum amanatı! Məni qoruduğun kimi, sevdiyin kimi, onu da qoru, sev. Çünki o, mənim parçamdı. Görüşmək ümidi ilə! Öpürəm. Sağ ol!”
3-cü vərəq
“Mənim həyatım, salam! Bəlkə də, sən bunları oxuyanda mən həyatda olmayacağam, bəlkə də…Çox arzu edirəm ki, bunu müharibə qurtarandan sonra həyətdəki tut ağacının altında birgə oturub oxuyaq və gülək. Həm də biləsən ki, səni nə qədər sevirəm”.
4-cü vərəq
“Yasəmən, şər deməsən, xeyir gəlməz. Müharibənin öz qanunları var, ölüm hər an başımızın üstündədir. Bir canım var, onu da anama, Vətənimə qurban demişəm. Onların borcundan çıxmaq üçün elə bilirəm canım bəs edər. Başqa heç kimə borcum yoxdu”.
5-ci vərəq
“Heç kimin yanında gözükölgəli deyiləm. Kimə nə söz vermişəm, yerinə yetirmişəm. Kimə borclu olmuşam borcun qaytarmışam. Bir səndən başqa…”
6-cı vərəq
“Sənə söz vermişdim, səni xoşbəxt edəcəm deyə… Sənə söz vermişdim, həyatımın sonuna qədər səndən ayrılmayacağam deyə… Səni kədərlənməyə, ağlamağa qoymayacağam. Sənə söz vermişdim… Bu müharibədi, Yasəmən! O, bizim arzularımıza, sözümüzə məhəl qoymur, öz bildiyini edir”.
7-ci vərəq
“Əgər ölüm haqlasa… məni sözümü tutmamaqda günahlandırma, Yasəmən! Məni bağışla! Çünki təkcə sənə verdiyim sözə, vədə əməl edə bilmədim… təkcə sənin yanında günahkaram…Təkcə sən bağışla!
Müəllif:Əntiqə RƏŞİD
İlkin mənbə: adalet.az
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru