Etiket arxivi: Araz Altaylı

Araz Altaylı – General-leytenant Sudoplatov

Ən yeni tarix. Maraqlı faktlar.
Küçə uşağının general-leytenant olması – Stalinin killeri, Xruşovun dustağı…

Ötən əsrin əvvəllərində, çar Rusiyasının inqilabi təlatümlərdə yırğalandığı vaxtda – 1907-ci ildə Tavriya quberniyasının Melitpol şəhərində doğulmuş bu oğlan vətəndaş müharibəsi illərində həm atadan, həm də anadan yetim qalıb.

12 yaşlı Paşa çöllərə düşüb – kimsəsiz, ac-susuz. Onun yaşadığı şəhər əldən-ələ keçib, şəhərdə gah bolşeviklər, gah aqvardiyaçılar, gah da başqaları ağalıq edib.
Nəhayət, qırmızılar şəhərə nəzarəti götürəndə hələ yeniyetmə belə olmayan Pavel Sudoplatov onlara qoşulub və 1919-cu ilin iyun ayında Melitopoldan bolşevik ordusu ilə ayrılıb.
O, alayın sıralarında olub, əl-ayaq işlərinə baxıb. Daha sonra əsir götürülüb.
Uşaq olduğuna görə ona baş qoşan olmayıb deyə, əsirlikdən qaça bilib, o zaman ağqvardiyaçıların nəzarətində olan Odessaya gedib, orada küçə uşağı kimi yaşayıb, limanda yarımştat işləyib. Şəhər qırmızılar tərəfindən tutulduqdan sonra yetim Paşa yenidən qırmızı orduya qoşulub.

1921-ci ildə o, atıcı diviziyanın xüsusi şöbəsində telefon operatoru və şifrəçi kimi xidmət edib.
Vaxtilə Melitpolda aldığı təhsil kara gəlib, oxuyub-yazmaq bildiyinə görə 95 faizi tam bisavad adamlardan ibarət olan alayda onun ibtidai savadına ehtiyac olub.
Daha sonra Pavel baş siyasi idarənin əyalət şöbəsində xidmət edib, oradan sərhəd qoşunlarına keçib, 1923-cü ildən komsomolda çalışıb. 1925-ci ilin fevral ayında 18 yaşlı Sudoplatov siyasi idarənin Melitopol və Xarkov rayon şöbələrində işçi, mühasib, statistik, rəislərin köməkçisi, kiçik əməliyyatçı kimi işlərdə çalışıb.
1928-ci ilin avqust ayından etibarən o, Ukrayna SSR-in Baş Siyasi İdarəsinin informasiya şöbəsinin səlahiyyətli nümayəndəsi olub. 1928-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının üzvlüyünə qəbul olunub.

Beləcə, inqilabın ilk illərində küçə uşağı, alay oğlu olan yetim oğlan 25 yaşında ikən artıq vəzifə, rütbə yiyəsi daşıyan birinə çevrilib.

Ancaq onun hərbi karyerası bununla bitməyib. O, sovet hökumətinə misilsiz xidmətlər göstərib.
Xarici dilləri mükəmməl öyrənmək, insanlarla ünsiyyət qurmaq, özünü yaxşı tərəfdən təqdim etmək bacarığı Sudoplatovun mahir kəşfiyyatçı-diversant kimi püxtələşməsində mühüm rol oynayıb.

Onun adı sovet tarixinə Ukrayna müqavimət hərəkatının mühacirətdə yaşayan liderləri Yevgeni Konovalets və Roman Şuxeviçin, eləcə də bolşevik inqilabının ən öncül iki liderindən biri olan Lev Trotskinin həyatına sui-qəsd təşkil etməklə düşüb.

O, Konovaletsi şəxsən, Moskvada hazırlanmış və şokolad qutusuna yerləşdirilmiş partladıcı maddə ilə qətlə yetirib.
Bundan əvvəl o, Ukrayna müqavimət hərəkatının fəali kimi Konovaletsin etimadını qazanıb, onunla dəfələrlə görüşüb, güclü və zəif tərəflərini öyrənib, adamın şokolad və digər şirin şeylərə aludəçiliyinə əmin olandan sonra onu məhz şokoladla həlak edib.

1938-ci ildə SSRİ-yə qayıtdıqdan sonra o, SSRİ XDİK-in (NKVD) Dövlət Təhlükəsizliyi Baş İdarəsinin 5-ci və 7-ci şöbəsinin rəislərininn köməkçisi vəzifələrində işləyib. Onun rəisləri, eləcə də daxili işlər komissarı Nikolay Yejovun vəzifəsindən kənarlaşdırılmasından sonra o, aparatda qalıb və yeni komissar Lavrenti Beriyanın dönəmində komissarlığın Xarici İşlər İdarəsinin rəisi vəzifəsini icra edib.

1938-ci il dekabrın sonlarında az qala onu repressiya edəcəkmişlər, partiya təşkilatı Sudoplatovu “xalq düşmənləri ilə əlaqələrinə” görə “ifşa edib”.
Onu hətta partiyadan da xaric ediblər. Ancaq Beriyanın müdaxiləsi ilə 1939-cu ilin yanvar ayında bu qərar dəyişib.
Ondan sonra Sudoplatov XDİK-in Dövlət Təhlükəsizliyi Baş İdarəsində mühüm vəzifələr tutub.

Sudoplatovu Stalinin sevimlisi edən hadisə isə, şübhəsiz ki, SSRİ-dən deportasiya edildikdən sonra bir neçə ölkədə müvəqqəti yaşayan, axırda Meksikada yerləşən və Stalinə qarşı mübarizəsini davam etdirən L.Tortskinin qətlini təşkil etməsidir.
Bu qətl üçün Sudoplatovun A və B planı olub. A planına Trotskinin iqamətgahına hücum etmək və onu evindəcə güllələmək daxil idi. Bu, baş tutmayıb, uğursuz nəticələnib.
Belə olanda Sudoplatov B planının həyata keçirilməsinə start verib, nəhayət, Ramon Merkaderin əliylə Stalinin arzusunu çin edib.

Buna görə ona ikinci dəfə “Lenin” ordeni verilib. (Birincini Konovaletsin qətlinə görə alıb).
Sudoplatov üçüncü “Lenin” ordenini müharibə dövründəki fəaliyyətinə görə alıb.
O, sovet-alman müharibəsində XDİK-in 4-cü idarəsinin rəisi kimi Moskvanın müdafiəsi zamanı strateji hədəflərin minalanmasını, Qafqazda alman qoşunlarına qarşı təxribat fəaliyyətlərini və alman kəşfiyyatı ilə strateji radio oyunlarının təşkilini təmin edib.

SSRİ-nin tezliklə atom silahı əldə etməsi P.Sudoplatovun adıyla bağlıdır. ABŞ-də işləyən nüvə fizikləri atom silahı ilə bağlı məlumatları sovet tərəfinə məhz Sudoplatov tərəfindən əməkdaşlığa cəlb ediləndən sonra ötürüblər.
Yoxsa SSRİ atom bombasını 1949-da yox, ən azı 8-10 il sonra yarada bilərmiş.

Bu şəxsin Stalin və Beriyanın əmri ilə nə qədər adamın qətlini təşkil etdiyi tam bəlli deyil.
Çünki bu barədə heç vaxt danışmayıb və bunu öz vəzifə borcu hesab edib. Ancaq sonradan məhkəməsi zamanı üzə çıxıb ki, Beryanın əmri ilə yaradılan “xüsusi qrup”a rəhbərlik edən Sudoplatov və Eytingon mülki vətəndaşlara qarşı məhkəmədənkənar qisas əməliyyatları həyata keçirib.
1946-1947-ci illərdə onlar dörd əməliyyat təşkil ediblər, nəticədə Saratovda keçmiş yüksək vəzifəli partiya və sovet məmuru Şumski, Ulyanovskda mühəndis Səməd, Zakarpatyedə kilsə yepiskopu Romja və Moskvada keçmiş XDİK agenti Oqgins həlak olub.

1953-cü ildə Stalin öləndən və Beriya həbs ediləndən sonra general-leytenant Sudoplatovun qara günləri başlayıb.
“Beriyanın dəstəsinin üzvü” olaraq onu da həbs ediblər. Böyük ehtimalla digər xidmət yoldaşları kimi Sudoplatovu da güllələyəcəkmişlər.
Amma doğuşdan ağıllı, hiyləgər, fəndgir adam olan Sudoplatov gah özünü dəliliyə vurub, gah da hər zaman legitim hakimiyyətin, dövlət rəhbərlərinin tapşırıqlarını son dərəcə dəqiqliklə yerinə yetdirdiyini, buna görə həbs olunmalıdırsa, əmrlərin qanunsuz olmasının etiraf edilməsini tələb edib.
Axır ki, o başının salamatlığına nail olub. Sudoplatova 15 il həbs cəzası kəsiblər. O, ən ciddi rejimli həbsxanada günə-günə yatıb, əmlakı, təltifləri müsadirə olunub.

21 avqust 1968-ci ildə həbsxanadan çıxdıqdan sonra Supoplatov uzun müddət susub, heç nə danışmayıb.
Bu dövrdə o, ədəbi yaradıcılıqla məşğul olub, özünə Anatoli Andreyev təxəllüsü götürüb və İrina Quro ilə birlikdə kitablar nəşr etdirib:
“Üfüqlər: Stanislav Kosiorun nağılı” (1977), “Qəddar sahildə: Marseli Novotko haqqında povest” (1983) və “‘Atım qaçır…: Viktor Kurnatovski haqqında” (1987).

Qorbaçov hakimiyyətə gələndən sonra başlanmış “yenidənqurma və aşkarlıq” illərində köhnə kəşfiyyatçı maraqlı və zəngi həyat yolunun bəzi detallarını, sovet dövlətinə xidmətinin bir hissəsini jurnalistlərə danışıb, oğlu ilə birlikdə kitab yazıb və bir sıra sirlərin açılması ilə əlamətdar olan həmin kitablar – “Kəşfiyyat və Kreml” və “Xüsusi əməliyyatlar. Lubyanka və Kreml. 1930-1950” – bestsellərə çevrilib.

Maraqlıdır ki, “Vladimir” həbsxanasında cəza çəkərkən üç dəfə infarkt keçirən, bir gözü kor olan bu şəxs necə sarsılmaz iradəyə malik olubsa, uzun ömür yaşayıb, yalnız 1996-cı ildə, 90 yaşını haqlayaraq vəfat edib.

Onun bəraət almasının qanuniliyini şübhə altına alanlar da olub. Onlar bildiriblər ki, Sudoplatov məhkəmə tərəfindən sübut edilmiş cinayət əməllərində iştirak edib.

Beləliklə, Leninin dövründə küçə uşağı və alay oğlu, Stalinin dönəmində diversant və killer, Xruşovun vaxtında güzəştsiz cəza çəkən dustaq, Brejnevin və Qorbaçovun zamanında yazıçı, Yeltsinin hakimiyyəti illərində isə əməkdar kəşfiyyatçı kimi yaşayan bu şəxs hazırda Rusiyada dövlət üçün mühüm işlər görmüş dövlət xadimi hesab olunur.

Müəllif: Araz Altaylı

Valentina Tereşkova

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Araz Altaylı – Nümunə insan

NÜMUNƏ İNSAN
Dombra çalan idi, şansı gətirdi, qəhrəman oldu, 75 orden aldı – Tereşkova 60 ildir deputatdır.

60 il öncə Valentina Tereşkova SSRİ Ali Sovetinin deputatı seçiləndə 4-5 yaşı olan kiçik uşaqlar hazırda ard-arda təqaüdə çıxırlar, amma dünyanın ilk qadın kosmonavtı yenidən deputat seçilmək istəyir.

Dünən bu barədə yayılan xəbərə görə, istefada olan general-leytenant V.Tereşkova yenə də doğma şəhəri Yaroslavldan namizədliyini verəcək.

V.Tereşkova 6 mart 1937-ci ildə Yaroslavl vilayətində anadan olub. Atası Vladimir Tereşkov (1912–1940) 1939-cu ildə qırmızı ordu sıralarına çağırılıb və sovet-fin müharibəsində həlak olub.

Valentina 1945-ci ildə Yaroslavl şəhərindəki 32 nömrəli orta məktəbə (hazırda məktəb onun adını daşıyır) daxil olub,1953-cü ildə yeddinci sinfi bitirib.

1954-cü ildə Yaroslavlda təkər zavodunda yığma və vulkanizasiya sexində işə girib, eyni zamanda, 1954-cü ildən 1955-ci ilə qədər Yaroslavl 10 nömrəli məktəbdə axşam bölməsində təhsilini davam etdirib.

1955-ci ildən 1960-cı ilə qədər Yaroslavlda yüngül sənaye texnikimunda pambıq əyirmə ixtisası üzrə təhsil alıb, 1957-ci ildə komsomol sıralarına qoşuldu.
Komsomol katibi olub, zavodun mədəniyyət mərkəzinin xalq çalğı alətləri orkestrində dombra (domra, dambura, balalayka) çalıb.

1959-cu ildən Yaroslavl Aeroklubunda paraşütlə tullanma ilə məşğul olub, 90 tullanış həyata keçirib və bu, onun gələcək taleyini həll edib.

1961-ci ilin avqustunda, SSRİ-nin ilk uğurlu kosmik uçuşlarından qısa müddət sonra, sovet kosmonavtlarının hazırlanması üzrə rəhbər Nikolay Kamanin kosmosa qadın göndərməyi təklif edib. Raket və kosmik sistemlərin baş dizayneri Sergey Korolyov təklifə soyuqqanlılıqla reaksiya verib.
23 dekabr 1961-ci ildə Sov.İKP MK Rəyasət Heyəti bu ideyanı təsdiqləyib və 60 kosmonavt təcrübəçisinin (o cümlədən qadın kosmonavt qrupu üçün beş nəfərin) işə götürülməsinə icazə verib.

1962-ci ilin əvvəllərində 30 yaşdan kiçik, 170 sm-ə qədər boyu və 70 kq-a qədər çəkisi olan qadın paraşütçülər kosmonavt qrupu üçün beş nəfər seçilib. Valentina Tereşkova seçilənlər arasında olub.

Kosmonavtlar korpusuna qəbul edildikdən dərhal sonra o digər qadınlarla birlikdə sıravi əsgər kimi hərbi xidmətə çağırılıb.

Qızlar ciddi sınaqlara məruz qalıblar, nəhayət, bu qadınların ən dözümlüsü Valentina Terekova çıxıb.

Nəticədə 26 yaşlı Tereşkova 1963-cü il iyunun 16-da “Vostok 6” kosmik gəmisində kosmosa uçuşa başlayıb.
Uçuş təxminən üç gün davam edib və o, 19 iyunda Altay diyarına eniş edib. Tereşkova Yer kürəsinin ətrafında 49 dəfə fırlanıb.

Yerə qayıtdıqdan sonra Valentina Tereşkovanın yaxasında “Qızl ulduz” medalı taxılıb, Sovet İttifaqı Qəhərmanı adı, “Lenin” ordeni verilib.
O vaxtdan bəri V.Tereşkovanın ulduzu hey parlamaqdadır.
Bu 63 ildə onun SSRİ\Rusiyada almadığı prestijli orden-medal qalmayıb. Bundan başqa, o, bir çox başqa ölkələrin (Çexoslovakiya, Bolqarıstan, ADR, Polşa, Nepal, İndoneziya, Qana, Əfqanıstan, Monqolustan, Macarıstan, Misir, İordaniya, Suriya, Vyetnam, Çili, Yuqoslaviya, Rumıniya, Peru, Kuba, Efiopiya, Laos və s.) də ən ali orden və medallarına layiq görülüb. Toplam orden-medalları 75-dən çoxdur.

1962-ci ilin mart ayından Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan V.Tereşkova sovet qadınlarının simvoluna çevrilib.
1966-cı ildən 1989-cu ilə qədər SSRİ Ali Sovetinin 7-11-ci çağırış deputatı olub. 1968-ci ildən 1987-ci ilə qədər Sovet Qadınları Komitəsinə rəhbərlik edib. 1971-ci ildən 1990-cı ilə qədər Sov.İKP MK-nin üzvü olub. 1974-cü ildən 1989-cu ilə qədər SSRİ Ali Sovetinin Rəyasət Heyətinin üzvü olub, dövləti idarə edən şəxslərlə rəyasətlərdə yanaşı oturub.

SSRİ dağılandan sonra bir müddət o, “köhnə kommunistlər”dən olduğu üçün ali diqqətdən kənarda qalıb. 2003-cü ildə “Həyat” partiyasının qurultayında federal partiya siyahısında 3-cü olub, amma partiya bloku seçki həddini keçə bilmədiyi üçün o, deputat seçilə bilməyib.
Əvəzində 2008-ci ildə bəxt yenidən ilk kosmonavt qadının üzünə gülüb, “Vahid Rusiya” partiyasından Yaroslavl regional Dumasının deputatı seçilib.

V.Tereşkova 2011-ci ildən 2019-cu ilə qədər, 6-cı və 7-ci çağırış Dövlət Dumasının deputatı olub.

Bütün şan-şöhrətinə baxmayaraq, V.Tereşkova 2018-ci ildə pensiya yaşının artırılmasına səs verdiyi üçün rusiyalıların hiddətini qazanıb. Bundan başqa, o, 2020-ci ildə Dövlət Dumasında Rusiya konstitusiyasına dəyişikliklərlə bağlı müzakirələr zamanı prezidentlik müddətlərinin sayına qoyulan məhdudiyyətin aradan qaldırılmasını təklif edib. Başqa sözlə, Putinin ömürlük prezident olmasıni dəstəkləyib.

Tereşkovanın çıxışından sonra siyasi fəallar etiraz piketləri keçiriblər. Ona qarşı təhqiramiz ifadələr səslənib, onu vicdansızlıqda ittiham ediblər. Fəallar onun 1977-ci il SSRİ konstitusiyasını təriflədiyini, Leonid Brejnevə şəxsən yaltaqlandığını yada salıblar. Bir qrup alim, hüquqşünas və jurnalist bir şəxsin president seçilməsi üçün qüvvədə olan say senzinin ləğvi ideyasına qarşı çıxıblar. İlk qadın kosmonavtın bir sıra şəhərlərin fəxri vətəndaşı titullarından məhrum edilməsi üçün petisiyalar yaradılıb.

Təkcə öz ölkəsində yox, xaricdə də onun reputasiyası zədəlidir. 21 iyun 2018-ci ildə Tereşkova Ukraynanın sanksiya siyahısına daxil edilib, çünki o, Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini təhdid edən hərəkətləri və siyasətləri dəstəkləyib.

2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra V.Tereşkova Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrinin Rusiya Federasiyasına birləşdirilməsinə səs verdiyi üçün Avropa İttifaqının sanksiya siyahısına əlavə edilib. Sonradan İsveçrə və Yeni Zelandiya da oxşar səbəblərdən onun adını öz sanksiya siyahılarına salıblar.

V.Tereşkovanın ilk əri (1963-1982) kosmonavt Andrian Nikolayev (1929-2004) olub. Onlar 1963-cü ildə evləniblər.
Toyda SSRİ rəhbəri Nikita Xruşov şəxsən iştirak edib. Daha sonra o, pilot Andrey Rodionovla ailə qurub.

Gələn il Valentina Tereşkovanın 90 yaşı tamam olacaq, ancaq o, hələ də seçilmişlərdən olmaq istəyir.
O, Rusiya miqyasında bioloji uzunömürlülüyün rekordunu tam qırmasa da, siyasi uzunömürlülüyn rekordunu artıq qırıb:
60 ildən çoxdur ki, Kremldədir, Xruşovdan başlayaraq, 8 rəhbərlə (Xruşov, Brejnev, Andropov, Çernenko, Qorbaçov, Yeltsin, Putin, Medvedyev, yenə Putin) işləyib və işləmək əzmindədir.

Müəllif: Araz Altaylı

Valentina Tereşkova

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I