Etiket arxivi: PƏRVANƏ BAYRAMQIZI

Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, Böyük Vətən Müharibəsi iştirakçısı Qoşqar Teymur oğlu Əhmədov

Q.Əhmədov M.Mərdanovun kitabının üz qapağında

Qoşqar Teymur oğlu Əhmədov

Adını ibtidai sinifdə oxuduğum illərdə babamdan eşitmişdim. Həm təhsilə marağımızın oyanması, həm də yaxşı insan olmağa çalışmağımız üçün Qoşqar Əhmədovdan danışardı.

Görkəmli sovet və Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, Böyük Vətən Müharibəsi iştirakçısı Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də, indiki Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur.

1930-33-cü illərdə Bakı Beynəl­miləl Pedaqoji Texni­kumunda təhsil almış, 1940-cı ildə Azər­baycan Dövlət Universite­tinin Fizika-riyaziy­yat fakültəsini, 1942-ci ildə F.Dzerjinski adına Hərbi Akademiyanı bitir­miş­dir. O, 1950-ci ildə fəlsəfə doktoruluğu, 1960-cı ildə elmlər doktorluğu dis­ser­tasiyasını müdafiə etmiş, 1961-ci ildə profes­sor elmi adını almış, 1969-cu ildə AEA-nın müxbir üzvü seçilmişdir.
1942-1946-cı illərdə Bakı qarnizonu komandanının zenit artilleriyası üzrə müavini, 1946-1961-ci illərdə Azərbaycan Dövlət Universitetində assis­tent, do­sent, dekan müavini, 1958-ci ildən ömrünün sonuna qədər Diferensial və inteq­ral tənliklər kafedrasının müdiri, 1970-1972-ci illərdə Mexanika-riyaziyyat fakül­təsinin dekanı işləmişdir.

Əhmədov Moskva Riyaziyyat Cəmiyyətinin və keçmiş SSRİ Ali Təh­sil Nazirliyi nəzdnində Riyaziyyat üzrə Metodik Şuranın üzvü olmuşdur.

AMEA-nın müxbir üzvü Qoşqar Əhmədov 1975-ci ildə Bakıda vəfat etmişdir.

Məlumatı hazıladı: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Niyə öz əməlindən, xasiyyətindən, ədalətsizliyindən utanmayanlar rayonundan utanır?

Kim nə ilə öyünürsə, öyündüyü obyektdən onda nəyin çatışmadığı bilinir. Kim nədən xoşu gəlmədiyini dönə-dönə təkrar edirsə, deməli, ən çox arzuladığı həmin şeydir.
Doğulduğu bölgədən utananların, həmin rayonun adını dilinə gətirməyənlərin, hətta gizlədənlərin hansı çatışmazlığı olduğunu təhlil etmək əməlli-başlı müşahidə tələb edir.

Bölgə seçkinliyi, məncə, adamlarda natamamlıq kompleksindən gəlir. Adam doğulub boya-başa çatdığı yurdundan utanırsa, əminliklə deyə bilərik, onda sağlam mənəviyyat, normal təfəkkür formalaşmayıb. Bəlkə, bu cür adamlarda psixoloji travmaları var? Xarakter kimi qiymətləndirilsə, çürük, ucuz şöhrətpərsətlik hesab edilə bilər. Adam yurduna niyə xor baxsın ki? Görəsən, nədən əziyyət çəkirlər ki, doğulduqları rayon, yaxud qəsəbə onları utandırır? Niyə öz əməlindən, xasiyyətindən, ədalətsizliyindən utanmayanlar rayonundan utanır?
Hansısa bir xainə görə müəyyən bir bölgəyə xor baxmağı da anlamaq olmur. Müəyyən bir bölgədən bir nəfər paxıl, mərdimazar çıxıbsa, bu nə həmin bölgənin havasındandır, nə də oranın digər sakinlərinin günahıdır. Bu həm də o bölgənin hamısının pis olması fikrini təsdiqləmir.
Bəzilərində daha bir “xəstəlik” də mövcuddur: sanballı kökdən törəmək iddiası. Özü də yalançılıqla.
Adam nəslini zorla aparıb bəy nəslinə calamağa çalışırsa, demək, bunu hamıdan aşağı olduğunu bildiyindən edir. Hiss edir ki, heç kəsə lazım deyil, sevilmir, ona elə gəlir, bəy nəslindən olduğunu desə, adamlar ona hörmətlə yanaşacaqlar. Belələri ölkəmizin o qədər də böyük olmadığını gərək unutmasınlar. Bir-birimizin harda, necə böyüdüyünü eşidib-bilirik. Bir də ki kimin necə böyüdüyü də eyib sayılan mövzulara aid deyil. Eyib olan xasiyyətinin ucbatından adamları özündən iyrəndirib, hörmət qazanmağı uydurma məlumatlarda axtarmaqdır.
Özlərini gözdən salmağa hər cür rəftarları olduğu halda nifrəti niyə vətənə, yurda, el-obaya yuxarıdan-aşağı baxmaqla qazanırlar? Azərbaycanda yaşayanlardan üstünsənsə, onun bölgələrinə şəbədə edirsənsə, doğulduğun rayonun adını gizlədib özünü başqa bir sevilən bölgədən gəlmiş kimi qələmə verirsənsə, köç bu ölkədən. Köçə bilmirsən, çünki qabiliyyətin yoxdur. Tamahın böyük olsa da imkanın kiçikdir. Bu da onu göstərir ki, hərənin öz vətəni, öz yaşayışı olur. Biz də bizik, buralarda doğulmuşuq. Mən Gədəbəydə, sən Kürdəmirdə, o Qazaxda, digəri Ağdamda və s. Adları çəkilən və çəkilməyən rayonların hamısı mənə əzizdir, Azərbaycanımındır. Bir namərdə görə bütöv bir rayonu ələ salmaq həmin namərdin tayı olmaq deməkdir.
Davam elə, adam, davam elə. Özünün rəzil olduğunu bir az da göstər. Adamın özünün özünü ifşa eləməsi yaxşıdır, yaramazlığını başqasının deməyinə ehtiyac qalmır.

Müəllif: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərvanə Bayramqızı yazır

Vəzifə şirəsi

Mətbuatda, poeziyada, nəsrdə, səhnədə parıltılı, şişirdilmiş imzalar var. Hərəsi bir şeyin sayəsində imzasını böyüdə bilib. Birinin qəzeti, jurnalı olub ətrafına ona görə yığılıb şeirini, hekayəsini səsləndirib, tərifləyib yayıblar, digərinin başqa vəzifəsi olduğundan yaratdıqları yayılıb populyarlaşıb. Bu yolla məşhurlaşan şeirdən, romandan, yaradılan obrazdan sahibinin səlahiyyətini çıxanda onlar zəifləyib-zəifləyib ikicə misra, üçcə cümlə, adi adam kimi qalırlar.
Bir vəzifədə olan, bir də ölən yaradıcı insanın yaratdıqları mataha dönür. Əsl istedadın istedadla yazdıqları həmişə beş-on ədalətli, ədəbiyyata üstünlük verən adamın tərəfindən dəyərləndirilir.
Çox məşhur şair dünyasını dəyişəndə hamı onu ilahi zirvəyə qaldırır. Adama elə gəlir ki, onun yazdıqları göydə yazılıb yerə göndərilirmiş. Onu qədər tanınmayan bir şair vəfat edəndə isə adamlar təzədən maraq göstərib yaradıcılığına baxırlar və görürlər ki, əsl poeziya burda imiş. Yazan cismən ölsə də, əslində, yazdıqlarında dipdiridir. Elə yazdıqları da diridir. Faydası nədir? Sağlığında oxucu diqqəti görmədi, hamı qarışqatək vəzifəli şairin poeziyasına daraşmışdı.
Vəzifə şirəsi belə şeydir, resenziya yazanları özünə çəkir, sahibinin əsərlərini şedevrə çevirir.
Bütün məclislərə onu layiq bilirlər.
“Azərbaycan ədəbiyyatı haqqında kitab nəşr ediləcək, filankəs müəllim, siz də mətn göndərin”, “mədəniyyətin inkişafından bəhs ediləcək jurnal buraxılacaq, filankəs müəllim, məqalə yazın”, “ana dilinin qorunması mövzusunda tədbir təşkil ediləcək, filankəs müəllim, dəvətlisiniz”, “Milli-mənəvi dəyərlərə üstünlük verək!” adlı dəyirmi masa keçiriləcək, filankəs müəllim, milli keyfiyyətlərinizi də götürüb gəlin”.
Ədəbiyyat sahəsində filankəs müəllimdən başqa müəllim yoxdur? Əlbəttə, var, sadəcə, vəzifəsi olan yoxdur. Ona görə “harda aş, orda baş” olan filankəs müəllimdir. İctimai mövzuda hazırlanmış verilişə də, uşaq verilişlərinə də onu çağırırlar. İmzalar beləcə süni şəkildə populyarlaşdırılır.
Yazdıqlarının səbəbinə şöhrətləndirilənlər tanıyırsınız? “Şöhrətlənən” yox ha, “şöhrətləndirilən”.

Müəllif: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərvanə Bayramqızı – “Paxıl paxır dəmir”

“Paxıl paxır dəmir”
Çoxluğun sırasında fərqlənən biri olur. Ətrafındakılar kimi düşünmədiyi, axının əksinə getməyi, istədiyini həyata keçirməyə çalışdığı üçün təklənir. Bu cür adamla bağlı çoxluq “cızığından çıxan”dan tutmuş, hər cür ifadə işlədir. Razılaş-maq, yaxud etiraz etmək üçün dərindən düşünməyə, geniş şəkildə izah etməyə ehtiyac var. Bəlkə, fərqli olan haqlıdır? İstəklərini insanları incidəcək rəftara yol vermədən həyata keçirən şəxs daxilən müstəqildir. Ruhu azad insanlar başqalarını bezdirmirlər. Özgənin həyatına maraq göstərənlər özlərini qəlibə salanlardır. Qəlibdən çıxmaq əvəzinə, azad ruhlu adamları narahat edirlər. Onlar da hamı kimi yağışdan daldalanmasalar, fərqli şəxslərtək damlaları ovcuna yığmaqdan zövq alsalar, fikirləri özgənin həyatında olmaz.
Qürurunu qoruyub mənəvi dünyanı maddiyyatın çirkabına bulaşdırmadınsa, şöhrət üçün şəxsiyyətini nəyəsə qurban vermədinsə, işinin düzəlməsi üçün kiməsə yaltaqlanmadınsa, yazılarının dərcindən, təqdimatının keçirilməsindən ötrü kim-dənsə xahiş etmədinsə, hamıdan arxada qalacaqsan. Hər işdə səni ötüb keçən sırtıq adamların gözündə kimsəsiz görünəcəksən. Tanınmaq üçün özünü oda, suya vuranlar səni tənbəl sanacaq, düşüncəsizlər isə əsl səbəbi dərk etməyəcəklər. Bu işdə sənə dərindən bələd olanlarla paxılların qəbul etdikləri nəsnə eyni olur: hər iki tərəf bilir, istedadlısan, dəyərlisən. Aralarındakı fərq ondan ibarətdir ki, biri bildiyini eti¬raf edib süst mövqeyinə heyifsilənir, digəri bunu heç cür dilinə gətirmir və için-için söndüyünə sevinir.
Gözdən asanca düşə bilərsən, qısa vaxt ərzində səni istəməyənlərin sayı artar, xoş üz göstərməzlər. Çalışdığın müəssisədə gözümçıxdıya salınarsan. Qohum-qon¬şu arasında əleyhinə danışar, səni bəyənməzlər.
Elə bilirsiniz, bütün bunlar pis adam olsan, baş verər? Xeyr! Bunları qazanmaq üçün yaxşı insan olmalısan. Bəli! Dışlanmaq istəyirsənsə, əsl insan olmalısan. Ətra-fındakılardan saflığınla seçilirsənsə, mənəviyyatı çirkabla dolu olanlar sənə təşəkkürmü edəcəklər? Başqalarının uğurlarından məmnun olanda paxıllar sənə həsəd-mi aparacaqlar? Xoşagəlməz hallardan söhbət açmadığına görə xəbərçilər özləri ilə sənin fərqini bilib sevinəcəklərmi? Səhvini etiraf edəndə təkəbbürlü yalançılar varlığına şükürmü oxuyacaqlar? Qabiliyyətinə bələd olanlar şəraitmi yaradacaqlar? Xeyr! Tam əksini edəcəklər. Sevməyəcəklər səni. Uzaq duracaqlar. İstedadlı olduğunu bilib susacaqlar. Tərifləməyəcək, təşəkkürnamə verməyəcək, irəli çəkməyəcəklər. Çünki qorxurlar səndən. Bu qorxunu top-tüfəng ilə yaratmağa gərək yoxdur. Yaxşı olmağın yetər. Pislər yaxşılardan həmişə qorxublar. Yoxsa onları niyə “zərərsizləşdirsinlər” ki? Bilirlər ki, şərait yaradılsa, onu ötüb keçəcəksən. Bilirlər ki, bacarıqlı olduğunu rəhbərliyə desələr, özləri kölgədə qalacaqlar. Bilirlər, hər şeyi bilirlər. Özü də it kimi bilirlər. (Yaxşı insanlardan ifadəmə görə üzr istəyirəm). Əqidəcə onlara zidd olduğunu, səni plastilintək istədikləri tərəfə əyib istədikləri fiquru düzəldə bilməyəcəklərini bilirlər. Sağlam mənəviyyatın, ədalətli mövqeyinlə onlardan ucada dayandığını görürlər. Amma dinmirlər. Bu bilməklər, görməklər onları səndən uzaqlaşdırır. Ətraflarına yığıb, tərəfdaş edib yaratdıqları sadiq qullara da bələd olurlar. Fərqi görürlər. Maraqlar üst-üstə düşməyəndə nə iləsə hədələnəcəkləri günü də gözləyirlər. Quyruq tapdanılan vaxtın yetişməsi qəfildən baş vermir. Günlərlə yığılan paxıllıq, təmənnalar, haqq-hesab davası axırda üzə çıxır. Aləm qarışır. Maddiyyat mənəviyyatı ayaqlarının altına alanda bir-birinə tamahkar deyir, bir-birini xain adlandırırlar. Onların axtardıqları mənəviyyatın keşiyində durub nümunə yaratdığına şad olaraq, parıltıya aldanmadığınla fəxr edərək bu dəfə sən uzaqlaşırsan. Əsl qələbə budur. Xüsusi tarixi olmayan qələbə. Onu sən qutlayırsan, amma bunu nə vaxtsa, hansı quruluşsa ləğv edə bilmir. Əksinə, bəraət verir sənə. Zəhmətsiz uğurdan, qondarma zəfərdən uzaq olduğun məkandadır mənəvi dinclik. Onu bu dünyanın süni cənnətinə dəyişməyənlərə eşq olsun!
Paxıllıq necə bir hissdirsə, yadlar bir yana, bu eybəcər hissi yaxın adamlar belə bir-birinə qarşı duyurlar. Yazmağa adamın əli gəlməsə də, bəzən məcbur olduğu-muz məqamlardan qaça bilmirik. Bacının bacıya, qardaşın qardaşa qarşı paxıllıq etdiyinin şahidi oluruq. Ananın qızına paxıllığından yazsam, qınayanlar, inanma-yanlar, etiraz edənlər bir-bir hücuma keçərlər. Nahaq. Çox nahaq. Həyatda mümkün olmayan heç nə qalmayıb.
Müəssisələrdə hər gün seyr etdiyimiz, süjet qurub hekayəyə gətirə biləcəyimiz o qədər məqamlar var ki…
Yaxşı insanların təqdir ediləsi işlərini, seviləsi xüsusiyyətlərini qoyub mənəvi cəhətdən heç nə ilə fərqlənməyəni tərifləyirlər. Arxayındırlar. Bilirlər ki, bunun faydası olmayacaq, bundan “zərər” görməyəcəklər. Yaxşı insanlar paxılların gözlə-rinə həmişə təhlükə kimi görünüblər. Dürüst adamların paklığının işığında qaran-lıq dünyası aydın görünənlər onlara səbəbsiz yerə kin bəsləyirlər. Yoxsul mənəviy-yatından ürkən bədniyabətlər saf adamların qarşısında kiçilib heç olmaqlarından qorxurlar. Yaxşı insanları sıxırlar, incidirlər… amma onları nə qədər görməməyə çalışsalar da, Onlar var. Həyat onların varlıqları ilə gözəldir, cəmiyyət üçün onlar vacibdir və yaxşılığa nümunə göstərəndə onların adları çəkilir. Etiraf etmədiklərinə baxmayın, bunu paxıllar özləri də bilirlər. Çiçəyin üstünü örtən qar təsəvvür edin. Gözəllik varsa, üstünü örtməyə çalışan özü əriyəcək. Bunu yaxşı insanların yolunu bağlayan paxıllara da aid etmək olar. Həyat eşqini söndürməyə, gül kimi ümidi öldürməyə hər cür “qar” var. İki bənd təmsil hər şeyi elə gözəl izah edir ki…
Qızıl yuyundu suda,
Gözəlliyi yüz artdı.
Paxıl paxır dəmir də
Çimdi, ancaq pas atdı.
Böyükağa Sadıqov

Palıdın kötüyündə yer eləyib özünə,
Göbələk: – Ucalaram, – düşündü, – göy üzünə.
Amma ötüşdü illər yalnız palıd ucaldı
Boy atmadı göbələk
Qocalıb ölənədək.
Palıdlara sığınıb elə kölgədə qaldı.
Hikmət Ziya

Müəllif: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Od dilində danışan, “dərin dəryalarda batan” Nazim Muradovla MÜSAHİBƏ

Müsahibimin təqdimatı “Şimali Kipr Türk Cümhuriyyəti Lefke Avropa Universitetinin assost professoru, LAÜ FƏF TDƏ Bölüm Başqanı Nazim Muradov” şəklində olacaq, amma başqa cür də, yəni “Bakı Dövlət Universitetinin professoru” da ola bilərdi. Həm elmə, biliyə,  həm də şeirə vurğunluğunuza, özünüz də şeir yazdığınıza görə suallarıma məni hər zaman duyğulandıran iki misra ilə başlamaq istəyirəm:
 

“Of Bakı, bu ayrılıq mənə ölümdən betər!

İçimdə yaşatdığım qərib bülbülüm ötər…”

-Bakıdan uzaqda yaşayırsınız. İçinizdə qərib bülbül ötürmü?

–  Dəyərli Pərvanə xanım, əvvəlcə sizə bu gözəl suallarınıza görə təşəkkür edirəm. Təqdimatınıza gəlicə, fikrimi bildirim ki, ad-soyadımın önünə hər hansı bir ünvan qoymaq istəmirəm, heç bir universitetin professoru, müəllimi, dosenti deyil, sadəcə, Nazim Muradovam. Azərbaycan vətəndaşıyam. Bütövlükdə Türk dünyasının varlığına inanan biriyəm. Hər zaman belə qalacağını düşünürəm. Başqa şəkildə təqdimata ehtiyac yoxdur, məni sözə aşiq bir insan kimi təqdim etməyiniz yetər. Söz deyincə çağdaş dilçiliyin banilərindən olan Prusyalı Vilhelm Humboldtun məşhur “söz – dilin açılmış çiçəyidir” vəcizəsi yadıma düşdü.

 “Ayrılığın ölümdən betər olması” doğrudur. Qürbət hissini qəlbində daşıyan hər kəsə vətən də qürbətdi, qürbət də qürbət. İnsan bəzən öz vətənində də qürbətə düşür, amma qürbətdə də özünü vətəndəki kimi hiss edənlər var. Hər halda vətəndən uzaqda yaşamağın bədəli var. Bəlkə də, mən bu bədəli burada tapdığım xəstəliklə ödəmişəm. Bəlkə də, bütün bunlar bizim üçün bir imtahandır… Təki Allah bizi sınağa çəksin, amma cəzalandırmasın.

Almas İldırım Azərbaycanda qalsaydı, böyük ehtimal ki, repressiyaya məruz qalacaq, mahiyət etibarilə xalqın malını yağmalama və talama olan kollektivləşmə illərinin qurbanlarından biri olacaqdı. O, ölkədən getməyə məcbur idi, çünki qəddar düşmən heç kəsə rəhm etmirdi. Kaş bir çox ziyalımız ölkədən çıxaydı, aqibətləri acınacaqlı olmayaydı. Bəzən də düşünürsən, bəlkə, Hüseyn Cavidin Cavid olması üçün ölümünün daha böyük önəmi var… Cavidin nəşi Naxçıvana gətiriləndən sonra həyat yoldaşı Müşkünaz xanımın cənazəsi də Cavidin yanına köçürüləndə çox  sevimli, fəqət, nakam şairimiz Şahmar Əkbərzadə: “Müşkünaz xanım gor evindən ər evinə köçdü” deyib. Onların oğlu Ərtoğrulun: “Məndən heç kəsə salam deməyin” söyləməsi dəhşətlidir, yəni salam veriləcək adam qalmayıb”.

– Almas İldırıma ikinci vətən olan Türkiyə sizə necə analıq edir?

– Professor Yavuz Akpınar hocanın dəvəti ilə ilk getdiyim yer İzmir oldu. Onun evində olanda mənə Azərbaycan Cümhuriyətinin qurucu lideri olan M.Ə.Rəsulzadənin xəttini göstərdi. Mən bu böyük insanın özünü görürmüş kimi sevinib kövrəldim. Qəribə hisslər keçirdim. Yox, gizlətməyəcəm, hökürüb ağladım. Həmin anda duyduğum hissləri illərdir unuda bilmirəm. Hoca ilə bizi Prof. Kamil Vəli Nərimanoğlu tanış eləmiş, Yavuz Hocanın “milli düşüncəli bir gənclə çalışmaq istəyi”nə məni layiq görmüşdü. Onlar bizə güvəndilər, biz də onların güvənlərini sarsıtmamağa çalışdıq. Türkiyə o illərdə bizə qucaq açmışdı. Təbii ki, burada müəyyən çətinliklər də oldu. Mən doktora proqramına dövlət xətti ilə gətmədiyim üçün iqtisadi çətinliklərim vardı. Öz imkanımla oxumalı idim. Qardaşlarım maddi dəstək olurdular, özüm həftə sonları işləyir, tərcüməçiliklə gəlir əldə edirdim. İzmir Büyükşəhir Bələdiyyəsi Türk dünyasından gələn bütün tələbələrə nəqliyyat sahəsində köməklik edirdi. Bizə “paso” deyilən endirimli bilet vermişdilər. Cüzi miqdarda pul ödəyirdik ki, bu da bizim üçün böyük dəstək idi.
Özümü Türkiyə bayrağı altında öz vətənimdə sayır, bu bayrağı öz bayrağım hesab edirdim. Hər iki bayrağı bir bayraqmış kimi sevirəm. Bir neçə dəfə Avropaya çağırılsam da bu yaşdan sonra təzədən ölkə, bayraq dəyişdirməyim mümkün deyil. Bundan belə də Türk dövlətləri bayrağı altında yaşamaq arzusundayam. Üçrəngli bayrağımıza sarılaraq tərki-dünya olmaq diləyimdir. Azərbaycanın, Türk dünyasının ən güclü dövlətlərindən biri olmağını istəyirəm. Bəli, Türkiyə bizə ana oldu. Belə bir girişdən sonra “Qürbətdəyəm” deməyim düzgün olmaz.

– Bakıya dönəndə tələbə Nazim gözünüzə dəyir?

– Əvvəllər Bakıya gələndə məni tanıyanlar indikindən qat-qat çox idi. İndi az adam olur ki, görüb yaxınlaşsın. Amma tələbə yoldaşlarımla həmişə əlaqə saxlamışıq, görüşmüşük. Tələbə dostlarımdan bir neçəsi ilə əlaqəm heç kəsilmədi. Bəzi dostlarla, sadəcə, internet üzərindən görüşürdük. Bir çoxu iləsə bu otuz il içində heç görüşə bilmədik. Həyatını itirən mərhum dostlarla görüşümüz qiyamətə qaldı. Həyatdakı dostlarla isə inşallah bu il yenidən, tam 30 ildən sonra – 20.06.2025 tarixində görüşəcəyik, tələbəlik illərinə birlikdə xəyalən ekskursiya edəcəyik. Üç il əvvəl atam rəhmətə gedəndə tələbə yoldaşlarımızdan bir neçəsi mənə başsağlığı vermək üçün Sumqayıtdakı evimizə gəlmiş və o söhbətimizdə daha geniş bir çevrədə görüşmə qərarı almışdıq. Həmin vaxt vatsap qrupu yaratmışdıq, beləcə çevrəmiz genişləmiş və bərabərliyimiz davam etmiştdir.

– Tələbəlik illərinin hansı çətinliyi sizi daha da mətinləşdirib mübarizəyə səslədi?

– Bizim tələbəliyimiz əsgərliyimiz kimi çətin keçdi. Buna “ikinci əsgərlik” də deyə bilərik, çünki həmin illərdə Sovet hakimiyyəti dağılırdı, dörd əsrlik imperiya kökündən laxlayır və çökürdü. Ölkədə qıtlıq yaranmış, bu da siyasi hadisələri daha da gərginləşdirirdi. Dünya dəyişirdi. İsmayıl Şıxlının “ölən dünyası” kimi… Çingiz Aytmatovun təbirincə deyək,“dağlar devrilir”di.

1989-cu ildə Bakı Dövlət Universiteti Filologiya fakültəsində Hazırlıq bölümündə təhsil alırdıq. Müəllimimiz də rəhmətlik Yolçu Piriyev idi. Biz tələbəlik illərində çox şeylərə şahid olduq. 1988-ci ildən başlayaraq Sumqayıt, Topxana hadisələri, Meydan hərəkatı, 20 Yanvar qırğını, Qarabağın işğal olunması ömrümüzdən çox şeyi qoparıb apardı. Bunların hamısı tələbəlik illərinin acı xatirələridir.

–  O illərin gənclərini əsasən hansı ideya irəli aparırdı?

– Tələbə olduğumuz 1989-1995-ci illərdə əsas ideyamız müstəqillik, bağımsızlıq, tam azadlıq idi. İdeya ifadəçisi olan bu qavramlar, sadəcə, məcazi mənada başa düşülməməlidir. Lenin adına meydan təsadüfən dəyişdirilib Azadlıq meydanı olmamışdı. “Azadlıq” sözü 1988-ci ilin 16 noyabr 4 dekabr; 14-28 dekabr tarixləri arasında məna, önəmli, xarakter və şümulunu dəyişdirib Azərbaycan xalqının dilə gətirdiyi əsas qavramlardan olmuşdu. “Azadlıq” sözü 1988-ci ilin noyabr mitinqlərində meydanın təməl şüarı olaraq səslənirdi… Biz bunların əsas mahiyyətini mənimsədikcə, qavradıqca, içimizdə əritdikcə mübarizə əzmimiz daha da artırdı.

– Sərhəd rayonlarından birində doğulub böyümüsünüz. Ağlınız kəsəndən tikanlı məftil görmüsünüz. Məftillər istər-istəməz: “Buradək!” “Burdan o yana keçmək olmaz!” fikirləri ötürüb. Belə bir mühit Nazim Muradovun düşüncə tərzində çərçivə yaradıb, yoxsa əksinə çəpəri aşmaq, sərhədi keçmək, azadlıq istəyi oyadıb?

 – Pərvanə xanım, mənə belə bir suala cavab verə bilmə imkanı yaratdığınıza görə minnətdaram. Bunu kitabımızda da yazmışıq. Hələ SSRİ-nin dağılmadığı 1980-ci illərin əvvəllərində sadə bir kənd məktəbində sinif müəllimi olan rəhmətlik atam (1937-ci il təvəllüdlü Murad Bəhlul oğlu Muradov) kiril hərfli əl yazısı ilə əvvəlindən axırına qədər üzünü köçürdüyü “Gülüstan” poemasını gizlicə mənə göstərmiş və heç kimə deməmək şərti ilə oxumağıma icazə vermişdi… Bu il doğumunun 100-cü ili müxtəlif tədbirlərlə qeyd edilən Bəxtiyar Vahabzadənin “Gülüstan”ı ilə bağlı bizə görə ən az on cavabı olan bu və buna bənzər, suallardan bəzilərini cavablandırmağa çalışaq:

Birincisi, “Gülüstan” poemasının müəllifi Bəxtiyar Vahabzadənin xarakteri, qürurlu bir şəxsiyyət olmağı, kütləvi və kor-koranə axına qarşı soylu bir dirəniş sərgiləməsi, daha gənc yaşda və (Səməd Vurğunun mənəvi himayəsi sayılmazsa) arxasız olmasına baxmayaraq “ipə-sapa yatmamağı”, onun 1930-1950-ci illərdə susdurulmuş şair-yazıçı qrupundan fərqli olduğunu göstərdi. 1918-1920-ci illərdə “azadlığı dadmış” (M. Ə. Rəsulzadə), sonrakı çətin və repressiya illərində isə ümidsüz bir şəkildə həyatdan küsmüş xalqın ən azından mənəvi azadlığına susamış olması, bu azadlığın tərənnümçüsü Bəxtiyar Vahabzadəni xalqın maraq mərkəzinə çevirmişdi;

İkincisi, bu əsərin adı Azərbaycan torpaqlarının siyasi bölgüsünün başlanğıcı olan Gülüstan müqaviləsindən alınmışdı. Orta əsrlərin (XIII əsrin) klassik fars şairi Sədi Şirazinin eyni adlı didaktik əsərindən fərqli olaraq Bəxtiyar Vahabzadənin poemasında bölünmüş vətən və milli faciə ilə başa çatan konkret bir siyasi hadisə vurğulanırdı;

Üçüncüsü, Vahabzadə bu əsəri “Azәrbaycanın birliyi vә istiqlaliyyәti uğrunda çarpışan Sәttar Xan, Şeyx Mәhәmmәd Xiyabani vә Pişәvәrinin әziz xatirәsinә” ithaf etmiş və bu ithafı əsərin başında açıqca bildirmişdi. Bu isə açıq bir seçim deməkdir. Şair hakim və işğalçı tərəf(lər)ini deyil, bölünmüş vətəninin və millətinin tərəfini tutmuşdur;

Dördüncüsü, bu əsəri hakim partiyanın sənət və ədəbiyyat metodu olan sosializm realizmi çərçivəsinə oturtmaq çətindir: əsər Kommunist Partiyasını tərif etmir (partiyalılığı rədd edir); “xəlqiliyi” (xalqçılığı) partiyanın istədiyi şəkildə deyil, həqiqi şəkildə əks etdirir; şəkilcə milli olmaqla birlikdə məzmunca da sosialist deyil, milli xarakter daşıyırdı. Demək ki, bu mənzum əsər partiyanın görmək istədiyi kimi deyil, qadağan etdiyi şəkildə yazılmışdı;

Beşincisi, “Gülüstan” poeması şairin xəyali və subyektiv təxəyyülü əsasında deyil, diaxronik tarixi hadisələrin, rəsmi tarix düşüncəsinin tərsinə olan yeni şərhlərlə qələmə alınmışdı;

Altıncısı, şair tapşırılmış “ənənədən” kənara çıxmış, sərt dil və hakim bir üslubdan istifadə etmiş, cavabı hər kəsə məlum olan “ritorik suallar” sıralamış, tarixin hakim kimi təyin etdiyi insanları ittiham, hakimləri isə mühakimə etmişdi;

Yeddincisi, “mikro milliyətçiliyin sonuna qədər təşviq edildiyi” (Tunalı, 2) Sovet sistemində makro-milliyətçi bir üslubdan istifadə etmiş, “kiçik xalq” yerinə “böyük millət” anlayışını ortaya qoymuşdu;

Səkkizincisi, bu “böyük millət”in siyasi və tarixi məkanının, ikiyə bölünmüş vətənin ayrı-ayrı parçaları deyil, “o taylı-bu taylı vahid Azərbaycan” olduğunu göstərmiş, bu bölünmüşlüyün, sadəcə, kağız üzərində reallaşdığını vurğulamış, “Təbrizin də, Bakının da Azərbaycan olduğu”nu xüsusilə dilə gətirmişdi;

Doqquzuncusu, Çar rusiyası ilə bolşevik rusiyanın mahiyyətcə eyni olduğunu, ikisinin də müstəmləkəçi, imperiya düşüncəsi daşıdığını, səltənət və ehtişamlarını digər xalqların bədbəxtliyi üzərində qurduqlarını göstərərək sübut etmişdi;

Onuncusu, təsirli üslubun istifadə olunduğu açıq və net ifadələrlə yanaşı, duyğusal-romantik ifadələri və fəlsəfi ümumiləşdirmələri ilə də poemanı ifrat ideoloji və şüarçı bir məzmundan uzaqlaşdıraraq düşündürücü, ciddi və yüksək ədəbi dəyərə sahib bir əsər halına gətirmişdi…

Bakıda Qanlı 20 yanvar 1990 hadisələri sırasında həbs edilib Moskvanın Lefertovo zindanına atılmış böyük şairimiz Xəlil Rza Ulutürk də yuxarıda söz etdiyimiz “azadlıq”dan belə danışırdı:

“Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!”

Vətənimizin (əslində isə bədənimizin) tam ortasından vücudumuzu parça-parça edən bu tikanlı məftilləri, sadəcə, dövlətlərarası sərhəd kimi deyil, telli bir sazın simlərinə bənzədən şair, rəhmətlik Tofiq Bayramın bu sözləri yadıma düşdü:

Körpüləri, səddləri

Sinəmlə parçalaram.

Sərhəd məftillərində,

Bu kobud əllərimlə

Bir muğamat çalaram,

“Azərbaycan” deyəndə!

Arazın güneyində (sağ axarında) baş verənləri görmürdük, amma o tayın da vətən olduğunu yaxşı bilirdik. Ona görə də tikanlı məftillər beynimizdə heç bir zaman çərçivə yaratmamış, düşüncəmizə sərhəd ola bilməmiş, tam əksinə sərhəddi aşmaq istəyi oyadıb. Mən insanlığın cəfəng qaydalardan daha dəyərli olduğunu düşünmüşəm. Həmişə məftilin, sərhəddin əleyhinə olmuşam. Rəhmətlik Məmməd Arazın da bu mövzuda yazılmış bir neçə şeiri var:

Böyüklər, uşaqlar…

Böyüklər, böyüklər hörür çəpəri,

Uşaqlar, uşaqlar yarır çəpəri.

Böyüklər, böyüklər çəpər boyunca,

Qaratikan əkir, gicitkən əkir.

Uşaqlar, uşaqlar çəpər dibində,

Bənövşə axtarır, süsən axtarır.

Böyüklər, böyüklər çəpər adlayan

Qonşu kölgəsini əzməyə hazır.

Uşaqlar, uşaqlar biri-birinə

Çəpər deşiyindən pişik addadır.

Böyüklər, böyüklər çəpərdə paya,

Uşaqlar, uşaqlar çəpərdə qayçı..

Beləcə uşaqdı qonşu böyüklər,

Beləcə böyükdü qonşu uşaqlar.

Nə yaxşı yamanlıq öləziməkdə,

Nə yaxşı yaxşılıq yanmağındadır.

İnandım: hər uşaq bir od parçası!

İnandım: səngiməz bu od, bu ocaq!

Təbrizlə Naxçıvan arasındakı

Çəpəri yıxan da bunlar olacaq… (1986)

Şairin xəyalındakı bu uşaqlar cəmi üç-dörd il sonra, (31 dekabr 1989-cu ildə) həqiqətən də, o tikanlı məftilləri söküb dövlətlər arasındakı sərhədi yıxdılar. Şair M. Araz bu xəbəri belə müjdələyir:

Sərhədd çəpərləri sökülür, Allah

Bu necə yuxudur, bu necə haqdı!

Zaman öz hökmünü qandallayacaq,

Tarix öz yoluna qayıdacaqdı.

Özümdən özümə muştuluq yetər,

Gözlərim, sizin də gözünüz aydın!

Qəlbimdən bir başa Təbrizə gedən

Bir yol cilovladım, bir tel ayırdım…

– “İyirmi yanvarın (20 yanvar 1990) bir şərəf günü, qırılma nöqtəsi olduğunu bilirəm, fəqət o gün bizi yaman əzdilər… sadəcə vücudumuzu deyil, ruhumuzu da…” yazmısınız. Qarşıdan 28 May tarixi gəlir. Yenə kədərlə sevinc qol-boyundumu?

– İyirmi yanvar faciəsində çox böyük ağrılar yaşadıq, ümisdizliyə düşdük. Böyük sarsıntılar keçirsək də üzümüzə yumruq kimi dəyən bir çox acı gerçək ortaya çıxdı. Həmin vaxt ruslar öz əsl üzlərini göstərdilər. Rus imperiyasının və ermənilərin düşmənlərimiz olduqlarını bildik. Əvvəlcə inanmırdıq, başımıza belə bir faciə gətiriləcəyi ağlımıza da gəlməzdi. 1988-ci ilin fevral ayındakı Sumqayıt hadisələri ermənilərin vəhşiliklərini bir daha ortaya qoydu. Bizə qurulan tələyə düşmüşdük. KGB-nin oyununa gəlmişdik. Bunun bədəlini də ağır ödədik. Biz, əslində, meydan hərəkatına sadiq olan gənclərdik. İndiki Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və digər ali və orta təhsil ocaqlarının tələbələri birlikdə hərəkət edirdik. Bu da bizə zərbə oldu. Dərnəgül körpüsünü qorumağa getmişdik. Saqqallı düşmən əsgərləri bizi 20 Yanvar hadisəsi ilə sarsıtdılar, imperiyaya nifrət oyatdılar. Qazaxıstanda törətdiklərini bizə qarşı da elədilər. Təəssüf ki, Sumqayıtda baş verənlər bizim adımıza yazıldı, halbuki ermənilərin əməli idi. 

Biz sovet dövrünün adamları “Müsavat”ın tarixini bilmirdik. İyirmi səkkiz maydan xəbərsiz idik. Bunu yalnız imperiyanın dağılmasından sonra öyrəndik.

Xalq arasında sevinclə kədərin, xeyirlə şərin qardaş olduğu ifadəsi işlədilir. 28 Aprellə 28 Mayın müqayisəsində sevinclə kədərin qol-boyun olmasını düşünmək olmaz, amma iyirmi yanvardan sonra müstəqilliyə nail olduğumuz, Respublika gününün təsis edilməsi üçün kədərimizlə sevincimizi qoşalaşdırdıq deyə bilərik. 28 May ayrıca şəxsi həyatımda da sevincli gündür. Bu tarixdə ilk övladım dünyaya gəlib.

 Məhəmməd Əmin Rəsulzadənin bir gözü ilə keçmişi bir gözü ilə gələcəyi görən Simurq quşu ilə müqayisəsini mətninizdə oxudum. İfadənin müəllifi və mətni haqqında danışmağınızı istərdim. Həm bu yazını oxumayanlar, həm müsahibəni oxuyanlar, xüsusilə də Rəsulzadə sevərlər üçün maraqlı olar.

Məhəmməd Əmin Rəsulzadə mənə görə tariximizin ən işıqlı şəxsiyyətidir. Onun haqqında hər zaman sevə-sevə danışmağa hazıram. O, Azərbaycan Xalq Cümhuriyyətinin 1912-ci ildən etibarən fikri təməllərini atmış, Türk ocaqlarında və onun rəsmi orqanı olan “Türk Yurdu” dərgisində yazıları yayımlandıqdan sonra ideoloji və siyasi görüşləri daha da qətiləşmişdir. Milli liderimizin “Türk Yurdu” jurnalında çıxan “İran Türkləri” (altı yazı); Türkiyə İstiqlal marşı yazarı Məhmət Akif Ərsoyun “Səbilürrəşad” dərgisində çıxan “İran haqqında məqalələr” (səkkiz yazı) “Kafkasya Türkləri” seriyalı yazılarından sonra dönəmin Osmanlı mətbuatında da şöhrəti artmış, sözünə etimad edilən ən seçkin qələmlərdən biri olmuşdur. Türkiyənin Birinci Dünya Müharibəsində Almaniya tərəfdarı olduğuna görə məğlub ayrılması, ya da Balkan müharibəsindən məğlub çıxması kimi səbəblər, Rəsulzadənin siyasi görüşlərində dəyişikliyə yol açmış və sosialist meyilli olan Rəsulzadə, milliyətçiliyin Anadolu üçün olmazsa olmaz olduğunu fərq etmişdir. Tək çıxış yolunu orada görmüş, yeni inancına sıxca sarılmışdır. Özü, İstanbulda olduğu halda Bakıda “Müsavat” partiyasını qiyabən qurdurmuş, 1914-dən etibarən nəşr etdiyi “Açıq söz” qəzetini AXC-nin quruluş ərəfəsində rəsmi bir orqan kimi istifadə etmişdir. M.Ə.Rəsulzadə “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” şüarını da o zaman qəbul etmiş və bu siyasi fəaliyətlər 1918-ci ilə qədər davam etmişdir.

“Simurq quşu” ifadəsi Aleksandr Qriqoriantzın “Qafqaz xalqları tarixi və etnoqrafik bir sintez” kitabından alınmışdır. Mən də bu ifadədəki vəsfləri Rəsulzadəyə aid etmişəm. Yəni bir gözü ilə keçmişi, digəri ilə də gələcəyi görən şəxs mənasında. Rəsulzadənin tarix şüuru çox sağlamdır.

–  “Qədim Siyavuş İran-Turan qanından doğulub-böyüdüyü bir şəxs idi. Nəsil vacib edir ki, əsrimizin Siyavuşu Turan mədəniyyətlərinin, mifologiyalarının və bunların qarışmasına daha çox məruz qalmış bir xalq, bir cəmiyyət olsun”.  M.Ə.Rəsulzadənin bu fikirləri ətrafında düşünən N.Muradovda hansı ideyalar oyanıb?

–  “Rəsulzadənin qələmindən çıxan hər kəlmə, “qılı qırx yaracaq” nitəliktədir. Onun dil həssasiyyəti həm seçmə həm də yerləşdirmə açısından mükəmməldir. İyirminci əsr başlarında dil həssasiyəti yüksək səviyyədə olan iki Azərbaycan aydını var: Əli bəy Hüseynzadə -Turan və M.Ə.Rəsulzadə. Bolşeviklərin 28 aprel 1920-ci il tarixli hakimiyyət çevrilişindən sonra onun Lahıcda qələmə aldığı “Əsrimizin Siyavuşu” əsəri Firdovsinin “Şahnamə”sindən yola çıxılıb bu əsərin referansları doğrultusunda qələmə alınmışdır. Miladın 10-cu yüzilində Gaznəli Türk Sultanının sifarişi ilə yazılan “Şahnamə”nin nakam və türk-fars mələz qəhrəmanı Siyavuş ilə, sadəcə, 23 ay yaşaya bilən Azərbaycan qarşılaşdırılmışdır. Bu olduqca önəmli əsər üzərində gözəl bir dil araşdırması edən şəxs isə əslən Azərbaycanın güneyindən olan (Təbrizdən) Nasir Şahgölüdür. O, Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərini söyləm analizi yönündən dəyərləndirmiş və bu dəyərləndirməni Ankarada çıxan “Modern Türklük Araştırmaları” dərgisində yayımlatmışdır. Bu əsərdə Rəsulzadənin dahiyanə uzaqgörənliyi öz əksini tapmıştır. Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərinin dil və üslubu yönündən bənzər olan əsərlərindən biri də, yəni “Kafkasya” jurnalı dərgisinin giriş məqaləsi olan “Atəş Çalan Prometey” əsəridir ki, onun, sadəcə, bir cümləsi tərəfimizdən “Rəsulzadə qiraətləri” seriyasının ikinci cildində yer almışdır. Ayrıca Rəsulzadənin “İnsanlara Hürriyət, Millətlərə İstiqlal!” şüarı da bizim tərəfimizdən söyləm analizinə tabii tutulmuş və elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

M.Ə.Rəsulzadənin hər biri fərqli bir dəyər daşıyan futuralist əsərlərini oxumaq bizə gələcəyimizi göstərir. Biz İranla Turanın ortasında qalmış Siyavuş kimiyik.

– “Qəzavü-qədər tarixi Türklərdən də, Farslardan da üz çevirdi. Türk hilalının parladığı üfüqlərə şimal buludları gəldi: İran aslanı gəzən dağlara Moskva qartalı qondu. Şimal Azərbaycan rus idarəsinə keçdi. Rus istilasının xeyri bu oldu ki, azərbaycanlılar özlərini ictimai bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir cəmiyyət, yəni ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar”.

Münasibətinizi bilmək istərdim.

– “Əsrimizin Siyavuşu” əsərindəndir. XIV əsrın böyük sosioloqu İbn-i Haldunun “Müqəddimə” əsərindən öyrəndiyimizə görə, son sözü coğrafiya söylər. Azərbaycan da coğrafi yerləşmə etibarilə imperiyalar arasında sıxışıb qalan siyasi-coğrafi bir məkandır. Bu məkan bir çox yönüylə məşhur “Ağ zanbaqlar ölkəsində”ki Finlandiyaya bənzəyir. Bu bənzərlik Snelmanın məşhur ideologiyası ilə səsləşir: Hər kəs özü özünün memarı olsun, hər kəs özünü yenidən “yapılandırsın”. Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsində” Finlandiya bir bataqlıq ikən Snelmanın aydınlanma hərəkatından sonra ağ zanbaqlar ölkəsinə çevrildi. Əsərdəki finlər ölkəsi İsveç və Rusiya imperiyaları arasında sıxışdığı kimi, Azərbaycan da Rusiya və İran arasında sıxışmaqdadır. Ölkəmiz bataqlıqlar ölkəsi olmasa da Finlandiyadan daha şanslıdır. Bu şans da Azərbaycanın Finlandiyadan daha güclü və daha rifah bir həyat yaşaya bilməsi deməkdir. Rəsulzadənin hər kəsin özünü yenidən “yapılandırmasına”, yaratmasına; hər kəsin özü özünün memarı olmasına böyük inamı vardı. O, istiqlal üçün çalışırdı, özümüz olmağımızı istəyirdi. Qısa müddətdə olsa da buna nail oldu. Həmin tarix isə 28 may 1918 – 27 aprel 1920-ci il arası idi ki, xalqımıza “azadlığı daddırdı”.

– Od dilində, danışmaq, odlu məktub, yeni ilin axır çərşənbəsi tonqalı həyatınızda necə iz buraxıbsa, milli düşüncə, birlik simvollarından birinə çevrilib. Sizə görə ideya uğrunda oda atılmağa dəyərmi?

– “Bir axır çərşənbə xatirəsi” adlı yazımı xatırladırsınız. Novruz bayramından (21 Mart) əvvəl, son çərşənbə axşamı dağın başına çıxıb təhlükəli şəraitdə tonqal qalayardıq, amma bunun həyəcanı xoş idi. Biz Azərbaycanın güneyinden gələn od mesajına cavab verirdik. Qardaşlarımızla od dilində danışırdıq.

Sualınıza gəlincə, qətiyyətlə cavab verirəm: əlbəttə, dəyər. Öz ideyası uğrunda yananlar da olur, yandırılanlar da. İdeyanın özü atəş kimidir. İnsanı içindən yandıran atəş. İdeya ilə yaşamaq samovar kimi olmaqdır, içində od olur, özündən qaynayırsan. Bir də Kərəm kimi yanmaq vardır, yəni Əslinin və Nazim Hikmətin Kərəmi kimi.

  M.Ə.Rəsulzadə:

“Milli fikir toxumları səpildi,

İslatdı torpağı axan qızıl qan.

Bu əkindən yarınki bir baharda

Əlbət bitər bir yeni Azərbaycan.

Şiddətliysə əgər mövsimin qışı,

Yəni bahar, demək parlaq olacaq.

Verdiyimiz qurbanların bahası

Bizə yalnız hürriyyətlə dolacaq.

Tarixin yeni bir gözəl çağında

Qaranlıq qış keçib bahar gələcək.

Hər hansı bir ilin aydın günündə

Azərbaycan istiqlala ərəcək” yazdı. Bəxtirar Vahabzadənin qələmində də:

“Üçrəngli bayrağı öz qanlarıyla

Vətən göylərinə çəkdi şəhidlər” misraları doğuldu.

Sual yaranır: Tarix təkrarlanırmı? Tarixdən dərs almışıqmı?

– Allah insana dəfələrlə fürsət verir. Gərək onu elə dəyərləndirəsən ki, səhvin qarşına təkrar çıxmaya. Passiv olmayasan, fürsətdən yararlanasan. Bəzən fürsət yarananda cəsarətin olmur, cəsarətin olanda isə fürsət yaranmır. At olanda meydan tapmırsan, meydan veriləndə atın olmur. Gərək atla meydan eyni vaxtda olsun ki, tarixdəki səhvləri təkrar yaşamağa şərait qalmaya. İnsan ona yaradılan fürsətdən yararlanmırsa, tarix təkrarlanır. Tarix “acımasız öyrətməndir”, yəni qəddar müəllimdir. Ondan dərs almaq asan deyil. Qələm başqasının əlində olsa, tariximizi başqaları yazsa, dərs ala bilmərik. Rəsulzadə, tarixi, keçmiş zamanın deyil, gələcək zamanın elmi kimi göstərir. Zamanın dəyərini bilmək vacib şərtdir, çünki hər şey ondan asılıdır.

Fikir toxumları qanla suvarılanda azadlıq gerçəkləşir. Rəsulzadə Azərbaycanın istiqlalına inanırdı. O, əminlik fəlsəfəsinin memarıdır, eyni zamanda onu həyata keçirəndir. Qanlı İyirmi Yanvar haqqında təsirli əsərlər, şeirlər var. Onlardan biri Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, digəri rəhmətlik Məmməd Aslanın “Ağla, qərənfil, ağla!” şeiridir.

-Çağdaş şairlərimizdən Allahverdi Təkləlinin “Məhbus qurşun” əsəri isə ən güzidə əsərdir. “Əsrimizin Siyavuşu” yenə yazılmalıdırmı? ya Rəsulzadənin əsəri bəs edirmi?

– Türkiyə Cümhuriyyəti İstiqlal marşı şairi, “Çanaqqala şəhidlərinə” adlı ölməz mənzumənin yazarı, “Anadolu Qurtuluş Savaşı” zamanı bütün vətən torpaqlarını qarış-qarış gəzib vaazlar söyləyərək milləti savaşa səfərbər edən böyük natiq, M.Ə.Rəsulzadənin də İran haqqındakı məqalələrinin çap edildiyi “Sebilürreşad” dərgisinin redaktoru, Türkiyə Böyük Millət Məclisinin Burdur Millət vəkili (indiki Burdur Universiteti onun adını daşıyır), Türk dünyasının məşhur yenilikçilərindən (Ceditçilerinden) biri olan Abdurraşid İbrahimdən çox təsirlənən Məhmət Akif Ərsoy deyir ki “Allah bu millətə bir daha İstiqlal marşı yazdırmasın…”

Allah bizim millətimizə də bir daha “Əsrimiz Siyavuşu” yazdırmasın.

Həm elmi, həm də bədii söhbətləri sevirsiniz. Bunlar sizdə vəhdət təşkil edir. Dinləyərkən hiss etmişəm, elmdən danışanda mütləq oraya bədii mövzu qatırsınız, bədii söhbətlərinizi də aparıb elmə çıxarırsınız. Şair Nazim Muradovla alim Nazim Muradov mübahisə edirmi?


Şeir duadır, bəzən qarğış da ola bilir. Şeir duyğuların gözəl ifadəsidir. Şəhriyar deyir, “Füzuli şeirləri üç dildə yazılmış Qurandır”. Xəstəliyimə qədər xeyli şeir əzbər bilirdim. Halbuki, heç bir zaman oturub şeir əzbərləməmişəm. Azərbaycan musiqisinin, poeziyasının vurğunuyam. Şair Nazim Muradovu tanımıram, alim Nazim Muradov varmı-yoxmu onu da bilmirəm. Yaxşı şeir oxucusuyam. Alimlik də belədir də, çox elmi yazı oxuyuram. Şeir təhlilini sevir, bu haqda yazılar yazıram. “Alimanə fikirlərim şairanə fikirlərimdən daha güclüdür” deyə bilərəm. Elm ilə şeir, əql ilə eşq, beyin ilə ürək, dəlil ilə duyğu, “eyni beyinlə düşünmək və inanmaq” kimidir… Məsələ burasındadır ki,
“Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul

Elm tədbiridir ol, sanma ki bir bünyadı var” deyən də,

“Elmsiz şeir gayətdə bi-etibar olur”     deyən də çox sevdiyim Füzulidir.

İddia etdiyiniz kimi, doğrudan da iki Nazim Muradov vardırsa, biləsiniz ki, onlar bir-birinin işinə qarışmırlar. Tam bir barış içindədirlər, biri digərinin dəstəkçisidir…

– Öyrənmək zövq verir, ya öyrətmək?

– Öyrənməkdən zövq alıram. Bu zövqü bütün həyatıma yaymışam. Öyrətmək səhhətimlə əlaqədar çox da zövq vermir.  Öyrənə bildiyini öyrətmək asan iş deyil. Həm meydan yoxdur, həm də müxatib, amma bildiklərin özündə ilişib qalmasın deyə ötürmək lazımdır. Bir dəfə xəstə yatırdım, kiçik oğlum Altay da yanımdaydı. Ona “bir şeylər oxu, dinləyək” dedim. Altay oxumaq istəməyib “ata, dincəl” deyincə, mən də “oğlum, nə deyirsən, cahilmi ölüm?” dedim. O da oxumağa başladı.

– Dərin dəryalarda batmağı sevirsiniz, dayaz suların üzə çıxardıqları ilə necə yola gedirsiniz?

–  Ramiz Rövşən deyir, “Ağıllı dərində batır, dayazda axmaq boğulur”. Mən də dərin sularda üzməyi sevirəm, necə olsa ikisində də ölüm var. Dayaz adamlarla yol getməkdənsə dərin dəryalarda boğulmaq yaxşıdı, çünkü kiçik adamlarla uzun yola çıxılmaz.

–  Bakı Dövlət Universitetində “İsmayıl bəy Qaspıralının “Bəlayi-İslam” əsəri və çağdaş müsəlman dünyasındakı təzahürləri haqqında” elmi seminarınız keçirilib. Tələbələrdə milli düşüncəyə, ədəbiyyata, elmə maraq necə idi?

–  İ.Qaspıralının “Bəlayi-İslam” əsəri möhtəşəm bir simvolik əsərdir. Əsərin ümidsiz ruh halı ilə bitməsi İslam aləmindəki vəziyyəti göstərir. Haqqında təhlil yazım var, geniş məqalədir. Bölmələrlə izahını vermişik.

Qaldı, tələbələrdə milli düşüncəyə, ədəbiyyata, elmə marağın olması, bunu hiss etmişəm. Normaldır. Bəlkə də, mən marağı olanlarla rastlaşmışam, deyə bilmərəm.

-Türk dünyasına sevginiz sizdən xəbərsiz özünü büruzə verir. Əbrar Kərimullinin “Tatar kitabı”nı oxumağımı dönə-dönə tapşırmağınız məndə maraq oyatdı. Tatar ədəbiyyatından bizə başqa xülasələr də versəniz, faydalı olar.

 – Sovet İttifaqı dağılmazdan əvvəl içimizdə boşluq  buraxmışdı. Özü boyda boşluq vardı. Bunu biz əsgərlikdə duyduq. Hiss etdik ki, ora bizim vətənimiz deyil. Türk dünyasını bizə sevdirən ədəbiyyatımız oldu. Türkün yaşadığı, türk dilinin danışıldığı hər yer vətəndir.

İstanbulda TDAV bağçasında Əbrar Kərimullinlə görüşümüz olmuşdu. “Tatar kitabı”ndan bəhs etmişdi. Ölüm təhlükəsi ilə qarşı-qarşıya dayanıb “Tatar kitabı” yazmaq olduqca çətindir. Kitab bir növ Kazan tatarlarının ensiklopediyasıdır. 

“Tatar kitabı”nın bənzərini, yəni bizim kitabımızın da Azərbaycanda yazılmasını istərdim. Bu, bizim dəyərli aydınımız Pərvanə Bayramqızı tərəfindən yazıla biləcəyini düşünürəm. İşin məsuliyyəti altına girib hamımızı sevindirin.

-“Azərbaycan Türkcəsi bir ingilis, fransız, alman, rus… dili deyil ki, bu dillərdəki kimi orfoqrafiya və orfoepiyası arasında böyük fərq olsun. Ədəbi dilimiziñ orfoqrafiyasına tam uyumlu bir orfoepiya onsuz da mümkün deyil. Çünki biz dilimizi orfoqrafiya qaydaları ilə yazılmış kitablardan yox, o “qaydaları” bilməyən analarımızdan öyrənirik… Analarımız dilimizi yanlış bilmişsə biz necə doğru öyrənmişik? Dilimizə Hind-Avropa dilləri məntiqi ilə yanaşdığımızıñ fərqində deyilik deyəsən…” Fikirlər sizin mətninizdən götürülüb. Ana dilinə laqeyd olanlara nəsə demək istəyirsiniz?


Ana dili şairimiz olan Bəxtiyar Vahabzadənin ana dilinə həsr etdiyi bütün şeirləri oxumağı tövsiyə edirəm. Bəlkə, nəsə təsir edə… O, belə deyir:
Dil açanda ilk dəfə ana söyləyirik biz,

Ana dili adlanır bizim ilk dərsliyimiz.

Ruhumuza nəğməni anamız öz südüylə

İçirir ruhumuza bu dildə gilə-gilə.

Xəlil Rza Ulutürkün, Məmməd İsmayılın, Musa Yaqubun, Ramiz Rövşənin, Rüstəm Behrudinin və digər şairlərin ana dilimiz haqqındakı şeirləri bu dilin təbliğində böyük rol oynayır. Təbii ki, dilimizə Hind-Avropa dilləri məntiqi ilə baxa bilmərik.  Məsələn, bizim Azərbaycan Türkçəsində “təyin” deyə bir cümlə üzvü olduğu söylənir. Dilimizdə belə bir cümlə üzvü yoxdur. Yaxşı, bəs bu haradan gəlir? Təbii ki, Hind-Avropa dillərinin məntiqindən, yəni dilimizdəki təyin rus dilindəki oprədələniənin dilimizdəki qarşılığından başqa bir şey deyil. Çünkü onun cümlənin təməl üzvü olan yükləmlə heç bir ələqəsi yoxdur.

– Yazdıqlarınızı oxuduqca, münasibətinizi öyrəndikcə istiqanlı, həssas adam olduğunuz bilinir. Dostlarınıza şəir həsr ətmisiniz, əsgər yoldaşınız haqqında yazmısınız. Yurda, onun adamlarına bu qədər bağlı olan alim  vətəndən ayrı nəcə qala bildi? Ola bilərmi vətəndən ayrı qalmaq sizi belə həssas, kövrək edib?

–  Azərbaycan əsilli məşhur türk şairi Yavuz Bülənt Bakilər deyir, “Azərbaycan ürəyimdə bir şah damardır”. Sevdiyim insanlara bağlanır, onlardan ayrı yaşaya bilmirəm. Burada Atilla İlhanın “Ayrılıqlar da sevdaya daxildir” fikri məni az da olsa rahat edir. Əsgər yoldaşlarımdan biri (əslən Lerikin Vistən kəndindən olan) Mirbala Babayev məni uzun illərdən sonra (36 il) axtarıb tapdı. Onunla 2023-cü ilin sentyabr ayında telefonda danışdıq. 2024-cü ilin avqust ayında kiçik oğlum Altayla Lerikə gedib əsgər yoldaşım və oğlu ilə görüşdük. Otuz yeddi ildən sonra qucaqlaşdıq. Dünya gözüylə bir-birimizi gördük. Keçən aysa Mirbalanı itirdik.

 “Su gələr axar gedər,

 Qayalar yıxar gedər.

Dünya bir pəncərədir,

 Hər gələn baxar gədər”.

 Telefonumun yaddaşı küliyyatınızla doludur. Hamısını oxuya bilməsəm də oxuduqlarım kifayət edib, əminliklə söyləyim ki, uzaqda yaşamaq  Azərbaycanlı ruhunuza zərrəcən xələl gətirməyib. Qardaş ölkədə olduğunuz illər ərzində Azərbaycan ədəbiyyatından ayrılmamısınız. Yazdıqlarınızı araşdırarkən burdakı şairlərin haqqında yazdığınızı bildim. Söhbətlərinizdə poeziyamızdan xeyli şeir də əzbər söyləyirsiniz. Mən də sizin bir şeirinizi xatırladım:
Nə gözəl qərib axşamdı,

Deyin gəlsin, can dostlarım!

Fələkdən bir də kam alaq.

Sizə qurban can, dostlarım!

Adada payız axşamı

Bir qış gecəsitək uzun…

Sizdən çox şey istəmirəm,

Hərəniz bir “salam” yazın!

Yazın ki, “harda qalmısan.

Ay hər sözü Vətən oğlan?”

Şeirdən aydındır ki, ürəyiniz burda, ruhunuz burda. Məncə, siz Türkiyəyə təkcə bəyninizi aparmısınız.

Arif Rəhimli, Arif Acaloğlu haqqında yazmısınız. Onların yoxluğu nə boyda görünür, özləri, yoxsa olmadıqları qədər?

–  Olduqca həssas tərəfimə toxundunuz. Soruşsanız, dünyada ən çox  nə qazanmısan, “dost” deyərəm. Rəhmətlik Əzizə nənə deyərdi, “Bala, yüz dostun olsa, azdır, bir düşmənin olsa, çox”. Bu nisbəti hər zaman qorumağa çalışmışam – dostlarım çox, düşmənimsə yoxdur. Tələbə yoldaşlarımız üçün uydurduğum mənzuməni, əslində, bir qürbət nostaljisi olaraq görmənizi istərəm. Bu sualın cavabını isə yuxarıdakı cavablar arasında tapa bilərsiniz. Mən hər yerə, bəlkə, beynimi götürməsəm də ürəyimi hər zaman götürürəm.

Arif Rəhimli, Arif Acaloğlu bayraqlaşan kişilərin sırasındadırlar. Xatirələrini yaşada bilməyimiz üçün yollarını yolumuz, hədəflərini hədəfimiz kimi qəbul etməliyik.  Arif Rəhimli Mahmud Kaşğarinin “Divani Lüğəti-it-türk” əsərini əzbər bilirdi. Onun türk filologiyası və türkologiyasına töhfələri gözlədiyimiz qədər olmasa da ən problemli məsələlərin çözümündə önəmli rol oynayıb. Arif Rəhimoğlu Azərbaycan türkçəsinin ədəbi dilində normalaşma məsələsinə çox  önəm vermiş, ədəbi dilin təməli, sadəcə, bir və ya iki ağız olmayıb bütün ağızlar olduğunu söyləyib. Bildiyiniz kimi, Arif Rəhimoğlu İsveç ölkəsində vəfat etdi, orada da dəfn edildi. Xatirəsi, ruhu qarşısında baş əyərək ona Göytürk türkçəsində səsləniş etmişdik. Bu səsləniş, Türk dünyasının hər yerində xoş qarşılandı, Türkologiya kürsülərində nostalgiya məltəmi əsdirdi. Onun dəyərli adaşı, sinif yoldaşı olan Arif Acaloğlu da avtomoil qəzasında həyatını itirdi. Hər ikisi yalız bir ailənin deyil, millətin itkisi idi. Hər iki türkoloq haqqında üç-dörd məqələ yazmışam.

-“Taksi deyib keçməyək” adlı mətniniz ibrətamizdir. Ordakı fikirlər həssas qəlbdən xəbər verir. Çoxunun şəbədə etdiyi mövzunu çox incəliklə təsvir etmisiniz: “milliyyətçi söhbətlərimizdə coğrafiya, vətən, dil, din, tarix, duyğu, ideal ülkü kimi anlayışları irq və qan davası olaraq yox, dəyər ünsürləri şəklində dilə gətirir və maarifçilik işimizi taksidə də  davam etdiririk”. Canımızı əmanət etdiyimiz sürücülərə yol yoldaşı və şəxsiyyət kimi baxsaq, gözəl qarşılıq görəcəyimizi vurğulamısınız.

Sizcə, sadəlik, səmimiyyət dövrümüzdə qəhətə çəkilməyib ki?

–   Hər adam taksi sürücüsü ola bilmir, bunun üçün də gərək adamlıq, mərifət ola. Biz qarşısındakını sevənlərdənik. Həyatda hər şey bumeranqdır. Dəyər verdiyimiz qədər dəyərliyik. Səmimi insanlar hələ də hər yerdə var.  Əsas məsələ onları tapmaqdır. 25 oktyar 1917-ci ildə Rusiyada bolşevik inqilabı zamanı (Rusiyaya bağlı insanlar kütlə halında Fransaya getmişdi. Onlar orada bir çox  sektorlar kimi nəqliyyat sektorunu da ələ keçirmişdi. Rusların maşınlarına minən Fransız professorlar belə taksi sürücülərinin söhbətlərində nə qədər “yaya qaldığını” hiss edincə taksiyə minmədən öncə tərəddüd edərmişlər. Onlar taksi sürücülərinin soruşduqlarına cavab verməz, yol boyunca özlərinin onlara verdikləri suallara qaneedici cavablar alınca çaşqınlıq içində qalırdılar. Bunu yazmağımın bir səbəbi var; Azərbaycanda ailəmizə aid maşın olmadığı üçün taksidən istifadə edirik və onların xidmətlərindən də çox  məmnunuq. Taksi sürücülərinin milli ruhdakı söhbətləri doyulmazdır və köks qabartmaqdadır.

-Uşaqlara diqqət, sevgi, qayğı göstərməyiniz də gözdən yayınmır. Ona görə də Zori Balayana münasibətinizi təsəvvür etmək çətin deyil.

–  Zori Balayan kimi bir həkim olmaz olaydı. Guya Hippokrat andı içib, bu cani, sadəcə, ermənilərin deyil, bütün bəşəriyətin üz qarasıdır. Belə bir caninin ermənilərin lideri olması ayıbı onlara ən az iki əsr yetər. Erməniləri humanist və məzlum sayanlar, Zori Balayanı tanımaqla kifayətlənə bilərlər. Qorxunc, qəddar şeylər bu millətin qanındadır. Ermənilərin kim olduğunu bütün millətlər bilməlidirlər.

Otuz səkkiz il əvvəl, 1987-ci ildə əsgərlikdəykən Şaman əmimdən geniş bir məktub aldım. Bu məktub yalnızca mənə deyil, bütün azərbaycanlı əsgərlərə yazılmışdı. Eldar Baxışın Zori Balayana yazdığı mənzum məktubu bir tır sürücüsü olan əmim gözəl xətlə kəlmə-kəlmə kağıza köçürmüş və göndərmişdi. O, bütün azərbaycanlı dostlarımı bu mövzudan xəbərdar etməyimi rica edirdi. Əsgər dostlarımı gizlicə toplayıb məktubu yavaş səslə oxumağa başladım:

O nədir yazmısan, Zori Balayan?

Kür-Araz deyirsən, kəkələyirsən.

Xırda budaqların üstə oturub,

Böyük budaqları silkələyirsən.

Böyük budaqların böyük qolu var,

O qolun önündə qol dura bilməz.

Atandan, dədəndən, babandan soruş,

Hər adam hər daşı qaldıra bilməz.

Daş daşa söykənib, qaya qayaya,

Söz şerə bu daşdan, qayadan gəlir,

Azar var, adamın öz azarıdı,

Azar var, toxumdan, mayadan gəlir…

Şeir bizə hadisənin hər üzünü göstərirdi.

 Əmimin bu məktubu bizi yaxşıca səfərbər etdi. Ermənilərin şirin dilinə artıq inanmamağa başladıq.

– “Kiçik su şüşəsi görüşmək üçün bəhanədir”. Nəyi xatırlatdığımı bildiniz. Azərbaycanda arxasınca qayıdacağınız nə qoyub gətmisiniz?

– Asyanın Saadəddin hocalarda unutduğumuz kiçik su şüşəsindən bəhs edirsiniz. Nəvələr babalarının evlərini ziyarət edərkən gizlənib onlarda qalmaq istəyirlər. Bu əhvalat da bizə oxşar duyğuları yaşatmış, onlarla təzədən görüşməyimizə səbəb olmuşdu. Şüşəni orada unutmağımıza sevinmişdim… Azərbaycanda qoyub gəldiyim çox şey var: ata-anamın qəbri, keçmişim, maddi-mənəvi çox şey ordadır. İnsanın vətəni heç unudularmı? Bir də o vətən Azərbaycan olarsa.

Dostlardan birinin statusunun rəy bölümündə bir bənd şeir paylaşmışdınız:
Nə yağış kövrəldib, nə nəmin iyi,

Nənəmsiz darıxıb nənəmi iyi.

Bu köhnə cəhrədə, o yun xalıda

Həmişə duyulur nənəmin iyi…

– Xoşuma gəldiyindən, mən də öz sosial şəbəkə hesablarımda paylaşdım. Şairin adını quqlda axtarışa verdim, heç nə tapılmadı. Axırda özünüzdən soruşanda dayınızın şeiri olduğunu bildirdiniz. Necə olub ki, belə bir istedad üzə çıxmayıb?

Arif Həsənoğlu əlli bir yaşında vəfat etdi.  Şeirləri çoxdur. İki kitabı çap olunub, heyif ki, məndə yoxdur. Yazdıqlarını əzbər bilirəm. Anamın sandığından əlyazmaları çıxmışdı.

Dayımdan nə soruşsaydıq “Ərdəbil” adı keçən cavab verərdi. “Hardan gəlirsən?” – “Ərdəbildən”,  “Hara gədirsən?” – “Ərdəbilə”. Halbuki Ərdəbildə olmamışdı, sevgisidən, istəyindən belə deyirdi.

Cinasları, rübailəri var. Rübailərindən bir neçəsini təhlil eləmişəm.

Hamıya baş çəkirdi, getdiyi yerə ürəklə gedirdi. İmkanı arzularını qayçılayırdı. Naşükür deyildi, kimdənsə faydalanmağı sevməzdi. Həssas, duyğusal, adı kimi arif idi. İçində uşaq məsumluğu vardı. Gözlərində sahilsiz dəniz görünürdü.

-Hər halınızla vətənə bağlısınız. Hətta xəstəliyiniz də ədəbiyyatdır, Məmməd Araz sevgisidir. Sizə Allahdan şəfa diləyirəm. Yazılacaq çox mövzular var. Yaradıcılığınızı artıracağınıza inanıram.

– Çox gözəl suallar idi, ürəyimin sarı siminə toxundu. Ədəbiyyatı özünə meyar sayan adamları sevirəm. Məmməd Arazın xəstəliyini daşımaqdan da məmnunam. O, şeirin təəssübünü xalqın təəssübü kimi çəkirdi. “Dünya sənin, dünya mənim” şeirinin izahı, təhlili üçün bizə saatlar bəs etməz. Sözü şərh eləmək sözün özündən daha önəmlidir. Sözün gücündən yararlanmaq lazımdır. Təbii ki, yıxıcı gücündən deyil, yapıcı gücündən.

-Sağlamlığınızdakı problemə baxmayaraq müsahibəyə həvəslə razılaşdığınız üçün təşəkkür edirəm.


 

Söhbətləşdi: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərvanə BAYRAMQIZI – Dünyanı kim sevir?

Dünyanı kim sevir?

“Yer kürəsi”, “təbiət”, “kainat” dediyimiz yaşadığımız məkan “kağızlaşdırılaraq” “qlobus”, siyasi aləmdə ayrı-ayrı “dövlətlər”, şeirlərdə isə “dünya” adlandırılıb, yəni, hər şəklə salınıb, “başına hər cür oyun” gətirilib. Sual versək, “dünyanı kim daha çox sevir; geniş əraziyə sahib olmaq məqsədi ilə uğrunda çarpışan siyasətçilərmi, yoxsa sözün ümidinə qalan şairlərmi?” yəqin ki, cavab gecikməz. Dünyanı “qamarlamaq” iştahası fatehlərin, toxunmağa qıymamaq da şairlərin sevgisidir.

Nüsrət Kəsəmənlinin “Dünya köhnə dünyadır, sevgiləri təzədir” duyğusundan birdən-birə keçək “dünya da köhnə dünyadır, siyasəti də” reallığına. Belə olanda Məmməd Arazın nəzərindəki kimi “Dünya gözəl dünyadır” deməyə dilim gəlmir, amma şairin “Dünya sənin, dünya mənim, dünya heç kimin” misrasını hegemon dövlətlərə tam aid etmək olar. Bəli, dünyanı idarə etmək, digər dövlətləri özlərindən asılı vəziyyətə salmaq, hər şeyə sahib olmaq köhnə siyasətdir. Dünyanı incitməyən, sevib-oxşayan şairlərdir.
Siyasət aləmi bir yana siyasi kitabları (istər bədii, istər elmi) oxuyub məəttəl qalırsan, dilindən bir şablon ifadə qopur: dünyada nələr olur…
Dünyaya nə qədər şeir yazılıbsa, toplamaq, bir-bir oxumaq istəyinə düşmüşəm. Siyasi aləmlə həmin şeirləri qarşı-qarşıya qoymaq maraqlı olar. Şairlərin söz qoşduğu, fatehlərin parçaladığı dünya şüur inkişaf etdikcə siyasət meydanına çevrilib, oraya bir-birini yıxmaq üçün “qoçular” çıxardıblar. Onlar da zəifləri basıb “yeyiblər”. Bata bilmədiklərini digər yollarla məhv etməyə çalışıblar. Həmin proses hələ davam edir. Bu əsrlər ərzində şairlər hələ də öz işlərindədirlər. Dünyanın “işlərini” dərd edib ona söz qoşurlar, siyasətçilər isə bu gözəlliyi korlamaqla məşğuldurlar. Dünyaya xitabən yazılan şeirlər onlar üçün əhəmiyyətsizdir. Oxumurlar, oxumazlar. “Qılınclar toqquşub iş görən zaman” şeir nəylərinə gərəkdir? Kimdir kövrək hisslərin təsirindən yaranan “Dünya” şeirini oxuyub insanlara can yandıran? Özləri necə pis əməl sahibləri olduqlarını bizdən yaxşı bilirlər. Guya unudubıar ki, Birinci Dünya müharibəsində bəşər nə zülümlər çəkib? Ondan sonra neçə müharibələr başlayıblar… Bu qədər siyasi proseslər baş verdiyi, iqtisadiyyatı, siyasi aləmi idarə edə bilənlər olduğu halda dünyaya şeir yazmaq uşaq arzusudur. Hə, uşaq… şair şairləri oturanda ayaqları yerə çatmayan uşaqlar sayır.
Dünya mövzusunda ən gözəl şeir deyəndə yeddi oğulun (S.Vurğunun “Komsomol” poeması) hərəsinin bir bənd dediyi “Dünya” şeirini xatırlayırsınız. Haqlısınız. Elə şair də “Biz gəldi-gedərik sən yaşa, dünya” deməkdə haqlıdır”. Hələ Zeynal Xəlilin: “Kimlər gəldi, kimlər getdi bu dünyadan…” yazmaqda nə qədər haqlı olduğunu demirəm. Hamı gəlib-getdi bircə dünya yaşadı, yaşayır, yaşayacaq(mı), bilmirik. “sirrini verməyir sirdaşa dünya”. Dünyanın sirrini elmi inkişaf etdirməklə yeni texnologiya yaradan insanlar öyrənməyə çalışırlar. Dünyaya koronavirus kimi “layihə” ilə meydan oxuyurlar. Şeirlərin duyğusundan ayrılmaq istəməsək də belə bir eybəcər cümlələr oxuyuruq: “Müharibə sülhdür”, “Azadlıq köləlikdir”, “Cəhalət qüvvədir” “Prollar insan deyillər”. Necə səslənir? Doğrudur, əsərdəndir, amma həqiqətdə bundan betər faciələr baş vermirmi?
“2050-ci ildə hələ, bəlkə, ondan da əvvəl Köhnə dillə bağlı bütün bilgilər yoxa çıxacaq. Keçmiş dövrlərin ədəbiyyatı tam məhv ediləcək. Çoser, Şekspir, Milton bayron yalnız Yenidil variantında mövcud olacaq. Həm də onların tək dilləri dəyişməyəcək, müəyyən dərəcədə özləri də əslində olduqlarının ziddinə çevriləcəklər. Hətta partiya ədəbiyyatı dəyişəcək. Hətta şüarlar da dəyişəcək. Əgər “Azadlıq məhfumunun özü ləğv ediləcəksə, o zaman “Azadlıq – köləlikdir” şüarına nə lüzum qalacaq? Fikir mühiti tamamilə başqalaşacaq. Bizim indi anladığımız mənada fikir olmayacaq. İnanclı adam fikirləşmir. Onun fikirləşməyə, ümumiyyətlə ehtiyacı yoxdur. İnanclı olmaq – şüursuz olmaq deməkdir.” (C.Oruel “1984” romanı)
Bu romanı oxuyandan, bu qədər siyasi prosesləri izləyəndən sonra Müzahim İsmayılzadənin:

Üfürsək qopacaq öz məhvərindən,
Bir saman çöpündən asılıb dünya.
misraları öz yerini alır.

Zəlimxan Yaqubla, Ramiz Rövşən isə bizə ehtiyatlı olmağı tövsiyə ediblər. Biri deyib:

Mənim balam bu dünyayla oynama,
Sən cavansan dünya qoca dünyadı.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir dünya necə dünyadı…

Ömrə, günə etibar yox əzəldən,
Bir də dönüb yarpaq olmaz xəzəldən,
Beşiyindən bizə tabut düzəldən
Bələyindən kəfən tikən dünyadı.

O biri də: “Zarafat eyləmə, qurbanın olum”, – deyir. – “Bu dünya zarafat meydanı deyil”.
“Sən bu qumarbazla qumar oynama,
Zarafat gəlməsin sənə bu dünya” misrasında dünyadakıların namərdliyi nəzərdə tutulur.

Çox yerdə qəbrini qazan olacaq,
Başın qaynamaqdan qazan olacaq,
Sanma yaşamağın asan olacaq,
Zarafat gəlməsin sənə bu dünya.

Yoxsulluq yoxsulun bağrına oxdu,
Mədəsi toxların məzəsi toxdu.
Fil var, qarışqaca hörməti yoxdu,
Zarafat gəlməsin sənə bu dünya.

Çox yerdə məkrli oyun olacaq,
Şir, pələng çevrilib qoyun olacaq,
Hələ neçə dəfə toyun olacaq,
Zarafat gəlməsin sənə bu dünya.

Ömrünü qar yeyib, qış aparacaq,
Xırmandan dənini quş aparacaq,
Dünyadan əlini boş aparacaq,
Zarafat gəlməsin sənə bu dünya.

Qeybətin quyusu, hiylənin toru,
Sənə diri-diri göstərər goru.
Başın var, başsızdan başını qoru,
Zarafat gəlməsin sənə bu dünya.

Şeytan dura-dura şərlənər dəvə,
Qatır quyruğunda hərlənər dəvə.
Kinindən yıxılar, tirlənər dəvə,
Zarafat gəlməsin sənə bu dünya.

Muğamı ağlamaq, valı ağlamaq,
Valın da qırılmış halı ağlamaq.
Fışqırıq çalmağın dalı ağlamaq,
Zarafat gəlməsin sənə bu dünya.

Yasın yeddisi var, üçü, qırxı var,
Qəbir yerinin də haqqı, nırxı var,
Ölümdən sonra da min cür qorxu var,
Zarafat gəlməsin sənə bu dünya.

Ürəyə çəkilən dağdı, düyündü,
Hər gün xırdalanan ömürdü, gündü,
Gör bu dəyirmanda kimlər üyündü,
Zarafat gəlməsin sənə bu dünya.

Zəlimxan, günahın yeddi qat olar,
Həyatın qan dolu bir həyat olar.
Zarafat eyləsən, şahın mat olar,
Zarafat gəlməsin sənə bu dünya!

Dünyanın əsl üzü göründü. Həqiqətdən bizi agah edən şair yenə də ümidimizi üzmür: “Gözəl dünya, gözəllərin var olsun” söyləyir.
A.Şopenhauerin qənaəti: “Keçmiş zamanın indiki çağdan üstünlüyü ondan ibarət idi ki, onda, Bonapartın ifadəsincə desək, sözlə əməlin uyğunluğu vardı, indi isə belə bir uyğunluq yoxdur”.
Bu qədər siyasi quruluşların, siyasi ideyaların, siyasi təşkilatların mövcud olduğu dünyada bir də azadlıq məfhumu uydurublar.
Mənim də bu mövzuda şeirim var, təkcə sonuncu misrasını yazıram:
Dünyanın dünyama gərəyi yoxdur.
Sözlə musiqini birləşdirən bəstəkar oldu, siyasətlə şeiri birləşdirməyə cəhd etməklə mən kim olacam bilmirəm. Əslində, bunu kimsə olmaq üçün etmirəm. Ağlıma bir-iki fikir gəldi onu tutub “sənədləşdirdim”. Onsuz da indi çoxu ağlına gələni yazır.
… amma Sabir Sarvan ağlına gələni yox, ağlımızdan keçəni, ağrıya gələni yazıb. Görün necə gözəl ağıdır… hə, ağıdır:

Çaldıran ağrısı

Necəsən, dərdimi deyəm,
Dağ ərisin, daş yerisin.
Vay o günə, dəli başla,
Üstünə qardaş yerisin.

Heç yana çatmasın əlin,
Alışsın ağzında dilin,
O tərəfdən Sultan Səlim,
Burdan Qızılbaş yerisin.

Açılsın əllərin göyə,
Allah da durmasın yiyə.
«Zalım qardaş» deyə – deyə
Diyirlənsin, baş yerisin.

Oyan gürzünə tarixin,
Çaxıl gözünə tarixin,
Tüpür üzünə tarixin,
Qoyma bu vərdiş yerisin.

Görürsünüz, dünyanı qana çalxalayanlar ortada yoxdular, ortada böyük meyit qalıb — tarixin meyidi. Onu şairlər ağlayırlar.
Siz deyin, dünyanı kim sevir?

Xəyalımdan “yeddi oğula” bacı olub Vaqif Osmanovun “Dünya” şeirini söyləmək keçdi:

DÜNYA

Nə yaman güclüymüş nəfsin, iştahan,
Bir anmış şipşirin çağların, dünya.
Ömrün hər addımı sınaq, imtahan,
Çoxmuş düyünlərin, bağların, dünya.

Çəkib qurtarmırıq intizarını,
Görmədik şəfqətli sığallarını.
Heç dada bilmədik şirin barını,
Nə tez uralandı tağların, dünya.

Sənin vəsf etməli haran qalıbdı?
Məlhəmi olmayan yaran qalıbdı.
Ağlı-qaralıydın, qaran qalıbdı,
Nədən yoxa çıxıb ağların, dünya?

İnsanın bəzəyi ürək, göz, əldi,
Ağılsız gözəllik solğun xəzəldi.
İlahi yaradan dağlar gözəldi,
Sinələr dağlayır dağların, dünya.

Ömür bir Günəşdir, əbədi yansan,
Sürünən məxluqsan, əyilsən, sınsan.
Ümidi öləndə məhv olur insan,
Günbəgün azalır sağların, dünya.

Bu son deyil, dünya haqqında hələ çox şeirlər yazılacaq. Niyə də yazılmasın “axı dünya fırlanır”.

Müəllif: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərvanə BAYRAMQIZI yazır


“Kitablardakı günlər”

Uşaqlıq illərimə ad qoymuşam – “Kitablardakı günlər”. Onda elə bilirdim, həyat da, həyatdakılar da kitablardakı kimidir. “Əlifba”, “Oxu” kitablarında çörək şəkli görürdüm, elə gözəl çəkirdilər, kürsüdə bişən çörəyi yemirdim ki, kitabdakından istəyirəm. Alma bağları əsrarəngiz idi. Mənə elə gəlirdi, təsvir olunanlar hardasa uzaq bir yerdədir, nə vaxtsa oraya çatacam. İstəyirdim, kitablardakı çörəkdən yeyim, kitablardakı uşaqlarla oynayım, kitabdakı ağacdan alma dərim. Hətta “mən kitablardakı yazıçılardan olacam” deyirdim. (El arasında tanınan şairlər kimi yazmamağı nəzərdə tuturdum.)
Təsvir olunan nənələri üz-gözü qırış, başı şallı gördüyümdən elə bilirdim, nənə ancaq bu cür olmalıdır. Baxırdım nənələrimə ikisi də boy-buxunlu, qırışsız idi, zövq ala bilmirdim.
İstəyirdim evimiz də nağıllardakı kimi balaca və taxtadan olsun.
Qəribə istək, maraqlı arzu idi.
Kitabın cildini açanda səhifələr mənə möhtəşəm şəhər kimi görünürdü. Sanki bir-bir gəzirdim. Ətrafımda nə qədər adam olsa da, kitabdakı imzaların yerini vermirdi. Tanıdığım adamlardansa onlar mənə doğma görünürdülər, onlarla söhbət etmək istəyirdim. Kimin bir yaxşı şeirini, yaxşı hekayəsini oxuyanda onu tanıdığımı zənn edirdim. Elə bilirdim, o da məni tanıyır. Kitablardakı adamlarla sözümüz tuturdu. Ürəyimi oxuyurdular. O vaxtdan indiyədək kitablardakı adamları axtarıram. Hər mənada.
Ciddi, qaradinməz olmuşam. (Yazılardakı yumor sizi aldatmasın, həyatda zarafatcıl deyiləm) Yaşıdlarım kimi əylənmirdim. Kitab oxuyurdum, yazırdım, oynayanda da müəllimə olub uşaqlara şeir əzbərlədirdim. O qədər ağırtəbiətli idim ki, böyüklər məni özləri yaşda bilirdilər. Bir dəfə qonşunun nəvəsini ovutmaq üçün özümü saz çalırmış kimi göstərəndə camaat məəttəl qalmışdı. Heç kəs mənə (on yaşım vardı) bu cür “şitliyi” yaraşdırmamışdı. Məndən başqa kimin 10-15 yaşı vardısa, istədiyi kimi oynayırdı. Adam özünü necə tanıdırsa, elə də gedir. O vaxtdan indiyədək əyləncə ilə aram olmadı.
“Sən uşaq deyilsən” deyə boynuma məsuliyyət qoyanlardan çoxu həyatda yoxdur, hamının halına yanmağı bacardığıma, kiçiklərin qeydinə qala bildiyimə, güclü məsuliyyət hissimə görə böyükləri hörmətlə anıram.
Məktəb kitabxanasından ayrıla bilmirdim. Kartondan arakəsmə ilə düzəlmiş balaca otaqdan ötrü evimizdə darıxırdım. Kitabların qoxusuna bayılırdım. Ən hündür yerə kitabxanaçı məni çıxarırdı, istədiyim kitabı tapıb götürəndə qələbə qazanmış kimi fərəhlənirdim. Amma kitabxanaçı olmaq arzum yox idi. Ağlıma da gəlmirdi. Həyat ürəyimə başqa şeylər salsa da, qarşıma ona əks olanları çıxardı. Çox şeyə peşman oldum, təkcə kitabxanaçı olmaqdan başqa… Məktəbin karton kitabxanasının xoş təəssüratı məni ömrüm boyunca “müşayiət” etdi, işlədiyim kitabxanada darıxmadım. Ən doğma, ən rahat ünvan sandım. Kitabxanaçılığı özüm sevdiyim kimi sevdirməyə də çalışdım.
Məncə, şəkillərimdə də narazı kitabxanaçı obrazı görünmür.
Bir də şəxsi istəklər, duyğular, arzular var… onları qələmə alanda ilk cümlə kimi “Nəyi arzuladımsa həyata keçmədi” yazmaqdan başqa ürəyimdən heç nə gəlmir. Gözlədiklərimdən kəskin fərqli şeylər yaşadım. Axırda arzu etməyi “tərgitdim”. İndi həyat nə versə, onu qəbul edirəm. Daha heç nədən qorxmuram. Xoşbəxtlikdən çox bədbəxtliyə hazıram. Böyük arzular arzulamaqla həyatımızı çətinləşdirib özümüzü depressiyaya salırıq. Yaşamaq o vaxt asan olur ki, insanlardan yaxşı heç nə gözləmirsən, cəmiyyətin inkişaf edəcəyinə ümid etmirsən, yuxarılardan ədalət ummursan. Onda rahat yaşayırsan, çünki istəyinin ürəyində qalacağına hazır olursan. Canın qurtarır dərd çəkməkdən.
Bir diləyin ola, onu ömrün boyu arzulayasan, arzulayasan, çatmayasan. Adamı od götürür, çırthaçırt elə yanırsan ki, heç ocaqdan belə səs eşidilmir.
Hələ bir arzulamağı da yasaq edələr, onda alov “geniş miqyas alır”, yanğınsöndürənlər də (məsləhət verənlər) hadisə yerinə gecikmiş olurlar.
Uşaqlığım arzulamaqla, gəncliyim onları öldürməklə keçdi. Qırx üç yaşda qəlbim məzarlığa döndü.
Gənclik bir yana, heç uşaq olmadım. Deyəsən, qoca doğulmuşam.
Gəncliyi ancaq hər il fevralın 2-də kiçik statuslarda “yaşayıram” o da yadıma düşsə.
Qocalıram. İp kimi bir-birinə dolaşan qırışların düyünü qaşlarıma ilişib. Ürəkdə ölən arzulara od vurmuşam. Od tutan arzuların yerində qalan külün rəngi saçlarıma dağılıb.
Həyatla mübarizə aparmıram, əksinə onunla razılığa gəlib dostlaşmışam.

Müəllif: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu – İnsanlığın PƏRVANƏSİ…

İnsanlığın PƏRVANƏSİ…

Bu gün cəmiyyətimizin çatışmayan cəhətlərindən biri də odur ki, paxıllıq, xəbislik, nankorluq baş alıb gedir. Sanki insanlar bir-birini ruhlandırmağı, xoş söz deməyi yadırğayıblar. Əksəriyyət kimdəsə şahidi olduğu müsbət xüsusiyyətlərdən danışıb təbliğ etmək istəmir. Bunun üçün ya arada hansısa maraq olmalıdır və ya da ki, təmənna. Amma nə yaxşı ki, az da olsa ürəyigeniş, mərd insanlar var. Onlar tanıdı-tanımadı yaxşıya yaxşı deməyi bacarırlar. Bu həm yaxşıları həvəsləndirir və həm də yaxşılıqların artmasına təkan verir…

Bu gün sizə 1982-ci il aprelin 23-də Gədəbəy rayonunun Əli-İsmayıl kəndində dünyaya gələn Pərvanə Bayramqızından danışmaq istəyirəm. O da, hətta şəxsən tanımadığı insanların yaradıcılığı barədə xoş söz deməyi bacaran qələm adamlarındandır…

Gəlin əvvəlcə onun ömür yoluna işıq tutaq. Pərvanə xanım orta məkətəbi bitirdikdən sonra, 2000-ci ildə ailəliklə Bakıya köçüblər. Sonra filologiya və kitabxanaçılıq ixtisası üzrə təhsilə yiyələnib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında çalışır…

Deyir ki:- “”Kitabxanaçı” deyəndə kitab alıb-vermək işindən başqa ağlına heç nə gəlməyənlər üçün kitabxana işinin elmi-nəzəri biliklərindən mühazirə deyib, onları bu sahədən xəbərdar etmək çətin məsələdir. Dinləməzlər. Amma həmin bilgilər, peşənin məsuliyyəti, maraqlı tərəfləri poeziyaya gətirilsə yaxşı təbliğat vasitəsi olar. Bu bir təşəbbüsdür, dəyərləndirib yazan olsa, mütaliə, kitabxana işinə müsbət təsir göstərər…”

Peşəsinin vurğunudur, mütaliə etməyi, daha çox öyrənməyi xoşlayır. Amma yuxarıda qeyd etdiyim kimi, bir şözəl şakəri də var:- Yazmaq, yazmaq, yenə də yazmaq. Odur ki, saysız-hesabsız publisist yazılar yazıb. Bu yazılarda həm gündəmlə, həm cəmiyyətin ictimai-sosial həyatıyla və həm də yaradıcı insanlarla bağlı fikirlərini mətnlərə çevirib. İndiyədək esselər, resenziyalar, ana dili məsələsi ilə bağlı tanınmış ziyalılardan aldığı müsahibələrdən ibarət altı kitabı çap olunub…

“Məncə, yaxşı danışana, ağzından dürr tökülənə, maraqlı söhbət edənə qulaq asan olmur, hətta sözünü kəsib özləri danışırlar. Mənasız məişət söhbəti adamları daha çox cəlb edir. Qonşunun yaşayış tərzindən, qohum-əqrəbasının pisliyindən danışanı, çoxu həvəslə dinləyir. Belələrini söhbətcil adlandırılır. Onların “dinləyici auditoriyaları” üstünlük təşkil edir. Nəylərinə gərəkdir, sənin sağlam mənəviyyatından, zəngin təfəkküründən bəhs edən mövzuların. Qərəzsiz danışırsansa, obyektiv fikirləşirsənsə, özünü tanımadan kiminsə sözü ilə kimisə asıb-kəsmirsənsə maraqsız adam təsiri bağışlayırsan.”- söyləyir.

Uşaq yaşlarından yazıb-yaradır. Amma ilk dəfə 2003-cü ildə “Mən də övladıyam Azərbaycanın” şeiri ilə tanınıb. “Qəlbimin istəkləri” adlı birinci kitabının nəşr tarixi isə 2008-ci ilə təsadüf edir. Vətən, yurd, el-oba sevgisini, müharibənin fəlakətlərini, fərdi yaşantılarını, sevginin paklığını, ayrılıq əzablarını əks etdirən mətnlərlə zəngin “Yaza bilməyən yazıçı adlı kinci kitabından sonra, pandemiya dövrünün ağrı-acıları, maddi çətinlikləri, sərbəstlik məhdudiyyəti, ölümü, ayrılıqları, ana dilinin qorunması, cəmiyyətin problemləri, sosial şəbəkələrin faydalı-zərərli tərəfləri haqqında geniş yazıların toplaşdığı “Karantin zədəsi” kitabı isə onun üçüncü kitabıdır. “Bir də gördüm…” adlı dördüncü kitabını atasının xatirəsinə həsr edib. Bu ilin mart ayında ərsəyə gətirdiyi bədii-publisist yazıları əhatə edən “Asan çətinliklər”in ardınca yalnız hekayələrin sıralandığı “Siz harda yaşayırsınız?” kitabını da oxucuların ixtiyarına verib. “Asan çətinliklər” kitabı naşir Əli Aslani tərəfindən əski əlifbaya çevrilərək, 2025-ci ilin yanvar ayında İranın Miandoab şəhərində “Tərz” nəşriyyatında çap olunub…

Deyir ki:- “Nadanların yanında dan görünmək üçün gərək onların tayı olasan, yoxsa təklənirsən. Adamın yaxşı insanlara canı yanır, duyğularına, xoş hisslərinə heyfi gəlir. Onların ali keyfiyyətlərini dəyərləndirmək əvəzinə, ya paxıllığını çəkirlər, ya da ruhən öldürməyə çalışırlar. Ətraf doludur bu cür “qatillərlə”.”

Cəmiyyətdə raslaşdığı problemlər- nadanlıq, bir-birinə hörmətsizlik, xəbislik hissləri onu çox narahat edir. Düşünür ki, bunun qarşısını yalnız marifləndirməklə almaq olar…

“Tez-tez qarşılaşdığım məqamdır- hansı qadın kollektivində oluramsa, mənə ağzımı açıb bir kəlmə deməyə imkan vermirlər. Ya hamı eyni vaxtda danışıb xor yaradır, ya da hər kəs özü danışır, özünə maraqlı olan mövzunu ortaya atır. Mən də günahkarcasına onlara baxıram. Özümü danlayıram: necə maraqsız adamam… bu qadınların güldüyü söhbətlərə niyə gülməyim gəlmir? Niyə mən də başqalarının yaşayış tərzi ilə maraqlanmıram? Niyə bunlar özgəni müzakirə edəndə mən “İnsanı öldürmək” hekayəsindən danışmaq istəyirəm? Niyə cəmiyyətin problemlərini özümlə o başa-bu başa daşıyıram? Kimə lazımdır axı? Əcəb olur mənə. Yaxşısı başını aşağı salıb yazmaqdır.”- söyləyir.

Oxucu qıtlığından gileylənir. Gənclərdə kitablar haqqında gözəl təsəvvür formalaşdırmaq, gələcək nəslin mədəni yetişməsi üçün gücümüzü toplayıb yaxşı işlər uğrunda çalışmağı təklif edir. Onun bu təklifinə gülməyi tutanları, mənasız iş sayanları “laqeyd vətəndaşın millətə zərəri” maddəsi ilə mənəvi məsuliyyətə cəlb olunmasını istəyir.

Qəlbi təmiz adamdır. Heç kimə pis nəsə arzulamır. Həyat enerjisi yüksəkdir. Çox məsələlərdə təfərrüatlı və diqqətlidir. Əsas xüsusiyyətləri isə ağıllı, mərd və müdrük olmasıdır. Onu çox bəyənirlər, elə buna görə də ətrafındakı qadınların bəziləri onu qısqanır, paxılığını çəkirlər…

Deyir ki:- “Ürəyimdə, beynimdə nə varsa, dilimə də onu gətirirəm. Bildiyim təkcə obyektivlik və ədalətdir. Günahım olarsa, üzr istəyər, olmazsa adamların pis üzündən sarsılaram. Xoşuma gəlməyən simadan uzaq dursam da özünü ustalıqla gizləyən hiyləgərlərə inanıram. Əgər gözümün qabağındakı saxtakar, hiyləgər özünü saf kimi tanıtmağı bacarıbsa, həqiqətən saf olana da yaxınlaşmağa adam tərəddüd edir.
Neynəyim dodağısözlü, qeybətcil, paxıl, təfəkkürü mətbəxdən o yana inkişaf etməyən qadınlarla sözüm tutmur…”

Duyğularını tam şəkildə hiss etməyi sevir. Olduqca qayğıkeşdir, mehriban xarakterlidir. Etibarlılığı və mülayim təbiəti ilə fərqlənir. Tez qərar verməyi, onu qısa müddətdə həyata keçirməyi bacarır. İnadkar, xarizmatik xanımdır. Bəzən sərt, bəzən isə həssas olur. Duyğusal olduğundan romantik, sakit və ciddi adamları bəyənir. Ümumiyyətlə, insanları tanımaqda çətinlik çəkmir…

“Yaxşı insanlar onlara dəyər verən, yaxşı insanların yanında dəyərlidir. Bir qanmaz, yaxud paxıl əsl insanın layiq olduğu münasibəti ona göstərməz. Xainin gözündə yaxşı insan yaxşı kimi yox, maneə kimi görünər. Paxıl adam insanlığı dəyərləndirə bilməz. Ona gic kimi baxar. Yazıq yaxşı adam yenə günahı özündə axtarır. Hər şey “zər palan”(zəfəran) məsəlidir.”- söyləyir.

Üstün xüsusiyyətlərindən biri də odur ki, o, həmişə qürurludur və sabit bir şəkildə həyatda necə davam edəcəyini yaxşı bilir. Gözəlliklərdən maksimum həzz almaq istəyi bütün varlığına hakim kəsilib. Necə deyərlər, həyatın gözəlliklərini çox sevir. Və gözəl görünən hər şeyə dəyər verməyi bacarır…

Xülasə, düşünürəm ki, onun haqqında bildiklərimi sizə çatdıra bildim. Söhbətimin sonunda isə, onu ad günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, səadət arzulayıram.
Yeni yaşı mübarək olsun!..

…Yeri gəlmişkən, 23 aprel həm də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür…

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə

Hörmətlə, Elman Eldaroğlu

QULU AĞSƏSİN YAZILARI

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərvanə Bayramqızı təbrik edir

Qulu Ağsəsin labirintləri

Canım Vətən,
yenəmi Arazla suvarılır
ədəbiyyat zəmin?
“Ağdam” şeirini yazan şairin Vətənə bu cür sual verməsi risklidir.
Vətən dil açsaydı cavabı sualında verərdi: – bəs şumlanan Ağdama tökülən nə idi?
Şair eyhamı anlayardı; ədəbiyyat zəmisini suvarmaqda təkcə sudan istifadə etmirlər. Yoxsa bayraqlar bayraq olmazdı…
Görəsən, Vətən “gözünü yumub ağzını açsa, “yorğunam” desə, Qulu Ağsəs neynəyəcək? Bildim. O, qırx dörd günün ruh yüksəkliyindən aldığı cəsarətlə verib sualı.
Şeirin yayıldığı günlər şairə unudulmaz, gözəl hisslər yaşatdı. Buna hamımız şahid olduq. Qələbə sevinci bir azərbaycanlı kimi, şeirin dillər əzbəri olması isə şair kimi onu riqqətə gətirməyə bilməzdi. “Ağdam” şeirini yazdığı vaxtadək o, poeziya və publisistikadakı yeri, redaktorluq fəaliyyəti ilə Azərbaycanın dəyərinə çevrilə bilmişdi. Yurdu işğaldan azad ediləndən sonra yaratdığı söz xəritəsi ilə də ürəklərdə yerini təzədən rahatladı.
“Ağdam” şairin adına təxəllüsü “Ağsəs” qədər yaraşdı.
Uşaqlıq yaddaşlı, xatirələr məskənli, yurd həsərtli “Ağ-qara bağ” şeiri Məhəmmədhüseyn Şəhriyarın “Heydər babaya salam” poemasını xatırladır. Yazılma tarixləri, məkanları fərqli olsa da yaratdıqları təəssürat oxşardır.
Qulu Ağsəsin yaradıcılığında ağır terminlərə, avropa dillərindən son illərdə dilimizə keçən tələffüzü çətin sözlərə rast gəlinmir. Bir-iki dəfə gözə çarpsa belə bu gec-gec qarşılaşdığımız yaxşı insanların sayını xatırladar. Ana dili onun üslubunda pis insanlar kimidir: dəyişməz və əbədi. Yazdıqlarını oxuduqca düşünürük; ifadələrində qəlizlik olmadığı halda nədir onun yaratdıqllarını mürəkkəbləşdirən? Cavab yubanmır. Yaradıcılığını bu cür ağırlaşdıran səbəbin dərin-fəlsəfi məna yükü olması ağıla tez gəlir. Şeirləri balaca boy-buxunu ilə bütöv bir nəsli idarə edən, hər çətin işin öhdəsindən gəlib gücünü dinməz-söyləməz, öyünmədən nümayiş etdirən insana bənzəyir. Bir misrasını oxuyursan, düşüncələrin tərpənir: şair burda nə demək istəyib? Həmin misranı təzədən oxuyursan: həə, – deyirsən – nə demək istədiyini anladım. Maraq güc gəldiyindən, ya da bəyəndiyinə görə bir də oxuyanda dodağından “Allah bilir, şair özü burda başqa məqamı nəzərdə tutub” kəlmələri qopur. Belə məqamda şair oxucu üçün sirli görünməyə başlayır. Qulu Ağsəsin şeirlərinin ədəbi labirint olduğu qənaətindəyəm. Dolaşıq xətlərin arasında seçim etmək çətinləşir. Hansı tərəfinə düşüb harasından çıxacağını düşünürsən. Nə özün yol tapırsan, nə də uzaqdan səni izləyən adam istiqamət verə bilir. Baxırsan-baxırlar, düşünürsən-düşünürlər. Bəlkə də, buna görə onun yaradıcılığından belə çox yazılıb. Hər bir müəllif, hər ədəbiyyatşünas Qulu Ağsəs labirintilərini çözməyə çalışır. Nəyi nə üçün, kim üçün, niyə yazdığını isə təkcə şair özü bilir. Sadə görünən mürəkkəb şeirlər, düyünlü görünən açıq fikirlər Qulu Ağsəs yaradıcılığında mənaları ilə maraq doğurur. Bir qədər fərqli deyək: Qulu Ağsəsin mətnin(ə)də söz yox, məna artıqlığı olur. Bəzən bir misrasını deyəndə el arasında tez-tez işlənən hər hansı bir deyimi xatırlayırsan. Yaxud real həyatdakı hansısa bir əlamət onun poetik dilində üstüörtülü şəkildə beyinə elə ötürülür, düşünürük ki, hamımız şeir dilində danışırıq. Onun oxucunu öz poeziyasında həbs etməyi də var. Elə hökm çıxarır, daxili dünyanla şairin dünyası arasında azırsan. İllərdir, özümüz hələ də qərar bilmirik, üşüyəndə ocağımı özümüzümü yandıraq.
Təkcə yaradıcılığından yazılmayıb, onu tanıyanlar şəxsiyyətini söz-söz, fikir-fikir çözməyə çalışıblar. Sözümü qəribliyə salmayacaqsınızsa deyim ki, qələm dostları Qulu Ağsəsi sözləşdiriblər. Onun şəxsiyyətinin təsvirində kəlmələr usta əlində gilə dönür. Bu tərəfdən yanaşanda şairin xeyli sayda heykəlini görürük. Sanki hər kəs bu qeyri-adi istedad sahibini, yaradıcılığı son dərəcə maraqlı olan şəxsi ayrı-ayrılıqda analiz etməklə onun özündəki mənanı izah etməyə çalışıblar. Bəli, söz kimi, fikir kimi insanın da mənalısı-mənasızı olur. Məncə, Qulu Ağsəsin fərd kimi mənası həm həlim, həm də sərt olmağındadır. Bu iki keyfiyyəti özündə elə daşıyır, biri o birindən çox görünmür. Qoşa gedirlər. Biri digəri lazım olan yerdə özünü ortaya atmır. Hərəsi öz məqamında üzə çıxır. Ona görə haqqında danışılanda nə “Qulu Ağsəs sərt adamdır”, deyirlir, nə də “fağır adamdır” söyləyirlər. Həlimliyini qabartsaq, dilindən çıxan kəskin sözləri yadımıza düşər, “sərtdir” desək, dilimiz quruyar. Qulu Ağsəs sözünün yerini-yolunu, hərəkətinin ölçü-biçisini əla bilir. Bu qaydanı bəzən yumorunda pozur. Məsələn, soruşsa “necəsən?” desən ki, “yaxşıyam, hələ ölməmişəm” çəkinmədən: “inşallah o da olar” deyə bilər. Bəzi fikirlərini söyləməkdə sərbəstliyə yol versə də çox vaxt ürəyindəkiləri deməyə xəsislik edir. Bax belədir o. Amma zarafatından incimirik. Niyəsini mən bilmirəm, bəlkə siz biləsiniz.
Qulu Ağsəs dörd misralıq şeir, beş-altı sözdən ibarət fikir yazıb qələmini dəftərin üstünə qoyub gedir. İndi gəl bu dörd misranın üstünə yüklədiyi mənanı şeirdən ayır görüm necə ayırırsan. Şeirə bir məna verəcəksən, yeddibaşlı əjdaha kimi o yanından yeni bir mənası çıxacaq. Tədqiqatçılara nə var, hərəsi öz interpretasiyasını yazacaq, zülüm oxucunundur. Biri öz halına uyğunlaşdırıb söyləyəndə digəri etiraz edəcək ki, yox, o mənada deməyib. Şairin özündən də soruşmaq olmaz ki, bunu hansı mənada yazmısan.
Elə şeirləri də var, nə soruşmağa, nə də etiraz etməyə ehtiyac qalmır.
“Köçəri quşlara vətən dəndi” misrası kimi. Atalar sözütək səslənir. Çox yerdə məsəl yerinə işlədirəm. Həqiqət payı danılmazdır. Bəziləri dənlənməyə gedirlər “yel əsib qoz tökülən ölkələrə”. Yerli quşlar onları dimdikləyib yuvadan atanda da “ölməyə vətən yaxşı olur”.
Döşəyin altı kitab,
Kimin yeridi? Sən tap!
Nümunəni tapmaca kimi uşaqlar üçün işləmək olar. Şagirdlər arasında əyləncəli kiçik səhnə hazırlasalar, yəqin ki, kitabdan ayrılmayan uşağın adını söyləyərlər.
Hardasa çölün düzündə
Su köşkü olmalıydı.
Ürəyimin alt gözündə
Son eşqim qalmalıydı.
Şair iki məkan göstərib: köşk, siyirmə… fəaliyyətsə oxucuya qalır. Faydalanmaq olar — köşkdən aldığın su ilə son eşqi həb kimi başına çək.
Sözübütövlüyün, doğruluğun ifadəsi:
“Su da atmazdı arxadan…
O qədər dürüst idi”.
Sevginin, bağlılığın qısa-geniş, adi-qeyri-adi izahı:
“O mənim hər şeyimdi,
Mən onun yarısı”
Q.Ağsəs şeirlərini hansı hisslərlə yazırsa, oxucuya o cür də çatdırır. Oxumaqdan zövq aldığımız kimi dinləməkdən də yorulmuruq.
Aprelin iyirmisinə aid şeirini isə altındakı skamyada, varağın bir küncündə oturmadığı vaxtda yazıb. İstəyirəm şairə stul göstərim: – Əyləşib dincinizi alın – deyim:
Gözəl hisslər bəsləyirik,
Üstəlik də baş əyirik.
Biz “Qulu Ağsəs” deyirk
Aprelin iyirmisinə.

Doğulmaq da bir iş imiş…
Yalan demək vərdişimiz.
“Səni leylək gətiribmiş
Aprelin iyirmisinə”

Nə tanrını küsdür, qına,
Nə peşman ol varlığına,
Səksən iki yarlığı al
Aprelin iyirmisinə.
(Şairin öz şeirinə nəzirə)

Hörmətlə: PƏRVANƏ BAYRAMQIZI

QULU AĞSƏSİN YAZILARI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərvanə Bayramqızı – Ədəbi və əbədi ehtiyac

Ədəbi və əbədi ehtiyac

Seç­di­yi sə­nə­tin də­rin­lik­lə­rin­dən xə­bər­dar olub, ya­rat­dı­ğı iş­lər­lə ta­nı­nan kəs­lə­rə öz adıy­la de­yil, “ay us­ta” de­yə mü­ra­ci­ət edir­lər. On­la­rın ad­la­rı da, so­yad­la­rı da “us­ta” olur. İş gö­rən hər ada­ma da us­ta de­məz­lər. Us­ta gə­rək us­ta ol­sun (Al­lah na­şı­sın­dan sax­la­sın.) Ədə­biy­ya­tın da “söz us­ta­la­rı” var. Ha­zır­ca­vab­lı­ğı ilə se­çi­lə­nə, mən­tiq­li fi­kir söy­lə­yə­nə bu adı xalq özü ve­rir. Ya­zı­çı da söz us­ta­sı­dır. Daş ki­mi söz­lər­lə iş­lə­mək elə də asan de­yil, gə­rək on­la­rı daş­yo­nan bal­ta ilə (re­dak­tə) elə dü­zəl­də ki, ürə­yə ya­ta.

Yaz­maq özü­nü­təq­di­met­mə de­mək­dir. Di­gər tə­rə­fi­ni nə­zə­rə alan­da isə baş­qa­sı­nın hə­ya­tı­na ədə­bi mü­da­xi­lə­dir. On­da ya­zı­çı­la­rı “ədə­bi və­kil­lər” də ad­lan­dır­maq olar. On­lar da in­san­la­rın prob­lem­lə­ri­ni çöz­mə­yə ça­lı­şır­lar. Ağır möv­zu­la­rın “yü­kü­nü da­şı­yır”, üs­tə­lik, baş­qa­la­rı­nı da bu­na sövq edir­lər. Dost-ta­nı­şın, yad in­san­la­rın hə­ya­tın­da baş ve­rən­lər ya­zı­çı alə­ti ilə yo­nu­lub, müx­tə­lif “fi­qur­la­ra” sa­lı­nır.

Ya­zan şəx­sin sir­ri ol­mur. Ürə­yin­də nə­yin­sə yı­ğı­lıb qal­ma­sı­na özü im­kan ver­mir. Duy­ğu, ar­zu, tə­xəy­yül, mü­şa­hi­də… nə ol­sa, çə­kib qə­lə­mə gə­ti­rir. On­la­ra “bel bağ­la­yıb” ba­şı­na gə­lə­ni söy­lə­mək “risk­dir”. Öz­lə­ri­nin hər şe­yi­ni sö­zə çe­vi­rən öz­gə­nin­ki­nə das­tan qo­şar. Bir də gör­dün, da­nış­dıq­la­rın odur ey, el-alə­min di­lin­də oba-oba, öl­kə-öl­kə gə­zir. Özü də müx­tə­lif dil­lə­rə çev­ri­lə­rək.

Ya­zı­çı­ya yaz­ma­ğı qa­da­ğan et­mək, bi­lir­si­niz­mi, nə­yə bən­zə­yi­r?

Bu­nu də­rin­dən hiss et­mək üçün ya em­pa­ti his­sin güc­lü ol­ma­lı­dır, ya da gə­rək özün onu ya­şa­ya­san. Pri­mi­tiv nü­mu­nə sa­yıl­sa da, mü­qa­yi­sə üçün əl­ve­riş­li ol­du­ğun­dan de­yim ki, bu, su­da ya­şa­maq üçün ya­ra­dıl­mış ba­lıq­la­rı qu­ru­ya bu­ra­xıb ça­ba­la­ma­sı­na ta­ma­şa et­mək kimidir.

Ça­ba­la­mı­şam il­lər­lə…, yaz­maq mə­nim üçün asan ol­ma­yıb. İs­te­dad­la iş bit­mir. Bə­zən zəh­mə­tin də ro­lu ol­mur. Yaz­maq üçün ən əsası yan­lış mə­kan­dan, yan­lış in­san­lar­dan uzaq dur­maq va­cib imiş.

De­yir­lər, Emil Zol­ya ya­zan­da özü­nü stu­la bağ­la­yır­mış. Bu­nun han­sı zə­ru­rət­dən irə­li gəl­mə­si­ni dü­şün­mə­yə, təh­lil et­mə­yə gə­rək yox­dur. İs­te­dad­lı in­san hər cür qey­ri-adi key­fiy­yə­tə ma­lik olur. Əs­lin­də, ya­zı­çı­la­ra xas olan cə­hət­lər qey­ri-adi he­sab edil­mə­mə­li­dir. Bu, on­lar üçün adi dav­ra­nış qay­da­la­rı­dır. Bir ya­zı­çı ha­mı­nın şən­lən­di­yi məc­lis­də qa­nı­qa­ra olur, qə­fil­dən çı­xıb ge­dir­sə, de­mək, ət­ra­fın­da­kı­lar­dan fərq­li ola­raq o, özü­dür. Demək, ona xoş ol­ma­yan nə­lər­sə var, hiss edir ki, hə­min an vax­tı­nı düz­gün də­yər­lən­dir­mə­yib, yan­lış mə­kan­da­dır. Bu “səh­vi­ni” dü­zəlt­mək onun üçün asan­dır. Ol­du­ğu ye­ri tərk et­mək­lə hər şe­yi qay­da­sı­na sa­lır. Tə­bii ki, üz tu­ta­ca­ğı ün­van ya­zı ma­sa­sı­dır. Onu gö­rə­cək, to­xu­na­caq, özü­nü hə­min məc­lis­də­kin­dən də gö­zəl yer­də hiss edə­cək. Bəl­kə, lap elə stu­lun al­tın­da ya­zan ya­zı­çı da var. Bü­tün bun­lar kön­lü­nü sö­zə ver­miş­lər üçün adi şey­lər­dir. Ən gö­zəl dün­ya sə­nət­kar­la­rın dün­ya­sı­dır, is­tər şa­ir, rəs­sam, is­tər­sə də ya­zı­çı, mu­si­qi­çi ol­sun. Həmin dün­ya­ya on­la­rın öz­lə­rin­dən baş­qa mil­yon in­san şə­rik olur, hət­ta əl­lə­rin­dən də alır­lar, se­vən­lər də, tən­qid edən­lər də olur. Bü­tün bun­lar ya­zar­kən, çə­kər­kən, bəs­tə­lə­yər­kən on­la­rın ağıl­la­rın­dan keç­mir. Bil­mir­lər, əsər­lə­ri­nə gö­rə on­la­rı se­və­cək­lər, yox­sa lə­nət­lə­yə­cək­lər? Bil­dik­lə­ri bir­cə şey var – ya­rat­maq!

Vla­di­mir Na­bo­kov de­yir: “Mə­nim ya­ra­dı­cı­lı­ğım­da əh­va­li-ru­hiy­yə ön plan­da du­rur. Ke­fim var, ya­zı­ram, yox­dur – yaz­mı­ram. Ro­man­la­rı­mın ide­ya­sı göz­lə­nil­mə­dən do­ğu­lur. Bir də­qi­qə­nin için­də. Qə­lə­mi alı­ram əli­mə, hər şey baş­la­yır və­rə­qə ax­ma­ğa. Ro­man əv­vəl­cə bey­nim­də ya­zı­lır, qa­lır tex­ni­ki pro­se­si ye­ri­nə ye­ti­rib, onu və­rə­qə kö­çür­mək. Zən­nim­cə, ya­zı­çı qəh­rə­ma­nı­nı ad­dım­ba­ad­dım iz­lə­yib özü­nü onun və­ziy­yə­ti­nə gə­ti­rir­sə, udu­zur. Qəh­rə­ma­nı ra­hat bu­rax­maq la­zım­dır. Qoy öz bil­di­yi­ni elə­sin. Elə ya­zı­çı­lar var ki, bu işə sə­nət ki­mi ba­xır­lar, hər gün əy­lə­şib 5-10 və­rəq yaz­ma­ğı borc bi­lir­lər öz­lə­ri­nə. Mə­sə­lən, mən bə­zən 12 sa­at otu­rub ya­zı­ram, bə­zən də ay­lar­la yaz­dıq­la­rı­mı dü­zəl­di­rəm. Bir az tən­bəl­li­yim də var”.

Bu da bir üs­lub­dur.

Bö­yük in­gi­lis şai­ri Con Mil­ton (1608-1674) ba­şı­nı ar­xa tə­rə­fə əy­mə­miş şe­ir ya­za bil­məz­miş.

He­min­qu­ey – ayaq üs­tə du­ra­raq, Bet­ho­ven – otaq­da gə­zi­şə­rək dü­şü­nüb, ide­ya­nı for­ma­laş­dı­rıb, yal­nız on­dan son­ra ka­ğı­za kö­çü­rər­miş.

Çarlz Dik­kens ya­zı ma­sa­sı­nın ar­xa­sın­da əy­lə­şər­kən üzü­nü şi­mal tə­rə­fə çe­vi­rər­di. O, be­lə zənn edir­di ki, Şi­mal qüt­bü­nün maq­nit sa­hə­si ya­ra­dı­cı­lı­ğa müs­bət tə­sir edir.

(“Kay­zen” – İl­yas Hə­sə­nov, El­la­da Hə­zi­ye­va­nın “Əs­lin­də on­lar kim­di­r?” ki­ta­bın­dan)

Fərq­li üs­lub­lar­dan çox yaz­maq olar. Nə qə­dər ya­zan var­sa, bir o qə­dər də üs­lub var. Ya­zı­çı­nın pa­yı­na dün­ya ma­lın­dan beş-on kəl­mə söz dü­şüb. Onu ne­cə iş­lə­də­cə­yi is­te­da­dın­dan ası­lı­dır. Ya kor­la­ya­caq, ya da sö­zə hə­yat ve­rə­cək. On­la­rın is­tə­di­yi tək­cə dinc­lik və yaz­maq­dır. O qə­dər də bö­yük is­tək ol­ma­yan bu mə­qa­mı hər də­qi­qə tap­maq ol­mur. Mə­sə­lən, mə­nə hə­lə­ ki is­tə­di­yim an­da ma­sa­ya ya­xın­la­şıb yaz­maq qis­mət ol­ma­yıb. Nə qə­dər qə­ri­bə gö­rün­sə də bu “pis şey”, yəni yaz­maq mə­nim ən bö­yük qə­ba­hə­tim olub. “Suç­lu-suç­lu ya­şa­mı­şam”. Bu “su­çu­mun” üs­tün­də o qə­dər dan­lan­mı­şam ki, sı­xın­tı­dan ək­sər vaxt ya­za bil­mə­mi­şəm. Mü­ti tərz­də qə­lə­mi əlim­dən qoy­mu­şam. Ya­za bi­lə­cə­yim ən gö­zəl ya­zı­la­rım o mə­qam­lar­da məhv olub. Yaz­ma­ğı “tər­gi­dər­kən” bil­mə­dim ki, bu ita­ət­kar­lıq bir gün üs­ya­na dö­nə­cək. Bu qə­dər məh­ru­miy­yət­lər­lə ba­rış­ma­ğın bir üs­ya­nı ola­caq. Ana bət­nin­də di­ri-di­ri məhv edi­lən kör­pə­lər ki­mi bü­tün is­tək­lə­rim ürə­yim­də­cə qət­lə ye­ti­ri­lir­di. Əv­vəl-axır o iz­ti­rab­lar eti­raz ola­caq­dı. İyir­mi ilə ya­xın vaxt ər­zin­də nə­lər et­mək olar­­dı­­?

“Yaz­maq mə­nim üçün əzab­dır, am­ma bu əzab­la ya­şa­ma­ğa, bu­nun­la öl­mə­yə ha­zı­ram. Hər ya­zım­la bir­gə ye­ni­dən do­ğu­lur, ti­raj­lan­ma­sı hə­və­sin­dən ilk qə­dəm­lə ye­ri­yir, oxun­duq­ca dil açı­ram. Mə­nim­çün ən gö­zəl yer ya­za bil­di­yim mə­kan­dır, o yer daş­la­rın üs­tü ol­sa be­lə. Ya­zı­la­rın do­ğum şə­ha­dət­na­mə­si ol­say­dı, ün­van ola­raq ora­ya da­ha çox “di­zi­min üs­tü”, “sol ov­cum” qeyd edi­lər­di. Tək­cə bey­nim, ürə­yim və əlim­lə de­yil, öm­rüm­lə ya­zı­ram. Öm­rü ilə yaz­maq ya­şa­dı­ğı­na se­vin­mə­dən, öl­mə­di­yi­nə şad ola­raq, “suç­lu-suç­lu” yaz­maq­dır. Bu su­çun nə­dən iba­rət ol­du­ğu­nu bil­mək is­tə­yir­si­niz­sə…” Bu cüm­lə­lər “Ya­za bil­mə­yən ya­zı­çı” ad­lı ki­ta­bı­mın cil­din­də qeyd edi­lib. Xa­tır­la­maq­la yaz­ma­ğın mə­nim üçün nə de­mək ol­du­ğu­nu diq­qə­tə çat­dı­rı­ram. Yaz­maq möv­zu­sun­da xey­li mət­nim var. Gö­rü­nür, is­tə­di­yim ki­mi alın­ma­yıb de­yə hə­lə sa­kit­lə­şə bil­mə­mi­şəm. Sey­ran Sə­xa­vət de­yir ki, xalq bir­lə­şən­də güc­lü olur, ya­zı­çı tək­lə­nən­də. Elə bi­li­rəm, bu fik­ri mən söy­lə­mi­şəm. Ürə­yim­dən xə­bər ve­rir. Bu yön­dən ya­na­şan­da de­yi­rəm, yax­şı ki, mə­ni tək­lə­di­lər. Bu də­fə alı­na­caq.

Emil Zol­ya­nın ya­zar­kən apar­dı­ğı əmə­liy­ya­tı mən ət­ra­fım­da­kı­la­rın üzə­rin­də tət­biq et­mək is­tə­yi­rəm. Bu­nu et­mə­yə o qə­dər sə­bə­bim var ki. Hə­lə ürə­yim­dən ağız­la­rı­na ya­pış­qan vur­maq da ke­çir. Qəd­dar san­ma­yın, yaz­ma­mağım üçün mə­nə tö­rə­di­lən ma­neə­lə­ri bil­səy­di­niz, be­lə yün­gül cə­za nö­vü is­tə­di­yim üçün tə­əc­cüb­lə­nər­di­niz.

Bir­cə sə­hi­fə ya­zı üçün bə­zən Hen­ri To­ro ki­mi me­şə­yə yol­lan­maq da is­tə­mi­şəm. Ha­ra olur-ol­sun, ne­cə olur-ol­sun, tə­ki ya­za bi­lim. Bu qə­dər sı­xın­tı için­də Nits­şe­nin “ölən­dən son­ra do­ğul­maq” fik­ri­nə ar­xa­la­na­raq, ya­zıb-ya­ra­dı­ram. Bəl­kə də, özüm haq­qın­da yük­sək fi­kir ol­du, am­ma ümid­dir də, ki­mə nə zə­rə­ri var ki? Sok­rat de­yir, məq­səd­siz və ira­də­siz adam sü­ka­nı və kom­pa­sı ol­ma­yan gə­mi­yə bən­zə­yir, kü­lə­yin səm­ti də­yiş­dik­cə onun da is­ti­qa­mə­ti də­yi­şər (Bu mə­qam­da sərf elə­mir de­yə Oşo­nun məq­səd haq­qın­da de­di­yi fi­kir­lə­ri yaz­mı­ram.) Bir yax­şı cə­hə­tim var ki, in­ki­şaf et­mə­yə əqi­də­mi, prin­si­pi­mi də­yiş­mə­dən ça­lı­şı­ram. Bə­zən həd­dən çox utan­caq ol­du­ğum, hə­qi­qət ax­tar­dı­ğım üçün “dil­li-diş­li” (da­ha doğ­ru­su sır­tıq) adam­lar­la sö­züm tut­mur. Mə­nim on­la­ra sim­pa­ti­yam ol­ma­yıb, on­lar da pis niy­yət­lə­ri­nə ma­ne ola­cağam de­yə mən­dən qa­çıb­lar. Mad­di çə­tin­lik­lə­rə dö­züm­lü­yəm, nə­yim ol­sa, ona qa­ne olu­ram, heç kəs­dən tə­mən­na gü­dən de­yi­ləm. Ça­tış­ma­yan cə­hə­tim in­san­la­rın pis tə­rəf­lə­ri­nə dö­züm­süz­lü­yüm­dür. Dər­di yıx­ma­ğa gü­cüm çat­dı­ğı hal­da, pa­xı­lın, sax­ta­ka­rın üzün­dən ruh­dan dü­şü­rəm. Pla­to­nun: “Bə­də­ni öl­dü­rən­lər­dən çox ru­hu öl­dü­rən­lər­dən qor­xun” fi­kir­lə­ri ilə ta­nış ol­ma­dı­ğım vaxt­lar­dan bu cür in­san­lar­dan qorx­mu­şam. Bil­mi­şəm ki, be­lə­lə­ri nə­yin sə­ni üzə­cə­yi­ni, ruh­dan sa­la­ca­ğı­nı bi­lir və o hə­rə­kə­tə qəsd­lə yol ve­rir ki, is­tə­yi­nə na­il ol­sun. Mə­nə­vi mü­ha­ri­bə­lər­dən ke­çə-ke­çə, bö­yük ar­zu­la­rı­mı, hiss­lə­ri­mi qur­ban ve­rə-ve­rə gə­lib bu ya­şa çat­mı­şam. Bu qə­dər çə­tin­li­yin qar­şı­sın­da içim­də bo­ğul­ma­yan, məhv ol­ma­yan iki hiss ya­şat­dım – hə­yat eş­qi, in­san­la­ra sev­gi! Heç kə­sin duy­ğu­su­nun ölə­zi­mə­yi­nə qıy­ma­dı­ğım hal­da, mə­nim mə­nən məh­vi­mə ça­lış­dı­lar. Ar­zu-ar­zu, fi­kir-fi­kir, söz-söz öl­dür­dü­lər. Son an­da se­vim­li ya­zı­çım Cek Lon­don “Hə­yat eş­qi”lə xi­las et­di mə­ni. Onu ki­mi qəl­bi­mi oxu­yan ya­zı­çı hə­lə tap­ma­mı­şam.

Da­hi­lə­rin ta­le­lə­rin­dən tə­sir­lə­nib mü­qa­yi­sə apar­maq fik­ri­mə al­man­la­rın “Hər cür mü­qa­yi­sə nöq­sanlıdır” deyimi ma­ne ola bil­məz.

Əli Kə­rim qı­sa öm­rün­də bi­zə bu qə­dər gö­zəl poe­zi­ya nü­mu­nə­lə­ri qo­yub ge­dib. On­dan az ya­şa­mış C.Cab­bar­lı­nın, az ya­şa­maq­da Cab­bar­lı­nı da ge­ri­də qo­yan Mi­ka­yıl Müş­fi­qin göz qır­pı­mı­na bən­zər hə­yat­la­rın­da ya­rat­dıq­la­rı­nı oxu­duq­ca adam öz yox­sul ya­ra­dı­cı­lı­ğın­dan uta­nır. Am­ma dün­ya ədə­biy­ya­tı­na nə­zər sa­lan­da, Mi­gel de Ser­van­te­sin ya­ra­dı­cı­lı­ğa otuz səkkiz ya­şın­da baş­la­ma­sı­nı bi­lən­də tə­səl­li ta­pır­san ki, da­hi do­ğul­mu­san­sa, hər yaş­da ya­zıb-ya­ra­dıb is­te­da­dı­nı gös­tə­rə­cək­sən. Da­ni­el De­fo­nu da bu ba­xım­dan ener­ji mən­bə­yi ki­mi qə­bul et­mək olar. O da yaz­ma­ğa 35 ya­şın­da baş­la­yıb, üs­tə­lik, həbs­dən qa­yıt­dıq­dan son­ra. Am­ma mən­də De­fo ki­mi qi­yam­lar­da iş­ti­rak et­mək cə­sa­rə­ti ar­tıq ölüb. “Ro­bin­zon Kru­zo” əsə­ri­nin bi­rin­ci his­sə­si 1719-cu il­də nəşr olu­nan­da D.De­fo 59 ya­şın­da olub. Və bu əsər ona öl­məz­lik qa­zan­dı­rıb. Öm­rə eti­bar et­mə­səm də, bun­lar mə­nə sti­mul ve­rir. Be­lə gö­tü­rən­də, mən də mə­nə­vi tə­rəf­dən məh­bəs hə­ya­tı ya­şa­mı­şam. Özümdə Os­kar Uayldla da ox­şar mə­qam­lar tap­mı­şam. İki­mi­zin də ilk də­fə şe­ir­lər ki­ta­bı­mız, özü də ey­ni yaş­da (onun 27, mə­nim 26 ya­şım­da) çap olu­nub. Son­ra­lar nəsr­də in­ki­şaf et­mə­yi­miz­də də uy­ğun­luq var. Am­ma mən hə­min ki­tab­dan son­ra məh­sul­dar ol­ma­dım. O vaxt­dan in­di­yə­dək hə­lə tə­zə­dən baş­la­yı­ram.

“Zi­ya­lı­la­rın se­vim­li məş­ğu­liy­yə­ti eti­raz­la­rı­nı ifa­də et­mək­dir: te­atr qa­pa­dı­lıb­sa, qə­zet bağ­la­nıb­sa, kil­sə da­ğı­dı­lıb­sa – eti­raz. Qan az­lı­ğı­nın düz­gün əla­mə­ti: de­mə­li, öz qə­ze­ti­ni­zi və öz kil­sə­ni­zi güc­lü sev­mə­mi­si­niz”.

Gə­lin, Alek­sandr Blo­kun “Zi­ya­lı və İn­qi­lab” mə­qa­lə­sin­dən gö­tü­rü­lən bu söz­lə­rin bol­şe­viz­min le­hi­nə ya­zıl­dı­ğı­nı unu­dub, baş­qa tə­rəf­dən ya­na­şaq. Hə­min fi­kir­lə­ri əsas gö­tü­rən­də be­lə çı­xır ki, biz heç nə­yi­mi­zi sev­mi­rik. Çün­ki hər şe­yə lo­kal dü­şün­cəy­lə ya­na­şı­rıq – “mən və mə­nim ailəm” prin­si­pi biz­də da­ha qa­ba­rıq­dır. Qa­lan ki­mə nə olur­sa-ol­sun, nə­yi da­ğı­lır­sa-da­ğıl­sın, mə­nə heç nə ol­ma­sın. Əgər məş­hur de­yim­də­ki ki­mi “ana­lar ye­nə oğul do­ğa­caq, am­ma İs­tan­bul do­ğul­ma­ya­caq” şüu­run­da ol­saq, mil­lət ki­mi dir­çə­lə­cə­yik. Əl­bət­tə, mü­ba­ri­zə mən­tiq­li, şü­ur­lu, əda­lət­li apa­rıl­ma­lı, kim­lə­rin­sə çir­kin niy­yə­ti­nə kö­mək et­mə­mə­li­dir. Ki­min­sə üzün­dən xal­qın ba­la­la­rı qır­ğı­na ve­ril­mə­mə­li­dir. Bu ola­caq­sa, Və­tən üçün ol­ma­lı­dır.

Dün­ya ya­zı­çı­la­rı sa­vaş­lar­da, mü­ba­ri­zə­lər­də, çə­tin­lik­lər­də ömür sü­rüb, is­tə­mə­dik­lə­ri­nə eti­raz edib, is­tə­dik­lə­rin­dən də ya­zıb-ya­ra­dıb­lar. Bi­zim ya­zı­çı­lar isə so­vet ha­ki­miy­yə­ti il­lə­rin­dən su­cuq uşaq­lar ki­mi ələ­ba­xan öy­rən­dik­lə­rin­dən bu “idim­lə­ri” ilə ya­şa­ma­ğa da­vam edir­lər. On­la­rın aləm­lə­rin­də döv­lət ya­zı­çı­la­rın eh­ti­yac­la­rı­nı ödə­mə­li, hər yer­də ba­şa çə­k­mə­li, mö­tə­bər yer­lər­də on­la­rı əy­ləş­dir­mə­li­dir. Dün­ya ədə­biy­ya­tı­nın nü­ma­yən­də­lə­ri­sə, sa­də­cə, yax­şı ya­zır, oxu­cu da, nəş­riy­yat­lar da on­la­rı öz­lə­ri ax­ta­rıb ta­pır­lar. Oxu­duq­la­rı­ma is­ti­na­dən ya­zım ki, fa­şiz­mə qar­şı mü­ba­ri­zə apar­maq­da al­man ya­zı­çı­la­rı için­də To­mas Man­na ça­tan yox­dur. Hen­rix Mann da ya­ra­dı­cı­lı­ğın­da Al­ma­ni­ya­nın si­ya­si və mə­nə­vi at­mos­fe­ri­ni tən­qid et­miş, Hit­ler dik­ta­tu­ra­sı­na qar­şı mü­ba­ri­zə apar­mış­dır. De­ni Did­ro bur­jua­zi­ya­nın rəh­bər­li­yi al­tın­da dvor­yan­lar və kral ha­ki­miy­yə­ti əley­hi­nə çev­ril­miş xalq hə­rə­ka­tı­na qo­şul­muş­dur. “Qa­çaq­lar” pye­si­ni Frid­rix Şil­ler həbs­xa­na­da ya­zıb, azad­lıq, lə­ya­qət na­mi­nə in­san­la­rı üs­ya­na səs­lə­yib. Jan-Jak Rus­so feo­dal-sil­ki mü­na­si­bət­lə­ri, is­tib­dad re­ji­mi­ni kəs­kin tən­qid et­miş­dir. Bur­jua de­mok­ra­ti­ya­sı, bü­tün in­san­la­rın azad­lı­ğı tə­rəf­da­rı ol­muş, xal­qın in­qi­lab et­mək hü­qu­qu­na haqq qa­zan­dır­mış­dır. “1918-ci ilin ya­yın­da ti­kan­lı məf­til­lə­rin hər iki tə­rə­fin­də düş­mən or­du­la­rı­nı qan apa­ran­da Pol Elü­ar ica­zə­siz ola­raq “Sülh üçün şe­ir­lər” və­rə­qə­si bu­rax­mış­dır”.

Fran­sua Vol­ter isə feo­dal qay­da­la­rı­na, ka­to­lik kil­sə­si­nə qar­şı çı­xış­la­rıy­la şöh­rət qa­zan­mış­dır. Vol­ter köh­nəl­miş qay­da­la­rın də­yiş­di­ril­mə­si­ni Alek­sandr Blok­dan, Şil­ler­dən fərq­li ola­raq in­qi­lab­da de­yil, “maa­rif­lən­miş mo­narx­dan” göz­lə­yir­di. O, Her­soq Fi­lipp Or­le­ans­ki­ni həc­v etdiyi üçün Bas­ti­li­ya həbs­xa­na­sı­na sa­lın­mış­dır. Ya­ra­dı­cı­lı­ğı­nın əsas məq­sə­di maa­ri­fi yay­maq olub. Be­yin­lə­rin in­qi­la­bı ən gö­zəl in­qi­lab­dır. Sər­və­ti­ni in­san tə­lə­fa­tı­na xid­mət edən mü­ha­ri­bə­yə sərf et­di­yi­nə gö­rə Corc Bay­ro­na haqq qa­zan­dı­ra bil­mə­səm də, o qə­dər sər­vət­lə yal­nız özü üçün ra­hat ya­şa­ma­ğa üs­tün­lük ver­mə­dən çə­tin­li­yi seç­di­yi­nə gö­rə ona rəğ­bə­tim var. Bəl­kə də, bi­zim­ki­lə­rin ço­xu o qə­dər sər­və­tə ma­lik ol­say­dı­lar, ilk növ­bə­də, öz kom­fort­la­rı­nı se­çər­di­lər. Zid­diy­yət­li Knut Ham­sun da Mil­li Məc­lis­də ya­tan de­pu­tat­lar­la, la­qeyd ya­zı­çı­lar­la mü­qa­yi­sə­də fərq­li fəa­liy­yət gös­tə­rib. De­mək is­tə­yi­rəm ki, cə­miy­yət hə­mi­şə öz zi­ya­lı­la­rı­na ümid bəs­lə­yir, hər şe­yi on­lar­dan umur. Zi­ya­lı mil­lə­ti­nin tə­əs­sü­bü­nü çək­mə­li, on­la­rın de­yə bil­mə­dik­lə­ri­ni söy­lə­mə­li­dir. Əli­mi­zə qə­ləm al­mı­şıq­sa, de­mə­li, na­ra­hat­lı­ğı­mı­za sə­bəb prob­lem­lə­ri­miz var. Bu na­ra­hat­lı­ğı açıq-açı­ğı­na söy­lə­yə­cək, hə­qi­qət uğ­run­da ça­lı­şa­ca­ğıq­sa, ədə­biy­yat xə­ri­tə­si­nin kün­cün­də də ol­sa, nə vaxt­sa ye­ri­mi­zi tu­ta­ca­ğıq. Ba­car­dı­ğım qə­dər təh­sil­də­ki ça­tış­maz­lıq­la­ra, ana di­li­nin qo­run­ma­sı­na, mü­ta­liə­yə və di­gər so­si­al prob­lem­lə­rə la­qeyd qal­ma­mı­şam. Hə­min möv­zu­lar­da ya­zı­lan mətn­lər­dən ən azı iki­si haq­qım­da heç ol­ma­sa: “o da V.Şeks­pir­lə ey­ni vaxt­da, ap­re­lin 23-də ana­dan olub. Hə­min gün Dün­ya Ki­tab və Mü­əl­lif­lik Hü­qu­qu Gü­nü ki­mi qeyd olu­nur” de­dir­də­cə­yi­nə ina­nı­ram. Çün­ki özüm olub, öz is­tə­di­yi­mi yaz­mı­şam. Dik­tə­siz, tə­mən­na­sız. Bu qə­dər çə­tin­lik­lə­rin için­də yaz­maq hə­və­sim öl­mə­di­sə, bu qə­dər ya­zar­la­rın için­də tap­şı­rıq­sız, şəx­si mü­na­si­bət­lər­siz im­zam ta­nın­dı­sa, “tək­lən­mə­yə” də­yər­miş. Da­ha yaz­maq­dan “qorx­mu­ram”. Ya­zı­la­rı­mı ma­raq­la iz­lə­yən, hər ya­zı­mı oxu­yub təh­lil edən zi­ya­lı­la­ra, oxu­cu­la­ra min­nət­da­ram. On­lar mə­ni sö­zə qay­tar­dı­lar.

Yaz­maq mə­nim üçün eh­ti­yac­dır – əbə­di və ədə­bi eh­ti­yac!

Müəllif: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru