
Biz öyrənirdik: “müəlliminə kəc baxanın gözlərinə qan damar,damar”, Biz öyrənirdik “mənə bir hərf öyrədənin 40 il qulu olaram” Bəs indi uşaqlar nə öyrənir???
MÜƏLLİMƏ QALDIRILAN ƏL – CƏMİYYƏTƏ QALDIRILAN SİLAHDIR
Bu gün təhsil ocağında bir müəllimin şagird tərəfindən güllələnməsi təkcə bir cinayət hadisəsi deyil. Bu, cəmiyyət olaraq gəlib çatdığımız təhlükəli nöqtənin açıq və acı göstəricisidir.
Müəllim bilik verən, yol göstərən, tərbiyə edən insandır. Müəllimin üzərinə silah qaldırılırsa, deməli artıq sözün, tərbiyənin, dəyərin çəkisi cəmiyyətdə itib. Bu hadisə tək bir şagirdin problemi deyil. Bu, ailənin, məktəbin, sistemin və bütövlükdə cəmiyyətin birgə məsuliyyətidir.
Bu gün uşaqların böyük bir hissəsi vaxtının əksər hissəsini zorakılıq dolu oyunlara sərf edir. Qan, ölüm, müharibə onların şüuraltısında adiləşir, reallıqla xəyal arasındakı sərhədlər itir. Silah artıq qorxu yox, oyun alətinə çevrilir. Bu halda həmin silahın müəllimə yox, istənilən sinif yoldaşına tuşlanması da mümkün idi.
Bəli, gülləni atan 10-cu sinif şagirdi hüquqi baxımdan günahkardır və etdiyi əmələ görə cavab verməlidir. Amma bu suallar cavabsız qala bilməz: -O silah onun əlinə necə keçdi?
-Müəllim niyə bu qədər müdafiəsiz qaldı?
Niyə bu gün müəllim intizam yaratmaqdan qorxur?
Müəllimi susduran sistem sabah cəmiyyəti də susduracaq. Müəllimin nüfuzu qorunmursa, məktəb təhlükəsiz deyilsə, təhsildən danışmaq sadəcə formal söz yığınına çevrilir.
Biz açıq deməliyik: Müəllim toxunulmazdır.
Məktəb zorakılıq yeri ola bilməz.
Silahın yeri nə evdədir, nə də məktəbdə.
Bir təhsil mərkəzinin rəhbəri olaraq acı bir reallığı da demək məcburiyyətindəyəm. Bu gün valideynlərin bir qismi deyir: “Övladımdan dərs tələb etməyin, amma nəticə istəyirəm.” Müəllim nə etsin? Tələb etmədən nəticə, intizam yaratmadan uğur mümkündürmü?
Biz hansı yolu seçirik?
Uşaqların ruhunu zəhərləyən, dəyərləri aşındıran qərb modelinimi, yoxsa cəhalət və zorakılıqla böyüdülən cəmiyyətimi?
Xeyr. Biz biz olmalıyıq. Öz milli-mənəvi dəyərlərimizi qorumaq məcburiyyətindəyik.
Məktəblərdə psixoloqlar, pedaqoqlar aktiv işləməlidir. Valideynlər isə bu gün övladlarının əlinə verdikləri internetin necə istifadə olunacağını öyrətməlidir. Onları yalnız qınamaq da doğru deyil. Çünki bu valideynlər özləri internetsiz uşaqlıq yaşamış ilk nəsildir və çoxu bu mühitin təhlükələrini tanımır.
Mənim təhsil mərkəzim avtobus dayanacağının yanındadır. Uşaqlar məktəbdən qaçıb orada ya siqaret çəkir, ya qəlyan çəkir, ya da zorakılıq dolu oyunlar oynayır. Dəfələrlə onlarla söhbət etmişəm, valideynlərini mərkəzə dəvət etmişəm, psixoloqla görüşdürmüşəm. Bəlkə dəyişiklik olar, bəlkə cəmiyyətə sağlam fərdlər qazandıra bilərəm deyə əlimdən gələni etmişəm. Amma təəssüf ki, bir çox valideyn bu səylərə biganə qalır.
Bu hadisəni “fərdi hal” adlandırıb keçmək olmaz. Əks halda, sabah daha ağır faciələrin şahidi olacağıq.
Müəllimi qorumaq – gələcəyi qorumaqdır.
Susmaq çıxış yolu deyil.
07.02.2026
TELANGROUP MMC-nin təsisçi direktoru
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında