Etiket arxivi: Bayramınız mübarək!

Turan Uğur – SƏDDƏ DİLƏYİ

SƏDDƏ DİLƏYİ

Diləklər cürbəcür olur: ömür diləyi, mal-dövlət diləyi, sağlıq diləyi – bir də var Səddə diləyi.Səddə diləyi dünənlə bugün arasında, Böyük çillə ilə Kiçik çillə qovşağında edilən diləkdir.Onu deyim ki, 40 günlük Çilləyə “xudahafiz” deyibən, Kiçik çilləyə “mərhaba” söyləməyin özü də bir ərdəmdir.Və ərdəmlik odur ki, gedənə sağol, gələnə salam deməyi bacarasan.Çıxasan eyvana, diləyini tutasan, Novruza gedən yollarımızın asanlığını diləyəsən.Ruzi-bərəkətin göydən elə yağar ki, Kiçik çillənin məşəqqətini ləzzət, “qışın oğlan çağı” nın müşkülünü zövqü-səfa bilərsən.
Bunu bildinsə yaşamaq da qolay olur.
Qeyd edim ki, qədim əyyamlardan üzübəri Səddə bayramı Novruz bayramına 50 gün qalmış keçirilərdi.Bu haqda Nizaminin “İsgəndərnamə” sində yazılan bu qutsal misralar həmin fikirlərin əsl təsdiqidir.
Novruz ilə Səddə bayramlarında,
Ayinlər yenidən olurdu bərpa.

Ər üzü görməmiş növrəstə qızlar,
Evindən sevinclə dışarı çıxar.

Əllər al xınalı, üzlər bəzəkli,
Hər yandan gəlirdi coşqun ürəkli…

Beytlərdən də göründüyü kimi Şeyx Nizami dönəmində Səddə günü bayram coşqu ilə keçirilərmiş, eynən Baharda olduğu kimi hamı bəzənər, düzənər, atəşli ürəklər qışın çovğununa meydan oxuyarmış. Ayinlərin bərpa olunması isə odur ki, yurdumuzda ən əski çağlardan Səddə mərasimləri əzəmətli şəkildə keçirilərmiş, zira onun müəyyən epizodlarının bərpası güncəl mahiyyət qazanıbmış. “Novruza 50, biçinə 150 gün qalır” şüarı isə yurdumuzun yalnız müəyyən bir kəsiminin gələcək planlarından soraq verib.
-Bəs Səddə günü nələr yaşanırdı?
-Yurddaşlarımız meydanlara çıxarmışlar, tonqallar çatılar, amma millət ocağın yox, el-elatın coşğusuna, istisinə qızınardı.Bu sıcaqlıq zimistanın düz ortasında ilac kimi gələrdi bizim dədələrə, nənələrə.Şirniyyat bişirənlər kim, süfrə açanlar kim…Hər kəs gücü çatandan bayram süfrəsini bəzəyərmiş.Adından da göründüyü kimi sədd olardı, hüdud olardı iki Çillənin qovşağında.
Səddə bayramı mazimizdə müxtəlif ayinlərlə, rituallarla daha da xoş keçərdi.Ancaq bir məqam var ki, Novruza qədər olan ayinlərin, mərasimlərin heç biri əzəmətinə görə Novruz təmtərağını ötməməli idi. Beləki, Novruzu kiçik anmalarla düzənlənən yığnaqlar müəyyən qədər bayramı imitasiya etmək xarakteri daşıyardı.Bu mənada adəti üzrə Səddə tonqalı da Novruz tonqalından daha artıq şölə saçmazdı.Bu kimi nüanslar yalançı, xəbərçi çəşənbələrimizə də xasdır.
“Qırxı getdi, iyirmisi qaldı” demək Çillənin çoxunun arxada, azının irəlidə olduğuna nişanə idi.
Səddə bayramının məxsusi ayinləri haqda bilgilər günümüzə qopuq-qopuq, pərakəndə şəkildə çatıb.Şübhəsiz, Səddənin Novruzqabağı digər önəmli günlərlə bənzərlikdən savayı fərqli özəllikləri də olub.Fikrimcə, bu faktor daha çox Səddə nəğmələrində, sloqanlarında, mərasimlərində – söz-sovumuzda bir qüvvə kimi düyümlənib.Əsrlər boyu bir-biri ilə iç-içə olan “Səddə” və “mərasim” sözləri bugün təbii şəkildə üzvü bir hala gəlib. Vaxtilə qaş qaralanda yeniyetmələrin kənd, şəhər meydanlarında cəm olunması Səddə gününə törənlərdən idi.Şölənlərdən, təzahüratdan xali olmayan gecədə müxtəlif xalq oyunları oynanılar, uca folklorumuzun çiçəyi çırtlayardı.
Məbədlərə gedib, soyuq rüzgarı atəşə atıb, sıcaq Günəşin könlünü almaq da Səddə mərasimlərindən öndə gələni idi.Odun, alovun hənirtisini əyinlərdə kürk bilən türk insanı çovğuna bu sayaq dərs verərdi.Xeyirlə şər qovğasında hansı səfdə dayanmalı olduğunu – haqqı, ya nahaqqı seçməyi boynunun borcu idi.Sudan duru, aydan arı Çərşənbələrin pişvazına çıxmaq, onu sevə-sevə qarşılamaq türkün nə qədər alicənab, necə kübar bir davranış sərgiləməsindən xəbər vermirmi?!
Yalançı çərşənbələrin bir addımlığında yurddaşlarımızın sevincək olması, bayram bəşarətçilərini birgə qarşılamaq məmləkətin bir olmağını, diri olmağını, iri olmağını icab etdirmirmi?!
Deyirlər, niyyət niyyətə, dua duaya calananda nəinki yer, göy də bayram edərmiş.Hamı payını alarmış bu Səddə sovqatından.Alaq bu mübarək gündən biz də öz payımızı.Çünki bugün öləzimiş adətlərimiz fonunda Səddəni sərəfraz görməməyimizin təbii səbəbləri var.İnsanların gündəlik dərd-sərləri, həyat problemləri, keçim qayğıları demək ki, folklorumuzdan da yan keçməyib.Bu məqama “heyhat!” deyibən, içimizdən silkinib, özümüzdə güc yığıb bayramlarımza sığınmağın çoxdan vaxtı yetişib.Özümüz olmağın tək formulu, yeganə düsturu yalnız bu kimi bayramların bətnində doğal şəkildə çözülür.Biz də doğa kimi özümüzü çözək.Yolumuzdan sapmayaq, cığırımızdan saqınmayaq! Səddədən Novruza bu dayanacaqlardan keçməklə marşrutumuz belədir:
-İlaxır çərşənbələrimizin ilki –Su çərşənbəsi fevralın 24-ü, Od çərşənbəsi martın 3-ü, Yel çərşənbəsi martın 10-u, Torpaq çərşənbəsi isə martın 17-isidir.Yaz fəsli yurdumuza martın 20-isi, saat 18:46-da təşrif buyuracaq.
Diləklər cürbəcür olur: ömür diləyi, mal-dövlət diləyi, sağlıq diləyi – bir də var Səddə diləyi.Diləyiniz mübarək!

Həmin gün ruzilər Səddədən gələr,
İnsana hər zülm bəndədən gələr.
Novruza əlli gün qalıbsa nə var,
Meydana yüyürsün çolma-çocuqlar.
Südlü çörəklərin ətri qovzanır,
Şirniyyat süfrədə, ocaqlar yanır.
Qırx günlük Çilləyə “sağol” deyibən,
Çıxmışam Səddənin pişvazına mən.
Gələn müsafirdən hey mədəd umub,
Bir munis yar kimi üstünə cumub.
Qucaram mən onu, mehmanım olar,
Bu Kiçik çilləni sevməzmi insan?!
Səddədir Çərşənbə bəşarətçisi,
Səddədir Xıdırın tək müjdəçisi.
İndi unudubdur səni çoxları,
İndi insan dərdi, insan “ah” ları,
Çox şeyi kölgədə qoyub, deyəsən,
Başını çən-duman alıb, deyəsən.
O çən də, duman da gedər haçansa,
Kimlər ki Novruzun hikmətin dansa:
Zəlildən zəlildir, şikəstdən şikəst,
Onlara aşina olmağa dəyməz!
Novruzu səsləyən Çillə əzizdir,
Çün dışarıdakı qardan təmizdir.
Səddənin xeyiri, faydası, bumu?
Turan Uğurun könül albomu:
Açılır yarpaqtək Baharı öyür,
Qəlbimdə ürək yox, Günəş döyünür.

22 yanvar 2026-cı il

Turan Uğur
AYB-nin üzvü, yazıçı

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Evladımız məzəhəbbin danmasın, Hər içiboş sözlərə aldanmasın!” – Bayramınız mübarək olsun!

HEYDƏRBABAYA SALAM

(Bir parça)

Heydərbaba, ildırımlar şaxanda,

Sellər, sular şaqqıldayıb axanda,

Qızlar ona səf bağlayıb baxanda,

Salam olsun şövkətüzə, elüzə,

Mənim də bir adım gəlsin dilüzə.

Heydərbaba, kəhliklərin uçanda,

Kol dibindən dovşan qalxıb qaçanda,

Baxçaların çiçəklənib açanda,

Bizdən də bir mümkün olsa yad elə,

Açılmayan ürəkləri şad elə.

Bayram yeli çardaxları yıxanda,

Novruz gülü, qar çiçəyi çıxanda,

Ağ buludlar köynəklərin sıxanda,

Bizdən də bir yad eləyən sağ olsun,

Dərdlərimiz qoy dikəlsin, dağ olsun.

Heydərbaba, gün dalıvı dağlasın,

Üzün gülsün, bulaqların ağlasın,

Uşaqların bir dəstə gül bağlasın,

Yel gələndə, ver gətirsin bu yana,

Bəlkə mənim yatmış bəxtim oyana.

Heydərbaba, sənin üzün ağ olsun,

Dörd bir yanın bulaq olsun, bağ olsun,

Bizdən sonra sənin başın sağ olsun,

Dünya qəzöv-qədər, ölüm-itimdi,

Dünya boyu oğulsuzdu, yetimdi.

Heydərbaba, yolum sənnən gəc oldu,

Ömrüm keçdi, gələmmədim, gec oldu,

Heç bilmədim gözəllərin nec oldu,

Bilməz idim döngələr var, dönüm var,

İtginlik var, ayrılıq var, ölüm var.

Heydərbaba, igid əmək itirməz,

Ömür keçər, əfsus bərə bitirməz,

Namərd olan .ömrü başa yetirməz,

Biz də vallah,unutmarıq sözləri,

Görəmməsək, halal edin bizləri.

Xəzan yeli yarpaqları tökəndə,

Bulud dağdan yenib kəndə çökəndə,

Şeyxül-İslam gözəl səsin çəkəndə,

Nisgilli söz ürəklərə dəyərdi,

Ağaclar da Allaha baş əyərdi.

Daşlı bulaq daş-qumunnan dolmasın,

Baxçaları saralmasın-solmasın,

Ordan keçən atlı susuz olmasın.

Deynə, bulaq xeyrin olsun, axarsan,

Üfüqlərə xumar-xumar baxarsan.

Heydərbaba, dağın, daşın, sərəsi

Kəklik oxur, dalısında fərəsi,

Quzuların ağı, bozu, qərəsi,

Bir gedəydim dağ-dərələr uzunu,

Oxuyaydım “Çoban, qaytar quzunu”

Heydərbaba, sulu yerin düzündə,

Bulaq qaynar çay-çəmənin gözündə,

Bulaqotu üzər suyun üzündə,

Gözəl quşlar ordan gəlib keçərlər,

Xəlvətləyib bulaqdan su içərlər.

Biçin üstü sünbül biçən oraqlar,

Elə bil ki, zülfü darar daraqlar,

Şikarçılar bildirçini soraqlar,

Biçinçilər ayranların içərlər,

Bir huşlanıb, sondan durub biçərlər.

Heydərbaba, kəndin günü batanda,

Uşaqların şamın yeyib yatanda,

Ay buluddan çıxıb qaş-göz atanda

Bizdən də bir sən onlara qissə de,

Qissəmizdə çoxlu qəmü qüssə de.

Qarı nənə gecə nağıl deyəndə,

Külək qalxıb qap-bacanı döyəndə,

Qurd keçinin şəngülüsün yeyəndə

Mən qayıdıb bir də uşaq olaydım,

Bir gül açıb ondan sora solaydım.

Əmməcanın bal bələlsin yeyərdim,

Sondan durub üs donumu geyərdim,

Baxçalarda tiringəni deyərdim,

Ay özümü o əzdirən günlərim,

Ağac minib, at gəzdirən günlərim.

Heydərbaba, kəndin toyun tutanda,

Qız-gəlinlər həna, piltə satanda,

Bəy gəlinə damnan alma atanda,

Mənim də o qızlarında gözüm var,

Aşıqların sazlarında sözüm var.

Heydərbaba, bulaqların yarpızı,

Bostanların gülbəsəri, qarpızı,

Çərçilərin ağ nabatı, saqqızı

İndi də var damağımda, dad verər,

İtikin gedən günlərimdən yad verər.

Bayram idi gecəquşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim mən də, evdə ağladım,

Bir şal alıb tez belimə bağladım,

Qulamgilə qaçdım, şalı salladım,

Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.

Bayram olub, qızıl palçıq əzərlər,

Naxış vurub otaqları bəzərlər,

Taxçalarda düzmələri düzərlər,

Qız-gəlinin fındıqçası, hənası,

Həvəslənər anası, qaynanası.

Bakıçının sözü, sovu, kağızı,

İnəklərin bulaması, ağızı,

Çərşənbənin girdəkanı, mövizi,

Qızlar deyər: “Atıl-matıl. çərşənbə,

Ayna təkin bəxtim açıl, çərşənbə”

Yumurtanı göyçək, güllü boyardıq,

Çaqqışdırıb sınanları soyardıq,

Oynamaqdan bircə məgər doyardıq?

Əli mənə yaşıl aşıq verərdi,

İrza mənə növruzgülü dərərdi.

Heydərbaba, Nənəqızın gözləri,

Rəxşəndənin şirin-şirin sözləri

Türkü dedim, oxusunlar özləri,

Bilsinlər ki, adam gedər, ad qalar,

Yaxşı-pisdən ağızda bir dad qalar.

Heydərbaba, dünya yalan dünyadı,

Süleymandan, Nuhdan qalan dünyadı,

Oğul doğan, dərdə salan dünyadı,

Hər kimsəyə hər nə verib alıbdı,

Əflatundan bir quru ad qalıbdı.

Heydərbaba, yaru yoldaş döndülər,

Bir-bir məni çöldə qoyub çöndülər,

Çeşmələrim, çıraqlarım söndülər,

Yaman yerdə gün döndü, axşam oldu,

Dünya mənə xərabəyi-Şam oldu.

Heydərbaba, göylər bütün dumandı,

Günlərimiz bir-birindən yamandı,

Bir-birizdən ayrılmayın, amandı,

Yaxşılığı əlimizdən alıblar,

Yaxşı bizi yaman günə salıblar!

Bir uçaydım bu çırpınan yelinən,

Bağlaşaydım dağdan aşan selinən,

Ağlaşaydım uzaq düşən elinən,

Bir görəydim ayrılığı kim saldı?

Ölkəmizdə kim qırıldı, kim qaldı?

Mən sənintək dağa saldım nəfəsi,

Sən də qeytər, göylərə sal bu səsi,

Bayquşun da dar olmasın qəfəsi,

Burda bir şir darda qalıb bağırır,

Mürüvvətsiz insanları çağırır.

Heydərbaba, qeyrət qanın qaynarkən,

Qaraquşlar səndən qopub qalxarkən,

O sıldırım daşlar ilə oynarkən,

Qovzan mənim himmətimi orda gör,

Ordan əyil, qamətimi darda gör.

Heydərbaba, sənin könlün şad olsun

Dünya varkən ağzın dolu dad olsun,

Səndən keçən tanış olsun, yad olsun,

Deynə mənim şair oğlum Şəhriyar,

Bir ömürdür qəm üstünə qəm qalar.

Heydərbaba, gəldim səni yoxlayam,

Bir də yatam, qucağında yuxlayam,

Ömrü qovam, bəlkə burda haxlıyam,

Uşaqlığa deyəm: bizə gəlsən bir,

Aydın günlər, ağlar üzə gülsən bir!

Heydərbaba, alçaqların köşk olsun,

Bizdən sora qalanlara eşq olsun,

Keçmişlərim gələnlərə məşq olsun,

Evladımız məzəhəbbin danmasın,

Hər içiboş sözlərə aldanmasın!

Müəllif: ŞƏHRİYAR

TÜRK DÜNYASI YAZARLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru