Etiket arxivi: MİNA RƏŞİD

Arzum Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır

Arzum Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır

Dünən ölkəmizdə “Gənclər günü” qeyd edildi. Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncamı ilə hər il olduğu kimi yenə də bir qrup gənci mükafatlandırdı. 2020-ci il sentyabrın 27-də başlanan və böyük qələbəmizlə başa çatan 44 günlük Şanlı Vətən Müharibəsindən sonra Azərbaycan gənclərinin özünə inamı daha da artdı. Bunu gənc jurnalist, AZƏRTAC-ın Video informasiya şöbəsinin əməkdaşı Fərid Səlimovla söhbətimizdə bir daha hiss elədim.
Jurnalist olmağı arzulayırdım

Fərid İlham oğlu Səlimov əslən Kəlbəcər rayonundandır. O, 2002-ci il aprelin 28-də Bakı şəhərində anadan olub. 2009-cu ildə Laçın rayon 15 nömrəli tam orta məktəbdə birinci sinifə qədəm qoyub. Onun ailəsi Kəlbəcər rayonunun Çıraq kəndindən keçmiş məcburi köçkündür. Fərid deyir ki, məktəbdə sinif yoldaşlarının çoxu məcburi köçkün idi. Onlar yay tətilini baba evində keçirə bilməyən bir nəsil kimi böyüyüblər. Amma o inanırdı ki, bir gün doğma yurduna – Kəlbəcərə qayıdacaq… Fərid deyir ki, həmişə məktəbdən evə qayıdanda çalışırdım, elə edirdim ki, televiziyada axşam xəbərlərini izləyə bilim. Bu vərdişim mənim gözümdə əlində mikrafon xəbər çatdıran jurnalistləri qəhrəmana çevirmişdi, böyüyüb jurnalist olmağı arzulayırdım. Ali məktəbə qəbul zamanı Sumqayıt Dövlət Universitetinin filologiya (Azərbaycan dili və ədəbiyyat) fakultəsinə qəbul olundum. Birinci kursu başa vurmamış qərar verdim ki, mən mütləq jurnalist olmalıyam. Ona görə də, elə ilk kursun sonunda Azərbaycan Dillər Universitetinin filologiya fakultəsinin jurnalistika (tədris ingilis dili) ixtisasına qəbul olundum. Artıq bütün daşlar yerinə otururdu elə bil, dərslər mənə daha maraqlı gəlirdi.

AZTV-də sevdiyin işin çətinlikləri ilə tanış oldum

3-cü kursda oxuyanda Azərbaycan Televiziyasında ilk təcrübəyə başladım. O zaman AZTV-də “Çıxışa doğru” adlı bir veriliş yayımlanırdı. O veriliş üçün müxbirlik edirdim. Həmin vaxtlar mənə çox maraqlı gələn sahənin çətinlikləri ilə tanış oldum. İlk çəkilişim bugünkü kimi yadımdadır. Həmin gün Elmlər Akademiyasının qarşısında insanlarla sorğu aparmalıydım. Mikrafonu görənlər elə qaçırdı ki, bizdən. Amma çətin olsa da o gün verilən tapşırığı yerinə yetirdim. 9 aylıq təcrübə dövründə dövlət televiziyamız olan AZTV-dən çox şey öyrəndim. “Jurnalist kimdir?”, “ Necə maraqlı mövzu tapmaq olar?”, “Xəbərin doğruluğunu necə bilməliyik?” kimi sualların cavabını qismən də olsa öyrəndim.

AZƏRTAC-da işimin necə məsuliyyətli olduğunu anladım

Fərid deyir ki, 4-cü kursun sonunda qocaman agentlik olan AZƏRTAC-a yolum düşdü. Qeyd edir ki, bu il 105 yaşı tamam olacaq bu agentliyin tarixi nə qədər qədim olsa da, müasirliyin tələblərinə gözəl cavab verir. Burada 1 ay 15 günlük təcrübədən sonra rəsmi olaraq Video informasiya şöbəsində işə başladım. AZƏRTAC dövlətin rəsmi informasiyalarının dərc olunduğu agentlik olduğundan burada işim daha da məsuliyyətli idi. Sözün əsl mənasında xəbər dəqiqliyin süzgəcindən keçməli idi. İşimi sevirdim, buna görə də xoşbəxt idim. Məncə, əsas şərt də elə budur. Xoşbəxt olmaq üçün sevdiyin işi görməlisən…

Ən sevdiyim reportajım…

Fərid bildirir ki, çalışdığı müddət ərzində bir çox videoreportajlar hazırlayıb. Amma onların arasında ən sevdiyi reportajı atası və nənəsi ilə birlikdə Kəlbəcəri ziyarət etməyi və doğmalarının yurduna qovuşduğu o unudulmaz anları kameranın yaddaşına köçürmək olub. O gün 3 nəslin nümayəndəsi Kəlbəcərə yollanıb. Nənəm, atam və mən. Viran qalan doğma yurdu görəndə nənəm gənclik illərindən, atam uşaqlığından danışırdı. Hər kəs qürurluydu. Mən də bir gənc olaraq həyatda ən qürurlu anımı yaşadım bəlkə də, o gün Ali Baş Komadanımızla qürur duydum, dövlətimizlə, ordumuzla fəxr elədim…
Mənim babalarımın hər ikisinin evi Kəlbəcərin Çıraq kəndindəydi. Həmin evləri eyni vaxtda rahat görə biləcəyim bir yüksəklik tapdım. Ora çıxıb o iki evə doyunca baxdım. Mən bu evləri görməyin xəyalını hələ məktəb vaxtından qurmuşdum. Mənim “ev” deməyimə baxmayın, onlardan yerdə ancaq daşlar qalmışdı… Amma indi bu torpaqlarda evlərimiz yenidən tikilir. Kəlbəcər yenidən qurulur. Bu torpaqlara qayıdan hər bir sakin ora yeni bir nəfəs verir. İşimlə əlaqədar demək olar ki, işğaldan azad olunmuş bütün ərazilərimizdə olmuşam. Doğma yurdun hər yanı ayrı bir gözəlliklərlə doludur. Burada həmsöhbət olduğum insanlar da çox mehriban və istiqanlıdırlar…

Arzum Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır

Onunla gənclər günündə görüşürdük. Fərid deyir ki, bu gün mən bir gənc kimi çox qürurluyam. Dövlətimizin dəstəyini daima hiss etmişəm, buna bir çox misallar çəkə bilərəm. Məsələn, mən ali məktəbdə ödənişli ixtisasda oxuyanda bu xərc dövlət tərəfindən qarşılanıb. Ali Baş Komandanımızın gənclərimizə böyük qayğısı, bu sahədə yürütdüyü siyasətin nəticəsidir ki, mən 4-cü kursu bitirən kimi özümə belə iş tapa bilmişəm. Bu siyahını çox uzatmaq olar. Düşünürəm ki, hər bir Azərbaycan gənci azərbaycanlı olduğu üçün fəxr etməlidir.
Ən böyük arzum gündən-günə gözəlləşən doğma torpaqlarımızda aparılan quruculuq işlərindən süjet və reportajlar hazırlamaq və Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır.

Yolun açıq olsun, Fərid balamız!

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüşü keçirilib

Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüşü keçirilib

31 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatı və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə YAP Səbail Rayon Təşkilatı gənclərinin Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüşü keçirildi.
“Heydər Əliyev və mədəniyyət” mövzusunda keçirilən tədbiri giriş sözü ilə YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev açdı. O, tədbir iştirakçılarını salamlayıb, Ulu Öndərin siyasi fəaliyyətindən, müasir və müstəqil Azərbaycan dövlətinin keçmişindən və bu günündən söhbət açdı, Heydər Əliyevin daxili və xarici siyasətinin əhəmiyyətindən danışdı. Sonra sözü
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılova verdi.
Hacı İsmayılov Azərbaycan gəncliyinin bu günki uğurlarını qeyd edərək Heydər Əliyevin gənclərə hər zaman diqqət və qayğı ilə yanaşdığını, müstəqil Azərbaycanın gələcəyinin məhz gənclərin siyasi, ictimai fəaliyyətindən asılı olduğunu vurğuladı.
Tədbirdə Heydər Əliyevin mədəniyyət xadimləri ilə görüşlərini əks etdirən videoçarx nümayiş olundu.
Səmimi şəraitdə davam edən görüşdə Hacı İsmayılov gəncləri maraqlandıran sualları cavablandırdı.
Tədbirdə çıxış edən İttifaqın sədr müavinləri – Xalq artisti, professor İlham Namiq Kamal və Əməkdar artist, professor Azad Şükürov Azərbaycan gəncliyinin inkişafından danışdılar, gənclərə dəyərli tövsiyələr verdilər. Sonda xatirə şəkli çəkildi.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Doktor Yaşar Sözen Uşaq Kitabxanasında yazıçılarımızla görüşüb

Doktor Yaşar Sözen Uşaq Kitabxanasında yazıçılarımızla görüşüb

Pamukkale Universiteti Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölümünün müəllimi, ədəbiyyat dili uzmanı, uşaq ədəbiyyatı araşdırmaçısı doktor Yaşar Sözen F.Köçərli adına Respublika Uşaq Kitabxanasında yazıçılarımızla görüşüb. Tədbirdə Azərbaycan uşaq yazarlarından Rafiq Yusifoğlu, Eyvaz Zeynalov, Sevinc Nuruqızı, Reyhan Yisifqızı, Solmaz Amanova, Aygün Bünyadzadə, Gülzar İbrahimova, Gülarə Munis, Zahirə Dadaşova, Nurlana İşıq, Mina Rəşid, Əfsanə Laçın və başqaları iştirak edib.
Görüş zamanı Yaşar Sözenin müəllifi olduğu “Müstəqillik dövründə (1991-2024) Azərbaycan uşaq ədəbiyyatında hekayə” adlı tezisinin müzakirəsi aparılıb. Gənc alim tezis haqqında geniş danışıb, vurğulayıb ki, tezisin yazılmasında məqsəd Müstəqillik dövründə Azərbaycan uşaq ədəbiyyatının inkişaf tarixini öyrənmək və onu Türkiyədə tanıtmaqdır. Yaşar Sözen təqdimat zamanı məlumat verib ki, tezisdə Azərbaycan uşaq ədəbiyyatını üç dönəmə – Maarifçilik, Sovet və Müstəqillik dönəmlərinə ayıraraq araşdırıb. Araşdırma zamanı 18 Azərbaycan uşaq yazarının 552 hekayəsinin xəritə-sxemi (təsviri) hazırlanıb, 10 yazarın isə hekayələri məzmununa görə təhlil edilib. Eyvaz Zeynalovun, Rafiq Yusifoğlunun, Sevinc Nuruqızının hekayələrinin geniş tədqiqatı aparılıb.
Sonda araşdırmaçı alim Yaşar Sözen uşaq kitabxanasının direktoru Şəhla Qənbərovaya səmimi münasibətə görə təşəkkürünü bildirib. Alim qeyd edib ki, Azərbaycandakı bu uşaq kitabxanası bir akademiyadır. Türk dövlətləri arasında Azərbaycan uşaq ədəbiyyatının çəkisi daha ağır və sanballıdır.
Yaşar Sözen onu da bildirib ki, Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı 4 ildə apardığı araşdırma ilə bağlı kitabın təqdimatı bu il ölkəmizdə Türk səfirliyində təşkil ediləcək. Həmçinin, uşaq ədəbiyyatımızla bağlı Türkiyədə simpozium keçiriləcək. Bundan başqa, hər il Türkiyədə Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı antologiya çap ediləcək. Həm türk, həm də Azərbaycan dilində olan nəşrlər ayrı-ayrılıqda şeir, hekayə, nağıl, pyes və başqa janrları əhatə edəcək.
Türk alim sonda uşaq yazarlarının suallarını cavablandırıb və onlarla xatirə şəkilləri çəkdirib.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rejissor Məhərrəm Bədirzadənin 80 illik yubileyi qeyd edilib

Rejissor Məhərrəm Bədirzadənin 80 illik yubileyi qeyd edilib

Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, «Qızıl Dərviş» mükafatı laureatı, rejissor Məhərrəm Bədirzadənin 80 illik yubileyinə həsr olunmuş xatirə günü keçirilib.
Görkəmli sənət adamları, ziyalılar və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə sənətkar dərin hörmət və ehtiramla yad edilib.
Çıxış edənlər – Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə və İlham Rəhimli, Mədəniyyət Nazirliyinin məsul işçisi Nəsibə Novruzova, Əməkdar artist, professor Azad Şükürov, Xalq artisti, professor İlham Namiq Kamal, ssenarist və rejissor Əhməd Orucoğlu, Xalq artistləri Mərahim Fərzəlibəyov və Yasin Qarayev Məhərrəm Bədirzadə haqqında xoş sözlər söyləyib, onunla bağlı xatirələrini bölüşüblər.
Tədbirdə həmçinin sənətkarın quruluş verdiyi tamaşalardan və verilişlərdən parçalar, görkəmli teatr xadimləri Azər Paşa Nemətovun, Elçin Əfəndiyevin onun haqqında dəyərli fikirləri və rejissorun iştirakı ilə çəkilmiş Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkilləri” (rejissor Ramiz Həsənoğlu) tamaşasından parçalar nümayiş etdirilib.
Tədbirin sonunda Məhərrəm Bədirzadənin həyat yoldaşı Xuraman xanım təşkilatçılara minnətdarlığını bildirib. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşdırılıb.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Lənkəranda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirilib

Lənkəranda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirilib

23 dekabr 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri Lənkəranda səyyar iclas keçiriblər. İclasda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və regionda yerləşən teatr kollektivləri iştirak ediblər. Regional İdarənin rəhbərliyi tərəfindən səmimi qarşılanan İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri – Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, İttifaqın Məsul katibi Aida Qafarova ölkə teatrlarının bugünki vəziyyətindən, uğurlarından, problemlərindən danışıblar.
Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açıb.
O, Azərbaycanın teatr həyatından, o cümlədən bölgə teatrlarında yaranan canlanma prosesindən, 2023-cü ilin may ayından başlayan və böyük uğurla davam edən İttifaqın “QONAQ TEATR” layihəsindən danışıb.
Sonra regionda fəaliyyət göstərən teatrlara göstərdiyi diqqət və qayğıya görə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, teatr sənəti sahəsində uğurlu fəaliyyət göstərən Lənkəran Dövlət Dram Teatrının direktoru, Dağıstan Respublikasinin Əməkdar artisti, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət ișçisi Laləzar Hüseynova, baş rejissor Anar Babalı, teatrın aktrisaları Qızılgül Quliyeva və Aynur Əhmədova, Salyan Dövlət Kukla Teatrının baş rejissoru Rafiq Mirzəyev İttifaqın Fəxri fərmanı ilə təltif olunublar.
Çıxış edənlər – Bəxtiyar Qılıncov, Hacı İsmayılov, İlham Namiq Kamal, Azad Şükürov, Laləzar Mustafayeva, Anar Babalı, Xalq artisti Qabil Quliyev, gənc aktyor Əlirza Şahbazi, regionda yerləşən Xalq teatrlarının nümayəndələri çalışdıqları teatrların uğurlarından və problemlərindən söz açıb, problemlərin həlli yolları barədə fikir mübadiləsi yürüdüblər.
Səmimi şəraitdə keçən görüşdən məmnun qalan iştirakçılar İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkilib.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xalq artisti Yaşar Nurinin xatirəsi yad edildi

Xalq artisti Yaşar Nurinin xatirəsi yad edildi

Bu gün Azərbaycan Respublikasının Xalq artisti Yaşar Nurinin anım günüdür. Bu münasibətlə sənərkarın qəbri ziyarət olundu. Ziyarətdə Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri, Akademik Milli Dram Teatrının aktyorları və Yaşar Nurinin həyat yoldaşı iştirak etdilər. Sənət dostları Yaşar Nurinin xatirəsini dərin ehtiramla yad etdilər, onunla bağlı xatirələrini bölüşdülər.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, sədr müavini İlham Namiq Kamal aktyorun həyat və yaradıcılıq yolundan, onun Azərbaycan mədəniyyətinə bəxş etdiyi dəyərli sənət incilərindən danışdılar.


Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım ziyarətdə iştirak edən hər kəsə dərin minnətdarlığını bildirdi. Allah rəhmət eləsin.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Vətən səsi”nin əməkdaşı Şanlı Zəfərimizlə bağlı bədii qiraət müsabiqəsində təltif edilib

“Vətən səsi”nin əməkdaşı Şanlı Zəfərimizlə bağlı bədii qiraət müsabiqəsində təltif ediliblər

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 04, 05 noyabr 2024-cü il tarixlərində 44 günlük Vətən müharibəsində qələbəmizin 4-cü ildönümünə həsr olunmuş «ZƏFƏRİMİZ-ŞƏRƏFİMİZ» bədii qiraət müsabiqəsi keçirilib.


Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində keçirilən müsabiqənin 1-ci günü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Akademik Rus Dram Teatrı, Milli Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qazax Dövlət Dram Teatrı,
Qusar Dövlət Ləzgi Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Dövlət Universitetini təmsil edən iştirakçılar çıxışlarını təqdim etdilər. Münsiflər heyətinin üzvləri – Əməkdar artist Azad Şükürov (sədr), Xalq artistləri Hacı İsmayılov və İlham Namiq Kamal, Əməkdar İncəsənət xadimi Hafiz Quliyev və mədəniyyətşünas Aidə Qafarova Şanlı Zəfər tariximizə həsr olunmuş nümunələri canlı şəkildə dinləyərək yekun qərar verdilər.


Münsiflər heyətinin qərarına görə “ZƏFƏRİMİZ-ŞƏRƏFİMİZ” adlı bədii qiraət müsabiqəsinin nəticələri aşağıdakı kimi müəyyən edilib:
Məhsəti Tahirzadə, Yaroslav Trifonov, Rəşad Səfərov, Günel Həmidova, Nəsimi Məmmədzadə, Banu Muharrem, Mirxədicə Mirzəyeva, Ramella Rzayeva, Məhəmməd Hacıyev, Elvin Nuri, Gülgəz Soltanova, Məlahət Vəliyeva, Elmir Hümbətov, Kənan Hüseynov uğurlu iştiraka görə;
Nəzrin Abdullayeva, Ruslan Pavlov, Dilarə Nəzərova, Zakir Fətəliyev, Şölə Alışova, Səbinə Məmmədzadə, Kamil Nazim (müstəqil iştirakçı), Şəhla Məmmədova, Aysu İsmayılova, Safura Heydərova (müstəqil iştirakçı), Hakim Cəfərli, Elməddin Zakirli, Saleh Cümşüdlü, Əliulla Vəliyev, Fatimə İsayeva müsabiqədə iştiraka görə diplomla təltif olundular.


Qeyd edək ki, müsabiqədə “Vətən səsi”nin əməkdaşı Mina Rəşid də müstəqil iştirakçı kimi “Zəfər günün mübarək” adlı müəllifi olduğu şeirlə qatılaraq uğurlu iştiraka görə diplom və pul mükaftı ilə təltif edilib.
Noyabrın 5-də müsabiqə iştirakçılarına diplomlar təqdim olunub.
İttifaqın Sədri Hacı İsmayılov iştirakçıları salamladıqdan sonra tədbir iştirakçıları şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Çıxış edənlər – Hacı İsmayılov, Azad Şükürov, İlham Namiq Kamal, Hafiz Quliyev 44 günlük Vətən müharibəsində Şanlı qələbəmizdən, keçirilən müsabiqənin əhəmiyyətindən danışdılar. Diplomların təqdimatından sonra iştirakçılarla xatirə şəkilləri çəkildi.

Müəllif: GÜNEL

GÜNELİN YAZILARI

MİNA RƏŞİDİN YAZILARI

BƏSTİ CƏFƏRZADƏNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mina Rəşid

F Ü Z U L İ

Önünə min sədd çəkildi
Hey tikdilər, hördülər.
Yolunda tələ qurdular
Neçə tədbir gördülər.


Dəmir yumruq sədd tanımaz
Aşdı bəndi, bərəni.
Ordumuz bir selə döndü
Keçdi dağı, dərəni.


Şəhidim, qazim Füzuli,
Daha sil göz yaşını.
Gecəgözlüm, tufan bitdi
Qaldır uca başını.


Sən Füzuli dühasısan,
Qəhrəmanlar oylağı.
Gör sənə necə yaraşır
Azərbaycan bayrağı!

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mina Rəşid – 1992-ci ilin yazı, aprelin 12-si idi.

Qəlbim oyula-oyula
Gen yollara baxdım… baxdım…
Məni sənə kim aparar?
Göz yaşımı daşa sıxdım…

Qəlbimdə əsən yellərdən
Ümidim sınar, üşüyər.
Bizi birgə kim əyərdi?
Üstümə dağlar yeriyər.

O gülən, nurlu gözlərdə
Bilirəm, yenə göyçəyəm.
Sən qərib, ellər didərgin,
Mən don vurmuş göyçiçəyəm.

Bu şeiri nə vaxt yazdığım yadımda deyil. Amma yadımda qalan odur ki, həmin gün sanki hər tərəf boz idi, həsrətli, sıxıntılı anlar idi. Onda hələ  gənc, deyilənə görə, gözəl bir qız idim. Amma indi təəssüf edirəm ki, o vaxt bunun fərqində deyildim… Nədən? Qəlbim çox yaralanmışdı, 1992-ci ildə Ağdamın Qiyaslı kəndində o ikimərtəbəli, eyvanını qıpqırmızı qızılgüllər qucaqlamış evimiz, o bənövşəsi xalı kimi yerə döşənmiş  bağçamız düşmənə qalmışdı. Hələ bu azmış kimi qoçaqlıqda kənddə adı misala dönən atam Rəşidin tikdirdiyi, o el diliylə desək, topdağıtmaz evində, o güllü bağçasında günahsız qanı tökülmüşdü…

Yaxşısı budu qoy həyat hekayətimizi başdan danışım.

1992-ci ilin aprel ayı… Artıq bir neçə il idi ki, erməni hərbi birləşmələrinin kəndimizə atdığı mərmi səsləri ilə sabahlarımızı açır, gecə də güllə səsiylə yuxuya gedirdik. Kəndimizdə o qədər yaralananlar var idi ki, hələ öldürülənləri demirəm… Bir çox ailələr bu aqibəti yaşamasınlar deyə yavaş-yavaş evlərini tərk etsələr də, biz özümüzə bənzəyən adamlarla hələ də kəndə keşik çəkirdik.   

1992-ci ilin yazı, aprelin 12-si idi. Düşmən mərmiləri dolu kimi kəndə yağırdı. Vəziyyət çox ciddi, qorxulu bir hal almışdı. Həmin anlarda anam həmişə bizi sığınacaq kimi evimizin alt mərtəbəsinə çağırardı. Bu dəfə gurultudan biz heç bir yerdə qərar tuta bilmirdik. Hamımız deyirdik ki, daha bəsdi, atam gələn kimi kəndi tərk etməliyik. Atam Ağdam Cümə məscidinə getmişdi… Elə mərmi yağışının altında bir də gördük qapını açıb içəri keçdi, əvvəlcə heç nə başa düşmədik, tezliklə onun qarın nahiyyəsindən yaralandığını gördük. Atamı o böyük evimizin geniş eyvanında yerə uzatdıq, yarasından axan qanı heç cür dayandıra bilmirdik. Məndən böyük bacılarım əllərindən gələni edirdilər, amma qan dayanmırdı ki, dayanmırdı. Bacım Samaya yaxınlıqda yaşayan uzaq qohumun oğluna ərə getmişdi. Qucağında körpəsi atamın başına fırlandı, dedi, nə dərdi-bəlası var, mənə gəlsin. Atam bizə çox əziz idi, həm el-obada abırlı, xətir-hörmətli, həm də ailəsinə canı yanan, min bir əziyyətlə 11 uşaq (bir bacım 9 yaşında vəfat edib) saxlayan bir kişi olmuşdu… Atamın yarasından axan qan indi də gözlərimin qarşısındadı… O gün ailədə hamımızın yaddaşına yazıldı.

Sonra atamı vertalyotla Gəncəyə apardılar.. Anam da atamla xəstəxanada qalırdı, biz isə 10 gündən çox idi ki, Sabirabadda qohum evinə sığınmışdıq. Bir gün qəribə yuxu gördüm, yadımda deyil, amma atamın şəhid olduğunu hiss eləmişdim… Elə o gün bir qohum gəlib bizi evimizə gətirdi, amma atamızın dünyasını dəyişdiyini demədi. Yolda ürəyim sıxıldı, maşını çayın üzərində saxladılar…

Evimizə yaxınlaşanda o şabalıdı rəngli, yanında dağdağan ağacı olan  böyük darvazamızı taybatay açıq gördüm… Evimizin böyük ölçülü, o 12 pilləkənini necə çıxdığımız yadımda deyil, amma atamın cənazəsinin qonşu qadınların əhatəsində olduğu həmişə yadımdadı. Onda mənim 19, bacımın 14 yaşı vardı, ikimiz də elə bil heykələ dönmüşdük, səsimiz içimizə çökmüş, için-için ağlayırdıq. Kəndin simsiz teleqraflarından olan bir qadın yadımdadı, bizə irad tutmuşdu ki, niyə üz-gözümüzü cırıb, qışqır-bağır salmırıq. O qadın haradan biləydi ki, bizim içimizdəki qışqırığın səsi ona heç vaxt çatmaz…

Atamı, el içində xətirli-hörmətli bir insan kimi, nənəm demiş, urvatlı bir şəkildə Qiyaslı qəbiristanlığında dəfn elədilər. Baş daşında mənim bir bənd şeirim də həkk olunmuşdu…

Atamdan sonra kənddən dəfələrlə mərmi yağışı altında qaçıb başqa yerlərə sığınmışdıq. Amma sonra yenə də qayıdıb evimizə gəlirdik. Bir dəfə qonşu kənddə yaşayan uzaq qohumun evində gecələdikdən sonra yenidən evimizə döndük. Anam qapını açan kimi əyilib torpağı öpdü. Onda mən bunun nə demək olduğunu yaxşı dərk edə bilməmişdim…

Amma sonra anam Bərdədəki dəmir vaqonda, “Ağdamın havasını buradan alıram”, deyə Bakıya gəlməyəndə bunu anlamağa başladım. Sonra yayda od tutub adamı yandıran, qışda soyuğu ilan kimi körpələri çalan bu dəmir evdə anam can verəndə, qəbri atamdan ayrı düşüb qəriblikdə dəfn ediləndə anladım. Daha sonra isə ayağıyalın, başıaçıq tikanların üstüylə qərib şəhərdə yetim, kimsəsiz addımlayıb ən böyük arzuma doğru yüyürəndə, bəzən ac-susuz tələbəlik həyatı yaşayanda və Müharibə əlili olmuş 18 yaşlı qardaşım Talib və doğru-düzgün orta təhsilini başa vura bilməyən sonbeşiyimiz, bacım Gülüzarla Bakıda yataqxanada başımıza çirkli su töküləndə bunu anladım…  

….ailə üzvlərinin fotoları….…danışan fotolar:

… Amma yaşadığımız ağrı-acını Ali Baş Komandanımız, Müzəffər Ordumuz, müqəddəs şəhidlərimiz və qəhrəman qazilərimiz bizə unutdurdular, torpaqlarımızı, kəndimizi özümüzə qaytardılar.

Bu il kəndimizin təməli qoyulanda biz də sanki yenidən dünyaya gəldik. Ata-anamın da ruhu şad oldu, bilirəm. Düzdü, atamın Qiyaslı qəbiristanlığında başdaşını, qəbrini də düşmən dağıtmışdı. Amma bu günlərdə müharibə veteranı, bədənində 30 illik qəlpələri daşıyan, buna görə də çəliklə güclə yeriyən, məndən iki yaş böyük qardaşım Nəsib atamın qəbrini tapıb və ona yeni “həyat” verib. Anamın hələ o işğal dövründə adını Hünər qoyduğu qardaşımın balası atamın məzar daşındakı şəklini bu günlərdə mənə göndərib. Elə bu yazını yazmağımın səbəbi də atamın yenidən bizə qaytarılan qəbri, onun məzar daşıdı…

Şair bacım Bəsti hələ ötən həftədən atamız haqqında yazmağı məndən istəsə də özümü toplayıb bircə cümlə yaza bilməmişdim. Amma ürəyim dolu imiş, hamımızdan, başımıza gələnlərdən, müharibənin necə dəhşətli bir şey olduğundan yazdım nəhayət ki…

İndi dünyanın o başında olsa da, harada bir uşağın atası, anası öldürülür, elə bilirəm ki, o uşaq mənəm, bacımla qardaşımdı… “Ulduz” jurnalının şöbə redaktoru, əziz dostum Hicran Hüseynova deyir ki, yazılarında sülhü tərənnüm etdiyin üçün mən sənə Nobel mükafatını verərdim. Düşünürəm ki, əgər bir gün müharibə sözü lüğətdən belə silinsə onda bu mənim ən böyük mükafatım olar. Təki heç bir uşaq gözüyaşlı qalmasın…

Müharibə sözünü

Görüm qar, çovğun alsın.

Qar yağsın, qoy silahlar

Qarın altında qalsın…            

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mina RƏŞİD – GÜNÜN MÜBARƏK OLSUN!

GÜNÜN MÜBARƏK OLSUN!

27 sentyabr- Müqəddəs Şəhidlərimizin Anım gününə

Şəhidim, can, Şəhidim.
Bu gün sənin günündü.
Ay hər gün oxşadığım,
Bu gün sənin günündü.

Ay nurüzlü Şəhidim,
Günün mübarək olsun!
Sən ay Cənnət qoxulum,
Məzarın nurla dolsun!

Sən hamıdan əzizsən,
Atam, qardaşım Şəhid.
Hər gün söhbət etdiyim,
Dostum, sirdaşım Şəhid.

Sənin qanlı izinlə
Mən Şuşaya getmişəm.
Zəngilana, Laçına,
Xankəndiyə getmişəm…

Sənin qanlı izindən
Füzulidə gül açıb.
Ağdamda Azan səsi
Göy üzünə ucalıb.

Şəhidim, can, Şəhidim,
Bu gün sənin günündü.
Ay hər gün oxşadığım,
Bu gün sənin günündü.

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru