
VAR İDİ
Güvənməzdik özgəsinə, yada biz,
Öz gücümüz, öz girimiz var idi.
Kəndimizin ortasında sehirli
Ocağımız, bir pirimiz var idi…
Nazik-nazik kəsilərdi əriştə,
İnanardıq bir xeyir var hər işdə,
Oynayardıq, yarışardıq örüşdə,
Kamanımız, öz tirimiz var idi…
Sığınardıq böyüklərin çətrinə,
Dəyməz idik bir kimsənin xətrinə,
Yığışardıq o çörəyin ətrinə,
Bir and yeri — təndirimiz var idi…
Kaş o günlər bir qayıda, gələ də,
Yadımdadır o nehrə də, sələ də,
Damağımda dadı qalıb hələ də,
Dəymiş motal pendirimiz var idi…
Yadımdadır o qurulan xanalar,
Kilim, xalı toxuyardı analar.
Hər çeşnidə, hər naxışda mənalar —
Allı-güllü kəndirimiz var idi…
Sönməyincə su atmazdıq kül, közə,
Nə söz olsa, danışardıq üz-üzə,
Baş qoşmazdıq xırda-para hər sözə,
Təmkinimiz, səbirimiz var idi…
Uzaq idik haram işdən, kələkdən,
Bala-bala kam alardıq fələkdən,
Zaman bizi keçirmişdi ələkdən,
Şadaramız, xəlbirimiz var idi…
Yüz ölçərdik, bir biçərdik hər işi,
Tez dəyişdi bu dünyanın gərdişi.
Şahlar, hanı o çağların vərdişi ?
Hara getdi? Öz yerimiz var idi!
Müəllif: ŞAHLAR GÖYTÜRK
Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru