Etiket arxivi: Ələkbər Salahzadə – 85

Ələkbər Salahzadə – 85

Ələkbər Salahzadə – 85
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Azərbaycan ədəbiyyatında silinməz iz qoyan Ələkbər Salahzadənin doğum günüdür.

Ələkbər Salahzadə müasir poeziyamızın inkişafında mühüm rol oynamış şair, publisist və tərcüməçi olaraq yaradıcılığı milli düşüncə, vətən sevgisi, insanın mənəvi dünyası və həyatın fəlsəfi mənası kimi mövzularla zəngindir. Şairin 85 illik yubileyi münasibətilə onun ədəbi-bədii fəaliyyətinə nəzər salmaq Azərbaycan ədəbiyyatının inkişaf yolunu da anlamağa kömək edir.

Ələkbər Salahzadə ədəbi fəaliyyətə XX əsrin 60-cı illərindən başlayıb. edib. “Azərbaycan” jurnalının ədəbi işçisi, “Tərcümə saatı” radio jurnalının redaktoru, Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor, “Gənclik” nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini işləyib.

Ələkbər Salahzadə “Ulduz” jurnalında redaktor kimi fəaliyyət göstərdiyi dövrdə jurnalın məzmununun zənginləşməsinə və yeni ədəbi istiqamətlərin təqdim olunmasına böyük töhfə vermişdir. Onun rəhbərliyi ilə jurnal səhifələrində həm tanınmış müəlliflərin əsərləri, həm də gənc qələm sahiblərinin yaradıcılığı dərc olunurdu. Bir çox gənc şair və yazıçı ilk dəfə məhz “Ulduz” jurnalında çap olunaraq oxucu auditoriyasına təqdim edilmişdir. Daha sonra “Qobustan” ədəbi-bədii incəsənət toplusuna rəhbərlik etdiyi dövrlərdə Azərbaycan folklorunun, təsviri sənətinin, musiqisinin, teatrının və digər sənət sahələrinin ən parlaq nümunələrinin, mövcud istiqamətdəki tədqiqat işlərinin, sənətşünasların araşdırmalarının əks olunmasına böyük önəm verir, jurnalın hər nömrəsində dünya incəsənəti nümunələrinə də yer ayırırdı.

Eyni zamanda, bədii tərcümə ilə yaxından məşğul olmuş, dünya və qonşu xalqlar ədəbiyyatından bir sıra qiymətli əsərləri Azərbaycan dilinə çevirmişdir. Meşa Selimoviçin “Dərviş və ölüm” romanının, A.Tarkovskinin “Gözəl Gülayim haqqında povest”inin, Pyatras Svirkanın “Tülkünün kələyi”nin , A.Platonovun “Dörd hekayə”sinin, Lorens Sterin “Fransaya və İtaliyaya sentimental səyahət”inin, A.V.Safronovun “Vida poeması”nın və digər əsərlərin Azərbaycan oxucusuna ana dilimizdə çatdırılmasını böyük müvəffəqiyyətlə həyata keçirib.

Əsərləri müxtəlif dillərə tərcümə olunmuşdur. Dövri mətbuatda onun çox sayda müxtəlif səpkili məqalə və digər yazıları işıq üzü görüb, pyesləri uğurla tamaşaya qoyulub. Ələkbər Salahzadə yaradıcılığının xeyli hissəsi uşaqların bədii-poetik aləminin təsvirinə həsr olunub. Şairin uşaq dünyasına həsr etdiyi çoxlu sayda şeir və nağılları vardır.

Rəsul Rza adına mükafatın laureatı, Əməkdar incəsənət xadimi, həlim insan, bacarıqlı rəhbər, gözəl ailə başçısı Ələkbər Salahzadənin əziz xatirəsi daim ürəklərdə yaşayacaq. Ələkbər Salahzadə öz lirik poeziyası ilə oxucularına daim fərqli mövzular, obrazlar, məzmun və məna özəlliyi ötürən orijinal şair kimi daim onların yaddaşında yaşayacaqdır. Ürəklə, istedadla yazılanlar heç vaxt unudulmur!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I