Etiket arxivi: Əntiqə QONAQ

Ayətxan Ziyad – 75        

                XARAKTER İNSAN                               
      Bir az uzaqdan başlamaq istəyirəm. Daha doğrusu, başlamalıyam. Çünki, haqqında söz demək istədiyim söz adamı o uzaq dövrlərdən qalmadı, köhnə kişilərdəndi. 80-ci illərin əvvəlləri… Jurnalistika fakültəsinin əyani kurs tələbəsiyəm. Radio-televiziya ixtisası üzrə təhsil alıram. Birinci il televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasında təcrübə keçdim, ikinci il isə radionun eyni profilli redaksiyasında. O zaman orada çalışanların hamısı bizə çox əlçatmaz görünürdü. İllərdi radiodan səslərini eşitməyə alışdığımız, televiziyadan üzlərini gördüyümüz insanlarla üz-üzə idik. Söz soruşmağa, sual verməyə çəkinirdik. Yaxşı ki, bu vəziyyətdən bizi özləri çıxarırdılar. Salam verən, hal-əhval tutan, xoş gəldin deyən, kompliment söyləyən… Hərə öz xarakterinə uyğun olaraq müraciət edirdi bizə. Fəridə Aslanbəyova, Zəhra Hüseynova, Şəlalə Əlibəyli, Arif Şəfizadə, Həsən Vəliyev, Ayətxan Ziyad, Şamxal, Oqtay… İlk baxışda ciddi, qaraqabaq görünsələr də hərəsinin içində bir mərhəmət mələyi vardı sanki və bu mələklərlə onların özləri kimi davranmaqdan başqa yolumuz yox idi. Əslində elə bizə də bu lazım idi. Tələbəlik illərindən başlayaraq 1990-cı ilədək – 10 ilə yaxın bir müddət radionun o balaca, yığcam otaqlarına, səsyazma studiyalarına böyük-böyük arzularımızla birlikdə biz də yerləşdik, hamımız bir qazanda qaynayıb qarışdıq…                                      

  İndi onlardan biri haqqında- Ayətxan Ziyad haqqında danışacam. Onun min bir zəhmətlə, məsuliyyətlə yola saldığı 75 ilə mənimlə çarpazlaşan müstəvidən işıq salmağa çalışacam. Dedim axı ilk dəfə təcrübə keçən tələbə kimi ayaq açmışdım ora. Əvvəllər müxtəlif həcmli süjetlər hazırlayırdım. Çox vaxt da mətnin səsləndirilməsini mənə həvalə edirdilər. Ləhcəsiz, təmiz ədəbi dildə, həm də sərbəst və oxunaqlı təqdim etməliydik işimizi. Bəzən dilimiz çaşırdı, doğulub yaşadığımız yerlərin danışıq tərzi girirdi araya. O zaman verilişin redaktoru Ayətxanın üzünü görmək lazımdı. Təkrar-təkrar başa qayıdırdıq. Ta ki, nəticə məhz onun istədiyi kimi olana qədər. Yəni qaydalar daxilində. O qədər məsuliyyətli idi, o qədər diqqətlə yanaşırdı ki, işinə  onun tələblərinə uymaya bilməzdim. Bəzən daxilən əzəbiləşdiyim, narazı qaldığım vaxtlar da olurdu. Amma az sonra anlayırdım ki, bütün bunlar məhz ən çox bizə lazımdı. Bizi peşəkar jurnalist, radio işçisi kimi yetişdirirdi bu tələblər, bu məsuliyyət hissi. Ayətxan müəllim deyə müraciət edirdik ona. Başı aşağı, daim yazı masasının üstündə ayrı-ayrı müəlliflərin redaktə olunmalı yazıları… Kəsirdi, calayırdı, sözləri dartıb aid olduğu fikrin yanına çəkirdi, bəzən özünün də əlavələri olurdu. Sonra yazını bizə qaytarırdı, biz də makinaçı qızların yanına gedib redaktə edilmiş mətni yenidən təzə variantda yazdırırdıq. Beləcə özüm də hiss etmədən fakültədə keçdiyim “Redaktənin nəzəri əsasları” fənnindən öyrəndiklərimi təcrübədə təkmilləşdirir, mənimsəyirdim. Əsl müəllim yanaşması idi bu. Ayətxan müəllim bizə həm də müəllimlik edirdi, xəbərimiz yox idi bundan. Sonralar qəzetdə çalışarkən bu öyrəndiklərim o qədər karıma gəldi, əlimdən tutdu ki…                                             
       Az keçməmiş mənə daha böyük etimad bəsləndi. Müəllif verilişi etibar olundu. Sonralar eşitdim ki,  bunu Ayətxan müəllim təklif edibmiş redaksiyanın rəhbərliyinə. “Nəğməli-sözlü gənclik” və “Nəğməli-sözlü tələbə”. Tələbə verilişinin redaktoru istedadlı şair, gözəl insan Şamxal Rüstəm idi. (Nurlar içində yatsın). Diğər verilişin redaktoru isə Ayətxan müəllim idi. Belə ki,  ayrı-ayrı müəssisələrin bədii özfəaliyyət kollektivlərinin çıxışlarını lentə alır,  sonra verilişə ifaçılar barəsində mətn də əlavə edib çox maraqlı və zövqlü bir proqram hazırlayırdıq. Özfəaliyyət kollektivlərinin çıxışlarını yazmaq üçün radionun ayrıca səsyazma studiyasının yerləşdiyi maşınla   həmin müəssisənin klubunun, ya da mədəniyyət evinin yerləşdiyi məkana gedirdik. Bu musiqiləri dinləyərkən Ayətxan müəllimin üz cizgilərinə baxmaq lazım idi. Gözəl, qüsursuz ifa dinləyəndə sifətində məmnun bir ifadə olurdu, gözlərini yumub musiqinin sehrinə dalırdı. Elə ki, kiçik bir qüsur sezdi, ya da ki, ifaçı səsi yerinə oturda bilmədi onu təkrar-  təkrar oxutdururdu. Ta ki, mükəmməl bir iş ortaya qoyulanadək. O zamanlar Ayətxan müəllimin daha bir bacarığının şahidi oldum. Musiqi duyumu çox yüksək səviyyədə idi. Bir müddətdən sonra bu verilişi təkbaşına mənə həvalə etdi. Özünün vacib işi çıxanda, yaxud da yeni çəkilişi olanda mən səs rejissoru ilə bərabər gedirdim çəkilişə. Amma tez-tez əlaqə saxlayırdı, vəziyyətdən xəbər tuturdu.                         
        Demək istədiyim odur ki, o dövrün jurnalistləri, redaktorları hərtərəfli idilər, özlərini daim təkmilləşdirirdilər. Həm də ağıryana idilər, sözlərinin, hərəkətlərinin yerini və çəkisini, sanbalını bilirdilər. Ayətxan Ziyad da belələrindən idi və peşə fəaliyyətimizin düz  10 ili bir məkanda çarpazlaşdı. O zaman Ayətxan müəllim qarışıq digərləri də bizə yaşca çox böyük gəlirdi. Bəlkə də bu onların oturuşmuş xarakterlərindən, sözlərinin, hərəkətlərinin, davranışlarının ağırlığından irəli gəlirdi. İndi baxıb görürəm ki, aramızda vur-tut 10 yaş fərq varmış.  Bu nəhəng söz adamının, bu böyük şəxsiyyətin sanbalı da elə çoxlarında rastlaşmadığımız fərqli, həm də kişiyana xarakterində imiş. Heç vaxt bərkdən danışmadı, səsini qaldırmadı, təhqiramiz söz işlətmədi, ədəbsiz hərəkət etmədi. Əsla. Nümunə olacaq xarakteri və mədəni davranışı ilə, istedadı, bacarığı ilə qəlblərdə taxt qurdu, həmişə sevgiylə, məhəbbətlə xatırlandı.                
        Çox sonralar kitab təqdimatlarında, başqa tədbirlərdə  bir-iki dəfə qarşılaşdıq. Həmin o təmkin, o ağıryana davranış… Heç dəyişməmişdi. Dərin sular heç bulanmazmış, – doğru deyiblər. Ömrünün kamillik çağında köhnə iş yoldaşım, əziz həmkarım Ayətxan Ziyada sağlıqlı və uzun ömür diləyirəm. Var olun, çox yaşayın əziz insan. Nə yaxşı ki, dünyamızda varsınız və Sizi tanımaq nəsibimiz oldu.                                    
Əntiqə QONAQ,
Əməkdar jurnalist,
müharibə veteranı

ƏNTİQƏ QONAĞIN DİGƏR YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Anna Bartkulaşvili – dostluğun, dürüstlüyün və yaradıcılığın simvolu

Anna Bartkulaşvili – dostluğun, dürüstlüyün və yaradıcılığın simvolu

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında yazıçı-publisist, şair, tərcüməçi, pedaqoq, professor Anna Bartkulaşvilinin aforizmlərdən ibarət “ANNAdan” və görkəmli klassikimiz Cəlil Məmmədquluzadənin külliyyatından seçmələrin gürcü dilinə tərcümə olunmuş kitablarının təqdimatı və imza günü keçirildi. Müəllifin sabiq iş yoldaşlarının, dostlarının, tələbələrinin, eləcə də kitabsevərlərin iştirak etdikləri tədbirin aparıcısı, yazıçı-publisist, şairə, tərcüməçi, pedaqoq, professor Rəsmiyyə Sabir Anna xanımla uzun illik dostluğunu vurğulamaqla həm də onun zəngin və çoxşaxəli yaradıcılığından söz açdı, onun ali insane xüsusiyyətlərindən bəhs etdi və ona olan sonsuz sevgidən ətraflı məlumat verdi. Daha sonra çıxış edənlər – kitabın naşiri, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Prezident təqaüdçüsü Elçin İsgəndərzadə, kitabın redaktoru və ön söz müəllifi, Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət, Əməkdar jurnalist, müharibə veteran Əntiqə Qonaq, Əməkdar jurnalist, “Yeni təfəkkür” təzetinin baş redaktoru Şəmsiyyə Kərimova, şair, ədəbiyyatşünas, araşdırmaçı alım, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, şair, Türk Ağsaqqalları İctimai Birliyi Qadınlar Şurasının sədr müavini, AYB üzvü Sara Göyçəli, yazıçı və tərcüməçi, Güney Azərbaycandan olan soydaşımız Məsumə Şükürzadə, Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşları David Çikvaidze və Ana Şiolaşvili, yazıçı-publisist, AYB üzvü Nüşabə Məmmədli, ilk qadın hərbi komandir müavini, polis mayoru, şair Aidə Şirinova, yazar, pedaqoq Nəzakət Kərimova, AzTV-nin əməkdaşı Arzu Bayramlı, şairə Arzu Nehrəmli, tələbələri, doğmaları söz alaraq çıxışlarında Anna xanımın alicənablığından, yaşadığı mənalı və çoxlarına görk olacaq ömür yollarından, zəngin və məhsuldar yaradıcılığından, yüksək insane keyfiyyətlərindən, humanistliyindən, insanlara yaxşılıq etməkdən zövq almağından, dürüstlüyündən, təmizliyindən, gözütoxluğundan, ən başlıcası isə Azərbaycanı, xalqımızı qəlbən sevməyindən söz açdılar, müəllifə gül-çiçək dəstələri və xatirə hədiyyələri təqdim etdilər.

Məlumat üçün bildirək ki, yazıçı-publisist, şair, tərcüməçi, pedaqoq, professor Anna Bartkulaşvili gürcü əsillidir, Gürcüstanın Bolnisi rayonunun Ayorta (gürcülərlə azərbaycanlıların kompakt yaşadıqları azsaylı kəndlərdən biri) kəndində doğulub, rus dilli məktəbdə təhsil alıb, ömrünün üçdən birini Gürcüstanda, çox hissəsini isə Azərbaycanda yaşayır, Azərbaycan vətəndaşıdır, Qarabağlı balası ilə ailə qurub, həyat yoldaşı xidməti vəzifəsini yerinə yetirərkən Əfqanıstanda vəfat etdikdən sonra yeganə qız övladını təkbaşına böyüdüb, ona ali tibb təhsili verib, azərbaycanlı oğlana ərə köçürüb, iki qız nəvəsi var: Fəridə və Fatimə. Bir çox məsul vəzifələrdə çalışıb. Ən çox media sahəsində, həm də pedaqoji fəaliyyəti ilə tanınır. Rus filologiyası üzrə fəlsəfə doktoru, professordur. Gürcü və rus dillərindən çoxlu tərcümələri var. Cəlil Məmmədquluzadənin külliyyatından seçmələri, bir çox Azərbaycan klassiklərinin əsərlərini gürcü dilinə tərcümə edib kitablar şəklində nəşr etdirib. İstedadının bir yönü də şairlikdi. Nəsr və nəzmdə fərqli yazı stilinə malikdir. Gözəl şeirləri var, məna yüklü, axar, oxunaqlı və bəyənilən. Geriyə qoyduğu ömür illərində çox faydalı və görk olacaq məhsuldar yaradıcılığı ilə seçilir, həm də məsul vəzifələrdə vicdanla, dürüst, adil və qeyrətlə çalışıb. Rüşvətə nifrət edib, halal zəhmətə tapınıb, hər zaman məzlumun yanında olub, ədalətsizliklə barışmayıb, daim nadanlarla və vəzifəsindən sui-istifadə edənlərlə mübarizə aparıb. Sözü çəkinmədən üzə deyəndi, kimsənin arxasınca danışmaz. Sözünü və tənqidini vaxtında, üzə deyər. Tələbələrinə hər zaman bir valideyn münasibəti bəsləyib. Onlarla yaxın münasibət qurub, problemlərini öyrənib, həllinə kömək edib, daim onlarla əlaqə saxlayıb. Həm şad günlərində, həm də qəmli günlərində doğmaları kimi yanlarında olub.
Mən azərbaycanlıyam, azərbaycan xalqını çox sevirəm,- deyir. Azərbaycana, bu xalqın mədəniyyətinə, ədəbiyyatına, adət-ənənələrinə, məişət tərzinə çox maraq göstərməklə yanaşı, bunları sevir və məhəbbətlə, ürək coşqusu ilə təbliğ edir. Əks halda, tək Azərbaycan vətəndaşlığını daşımazdı . Əks halda, Gürcüstanda keçirilən media forumunda erməni jjurnalistin: “Siz məğlub xalq olduğunuz halda nədən hər gün deyib-gülür, şənlənir, bayram edirsiniz”,-sualına hazırcavablıqla və qürurla: “Biz hər səhər yuxudan qalxanda şükür edirik ki, nə yaxşı erməni doğulmamışıq. Şadyanalığımız da, bununla bağlıdır”, – sərrast cavabını verməzdi. Bu və bunun kimi o qədər misallar çəkə bilərəm ki… Bu ən azından böyük bir monoqrafiyanın, yaxudda bir kitabın materialıdır.
İnanıram ki, nəinki Gürcüstanda, Azərbaycanda daha çox dostu və sirdaşı var. Dostu isə heç kimsə kimsəyə hədiyyə verə bilməz. Bunu ancaq özün qazanmalısan. İnsanlığa bəslədiyin sonsuz və tükənməz sevgin ilə, sədaqətinlə, ədalətinlə, dürüstlüyünlə, ali insani keyfiyyətlərinlə, mərhəmətinlə, humanistliyinlə, vəfalı olmağınla…
Çox humanistdir. Təmənnasızdır. Etdiyi yaxşılığı heç vaxt dilə gətirməz. Təbiətcə sakit, nəzakətli, etik davranış qaydalarına maksimum əməl edən, nəcib bir xanım. Deyərdim ki, kübar, aristokrat. Mənəviyyatca çox zəngin, ədəbcə çox kamil. Zəngin təxəyyülə, dərin düşüncəyə, sanballı fikir və hikmətli ifadələrə malik bir insan. Xeyirxahlıq etməkdən xüsusilə zövq alan bir mərhəmətli ürək sahibi. İnsanları ilk görüşdən tanıyan, insan psixologiyasının bilicisi deyərdim. Adını eşitsəm də, fəaliyyətindən az-çox xəbərdar olsam da, onu yaxından tanıdığım on ilədək bir müddətdə gəldiyim qənaətlərimdi. Ondan yazılması o qədər cümlə, fikir var ki… Mən hələ ki, Anna xanımın xarakterinin kiçik bir bucağına işıq saça bildim. Aforizmləri oxuyandan sonra mənim hələ onun haqqında az yazdığıma əmin olacaqsız…

Əntiqə QONAQ,
Əməkdar jurnalist,
müharibə veteranı

ƏNTİQƏ QONAĞIN DİGƏR YAZILARI