
Hüseyn Cavidin doğumundan 144 il ötür
Bu gün zəngin yaradıcılığı ilə yanaşı, Stalin repressiyalarının qurbanı kimi də tarixdə iz qoyan Hüseyn Cavidin doğumundan 144 il ötür. Naxçıvanda dünyaya gələn şair və dramaturqun həyatı 1937-ci ildə həbs, ardınca Sibir sürgünü ilə faciəli istiqamət alıb. O, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətində vəfat edib.
Əsl soyadı Rasizadə olan Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub.
Səkkiz yaşınadək Şahtaxtıda yaşayan Cavid ilk təhsilinə kənddəki ikisinifli zemstvo məktəbində başlayıb. Daha sonra ailəsi ilə Naxçıvan şəhərinə köçərək təhsilini görkəmli maarifçi Məhəmmədtağı Sidqinin yaratdığı “Məktəbi-tərbiyə”də davam etdirib.
Sonrakı illərdə Təbrizdə və İstanbulda təhsil alan Hüseyn Rasizadənin “əbədi”, “həmişəyaşar” mənasını verən “Cavid” təxəllüsünü də həmin illərdə götürdüyü bildirilir.
Vətənə qayıtdıqdan sonra Cavid Naxçıvanda, Gəncədə və Tiflisdə müəllimlik edib. 1915-ci ildən Bakıda fəaliyyət göstərib. 1918-ci ilin mürəkkəb hadisələri zamanı Naxçıvana qayıdan Cavid burada Müşkünaz xanımla ailə qurub. Onların Ərtoğrul adlı oğlu və Turan adlı qızı dünyaya gəlib. 1919-cu ildə Cavid yenidən Bakıya qayıdıb.
Hüseyn Cavidin mətbuatda məlum olan ilk yazılarından biri 1904-cü ildə “Şərqi-Rus” qəzetində çap olunub. Müəllimi Məhəmmədtağı Sidqinin vəfatı münasibətilə Urmiyadan yazdığı məktub qəzetin 23 yanvar tarixli sayında dərc edilib.
1910-cu ildə “Ana” pyesini yazan Cavid dramaturgiyaya qədəm qoyub. Bunun ardınca “Maral”ı qələmə alıb, 1913-cü ildə isə Tiflisdə şeirlərindən ibarət “Keçmiş günlər” kitabı nəşr olunub. Daha sonra onun ən məşhur əsərlərindən biri olan “Şeyx Sənan” meydana çıxıb.
Cavid yaradıcılığının zirvələrindən sayılan “İblis” faciəsi Birinci Dünya müharibəsinin yaratdığı dəhşətlərin fonunda qələmə alınıb. Müharibəni, zorakılığı və insanın hakimiyyət ehtirasını sorğulayan əsər sonradan Azərbaycan teatrının ən məşhur tamaşalarından birinə çevrilib.
Sonrakı illərdə ədib “Uçurum”, “Peyğəmbər”, “Topal Teymur”, “Afət”, “Azər”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” və başqa əsərlərini yazıb. Onun əsərləri Bakı ilə yanaşı, müxtəlif şəhərlərin teatrlarında səhnəyə qoyulub.
Lakin Cavidin bəzi əsərlərinin taleyi öz taleyi kimi faciəli olub. “Atilla”, “Şəhla”, “Çingiz”, “Telli saz”, “İblisin ilhamı” kimi əsərlərinin əlyazmalarının həbsindən sonra müsadirə edildiyi və sonradan tapılmadığı bildirilir.
Həbs və Sibir sürgünü
1937-ci ildə SSRİ-də repressiyaların ən ağır dövrlərindən birində Hüseyn Cavid də həbs olunub. O, millətçilik, sovet hakimiyyətinə qarşı fəaliyyət və digər siyasi ittihamlarla günahlandırılıb.
İki ilə yaxın həbsdə saxlanıldıqdan sonra Cavid 1939-cu ildə səkkiz il müddətinə azadlıqdan məhrum edilib və Sibirə göndərilib.
Cavid vətənə bir daha sağ qayıda bilməyib. O, 1941-ci il dekabrın 5-də, 59 yaşında İrkutsk vilayətində vəfat edib və Tayşet rayonunun Şevçenko kəndində dəfn olunub.
Stalinin ölümündən sonra repressiya qurbanlarının işlərinə yenidən baxılarkən Hüseyn Cavidə də bəraət verilib.
41 il sonra Naxçıvana qayıdış
Cavidin nəşi ölümündən sonra 41 il Sibirdə qalıb.
1982-ci ildə şairin 100 illik yubileyi ərəfəsində onun Sibirdəki məzarının tapılması və nəşinin Azərbaycana gətirilməsi üçün iş başladılıb. Cavidin dəfn edildiyi yer müəyyənləşdirilib və nəşi Azərbaycana, daha sonra doğma Naxçıvana gətirilib.
Beləliklə, 1941-ci ildə Sibirdə həyatını itirən Hüseyn Cavid 41 il sonra doğma Naxçıvana qayıdıb.
Onun nəşi Naxçıvanda dəfn edilib. Daha sonra məzarı üzərində məqbərə ucaldılıb. Həyat yoldaşı Müşkünaz xanımın və oğlu Ərtoğrul Cavidin nəşi də buraya köçürülüb. Qızı Turan Cavid isə vəfatından sonra ailə məqbərəsində dəfn olunub.
Müəllif və mənbə: Gündəlik Naxçıvan
“Gündəlik Naxçıvan”dan digər xəbərlər
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında