Etiket arxivi: BDU MƏZUNLARI

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 1976-cı il məzunları

Məzun olduqdan sonra görüşlərimiz haqqında bir neçə dəfə yazmışam. İndi görürəm, Mark onlardan birini mənə xatırlatdı. Bu 2024-cü ilin görüşündən qalan xatirədir. Tələbə yoldaşlarımın, elə Markın da xətri xoş olsun deyə, yenidən paylaşıram…

DAHA BİR GÖRÜŞ…
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 1976-cı il məzunları olaraq, hər il may ayının 2-si bizim görüş günümüzdür. Uzun illər yığışdığımız yer Bakı soveti metrosunun qarşısı, yəni İçərişəhər olub. Bir saat, bəzən də iki saat dayanıb intizarla ucqar yerlərdən gələn tələbə yoldaşlarımızı o qədər gözləmiş, sonra topalaşıb gözəl bir məkanda ömrümüzə yazılan bir gün yaşamışıq.

İllər ötdü, mobil telefonlar həyatımıza daxil olandan sonra imkan olduqca bir-birimizin halından, həyatından daha tez-tez xəbər tutduq. Beləcə, əhd-peymana sadiq olan bizlər həmin ənənəni bu gün də davam etdiririk…

Patokda 50 nəfər idik, illər içrə sıramız yaman seyrəlib. Uzaq məkanlarda yaşayan bəzi dostlarımızın görüşlərə qatılmaması bir yana, qalanımızı əbədi ayrılığa düçar edənlər – dünyasını dəyişənlərimiz də çoxdur. Hər görüşümüzdə onları həsrət dolu kədərlə, xəfif bir təbəssümlə xatırlayırıq. Eh, səfimizdən çox durnalar ayrıldı, azaldıq, şükür, hələ ki tam üzülməmişik. Amma bu yolun sağ qalan son nəfərimizəcən davam edəcəyini bilirəm. Vaxt-bivaxt ürəyimdə belə bir gizilti də qövr edir, deyirəm, vay axıra qalanın halına, görəsən o Tək 49 nəfərin yoxluğuna necə tablaşacaq…

Kədərli notlarla səslənməkdə məni qınamayın, dostlar, axı xatirələrin bir üzü güllü-çiçəkli yazdırsa, o biri üzü də sazaqlı, şaxtalı qışdır. O səbəbdən də görüşlərimizdə xatirələrin işığında ötən illərimizin həsrətini, fərəhli hadisələrini yada salırıq. Və nə az, nə çox, sabah məzun olduğumuz ilin 50 yaşı tamam olur. Maşallah, əsri yarılamışıq ki…

Axarıncı görüşümüz 28 apreldə baş tutmuşdu. Mayın 2-sini 4 gün qabağa çəkməyimizin (istirahət günü olduğu üçün) təşəbbüskarı, ümumiyyətlə, bütün görüşlərimizin təşkilatçısı, hətta son bir neçə ildə yubiley tarixlərimizdə də bizi bir araya gətirən o arıq, çəlimsiz, qarayanız oğlan, amma istedadı, gözəl yazıları ilə nəhəng olan tələbə yoldaşımız Səməd Məlikzadə oldu…

Yolboyu intizar içindəyəm, görəsən kimlər gələcək, yığıla biləcəyikmi, görüşümüz baş tutacaqmı? Xatirələrdən çatılmış bir ocağın ətrafında kövrəkliklə süslü şirin, dadlı bir gün yaşaya biləcəyikmi…

Böyük Yaradana şükürlər olsun ki, bizə bu görüşü də nəsib etdi. Nə xoş ki yığışdıq, bir yerdə olduq. Ləziz nemətlərlə zəngin süfrəmizə şipşirin xatirələrimizlə əlvan bir bəxtiyarlıq qata bildik. Ən şirin kəlməmiz: “ay uşaqlar, yadınızdadı…” müraciətimiz hamımıza ləzzət eliyirdi. Bir-birimizin gözündə hələ də 48 il əvvəlin qaynar təbiətli gəncləriydik. Yaşa dolsaq da sanki uşaqlıq çağlarımıza qayıtmışdıq. Şirin, məzəli söhbətlər, zarafatlar, üstəlik çuvalduzun, bizin “sancmaları” da bəxtiyarlıq içində keçən saatlarımıza ürəkaçan rənglər qatdı… Həmin gün yoldaşlarımızdan bir neçəsi üzürlü səbəblərdən məclisimizə qatıla bilmədi. Bizlər – ağsaqqalımız Teymurşah Xaspoladov, Elman Qədirli, Vaqif Tanrıverdiyev, Adil Hacıyev, Səməd Məlikzadə, Ramiz Yusifov, Nailə Hacıyeva, Nərgiz Bayramova və mən, bəndəniz Şəfəq bu görüşün iştirakçıları idik.
Gələn görüşlərədək, ay uşaqlar, özünüzə yaxşı baxın.
Sevgi və sayqılarımla…
R.S. Fotoqrafımız da həmişəki kimi Səməd Məlikzadədir…

Məlumatı hazırladı: Şəfəq NASİR

Filologiya üzrə fəlsəfə doktoru

Könül Bünyadzadənin yazıları

Şəfəq Nasiirin digər yazıları

Məmməd Məmmədlinin yazıları

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I