Rafail Tagizade tərəfindən yazılmış bütün yazılar

İnsan süni intellekt üçün Allah olacaq- “Ədəbiyyat söhbətləri”

YUNUS OĞUZ:  “Biz Əfrasiyaba qayıdırıq. Bu dəfə daha yüksək səviyyədə, daha güclü qayıdırıq”

“Yaradıcı adamda azadlığın  sərbəstliyi var”

Olaylar” AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi fil.f.d., dosent Elnarə Qaragözovanın moderatorluğu ilə  “Ədəbiyyat söhbətləri” adlı yeni layihəyə başlayır.

İlk müsahib “Olaylar” informasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzdur.  

E.Q. – Birinci sualım ədəbiyyatın özü qədər qədimdir, yazıçılara  daim ünvanlanan bir sualdır.  Amma mənə, eləcə də oxucularınıza çox maraqlıdır ki, məhz Yunus Oğuz üçün ədəbiyyat nədir?

Y.O. – Ədəbiyyat yaradıcılıq deməkdir. Amma təkcə yaradıcılıq deyil. Elə elm də dərindən baxanda yaradıcılıqdır. Texnikada da kifayət qədər yaradıcılıq var. Amma ədəbiyyat tam başqadır. Ədəbiyyatda yaradıcılıq, mən deyərdim ki, insanın daxili aləminə müraciəti deməkdir. İnsan daxili aləmdə ruhuna müraciət edir, canına müraciət edir, mənəvi dünyasına müraciət edir.  Bu məqamda insan həm quldur, həm də padşahdır. Ədəbiyyatda çox zaman fiziki dünya ilə mənəvi dünyanı səhv salırlar. Və fikirləşirlər ki, fiziki dünyada sən azad deyilsən. Fiziki dünyada azadllığın məhduddur. Amma ədəbiyyatda, bədii yaradıcılıqda azadlıqdır. Məhmət Akif Ərsoyun “İstiqlal” marşından iki  misranı deyəcəyəm: 

– Mən əzəldən bəridir hürr yaşadım, hürr yaşaram, 

Hansı çılğın mənə zəncir vuracaqmış? Şaşaram!

Bax insanın yaradıcılığında, mənəvi dünyasında ona heç kim zəncir vura bilməz. Amma fiziki dünyada bu mümkündür. 

E.Q. – O zaman sualdan sual doğur. Bəs ədəbiyyatda azadlığın sərhədləri yoxdurmu? 

Y.O. – Var, var. Əslində ədəbiyyatda, belə deyək, ədəbi ideologiya var, dünya ideologiyası var, dövlətin ideologiyası var, yazıçının özünün şəxsi ideologiyası var. Amma məhz bütün bunların içində sən yaradıcı olursan. Əlbəttə, əsl ədəbiyyatdan danışıram.

E.Q. – Mən elə ora gətirirdim ki, bəzən istənilən bir mətni təqdim edir, əsaslandıraraq deyirlər ki, ədəbiyyat azadlıqdır, bu yazdığım da mənim azad düşüncələrimdir, yəni ədəbiyyatdır. 

Y.O. – Yox, yox. Elə şeylər var ki, deyək ki, Salman Rüşdünün təqdim etdiyi ədəbiyyat nə idi ki? Dini təhqir etmək idi. Yəni insan yaradıcı olsa da sərhəd olmalıdır. Onun yazdıqları Avropaya xoş gəlirdi, amma deyək ki, İrana xoş gəlmədi. 

E.Q. – Deməli mütləq etik sərhədlər olmalıdır. 

Y.O. – Təbii. Ona görə deyirəm ki, mənəvi yaradıcılığın öz sərhədləri, qırmızı xətləri var. Onu keçə bilməzsən. Mən yaradıcıyam deyib hər şeyin üstündən qırmızı xətt çəkə bilməzsən.Amma düşünürəm ki, yaradıcı adamda azadlığın  sərbəstliyi var. 

E.Q. – Maraqlı ifadədir: azadlığın sərbəstliyi.

Y.O. – Bəli, azadlığın sərbəstliyi. Məsələ burasındadır ki, mənəvi dünyadan fiziki dünyaya keçəndə çoxları onu başa düşmür. Əslində fiziki dünya ilə mənəvi dünya fərqlidir. İnsan çox zaman onu başa düşmür və mənəvi dünyanı istisnasız, birbaşa fiziki dünyaya tətbiq edəndə mizan pozulur. Buna görə cinayətlər və s. baş verir. Məsələn, şagirdlər arasında baş verən insidentlər. Bu özünün iç aləmini fiziki dünyaya keçirməkdir.

E.Q. – Deməli, fiziki dünyanı mənəvi dünyaya keçirmək daha yaxşıdır. 

Y.O. – Əlbəttə. Fiziki dünyanı mənəvi dünyaya keçirəndə kamilləşdirə bilsən, gözəl əsər yarada bilərsən. Əslində bu iki dünya bir-biri ilə vəhdətdədir, biri-birinə təsir edir. Amma baxır, onun təsiri kimə aiddir. Məsələn sizə aiddirsə, alim adamsınız, yaradıcısınız. Onu daha da inkişaf etdirirsiniz. Adi insanlar isə iki dünyanı qarışdırırlar. Qarışdıranda ya dəli olur, ya cinayət törədir və s. 

E.Q. – Deməli hazırlıq lazımdır. 

Y.O. – Hökmən, hökmən. Hazırlıq, yəni oxumaq lazımdır. Sizə bir söz deyim. Oxumaq mənəvi dünyanın fiziki dünyaya təsiridir. Tibbi nöqteyi nəzərdən təsirini deyirəm. Yaradıcı insan yaradıcılıqla məşğul olanda həyəcanlanır, yeni ideya gəlir, həyəcanlanır və o həyəcanın bioloji impulsları orqanizmi müsbət mənada yükləyir, orqanizmi xəstələnməyə qoymur. Bax, məsələ bundadır. Çoxları başa düşmür bunu. Amma, əlbəttə, söhbət əsl yaradıcılıqdan gedir. 

E.Q. – Deməli buna görə əsl yaradıcı insanlar öz yaşlarından daha gənc görünür, enerjili olurlar. Əsl yaradıcı insanların özlərinin də çox qəribə bir enerjiləri var

Y.O. – Məsələn, Nəriman Həsənzadə, Anar. Onlar yaradıcılıqla məşğuldur, həmin bioimpulsları daxildə orqanizmə verib onu enerjili saxlayırlar. Yaradıcılıq enerji yaradır. Onun qələmindən çıxan özü enerjidir. Məsələn, insanın milyonları var, vəzifəsi var. Vəzifədə olanda top kimidir. Amma vəzifədən çıxarılan kimi xəstələnir. Deməli enerjini itirir. Vəzifə də yaradıcılıqdır. Amma bədii yaradıcılıqda, elmi yaradıcılıqda qorxu yoxdur. O müsbət enerji yaradır. Bəzi  məmurlarda isə yaradıcılıq məsələn, rüşvətə qarışıb mənfi enerji yaradır. Qorxu yaradır. Qorxu hissi artıq onun canına hopur, xəstələnir. Ədəbiyyat, elm, incəsənət isə əsl yaradıcılıqdır. 

E.Q. – Elə bu məqamdan növbəti suala keçid alaq. Sizin yaradıcılığınızın müxtəlif aspektləri var. Qələminizi tarixi romanlarla yanaşı nəsrin felyeton, esse, povest janrlarında, poeziyada, dramaturgiyada da sınamısınız. Amma nədənsə Yunus Oğuzu məhz tarixi romanlar müəllifi kimi tanıyırlar. Ya da Yunus Oğuz məhz bu cür tanınmaq istəyib. Niyə? 

Y.O. – Ədəbiyyatımızda bir müddət tarixi romanlar yox dərəcəsində idi. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının tarixi romanı yox idi. Olanlar da sovet şinelindən çıxmışdı. Amma yeni dövrdə real tarixi mövzular qoymaq lazım idi. Mən tarixi mövzulara, ümumən ədəbiyyata niyə keçdim? Elmi tarixi ədəbiyyatla bədii ədəbiyyat arasında çox sərhəd var. Elmdə deyə bilmədiyini bədii ədəbiyyatda deyə bilirsən. Düşünürəm ki, səbəbin biri bu idi. Digər tərəfdən elmdə postulatlar var, yəni elm klassik cəhətdən postulatlar deməkdir. Sənin dediyin fikri dünya qəbul edəcəkmi? Dünyanı qoyaq kənara, özümüzdə akademiyada gətirdiyin fikri qəbul edəcəklərmi? Yəni bir yenilik ortalığa atanda gərək onu sübut edəsən. Çünki biz  azad elmi tarixi ədəbiyyatımızı hələ tam şəkildə yaratmamışıq. İndi-indi yaranır bu milli tarixi ədəbiyyat. Hələki elmdə ilk növbədə Qərbi Azərbaycan tarixi ədəbiyyatımızı yaradırıq. Amma burada əsas məqam budur:  həm əsl milli tarixini göstərməlisən, həm də bu tarixin kütləvi oxucusu olmalıdır. Kütləvi oxucu isə yalnız bədii ədəbiyyatdadır. Elmi ədəbiyyat nümunəsini 100 nəfər oxuyar. Bir kitabını çap edərsən, paylayarsan oxunar. 10-15 il sonra bir kitab da çap edərsən. Belə olanda ömür gedir, missiya isə tamamlanmır. Amma bədii ədəbiyyatda qələmin elə bil meydanda qladiatordur. Qılıncını hara çalırsan çal, hər yer döyüş meydanıdır. 

E.Q. – Mən sizin stolunuzun üstündə bir kitab görürəm. Lev Qumilyovun “Etnosun coğrafiyası tarixi dövrdə” kitabı. Bu kitabı mütaliə edən yazıçıya bir sual ünvanlanamq istəyirəm: Yunus Oğuzun romanlarının zaman və qəhrəman seçimi hansı meyara əsaslanır? Niyə məhz bu qəhrəmanlar, niyə məhz bu tarixi dövr? Bunu öncədən plan kimi qarşınıza qoyur, müəyyənləşdirirsiniz, yoxsa ideya, fikir kimi yaranır? 

Y.O. – Yalnız zaman yox, həm də məkan faktoru var. Bəziləri fikir kimi, bəziləri öncədən düşünülərək yaradılır. Əslində mən öz keçmişimi bilmək istəyirəm. Xalqımıza da keçmişimizi göstərmək istəyirəm. Bizim keçmişimiz nədir, necədir, hansıdır? Keçmişinə  daş atanın  gələcəyini  topa tutarlar. Keçmişi olmayanın tarixi təkrar olunur.  

E.Q. – Yəni tamamlanmayan təkrar olunur, dairə mütləq qapanmalıdır. Dairə qapanana qədər həmin məqam təkrar olunur. 

Y.O. – Qumilyov da məhz onu yazır. Hər millətin tarixi ziqzaq kimi 800-1300 ildən bir təkrar olunur. Xalqın qalxma dövrü var, enmə dövrü var. Qalxmadan sonra yeddi il qomestaz halına düşür, ondan sonra memorial başlayır. Memuar yazmağa başlanılır. Keçmişini, tarixini  yazmaq, əlbəttə, lazımdır. Amma millət özünü təmizləyə-təmizləyə, çalxalana-çalxalana gedir axı. Yenisi gəlir. 4 il bundan qabaq kim deyə bilərdi ki, heç kimin gözləmədiyi halda 27 sentyabrda başlanan  44  günlük müharibə olacaq. Təmizləmə gəlir və yenidən xalqda qalxma gedir. O qalxmaya hazır olmaq lazımdır. Bu hazırlığın da əsası elmdir. 

E.Q. – Və ədəbiyyat. Ədəbiyyat da hazırlamalıdır axı. 

Y.O – Ədəbiyyat vətənpərvərliyi hazırlayır, təbliğatı hazırlayır. Amma bunların hamısı ideologiyadır, qalxma fazasından düşmə fazasına qədər. Mən onun kitabını da yazmışam. 

E.Q. –  “Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında” 

Y.O. – “Türkün tarixinə yeni bir baxış” da var. 

E.Q. – Mən “Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”  kitabınızı oxuyandan sonra nəinki cəmiyyətin, tarixin qanunauyğunluqlarını, hətta insanların motivlərini belə fərqli aspektdən başa düşdüm. Passionarlıq məhz həmin o enerji məsələsidir. 

Y.O. – Bitkilərin ömür dövrü var. Sikl deyirlər. İnsan da, etnos da məhz o cürdür. E.ə. II – III minillikdə turuklar adlı etnos yaşayıb. Turuk dövləti, Turukki deyirdilər. Amma əslində onlar indiki türklərin prototürkləridir. O etnos dövr edib bu günə qədər belə gəlib çatıb. Turuklarla müasir türklər  arasında saysız-hesabsız türk etnosu var idi. Hər dəfə yaranan dövlətin adını öz etnoslarının, yaxud sülalənin adı ilə adlandırırdılar. Bununla da məsələ bitdi. Tariximiz qarışdı. Tarix qarışandan sonra səni məhv etməyə nə var ki?! Amma bunu tarixi ədəbiyyatda saxlasan itməz. Məsələn, “Əmir Teymur” romanımda Əmir Teymur  İbn Xaldundan soruşur ki, bizim tariximiz hansıdır. Əsərdə İbn Xaldunla Əmir Teymurun  görüşünü məxsusi vermişəm. Xəzər xaqanı İosifin ispan kralına göndərdiyi “Biz burada on türk tayfası yaşayırıq. Bizim kökümüz Nuhun oğlu Yafəsə gedib çıxır” cümlələri yazılan məktubu da vermişəm. Bu tarixi demək lazımdır. Bu tarixi məqamlar elmidir. Mənbələr  var. Amma bunu bədii ədəbiyyatla demək lazımdır ki, sadə insanlar da bilsinlər. Məsələn, həmin romanda  bir məsələ də var: Səmərqənd niyə paytaxt seçildi? Romanda belə gedir: Makedoniyalı İsgəndər də bu şəhərə hücum edib, Səmərqənd Əfrasiyabın da paytaxtı olub. Yəni bədii əsərdə sən kodları qoyursan. Kodu qoyandan sonra tarixi bədii əsərlə geniş kütləyə çatdırmaq asandır. 

E.Q. – Siz “Attila” əsərinizdə də Qarabağ atları məsələsini kod kimi qoymusunuz. Qarabağın tarixini Attilanın dövründən başlayırsınız. Yəni ki, o vaxtdan Qarabağ türk yurdudur. 

Y.O. – Təbii, əslində elə də olub. Amma uzun müddət ərzində bədii ədəbiyyatı da, elmi ədəbiyyatı da kim necə istəyir, elə də yazıb. Məsələn, sovet dövründə bizim nəsli kosmopolit böyüdürdülər. Hara getdiyini bilməyən adamlar kimi. Amma qarşıda hədəf olmalıdır. Bir insanın gərək mütləq hədəfi olsun. Sovet dövründə çox insanın  hədəfi Moskvaya yarınmaq idi. Hədəfi  bəlli  olmayan  insan yolda büdrəyər. Bir insanın elə gözəl ideyaları, hədəfləri ola bilər ki, toplum onu öz hədəfi kimi qəbul edər. İnsan öz hədəfini topluma elə gözəl çatdıra bilər ki cəmiyyətin, dövlətin hədəfinə çevrilər. Məsələn, cənab Prezidentin Qərbi Azərbaycan hədəfi. Cəmiyyət tərəfindən qəbul edildimi? Edildi! Artıq dövlətin hədəfinə çevrildimi? Çevrildi! Bəzən insanlar deyirlər, mən özüm üçün yazıram. Özün üçün yazmırsan. Məsələn bu yaxınlarda yazdığım şeir: 

-Tanrı belə buyurdu,

Mən də sözdən doğuldum. 

Yandım, yandım kül oldum,

Sonra közdən doğuldum. 

Yəni bu məhz mənə aiddir. Əslində mənim kimi insanların cəmiyyətin aşağı təbəqəsindən çıxıb yuxarı təbəqəsinə, yəni ədəbiyyat təbəqəsinə gəlməsi çox çətindir. Mən genetik yaddaşa inanıram. Fikirləşirəm ki, hardasa bizim Şamaxıdakı nəsil  köklərimizdə Şirvani, Nəsimi, Sabir ilə bağlılıq var. Amma onlardan uzaqlaşmışıq. Amma nəsildən  kimdəsə o yaddaş oyanır. Yəni 500 il bundan qabaq təsəvvür edin ki, etnososial  psixologiyada rüşvət almaq var idisə, özbaşınalıq var idisə, hər oba,  hər boy bir padşaha qarşı çıxa  bilərdisə, XX əsrdə bu 1992-ci ildə ortaya çıxdı,  hərə bir dəstə yaratmağa başladı. 

E.Q. – Deməli siz ruhun reinkarnasiyasına inanırsınız…

Y.O. – Bəli.

E.Q. – Buna görə də sizin bir çox əsərlərinizdə Murad obrazı var. Müxtəlif tarixi dövrlərdə bu obraz iştirak edir. Siz onun adını saxlamaqla oxucuya mesaj verirsiniz ki, bu məhz həmin ruhdur. 

Y.O. – Təkcə o deyil. Yalnız ruhun reinkarnasiyası haqqında mesaj vermirəm. Burada şəxsən mənə aid bir məqsəd də var. Siz tədqiqatçı kimi yazırsınız ki, Yunus Oğuzun bir neçə əsərində Murad obrazı var. Kimsə həmin tədqiqatı oxuyur. Oxucu sizin yazınızı oxuyubsa, o biri Muradları da əsərlərimdə axtarıb tapacaq. Bununla da mən sikli başa çatdırmış olacağam. Bütöv bir minillik tarix yazmağı düşündüm, yazdım. Ortada bir Qacar obrazı qalıb. Qacara da əslində “Cığır”da toxunmuşam. Amma mənim üçün əsas Toxtamışla Əmir Teymur xətti qalıb. Bütövlükdə türk dünyasını, Turanı  əhatə edən bir əsərin əsasında duracaq xəttdir bu. 

E.Q. – Sultan Bəyazid və Teymur xətti də var. 

Y.O.- Sultan Bəyazidi “Əmir Teymur” romanında vermişəm. 

E.Q. – Ayrıca xətt kimi götürmək istəmirsiniz?

Y.O. – Yox. Kim Turan yaratmaq istəyibsə, o hökmdarları əsas xətt kimi götürürəm. Sonuncu dəfə Nadir şah Turan yaratmaq istəyib. Əmir Teymur Turan yaradıb. Çingiz xan Turan yaradıb. İndi də yenidən Turan qurulur. Dünya bizə buna görə basqı edir. Turanın yaradıldığını başa düşürlər. 

E.Q.- Prezident  İlham Əliyev inaqurasiya mərasimində də dedi ki, bizim ailəmiz türk dünyasıdır. 

Y.O. – Bəs bu Turanın yaranmasıdır da. Biz Əfrasiyaba qayıdırıq. Bu dəfə daha yüksək səviyyədə, daha güclü qayıdırıq. 

E.Q. – Deməli artıq azərbaycançılıq yox, türkçülük əsas xəttimizdir. 

Y.O. – Azərbaycançılıq  dövlətimizin  içindədir. Bədii ədəbiyyatdan bir az kənara çıxacağıq, amma bu oxucular üçün vacibdir.  İmperiyaların üç növü var. Birincisi: getdim, tutdum, aldım, mənimdir: Roma İmperiyası, Sasanilər, Qızılbaşlar. İkincisi federal imperyalardır. SSRİ kimi mərkəz – vassal sistemi. Nadir şahın imperiyası da   belə idi. O cür böyük  imperiyanı idarə etmək mümkün deyil, mütləq üsyanlar olacaq. Əmir Teymurun imperiyasında üsyanlar demək olar ki, olmayıb, çünki o  daha ağıllı idi. Mərkəzi Asiyanı birbaşa imperiyasına qatmadı. Çingiz xanın nəslindən iki qız götürdü. Birini özü aldı, o biri ilə də oğlunu evləndirdi. Üçüncü növ imperiya isə maliyyə imperiyasıdır. Gələcəkdə türk dövlətləri birləşib sıradan bir imperiyaya çevrilsə, onu  saxlamaq, idarə etmək olmaz. Amma iqtisadi imperiya kimi mövcud ola bilər. Artıq Turan iqtisadi sistemi yaranıb: Türk Dövlətləri Təşkilatı. Turan üçün  birinci bağ ədəbiyyat olmalıdır. Mənəvi-elmi-bədii bağ olmalıdır. “Nadir şah” romanımda bu məsələyə toxunmuşam. Nizamülmülklə Hindistanda görüşən Nadir şah deyir ki, mən Turan yaradıram. Tarixdə bu söhbət olmayıb. Bu mənim ideyamdır, bədii əsərə daxil etmişəm. Nizamülmülk deyir ki, sənin əsgərlərin sənin uğrunda vuruşur, bəs Turan üçün nə qədər vuruşa bilər? Nadir şah “Turan üçün qılıncım hazırdır” deyəndə Nizamülmülk deyir ki, Turan üçün qılınc birinci deyil. Birinci beyinlərə Turan ideyası aşılanmalıdır. Bunun elmi olmalıdır. Təbii, həmin dövrdə bu elm, ideya kimi formalaşmamışdı, belə söhbət ola bilməzdi. Amma bədii mətndə sən yazıçı kimi  ideyanı atırsan. Yəni elmsiz Turan olmaz, bədii ədəbiyatsız Turan olmaz.

E.Q. – Tarixi romanlardan danışdıq, ideologiyadan danışdıq. İndi esse və felyetonlarınızdan danışaq. Mənim fikrimcə, bu xətt poeziya xəttinizdən daha aktivdir.

Y.O. – Əslində poeziya da çoxdur. Özüm üzə çıxarmıram.

E.Q. – Ola bilər. Mən axırıncı dəfə mətbuatda Ali Baş Komandana həsr edilmiş “Dövlət bizik” şeirinizi oxumuşam. Daha sonra mətbuatda poetik nümunənizə rast gəlməmişəm. 

Y.O. – Ondan sonra da poetik nümunələr yaranıb. Özüm üzə çıxarmıram. Poeziyada məndən nəhənglər var. 

E.Q. – Mən buna görə bayaq qeyd etdim ki, Yunus Oğuzun yaradıcılığı çoxxətli olsa da əsas vurğulanan məqam tarixi romanlardır. 

Y.O. – Bəli, tarixi romanlar mənim sahəmdir. Ardıcıl olaraq bu janrda yazıram. Min illik tarixi yazmışam: Sultan Alp Arslandan başlamışam, “Cığır”da bitirmişəm. “Attila”nı qoyuram kənara.

E.Q. – “Attila” başqa xəttdir.

Y.O. – “Attila” ilə “Alp Arslan”nın arasında boşluq var. Onu başqa müəlliflər də doldura bilər. Alban tarixi, Cavanşir, Babək var. Bunlardan yazmaq lazımdır.

E.Q. – Cavanşirlə bağlı bədii əsər var.

Y.O. – Var. Amma nə zaman yazılıb? 

E.Q. – Bəli, o dövrün ideologiyasına uyğun yazılıb. 

Y.O. – Bu kitaba baxın: “Alban tarixi”. Kənara qoymuşam. Vaxtım olanda hökmən başlayacağam. 

E.Q. – Alban tarixi ilə bağlı heyf ki, elə bir dəyərli bədii əsər yoxdur. 

Y.O. – Albanlar da bizimkilərdir əslində. Midiya da bizimdir. Amma təəssüflər olsun ki, bizim İslamaqədərki tariximizi elə günə salıblar ki, gözümüzün önündə gürcülər və ermənilər bizim tariximizi oğurlayıb. Mən Mədəniyyət Tv-də “Yaddaş” verilişini aparanda Robertə dedim ki, sən Sankt-Peterburqa yaz, Prezident Aparatına məktub yaz, dövlət xətti ilə alban kilsələrinin arxivlərini alın. Nə yolla olur olsun, alın. Sankt-Peterburqda nə mənbə qalıbsa, heç olmasa onların surətlərini götürün. Təbii, Ermənistan o mənbələri özününküləşdirib, verməyəcək. Amma həmin dövrdə başqa dövlətlərə, o cümlədən Vatikana məktublar yazılıb. Niyə tapmayaq o məktubları? O məktublarda tapacaqsan tarixi. Gürcü arxivlərində də mənbələr var. Biz sadəcə olaraq İslamaqədərki tariximizi indiyə qədər  elə də ciddiyə almamışıq. İslamdan sonra türk xristianlara kafir dedik. Niyə? Sənin adət-ənənələrin eyni, dilin eyni, folklorun eyni, mentalitetin eyni, hətta antropoloji cəhətdən də görünüşün də eyni. Yalnız din fərqlidir. Sonradan çarizm gələndə artıq islam əski tariximizi məhv etmişdi, çarizmə də manqurtluq sərf edirdi. Təsəvvür edin ki, islam ordusu Buxaraya girəndə 10 min alim var idi. Təkcə Buxarada! 12 min də orijinal əlyazma var idi. Ərəblər on min alimi öldürdülər, on iki min əlyazmanı da yandırdılar. Vəssalam, xalqın tarixi izi silindi. Bu izi ədəbiyyatla, elmlə üzə çıxarırıq. Çalışırıq bədii mətndə də  tarixi səhvlərə yol verməyək, əsl tarixi yazaq. 

E.Q. – Siz yaradıcılığınızda  tarixi dövrdən müasirliyə keçid alanda felyeton və esse janrları aktivləşir, burada artıq cari məsələlər gündəmə gəlir.

Y.O. – Söhbətimizin əvvəlində dedim. İnsan mənəvi dünyadan fiziki dünyaya keçir və bu keçiddə insan dəli olmaq səviyyəsinə gələ bilər. Çünki kəskin təzadlar yaranır. 

E.Q. – Tarixi romanlar yazan Yunus Oğuzun mənəvi dünyadan real dünyaya keçidinin kontekstində felyetonlar yaranır.

Y.O. – Yaxşı məqamları görəndə esse yaranır, mənfi məqamları görəndə felyeton. Müşahidəm çox güclüdür. 

E.Q. – Elə bir mövzu varmı ki, onu yazmaq istəyirsiniz, amma yaza bilmirsiniz? Hələ özünüzü hazır hiss etmirsiniz.

Y.O. – Var. O dünya-bu dünya enerjisi ilə bağlıdır. Hər yazıçı qələmi götürəndə mənəvi dünyanın enerjisini yığa bilmir. Haqqında yazdığın dünyanın enerjisini yığmalısan. Mən Tomris haqqında bədii əsər yazmaq istəyirdim. Amma o enerjini yaşaya bilmədim. Yaza bilərdim, amma nəticədə quru, sxematik bir əsər alınacaqdı. 

E.Q. – Bəzən tarixi mövzuya həsr edilmiş əsərlərdə cari həyatın enerjisi o qədər güclü olur ki, oxucu o əsərə, əsərin qəhrəmanlarına inanmır. 

Y.O. – Məndən bir neçə dəfə soruşdular ki, sən minillik tarix yazırsan, amma əsərlərində bir dənə köhnə söz, arxaizm yoxdur. Niyə? Dedim mən bu romanı yazandan sonra aparıb Əmir Teymura, Alp Arslana, Nadir şaha verəcəyəm ki, oxuyun? Mən keçmiş üçün yox, gələcək üçün yazıram. İndiki və  gələcək oxucular başa düşsünlər. Əmir Teymur tarixi yazmağı tapşırdığı Şərafəddin Şamini Qarabağda qışlaqda olarkən çağırır ki, oxu görüm nə yazmısan? Şərafəddin Şami oxuyur. Əmir Teymur hiddətlənir ki, sən nə yazmısan? Bunu mən başa düşmürəm, sadə xalq necə başa düşəcək? Əmir Teymur salnaməni xalq üçün yazdırırdı. Mən də elə bir akademik üslubda bədii əsər yaza bilərəm. Buna potensialım var. Lakin həmin qəliz əsəri heç kim başa düşməzdi. 

E.Q. – Gələcəkdə süni intellekt dövrü olacaq. Süni intellekt bədii əsər də yaza bilir. Süni intellektin hökmran olacağı dünyada ədəbiyyata ehtiyac qalacaqmı? 

Y.O. – Əlbəttə, ədəbiyyata hər zaman ehtiyac olacaq. 

E.Q. – Yəni gələcəkdə bəşəriyyət tam robotlaşmayacaq? Hələ duyğulara, mənəvi aləmə ehtiyac olacaq?

Y.O. – Sovet dövrünə dair bir əhvalat danışım. Deməli, Karl Marksa bənzəyən, onun kimi saqqal buraxıb, saqqalını o şəkildə düzəltdirən bir çəkməçi olur, bazarda oturur.  Sovet dövründə birinci katiblərin kabinetində həmişə Marks, Engels və Leninin şəkli asılırdı. Birinci katibin köməkçisi hər dəfə həmin bazardan keçəndə elə bilir ki, məhz Karl Marks o küncdə oturub. Köməkçi gəlib bu oxşarlıq barədə katibə danışır. Katib çəkməçini çağırır. Deyir ki, çəkməçinin Karl Marks kimi görünməsi doğru deyil, saqqalını qırx. Çəkməçi deyir: yoldaş katib, tutaq ki, saqqalımı qırxdım, bəs Karl Marksın beynimdəki fikirlərini necə edim? İndi süni intellekt sevgini hara qoyacaq, duyğunu hara qoyacaq, qəzəbi hara qoyacaq, insana xoş münasibəti hara qoyacaq, şadlıq saraylarındakı toy sevincini hara qoyacaq? Bəs süni intellekt insanın əzizinin dünyasını dəyişməsindən doğan ağrını, kədəri hara qoyacaq? Əlbəttə, süni intellekt bizə kömək edəcək, kosmosda bəşəriyyətə lazım olacaq. Amma süni intellekt insanın yerini verə bilməz. İnsan süni intellekt üçün Allah olacaq.  Allah bizi yaradıb, biz də süni intellekti yaradıb onun Allahı olacağıq. 

E.Q. – Gənc yazıçılara nə tövsiyyəniz var? Siz bu yolun bütün acılı-şirinli məqamlarını keçmisiniz. Artıq elə bir səviyyədə, zirvədəsiniz ki, yeni gələn nəslə öz tövsiyyələrinizi vermək haqqını qazanmısınız. 

Y.O.- Təbii ki, birinci növbədə qarşılarına hədəf qoysunlar. Hədəfə çatmaq üçün də hökmən oxumaq lazımdır. Məntiqə, qeyri-səlis məntiqə diqqət yetirmək lazımdır. Son dövrlərdə yazılan bir sıra poetik nümunələrimiz var ki, qeyri-səlis məntiqə əsaslanır. Yazanlar özləri bunu bilmirlər. Amma çox oxusalar, çox öyrənsələr nə yazdıqlarını və nə yazmalı olduqlarını biləcəklər. Bir məqam da var: şöhrətə çox can atmasınlar. İlk tarixi romanımı  – “Nadir şah” romanını 47 yaşımda yazmışam. Mən də daha tez roman janrına müraciət edə bilərdim. 20 ildən çox tarixi oxudum, araşdırdım, qeydlərimi apardım. “Attila”dan sonra zamanı gəldiyini görüb roman qələmə aldım. Fitri istedadın ola bilər, bədahətən şeir deyə bilərsən. Amma cəmiyyətdə itməmək üçün hökmən o yolları keçməlisən. Sən cəmiyyətin bir parçasısan. İctimai yol keçməlisən, dövlətini sevməlisən, ailə yolunu keçib ailənin müqəddəs olduğunu da anlamalısan. Bu məqamları keçməsən, bir də görəcəksən ki, quyunun dibindəsən. Yəni sənin artıq cəmiyyətə nə isə vermək imkanın olmayacaq.  

E.Q. – Mən  söhbətdən məmnun qaldım.

Y.O.-Mən  də.

“ƏDƏBİYYAT SÖHBƏTLƏRİ”

SÖHBƏTLƏŞDİ: QARAGÖZOVA ELNARƏ

YUNUS OĞUZUN YAZILARI

QARAGÖZOVA ELNARƏNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

PEDAQOJİ ELMİN LAYİQLİ NÜMAYƏNDƏSİ,  “BAŞQALARININ HALINA FAYDALI OLAN”  İNSAN

Natiq Lyutfik oğlu Axundov – 70

          PEDAQOJİ ELMİN LAYİQLİ NÜMAYƏNDƏSİ,  “BAŞQALARININ HALINA FAYDALI OLAN”  İNSAN

          “Başqalarının halına faydalı olan”. Həzrəti Məhəmməd peyğəmbərin belə bir kəlamı var: “Ən yaxşı insan” başqalarının halına daha faydalı olandır”. Həmin kəlam rastıma çıxanda bir anlıq Natiq yadıma düşür. Hansı Natiqi deyirəm? Axundov Natiqi. Bizim institutun baş mütəxəssisi Natiqi. Niyə Natiqi xatırlayıram? O, elmlə məşğul olmaqla, ümumtəhsil məktəbləri üçün dərsliklər yazmaqla yanaşı həm də institut həmkarlar təşkilatının sədridir.

           Həmkarlar təşkilatı işçilərin pənahıdır, dayağıdır, iş yerində onların əmək, sosial, iqtisadi hüquqlarının qoruyucusu, qanuni mənafeyinin müdafiəçisidir. El arasında belə söz var: “Mən gözümü açandan…” Mən də gözümü açandan Natiq aparıcı elmi işçi, şöbə müdiri, baş mütəxəssis işləyə-işləyə həmkarlar təşkilatına da sədrlik edib və indi də təşkilatın sədridir. İşləri avand olsun!  Onun həmkarlar təşkilatındakı fəaliyyəti barədə çox da geniş danışmıram. Əsas fəaliyyəti kölgədə qalmasın deyə. Elm öyrənmək və onu başqalarına öyrətmək Peyğəmbərimizin belə bir kəlamı da var: “Ən dəyərli sədəqə müsəlmanın elm öyrənməsi və onu başqalarına öyrətməsidir”.

           Natiq müəllim uzun illərlədir bu yolu tutub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsini bitirərək (1974) təyinat üzrə Bakı şəhəri 67 nömrəli orta texniki peşə məktəbində  müəllimi işləmiş, 1979-cı ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (sonralar Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu, hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) kiçik elmi işçi, Əmək təlimi və peşəyönümü şöbəsinin müdiri, Əmək təlimi və texniki peşə təhsili şöbəsinin müdiri, Ali və orta ixtisas şöbəsinin aparıcı elmi işçisi, Kurikulum Mərkəzinin İncəsənət və texnologiya fənlərinin təlimi bölməsinin müdiri vəzifəsində çalışmışdır.

          O,  hazırda Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyir. Bu instituta onu elmi işə maraq gətirib çıxarıb.   Çelyabinsk şəhərində T.T. Şevçenko adına Dövlət Pedaqoji Universitetində “Orta məktəbin fizika kursunda “Mexaniki rəqslər” və “Elektromaqnit rəqsləri‖ bölmələrinin məzmununun və tədrisi metodikasının təkmilləşdirilməsi‖ mövzusunda namizədlik dissertasiyası müdafiə edərək (1989) pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. Daha sonra dosent elmi adına layiq görülmüşdür.

           Dissertasiya işində orta məktəbin fizika kursunda “Mexaniki rəqslər‖ və “Elektromaqnit rəqsləri‖ bölmələrinin məzmununa və tədrisi metodikasına ənənəvi yanaşma tamamilə yenilənmiş, rəqsləri və rəqsi sistemləri səciyyələndirən kəmiyyətlər kinematik, xarakteristik və parametrik olaraq qruplaşdırılmışdır; N.L. Axundov tərəfindən sürtünmə, ətalət, elastiklik kimi parametrik anlayışlara uyğun olaraq ilk dəfə sürtünmə müqaviməti, ətalət müqaviməti, elastiklik müqaviməti kimi politexnik anlayışlar daxil edilərək uyğun mövzular və onların təqdimatının yeni məntiqi şərhi hazırlanmış və rəqsi sistemlərin tədrisində vahid kəmiyyət qiymətləndirməsi üsulu öz əksini tapmışdır; Yeni daxil edilmiş parametrlər üzrə rəqsi və qeyri-rəqsi sistemlərin fərqləndirilməsi ideyası irəli sürülmüş, bunun təzahürü masa üzərindəki kitabın, lövhə üzərində tabaşirin, silindrdəki porşenin məcburi rəqsi hərəkəti ilə aydınlaşdırılaraq təsdiqlənmiş və yaylı rəqqas, avtomobil amortizatoru nümunələri ilə ümumiləşdirilmişdir.

        Dissertasiyada rəqsi sistemlərin kəmiyyət təhlili üçün tam və ümumi müqavimət əvəzinə “Kompleks müqavimət” kimi elmi anlayışdan istifadə olunmuş, hər bir paraqraf üçün faktiki materialın sistemləşdirilməsini və möhkəmləndirilməsini təmin etmək məqsədilə suallar hazırlanmışdır.

          Tədqiqatın praktik əhəmiyyəti ondan ibarət idi ki, təklif olunan metodika şagirdlərin elmi dünyagörüşündə tamamilə yeni keyfiyyət yaradır, onların fiziki, riyazi və qrafik təfəkkürünü inkişaf etdirərək politexniki hazırlığın elementləri ilə zənginləşdirir. 

          Natiq respublika Prezidentinin yanında AAK-ın ADPU-nun nəzdində fəaliyyət göstərən FD 02.061; FD 2.15 və B/D 02.061 dissertasiya şuralarının üzvü olmuşdur.  Tədqiqatları tutduğu vəzifədən asılı olaraq elmi yaradıcılığını şagirdlərin politexnik təhsilinə sərf edən Natiq müəllimin “Texnologiya fənninin tədrisində formativ qiymətləndirmə mexanizminin hazırlanması” adlı elmi tədqiqat işində şagirdlərin şifahi cavablarının, praktik işlərinin, praktik işi icra etdikdə təhlükəsizlik texnikası və sanitar-gigiyena qaydalarına əməl edilməsi tələbləri və layihələrin təqdimatının qiymətləndirilməsi üzrə meyarlar işlənilmişdir. Bu tədqiqat işində şagirdlərin bilik və bacarıqlarının test üzrə qiymətləndirilməsi meyarlarının işlənilməsi texnologiya müəllimlərinə qiymətləndirmə sahəsindəki çətinlikləri aradan qaldırmağa imkan verir.

           “İbtidai siniflərdə texnologiya fənninin tədrisində şagirdlərin estetik tərbiyəsinin inkişaf etdirilməsi” adlı əsərində alim şəxsiyyətin hərtərəfli inkişafında estetik tərbiyənin rolundan bəhs edərək, texnologiya dərslərində estetik inkişaf, estetik zövq, estetik ideal, estetik hiss kimi anlayışların izahını vermişdir. O, bu elmi işində ibtidai siniflərin texnologiya dərslərində şagirdlərin estetik tərbiyəsinin əsas şərtlərinin əlverişli iş şəraitinin yaradılmasından, işin məqsədinin müəyyənləşdirilməsindən, əmək obyektinin seçilməsindən və hazırlanacaq məmulatların estetik təhlilindən ibarət olması nəticəsinə gəlmiş və bu şərtlərin mexanizmini müəllimlərə izah etmişdir.

          Pedaqoji fəaliyyəti elmi işlə yanaşı eyni zamanda ümumtəhsil və ali məktəblərdə, Qərb Universitetinin nəzdindəki orta ümumtəhsil məktəbində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində, Bakı Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması və Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutlarında müəllimlik etmişdir. 

          Təhsillə bağlı müxtəlif təşkilatların təşkil etdikləri kursların iştirakçısı olmuşdur. Çoxsaylı sertifikatları vardır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin şəhər və rayon müəllimləri üçün yeni fənn kurikulumlarının tətbiqi‖ layihələri üzrə 10 günlük kurslarda 2009-cu ildən etibarən təlimçi kimi fəaliyyət göstərmişdir.

           I sinif müəllimləri üçün yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı Bərdə, Hacıqabul, Kürdəmir, Salyan, Ağdam, İmişli, Sabirabad, Ucar, Göyçay, Tərtər, Ağcabədi, Qusar, Yevlax rayonlarında təşkil edilmiş kurslarda, eyni zaman da UNİCEF-in Bakı Avropa Liseyində, V-VI sinif şagirdlərinə texnologiya fənni üzrə dərs deyəcək müəllimlər üçün yeni fənn kurikulumları üzrə Samux, Qazax, Goranboy, Yardımlı, Biləsuvar, Neftçala, Beyləqan rayonlarındakı təhsil kurslarında təlimçi olmuşdur (2012-2014).

           Təltifləri. Azərbaycan təhsilinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Qabaqcıl maarif xadimi”, SSRİ maarif əlaçısı, “Qabaqcıl maarif əlaçısı” Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adları almışdır.

          Dərsliklər müəllifi kimi Natiq Axundov 2006-ci ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin texnologiya fənn kurikulumu üzrə işçi qrupunun sədridir, 254 sayda məqalə, dərslik, dərs vəsaiti, metodik vəsait, şagird üçün iş dəftəri və proqramların müəllifidir. Ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün “Texnologiya” dərsliklərinin və Texnologiya fənni üzrə müəllim vəsaitlərinin müəllifi və həmmüəllifidir. Dərslikləri Azərbaycan, rus, gürcü və ingilis dillərində nəşr olunmuşdur. “Texnologiya” dərslikləri həmmüəlliflərlə (H.H. Əhmədov və b. ilə)   yazılmışdır.

           İ-IX siniflərin dərsliklərində özünə yer almış bəzi bölmələri diqqət mərkəzinə gətirək: “Məişət mədəniyyəti”, “Plastilinlə yapma”, “Aplikasiya”, “Mozaika”, “Kağızla iş‖ və s. (I sinifdə); “Kağızqatlama, hörmə, tikmə və naxıştikmə”, “Modelləşdirmə” və s. (II s.); “Ağac və metalın bədii emalı texnologiyası”, “Sadə təmir işləri”, “Elektrotexniki işlər”, “Qida məhsulların emalı texnologiyası”, “Parçanın emalı texnologiyası‖” və s. (III s.); “Texnologiyalar və texnoloji vasitələr”, “Kağız və karton emalı”, “Müxtəlif materiallardan quraşdırma‖ və s. (IV s.); “Qrafik savad elementləri”, “Ərzaq məhsullarının emalı texnologiyası” və s. (V s.); “Oduncağın emalı texnologiyası”, “Metalların emalı texnologiyası”, “Parçanın emalı texnologiyası və naxıştikmə” və s. (VI s.); “Elektrotexniki işlər”, “Parçanın emalı texnologiyası” və s. (VII s.); “Ağac və metalın bədii emalı texnologiyası”, “Qida məhsullarının emalı texnologiyası” və s. (VIII s.), “Konstruksiya materiallarından məmulatların hazırlanması texnologiyası”, “Sadə təmir işləri” və s. (IX s.)

         Respublika Elm və Təhsil Nazirliyinin tapşırığı ilə gördüyü işlər  respublika Təhsil nazirinin əmri ilə dəfələrlə bir çox ali və orta ixtisas məktəblərində Texnologiya fənni üzrə Dövlət İmtahan Komissiyasının sədri olmuş, respublikamızın bir sıra rayonlarında Təhsil işçilərinin sentyabr (əvvəllərdə avqust) konfranslarında Təhsil Nazirliyin nümayəndəsi kimi iştirak və çıxış etmişdir. ictimai İşləri Natiq müəllim Azərbaycan Respublikası Uşaq fondunun “Təhsil və səhiyyə” qrupunun üzvüdür.

         Əsas əsərləri 1. Azərbaycan Respublikasının məktəblərinin təhsil standartları. “Texnologiya” (həmmüəlliflərlə). 2.Əmək təlimi: 5-ci siniflər üçün dərslik (həmmüəlliflərlə). 3. Texnologiya: I-IX siniflər üçün dərsliklər (müxtəlif illərdə, Azərbaycan, rus, gürcü və ingilis dillərində, həmmüəlliflərlə). 4. Texnologiya dərsliklərinə metodik rəhbərliklər (müəllim üçün vəsaitlər) – müxtəlif illərdə, həmmüəlliflərlə və s. 

         Təbrikimiz. 1953-cü il avqustun 15-də Göyçayda qulluqçu ailəsində doğulan Natiq Axundov 1970-cı ildə Bakıdakı 176 №-li məktəbi bitirmişdir. 1974-75-ci illərdə SSRİ Ordusunun Almaniyadakı Hərbi Hava Qüvvələri sıralarında hərbi xidmətdə olmuşdur.  Onun 70 yaşı tamam olur.

         Biz pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Natiq Lyutfiq oğlu Axundovu yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları, cansağlığı, uzun ömür arzulayırıq. 

AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim



GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“KİTABİ – DƏDƏ QORQUD” DASTANINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR VƏ FƏALİYYƏT NÖVLƏRİNƏ BAXIŞ

“KİTABİ – DƏDƏ QORQUD” DASTANINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR VƏ FƏALİYYƏT NÖVLƏRİNƏ BAXIŞ

KAMAL CAMALOV

Pedaqogika elmləri doktoru, professor

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Naxçıvan Müəllimlər İnstitutu

kamal.camalov@gmail.com

“Kitabi – Dədə Qorqud” dastanı Şərq tərbiyə sistemində tərbiyəçiyə və ya hər bir oxucuya öz fəa­liyyətində istifadəsi üçün zəngin material verir. Bu da tərbiyə sistemində ən qiy­mətli, ən zəngin mənbədir desək yanılmarıq. “Dədə Qorqud” dastanları üzərində tədqiqat aparan alimlər Dədə-Qorqudun şəxsiyyəti, dastanların məzmunu, əhəmiyyəti, əsərin dili, üslubu və sairə haqqında mülahizələr irəli sürmüşlər. Qeyd etmək yerinə düşər ki, bu əvəzolunmaz sənət abidəsi bir xalqın malı, sərvəti olmaqla məhdudlaşmamış, daha çox bəşəri ma­hiyyət kəsb edərək dünya mədəniyyəti xəzinəsinə qovuşmuşdur. Keçmiş irs təlim, tərbiyə və təhsil işində daim bizi müşayiət edir və etməlidir. Professor Əliheydər Həşimov yazır: “Təkcə bu günü deyil, sabahı-gələ­cəyi dərindən dərk etmək və qiymətləndirmək nöqteyi-nəzərindən də keçmişi yaxşı bilmək lazımdır. Çünki keçmiş, bu gün də olduğu kimi, gələcəklə də sıx əlaqədardır. Bu gün dünənin, sabah isə bu günün izləri olur; bir çox məsələlərdə gələcək üçün zəmin təşkil edən bu günün ağıllı, qabaqcıl fikirləri keçmişin mütərəqqi irsi ilə sıx əlaqədardır. Həmin irs bu gün də insanın ağlına, zəkasına qida və qüvvət verir, eyni zamanda gələ­cək üçün perspektivləri daha yaxşı aydınlaşdırmaqda, tərbi­yənin daha düzgün üsul və vasitələrini tapmaqda ona yardım göstərir” (Kursiv bizimdir – K.C.).

Biz müəllifin fikri ilə tam şərikik. Doğrudan da “bulaq damcılardan, çaylar bulaqlardan, dənizlər isə çaylardan” yarandığı kimi, gələcəyin dolğun məzmunlu etnopedaqogikası da tərbiyə sahəsində ayrı-ayrı xalqların irsindəki qabaqcıl ide­ya, fikir və təcrübələrdən yaranacaqdır.

Uşaq ailənin hər bir üzvünün vəzifələri barədə ilk təsəvvürü ailədə alır. Gələ­cək ailə sahibinin tərbiyəsi bir çox amillərlə şərtlənir. Onların arasında ata-anaların həyat tərzi və davranışı mühüm əhəmiyyət daşıyır. Övlad böyü­yüb boya-başa çatdığı evdə ata və anası arasındakı münasibətləri müşahidə edir. Qar­şılıqlı anlaş­maya, səmi­miyyətə, hörmətə, etibara, qayğıkeşliyə və s. əsaslanan həmin münasibət­lər, ixtilafa yol verməmək bacarığı öz təsirini uşağa göstərir. Ata və ana oğlanlarda cəsurluq, ailə və övlad borcu, kişi qeyrəti, qızlara və qa­dın­­lara hörmət; qızlarda məğrurluq, cid­dilik, şəxsi ləyaqət hissi tərbiyə etmək­də böyük imkanlara malikdir. Bu xüsusda “Kitabi – Dədə Qorqud” das­ta­nında deyilir: “Qız anadan görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə çəkməz”.

Xalqımız içərisində valideynin “üzünə qayıtmaq”, “üzünə ağ olmaq”, onun “bir sözünü iki etmək” böyük qəbahət sayılır. “Kitabi – Dədə Qorqud” dastanında bu barədə belə deyilir: “Ol zamanda (oğullar ataya müxalifət etməzdilər), oğul ata sözünü iki eləməzdi, iki eləsə, ol oğlanı qəbul etməzdilər”.

Evdə zabitəsi ilə tanınan atalar övladları üçün yeri gəldikdə analar qədər yan­mışlar. Məsələn, “Kitabi – Dədə Qorqud” dastanına nəzər salaq. Qazan xan kafirlərin əlində olan oğlu Uruzla görüşərək deyir: 

                                  Oğul, oğul, ay oğul!

                                  Qarşı yatan qara dağım yüksəyi oğul!

                                  Güclü belim qüvvəti, canım oğul!

                                  Qaranqulu gözlərim aydını oğul!

                                  Mənim  başım qurban olsun

                                  Canım oğul sənin üçün!

                                  Sən gedəli,

                                  Ağlamağım göydə ikən yerə endi.

                                  Gumbur-gumbur davullar döyülmədi,

                                  Ağır ulu divanım sürülmədi.

                                   Səni bilən bəy oğulları

                                  Ağ çıxardı, qara geydi.

                                  Qara bənzər qızım, gəlinim

                                  Ağ çıxardı, qara geydi.

                                  Qarıcıq anam qan-yaş tökdü…

Göründüyü kimi, lazım gələndə ürəyindəki övlad acısını öz övladı   qarşısında göz yaşı tökərək dilə gətirən atanı aftoritarizm, despotizm nümunəsi kimi qələmə vermək olarmı?

Həyatda müəyyən problemləri, çətinlikləri həll etmək üçün fiziki hazırlıq iradə, güclü, dözümlü olmağa ehtiyac vardır. Ona görə də ta qədimdən fiziki tərbi­yəyə xüsusi diqqət yetirmişlər. Professor Akif Abbasov haqlı olaraq qeyd edir ki, “uşaqların ailə həyatına hazırlanması məsələsinin dastanda qoyuluşu da diqqətəlayiqdir”. Ata-analar oğlan və qızlarını ev-eşik sahibi edərkən qarşı tərəfin fiziki xüsusiyyətlərini daim nəzərə almışlar. Məsələn, “Dədə Qorqud” dastanında göstərilir ki, Beyrək atasına evlənmək istədiyini söyləyərək belə deyir: “Baba mənə bir qız al ki, mən yerimdən durmadan o dursun. Mən qara qoç atıma minmədən o minsin. Mən qızıma varmadan o varsın…”.

Azərbaycan xalqının qədimliyini göstərən “Kitabi – Dədə Qorqud”dan mə­lum­­dur ki, azərbaycanlılar oğlan uşağını ailə həyatının bəzəyi, nəslin davam­çısı, vali­deynin sevinci və ümidi hesab etmiş, həmçinin sonsuzluğu böyük dərd və faciə saymışlar. Övladı olmadığına görə “qaraqayğular” içində qəhərlənən və ağlayan Bayburadan bunun səbəbini sorduqda cavab verir: “Necə ağlamayayım, necə bozlamayayım? Oğulda ortacım yox, qardaşla qədərim yox. Allah taala məni qarğayıb­dır… Bəylər, tacım taxtım üçün ağlaram.

Bir gün ola düşəm öləm, yerimdə-yurdumda kimsənə qalmaya… Mənim dəxi oğlum olsa xan Bayandırın qarşısın alsa dursa, qulluq eləsə, mən dəxi bax­sam, se­vin­­səm, qıvansam, güvənsəm – dedi” deməsi buna canlı misaldır. Yaxud, “Dir­sə xan oğlu Buğac” boyunda da ailə həya­tında övladın, əsasən də oğlan uşağının böyük rol oynadığına dair xalq fik­rini sərrast şəkildə ifadə edir.

Türk dünyasının qəhrəmanlıq dastanı sayılan “Kitabi – Dədə Qorqud”dan maraq­lı adətlər haqqında məlumat alırıq. Dədə Qorqud dastanından öyrənirik ki, gənc nəsli (oğlanları) vətənpərvərlik, qorxmazlıq, igidlik, düş­mə­nə qarşı mübarizlik, doğruçuluq, insana qayğı və məhəbbət ruhun­da tərbiyə edir və həmin tələblər baxımından da uşaqlara, oğlanlara ad qoyur­dular. Bu haq­da “Dirsə xan oğlu Buğacın boyu”nda deyi­lir ki, Dirsə xan oğlu Buğac uşaqlarda Bayandur xanın meydanın­da yoldaşları ilə aşıq oynadığı zaman qəflətən üzərinə hücum edən buğanın hücumunu dəf edib, onu öldürdüyü üçün oğuz bəyləri adqoyma mərasimi təşkil edib oğlana layiq ad qoymağı məsləhət görürlər. Qorqud ata adqoyma mərasi­min­də oğlana Buğac adı verir.

Yaxud Baybura xanın oğlu Beyrək Qara Dərbənd ağzında oğuz bəzir­gan­larının malını qarət, özlərini isə edən beş yüz kafirlə cəng edib onların üzərin­də qələbə saldığına görə ona Beyrək adı verirlər.

Qeyd etməliyik ki, hər bir ailədə ata öz oğluna və yaxud öz oğlanlarına  kişi qeyrəti, dəyanəti, cəsurluq, mərdlik, alicənablıq, igidlik, çətinliklərə sinə gərə bil­mək kimi nəcib sifətlər tərbiyə etməlidir. Xalqımızın möhtəşəm folklor nümunəsi olan “Kitabi – Dədə Qorqud” dastanı­na müraciət edək və “Qazan xanın oğlu Uruzun dustaq olduğu boy”a nəzər salaq: “Qazan sağına baxdı, qas-qas güldü. Soluna baxdı, çox sevindi. Qarşısına baxdı oğlan­cığını, Uruzu gördü, əlini-əlinə çaldı ağladı. Qazan oğlu Uruza bu iş xoş gəl­mə­di. Babasına dedi:

– Ünüm ünlə, sözüm dinlə, ağam Qazan

            Sağına baxdın, qas-qas güldün,

            Soluna baxdın, çox sevindin.

            Qarşına baxdın, məni gördün, qan ağladın,

            Səbəb nədir, degil mana.

           Qara başım qurban olsun, ağam sana – dedi:

Qazan dedi:

– Sağıma baxdım qardaşım Qaragünəyi gördüm. Baş kəsibdi, qan tökübdü, ad qazanıbdı.

Soluma baxdım dayın Aruzu gördüm. Baş kəsibdi, qan tökübdü, ad qazanıbdı.

 Qarşıma baxdım, səni gördüm. On altı yaş yaşladın. Bir gün ola düşəm öləm, sən qalasan. Yay çəkmədin, ox atmadın, baş kəsmədin, qan tökmədin.

Uruz buna cavabında dedi:

– A bəy baba! …Hünəri oğul atadanmı görər, öyrənər, yoxsa atalar oğuldanmı öyrənər? – dedi. …Mən səndən nə gördüm nə öyrənəyim? – dedi.

Qazan əlini-əlinə çaldı, qas-qas güldü:

– Uruz xub söylədi, şəkər yedi – dedi”.

Göründüyü kimi, oğlanlar kişilik etalonuna ataları ilə ünsiyyət sayəsində, onlardan nümunə götürərək sahib olurlar. Oğlanlar kişilik şəxsiyyətini ataya bən­zəməyə çalışaraq, onu təqlid edərək qazanır. Xalqımıza görə, oğlanların kişi kimi yetişməsi, onların sadəcə fiziki inkişafı ilə bağlı olub, kişi kimi görünməsi demək deyil. Professor Ə.Əlizadə xalqımızın təfəkküründə yer almış kişilik anlayışını belə xarakterizə edir: “Kişi xarakteri üçün iradə gücü, özünə sahib olma, kişi şərəfi və ləya­qəti, xeyirxahlıq, sözübütövlük, mərdlik və s. keyfiyyətlər xasdır. Qadına müna­sibət kişi ləyaqətinin ölçüsü sayılır. Uşağın oğlan olması hələ öz-özünə onu kişi etmir. Oğlan uşağı kişi kimi tərbiyə olunur”. Eləcə də “ana haqqı tanrı haqqı kimi başa düşülür”.

1500 il tarixi olan və “milli-mənəvi dəyərlərimizdən sayılan” “Kitabi – Dədə Qorqud” dastanında Oğuz yurdunun vali­deynləri qız uşağının da dünyaya gəlişindən şad olur və həm də onu qəhrəman, eləcə də gələcəkdə həyat yoldaşı olan ərinə sədaqətli qadın-ana kimi tərbiyə edirdilər. “Patriarxal düşüncənin əleyhinə olaraq buradakı qadınların əksəriyyəti (məsələn, Burla xatun, Banu Çiçək, Selcan xatun və b.) uşaqlıqdan aldıqları tərbiyənin, alışdıqları ilə ənənələrinin, qəbilə mühitinin təsiri nəticəsində elə formalaşır ki, lazım gələndə ailə namusu, nəslin şərəfi və ədalət uğrunda kişi kimi silaha sarılır, son dərəcə dözümlü, qoçaq, qüvvətli, mərd, eyni zamanda ağıllı, tədbirli, müdrik, alicənab qəhrəman kimi çıxış edirlər”.

Qeyd etdiyimiz kimi, oğuz qızları da cəsur və igiddir. Qızların Oğuz etnik-so­sial mühiti və psixologiyası ilə şərtlənmiş olan bu xarakter əlaməti etnik birlik daxi­lində cinslərarası münasibətdə, ünsiyyətdə ən mühüm rol oynayır. Budur Banu­çiçək Beyrək ilə yarışır, onunla at oynadır, ox atır və güləşir. Yalnız Beyrək bu sınaq­dan, yarışdan qalib çıxdıqdan sonra Banuçiçək onun məhəbbətinə cavab verir.

Qanturalı Selcan xatunu almaq üçün meydanda üç heyvanla vuruşmalı olur. İkisinə qalib gələndən sonra bir qədər yorulur. Buna görə də üçüncü hey­vanla – dəvə ilə çətinliklə vuruşur. Döyüşü hündür bir yerdən seyr edən Selcan xatun: “Dəvə burnundan əzilər” – deyə Qanturalıya xəbər göndərir və bununla dəvənin zəif yerini bildirir. Ancaq Qanturalı dəvəni qızın göstərdiyi üsulla əzməyi özünə sığışdırmır: “Oğuz ellərinə xəbər gedər ki, dəvə əlində girinc olmuşdu, qız xilas elə­di”. Və Qanturalı dəvəni öz üsulu ilə məğlub edir. Oğuz­larda belə bir qayda vardı ki, döyüşdə bir igidə başqası kömək etmək istəsə icazə almalıydı… Qanturalı düş­mənləri ilə vuruşarkən Selcan xatun onun köməyinə gəlir. Qız libasını dəyişdiyi üçün Qanturalı onu tanımır və düşmənlərinə hücum edən bu şəxsin hərəkəti ona toxunur, “izinsiz döyüşə girmək bizim eldə eyibdir” – deyə ona acıqlanır.

Göründüyü kimi, Banuçiçəyin, Selcan xatunun qılınc çalması, qılınc oynat­ması, at çapması valideynləri tərəfindən təlim-məşq zamanı öyrədilmişdir. Onu da qeyd etmək zəruridir ki, “Kitabi – Dədə Qorqud” dastanında Dədə Qorqud tərəfindən müqəddəs “Qurani-Kərim”dən sitatlar gətirilmiş, “əməyə, zəhmətə xüsusi diqqət yetirilmişdir”.

Sonda belə nəticəyə gəlirik:

  1. “Kitabi – Dədə Qorqud” dastanı həm uşaqların sağlam psixi inkişafı haqqında vali­deynlərə lazımi bilik verir, həm də bu materiallar uşaq psixikasının normal inki­şafına təsir edəcək imkana malikdir;
  2. “Kitabi – Dədə Qorqud” dastanından gətirilən materiallar min illərin təcrübə süzgəcindən keçərək bu günümüzə qədər gələn və bu gün də pedaqoq və psixoloqlar tərəfindən uşaqların pedaqoji-psi­xoloji inkişafının əsas göstəricilərindən olan şəxsiyyətlərarası münasibətlərin böyük rol oynadığı sübut olunan qaynaqlardır;
  3. “Kitabi – Dədə Qorqud” dastanında olan baxış və görüşlər cəmiyyətin qəbul etdiyi milli-mənəvi dəyərlər və fəaliyyət növləri bu gün də aparıcı rol oynayır;
  4. Oğlanların və qızların fiziki cəhətdən sağlam, igid, qüvvətli, ağıllı, saf  vətən övladı kimi tərbiyə olunmaları üçün “Kitabi – Dədə Qorqud” materiallardan istifadə etmək əvəzsiz imkan­lara malikdir.


KAMAL CAMALOVUN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI


ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VƏTƏNİN TARİXİNDƏ ƏBƏDİ İZİ QALDI…

MƏŞƏDİXANIM NEMƏT – 100

VƏTƏNİN TARİXİNDƏ ƏBƏDİ İZİ QALDI…

Var idim İZİM qaldı,

Od idim KÖZÜM qaldı.

Əsrin DAŞ YADDAŞINDA

Mənim də SÖZÜM qaldı…

(Məşədixanım Nemət)

Tanınmış tarixçi-alimimiz Firdovsiyyə Əhmədova deyəndə ki, Məşədixanım Nemətin 100 illiyidir, istər-istəməz 25 il əvvələ qayıtdım, gözlərim önündə xoş xatirələr canlandı. Yüksək mövqeyinə baxmayaraq, seçdiyi peşəsi, sadəliyi, mehribanlığı, bir az da zarafatcıllığı ilə qəlbimdə özünə əbədiyyət qazanan “Şöhrət” ordenli AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, görkəmli epiqrafçı alim Məşədixanım Sədulla qızı Nemətlə bağlı xoş təəssüratlar onun haqqında yazı yazmaq istəyi yaratdı məndə. Lakin əvvəl tərəddüd etdim. Zərif çiyinlərində yüz illər boyunca haqsızlıqlar içində boğulan xalqının ağır yükünü daşıyan alimlərimizdən biri haqda yazmaq çox məsuliyyət tələb edir axı…

Azərbaycanımızın Amazonkası adlandırılan, “Əsrin daş yaddaşında mənim də sözüm qaldı…” deyən Məşədixanım Nemət öz dəyərini çox gözəl bilirdi… Bilirdi ki, qızmar yay günəşi altında ilanmələyən çöllərdə, qışın sərt soyuğunun insanın iliyinə işləyən çağlarında Vətənini qarış-qarış dolaşıb min bir əziyyətlə araya-ərsəyə gətirdiyi, hələliksə öz layiqli dəyərini almayan tapınt ıları nə zamansa xalqının, Dövlətinin əlində ən “kəskin silaha” çevrilib düşmənin və onun havadarlarının sinəsinə tuşlanacaq və əsrlər boyu zülm, zillət çəkən xalqı nəhayət ki, rahat nəfəs alacaq…

Və o gün gəldi… Bir az gec oldu, təəssüf… Bu günün gələcəyini səbirsizliklə gözləyən yurd həsrətli valideynlərim kimi, cəfakeş alimimiz də bu şərəfli, tarixi günlərin cismən şahidi ola bilmədi. Ruhlarınınsa azad Qarabağımızı bizdən də artıq sevincək ziyarət etdiklərinə əminəm…

Məşədixanım Nemətə Qarabağ xanlığının banisi Pənahəli Xan Cavanşir nəslinin kiçik bir nümayəndəsi kimi də mənim ayrıca təşəkkür borcum var. Və bu, məni daha da ürəkləndirdi yazı yazmağa. Bugünkü Böyük Qələbəmizin qazanılmasında məhz onun fundamental axtarışlarının, tapıntılarının rolu əvəzsizdir. Qarabağın, Zəngəzurun və zaman-zaman “qonşu­lara” pay-püş edilən digər ərazilərin Azərbaycana məxsus olduğunu, azərbaycanlıların isə ta əzəldən bu ərazilərin qədim-qayım sakinləri olduğunu sübut edən məhz bu cür dəlillər Dövlətimizin başçısına bütün dünyaya nəinki Qarabağın, indiki Ermənistanın belə Azərbaycanın qədim tarixi əraziləri olduğunu cəsarətlə söyləməsinə təkan verdi…

Bu təkzibolunmaz faktlar qarşısında erməni və onun havadarlarının susmaqdan başqa çarəsi qalmadı…

Yaxşı xatirimdədir… 1997-ci ildə tale mənə respublikamızın ən populyar elmi nəşri olan “Elm və həyat’’jurnalı redaksiyasında işləməyi nəsib etdi. Əvvəl yazıçı Cəmil Əlibəyovun direktoru olduğu “Elm və həyat” nəşriyyatında, sonradan isə “Elm və həyat” jurnalında. Ağır illər idi, xalqımız üçün də, elmimiz, təhsilimiz üçün də. Milli Elmlər Akademiyasının elmi nəşrləri siyahısında olmasına baxmayaraq, maddi məhrumiyyətlər içində olan jurnalın cəfakeş kiçik kollektivi – Ülkər Hüseynova, Maral Poladova, Mehparə Axundova, Binnət Süleyman öz hesablarına bu jurnalı tərtib edir, ədəbiyyatşünas alimimiz Şirindil Alışanovun rəhbəri olduğu “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya mərkəzində nəşr etdirirdilər. Bu cəfakeşliyin nəticəsidir ki, jurnal bu gün də fəaliyyətini davam etdirir.

Bu elm ocağının mənim həyatımda, bir vətəndaş kimi formalaşmağımda böyük rolu oldu. Demək olar ki, Azərbaycanın necə deyərlər, “qaymaqları” – tanınmış şairlər, yazıçılar, alimlər, bir sözlə, böyük bir ziyalı ordusu bu kollektivə gəlir, Xalq şairi Nəriman Həsənzadənin təbirincə desək, bu ocağın istisinə yığışırdılar.

Mən məcburi köçkünlük səbəbindən təhsilimi axıradək davam etdirib yüksək təhsil ala bilməsəm də, burada böyük bir akademiya təhsili aldım. Həyatımda böyük rolu olan şəxsiyyətlərə yazılarımda dəfələrlə minnətdarlığımı bildirmişəm…

…Bir gün əməkdaşlarla birgə kompüter otağına zərif, çöhrəsindən nur yağan, gözləri gülən bir xanım daxil oldu. O dəqiqə tanıdım. Dedim ki, mən sizi tanıyıram. Ona xoş olsa da, dinmədi.

Bilirsiz sizi hardan tanıyıram? – soruşdum. Gülümsədi, – hardan?

Dedim Zəngəzurda aşkar etdiyiniz Urud abidələri haqqında 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qarşısında çıxış edəndə televiziyada görmüşəm sizi… Atamla birgə sonadək izləmişəm verilişi.

Əlavə etdim ki, o zaman üçün böyük siyasi əhəmiyyəti olan Naxçıvan Muxtar Respublikasının yaranmasının 75 illiyi ilə bağlı Heydər Əliyevin üzünü tarixçilərə tutub həyəcanla dediyi: “…Biz ermənilərin bütün bu iddialarının əsassız, uydurma olduğunu beynəlxalq aləmdə sübut etməliyik. Bunun üçün əsaslı sənədlər, fundamental elmi, populyar nəşrlər yaranmalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü nəinki yaşadığımız indiki illərdə, gələcək nəsillər üçün də qoruyub saxlamaqdan ötrü çox güclü bir konsepsiya yaratmalıyıq. Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indi Ermənistan Respublikası yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin…” – sözlərindən sonra siz tribunaya qalxıb Zəngəzurdakı Urud abidələri haqqında çıxış edərkən Heydər Əliyevin əlini çənəsinə dayayıb Sizə necə maraqla və fəxrlə baxdığının canlı şahidiyəm…

Bu sözlərim alimimizə çox xoş oldu. Xeyli danışdı o barədə. Ürəyi dolu idi…

Səmimi münasibətimiz yarandı. Sonra bizdə 85 illiyi ilə bağlı qızı – görkəmli tarixçimiz Vəfa Quliyevanın tərtibçiliyi ilə “Daşlaşan sirlərin sirdaşı” adlı kitabı capa hazırlandı. Onda daha da doğma münasibət yarandı. Kitab çap olunanda məni də unutmadı. Öz xətti ilə kitaba təşəkkür avtoqrafı yazıb göndərdi…

Ulu babalarım Cavanşirlərlə bağlı yazılarım qəzetlərdə, jurnalda dərc olunanda Vəfa xanım telefonla məni təbrik etdi, bildirdi ki, yazını oxuyub kövrəldim. Anam da, mən də təbrik edirik səni, uğurlar olsun.

* * *

Urud abidələrinin aşkar edilməsinin Dövlətçilik tariximizə necə böyük töhfə verdiyinin illər sonra şahidi olduq.

Zəngəzurda aşkarlanmış qoç şəkilli, sənduqə formalı məzar daşları üzərində 1961-1963-cü illərdə apardığı tədqiqatların nəticəsi olan bu tapıntılar Məşədixanım Nemətin epiqrafika elmində demək olar ki, 50 illik araşdırmalarının zirvəsi hesab edilir. Onun bu tapıntısı Cənubi Qafqazda yeni tarixi konsepsiyanın əsasını qoydu.

…Tarixi dədə-baba torpaqlarımız olan İrəvan xanlığının ərazisinin ermənilərə məxsuz olmasını sayıqlayan erməni alimi Papazyana cavab məktubunda alimimiz əsaslı olaraq soruşur: “…əgər Urud qəbiristanlığı erməni abidəsi idisə, o qəbiristanlığı nəyə görə dağıtdınız, viranə qoydunuz?! Əgər siz o məzar daşlarının ermənilərə aid olduğunu sübut edə bilsəydiniz, bu gün də onu şüşənin içinə salıb bütün dünyanı gəzdirərdiniz ki, bu, bizim tariximizdir. Sübut edə bilmədiyiniz üçün dağıtdınız!”

Bu məntiqli cavabın özü bir dəlil, bir əsaslı sübut deyilmi?!

Məhz bu cür fundamental dəlillərin nəticəsidir ki, Azərbaycan Ordusu 44 günlük savaşla Dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, Dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdı.

Bu gün Zəngəzurun, Qarabağın, Təbrizin və digər tarixi torpaqlarımızın göyləri üzərindən gülümsər bir çöhrə məmnunluqla bizə baxır:

“Müqəddəs bir torpaq olan,

Haqqı, səadəti anan

Zəngəzur, Mehri, Qarabağ,

Təbriz, Şuşa, can Dilican,

Qalxmış artıq Azərbaycan!

Didərgindir ocağından,

Dədə-baba torpağından,

Xan, Bülbülün oylağından.

Müntəzirdir Göyçə, Qafan,

Qalxmış artıq Azərbaycan!” —

deyib sevincimizə şərik olduğunu bildirir… Bizi daha böyük qələbələrə səsləyir!..

Ruhunuz şad olsun! Böyük Xanım! Məşədixanım!

Qalxmış artıq Azərbaycan!

Aliyə CAVANŞİR,

tədqiqatçı

25.02.2024.

ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vaqif Tapdıq oğlu Qurbanov – 80

AZƏRBAYCANIN ELM VƏ TƏHSUL XADİMLƏRİ 

ДЕЯТЕЛИ НАУКИ   И ОБРАЗОВАНИЯ АЗЕРБАЙДЖАНА  

FIGURES OF THE SCIENCE AND EDUCATION OF AZERBAIJAN      

Vaqif Tapdıq oğlu Qurbanov – 80

AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ METODİKASI ÜZRƏ GÖRKƏMLİ ALİM

          Doğulduğu rayonun dünəni və bu günü

Vaqif Tapdıq oğlu  Qurbanov 1943-cü il  may ayının 18-də də Əli Bayramlı rayonunun (hazırda Şirvan şəhəri ) Qarabağlı kəndində doğulmuşdur.

Əli Bayramlı rayonu 8 avqust 1930-cu il avqustun 8-də yaradılmışdı. Rayon 1952-ci il aprelin 3-dən 1953  aprelin 23-dək  Bakı vilayətinə daxil olmuşdu.  Əli Bayramlı 1963-cü ilədək rayon statusunda fəaliyyət göstərirdi. Kənd təsərrüfatı rayonu idi. Pambıqçılıq inkişaf etmişdi.  Mən də Əli Bayramlı rayonda doğulmuş, əvvəlcə 1 nömrəli, sonra 2 nömrəli məktəblərində təhsil almışam.  6-cı sinifdə oxuyarkən bizi də – 2 nömrəli məktəbin şagirdlərini də rayonun Qarabağlı kəndinə – Vaqif Qurbanovun anadan olduğu kəndə pambıq yığımına aparmışdılar. Təbii ki, o zamanlar Vaqifi tanımırdım, tanıya da bilməzdim. Həm də o məndən 7 yaş böyük idi və orta məktəbi artıq  bitirmişdi.

Vaxtilə pambıq palanını doldurmaq üçün kənd əməkçiləri ilə yanaşı rayon mərkəzində yaşayan, işləyən, məktəblərdə təhsil alan şagirdləri də bu işə cəlb edirdilər.

Əli Bayramlıda  eyni zamanda sənaye obyektləri yaradılmaqda, tikinti-abadlıq işləri genişləndirilməkdə  idi.  Bir yandan neft yataqlarının tapılması və neft, digər yandan  elektrik istehsalı rayonun əhəmiyyətini günü-gündən artırmaqda idi. Rayonda Avropada – birinci, dünyada ikinci yeri tutan ilk açıq tipli elektrik stansiyası fəaliyyət göstərirdi.  Stansiyanın I mərhələsinin inşasına 1959-cu ildə başlanmışdır. Dövlət elektrik stansiyasının istismara verilməsi respublikamızda elektrik enerjisinə olan tələbatı tam şəkildə ödəyirdi. 

Əli Bayramlı 1963-cü ilədək  rayon idi.  Sənayenin sürətli inkişafı, yeni-yeni iş yerlərinin açılışı rayonun şəhər statusu alması ilə nəticələndi. 1963-cü il yanvarın 4-də  Əli Bayramlı rayonu ləğv edildi, ərazisi Sabirabad və Salyan rayonları və Əli Bayramlı şəhər soveti arasında bölüşdürüldü.   Həmin ildən etibarən Qarabağlı kəndi Salyan rayonunun ərazisinə daxil oldu.

Bu il Əli Bayramlının şəhər statusu almasının 60 illiyi qeyd olunacaq. Şəhərin adı dəyişdirilərək Şirvan şəhəri adlandırılmışdır. 

Respublikamızın müxtəlif rayon və şəhərlərindən  buraya işləməyə gəlir və burada fəaliyyət göstərməyə,  yaşamağa başlayırdılar. Əhali də artmaqda idi.

Çataram mən sizə bir gün vaxt olar, arzular, şirin-şirin arzular” (bir mahnıdan)

Əli Bayramlı (hazırda Salyan) rayonunun Qarabağlı yeddiillik kənd məktəbində təhsilə başlayan Vaqif, Kərimbəyli kənd orta məktəbini bitirdi.  Hələ IX sinifdə oxuyarkən Azərbaycan dili və ədəbiyyat müəllimi olacağına qərar vermişdi. Doğma dilini də, ədəbiyyatını da çox sevirdi. Azərbaycan tarixinə və coğrafiyasına da sevgisi, məhəbbəti böyük idi. Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasının üzərində dayansa da, xalqımızın tarixi, adət-ənənələri, maddi və mənəvi sərvətləri, tarixi şəxsiyyətlər, dövlət xadimləri  barədə zəngin məlumatlara yiyələnməkdə idi.  Şirin-şirin arzularına çatmaq üçün  sənədlərini o zamankı V.İ. Lenin adına APİ-yə (indiki ADPU-ya)  verdi.  İmtahanlara yaxşı hazırlaşmışdı.  Gecəsini gündüzünə qatıb zəruri biliklərə yiyələnməsi onu arzusuna qovuşdurdu.

Gələcəyə inanan, tələbə, tələbə, tələbə” (Cabir Novruzdan).

Vaqif instituta 1961-ci ildə qəbul olunmuş lakin ali təhsilini 1969-cu ildə başa vurmuşdu. Bu, səbəbsiz deyildi. Təhsil illərində ordu sıralarına çağırılmış, 3 il  orduda xidmət etmişdi. Ordudan qayıtdıqdan sonra təhsilini davam etdirmişdi.  İnstitutda oxuyarkən müxtəlif fənlər üzrə seminar məşğələlərinə ciddi, məsuliyyətlə hazırlaşaraq, şüurluluğu və fəallığı ilə seçilirdi.  Həm orta, həm də ali məktəbdə oxuyarkən tədris materialının əzbərlənməsi kimi hallara yol verməmiş, sonralar öz şagirdlərindən də bunu tələb etmiş, onları başa salmışdı ki, şurlu öyrənilməyən material, qiymət və  təriflənmək  xatirinə əzbərlənənlər həqiqi  bilik deyil, tez unudulur, o, bacarığa, vərdişə çevrilmir,  onu həyatda tətbiq etmək qeyri-mümkün, yaxud  çətin olur.

                “Müəllimlik sənəti şərəfli bir sənətdir” (Ümummilli Lider Heydər

                                       Əliyev demişdir)

Vaqif Qurbanov pedaqoji fəaliyyətə Bakı şəhəri 179 nömrəli məktəbdə başlamışdı. Məktəbdə  Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, öz bilik və bacarığını şagirdlərdən əsirgəməmiş, dərsləri canlı, əyanilik üzərində qurmuş, məktəblilərin müstəqilliyini, fəallığını, şüurluluğunu diqqət mərkəzində saxlamışdır. Hələ o zamanlar o, şagirdlərinə pedaqoji prosesin bərabərhüquqlu üzvləri kimi yanaşır, onlara təlim-tərbiyə prosesinin obyekti ilə yanaşı eyni zamanda subyekti kimi baxırdı. Bunun nəticəsi idi ki, şagirdlərin Azərbaycan dili və ədəbiyyat fənnindən bilik və bacarıqları hiss olunacaq dərəcədə fərqlənir, onlar yüksək nəticələr göstərir, ali və orta ixtisas məktəblərinə daxil olarkən çətinlik çəkmirdilər.

Vaqif Qurbanov işlədiyi müddətdə məktəbin, rayonun və şəhərin fəal müəllimi kimi tanınmış,  elmi-praktik konfranslarda və müşavirələrdə çıxışları ilə fərqlənmiş, ”Qabaqcıl maarif əlaçısı” fəxri adına layiq görülmüşdü.

1975-ci ildə o, respublika səviyyəli elmi-praktik konfransda dörd ən yaxşı müəllimdən biri kimi diqqəti cəlb etmişdi. Onun dərslərindən bəzi məqamlar lentə alınmış, 12 dəqiqəlik tədris materialı hazırlanmış, eyni zamanda Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda foto-sərgisi təşkil edilmişdi.

               “Elmi beşikdən qəbirədək öyrənin” (həzrəti Məhəmməd peyğəmbərin

                                           hədislərindən) 

Vaxtilə və hazırda  ali təhsil müəssisələrində, Milli Elmlər Akademiyasında,  digər elmi müəssisələrdə çalışan, yüksək elmi dərəcəyə və elmi ada yiyələnən şəxslər hamısı bu yolu keçib. Orta məktəbdə, hansısa müəssisə və idarədə çalışıb, sonra elmin enişli, yoxuşlu yolları onları cəlb etdiyindən, çətinliklərə baxmayaraq həmin yola çıxıb. Mənim kimi, Vaqif Qurbanov kimi.

Vaqif orta məktəblərdə tədrisini davam etdirməklə  yanaşı 1975-ci ildə o zamankı Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (hazırda Təhsil İnstitutu) pənah gətirib, elmi işlə məşğul olmaq istədiyini bildirib.

İnstitutda işləməyə başlayanda professor N.M. Kazımov direktor vəzifəsini icra edirdi, Zahid Qaralov direktor müavini idi. 1976-cı ildən instituta   görkəmli pedaqoq Zahid Qaralov rəhbərlik etməyə başladı. Uzun illər bu vəzifədə işlərdi. Bir müddət Maarif nazirinin müavini,  daha sonralar ki çağırış Milli Məclisin deputatı, komissiya sədri oldu.

Vaqif müəllim professor görkəmli dilçi və Azərbaycan dilinin tədrisi metodikası üzrə   məşhur alim professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi şöbədə çalışırdı. Kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdu, sonralar həm də institutun dissertantı oldu, namizədlik (hazırda fəlsəfə doktoru) dissertasiya üzərində işlədi. Elmi rəhbər kimi professor Əziz Əfəndizadə təyin olundu.  Əziz müəllim bir çox elmlər namizədi, elmlər doktoru yetişdirmişdi. Onların arasında Vaqif müəllim seçilirdi. Tədqiqatçılıq səriştəsinə, şəxsiyyət bütövlüyünə görə, öz fikri, sözü olmasına, öz elmi mövqeyini, elmi ideyalarını müdafiə edə bilməsinə görə.  Vaqif Qurbanovu o zamanlar da, indinin özündə də professor Əziz Əfəndizadə məktəbinin layiqli davamçısı  hesab edirlər.

Professor Fikrət Xalıqov 2013-cü il may ayının 31-də “Azərbaycan müəllimi” qəzetində V.T. Qurbanova həsr və dərc etdirdiyi məqaləsinə məhz belə ad verib: “Əziz Əfəndizadə məktəbinin layiqli davamçısı”.

Vaqif müəllim özü bu haqda belə deyir: “Mən Əziz Əfəndizadə linqvometodika məktəbinin davamçısıyam; bu adı daşımaqla fəxr edirəm”.

Vaqif Qurbanov 1986-ci ildə “Azərbaycan dilinin sistematik kursunda söz birləşmələri tədrisinin linqvodidaktik əsasları” mövzusunda dissertasiya müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi, bir müddət sonra dosent elmi adı aldı.  Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (hazırda Təhsil İnstitutu) tədqiqatlarını davam etdirməkdə idi. Professor Əziz Əfəndizadənin məsləhəti ilə doktorluq dissertasiya mövzusu təsdiq etdirdi.

Hələ 1986-ci ildə Əziz müəllim Vaqif Qurbanovun  dissertasiyasına  elmi rəhbər rəyi yazarkən həmin rəydə belə bir fikir öz ifadəsini tapmışdı:   “Vaqif Qurbanov artıq didakt kimi formalaşmışdır”.

  Bu, təbii ki, gənc tədqiqatçı üçün böyük dəyər idi. Vaqif müəllim həmin rəyi xatırlayaraq deyir: “Bu mənim üçün həm yüksək qiymət oldu, həm də kredo, daim öyrənmək, öyrənmək, yenə də öyrənmək kredosu”.

Sonra Vaqif müəllim mənə müraciətlə dedi: “İndi də ki siz mənə layiq olduğum qiyməti verirsiniz, deməli, mən xoşbəxtəm və 80 ili, Ənvər müəllimin vaxtilə dediyi kimi,  küləyə verməmişəm. Həmçinin də sizin kimi dostlarım var”.

Vaqif Qurbanov 2015-ci ildə “Azərbaycan dili təlimində fəndaxili əlaqələrdən istifadə üzrə işin sistemi”  mövzusunda doktorluq dissertasiyası müdafiə edərək pedaqogika elmləri doktoru elmi dərəcəsi aldı.

Müxtəlif vəzifələrdə işləməyə dəvətlər aldı 

Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu (hazırda Təhsil İnstitutu) burada çalışan əməkdaşlar üçün “tramplin” rolunu oynayıb. Daha doğrusu, burada yüksək uğurlar qazandıqlarına görə çoxları müxtəlif ali məktəblərə, başqa nüfuzlu təhsil müəssisələrinə, rəhbər vəzifələrə, Maarif (hazırda Təhsil) nazirliyi sistemində işə  dəvət olunublar. SSRİ EA-nın müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, respublika EA-nın Fəlsəfə İnstitutunun direktoru olmuş  Aleksandr Osipoviç Makovelski, professor Komarovski,  akademiklər Mehdi Mehdizadə,   professorlar  Nurəddin Kazımov, Əhməd Seyidov, Mərdan Muradxanov, Əjdər Ağayev, Yusif Talıbov, Aben Kərimov və başqaları institutda işləmiş, sonralar müxtəlif təhsil müəssisələrində öz fəaliyyətlərini davam etdirmişlər.

Vaqif Qurbanov da diqqət mərkəzində idi. Odur ki, dəvətlərə əsasən, “Azərbaycan məktəbi” jurnalının baş redaktor müavini (1987-1999), “Ana sözü” jurnalının baş redaktor müavini (1990-1992), Azərbaycan Respublikası Prezidenti ya­nında Ali Attestasiya Komissiyasında Humanitar və ictimai elmlər şöbə­sinin rəis müavini (1992-1996) vəzifələrində işlədi.

Azərbaycan Müəllimlər İnstitutunda işə dəvət olundu 

Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan dilinin tədrisi metodikası ixtisası üzrə mütəxəssisə ehtiyac vardı. Rəhbərliyə Vaqif Qurbanovu məsləhət  gördülər. Vaqif müəllim dəvəti qəbul etdi və  burada dosent vəzifəsində (1999-2016) çalışmağa başladı. İnstitutda “Azərbaycan dili tədrisinin aktual problemləri”, “Azərbaycan dilinin tədrisi metodikası” və “Nitq mədəniyyəti” fənlərini tədris etdirdi.

 Pedaqoji kollektivin üzvləri də, rəhbərlik də, tələbələr də  Vaqif müəllimdən razılıq edir, onun səriştəli müəllim olduğunu, öz fənnini nəzəri və metodik baxımdan əla bildiyini, müəllimin etik davranış qaydalarını yüksək səviyyədə  yerinə yetirdiyini, müəllim-tələbə münasibətlərini, pedaqoji əməkdaşlıq  məsələlərini tələb olunan səviyyədə qurduğunu etiraf edirdilər.

Azərbaycan Müəllimlər İnstitutu fəaliyyətini dayandırdıqdan sonra Vaqif müəllim Azərbaycan Dövlət Pedaqoji Universitetinin   Azərbaycan dili və onun tədrisi texnologiyası kafed­ra­­sında (2016-cı ildən) çalışır.  “Oxu təlimi” və “Dil qaydaları təlimi” fənlərindən mühazirələr oxuyur.

                        Vaqif müəllimin elmi-pedaqoji yaradıcılığı

Vaqif Qurbanov  iki ay olardı ki,  Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna işə qəbul olundu. Professor Əziz Əfəndizadə etimad göstərərək,  “Orta məktəbdə Azərbaycan dili tədrisi” adlı vəsaitin II hissəsində fel bəhsinin tədrisi ilə bağlı material hazırlamağı ona tapşırdı. Bu inamı, bu etimad Vaqif müəllimi elmi yaradıcılığa həvəsləndirdi, özünə inamı artırdı. 

O,  150-dən çox elmi-meto­dik əsərin müəllifidir. Təkcə doktorluq dissertasiyasının məzmunu, əsas elmi ideyaları və tədqiqatın nəticələri ilə bağlı   85 elmi-metodik əsər nəşr etdirmişdir. Həmin elmi əsərlərdən 16-sı Rusiya, Ukrayna və Qazaxıstan respublikalarının nüfuzlu jurnallarında çap olunub.

                  Əsas elmi əsərləri:

  1. Azərbaycan dilinin tədrisi metodikası: Dərslik. Bakı, 2015.
  2. Azərbaycan dili təliminin aktual problemləri. Bakı,  2009.
  3. Söz birləşmələri tədrisinin linqvodidaktik əsasları. Bakı,  2015.
  4. Dil tədrisinin aktual məsələlərinə dair. Bakı,  2010.
  5. Nitq mədəniyyəti və üslubiyyat.  Bakı, 2012,2013,20140cü il nəşrləri.

         Dərslikləri:

  1. Azərbaycan dili təlimində fəndaxili əlaqələr. Bakı,  2008.
  2. Azərbaycan dili: Təlim rus dilində olan məktəblərin I sinifləri üçün.
  3. Azərbaycan dili: Təlim rus dilində olan məktəblərin 7-ci sinifləri üçün.
  4. Azərbaycan dili: Təlim rus dilində olan məktəblərin 8-ci sinifləri üçün.
  5. Azərbaycan dili: Təlim rus dilində olan məktəblərin 9-cu sinifləri üçün.
  6. Ədəbiyyat: Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün.

Vaqif Qurbanov hazırda Azərbaycan dili fənn kurikulumu metodologiyası sahəsində inteqrasiya problemi ilə məşğul olur.  Azə­r­bay­can Respub­likası Təhsil Na­zir­liyində yeni dərsliklərin yaradıl­ması üzrə şura üzvü kimi də ictimai fəaliyyət göstərir.

                            Professor Vaqif Qurbanovun etirafları:

”Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda çalışdığım ilk iki ildə buradakı alimlərdən, xüsusilə Əziz müəllimdən çox şey öyrəndim. Nizamlı-səliqəli cümlələr qurmaq, sərbəst və məntiqli danışmaq və yazmaq, tədqiqatçılıq səriştəsi,  xeyirxah əməllər, əvəzini gözləmədən yaxşılıqlar etmək, insanlar arasında fərq qoymamaq, gənclərə inanmaq, əsl elmi rəhbər, əsl yoldaş, əsl insanlığı zinətləndirmək o dövr alimlərinin həyat şüarı idi. Əziz müəllimin dediklərini həmişə nəzərə almışam və xeyrini görmüşəm. Ustadım məndən razılıq edirdi: “Vaqif müəllim iki ildən gec olmayaraq müdafiə etməlidir. Dərslərini çox bəyənmişik, yaxşı metodist alim olacaq”. Həmin sözləri indi həyəcansız dilimə gətirə, yaza bilmirəm .

Hazırda çalışdığım Azərbaycan Dövlət Pedaqoji Universitetin rəhbərliyindən də özümə qarşı hörmət və diqqət görürəm. Belə bir diqqət mənə vaxtilə Əziz müəllim Əfəndizadədən və sizlərdən olub, təbii ki.  Universitet rəhbərliyi mənim professor seçilməyimə şərait yaratdı, əmrlə professor vəzifəsinə təyin etdi. Heç kəsdən, heç nədən şikayətim  yoxdur. İmanlı insanlarla əhatə olunmuşam. Filologiya fakültəsinin təşəbbüsü ilə 80 illiyim qeyd olundu.

Nə şərəfə, nə şöhrətə meylim var. Mənə uğur gətirən “Nitq mədəniyyəti” fənni üzrə mühazirələrim olub. Kitablarımda “Natiqlikdə”, “Nizami Gəncəvi kursu” “İmaməddin Nəsimi kursu”, “Məhəmməd Füzuli kursu”, “Mirzə Ələkbər Sabir kursu”, “Hüseyn Cavid kursu”, “Səməd Vurğun kursu”, “Heydər Əliyev siyasi natiqlik kursu” kimi bölmələrim var. Hər biri də 2 dərs saatlıq. M.Ə. Sabir yaradıcılığından min misradan çox əzbər şeir deməyim də var. Tələbələrə öyrətmək üçün. Filoloq tələbələrə. Daha özünü tərifdən çıxıram… Metodist və didakt alimlərin elmə gətirdiklərindən də yazmışam. Onların dil təliminin qanunları, prinsipləri, metodları haqqında da fikirlərini də bir-bir sadalayıb, şərh edirəm. Mənim azdan-çoxdan başım çıxan bir şey varsa, o da dərs fəlsəfəsidir. Ona didaktika fəlsəfəsi deyilir.

  Klassik didaktikaya, “Böyük didaktika”ya da bələdəm. Y.A. Komenskiyə də, Nəsirəddin Tusiyə də. Nəsirəddin Tusi Aristotel davamçısıdır. Amma nə qədər sadə alim olub və yazıb:

                                     “Mən bəhs etdimsə, bir çox elmdən,

                                       Onları ürəkdən şərh etdimsə mən,

                                       Əqlimin gözü ilə baxanda gördüm,

                                       Dünyada heç bir şey bilməmişəm mən”. 

  İndi görürsən ki, mən nə üçün özünütərifdən uzağam. Şeyx Sədi pedaqogikası da belədir:

                                      “Alimlər o qədər sadə olurlar,

                                       Özlərinə alim demirlər onlar” .

            Eqoizmdən uzağam (başqalarına baxanda, əlbəttə).

Müasir təlim metodologiyasına dair didaktik mülahizələr söyləyə bilərəm. (Ancaq özünü tərifdən qorxuram).

                             Vaqif Qurbanovun didaktik fikirləri:

     1. Dil təliminin 4 məzmun xətti əsasında qurulması dərin metodologiyasıdır. Ənənəvi isə, bir məzmun xətti üzərində qurulardı. Odur ki, 4 at gücü bir at gücündən, əlbəttə ki, mükəmməl olmalıdır.

     2. Müasir dil təliminin nitq praktikası üzərində qurulması obyektiv reallıqdır. Dil dərsləri mətnlərlə, yəni nümunə kimi nitq parçası ilə başlayır. Mətnlər üzərində fonetik, leksik… üslubu işlər həyata keçirilir. Bu dinamik nitq-dil-nitq formulasıdır. Belə bir formula inkişafetdirici təlim nəzəriyyəsidir. Mən belə düşünmüşəm.

     3. Dil təlimində təlim məqsədi, nəticələri və standartları şagirdlərin nitqini zənginləşdirdikcə onların təfəkkürü zənginləşir, təfəkkürü dərinləşdikcə, dünyagörüşü genişlənir.

     4. Azərbaycan dilindən dərsliklərdə verilən əsas və dinləmə mətnləri, hesab elə ki, ifadə mətnidir. Onların nəticə etibarilə inşaya çevirmək şagirdlərin yaradıcı fəaliyyətini təmin edirsə, mətnlərin məna və məzmununun aşılanması tərbiyəedici təlim və ya müasir didaktika hesab olunur.

5. Dinləyib-anlama və danışma kurikulumda birinci məzmun xəttidir. Ona görə ki, dinləməsən anlamaz, anlamasan, danışa bilməzsən. (Nədənsə biz dinləməni-başqalarına qulaq asıb öyrənməyi mədəniyyət səviyyəsinə qaldıra bilmirik).

                  Vaqif Qurbanovla tanışlığım:

1973-1975-ci illərdə mən Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi işləyirdim. “Azərbaycan müəllimi” qəzetində bir elana rast gəldim. Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu (hazırda Təhsil İnstitutu) yeni yaradılmış Tərbiyənin ümumi problemləri şöbəsində kiçik elmi işçi vəzifəsini tutmaq üçün müsabiqə elan etmişdi. Elmi işlə məşğul olmaq mənim də böyük arzum idi.  Sənədlərimi müsabiqəyə təqdim etdim və müsabiqədən keçdim. O vaxtdan bu institutda çalışıram. Az qala 50 il ola. Vaqif Qurbanovla burada tanış olmuşam. İllər keçdi. Münasibətlərimiz həmişə yaxşı olub. Vaqifi  xeyirxah, ədalətli, zəhmətkeş insan, gözəl alim, sədaqətli dost, bel bağlayası yoldaş,  güclü məntiqə, elmi təfəkkürə malik bir şəxs kimi tanımışam və tanımaqda davam edirəm.

İllərə nə var ki. İllər keçir, amma səni sınaya-sınaya. Çətinliyə sala-sala, iradəni yoxlaya-yoxlaya. Qoyub getdiyin izləri vərəqləyə-vərəqləyə. Xoşbəxt o adamdır ki, özündən sonra yaxşı iz qoyur. Bu mənada dostum, pedaqogika elmləri doktoru, professor Vaqif Tapdıq oğlu Qurbanov öyünə bilər. İllərin sınağından yaxşı çıxıb. İllərin arxasını yerə vura-vura gəlib 80 yaşına çatıb. Amma, göz dəyməsin ona,  heç 80 yaşında kişiyə oxşamır. Şuxdur, çevikdir, zarafatlarından qalmır, nikbindir, qayğıkeşdir. Övladlarını yerbəyer edib. Nəvələri var. Onlar da bir yandan xoşbəxtliyini artırır, həyatın gözəlliklərindən zövq almasına, ömrünün daha da uzanmasına kömək göstərir. İş yoldaşlarının da, dostlarının da bu sahədə özünəməxsus payı var.  Biz Vaqifin xətrini çox istəyir, bir dost, yoldaş, alim kimi onu çox sevirik. O bizi çox sevir. Deyir mən ailəmin, dostlarının əhatəsində xoşbəxtəm, ömrümün uzanmasının səbəbi, səbəbkarı da bunlardır.

Əziz dost 80 yaşın mübarək!!!

AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim



GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru