Kateqoriya arxivləri: ŞAHLAR GÖYTÜRK

Şahlar Göytürk – Var idi.

VAR İDİ

Güvənməzdik özgəsinə, yada biz,
Öz gücümüz, öz girimiz var idi.
Kəndimizin ortasında sehirli
Ocağımız, bir pirimiz var idi…

Nazik-nazik kəsilərdi əriştə,
İnanardıq bir xeyir var hər işdə,
Oynayardıq, yarışardıq örüşdə,
Kamanımız, öz tirimiz var idi…

Sığınardıq böyüklərin çətrinə,
Dəyməz idik bir kimsənin xətrinə,
Yığışardıq o çörəyin ətrinə,
Bir and yeri — təndirimiz var idi…

Kaş o günlər bir qayıda, gələ də,
Yadımdadır o nehrə də, sələ də,
Damağımda dadı qalıb hələ də,
Dəymiş motal pendirimiz var idi…

Yadımdadır o qurulan xanalar,
Kilim, xalı toxuyardı analar.
Hər çeşnidə, hər naxışda mənalar —
Allı-güllü kəndirimiz var idi…

Sönməyincə su atmazdıq kül, közə,
Nə söz olsa, danışardıq üz-üzə,
Baş qoşmazdıq xırda-para hər sözə,
Təmkinimiz, səbirimiz var idi…

Uzaq idik haram işdən, kələkdən,
Bala-bala kam alardıq fələkdən,
Zaman bizi keçirmişdi ələkdən,
Şadaramız, xəlbirimiz var idi…

Yüz ölçərdik, bir biçərdik hər işi,
Tez dəyişdi bu dünyanın gərdişi.
Şahlar, hanı o çağların vərdişi ?
Hara getdi? Öz yerimiz var idi!

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şahlar Göytürk – Şəhid atası.

ŞƏHİD ATASI

Ziyarət elədim şəhid evini,
Heç kimin ovqatı, kefi yox idi..
O köhnə daxmada, balaca evdə
Nə qədər adam var, gözütox idi.

Axdı çeşmə kimi yaş yanağımdan,
Baxıb qürurlandım, şəhid oğlutək.
Utandım əlimdə apardığımdan,
Düşündüm, gedəydim əliboş gərək.

İlahi, kim kimə diləyir səbir
Döndü o daxmada ürəyim dağa.
Şəhid ailəsində qürura bax bir,
Təsəlli verirlər gələn qonağa…

Hiss etdim özümü Məkkədə, pirdə,
Çox yorma özünü yadda qalmasam.
Gələsi deyiləm bu evə bir də
Əlindən öpməyə layiq olmasam,

Bilirəm, çox şey var sənə çatası,
Onsuz da yanında əliboşam mən.
Səni kasıb sandım, Şəhid atası,
Bağışla, sənindir bu boyda Vətən.

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru