Etiket arxivi: Misir Mərdanov

Tarix elmləri doktoru, professor Həsən Həsənovun doğum günüdür – təbrik

Tarix elmləri doktoru, professor Həsən Həsənovun doğum günüdür – təbrik

Əziz dostlar, oktyabrın 20-si Azərbaycanın siyasi və dövlət xadimi, diplomat, görkəmli tarixçi-alim, tarix elmləri doktoru, professor Həsən Həsənovun doğum günüdür. Bu münasibətlə hörmətli Həsən müəllimi ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, sağlam uzun ömür və fəaliyyətində daha böyük uğurlar arzu edirəm. Onunla bağlı hazırladığım məqaləni diqqətinizə çatdırıram.

Ötən əsrin 90-cı illəri Azərbaycan tarixinin ən mürəkkəb mərhələlərindən olmuşdur. Bugünkü sabitliyi, rahat həyat tərzini, firavanlığı görən insanlar üçün həmin dövrün xaosunu təsəvvür etmək çox çətin olar. Hesab edirəm ki, o günlərin şahidi olmuş, həmin vaxtlarda yaşamış bizim nəslin nümayəndələri gördükləri hadisələri qələmə almalıdırlar ki, ibrət dərsi götürməli olduğumuz tarix unudulmasın.

Beləliklə, 1992-ci ilin mayın 6-sı. Həmin vaxt xalq təhsili nazirinin (indiki elm və təhsil nazirinin) müavini vəzifəsində işləyirdim. Yaxşı xatırlayıram, nazir Rafiq Feyzullayev məni çağırıb tapşırdı ki, təcili Nazirlər Sovetinin (indiki Nazirlər Kabinetinin) qarşısına get, orada Nazirlər Sovetinin sədri (indiki Baş nazir) Həsən Həsənovun əleyhinə piket keçirilir, gör tanıdığın adamlar varsa, onları bu işdən çəkindir.

“Mən hara, piketə müdaxilə etmək hara?”, düşünərək, etiraz etmək istədim, ancaq Feyzullayev kimi sərt, bir az da özündən razı nazirin bir sözünü iki eləmək mümkün deyildi, razılaşıb çıxdım. Həqiqətən siyasi proseslərdən kənarda qalmağın tərəfdarı idim, bir ziyalı kimi ölkənin taleyinin çətin durumda olduğundan narahatlıq keçirsəm də, çox qarışıq olan vəziyyətdə qeyri-müəyyən siyasi proseslərə qoşulub bir az da qarışıqlıq yaratmaq istəmirdim, öz işlərimi görüb vəzifə borclarımı yerinə yetirməyi üstün tuturdum.

Həmin vaxtlarda şəhərin müxtəlif yerlərində cürbəcür siyasi aksiyalar keçirilirdi, Bakı qaynar qazana bənzəyirdi. Bir az əvvəl, fevralın 26-da Xocalı soyqırımı baş vermişdi, həmin faciənin dalğasında, martın əvvəllərində Ayaz Mütəllibov və parlamentin spikeri Elmira Qafarova istefaya göndərilmiş, professor Yaqub Məmmədov Milli Məclisin sədri seçilmişdi və dövlət başçısı vəzifəsi də ona həvalə edilmişdi. Xalq Cəbhəsi hakimiyyətə gəlmək uğrunda inadla mübarizə aparırdı, qaragüruhçuların da həvəslə qoşulduğu bu insanların siyasi addımları çox vaxt başıpozuq kampaniyaya çevrilirdi. Bu mübarizəni xaosa çevirən amillərdən biri də bu idi ki, Xalq Cəbhəsinin daxilində parçalanma baş vermişdi, ayrı-ayrı liderlər, yeni partiyalar yaranmışdı və onların hər birinin prezidentliyə öz namizədi, öz tərəfdarları, öz “planları” var idi. Bir tərəfdə də yenicə hakimiyyətin “dadını görmüş” Yaqub Məmmədovun tərəfdarları bu “ləzzəti” heç kəslə bölüşmək istəmir, onu prezident kürsüsünə doğru itələyirdilər. Ayaz Mütəllibov və onun “silahdaşları” hələ də ümidlərini itirməmişdilər, “bəlkə də qaytardılar” arzusu ilə gizli və açıq mübarizə aparırdılar. Düzünü demək lazımdır ki, 1992-ci ilin mayında mövcud olan bu qarışıqlıqda Heydər Əliyevin adı hallanmırdı, var idisə də, çox məhdud çərçivədə idi. Hələ tarix öz sözünü deməmişdi, xalqın və ziyalıların bir qismi Əbülfəz Elçibəyin hakimiyyətə gəlməsi ilə hər şeyin yoluna qoyulacağına ümid edirdi, bir qismi Etibar Məmmədov kimi siyasi xadimlərin vəziyyəti düzəldə biləcəyinə inanırdı, başqa bir hissəsi professor olduğuna görə ziyalı kimi Yaqub Məmmədova güvənirdi.

Belə bir vəziyyətdə xalqın və ölkə ziyalılarının əksəriyyəti Nazirlər Sovetinin sədri Həsən Həsənovu daha real namizəd görürdü. Sağlam düşüncəli bu kateqoriyadan olan insanlar həyat yoluna, siyasi təcrübəsinə, imicinə və yüksək mənəvi keyfiyyətlərinə görə Həsən Həsənovu digərlərindən daha üstün tuturdular. Hələ tələbəlik dövründə qrup, fakültə və institut (indiki Azərbaycan Texniki Universiteti) Komsomol Komitəsinin katibi olmuş bu istedadlı insan 1962-ci ildə, 22 yaşında olarkən Azərbaycan tələbələrinin təmsilçisi kimi Moskvada keçirilən XIV Ümumittifaq Komsomol Qurultayına nümayəndə seçilmişdi. Hamı bilirdi ki, gənc yaşlarından Azərbaycanın və SSRİ-nin bir sıra gənclər təşkilatlarının üzvü olan Həsən Həsənov 1960-cı ildən 1963-cü ilə qədər Bakı şəhər Tələbə Şurasının sədri, Bakı Şəhər Komsomol Komitəsində təlimatçı, Yasamal rayon Komsomol Komitəsinin katibi, Respublika Komsomol Komitəsinin MK-də bölmə müdiri və digər vəzifələrdə, 1967-1969-cu illərdə AKP MK-da (indiki Prezident Administrasiyası) təlimatçı vəzifəsində çalışmışdı. 1969-cu ildə o zamanlar üçün çox böyük etimad olan Moskvada Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsinə təyinat almışdı.

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gələndən sonra gənc və istedadlı kadrlara göstərdiyi etimadın ən parlaq nümayəndələrindən biri olan Həsən Həsənov 1971-ci ildə şəxsən Ulu öndərin təşəbbüsü ilə Vətənə qayıtmış, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində əvvəl təlimatçı, sonra bölmə müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışmışdı.
31 yaşında olarkən, 1971-ci ildə Bakı şəhər Səbail Rayon Partiya Komitəsinin Birinci katibi, 1978-ci ildə Sumqayıt Şəhər Partiya Komitəsinin Birinci katibi, 1979-cu ildən 1981-ci ilə kimi Gəncə Şəhər Partiya Komitəsinin Birinci katibi vəzifələrində çalışmışdı. Yaxşı xatırlayıram, cəmi iki il rəhbərlik etdiyi Gəncədə həm qurucu, həm də vətənpərvər bir ziyalı kimi dərin rəğbət qazanmışdı. Yeni tikintilərlə qədim Gəncənin simasını dəyişdirmiş, onun tarixi abidələrini bərpa etmiş, klassik memarlıq üslubunu özünə qaytarmışdı. Bu günə kimi hamı xatırlayır ki, Həsən müəllimə Gəncədəki memarlıq fəaliyyətinə görə “kərpic Həsən” təxəllüsünü qoymuşdular. Gəncənin qədim memarlıq abidələrini, binaları, hasarları yenidən kərpiclə tikdirmək üçün Ulu öndərin köməyi ilə Ümumittifaq büdcəsindən əlavə vəsait alınmasına nail olmuş, Gəncədə Kərpic zavodu inşa etdirmişdi. Bununla yanaşı, sovet ideologiyasının, necə deyərlər, “qılıncının dalının, qabağının kəsdiyi” illərdə “Kirovabad” (SSRİ-nin keçmiş rəhbərlərindən biri olan Sergey Kirovun şərəfinə 1935-1989-cu illərdə Gəncənin adı) adlanan şəhərin adını dəyişdirməyə gücü çatmasa da, şəhəri iki yerə bölmüş, onları Kəpəz və Gəncə rayonları adlandıraraq “Gəncə” sözünü unutmağa məhkum edilmiş xalqın yaddaşını “qıcıqlandırmışdı”.

Bu insanın xalq arasında nüfuzu çox yüksək idi, onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə katibi, Tikinti məsələləri üzrə katibi, sonra isə İqtisadiyyat məsələləri üzrə katibi olduğu 1981-1990-cı illərdə həm ideoloji baxımdan “xalqın adamı” olduğu, həm də tikinti və iqtisadiyyatı mükəmməl bildiyi hamıya gün kimi aydın olmuşdu. Məhz bu keyfiyyətlərinə görə Nazirlər Sovetinin sədri təyin edilən Həsən müəllim vəzifə iddiasında olan rəqiblərindən fərqli olaraq heç bir umacağı olmadığı halda, onların nəzərində “çox təhlükəli namizəd” hesab olunurdu…

Həmin 1992-ci il mayın 6-da bir qrup insan Nazirlər Kabinetinin qarşısına göndərilmiş, “Həsən Həsənova istefa”, “Vəzifəni tərk et” şüarları ilə piket təşkil olunmuşdu. Ancaq bu piket çox uğursuz alınmış, ürəklərinin çağırışı ilə gəlməyən insanlar mənim də təklifim daxil olmaqla deyilən bir neçə haqlı iraddan sonra dağılışmışdılar. Vəziyyəti belə görən Yaqub Məmmədov səlahiyyətlərindən başqa cür istifadə etmək qərarına gəldi, həmin tarixdə, 1992-ci il 6 may tarixində Azərbaycan Respublikasının BMT-də Daimi Nümayəndəliyinin rəsmi olaraq yaradılması haqqında Sərəncam imzaladı və o gündən Həsən Həsənov Azərbaycan Respublikasının BMT-də hələ mövcud olmayan Nümayəndəliyin ilk Daimi Nümayəndəsi oldu. O, Nazirlər Sovetinin sədri vəzifəsindən azad edildi, Nümayəndəliyin işini təşkil etmək üçün Nyu-Yorka yola salındı və beləliklə, ən “təhlükəli rəqib” neytrallaşdırıldı.

Yeri gəlmişkən qeyd edirəm ki, 1992-ci ilin mayında yanlış da olsa Nyu-Yorka göndərilən Həsən Həsənovun BMT-də Daimi Nümayəndəmiz olması 1993-cü il aprelin 30-da böyük siyasi əhəmiyyəti olan və Azərbaycan tarixinə düşmüş hadisə kimi yaddaşlarda qalan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair məşhur 822 saylı, iyulun 29-da isə 853 saylı qətnamələrin qəbul edilməsi ilə nəticələndi.

Tarix göstərdi ki, dağ çaylarının coşqun sellərinin qarşısını almaq mümkün olmadığı kimi, qüdrətli şəxsiyyətlərin də, haqqın, ədalətin də qarşısını almaq olmur. Ancaq həmin piketin tezliklə dağılması, həmin gün eşitdiyim bir sıra söhbətlər, işə qayıtdıqdan sonra maraq dairəmə düşən Həsən Həsənov haqqında soruşub öyrəndiyim bəzi həqiqətlər, onun tez-tələsik Nyu-Yorka göndərilməsi və digər hadisələr bu şəxsə qarşı ürəyimdə böyük bir rəğbət yaratdı. Xoşbəxtlikdən, həyatımın sonrakı mərhələlərində dəfələrlə onunla görüşmək, ünsiyyətdə olmaq şansım yaransa da, həmişə mənə elə gəlir ki, 1992-ci il mayın 6-da Həsən Həsənovla ilk təmasım baş tutmuşdur.

Əslində, onu ilk dəfə yaxından görməyim isə tam təsadüf nəticəsində bu hadisədən 11 il əvvəl, 1981-ci il sentyabrın 1-də olmuşdu. O vaxtlar dərslər həmin gün başlayırdı və mən də Mexanika-riyaziyyat fakültəsinin dekan müavini kimi az qala hamıdan qabaq gəlib universitetdə yeni tədris ilinin başlanmasıyla bağlı yaranan problemlərin həlli ilə məşğul idim. İşin çoxluğundan iştirak edə bilmədiyim təntənəli tədbir, çıxışlar, təbriklər gedən dəqiqələrdə dördüncü mərtəbəyə, dərslər keçirilən auditoriyaların yerləşdiyi yerə qalxmışdım. Dedilər ki, Mərkəzi Komitənin Katibi də bu tədbirdə iştirak edir və sonra dərslərə baxmağa yuxarı qalxacaq. Açığını deyim ki, o zamanlar 40 yaşı olsa da, xalq arasında Səbail (o vaxtlar 26 Bakı Komissarı) rayonunun, Sumqayıtın, xüsusən də Gəncənin birinci katibi (indiki İcra başçısı) kimi məşhur sima olan Həsən Həsənovu çox görmək istəyirdim.

Bir məsələni də qeyd etmək istəyirəm ki, həmin 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində 60-cı illərdən başlanan milli təəssübkeşlik, vətənpərvərlik kimi hisslər gizli də olsa, çox qabarıq formada hər kəsin daxilində mövcud idi. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması, Şıxəli Qurbanovun Novruz bayramı ilə əlaqədar fəaliyyəti, milli duyğularına görə fərqlənən Nazim Hacıyev adlı Mərkəzi Komitə katibinin 38 yaşında müəmmalı ölümü və digər bu kimi hadisələr ölkədə vətən və xalq sevgisini xeyli alovlandırmışdı. Deyim ki, Həsən Həsənov da həmin o “xalq siyahısında” var idi və zaman göstərdi ki, xalqın proqnozları heç vaxt yalan çıxmır. O, ideologiya məsələləri üzrə katib olduğu dövrdə Azərbaycanın milli vətənpərvər ziyalılarını – Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü, Məmməd Arazı və digərlərini “qanadının altına” almışdı, onlarla şəxsi dostluq münasibətləri saxlayır, şeirlərinin, kitablarının çapına, efirdəki çıxışlarına qoyulan qadağaları ləğv etdirir, yeri gəldikcə onları yüksək mükafatlara təqdim edirdi. Belə münasibət, heç şübhəsiz, ölkə başçısının razılığı ilə baş tuturdu, ancaq Heydər Əliyevin açıq edə bilmədiklərini də Həsən Həsənov gizli-gizli həyata keçirir, dövrün və beləliklə, siyasi quruluşun amansız qadağalarına qalib gəlirdi.

Xatırlayıram ki, keçmiş SSRİ dağılanda ən izdihamlı mitinqlər, ən kəskin etiraz dalğaları Azərbaycanda olurdu, o vaxtın sosioloji tədqiqat mərkəzləri qeyd edirdi ki, bizim ölkəmizin insanları arasında vətənpərvərlik hissləri digər respublikalarda olandan xeyli yüksəkdir. Bütün məhrumiyyətlərə, siyasi qarışıqlıqlara, yaradılan Qarabağ probleminə, Qərbi Azərbaycandan gələn qaçqınlara, iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan öz müstəqilliyini ilk elan edən respublika oldu. Hərdən düşünürəm ki, bizim xalqın milli məsələlərdə bu qədər həssas olmasının səbəbkarlarından biri də Həsən Həsənov, onun gördüyü işlər, atdığı cəsarətli addımlar, fədakarlıq olmuşdur.

Hələ sadalanan hadisələrin baş verməsinə 7-8 il qalırdı, 1981-ci il idi, ancaq Həsən Həsənovların xidmətləri ilə Azərbaycan yeni bir dövrə hazırlaşırdı. Hamı da bunu bilirdi, bilirdilər ki, Şıxəli Qurbanovların, Nazim Hacıyevlərin, Heydər Hüseynovların faciəli talelərinə baxmayaraq, heç nədən çəkinməyən Həsən Həsənov indi hökumətdə həmin missiyanı yerinə yetirməkdədir. Ona görə də xalq ona daha çox “kərpic Həsən” yox, “türkçü Həsən” deyirdi. Bu “türkçü”, “vətənçi”, “millətçi” Həsəni yaxından görmək istəyim bütün digər duyğularımı üstələmişdi və dördüncü mərtəbənin foyesində dayanıb onu gözləyirdim. Nəhayət, rektor Faiq Bağırzadə, “partkom” Qurban Bayramov, prorektor Teymur Vəliyev, daha bir neçə nəfər pilləkənləri qalxanda onların arasında qara saçları arxaya daranmış, qalın eynəkli, üzügülər Həsən Həsənovu o dəqiqə seçdim və gəlib yanımdan keçib gedənə kimi baxışlarımı ondan çəkmədim. Bəlkə də rektor, ya başqa kimsə mənim belə heyranlıqla ona tamaşa etməyimi düzgün anlamadı, ancaq bu böyük, 40 yaşında ürəklərdə abidəsini yaratmağı bacarmış şəxsiyyətə heyranlığımı gizlədə bilməzdim, heç gizlətmədim də… Çünki yaxından tanıdıqca rəğbətimin bir az da artdığı, Texniki Universiteti bitirmiş olsa da, tarixdən, özü də xalqın tarixindən namizədlik və doktorluq dissertasiyaları müdafiə edən, Türk xalqlarının tarixinə, mədəniyyətinə, adət-ənənlərinə aid neçə-neçə kitab yazan, sözün əsl mənasında vətəni canından çox sevən bu insanı sevməmək mümkün deyil.

Həsən müəllimin zəngin həyat yolu haqqında düşünərkən yadıma bir xatirə də düşür. 1988-ci ilin qarlı-şaxtalı noyabr-dekabr aylarında erməni daşnaqları rus-sovet ordusunun köməyi və dəstəyi ilə Qərbi Azərbaycanda, o cümlədən bizim Qaraqoyunlu dərəsində, həmçinin doğma Salah kəndində yaşayan bütün soydaşlarımızı ata-baba yurdundan qovurlar. Bununla bağlı, həmin dövrdə Salahda Kolxoz sədri vəzifəsində işləyən Safaya Məmməd qızı Həsənova danışırdı ki, 1988-ci ilin noyabrında İcevan rayon İcraiyyə Komitəsinin sədri Ordinyan məni rayon mərkəzinə dəvət edib dedi ki, Safaya xanım, vəziyyət çox gərgindir, biz istəmirik ki, Salah kəndinin camaatı arasında ölən və yaralanan olsun, ona görə də Siz 3 gün müddətində camaatı kənddən çıxarmalısınız. Safaya xanım soruşur ki, bəs camaatın mal-qarası, ev əşyaları necə olacaq. Ordinyan cavab verir ki, camaatı xüsusi ayrılmış avtobuslarla çıxaracağıq, ev əşyalarına gəldikdə isə, o barədə düşünmək lazımdır. Az sonra gecə ikən rayon Daxili işlər idarəsinin təşkilatçılığı ilə kəndə avtobuslar göndərilir və əhali evindən heç bir əşya götürə bilməyərək, zorla avtobuslara doldurulub Qazax şəhərinə aparılır.

İlk günlər kəndin əksər əhalisi Qazaxda qohum-əqrabasının, dost-tanışının evlərində gecələməli olurlar. Safaya xanım danışır ki, həmin dövrdə Qazax rayon partiya komitəsinin birinci katibi vəzifəsində işləyən Murad Aşurovla görüşdüm. Onu vəziyyətlə tanış etdim və dedim ki, camaat buradan birbaşa Qarabağa getmək istəyir, xahiş edirəm bizə kömək edin. Murad Aşurov dedi ki, bu məsələni Azərbaycan rəhbərliyinin razılığı ilə həll etmək olar. O, böyük çətinliklə olsa da, mənimlə həmin dövrdə Azərbaycan Respublikasının Baş naziri vəzifəsində işləyən Həsən Həsənov arasında telefon əlaqəsi yaratdı. Mən camaatın istəyini ona çatdırdım. Müdrik şəxsiyyət və böyük vətənpərvər insan olan Həsən Həsənov məni diqqətlə dinlədi və köçkünlərin arzusunu nəzərə alıb Qarabağa getməyimizə razılıq verdi. Murad Aşurov bizə kömək etdi və Azərbaycanın qonşu rayon rəhbərləri ilə əlaqə saxlayıb, bizim Qarabağa köçməyimizi təşkil etdi. Maşınlar ayrıldı və yalnız bizim kəndimiz yox, o zaman Qazaxa qaçmağa məcbur olmuş bütün Qərbi azərbaycanlılar Qarabağ istiqamətində yola çıxdı. Gəncəyə yaxınlaşanda bizi saxladılar və dedilər ki, respublika rəhbərliyi bizim Qarabağa köçməyimizə razı deyil. Biz Gəncə yaxınlığında, indiki Göy-göl rayonunda məskunlaşmalı olduq. Belə düşünmək olar ki, əgər o zaman Həsən Həsənovun dediyi olsaydı, sonradan dəqiq bildiyimizə görə, Moskvadan icazə almaq istəyən Ayaz Mütəllibovun etirazı ilə rastlaşmasaydıq, köçürülmüş insanlar Qarabağda yerləşdirilsəydi, bəlkə də sonralar başımıza bəlalar gətirən Dağlıq Qarabağ problemi də olmazdı…

Həsən Həsənovun zəngin həyat yolunda Azərbaycan Respublikasının tarixinin ən çətin vaxtlarında, xaricdən təcrid olunduğu, Qarabağ müharibəsinin gərgin fazasının yaşandığı dövrdə xarici işlər naziri olması xüsusi mərhələdir. Ona görə də, bu barədə ayrıca danışmaq istəyirəm. 1993-cü ildə Ulu öndər tərəfindən Həsən Həsənovun xarici işlər naziri təyin olunması, təcrübəli və intellektual bir şəxsiyyətin diplomatiyaya rəhbərlik etməsi baxımından strateji əhəmiyyət kəsb edirdi. Həmin ağır illərdə o, bir sıra ölkələrlə diplomatik münasibətlərin qurulmasına və Azərbaycanın xarici siyasət xəttini müəyyən edən ilkin protokolların hazırlanmasına şəxsən rəhbərlik etdi, Azərbaycanın beynəlxalq aləmdə tanınması prosesi, BMT və ATƏT kimi qurumlarla daha aktiv əməkdaşlığın qurulması, xarici ölkələrdə ilk diplomatik nümayəndəliklərin açılması, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq müstəviyə çıxarılması kimi çətin və məsuliyyətli vəzifələrin öhdəsindən bacarıqla gəldi. Həsən Həsənovun çıxışlarında və danışıqlarında təmkin, rasionallıq, diplomatik etika, ritorik məharət, tarixə dərindən bələdlik, intellektual zənginlik diplomatik münasibətlərin qurulmasında həlledici rol oynayırdı. Xarici işlər naziri olduğu dövrdə böyük təcrübəyə malik bir siyasətçi kimi ünsiyyətdə peşəkarlıq nümayiş etdirərək Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində çox səmərəli fəaliyyət göstərə bilmişdi.

Həsən müəllim 2004-cü ildən 2010-cu ilədək Azərbaycanın Macarıstanda Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur. Həmin illəri Azərbaycan-Macarıstan dostluğunun intibah dövrü də adlandırmaq olar. Həsən Həsənov səfirliyi zamanı təkcə diplomatik əlaqələri gücləndirtməklə kifayətlənməmiş, elmi-mədəni layihələr, kitab nəşrləri, media və ictimai təşəbbüsləri birləşdirərək Azərbaycan-Macarıstan münasibətlərində əhəmiyyətli dönüş yaratmışdı. 60-dan çox Azərbaycan kitabı, o cümlədən “Dədə Qorqud”, “Koroğlu” dastanları, Füzuli, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə və Heydər Əliyev haqqında çoxcildli nəşrlər macar dilində çap olunaraq böyük kitabxanalara təqdim edilmişdi. “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda beynəlxalq konfransların təşkili Həsən Həsənovun təşəbbüsü ilə sistemli şəkildə həyata keçirilmiş, böyük ali məktəblərdən biri olan Danube Universitetinin Elmi kitabxanasında Azərbaycan kitab guşəsi açılmışdı. Budapeştin böyük konsert salonlarında, Mərkəzi Avropa Universiteti kimi nüfuzlu məkanlarda mütəmadi klassik və xalq musiqisi konsertləri, o cümlədən muğam və simfonik musiqi gecələri, Azərbaycan rəssamlarının əsərlərindən ibarət, Azərbaycan musiqi alətləri, milli geyimləri, mətbəxi, digər mədəniyyət nümunələri ilə bağlı çoxsaylı sərgilər təşkil etmişdi.

2010-cu il martın 10-dan 13-dək Boloniya prosesinə üzv dövlətlərin təhsil nazirlərinin Konfransında iştirak etmək üçün getdiyim bu səfərdə ən çox yadımda qalan və məni heyrətləndirən səfirliyimizin tərtibatı idi. Artıq on iki il idi ki, nazir idim və müxtəlif ölkələrdə ezamiyyətdə olarkən mütləq səfirliklərdə olur, həm səfirlə, həm də respublikamızı bu yad ölkədə təmsil edən bina ilə, oradakı şəraitlə yaxından tanış olurdum. Açığını desəm, yəqin heç kəs inciməz, Budapeştdəki səfirlikdə gördüyüm cah-calal, təmtəraq, ölkənin və xalqın təqdimatı üçün yaradılan şəraiti heç yerdə görməmişəm. Elə bil Azərbaycanın ən dilbər guşəsində, ən gözəl şəhərində, ən füsunkar mənzərəsinin önündəsən. O zaman Şuşanın azad olunmasına hələ 10 il qalırdı, ancaq elə bil Şuşa qalasının yanında dayanıb Cıdır düzünü seyr edirsən, ya da Həkəri çayının sahilindəsən… Həsən müəllim nə mümkündürsə etmişdi, tablolar, fotolar, albomlar, xəritələr, əyani vəsaitlər, bayraqlar… Elə zənn etdim ki, Azərbaycan tarixi muzeyindəyəm, ya da Qobustanda, Yanardağda, Atəşgahda… İnsanda nə qədər vətən sevgisi olarmış!!!

Həsən Həsənov yalnız məsələnin görünən tərəfi ilə məşğul olan, necə deyərlər, “gözə kül üfürmək üçün” işləyən şəxslərdən deyil. Macarıstanda səfir işləyəndə də Gəncədə rəhbər olduğu kimi vəzifəsinə bütün varlığı ilə bağlanan, bütün enerjisini bu istiqamətə yönəldən, mümkün ola bilən hər şeyi edən bu insan Azərbaycan alimlərini Budapeştə dəvət edərək onları Macar-Azərbaycan xalqları arasında qohumluq əlaqələrinin araşdırılması istiqamətində tədqiqatlara yönləndirmişdi. Türk dünyasının, Macarıstanın tanınmış türkoloqlarının iştirakı ilə bu mövzuda bir neçə elmi konfrans, simpozium və digər tədbirlər keçirən Həsən müəllim etimologiyaları haqda müxtəlif mülahizələr mövcud olan Macarıstan cəmiyyətində onların almanlardan, slavyanlardan, romalılardan, keltlərdən daha çox türklərə bağlı olması barədə fikir formalaşdıra bilmişdi. Bu, çox gərgin bir işin, həm də milli dəyərlərə səmimiyyətlə bağlılığın ən bariz nümunəsi hesab oluna bilər. Bu gün Macarıstanın dövlət başçısının Türk dövlətləri toplantılarında müşahidəçi kimi iştirak etməsini heç bir mübaliğəyə yol vermədən Həsən Həsənovun o illərdəki xidmətləri ilə bilavasitə bağlı hesab etmək olar.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, 2013-cü il yanvarın 30-dan fevralın 3-dək Avropa Şurasının Parlament Assambleyasının tədbirində iştirak etmək üçün Polşada olduğum günlərdə də analoji hadisələrin şahidi olmuşam. Həm səfirlik kiçik bir Azərbaycan idi, həm də sanki Polşanın qonşusu, müttəfiqi, dostu yox idi, onun ürəyi yalnız Azərbaycanla döyünürdü. Hər yerdə Azərbaycan rəmzləri, konsertləri, sərgiləri, gecələri, konfransları gedirdi, Azərbaycan alimləri Polşa-Azərbaycan elmi münasibətlərini, xalqların tarixi bağlılığını, dostluğunu, Azərbaycan Cümhuriyyəti nümayəndələrinin mühacirət dövrünü yaşadığı Polşa mühitini, ədəbi əlaqələri və digər məsələləri öyrənməyə cəlb edilmişdi, Azərbaycan ədəbiyyatı nümunələri polyak dilinə tərcümə edilərək kitabxanalara bağışlanılırdı, kitab mağazalarında satılırdı, 2017-ci ildə Varşavada “Polşanın və Azərbaycanın müstəqilliyi uğrunda döyüşən qəhrəmanlar” abidəsi açılmışdı və s. Bütün bunların isə bircə səbəbi var idi – Həsən Həsənov həmin dövrdə Polşada səfir idi!

Yeri gəlmişkən qeyd edim ki, Polşada səfir olarkən, 2011-ci ilin əvvəllərində mənə zəng etmişdi: “Misir müəllim, Polşa universitetlərində Azərbaycan dilini öyrənmək istəyirlər (!!!), tələbələr üçün “Azərbaycan dili” kitabının hazırlanmasında mənə köməyiniz lazımdır”.

Ona belə nəcib işin müqabilinə nə cavab vermək olardı? Axı dünyanın onlarla ölkəsində səfirliyimiz var, onların heç birində Azərbaycan dilini öyrənmək istəmirlər, necə olub ki, bircə Polşada qəfildən dilimizə maraq əmələ gəlib. O da başqaları kimi ildə üç-dörd tədbir keçirməklə günlərini keçirə bilərdi, istirahət edərdi, Polşanın gəzməli, görməli yerlərinə səfər edərdi, ancaq oranın təhsil naziri ilə, universitetlərin rektorları ilə görüşüb, onları inandırıb ki, Azərbaycan dilinin tədrisi olduqca vacibdir, indi də mənə zəng edib, bu qədər vaxt itirib, əsəb sərf edib, müxtəlif cavablara hazır olaraq dediyini həyata keçirmək əzmindədir. Axı nəyə görə? Beləsinə başqa nə demək olardı:

  • Baş üstə, Həsən müəllim!

Nəşriyyat şöbəsinin müdirini və digər əlaqədar şəxsləri dəvət etdim, oturub xeyli müzakirə etdik. Kitabın polyak dilində yazılması, əlifbadan müasir dilimizə, ədəbiyyatımıza qədər bütün sahələri əhatə etməsi, aydın, anlaşıqlı, həm də maraqlı, cəlbedici olması üçün təklifləri dinlədim, ümumi qərara gəldik. Polyak dili üzrə Dillər Universitetindən Fəridə Səfiyeva adlı bir mütəxəssis tapdıq, onun Azərbaycan dilini və dilçiliyini də mükəmməl bilməsi haqda dəqiqləşdirmə apardıq. Sonra həmin xanımı dəvət edib mütəxəssislərlə birlikdə kitabla bağlı geniş müzakirə keçirdik, nəhayət bir müddətdən sonra dərslik hazır oldu. Həmin xanımı kitablarla birgə Varşavaya yola saldıq, beləliklə, Həsən müəllimin fədakarlığı nəticəsində Polşa universitetlərində dilimiz tədris edilməyə başladı.

Polşada səfir işlədiyi 2018-ci ildə (o vaxt Riyaziyyat və Mexanika İnstitutunun direktoru idim) Həsən müəllim mənə zəng etdi ki, Nəsirəddin Tusi ilə bağlı yeni tədqiqatlar aparmağa başlamışam və çox maraqlı faktlar üzə çıxarmışam. Bakıdan bu işə dəstək verilməsi barədə araşdıranda gördüm ki, onunla bağlı az-çox rəhbərlik etdiyiniz İnstitutda işlər görülüb, konfranslar keçirmisiniz, ona görə də Sizə zəng etmişəm.

Yenə də bu insanın əməksevərliyinə, patriotluğuna heyrət edib düşündüm ki, ay Həsən müəllim, axı Sizin nəyinizə lazımdır Nəsirəddin Tusi? İxtisasınız mühəndislik, vəzifəniz səfirlik, doktorluq işiniz isə tarixin fəlsəfəsindən. Astronom, riyaziyyatçı Nəsirəddin Tusi hara, tarixin fəlsəfəsi, yaxud səfirlik hara?! Ay qardaş, sakitcə otur səfirliklə məşğul ol, qoy biz də günümüzü keçirək də… Ancaq Həsən Həsənov bir çərçivədə qalıb hadisələri seyr etməklə məşğul olan insanlardan deyil. Vətənin hər kiçik uğuru onun nəhəng sevinc mənbəyi, hər şəxsiyyəti onun ürəyini dağa döndərən ümid çırağıdır! O ki qalsın Nəsirəddin Tusi kimi görkəmli tarixi simalar ola! Söhbət edəndə yana-yana deyir ki, mən etməsəm, sən etməsən, kölgədə qalmışların, unudulmuşların üstündən tozu kim silib bu xalqa tanıdacaq? Axı xalq bizə savad verib, səlahiyyət verib, şərait yaradıb ki, onun ümidlərini doğruldaq, ona xidmət edək, onun dünya boyda şöhrətə layiq olsa da, tanınmayan şəxsiyyətlərini özünə qovuşduraq!

Onun yanğı ilə danışdığı məsələlərdən biri də belədir: “Dünyanın çox yerində olub görmüşəm ki, bizim dahilərin əlinə su tökməyə layiq olmayan birisini o qədər tərifləyib dağ başına qoyublar, adlarına küçələr, aeroportlar, muzeylər, heykəllər düzəldiblər, adlarını dərsliklərə salıblar və dünyaya reklam ediblər ki, bunun tayı bərabəri yoxdur və cəmiyyət də onu olduğu kimi yox, elə təqdim edildiyi kimi tanıyır. Bizim şəxsiyyətləri nə özümüz tanıyırıq, nə də dünyaya tanıdırıq…”

…Razılaşdıq ki, Bakıya gələndə bu məsələni ətraflı müzakirə edərik. Bir müddət keçmişdi ki, gəldi və birlikdə Akademiyanın o vaxtkı prezidenti Akif Əlizadənin qəbuluna getdik. Nəsirəddin Tusi ilə bağlı Həsən müəllimin elmi əsaslarla ətraflı məlumatlarından, dəmir məntiqli fikirlərindən sonra qərara gəldik ki, Akademiyada onun adına Mərkəz yaradılsın və Həsən müəllim də həmin Mərkəzin rəhbəri olsun. Doğrusu, belə böyük, dünyanın bərkini-boşunu, dürlü-dürlü vəzifələrini, çətinliklərini və xoşbəxliklərini görmüş bir insanın Nəsirəddin Tusi Mərkəzinin açılması barədə ilkin razılaşmadan bu qədər sevinəcəyini gözləmirdim. Elə bil dünyanı ona bağışlamışdılar, ayrılana kimi Nəsirəddin Tusinin xidmətlərindən, onu dünyaya tanıtmaq üçün bu Mərkəz vasitəsilə görməyi planlaşdırdığı işlərdən ürək dolusu danışdı. Ancaq sən saydığını say, gör fələk nə sayır, deyiblər… Akif Əlizadə bizim planlarımız barədə Prezident Administrasiyasında məlumat verəndən sonra (ştatların açılması, bina ayrılması və digər texniki problemlər üçün razılaşdırılmaq zəruri idi), Ramiz Mehdiyev ömrü boyu məhz milli təəssübkeşliyinə görə kölgəsini qılıncladığı Həsən Həsənovun adını eşidən kimi etirazını bildirib, “bir Nəsirəddin Tusi qalmışdı mərkəzini açaq?!” deyərək qəti imtina edib. Bununla da, necə deyərlər, “qurduğumuz xəyallar”, əksər hallarda olduğu kimi, bir məmurun subyektiv münasibətinə görə ürəyimizdə qaldı.

Doğrusunu deyim ki, bir müddət sonra həmin hadisəni tamam unutdum, işdə, ailədə, həyatın digər sahələrində baş verən müxtəlif əhvalatlar xalqımızın böyük bir nümayəndəsi ilə bağlı yaratmaq istədiyimiz o Mərkəzin planlarının üzərini yavaş-yavaş bağladı və bir də 6 il sonra bərk təəssüfləndim ki, kaş o Mərkəz açılmış olaydı. 2024-cü il iyulun 3-də Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Nəsirəddin Tusiyə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XI beynəlxalq konfrans keçirməyi planlaşdırmışdıq. Elanları, bildirişləri mətbuatda yerləşdirəndən sonra Həsən müəllimdən zəng gəldi:

  • Misir müəllim, Nəsirəddin Tusi ilə bağlı tədbir keçirirsiniz, bəs mənə niyə demirsiniz?
  • Ay Həsən müəllim, bu, riyaziyyatçıların toplantısıdır, Sizi narahat etmək istəmədim.

Əslində, onun Nəsirəddin Tusi ilə əlaqədar olan söhbətləri unutmuşdum deyə, Həsən müəllimə demək heç yadıma düşməmişdi. Digər tərəfdən fikirləşmişdim ki, riyaziyyatla bağlı belə tədbirə görə, artıq heç yerdə işləməyən, Bakıda sakit bir həyat yaşayan bu görkəmli şəxsiyyəti narahat etmək düzgün olmaz. Demə, o, heç də sakit həyat yaşamır, bütün günü oxumaqla, yazmaqla, xalqı üçün faydalı nə isə etməklə məşğul olaraq kifayət qədər gərgin bir ömür sürür.

  • Misir müəllim, heç bir narahatlığı yoxdur, icazə versəniz, mən də iştirak edərəm, imkan olsa, çıxışım da ola bilər.
  • Böyük məmnuniyyətlə, Həsən müəllim, təki Siz gəlin!

İyulun 3-də keçirilən tədbirdə məndən savayı, Akademiyanın prezidenti İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Əminağa Sadıxov, Türkiyədən və Özbəkistandan gələn tanınmış alimlər və başqaları çıxış etdilər, Həsən Həsənov da danışdı. Bir həqiqəti etiraf etmək istəyirəm ki, uzun müddət bu çıxışlara hazırlaşmış, ixtisas yönümü yaxın olan biz alimlərin çıxışı bir tərəfə oldu, diplomat, siyasətçi, tarixçi alim, inşaatçı Həsən Həsənovun çıxışı bir tərəfə. Bu insan həmin çıxışla nə qədər zəngin bir şəxsiyyət, dərin analitik təfəkkür sahibi, mükəmməl biliyə malik alim, xalqı, vətəni ürəkdən sevən patriot, yüksək natiqlik məharətinə malik istedad olduğunu bir daha sübut etdi. Biz hamımız Nəsirəddin Tusini xalqın fəxri olan bir riyaziyyatçı alim kimi səciyyələndirdik (bir az da bir-birimizi təkrar edib şablon cümlələr işlətdik), o isə Azərbaycanda astronomiya ənənəsindən, Tusinin dünya elmində və xəritəçilik elmində rolundan, eləcə də böyük mütəfəkkirin milli-mənşəyindən, Tusinin yüksək nailiyyətləri və uzaqgörənliyi ilə dünya elmini bir neçə əsr qabaqlayan yüksək zəkaya malik elm xəzinəsi olmasından, onun elmi irsinin, zəngin yaradıcılığının daha dərindən öyrənilməsinin zəruriliyindən elmi əsaslandırmalarla elə maraqlı danışdı ki, hamımız heyrət etdik.

Elə bil ömrü boyu nə xarici işlər naziri olub, nə Gəncənin rəhbəri, nə diplomatik fəaliyyət göstərib, nə də Baş nazir vəzifəsində işləyib, bütün həyatını Nəsirəddin Tusiyə həsr edib, onu araşdırıb, öyrənib, indi də uzun onilliklər boyu öyrəndiklərini bizə danışır. Bəs görəsən, hər biri 300-500 səhifə olan və Əlimərdan bəy Topçubaşova həsr edilən “Top gurultusu altında diplomatiya”, Azərbaycan və bütün müsəlman dünyası tarixində ilk demokratik respublikanın müstəqilliyinə gedən yolunu və yaranması prosesini əks etdirən “Birinci Respublikaya aparan yolda”, Bakı bütpərəstlik kompleksini, Bakı Qız qalasını, Qobustanın nadir qayaüstü təsvirlərini hərtərəfli tədqiq edən “Bakı tanrıçılıq kompleksi”, Antik dövr Azərbaycanının görkəmli dövlət xadimi Atropat və onun Makedoniyalı İsgəndərlə əməkdaşlığına dair “Makedoniyalı İsgəndər və Atropat”, Bakının, Qız qalasının, həmçinin çoxsaylı toponim və antroponimlərin şifrini açan “Bakı Qız qalası”, Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr” kitablarını və digər çoxsaylı və çox sanballı elmi əsərləri kim yazıb?! Nə vaxt yazıb?! Necə çatdıra bilib?!

Vətənpərvərliyi dilə gətirmək asandır, onu əməllərdə yaşatmaq isə çox çətindir. Həsən Həsənov bu çətin yolu seçənlərdən olub – ömrü boyu səhnədə yox, səhnəarxasında vətən üçün çalışıb. Doğru deyilmişdir ki, “vətənpərvərlik içki məclislərində boğazdan yuxarı xalqın şərəfinə tost demək, “Qarabağ” havası ilə rəqs eləmək deyil”, Vətən üçün nə isə etməkdir. Onun həyat yoluna baxanda milyonlardan fərqli bir tale görmək olur. İnsanların əksəriyyəti kimi sabit və hamar, necə deyərlər, “düzxətli, bərabərsürətli” yol keçməmişdir, bir ömürdə gah inşaatçı, gah mühəndis, gah səfir, gah iqtisadçı, gah Baş nazir, gah xarici işlər naziri, gah BMT-də Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, gah İcra başçısı, gah Mərkəzi Komitənin katibi, gah da unudulmuş bir ziyalı… Bütün bu müxtəlifliyi birləşdirən isə Vətən sevgisi və fədakarlıq hesab edilə bilər…

Bu gün 85 yaşında da yorulmadan, gənclik həvəsi ilə çalışan Həsən Həsənov Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının Azərbaycandan olan nümayəndəsidir. 60-70 il bundan əvvəl olduğu kimi, bu gün də nəcib duyğularla, böyük arzularla yaşayır-Türk xalqlarının vahid amallar və məqsədlər yolunda birləşməsi ən müqəddəs istəklərindən biridir, yaxın onilliklərdə bu arzusunun həyata keçəcəyinə inanır. Biz də 15 il sonra qeyd ediləcək yubileyində özünün bu xəbəri xalqımıza çatdırmasını arzulayırıq!

Həsən müəllim haqqında kitab-kitab məqalə yazmaq olar, saatlarla danışmaq olar, nə yorularsan, nə bezərsən, nə də mövzu bitər! Ancaq mən bu yazını yekunlaşdırmaq istəyirəm və sonda tariximizin Qızıl fonduna daxil olan bu insanla bağlı Xalq şairi Cabir Novruzun bir misrasını qeyd edirəm: “Sağlığında qiymət verin insanlara…”

Mənbə və müəllif: Misir Mərdanov

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“Professor Misir Mərdanov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi

“Professor Misir Mərdanov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi

(Misir Mərdanov – 80)

2 oktyabr 2026-cı il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

3 oktyabr 2026-cı il tarixində Milli Kitabxanada Professor Misir Mərdanovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Professor Misir Mərdanov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə alimin dərslikləri, ön söz müəllifi, tərtibçisi, redaktoru olduğu, layihə rəhbəri, məsləhətçisi, elmi fəaliyyəti, Azərbaycan və xarici dillərdə çap olunan kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Misir_Merdanov_80/index.htm linkindən istifadə edə bilərlər.

Misir Cumayıl oğlu Mərdanov 3 oktyabr 1946-cı ildə Qərbi Azərbaycanın Karvansaray rayonunun Göyərçin kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirib, ADU-nun (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, təyinatla Gəncə Pedaqoji İnstitutuna göndərilib, riyaziyyat fakültəsində baş laborant kimi əmək fəaliyyətinə başlayıb.
1978-ci ildə ADU-nun mexanika-riyaziyyat fakültəsində dekan müavini vəzifəsinə təyin olunub. 1985-1986-cı illərdə ADU-nun qəbul komissiyasının məsul katibi vəzifəsində çalışıb. Azərbaycan Respublikası Təhsili Nazirliyində Ali Təhsil İdarəsinin rəisi (1988-1990), Azərbaycan Respublikası Təhsil nazirinin müavini (1991-1992), BDU-nun tədris işləri üzrə prorektoru (1992-1996), BDU-nun rektoru (1997-1998) məsul vəzifələrdə çalışıb. 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri olub. 2013-2025-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru olub.
Misir Mərdanov “Azərbaycan riyaziyyatçıları” adlı fundamental monoqrafiyanın, ali məktəblər üçün “Ali riyaziyyat” dərsliyinin, “Azərbaycanın təhsil siyasəti“, “Azərbaycan təhsili müstəqillik illərində” kitabların müəllifidir.
1973-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1981-ci ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə dosent elmi rütbəsini alıb. 1989-cu ildə Ukrayna EA-nın riyaziyyat institutunun müdafiə şurasında doktorluq dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.
Misir Mərdanov ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildə yaradılan “Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası”nın sədri kimi, Azərbaycan təhsil tarixində ilk dəfə olaraq “Azərbaycan Respublikasının təhsili sahəsində islahat proqramı”nın hazırlanmasına bilavasitə rəhbərlik edib, onun rəhbərliyi altında “Milli Kurikulum – Milli Təhsil Konsepsiyası” sənədi hazırlayıb.
Misir Mərdanov 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, 2011-2014-cü illərdə Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, 2014-cü ildən fəxri prezidentidir. AMEA Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının baş redaktoru, eyni zamanda “Azerbaijan journal of Mathematics” jurnalının redaksiya heyətinin və Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədridir. 2017-ci ildə professor Misir Mərdanov AMEA-nın müxbir üzvü seçilib.
Misir Cumayıl oğlu Mərdanov Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2011-ci ildə Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun Sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə Dağıstan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Elm və təhsil sahəsində göstərdiyi xidmətlərə əsasən 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 2025-ci ilin noyabrında AMEA-nın 80 illik yubileyi çərçivəsində Misir Mərdanov “Lev Landau” döş nişanı ilə təltif olunub.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

MİSİR MƏRDANOVUN YAZILARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səməd Vurğun haqqında

SƏMƏD VURĞUN HAQQINDA

Əziz dostlar, martın 21-i şeirlərində mənsub olduğu xalqına, el-obasına, soykökünə bağlılığına, əsərlərinin hər bir misrasının sadəliyinə, səmimiyyətinə, axıcılığna və ürəyəyatımlılığına məftun olduğumuz, Azərbaycanın ilk Xalq Şairi, hələ 29 yaşı olanda “El bilir ki, sən mənimsən”, “Nələr çəkib başın sənin, bilinməyir yaşın sənin”- deyə dünyaya “Azərbaycan, Azərbaycan!” adlı bir haray çəkən, ana dilimizin – Azərbaycan bədii dilinin hər birimiz üçün anlaşıqlı elə o qədər də doğma və sevimli olmasında xüsusi xidmətləri olmuş, XX əsr Azərbaycan poeziyasının sərkərdəsi böyük Səməd Vurğunun doğum gündür.
Bu bir həqiqətdir ki, haqq dünyasına qovuşmasından 70 ilə yaxın vaxt keçməsinə baxmayaraq, onun əsərləri bu gün də sevilə-sevilə oxunur, şerləri xalqımızın yaddaşına əbədi həkk olunaraq dillər əzbərinə çevrilmişdir.
Əziz dostlar, budur əsl sənət, budur əsl söz, budur əsl sənətkar! Böyük şairin əsərlərindən bir neçə misranı diqqətinizə çatdırmaqla hər birinizi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, əmin-amanlıq və yeni, daha böyük uğurlar arzulayıram:
Yüz il biz ayrıldıq ana dilindən,
Məktəbin adına dedik “uşkola”
Oxucum! bir daha nəzər yetir sən,
Keçdiyin o qanlı, o qorxunc yola.
Yüz il Füzuliyə həsr olunmuş qalaraq,
Doğma anamıza “mama” deyək.
Yüz illik yuxuya birdən dalaraq,
Yatdıq gözümüzdən yaş dama-dama.
Yüz il nəfəsini çəkə bilmədi,
Şairlər oylağı boyük bir ölkə,
Yüz il öz qolunu çəkə bilmədi…
Tarix! Səninkidir bu qara ləkə!
Tər içdi, qan uddu motal papaqlar,
Son dana, son çuval getdi vergiyə…
Bağlandı qapılar, sondu ocaqlar,
Qarılar, qocalar yalvardı göyə…
Axdı Rusiyaya neft kəmərləri,
Daşıdı onların ilk dəmir yolu…
Tarixə hökm edən o gündən bəri,
Çalışdı yadlara Azəri oğlu…
O gündən titrədi yurdun üstündə
Cüt başlı qartalın qanlı bayrağı,
Tarixin doğduğu o qara gündə
Böyük bir ölkənin sondu çırağı.
O gündən yayıldı siflis, süzənək,
Eşitdik ilk dəfə “fahişə” sözü…
Bunları nəzm ilə artıqdır demək
Tarixə şahiddir tarixin özü.
O gündən göründü sarı paqonlar,
Boşaldı kəndlinin dolu xırmanı.
Elləri qurd kimi taladı onlar,
Dedilər: padşahın sağ olsun canı.
O gündən ağladı aşığın sazı,
Dilində can yaxan dərdli haraylar.
Uçan durnaların küskün avazı,
Ötdükcə dinlədi ulduzlar, aylar.
Buludlar çaxnaşdı, hava daraldı,
Çumalar dolaşdı bizim elləri.
Bizim ipəkləri Peterburq aldı,
Bəzəndi knyazın madmazelləri.
O gündən saraldı yaşıl təbiət,
Axdı həzin-həzin Kür çayı, Araz
Baş əydi qanuna kitab, şəriət
Ürəklərdə, baxışlarda yas…

Mənbə və müəllif: Misir Mərdanov

MİSİR MƏRDANOVUN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

BƏXTİYAR VAHABZADƏ

BƏXTİYAR VAHABZADƏ

Əziz dostlar, fevralın 13-ü xalqımızın böyük şairi Bəxtiyar Vahabzadənin anım gündür. O, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən çox sevilən böyük şairlərindən biri idi. Universitetin rektoru və Təhsil naziri işlədiyim dövrlərdə Bəxtiyar müəllimlə dəfələrlə görüşmüşdüm.Təhsil naziri təyin olunduqdan sonrakı ilk görüşümüzü yaxşı xatırlayıram, məni təbrik etdikdən sonra dedi ki: Uşinskinin ana dili haqqındakı məqaləsini, Azərbaycan dilinə tərcümə edib, “Müəllim” qəzetində çap etdirsən yaxşı olar.
Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan dili onun yaradıcıllığında xüsusi yer tutur. Dəfələrlə onun Azərbaycan dili ilə bağlı məsələlərin müzakirəsində ciddi söz deməsinin şahidi olmuşam.
Növbəti görüşümüz Şəkidə onun evində baş tutdu.Şəkidə “Müəllimlərin avqust konfransına” getmişdim, məni evinə dəvət etmişdi.Son görüşümüz isə 2009-cu ildə Bakı Dövlət Universitetində oldu.Tale elə gətirdiki ki, son görüşümüzdə, onun dəfn mərasimini aparmalı oldum…Allah rəhmət eləsin, məkanı cənnət olsun.

Əziz dostlar, Bəxtiyar Vahabzadə haqqında hazırladığım yazının ilk hissəsini Sizə təqdim edirəm.
Hərdən fikirləşirəm ki, mən Bəxtiyar Vahabzadəni niyə belə sevirəm? Milli düşüncənin, ictimai vicdanın, vətəndaş mövqeyinin qüdrətinə görəmi? Dövrünün mənəvi tribunası, xalqın duyğularının və düşüncələrinin sözə çevrilmiş möhtəşəm abidəsi olduğuna görəmi? Bəlkə insanın daxili dünyasına, onun mənəvi axtarışlarına işıq salan bədii bir xəzinə yaratdığına görə? Ən sərt ideoloji məhdudiyyətlərin mövcud olduğu illərdə xalqın dərdini, dilini, kimliyini qoruyub saxlamaq uğrunda apardığı mübarizəyə, “Gülüstan”, “Latın dili”, “Vətən”, “Ana dili” kimi əsərlər yazdığına görəmi? Bəlkə bütün ömrünü Azərbaycan dilinə, ədəbiyyatına həsr etdiyinə, yaradıcılığının kökündə azadlıq, vətən sevgisi, haqsızlığa qarşı etiraz və milli birlik ideyaları dayandığına görə? Ədəbiyyat tariximizə milli dəyərləri ən çox tərənnüm edən, xalqın ruhunu, dilini, tarixini və azadlıq ideallarını poeziyasında yaşadan böyük sənətkar kimi düşmüş Səməd Vurğun yaradıcılığını geniş tədqiq etdiyinə, həm namizədlik, həm də doktorluq dissertasiyalarını bu nəhəng dühaya həsr etdiyinə görəmi? Ən çıxılmaz anlarda xalqın xilas yolunu düzgün müəyyənləşdirməyi bacardığına, 1993-cü ildə ölkədəki siyasi qeyri-sabitlik və Qarabağ münaqişəsinin gərginliyi fonunda Azərbaycan parlamentində Heydər Əliyevi təcrübəli və güclü lider kimi ölkəni bu çətinliklərdən çıxara biləcək yeganə şəxsiyyət kimi dəyərləndirdiyinə görəmi? Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin onun yaradıcılığını təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün türk dünyasının ortaq sərvəti kimi səciyyələndirdiyinə görəmi? Türk və bütün müsəlman dünyasının şəksiz və şəriksiz lideri Prezident Rəcəb Tayyib Ərdoğanın onun şeirlərindən tez-tez sitatlar gətirdiyinə, 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradında dediyi:
İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?, – misralarına görəmi?
Yox, əlbəttə, yox! Ayrı-ayrılıqda bu keyfiyyətlərin hər biri hər hansı bir şəxsiyyəti tarixiləşdirmək üçün kifayət etsə də, bunların hamısının, hətta sadalaya bilmədiyim onlarla digər xüsusiyyətlərin cəmləşdiyi Bəxtiyar Vahabzadəni sevməmək, onu lazımi qədər dəyərləndirməmək mümkün deyil. Mənə bu işdə həm də onu yaxından tanımağım, bir müddət davam edən səmimi münasibətlərimiz çox kömək etmişdir.
Əlbəttə, mən də 60-cı illərin digər gəncləri kimi, Bəxtiyar Vahabzadəni milli məfkurəmizin memarlarından biri olaraq tələbəlik illərindən tanıyırdım. 1958-ci ildə Şəki rayonunun “İpəkçi” qəzetində çap olunmuş “Gülüstan” poeması 60-cı illərdə, xüsusən də onun müəllifi universitetdəki pedaqoji fəaliyyətindən uzaqlaşdırıldıqdan sonra tələbələr arasında çox məşhurlaşmışdı. Poemanın əlyazması uşaqlar arasında surətlə yayılırdı və mən də bu poemanın mövzusu, müəllifi ilə çox maraqlanmışdım. Sonralar BDU-da müəllimlik fəaliyyətinə başlayanda məni ən çox qürurlandıran amillərdən biri də bu idi ki, Bəxtiyar Vahabzadə kimi böyük şəxsiyyətlərin çalışdığı bir ali məktəbdə işləyəcəyəm…
Filologiya fakültəsi də daxil olmaqla humanitar fakültələr İstiqlaliyyət küçəsində, indiki UNEC-in binasında yerləşdiyi üçün oradakı müəllimlərlə əlaqəmiz zəif idi deyə, mən onunla şəxsən tanış ola bilməmişdim. Əslində buna heç özümü hazır da hesab etmirdim, o bütün xalqın tanıdığı və pərəstiş etdiyi böyük bir şəxsiyyət, mən isə adi riyaziyyat müəllimi idim. İlk dəfə tanış olduğumuz 1986-cı ildə də aramızda xeyli “məsafə” mövcud idi, mənim 40, onun 61 yaşı var idi, o, şöhrətinə bir az da əlavə edə bilmişdi, Dövlət mükafatı da almışdı, ancaq mənim həyatımda elə də ciddi dəyişikliklər yox idi. Görüşməyimiz və tanış olmağımız təsadüfi bir hadisə ilə bağlı oldu.
1986-cı ildə BDU-nun Qəbul komissiyasının Məsul katibi vəzifəsində işləyirdim. Qəbul komissiyası bir növ indiki Dövlət İmtahan Mərkəzinin funksiyalarını yerinə yetirir, universitetə qəbul prosesini təşkil edirdi. Ancaq fərq burasında idi ki, biz ölkənin müvafiq qurumları ilə bərabər, mərkəzi hökumətə, yəni SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinə də tabe idik və onların göstərişlərini müzakirəsiz icra edirdik. O dövrdə qayda belə idi ki, qəbul imtahanlarının keçirilməsinə üç-dörd ay qalmış Moskvadan – SSRİ Ali və Orta İxtisas Təhsili nazirliyindən imtahanların təşkili və keçirilməsi ilə bağlı qaydalar məcmuəsi, təlimat məktubu göndərilərdi. Bu təlimatda sənədlərin qəbulundan imtahanların təşkilinə, müsabiqənin aparılmasına qədər bütün proseslərin necə keçirilməsi haqqında göstərişlər olardı. Yaxşı xatırlayıram ki, orada bəzi abituriyentlərə nəzərdə tutulan güzəştlər, hərbi xidməti başa vurub qayıdan gənclərə verilən üstünlüklər, orta məktəbi medalla bitirən uşaqların hansı fəndən imtahan verməsi və digər onlarla bu kimi hallar barədə geniş izahat verilərdi. Doğrusunu desək, təlimat hər il göndərilsə də, əslində ötən illərdəki ilə eyni olardı, demək olar ki, heç bir əsaslı dəyişiklik edilməzdi.
Ancaq 1986-cı ildə həmin təlimata yeni bir bənd əlavə edilmişdi – Azərbaycan bölməsinə sənəd verən bütün abituriyentlər ixtisasından asılı olmayaraq verdikləri əsas imtahanlarla (bunların sayı, adətən, dörd olurdu) yanaşı rus dilindən yazılı (imla) imtahan da verməli idilər. Bu, doğrudan da absurd bir qərar idi. Əvvəla, imtahanlara cəmi üç-dörd ay qalırdı, rus dili fənnindən heç bir hazırlıq mərhələsi keçməyən abituriyentlər üçün bu imtahanı vermək çox çətin olacaqdı. Digər tərəfdən, rayon məktəblərində rus dili bir qədər zəif tədris edilirdi, bu fakt heç kəsə sirr deyildi. Deməli, riyaziyyatçı, yaxud həkim olmaq istəyən ən istedadlı kənd uşağı rus dilindən kəsilib geri dönə bilərdi. Məni Məsul katib kimi ən çox düşündürən məsələ isə həmin imtahanların təşkili idi, qısa müddətdə bu qədər abituriyent üçün yazı vərəqlərinin çap edilməsindən “bu imlanı kim diktə edəcəkdi?”, “kim yoxlayacaqdı?” kimi texniki məsələləri götür-qoy edirdim. Çünki Moskvadan gələn təlimatlar bizim üçün konstitusiya kimi birmənalı qanun idi, onu dəyişmək, milli təəssübkeşlik baxımından “rus dilindən imtahan vermək bizim nəyimizə lazımdır?” deyərək etiraz etmək heç ağlımıza da gəlməzdi – dövrün tələbləri belə diktə edirdi.
Demə, bizim hələ yaxşı tanımadığımız, sözdə yox, əməldə vətənpərvər olan qeyrətli, necə deyərlər, papaq altda oğullarımız var imiş. Bu təlimat bizim o vaxtkı Ali və Orta İxtisas Təhsili Nazirliyinə göndərilmiş, oradan da dilimizə tərcümə edilib ali məktəblərə paylanmışdı. Hansı vasitə ilə isə (indiki texniki imkanlar – sosial şəbəkələr, votsap, kseroks və s. o zaman yox idi) bu xəbər (rus dilindən imtahanın məcburi olması) bütün ölkəyə yayılmışdı. Həmin günlərdə Şüvəlan qəsəbəsində Yazıçıların yaradıcılıq evində ölkə başçısı Kamran Bağırovla şair və yazıçıların görüşü keçirilirmiş. Təbii ki, rus dilində keçirilən həmin görüşdə Kamran Bağırov yenidənqurmanın yazıçılar qarşısında qoyduğu vəzifələr haqqında bir saatlıq məruzə etdikdən sonra soruşub ki, kimin nə dərdi, sualı var, imkan daxilində kömək edəcəyik. Bəxtiyar Vahabzadə əlini qaldırıb, ona məxsus pafos və məntiqlə odlu-alovlu bir çıxış edib ki, bu nə biabırçılıqdır, mənim xalqımın övladı niyə rus dilindən məcburi imtahan verməlidir? Nəsirəddin Tusi, Füzuli, Nəsimi rus dilini bilməyib alim, şair olmayıb? Mənim kənddə oxuyan balalarım rus dilini heç keçmirlər, yaxşı da eləyirlər keçmirlər, ona doğma dili lazımdır, rus dili yox, deməli, bu uşaq gəlib ali təhsil ala bilməyəcək? Eynşteyn rus dilini bilməyib, Nobel mükafatı almayıb? Bu uşaq da öz dilində fizikanı öyrənib fizik olmaq istəyir, rus dilini zorla niyə sırıyırsınız mənim xalqıma? Birdəfəlik universitetləri bağlayın, rus dilində eləyin, biz də bilək ki, dilimizdə ali təhsil almaq qadağandır… və s.
Kamran Bağırov öyrəşdiyi – ev almaq, əmək haqqını qaldırmaq, şəxsi problemlər kimi sosial məsələlərin həlli ilə bağlı müraciətlərin əvəzinə belə ritorik sualları olan çıxışı eşidəndə çaş-baş qalıb və iclası yarımçıq saxlayıb otaqdan çıxıb. Səhəri günü rektor Faiq Bağırzadə işə gələndə partkom (Partiya Komitəsinin katibi) Qurban Bayramovu, prorektor Teymur Vəliyevi və məni (Məsul katib kimi) təcili otağına çağırtdırdı: “Bilirsiniz, nə biabırçılıq olub? Dünən o Bəxtiyar yenə cızığından çıxıb, şairliyi tutub, Kamran Mamedoviçə (qardaşına belə deyirdi) ağzından çıxanı deyib ki, niyə rus dilindən qəbul imtahanı salmısınız? Guya bunu o eləyib, ya mən eləmişəm?! Niçeqo ne ponimayet (yəni heç nə başa düşmür). Nə isə, bizi Mərkəzi Komitəyə çağırıblar, saat 11-də orada olmalıyıq, gedin hazırlaşın. Görək başımıza nə oyun açacaqlar?”
Saat on birin yarısında universitetin qarşısında idik. O vaxtlar əsas korpusun önündən keçən Patris Lumumba (indiki Zahid Xəlilov) küçəsi maşın yolu idi, Faiq Bağırzadənin qara rəngli, Qurban müəllimin isə ağ rəngli QAZ-24 markalı xidməti maşınları dayanıb bizi gözləyirdi.
…Faiq müəllim aşağı düşəndən sonra Teymur Vəliyevi öz maşınına mindirdi, mən də Qurban Bayramovun xidməti avtomobilinə əyləşib indiki Nazirlər Kabinetinin binasında yerləşən Mərkəzi Komitəyə yola düşdük. Faiq müəllimgil bizdən bir az əvvəl çatıb binaya daxil olmuşdular, biz çatanda gördük ki, qabağımızdakı maşından Bəxtiyar Vahabzadə düşdü və surətlə binaya tərəf getdi. “Partkomumuz” onu görüb mənə göz vurdu, “buna bax, gör necə qaçdı, yəqin məni görüb qorxusundan belə elədi”, – dedi. Biz də onun arxasınca binaya daxil olduq. Həmin binanın liftləri çox kiçik – ikinəfərlik və “astagəl” olduğuna görə Faiq müəllimgili yuxarı aparan lift hələ qayıtmamışdı, Bəxtiyar Vahabzadə onun qarşısında dayanıb gözləyirdi. İri cüssəli Qurban müəllim arıq və nə üçünsə büzüşmüş şairə yaxınlaşıb bayaq dediyi sözlərin havası ilə hücuma keçmək istədi:

Ay Bəxtiyar müəllim, o nə sözlərdir dünən demisən? Sənin nəyinə lazımdır kim imtahan verir, nədən verir, niyə verir, adamın var, gəl de, kömək eləyək də…
Cılız bədənli, bayaqdan büzüşmüş şairə elə bil haradansa sehrli qüvvə gəldi, bir anın içində nağıllarda ağzından od püskürən əjdahalara döndü. Səsinin tonu, sözləri elə idi ki, bayaqdan “gur-gur guruldayan” Qurban müəllim özünü əməlli-başlı itirdi. Bu zaman qarşılarında lift dayandı və qapıları açıldı. Qurban müəllim tez özünü liftə salıb canını qurtarmaq istədi. Ancaq Bəxtiyar müəllim də, mən də onunla birlikdə balaca kabinəyə daxil olduq. Yuxarı qalxana kimi şairin gurultulu səsi və ittihamları davam edirdi: Vicdanınız yoxdur sizin, milli qeyrətiniz yoxdur, rus desə ki, o biri imtahanları da rus dilində keçirin, ləbbeyk deyəcəksiniz. Puldan başqa heç nə bilmirsiniz. Buna bax, mənə deyir, adamın var, de, keçirdim. Bunun mənə nəsihət verməyinə bax… Məndən soruşur ki, niyə belə demisən, niyə elə demisən. Mən danışanda gəlib səndən icazə almalıyam? Adamda milli qeyrət olmalıdır… və s.
Bu qışqırıqlarla lift yuxarıya qədər getdi, yuxarıda da Bəxtiyar müəllimin səsi bütün binanı başına götürdü. Səs-küyə dəhlizə çıxanlar şairin səsindən, hökmündən vəziyyətin mürəkkəbliyini görüb hərə öz kabinetinə getdi. Bu məsələ ilə bağlı Mərkəzi Komitənin (indiki Prezident Administrasiyası) Birinci katibi də olmaqla bütün rəhbərliyinin iştirak etdiyi iclas başladı və həmin iclasda da Bəxtiyar Vahabzadə heç kəsə danışmağa aman vermədi.
Əslində, dövr çox mürəkkəb idi, şairi oradaca dövlət məmurlarını təhqir etmək adı ilə həbs edib apara bilərdilər, üzünə duranlar, şahidlik edənlər də, şübhəsiz tapılardı. Münasibətlərimiz istiləşəndən sonra özü də vaxtilə belə vəziyyəti yaşamış bir insan kimi hər şeyi gözlədiyini etiraf etdi, ancaq həmin anlarda gözünə heç nə görünmürdü, milli qeyrət, vətəndaşlıq mövqeyi, dildə yox, əməldə xalqın, dilin təəssübkeşi olmaq ona qeyri-adi cəsarət vermişdi.
Vəziyyəti belə görən Birinci katib Kamran Bağırov təcili Moskvaya, bu sahəni kurasiya edən Heydər Əliyevə məlumat verir. Ulu öndər də SSRİ Ali və Orta İxtisas Təhsili nazirinə zəng edib xalqın o məsələyə ciddi etiraz etdiyini bildirib və tapşırıb ki, o təlimata yenidən baxın və dəyişdirin. Nazir də söz verib ki, növbəti Kollegiya iclasında bu məsələni müzakirə edib müsbət qərar qəbul edərik.
Bir neçə gündən sonra Moskvadan rus dili imtahanının ləğv edilməsi ilə bağlı yeni təlimat məktubu gəldi. Bəxtiyar Vahabzadənin cəsarəti, “qəhrəmanlığı” sayəsində bu imtahanı təkcə bizim ölkəmizdə yox, bütün müttəfiq respublikalarda ləğv etmişdilər. Latviyada, Estoniyada, Gürcüstanda, Tacikistanda və digər ölkələrdə çoxu bilməmişdi ki, SSRİ-nin ən nüfuzlu nazirlərindən biri nə üçün imzaladığı əmri 15-20 gün sonra geri oxumuşdu, bunun səbəbkarı kimdir?
Mənim də canım yeni blanklar çap etdirməkdən və imtahanları təşkil etməkdən qurtardı…
1989-cu ildə siyasi vəziyyət bir az da mürəkkəbləşəndə Bəxtiyar Vahabzadə ilə daha yaxından ünsiyyətdə ola bildim. Vəziyyət haqda bir qədər ətraflı yazım ki, gənclər yaşadığımız illəri yaxşı təsəvvür edə bilsinlər. Biz hələ müstəqilliyimizi əldə etməmişdik, bu möhtəşəm hadisəyə iki il qalırdı, Moskva bütün aparıcı nöqtələrdə “öz adamını” – milliyyətcə rus olan bir nəfər əyləşdirmişdi. Doğrudur, 20-ci, 30-cu illər deyildi, nazirlər, İdarə rəisləri milli kadrlar idi, ancaq müavinlər mütləq rus olmalı, lazım bildikləri məlumatları “yuxarıya” çatdırmalı idilər. Həmin dövrdə nazir Rafiq Feyzullayevin birinci müavini Mirabbas Qasımovdan savayı, 3 müavini var idi – Əlimirzə Əhmədov, Mahirə Fərəcova və milliyyətcə rus olan Krotkov Yuri İvanoviç. Mənim Ali Təhsil şöbəsinin (bir az sonra Ali Təhsil İdarəsinin) müdiri vəzifəsində də bir nəzarətçim var idi – müavinim Muxin Anatoli Pavloviç.
Adını beynəlmiləlçilik qoyub bizi aldatmaq istəyirdilər, ancaq hamıya hər şey aydın idi. Təəssüf ki, əlimizdən heç nə gəlmirdi, onu nə dəyişə, nə də başqa vəzifəyə keçirə bilirdik. İşi də elə qurmuşdular ki, istər bizim şöbədən olsun, istərsə də nazirlikdən, müavinlərin imzası olmadan bir sənəd də xaricə çıxa bilməzdi. Deməli, müavin olsalar da, əslində biz onlardan asılı vəziyyətdə idik. Bircə təsəllimiz bu idi ki, əyləşdiyimiz Hökumət evinin önündə – Azadlıq meydanında çox mühüm hadisələr cərəyan edirdi, böyük ümidlər yaradan mitinqlər, müxtəlif toplanışlar baş tutur, çox ciddi bəyanatlar eşidilirdi. İnanmaq çətin olsa da, milli mənafelərlə bağlı səslənən şüarlar, bizim kabinetlərə qədər gəlib çıxan söz-söhbətlər, şayiələr, ümumiyyətlə gedən proseslər belə bir təəssürat yaradırdı ki, yaxınlarda bu müavinlərdən canımız qurtaracaq, respublikamız milli və müstəqil dövlət olacaq.
Buna inanmaq ona görə çətin idi ki, nazirliyin bütün sənədləri, yazışmaları, nazirin, onun müavinlərinin, rektorların, hətta orta məktəb direktorlarının yazdıqları dərkənarlar rus dilində olurdu. Bunların hamısı birdən necə dəyişə bilərdi?
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, 1990-cı ilin yanvarında baş verən hadisələrdən sonra bu proses daha da gücləndi, Azadlıq meydanından Leninin, dağüstü parkdan (indiki Şəhidlər xiyabanından) Kirovun heykəllərinin götürülməsi, əhalinin kütləvi şəkildə Kommunist partiyası biletindən imtina etməsi və bu biletlərin nümayişkaranə şəkildə yandırılması milli hisslərin bir qədər də alovlanmasına rəvac verdi.
Yaxşı xatırlayıram, həmin dövrdə idarə və müəssisələrin kargüzarlıq sənədlərinin Azərbaycan dilinə keçidini təmin etmək məqsədilə bir Dövlət Komissiyası yaradılmışdı. Komissiyanın sədri Xalq şairi Bəxtiyar Vahabzadə, müavini isə şair Qasım Qasımzadə idi. Onlar bütün nazirlikləri, digər dövlət qurumlarını gəzir, sənədləşmənin milli dildə aparılmasının vəziyyətini yoxlayır, bu prosesin sürətlənməsini inadla tələb edirdilər.
Dərd burasında idi ki, hələ çar dövründən, yəni Azərbaycan Rusiyaya ilhaq edildiyi tarixdən ölkəmizin idarə və müəssisələrində bütün rəsmi sənədlər, kargüzarlıq işləri rus dilində tərtib edilirdi. Bura adi arayışdan ən yüksək dövlət qurumlarında yazılan sənədlərə kimi hər şey daxil idi. 1918-ci ildə Xalq Cümhuriyyəti qurulduqdan sonra sənədləşmənin doğma dildə aparılması ilə bağlı qərar qəbul edilsə də, 23 aylıq müddətdə mütəxəssislərin yoxluğundan milli əlifba ilə şriftləri olmayan nəşriyyatlarda doğma dildə blankların çap edilməsinə kimi yüzlərlə problemin mövcudluğu buna imkan verməmişdi. Sonra isə məlum hadisələr baş vermiş, yenidən “böyük qardaşların” hakimiyyəti ələ alması həmin arzunu ürəklərdə qoymuşdu. Nəticə isə bu idi ki, rus dilində kargüzarlıq sənədlərinin ən azı 150 illik kökləri olduğu halda, bunun Azərbaycan dilində heç rüşeymləri də yox idi. Əlbəttə, 1989-cu ildə vəziyyət başqa idi, Azərbaycan dilində heç bir sənəd olmasa da, milli və qeyrətli kadrlarımız var idi…
…Əsas nazirliklərdən biri olduğuna görə rəhmətlik Bəxtiyar müəllim tez-tez bizim təşkilata gəlir, nazirlə görüşür, özü bu prosesin necə getdiyini şəxsən yoxlayırdı. O dövrdə təbii ki, bütün şöbələrdə sənədləşmə, yazışmalar rus dilində aparılırdı, vəziyyətdən çıxmaq üçün nazir Rafiq Feyzullayev Bəxtiyar müəllimi mənim yanıma göndərirdi. Mən o zamanlar Ali məktəblər İdarəsinin rəisi işlədiyimə görə ali məktəblərin potensial imkanlarından və kadrlarından istifadə edərək xeyli sənədi Azərbaycan dilinə tərcümə etdirmiş, milli dildə yenilərini hazırlatdırmışdım. Kağızın tapılmadığı, nəşriyyatların çox məhdud sayda və imkanda olduğu bir zamanda böyük çətinliklərlə məktubları, blankları, digər xeyli sənədi Azərbaycan dilinə tərcümə etdirib, dəfələrlə yoxladıqdan sonra çap etdirmişdim. Doğrusunu deyim ki, Bəxtiyar müəllimin rəhbərlik etdiyi o komissiyanın da xofu var idi, ancaq özümüz də bir vətəndaş olaraq sənədlərin milli dildə olmasında çox maraqlı idik. Təsəvvür edin ki, ali məktəblərdə jurnallardan başlamış kafedralarda tədris yükü, metodik təlimatlara, dekanlıqlarda verilən arayışlara, tələbələrin şəxsi işlərinə, diplomlara kimi bütün sənədlər rus dilində idi. Bizim şöbədə də vətəndaşların qeydiyyatından təlimat məktublarına kimi yüzlərlə sənəd rus dilində idi. Bu qədər sənədi, blankı, jurnalı, məktubu Azərbaycan dilinə tərcümə etmək üçün əməkdaşlarla birgə bəzən gecə yarısına kimi işdə qalmalı olurduq…
Bəxtiyar müəllim hiss ediləcək qədər qürurla bu sənədləri diqqətlə oxuyur, işin belə sürətlə getdiyini görüb çox sevinir, mənə səmimi razılığını bildirirdi. Ancaq tez-tez də deyirdi ki, nə məsələdirsə, gələn kimi bu nazir bizi Sizin şöbəyə göndərir, məgər başqa şöbə yoxdur? Nə qədər dərin təfəkkürlü şəxsiyyət, geniş düşüncəli şair olsa da, həm də çox saf və dürüst insan olduğuna görə nazirin onu aldatdığını, digər şöbələrdə bu məsələ ilə bağlı heç bir işin getmədiyinə görə onu daim bizim idarəyə yönəltdiyinin səbəbini hiss etmirdi. Ancaq müntəzəm görüşlərimiz bu fövqəladə keyfiyyətlərə malik böyük insanı daha yaxından tanımağımla və onu bir qədər də çox sevməyimlə nəticələndi…
…Etiraf etmək lazımdır ki, 90-cı illərin sonlarına doğru ölkədə siyasi durum mürəkkəb olaraq qalırdı. Bu gün vəziyyət xeyli aydınlaşmış, o illərlə müqayisə edəndə tərəddüdlər, ikibaşlı oyunlar, məkrli niyyətlər xeyli azalmışdır. Zaman öz işini görmüş, bir çox həqiqətlər üzə çıxmış, kimin kim olduğu bilinmiş, necə deyərlər, “maskalar açılmışdır”. Bu gün biz “5-ci Kolon” sözünü cəsarətlə deyib bu adın altında gizlənənləri ifşa edə bilirik. Ancaq 90-cı illərdə Rusiyanın agenti olub içəridən bizi “yeyən” “5-ci Kolon” nümayəndələrinə güldən ağır söz demək mümkün deyildi, onlar da “bəlkə də qaytardılar” ümidi ilə ruslaşdırma siyasətini həm eninə, həm də uzununa davam etdirirdilər. Bu, bir həqiqətdir, niyə gizlədək?! İndi özünü qəhrəman, “millət fədaisi” kimi qələmə vermək üçün maskasını dəyişib “Avropa”, yaxud “Türk” qılafına girənlərdən fərqli olaraq o çətin illərdə də Rusiyanın “assimilyasiya siyasətinə” qarşı həqiqi mübarizə aparan oğullar var idi. Bunlardan biri də Bəxtiyar Vahabzadə idi …
Buna görə də nazir təyin edildiyim ilk günlərdə – 1998-ci il aprelin əvvəllərində Bəxtiyar Vahabzadə ilə görüşmək, onunla milli məsələ ilə bağlı məsləhətləşmək qərarına gəldim. Hesab edirdim ki, Bəxtiyar müəllim milli konsepsiyamızın ən qüdrətli nümayəndələrindən biridir və onun məsləhətləri mənə nazirlik fəaliyyətimdə çox kömək edə bilər. Həqiqətən belə də oldu. Bəxtiyar müəllimlə iki saata yaxın söhbət etdik, qərara aldıq ki, nazirliyin kollegiyasının genişləndirilmiş iclasını onun iştirakı ilə mayın əvvəllərində BDU-da keçirək və əsas məruzəçi də elə o olsun. Görüş zamanı şair mənə məsləhət bildi ki, XIX əsrin ortalarında yaşamış tanınmış rus pedaqoqu Dmitri Uşinskinin məşhur “Ana dili” məqaləsinin tərcüməsini “Azərbaycan müəllimi” qəzetində çap etdirək. XIX əsrdə Rusiyada fransız və alman dillərinin rus dilini sıxışdırdığı bir zamanda Uşinski bu məqalədə xalq ruhunu mənimsəmək üçün ana dilinin böyük əhəmiyyəti olduğunu göstərmiş və dil məsələsinə xüsusi diqqət yetirmişdi: “Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz”. Bu fikirlər Bəxtiyar müəllimin ruhuna, o illərin milli siyasətinə çox yaxın olduğuna görə həmin məqalənin çap edilməsi cəmiyyət tərəfindən böyük maraqla qarşılanmışdı.
Onu da yaxşı xatırlayıram ki, 1998-ci il mayın 1-də Bakı Dövlət Universitetində Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası üzvlərinin iştirakı ilə nazirliyin genişləndirilmiş kollegiya iclasını keçirdik. İclasda təhsil sahəsində islahatların strateji istiqamətləri kimi iki əsas məsələ – müəllim nüfuzunun bərpası və təhsilin milliləşdirilməsi geniş müzakirə edildi. Burada əsas məsələ olan təhsilin milliləşdirilməsi ilə bağlı mən bir neçə dəqiqə çıxış edərək dedim ki, bu gün müstəqil dövlətdə yaşasaq da, təhsilimizin vəziyyəti Rusiyanın vilayətlərində olduğu kimidir – hələ də Kiril qrafikalı əlifba ilə yazırıq, dərsliklərimizin əksəriyyəti sovet dönəmindən qalmadır, rus dili 1-ci sinifdən 11-ci sinfə kimi məcburi fənn kimi tədris edilir, mərkəzi şəhərlərdə – Bakıda, Gəncədə, Sumqayıtda və bəzi digər regionlarda təlim rus dilində olan məktəblərin sayı Azərbaycan məktəblərinin sayına ya bərabərdir, ya da rus bölmələri artıqdır. Bundan sonra xalqımızın böyük vətənpərvər şairi Bəxtiyar Vahabzadə ölkəmizdə ana dilindən istifadənin vəziyyətilə bağlı danışdı və ümumtəhsil müəssisələrində Azərbaycan dilinin tədrisinə dair dəyərli təkliflərini verdi. Çıxışının sonunda isə indiyə qədər unutmadığım şeirindən bir parçanı oxudu:
Siz ey doğma dilində danışmağı ar bilən
fasonlu ədabazlar,
Ruhunuzu oxşamır qoşmalar,
telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi sizlərə qənim olsun.
Bu çıxışlar, həmin kiçik şeir parçası və şairin odlu-alovlu, həm də ürək yanğısı ilə dediyi sözlər iclasa tamam başqa əhval-ruhiyyə gətirdi. Hər zaman dil məsələsinə özünəməxsus yanaşması olan Bəxtiyar müəllimin ziyalı mövqeyi, həqiqətən, hamı üçün örnək idi.
Bu tədbirdən sonra dil məsələsi ilə bağlı həm təhsil sistemində, həm də deyərdim ki, bütün ölkədə ciddi dəyişikliklər oldu. O vaxta qədər məcburi fənn kimi tədris olunan rus dilinə xarici dil statusu verildi, o da ingilis, fransız dilləri kimi şagirdlərin arzusu ilə seçmə fənn oldu, yalnız müəyyən siniflərdə keçirildi, rus bölmələrinin sayı surətlə azalmağa başladı. Belə ki, əgər 1988/89-cu tədris ilində ölkədə təlim yalnız rus dilində olan məktəblərin sayı 163 idisə, 2010/11-ci tədris ilində onların sayı 18-ə düşdü. Şagirdlərin sayı isə müvafiq olaraq 117 min nəfərdən 5800 nəfərə qədər azaldı. Əlbəttə, milli-azadlıq hərəkatı günlərində dediyi sözlərə görə heç bir məsuliyyət daşımadan, həmin vədləri yerinə yetirmək mexanizmini təsəvvür belə etmədən odlu-odlu danışmaq, “milli dili bütün tədris müəssisələrində birmənalı şəkildə tətbiq etmək lazımdır” tipli çağırışlar etmək ayrı bir məsələ idi, ancaq onu reallaşdırmaq tamam ayrı bir məsələ. Müəyyən çətinliklərlə rastlaşsam da, həmin çıxılmaz vəziyyətlərdə böyük şairin milli məsələlərdə aydın və birmənalı mövqeyi, həmçinin sarsılmaz cəsarəti mənə “ikinci nəfəs” verirdi.

Mənbə və müəllif: Misir Mərdanov

MİSİR MƏRDANOVUN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Lütfi Zadə – Lütfəli Rəhim oğlu Ələsgərzadə

Lütfi Zadə – Lütfəli Rəhim oğlu Ələsgərzadə

Əziz dostlar, fevralın 4-ü dünyanın ən məşhur azərbaycanlılarından biri, ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, dünya şöhrətli alim Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olduğu gündür. Professor Lütfi Zadə, yalnız elmi və fəlsəfi düşüncəyə deyil, həm də texnoloji inkişafa təsir edən və təsir göstərəcək vacib fikirləri ortaya qoyan və irəli sürən dahi bir şəxsiyyət idi. Həyatı boyu yenilik ruhu ilə yaşayan Lütfi Zadə bütün dünyada qeyri-səlis məntiqin “atası” kimi tanınır və onun inqilabi nəzəriyyəsi Aristotelin ikili məntiqinin sərhədlərini aşmışdı.O, sübut etdi ki, insan dünyanı yalnız “ağ” və “qara” rənglərdə duyub qavramır. İnsanın dünyanı görüb dərk etmə imkanları zəngin və hüdudsuzdur. Lütfi Zadənin məntiqi dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Elə buna görə də, o, hüdudsuzluğun riyaziyyatını yaratmış, onun rəngarəngliyini açmışdır və bu nəzəriyyə iqtisadiyyat, psixologiya, dilçilik, siyasət, fəlsəfə, sosiologiya, dini məsələlər, münaqişə vəziyyətlərində geniş istifadə olunmuşdur. Mütəxəssislər, alimin məntiqi və nəzəriyyəsi ilə həqiqətən insanın həyata dair fəlsəfi baxışlarında olduğu kimi elm dünyasında da bir inqilab etdiyini düşünürlər Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülmüş, həmçinin, Koreya, Bolqarıstan, Polşa, Finlandiya, Azərbaycan, Rusiya və ABŞ akademiyalarının fəxri üzvü seçilmişdi. Bu günə olan məlumata görə, “Google Scholar”da Lütfi Zadənin elmi əsərlərinə 293229 istinad olunmuş, bunlardan 12 244-ü 2025-ci ilə, 880-i 2026-cı ilə aiddir. Alimin Hirş indeksi 112-yə bərabərdir.
Fenomenal elmi təfəkkürü ilə seçilən, adı elm tarixinə qızıl hərflərlə həkk olunan, dünya şöhrətli azərbaycanlı alim və böyük şəxsiyyət Lütfi Zadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq! Allah rəhmət eləsin.

P.S. Əziz dostlar, 2021-ci ildə Lütfi Zadənin 100 illiyi münasibəti ilə hazırladığım məqaləni Sizə təqdim edirəm.

XXI əsrin əsas inkişaf fəlsəfəsi bilikdir. Kim biliyə sahib olacaqsa, o, daha güclü olacaq. Güclü olan isə hər zaman qalibdir.
Lütfi Zadə
2021-ci il fevral ayının 4-də dünyanın ən məşhur azərbaycanlılarından biri, ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, dünya şöhrətli alim Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 illiyi tamam olur.
Professor Lütfi Zadə, yalnız elmi və fəlsəfi düşüncəyə deyil, həm də texnoloji inkişafa təsir edən və təsir göstərəcək vacib fikirləri ortaya qoyan və irəli sürən dahi bir şəxsiyyətdir.
Lütfi Zadə 4 fevral 1921-ci ildə Bakının Novxanı kəndində, jurnalist Rəhim Ələsgərzadə və həkim-pediatr Fanya Koremanın ailəsində dünyaya gəlib. O, ilk təhsilini Bakı şəhərindəki 16 nömrəli rusdilli məktəbdə almışdır. 1931-ci ildə ölkədə yaranmış ağır iqtisadi vəziyyətlə əlaqədar Lütfi Zadə ailəsi ilə birlikdə Tehrana köçür. O, Tehrana köçdükdən sonra təhsilini amerikalıların Alborz missioner məktəbində davam etdirir. Orta təhsilini tamamladıqdan sonra Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olur və 1942-ci ildə həmin fakültəni uğurla bitirir. 1944-cü ildə Lütfi Zadə Amerika Birləşmiş Ştatlarına gəlir və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirir. 1946-cı ildə mühəndis-elektrik ixtisası üzrə magistr diplomunu aldıqdan sonra Kolumbiya Universitetinin doktoranturasına daxil olur. Lütfi Zadə, ona doktorluq dərəcəsini almağa ilham verən müəllimi, professor Ernst Adolf Gilyemin ilə birgə elmi tədqiqat aparır və 1949-cu ildə dissertasiya müdafiə etdikdən sonra mühəndislik bölməsində assistent olaraq çalışmağa başlayır. Kolumbiya Universitetində Lütfi Zadə elektromaqnit sahə nəzəriyyəsi, dövrə analizi, sistem nəzəriyyəsi, məlumat və ardıcıl maşınlar nəzəriyyəsindən mühazirələr oxuyur. 1950-ci ildə dosent, 1957-ci ildə isə professor elmi adlarına layiq görülür, daha sonra məşhur alim, “kibernetikanın atası” hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya köçür və 1959-cu ildən ömrünün sonuna kimi Kaliforniyanın Berkli Universitetində professor vəzifəsində çalışır. O, 1963-1968-ci illər ərzində həmin universitetin “Kompüter elmləri və elektrik mühəndisliyi” kafedrasına rəhbərlik edir. Çalışdığı dövrdə və sonralar bu kafedra “Elektron texnikası və kompüter elmləri” kafedrası kimi fəaliyyətini davam etdirir.
Lütfi Zadənin əsas xüsusiyyətlərindən biri, onun yeni, orijinal və az tədqiq olunmuş mövzulara maraq göstərməsi idi. Beynəlxalq aləmdə ona şöhrət qazandıran ilk əhəmiyyətli elmi işi qeyri-stasionar dövrələrin tezlik analizi məsələlərinə həsr olunmuşdu. Bu elmi işlə qeyri-stasionar şəbəkələrin tezlik analizində yeni bir istiqamətin təməli qoyulur. O, məqalədə qeyri-sabit xətti sistemlərin analizində daha sonra çoxsaylı tətbiqləri olan qeyri-sabit bir ötürmə funksiyası konsepsiyasını təqdim etmişdi. 1950-ci ildə onun “Düşünən maşınlar” – elektrik mühəndisliyinin yeni bir sahəsi və J.R.Raqazzini ilə birgə Vinerin ekstrapolyasiya nəzəriyyəsinin ümumiləşdirilməsinə dair məqalələri dərc olunur. Bu əsər sonlu yaddaşı olan filtrlərin (süzgəclərin) layihələndirilməsində öz tətbiqini tapır və təklif olunan üsul klassik metod kimi qəbul olunur. Sonralar alınmış bu elmi nəticələr uyğun olaraq süni intellekt və sistem nəzəriyyəsinin sələfləri hesab olunurdu.
Lütfi Zadə 1952-ci ildə yenidən J.Raqazzini ilə birlikdə diskret sistemlər üçün Z-çevirmə (Zadə sözünün baş hərfi) metodunu təklif edir və o da klassik üsul kimi qəbul olunur. 1953-cü ildə o, qeyri-xətti filtrasiya (süzülmə) üçün yeni bir yanaşma təklif edir və Volter-Vinerin nəzəriyyəsinə əsaslanan qeyri-xətti sistemlərin bir iyerarxiyasını qurur. Beləliklə, kompüter və ya başqa cihazlarda faydalı siqnalların aşkarlanması və emalı üçün optimal qeyri-xətti prosessorların layihələrinin təməli qoyulur.
Berkli şəhərinə köçdüyü dövrdə onun tədqiqat maraqları əsasən xətti sistemlər və avtomatik idarəetmə nəzəriyyələri üzərində qurulmuşdu. Zadə 1963-cü ildə idarəetmə nəzəriyyəsini kökündən dəyişdirən bir nəzəriyyə irəli sürür və Çarlz Dezoerlə birgə “Xətti sistemlər nəzəriyyəsi” kitabını nəşr etdirir. Bu kitab, sistem təhlilinə və avtomatik idarəetməyə bir çox müasir yanaşmaların mənbəyinə çevrilir.
Beləliklə, 1960-cı illərin ortalarında Lütfi Zadə sistem nəzəriyyəsi, avtomatik idarəetmə nəzəriyyəsi və bunların tətbiqi sahəsində ən məşhur mütəxəssislərdən biri kimi tanınır.
Heç şübhəsiz, Lütfi Zadə orijinal elmi ideyaları və yanaşmaları ilə yeni elmi istiqamətlər formalaşdıran dahi alimlərdən biridir.
“Yalnız savad kifayət etmir, zəhmət və uğur da çox vacibdir. Mənim uğur formulum qabiliyyət, zəhmət və isrardır. Uğurun elementləri bunlardır” – Lütfi Zadənin bu sözləri onun nə qədər zəhmətkeş, əldə etdiyi nailiyyətlərdən kifayətlənməyən, daim öz üzərində çalışan bir insan olduğunun göstəricisidir.
Həyatı boyu yenilik ruhu ilə yaşayan Lütfi Zadə tədqiqatlarına yeni istiqamət verərək 1965-ci ildə reallıqla fantastikanın harmoniyasından yaranmış qeyri-səlis məntiq nəzəriyyəsini ərsəyə gətirir və “İnformation and Control” jurnalında həyatının ən mühüm, “Qeyri-səlis çoxluqlar” elmi işini çap etdirir. “Google Scholar”a görə, 29 sentyabr 2017-ci il tarixinə qədər bu məqaləyə 71 mindən çox istinad edilmiş və elmi informasiya tarixində ən çox istinad edilən məqalələrdən biri olmuşdur. Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin mahiyyətinin nədən ibarət olduğunu Lütfi Zadədən soruşanda, bu suala professor birmənalı cavab vermişdi: “…Qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin əsas mahiyyəti odur ki, mütləq heç nə yoxdur. Hər şey, riyazi dillə desək, 0-1 şkalasında müəyyən həddə dəyişir”. Deməli, real dünyanın ümumi mənzərəsi 0 və vahid arasında olan onlarla, yüzlərlə çalarlardan ibarətdir.
Bütün dünyada qeyri-səlis məntiqin “atası” kimi tanınan Lütfi Zadənin inqilabi nəzəriyyəsi Aristotelin ikili məntiqinin sərhədlərini məhv etmişdi. O, sübut etdi ki, insan dünyanı yalnız “ağ” və “qara” rənglərdə duyub qavramır. İnsanın dünyanı görüb dərk etmə imkanları zəngin və hüdudsuzdur. Lütfi Zadənin məntiqi dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Elə buna görə də, o, hüdudsuzluğun riyaziyyatını yaratmış, onun rəngarəngliyini açmışdır və bu nəzəriyyə iqtisadiyyat, psixologiya, dilçilik, siyasət, fəlsəfə, sosiologiya, dini məsələlər, münaqişə vəziyyətlərində geniş istifadə olunmuşdur. Mütəxəssislər, alimin məntiqi və nəzəriyyəsi ilə həqiqətən insanın həyata dair fəlsəfi baxışlarında olduğu kimi elm dünyasında da bir inqilab etdiyini düşünürlər. Həmyerlimizin fikrincə, Azərbaycan qanı ona əzm və möhkəmlik vermiş, mübahisədən qorxmamağı öyrətmişdi. Təsadüfi deyil ki, o, dəfələrlə təkrarlayaraq “bu da mənim xarakterimin bir parçasıdır” fikrini söyləyərdi.
Lütfi Zadənin təklif etdiyi “qeyri-səlis məntiq” riyaziyyatla insanların intuitiv ünsiyyət tərzi arasındakı boşluğu aradan qaldırmaq, insanların düşünməsi və dünya ilə qarşılıqlı əlaqə qurması üçün iddialı bir cəhd idi. O, insan istedadlarını təqlid edə və qeyri-müəyyənliyi aradan qaldıra biləcək riyazi bir struktur təqdim etmişdi. Real dünya anlayışları üçün sərt sərhədlər qoymaq əvəzinə, sərhədləri “qeyri-səlis” etmişdi. Almaniyanın Yena Universitetinin professoru, qeyri-səlis məntiqlə məşğul olan və son illər ərzində Lütfi Zadə ilə birgə çalışan Rudolf Zayzing alimin nəzəriyyəsini qiymətləndirərək “bu, nəzəriyyə ilə reallıq arasında bir körpüdür” demişdi.
Berkli Universitetinin fəxri professoru Elayc Polak verdiyi müsahibədə Lütfi Zadənin “Qeyri-səlis çoxluqlar” nəzəriyyəsi fikrinin onların universitet şəhərciyində gəzintisi zamanı yaranmasını xatırlayırdı. Professorun insanların dayanacaqda avtomobillərini saxlayarkən onların intuitiv olaraq maşınların təkərlərini əvvəl biraz sola, sonra isə sağa çevirdiklərinə diqqət yetirmişdi. Qeyri-səlis çoxluqların riyazi aparatı birmənalı sərhədləri olmayan hər hansı bir konsepsiyanın təyinində istifadə etmək cəhdi olaraq meydana gəlmişdi.
Qeyri-səlis çoxluqlar ideyası Lütfi Zadə üçün sadə və cəlbedici görünürdü. Əslində, o, uzun illər obyektləri kateqoriyalara görə təsnif etmək problemi və nəticədə yaranan siniflər arasındakı dəqiq olmayan sərhədlərlə maraqlanırdı və sonra, 1964-cü ilin payızında Berkli Universitetində oxuduğu mühazirədə bu ideyanı açıq şəkildə inkişaf etdirmişdi.
Professor Lütfi Zadə və bir çox alimlər qeyri-səlis məntiqi gələcəkdə süni intellektin yaradılması üçün bir vasitə kimi görürdülər. Berkli Universitetindən olan bəzi həmkarları bu metodların nə qədər effektiv olacağına şübhə ilə yanaşsalar da, o, öz fikirlərinə həmişə sadiq qalmışdı.
Uzun illər Lütfi Zadə ilə birgə çalışan, Berkli Universitetinin professoru Stüart Rassel söyləmişdi: “Lütfi Zadə tənqidləri həmişə bir iltifat kimi qəbul edirdi. Bu da insanların onun nə demək istədiyini düşündükləri anlamına gəlirdi”.
“Qeyri-səlis məntiq” adlı elmi konsepsiyasını təqdim edərkən Lütfi Zadə söyləmişdi: “Bunun vacib olacağını bilirdim, ancaq dünya miqyasında bir hadisə olacağını xəyal etmirdim”. Zadənin kəşfi elm və texnikanın bütün sahələrində mühüm rol oynamış, elmdə və insanların fəlsəfi baxışlarında yeni bir istiqamət üçün zəmin yaratmışdır.
Onun qeyri-səlis məntiq nəzəriyyəsi riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmışdır. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etmişdir. Paltaryuyan maşınlardan tutmuş avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır. Beləliklə də, həmin nəzəriyyənin əməli gücü onun mücərrəd mahiyyətini üstələmişdir.
Alimin inqilabi qeyri-səlis məntiq nəzəriyyəsi günümüzdə General Motors, General Elestric, Motorola, Kodak, Fuji, Dupont, Canon, Sanyo, Mitsubishi, Matsusita, Sharp, Toshiba, Sony, Daewoo, Nissan, Panasonic, Honda kimi dünya nəhənglərinin foto və videokameralar, paltaryuyan maşınlar, tozsoranlar, vakuum kimyəvi təmizləyicilərin istehsalında, nəqliyyat vasitələrinin, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edilir. Danimarkada qeyri-səlis məntiq əsasında işləyən yüksək sement sobaları istehsal olunur.
Qeyri-səlis məntiq siyasət və iqtisadiyyatda aktiv şəkildə istifadə olunur. Neft emalı və digər iqtisadi və texniki sistemlərdə qeyri-səlis sabitlik nəzəriyyəsinin tətbiq edilməsi, hətta dünya bazarındakı neft qiymətlərini proqnozlaşdıra bilər.
Qeyd etmək lazımdır ki, Lütfi Zadə 1989-cu ildə sənayedəki qeyri-səlis məntiq nəzəriyyəsinin uğurlarına görə yapon alimlərinə verilən ən yüksək “Honda”, 1996-cı ildə isə “Okava” mükafatlarına layiq görülmüşdür. O, 1991-ci ildə Berkli Universitetinin ömürlük professoru seçilən yeganə şəxsdir. 1992-ci ildə Beynəlxalq Robot və İstehsalat Simpoziumu (İSAAM) çərçivəsində Lütfi Zadə “Qeyri-səlis Məntiqin Atası” adına layiq görülmüşdü.
O, NASA və NATO-nun aparıcı mütəxəssislərindən biri idi. Lütfi Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
Yaşadığı Berkli şəhərində “İnstitute Zadeh-ZİFT” İnformasiya Texnologiyaları İnstitutuna da rəhbərlik etmişdir. Məlumat üçün bildirək ki, Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcud idi. O, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri, Amerika Elminin İnkişafı Dərnəyi, Hesablama Maşınları Dərnəyi, Amerika Süni İntellekt Birliyi, Beynəlxalq Qeyri-səlis Sistemlər Birliyi, Avstriya Kibernetika Tədqiqatlar Cəmiyyətinin üzvü olmuşdu.
Məhsuldar tədqiqatlarına görə, Lütfi Zadə çoxsaylı milli və beynəlxalq mükafatlara layiq görülmüşdü.
Dünya şöhrətli alim İEEE Educational medalı (1973), İEEE Centennial medalı (1984), Honda mükafatı (1989), Berkeley Citation (1991), İEEE Rişard Hamming medalı (1992), Rufus Oldenburger medalı (1993), İEEE Fəxri medalı (1995), Bolzano medalı (1997), Edvard Feigenbaum medalı (1998), İEEE Milenium medalı (2000), V.Kaufman mükafatı və gızıl medalı (2004), Egleston medalı (2007), Franklin medalı (2009) və s. ilə təltif olunmuşdu.
Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə birgə döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə 2011-ci ildə 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilmişdi. 2016-cı ildə Nizami Gəncəvi adına qızıl medala layiq görülmüşdü.
Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülmüş, həmçinin, Koreya, Bolqarıstan, Polşa, Finlandiya, Azərbaycan, Rusiya və ABŞ akademiyalarının fəxri üzvü seçilmişdi.
Professor Lütfi Zadə 200-dən çox elmi məqalənin müəllifi, 70-dən çox elmi jurnalın redaksiya heyətinin üzvü olmuş, 50-dən çox doktorant hazırlamışdı.
Bu gün dünyanın müxtəlif ölkələrində qeyri-səlis məntiq nəzəriyyəsi ilə əlaqəli 25-ə yaxın elmi jurnal nəşr olunur. Qeyri-səlis məntiqlə bağlı hər il həmin jurnallarda minlərlə məqalə dərc olunur. Son illərdə qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan 1300-dən çox patent ABŞ, Yaponiya və Avropada istehsalata tətbiq edilmişdir. Yaponiyada alimlər tərəfindən süni intellektə malik olan ilk “Alter” robotu hazırlanıb və Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənmişdir.
L.Zadə eyni zamanda, “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə hesablama nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi”, “Yumşaq hesablamalar nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir. Onun haqqında “Müasir elmin korifeyi”, “Dünya dahilərsiz yaşaya bilmir” adlı kitablar yazılmış, “Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi çəkilmiş, Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılmışdır.
Lütfi Zadənin yaratdığı elmi məktəblər və laboratoriyalar 1966-cı ildən İngiltərə, Almaniya, Yaponiya və dünyanın bir çox ölkələrində fəaliyyət göstərir.
Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir.
“Google Scholar”da 2011-ci il noyabr tarixinə olan məlumata görə, onun əsərlərinə 88,7 min istinad edilmiş, bunlardan 26 mini “İnformation and Control” jurnalında dərc olunmuş qeyri-səlis çoxluqlar haqqında ilk məqaləsinədir. 2017-ci ilin oktyabr ayında isə Scopus, Lütfi Zadənin 1950-1956-cı illərdə nəşr olunmuş 20 əsərinə istinad edən 482 akademik məqalə və 1957-ci ildən bu günə qədər nəşr olunmuş 179 əsərinə istinad edən 53708 akademik məqalə göstərir, bunlardan 36165-i 1965-ci ildə nəşr olunmuş qeyri-səlis çoxluqlar haqqında məqaləyə aiddir. Bu günə olan məlumata görə, “Google Scholar”da Lütfi Zadənin elmi əsərlərinə 267783 istinad olunmuş, bunlardan 14 298-i 2020-ci ilə, 1 242-si 2021-ci ilə aiddir. Alimin Hirş indeksi 115-ə bərabərdir.
Bu gün qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiq həqiqətən dünya miqyasında böyük şöhrət qazanmışdır. O, daimi işi yeri ilə yanaşı, Massaçusets Texnologiya İnstitutunda, Stenford Universitetində, elmi-tədqiqat laboratoriyasında (San-Xose) dəvətli professor kimi fəaliyyət göstərir, Fransa, İngiltərə, Kanada, Yaponiya, Braziliya, Sinqapur, Almaniya, Çin, İtaliya, İspaniya, Hindistan, Macarıstan, Yuqoslaviya, Türkiyə, Polşa, Avstriya, İsveç, İsveçrə, Rumıniya, Portuqaliya, Səudiyyə Ərəbistan və s. ölkələrdə mühazirələrlə çıxış edirdi.
Lütfi Zadə asanlıqla ünsiyyət quran və tamamilə demokratik bir insan idi. O, kübar davranışları, nəzakəti, xeyirxahlığı, həssaslığı, sakitliyi və sağlam düşüncəsi ilə seçilirdi. Daxili aləmini əks etdirən dərin biliyə sahib olan Lütfi Zadə intuitiv, yaradıcı, həyatının hər dəqiqəsindən səmərəli istifadə etməyə çalışan, ailənin sabitliyinə, adət və ənənələrinə dəyər verən bir şəxsiyyət idi. Fotoportretlərə olan marağı onun nə dərəcədə incə təbiətə sahib bir insan olduğunu göstərir. Lütfi Zadə, insan ruhunun özəlliklərinin təzahür etdiyi anı “tutmağı” bacarırdı və fotoşəkildə təcəssüm olunan şəxsin xarakterini anında görmək mümkün olurdu.
Lütfi Zadə gələcək həyat yoldaşı Fanya Zand ilə Tehranda tanış olmuş və 1946-cı ildə evləndikdən sonra ona Fey deyərək müraciət edirdi. Lütfi Zadə həmişə deyərdi: “Mənim həyatımda iki sevdiyim qadın var – bunlar Fey və elmdir”. Fey çox gözəl bir qadın idi. Lütfi Zadə onun yağlı boya ilə portretini sifariş etmişdi. Daha sonra Berkli Fakültə Klubunun təşkil etdiyi sərgidə portreti təqdim etmişdi.
Fey Zadə 1998-ci ildə Lütfi Zadənin həyatına həsr olunmuş “Qeyri-səlis məntiqin atası ilə mənim həyatım və səyahətlər” (My Life and Travels with the Father of Fuzzy Logic) adlı kitab nəşr etdirir. Kitabda Lütfi Zadənin həyat yoldaşı ilə birlikdə keçdikləri həyat və səyahətlər haqqında çox maraqlı xatirələr yer alıb, bunların çoxu Zadənin beynəlxalq konfranslarda iştirakı ilə əlaqədardır. Bu kitab dövrümüzün görkəmli aliminin şəxsi həyatının canlı bir mənzərəsini təqdim edir. Kitabda Lütfi Zadənin mənəvi keyfiyyətlərindən, şəxsi həyatından geniş bəhs olunur. Oxucular burada zəmanəmizin ən böyük elm dühalarından olan Lütfi Zadə haqqında geniş məlumat və “Lütfi Zadə kimdir?” sualına cavab ala bilərlər. Xüsusilə, oxucu Zadənin fotoşəkillərlə kifayət qədər ciddi maraqlandığını aşkar edə bilər. Qeyd edək ki, 60-cı illərdə ABŞ-da nəşr olunan kitabının üz qabığına qoyulmuş Kerenskinin portreti Lütfi Zadə tərəfindən çəkilmişdir. Ümumilikdə isə, Rostropoviç, Qalina Vişnevskaya, Svyatoslav Rixter, həmçinin, ABŞ-ın sabiq prezidentləri Nikson və Trumen kimi 50-yə yaxın tanınmış şəxsin şəklini çəkmək ona nəsib olub.
Bəşəriyyətin gələcək inkişafının informasiya kommunikasiya texnologiyaları sahəsi ilə bağlılığına əmin olan Lütfi Zadə Azərbaycanda elm və texnologiyaların inkişafı, gənc mühəndislərin və tədqiqatçıların formalaşması üçün müasir tədqiqat mərkəzlərinin yaradılmasını arzu edirdi. “Elmlə məşğul olan insanlara qayğı göstərilməlidir. Onlar adi adamlar deyil. Millətin inkişafı bir çox hallarda həmin insanlardan asılıdır” (Lütfi Zadə). O, öz müsahibələrində ölkəmizdə elm və texnologiyaların inkişafı üçün böyük potensialın olduğunu bildirmişdi.
“Azərbaycan mənim doğma Vətənimdir. Mən həmişə Azərbaycanın uğurlu gələcəyi barədə düşünürəm və bu istiqamətdə atılan hər bir addım məni sevindirəcək” (Lütfi Zadə).
Alim vətənini tərk etdikdən sonra Azərbaycana cəmi iki dəfə səfər etmişdi. İlk olaraq Lütfi Zadə Bakıya 1965-ci ildə birgünlük səfər etmiş, ikinci dəfə isə 2008-ci ilin noyabrında “BakuTel” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. Üçüncü dəfə 2017-ci ildə o, əbədi olaraq vətəninə dönür. Alim 6 sentyabr 2017-ci ildə dünyasını dəyişir və 29 sentyabrda Birinci Fəxri Xiyabanda dəfn edilir. Ölümündən bir ay əvvəl Lütfi Zadə müsəlman adətlərinə görə vətənində dəfn olunmasını xahiş edən bir məktubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişdi. Onun bu istəyi yerinə yetirilmişdi.
Elm və texnologiyaların inkişafına misilsiz töhfələr vermiş məşhur alim Lütfi Zadə həmişə azərbaycanlı olması ilə qürur duyub, onun ürəyi daim doğma Vətəni ilə döyünüb. O yazırdı: “…Vətənimin oğlu kimi qəbul edilməyim həyatımın məğzi və şərəfimdir. Bakı və xalqım qəlbimin qaynar guşəsində özünə əbədi yer tutub”.
Nə qədər iddialı səslənsə də, Azərbaycan Lütfi Zadə kimi bir övladının olması ilə fəxr edir.
Lütfi Zadə də öz növbəsində Vətənini, xalqını çox sevirdi. “Heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm, əksinə, bununla qürur duymuşam” deməklə bir daha millətinə nə qədər bağlı olduğunu nümayiş etdirib.
Fenomenal elmi təfəkkürü ilə seçilən, adı elm tarixinə qızıl hərflərlə həkk olunan, dünya şöhrətli azərbaycanlı alim və böyük şəxsiyyət Lütfi Zadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq!

Mənbə və müəllif: Misir Mərdanov

MİSİR MƏRDANOVUN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Dekabrın 22-si fizika-riyaziyyat elmləri doktoru, professor Arif İsmayılovun doğum günüdür

Əziz dostlar, dekabrın 22-si fizika-riyaziyyat elmləri doktoru, professor Arif İsmayılovun doğum günüdür

İsmayılov Arif Yadulla oğlu, funksiyalar nəzəriyyəsi sahəsində mütəxəssis, 22 dekabr 1929-cu ildə Qazaxda anadan olmuş, orta təhsilini 1936-1946-cı illərdə Quba şəhərinin 1 saylı orta məktəbində almış, 1947-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə ali məktəbi bitirmiş, 1952-1955-ci illərdə həmin universitetin aspirantı olmuşdur.

1955-ci ildə ADU fizika-riyaziyyat fakültəsinin Elmi Şurasında akademik İbrahim İbrahimovun rəhbərliyi ilə “Çoxdəyişənli polinomlar üçün S.N.Bernşteyn və A.A.Markov bərabərsizliklərinin ümumiləşdirilməsi və onların yaxınlaşma nəzəriyyəsində tətbiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1955-1958-ci illərdə universitetin “Cəbr və funksiyalar nəzəriyyəsi” kafedrasında assistent və baş müəllim, 1958-1978-ci illərdə “Funksiyalar nəzəriyyəsi və funksional analiz” (əvvəl “Cəbr və funksiyalar nəzəriyyəsi”) kafedrasında dosent, 1978-1986-cı illərdə həmən kafedrada professor vəzifəsində çalışmışdır.

O, 1959-cu ildə “Cəbr və funksiyalar nəzəriyyəsi” kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür. 1978-ci ildə professor elmi adı almış və ömrünün sonuna qədər funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının professoru vəzifəsində çalışmışdır. Arif İsmayılov funksiyaların kontruktiv nəzəriyyəsi üzrə mütəxəssis olub, 30-dan çox elmi məqalənin, 1 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 4 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. O, uzun illər kompleks dəyişənli funksiyalar nəzəriyyəsindən mühazirələr oxumuşdur.
Arif İsmayılov 1986-cı ildə Bakıda vəfat etmişdir.

Mənbə və müəllif: Misir Mərdanov

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

18 dekabr fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlunun doğum günüdür

Əziz dostlar, 18 dekabr fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlunun doğum günüdür. Məmməd müəllimi doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı, sağlam uzun ömür və gələcək fəaliyyətində daha böyük uğurlar arzu edirəm.

Məmməd Bayramoğlu, diferensial operatorların spektral nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis. 1939-cu il dekabrın 18-də Gürcüstan Respublikası Marneuli rayonunun Əzizkənd kəndində anadan olmuş, 1957-ci ildə həmin rayonun Gorarx kənd 11-illik məktəbini bitirmiş, həmin il V.İ.Lenin adına APİ-nin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1962-ci ildə həmin fakültəni riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1962-1964-cü illərdə hərbi xidmətdə olmuş, 1964-cü ildə AEA Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasına qəbul olunmuş, 1967-ci ildə aspiranturanı bitirmiş və 1967-1969-cu illərdə riyaziyyat və mexanika institutunda kiçik elmi işçi, baş mühəndis vəzifələrində çalışmışdır. 1969-cu ildə həmin institutda akademiklər Fəraməz Maqsudov və Mirabbas Qasımovun rəhbərliyi ilə “Öz-özünə qoşma və qoşma olmayan bəzi diferensial operatorların spektral xassələri” mövzusunda namizədlik, 1987-ci ildə Tiflisdə Razmadze adına Riyaziyyat İnstitutunun elmi şurasında “Diferensial operator tənliklərin bəzi məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Professor Məmməd Bayramoğlu 1964-cü ildən bu günə qədər AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi, “Operator diferensial tənliklər”, “Operatorların spektral nəzəriyyəsi”, “Adi diferensial tənliklər” şöbələrinin müdiri vəzifəsində işləmişdir.
O, 100-dən çox məqalənin müəllifidir, rəhbərliyi ilə 21 nəfər namizədlik, 2 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. 1993-cü ildən 2009-cu ilə qədər İstanbul şəhərinin Yıldız Texniki Universitetində professor vəzifəsində işləmişdir. Həmin müddətdə 9 nəfər fəlsəfə doktoruna rəhbərlik etmişdir.

Mənbə və müəllif: Misir Mərdanov

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Kərimov Nazim Baxış oğlu

Əziz dostlar, 16 dekabr fizika-riyaziyyat elmləri doktoru, professor Nazim Kərimovun doğum günüdür.
Kərimov Nazim Baxış oğlu, diferensial operatorların spektral nəzəriyyəsi, funksional analiz sahəsində tanınmış mütəxəssis, 1958-ci il dekabrın 16-da Cəlilabad rayonunun Göytəpə kəndində anadan olmuş, 1965-1975-ci illərdə Əli Bayramlı şəhərinin (indiki Şirvan) 2 saylı orta məktəbində təhsil almışdır. 1975-ci ildə ADU-nu Mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1980-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, 1982-1985-ci illərdə Moskva Dövlət Universitetinin aspirantı olmuşdur.
1987-ci ildə MDU-da akademik V.A.İlyinin rəhbərliyi ilə “Özünə qoşma olmayan diferensial operatorların spektral nəzəriyyəsinin bəzi məsələləri (01.01.02)” mövzusunda namizədlik, 1996-cı ildə MDU-da “Adi diferensial operatorların kök funksiyalar sisteminin bazisliyi və müntəzəm minimallığı (01.01.02)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-1996-cı illərdə MDU-nun “Hesablama Riyaziyyatı və Kibernetika” fakültəsinin doktorantı olmuşdur.
Əmək fəaliyyətinə AEA Riyaziyyat və Mexanika İnstitutunda 1980-ci ildə laborant kimi başlamış, 1986-cı ilə qədər orada, 1986-cı ildən ADU-nun “Riyazi analiz” kafedrasında işləmiş, 2000-ci ilə qədər baş laborantlıqdan professorluğa qədər uğurlu bir yol keçmiş, 2000-2005-ci illərdə həmin kafedranın müdiri vəzifəsində çalışmışdır. 2006-cı ildən Türkiyə Mersin Universitetinin riyaziyyat bölümündə professor vəzifəsində çalışır. O, 60 elmi məqalənin, 9 kitabın müəllifidir.
Nazim Kərimovun rəhbərliyi ilə 5 nəfər fəlsəfə doktoru, 1 nəfər elmlər doktoru dissertasiyası müdafiə etmişdir.

Mənbə və müəllif: Misir Mərdanov

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Professor Nadir Sülymanov

Əziz dostlar, dekabrın 15-i fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Sülymanovun doğum günüdür.

Süleymanov Nadir Məmməd oğlu 15 dekabr 1932-ci ildə Ucar rayonunun Rəstəcə kəndində anadan olmuş, 1951-ci ildə 1 nömrəli Ucar şəhər orta məktəbini bitirmiş, 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmiş (“İstilikkeçirmə tənliyi üçün Koşi məsələsinin ümumiləşmiş funksiyalar sinfində tədqiqi” mövzusunda buraxılış diplom işinə görə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin birinci mükafatı verilib), 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin, 1959-1962-ci illərdə Moskva Dövlət Universitetinin aspirantı (elmi rəhbəri: məşhur alim Georgi Yevgenyeviç Şilov), 1975-1977-ci illərdə doktorantı olub. 1964-cü ildə ADU-da “Diferensial operator tənliklər üçün yarımfəzada korrekt sərhəd məsələləri (01.01.02)” mövzusunda namizədlik, 1982-ci ildə Lomonosov adına MDU-da “Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr və diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi məsələləri (01.01.02)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1960-1965-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi, 1965-1970-ci illərdə həmin institutda baş elmi işçi, 1970-1984-cü illərdə ADU-nun mexanika-riyaziyyat fakültəsinin funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının dosenti, 1984-1990-cı illərdə professoru, 1990-2000-ci illərdə ehtimal nəzəriyyəsi kafedrasının müdiri, 2012-ci ildən 2015-ci ilə kimi BDU-nun funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında professor-məsləhətçi vəzifəsində işləmişdir.
2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.

Professor Nadir Süleymanov dəfələrlə Respublika Təhsil Nazirliyinin, Bakı Dövlət Universiteti rektorluğunun fəxri fərmanları ilə təltif olunmuş, 2009-cu ildə ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. 2012-ci ildə Moskva Dövlət Universitetinin nəşriyyatında onun “Ehtimal, tam funksiya və evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” adlı monoqrafiyası çap olunmuşdur. Həmin monoqrafiya haqqında görkəmli riyaziyyatçı, Rusiya Elmlər Akademiyasının akademiki Moskva Dövlət Universitetinin professoru V.A.İlyin geniş resenziya yazıb və onu “Pure and Applied Mathematics” jurnalında çap etdirmişdir.
Nadir Süleymanov xüsusi törəməli diferensial tənliklər, funksional analiz və ehtimal nəzəriyyəsi sahələri üzrə mütəxəssisdir. 80-dən çox elmi məqalənin, 2 monoqrafiyanın və bir kitabın müəllifidir. O, 24 oktyabr 2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Allah rəhmət eləsin.

Mənbə və müəllif: Misir Mərdanov

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Noyabrın 23-ü professor Kazım Həsənovun anım günüdür

Professor Kazım Həsənov

Əziz dostlar, noyabrın 23-ü professor Kazım Həsənovun anım günüdür. 1970-1973-cü illərdə AMEA-nın müxbir üvü, professor Qoşqar Əhmədov və professor Kazım Həsənov mənim elmi rəhbərlərim olmuşdur. Kazım müəllimi çox yaxşı tanıyırdım. O, sadə, təvəzökar, nəcib, müsbət insani keyfiyyətləri özündə birləşdirən şəxsiyyət idi. Kazım Həsənovun əziz xatirəsi mənim qəlbimdə daim yaşayacaqdır. Allah rəhmət eləsin.

Həsənov Kazım Qara oğlu 1 iyul 1934-cü ildə Tovuz rayonunun Aşağı Əyyublu kəndində anadan olub, 1943-1953-cü illərdə orta təhsilini Aşağı Əyyublu kənd məktəbində almış və həmin məktəbi əla qiymətlərlə bitirib 1953-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə daxil olmuşdur. 1958-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1958-1961-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının “Diferensial tənliklər” ixtisası üzrə aspirantı olmuşdur. 1961-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Elmi Şurasında akademik Əşrəf Hüseynovun rəhbərliyi ilə “Kvazixətti hiperbolik və parabolik tipli tənliklər üçün qarışıq məsələlərin həlli haqqında (01.01.02)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1966-cı ildə “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrası üzrə dosent, 1991-ci ildə isə “Diferensial və inteqral tənliklər” kafedrası üzrə professor elmi adlarına layiq görülmüşdür.

Əmək fəaliyyətinə 1959-1961-ci illərdə Azərbaycan Dövlət Universitetində müəllim, 1961-1967-ci illərdə eyni universitetin nəzdindəki Hesablama mərkəzində “Nəzəri tədqiqatlar” şöbəsinin müdiri, 1967-1988-ci illərdə “Diferensial və inteqral tənliklər” kafedrasının dosenti, 1988-2015-ci illərdə həmin kafedranın professoru, Tətbiqi riyaziyyat Elmi Tədqiqat İnstitutunun “Riyazi modelləşdirmə və avtomatlaşdırılmış sistemlər” şöbəsinin aparıcı elmi işçisi vəzifələrində çalışmışdır.

Keçmiş ittifaqda optimal idarəetmənin riyazi nəzəriyyəsi sahəsində qəbul olunmuş yeddi elmi məktəbdən biri, məhz Azərbaycan optimal idarəetmə məktəbidir və onun yaranmasında və inkişafında Kazım Həsənovun böyük xidmətləri olmuşdur.

Kazım Həsənov optimal idarəetmə və xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinin bir çox məsələlərinin tədqiqi sahəsində tanınmış mütəxəssis olub. Bu istiqamətlər üzrə onun rəhbərliyi ilə 30-dan çox tədqiqatçı namizədlik dissertasiyası müdafiə etmişdir. Sonralar onlardan dördü elmlər doktoru dissertasiyası müdafiə etmişdir.

Kazım Həsənov 130-dan çox elmi məqalənin, monoqrafiyanın müəllifi olmuşdur. Onun həmmüəllif olduğu “Adi diferensial tənliklər” adlı dərsliyi, “Optimallaşdırma üsulları”, “Diferensial tənliklər, məsələ və misallar həlli ilə”, “Funksiyalar nəzəriyyəsi və funksional analiz”, “Xətti inteqral tənliklər” adlı dərs vəsaitləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və respublikamızın ali riyaziyyat tədris olunan bütün universitetlərində istifadə edilir.

O, universitet və fakültənin ictimai işlərində fəal iştirak etmiş, fakültənin elmi, müdafiə və Respublika tədris-metodiki şuralarının üzvü olmuşdur. Kazım Həsənov 2009-cu ildə respublikanın ”Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.

2015-ci il noyabrın 23-də Bakı şəhərində vəfat etmişdir.

Mənbə və müəllif: Misir Mərdanov

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana