Etiket arxivi: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLA – QAYLDIŞ ŞEİRİ

QAYLDIŞ ŞEİRİ

Səni tərk eləməyin özü bir günah idi,
Hara qaçsam da vardı üstünə qayıtdığım.
Onda küsüb çəkdiyim bir sinəlik ah idi,
İndi soyuq məzardı üstünə qayıtdığım.

Ömür dediyin yoldu sağa-sola çapdığım,
Bəzən səhvdə inadım, bəzən düzdə sapdığım,
Əvvəl-axır oldu bax qəlb ağrısı tapdığım,
Bir təklik xofu sardı üstünə qayıtdığım.

Bir az həsrətdir varım, bir az da ağrıyan can,
Oyurdu sol sinəmi son anda susan fəğan.
Solğun xatirələrdi gətirdiyim ərməğan,
Bir az da intizardı üstünə qayıtdÇəkdi,

Ürəyi dolu gəldim, yolum yağışa düşdü,
İki damla göz yaşı buz kimi daşa düşdü…
Dünyanı dolanıb da dönüşüm qışa düşdü,
Saçlarımdakı qardı üstünə qayıtdığım…

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

DAHA ÇOX XƏBƏR – ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Roman kimi şeirlər – Pərvanə Bayramqızı

Roman kimi şeirlər

Süleymana qalmayan dünyada “Süleymana qalmayan şeir”lər də var, bunu bildiyi halda Süleyman Abdulla yenə şeir yazır. Yazır ki, oxucu çeynənmiş qafiyələrdən, təkrarlanan fikirlərdən ayrılsın. Bəzən adama elə gəlir, onun yazdıqları şeir deyil, çünki bu yükdə, bu ağırlıqda poeziya olmur. S.Abdullanın şeirləri özündən roman yaradan şeirlərdir. Ona görə həmişə soruşuram: indi roman oxumağa vaxt, hövsələ yoxdur deyirlər, bəs Süleyman Abdullanın şeirləri niyə oxunur? Bəs bu roman kimi şeirləri kim gözlərinə təpir?

Şeir quş deyil ki oxuyan kimi uçub getsin. Misralar ilan torpaqda süründüyü kimi ürəklərdə sürünməsə, ruha dolanmasa, cismi çalmasa ondan heç nə qalmaz. S.Abdulla fiziki hadisələri poeziyaya gətirir. Oxuyanda görürsən ki, günəş boylanır, qəfil tufan qopur və birdən-birə sakitlik çökür. Şeirə nəyi qatsa, gözəl və sanballı olur. Bir şeirə bir dünya məna yükləyir. Bütöv yaradıcılığına nəzər salanda orda həyatın təkcə eniş-yoxuşunu yox, sevincini, nəşəsini, qalibiyyətini də görmək olur. Döyüşçü şairin poeziyasının hərb meydanını xatırlatması başadüşüləndir. Müharibənin ilk günlərində şair nisbətən sakit təsiri bağışlayır:

Bərk xəstələnmişdim döyüşlər başlayanda,

sayıqlama kimi anlayırdım cəbhə xəbərlərini.

Gözlərimin qabağından uçuşan

işıldaböcəklər kimiydi yaylım atəşləri.

Bədənim od içində olduğundan

hiss etməmişdim hərarətini atəşfəşanlığın.

Bir müddət sonra artıq cəbhə xəttində dərk etdiklərini, duyduqlarını söyləyir:

Torpaq qoxuyan hərbi geyimdir

geyimlərin ən ruhanisi…

Peyğəmbər hirqəsi kimidir

dizləri otlardan göyərmiş komuflyaj,

ətəyi öpüləsi xaki buşlat…

bir qəhrəmanın soyunduğu

çəkmələrin kəskin iyi…

Necə çatlayır adamın bağrı səadətdən…

S.Abdulla adı çəkiləndə adamın dilinə balasını hərbi gödəkcədə böyüdən şair ifadəsi gəlir. İfadənin yaranmasına səbəb olan şeiri oxuyaq:

O vaxt çox gərəkdi Vətənə əsgər,

Sevindim,

igidim dünyaya gəlmiş!

O gün havalar da xeyli soyuqdu,

Göydən narın-narın tökülürdü nəm.

Yolu yüyrək idi doğum evinin,

Barıt qoxuyurdu hərbi gödəkçəm.

Yorğun gözlərimdən sevinc yağırdı,

İlahi, boz çiskə çevrildi qara.

Qollarım yollandı dümağ qundağa,

Ciblərim yol oldu muştuluqlara.

Bakıya dönürdü səadət köçüm,

Qardan qorğanırdı özünü hamı.

Nə pulum qalmışdı,nə maşın vardı,

Hərbi gödəkcəmə bükdüm balamı.

Piyada yürüdük vağzala qədər,

Hərbi iş dediyin belə işdi dəə…

Təlaşla qundağı açıb yoxladıq,

Körpə puçur-puçur tərləmişdi də…

…Sonra illər keçdi o qarlı gündən,

O körpə böyüdü bir ərən oldu.

Böyüdü, boy atdı elə o ruhda,

Hərbi gödəkcəmlə boyu tən oldu.

Məncə, heç bir interpretasiyaya ehtiyac yoxdur. Şeir özü səhnədir, hər şeyi göstərir.

Ordudan geri döndüyü gündən qələbə çalınanadək poeziyasında hər şeyin adı torpaq, vətən, ordu oldu. Hərbçi sərtliyi göstərmədiyi, “irəli” deyib bağırmadığı, hədə-qorxu gəlmədiyi halda şeirlərində düşməni məğlub etməyə yetəcək qədər qüvvə – dərin məna hiss olunur. Hərb dünyasını müdrikcəsinə anladır.

İllər ötdü, şair də yaşıdları da yaşa doldu, yerlərini gənc Azərbaycan oğulları aldı. Qismətimizə bir-birimizə yurdun işğaldan azad edilməsi münasibətilə gözaydınlığı vermək yazıldı. Qələbə çaldıqdan sonra şairdə bütün azərbaycanlılartək qürur hissi daha da gücləndi, sanki əlimizi vətənin çiyninə qoyub: – Səni xilas etdik. – deyib öyündük. Döyüşün ilk günlərində:

Az qaldı təbrik etməyə,

Lap çoxdan ağrıyan yolu.

Öpüb göz üstə qoymağa,

Gözlərini qıyan yolu. – ümidində olan şair:

Kəsdik canımıza atəşdən həkət,

Ayırmaq mümkünmü ocağı daşdan?

Gözün aydın olsun alov məmləkət,

Hər evə bir çınqı düşdü savaşdan. – deyərək nəticəni yazmağın sevincini də yaşadı. Öz təbirincə desək, “ağır tonnajlı şeirlər”in vaxtı çatdığından qələm də zirehləndi.

Orda

indi şeir yox,

dastan yazılır, əfəndim,

elə bir dastan ki,

bütün əlifbalar sirena səsinə sığmaz,

bütün qrafikalar həyəcan siqnallarına…

Qəhramanlıq salnaməsi!…

cümlənin mübtədası avtomat səsləri ilə başlayır,

feli qurtarır raket atəşləri ilə…

Vətənin hər halı gözəldir. Şair onu dərd-bəlası ilə birgə sevir.

Azarı da gözəldir Vətənin,

ağrısı da,

şəhadəti də!

O hər şeyə hazır olduğu üçün hərb həyatını seçib. Bilir ki, ölüm də ola bilər, qələbə də.

Belədir bu işlər, cənablar,

heç nə hazır olmur sudan-havadan…

Vətən istəyirsənsə

hazır olmalısan hər cür itkilərə.

Torpaq dediyin döyüşlərdən başlar,

döyüşün döyüşçüləri olmalı,

döyüşçülərin şəhidi…

Qəhrəmanlıq bər-bəzəkli söz deyil,

canı-qanı bahasına

həyata keçən əməldir şücaəti olanlara…

Əsl gerçəyi sonda göstərir:

Bütün saf sevgilərin nəticəsi eynidir:

QƏLƏBƏ!

bütün qələbələrin səbəbi:

İSTƏK!

Milyonlarla ürək eyni ritmdə döyünürsə,

milyonlarla nəbz eyni ahənglə vurursa,

başqa yolu yoxdur əks tərəfin,

ağ bayraq qaldırmalı.

Ədalət milyonların – yurdunu sevənlərin, onun əsl sahiblərinin tərəfində olduğundan düşmən məğlub oldu.

Ömrü səngərlərdən keçən şairin, eyni zamanda, ədəbiyyatın poeziya hanasına sevgidən, xoş duyğulardan ilmələr tökməsi sevindiricidir. Demək, ruh silaha qalib gəlir. S.Abdullanın vətən adlı, torpaq qoxulu poeziyası təkcə od-alovlu müharibəni andırmır. Onun gözəl sevgi şeirləri də var. “Süleymana qalmayan şeir” ifadəsinin açıqlamasının vaxtı öz-özünə yetişdi. Profilini izləyirəm, duyğulu şeirlərini paylaşan kimi götürüb düz oxucuların yanına aparıram. Qarşılarına qoyuram: sərt görünən şairin yumşaq ürəyi var deyirəm. Görün sevgidən necə gözəl yazıb:

Uşaq oyunu kimidir sevgi,

Ya da uşaq oyuncağı kimi…

Əyləncədir bir üzü,

göz yaşları və səadət – o bir üzü.

Yersiz küsüb-barışmağı,

göysüz cığallığı var.

Qaşınmamış yerdən qan çıxarmağı bir başqa,

Nahaqdan qarşı çıxar haqqa da arada.

Olur ki, darı dələr qulağı,

Olur ki, adam eşitməz, söz anlamaz.

Bəzən qıyya çəkməyi, bəzən lallığı var.

Amma nə olur-olsun,

Qar kimi təmizliyi,

su kimi saflığı,

çörək kimi halallığı var.

Sevənlərin uzaqlıq həsrəti də olur. Ömür boyunca gözləri yollardan yığılmır. Şair həmin uzaqları bu cür təsvir edir:

Uzaqlardan qorxur adam,

amma ürəyi də uçunur yaxınlaşmağa.

Bizim başqa nəyimiz var

görüş üçün səbirdən başqa daşmağa.

Ötdü “bağ dövrü, bostan çağı”,

qalan ömrümü keçirirəm uralarda…

Bəlkə belə yaxşıdır –

sən uzaqlarda, mən buralarda…

Yox,

əsəbləşmirəm daha

səma dolub yağış yağanda…

Üstümə ayrılığın buludları

qoşun-qoşun axanda…

Ölmürəm dərdindən gün işığının,

kədərlənmirəm bozluğundan havanın.

Çox gec anlamışam

xeyri yoxmuş cəngin, davanın.

Baxışların

damar-damar kif atıbsa, nə olsun?

Köksün altında

usanmış bir ürək yatıbsa, nə olsun?

Həsrətdən, intizardan usananda şair ürəyinə istirahət də verir, əgər istirahət demək mümkünsə…

İstirahət günüdür sənsizliyin,

Adamın ağlı işləmir fikirdən.

Yandirsəyi vurub qayğılar

beynimin tən ortasında…

Kədər belədən belə şellənir vücudumda,

nisgil elədən elə…

Sıxıntılar kölgələnir sinəmdəki səhrada.

Ürəyimdə dincəlir ağrılar,

Gözlərimdə üzür qəm

Uyumaq istəyir kirpiklərin yol həsrəti…

Bütün yoxluqlara rəğmən

yatmaq istəyirəm sinəmə sıxıb ürəyimi…

Bir gün dincəlmək haqqı var hər kəsin,

Canı çıxsın yorğunluğun…

Bu gün istirahət günüdür,

Ərkim də çatmır ürəyimə ki, deyim yat…

Oxudunuzsa soruşum: – Kim ürəyinə bu cür istirahət verir?

“Tez çıxarır yol adamı yolundan…”

Yolların bu tərəfi də varmış, yoxsa şair suçunu boynuna atmağa nəsnə tapıb?

Adam unutmaq istəməyəndə bəhanə tapıb sevir, ona görə:

Nə olsun ki veyil-veyil gəzirəm

Məndə səni unutmağa vaxt hanı? – deyir.

Şair ayrılığın ağır günlərini bədii estetikaya zidd ifadə ilə təsvir etsə də, vəziyyətin çətinliyini göstərə bilib:

daha gəlmərəm siz tərəflərə,

sən ki yoxsan

orda nə itim azıb?

Lap gəlim,

itirib-axtaran hanı…

Kim məni tanıyır, bilə kim azıb.

Yox!

Daha gəlmərəm siz tərəflərə,

Bir səbəbmi qalıb baş çəkəm, dəyəm?

Küçə itləri də hürməz,

çünki mən

sənsiz qalan gündən it günündəyəm…

“Sinənin sən yeri və küt ağrı…” şairin həkimliyi də olur, onun diaqnozuna şübhə ola bilməz:

Bir küt ağrı var,

Sinəmin sən yerində.

Ürəkmi adın?

İztirablarla ötən günlərin ürəkdə buraxdığı izlər görünməz, alın isə yaşananları açıb-ağardır. Dağların sinəsində salınmış cığırları yalnız o xatırladır.

Ömrün payızını yaxşı-pis nəsə,

Səni unutmağa həsr etdim, sağ ol.

Qalan ömür qısa, gedən yol kəsə,

Nə vaxtı saxladım, nə getdim, sağ ol.

Ev-eşik başıma gəlir dar, nədir,

Ya mən böyümüşəm, ya kiçilib dam.

Niyə düşünürsən sənə görədir,

Buludlu havada darıxır adam.

Sevənlər olurlar dişqarı dindən,

Amma ayrılığın olmaz savabı.

Vurur ürəyinin sınıq yerindən,

Əsəbi “vargəl”in “yoxget” cavabı.

Əzab vermək imiş qərəzi, qəsdi,

Hərənin bir sevgi qəzası olur.

Başqa da baxırsan dünya məhbəsdi,

Sevənin ömürlük cəzası olur.

Öhd olmaz çuxası qara yatmışa,

Ağaran gözümdə çaşdı haqq yolu.

Ömrün payızını dövr etdim qışa,

Səni unutmağın yoxmuş “sağol”u.

Sevənə təşəkkür edilmirsə, unudana da sağ ol deyilməz. Hər ikisi adamın özünə verdiyi zülmdür.

Bütün olanlardan sonra şair Hamletsayaq sual verir:

Hansı çox əzizdir: yaramı, yarmı?

Nədir suya dönən: ağılmı, qarmı?

Cavab vermək əvəzinə mən də özümdən soruşdum:

– Hansı çox əzizdir: yaramı, yarmı?

Deyəsən, tapdım… yarın vurduğu yara da əzizdir, axı hər yara şeirə çevrilə bilmir…

Ağlın suya dönmə halı sevməkdir. Məncə, ağıllı adamlar sevə bilmirlər. (Bacaranlar etiraz edə bilərlər.) Şair yazdı getdi, indi gəl sən bütün bunları saf-çürük elə.

Gördünüz, Süleyman Abdullanın şeirlərindən özünə heç nə qalmadı…

Müəllif: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə

SÜLEYMAN ABDULLANIN YAZILARI

DAHA ÇOX XƏBƏR – ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SÜLEYMAN ABDULLA – ŞEİRLƏR

QURBANLIQ ŞEİR

Hər şey öz yerini tapır axırda,
Varır öz yerinə axırda hər kəs.
Ya uca, ya alçaq, ya küt, ya aqil,
Ya iri, ya orta, ya xırda hər kəs.

Nə var o üzündə o ilğım dağın,
Çıxdı göy üzünə qarası ağın.
Min cürə yolu var yolçu olmağın,
Bircə xeyir üçün yüz dənə şər kəs.

Yovşanla, tikanla doludu səhra,
Zülmət “olmaz”ların “ol”udu səhra.
Bütün dəvələrin yoludu səhra,
İstər arvana kəs, istərsə nər kəs…

YERLƏRDƏ

Düz danışıb düz yaşamaq çətindir,
Yağışı da əyri yağan yerlərdə.
Əlli heç e, yüz yaşamaq çətindir,
Nəzir uman, ələbaxan yerlərdə.

Həvəsmi var haqq adına dinək də,
Murad deyib bəxt atını minək də…
Adamlardan dəyərlidir inək də,
Vətəndaşı soyub-sağan yerlərdə…

İmkanmı var “nüm” yerinə “nəm” edək,
Ağlımızı başımıza cəm edək.
Göz dəyəsi nə qaldı ki, qəm edək,
Göz qaytaran bu dağdağan yerlərdə.


Həyatdı, son günə tədbirli olun,
Bəd gündə lənətin ən tuğu vardır.
A gənclər, bir qədər səbirli olun,
Hər kəsin qocalmaq hüququ vardır.

TİTRƏDİ

Bu gün duyub susdum bir harayı da,
Ürəyimin sancan yeri titrədi.
Bir də çətin sağ vaxtına qayıda,
Bir can dediyin on can yeri titrədi.

Hava xoşdu, daşdı pencək qolumda,
Bir gündəyəm “olmayımda, olumda”
Bu qış günü əsən nəydi solumda,
Ancan yeri, qancan yeri titrədi.

Tufan olmaz əsən səsi hər kəsin,
Sona qalıb bir həvəsi hər kəsin.
Var on ballıq zəlzələsi hər kəsin,
Sağ canımın “son can” yeri titrədi.

OLMAZLARIN ŞEİRİ

Yolun dağı daşa, düzü yoladı…
Daş atıb baş tutub yanımaq olmur.
Kim deyir ki, yollar üzü yoladı,
Tərsinə düşəndə tanımaq olmur.

Görən varmı doyasını dünyanın,
Bircə gün boş qoyasını dünyanın.
Qatan çoxdu boyasını dünyanın,
Kim dedi qaranı sanım ağ,- olmur.

İLAXIR ÇƏRŞƏNBƏNİN ŞEİRİ

İl döndü, ay çöndü, gün yelə gəldi,
Axır çərşənbənin sona yaz çıxdı.
Xızır elə gəldi, at belə gəldi,
Hərənin ağzından bir avaz çıxdı.

Dil açar göylərə atəşin guru,
Söndürmək su ilə alovu olmaz.
Olsun ki tökülər ağır-uğuru,
Şər vaxtı xeyirin söz-sovu olmaz.

Sakit dayanmağı çoxu ar bilər,
Kədərin qoynuna var şən atılmaq.
Təkcə oda düşən adamlar bilər,
Olmur hər tonqalın üstdən atılmaq.

Bəlkə kül altında bir köz sağ qalar,
Bayramın sabahı gəlsə yaz soyuq.
Adama ovcunu hovxurmaq qalar,
Hisli əllərini yandırmaz soyuq…

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

DAHA ÇOX XƏBƏR – ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SÜLEYMAN ABDULLA – MİNİMALİST ŞEİRLƏR

MİNİMALİST ŞEİRLƏR

Nə olur-olsun,
çiçəklər açmağından qalmaz,
quşlar uçmağından…
Qanad quranların
uçmaq arzusu olmayıb heç vaxt,
gül qoparanların da çiçəkləmək…


Hamı göyə üz tutdu
əlləri, duaları, umacaqları ilə…
Amma
heç kim özü ilə aparmadı göy üzünü.
Hamı torpağa döndü axırda, torpağa…


Təkcə ağrılardan deyil
həzzdən də gələ bilir ölüm.
Və ən ağrılısı odur ki,
ömrünün ən yaxşı məqamda çatır əcəl,
yəni
yaşamaqdan həzz almağa başladığın vaxtda..


Elə dünyanın işləri də həmişə pis getmir,
arada düzələ də bilir adamlarınkı kimi.
Amma işlərin ən pisi
dünya ilə sakinləri arasını vuranıdır..


Olan işdi,
bir gün səndən tez ölsəm,
dünyanın yaxşı vaxtında getdi, – deyərsən.
Nə ağrılar gördük, nə həzzlər çəkdik.
Bizə qalsa, hər şeyə rəğmən,
dünyaya yenidən gələrdik.


Bir ömür əlləşdik həyatla,
vuruşduq zamanla,
çarpışdıq ədalətsizliklərlə.
Gah suları tərsinə üzdük,
gah düzünə üzüldük haqsızlığın.
Sən demə, əlləşmək yox,
ayaqlaşmaq gərək imiş, zamanla ayaqlaşmaq!


Burulğanlarda qərq olmaq daha böyük dərd,
qəhr olur gücsüzlüyünü biləndə adam.
Bir suların dibsizliyinə enmək var,
bir də
dalğaların ağuşunda ənginliklərə qalxmaq.
O zaman anlayırsan ki,
güc başqa şeydi, zor başqa şey…


Əli ətəyindən uzun olanlar yaxşı bilir
ancaq nağılda olur
Cırtdanın divə qalib gəlməsi.
Xəlbirlə su daşımaq bir başqa qaravəlli…


Aldandıq
“pul əl çirkidir” deyən kəslərə.
Özləri sərvət topladılar xımır-xımır
pul-para, var-dövlət, mal-mülk sahibi oldular,
biz yenə lüt-üryan qaldıq çölün düzündə…

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

DAHA ÇOX XƏBƏR – ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

QAZİ – ŞAİRİN “QAR DUASI”

QAZİ – ŞAİRİN “QAR DUASI”

Şairlər də Tanrının elçiləridir. Bu inama məni Süleyman Abdullanın “Qar duası” gətirdi. O, “Tanrının qarla dediyini” bizə poetik dillə çatdırdı. Anlatdı ki, qar “qaranlıqları üşütmək” üçün yağıb…

Nə yaxşı ki, yağdı bu qar. Bəlkə bizi qorxudan qatı qaranlıqları qorxudar həm də. O qədər qaranlıqlar var ki, içində özümüzü görə bilmirik, fikirdən başımızı itiririk. Bəlkə dübbədüz çıxan hava proqnozunun gətirldiyi ilahi bəyazlıq aydınladar bu qaranlıq müəmmaları…

Süleyman Abdulla öncəgörənlik edir – hava proqnozu verir, bizim işimizə “şərik” olmaq iddiasındadır. Biz onun şeir mülkündən qidalanmaq istəyəndə əlimiz ona çatmır, çünki o zirvəyə yol gedir. O, zirvədə “Qar duası” edəndə açılmış qoşa əli Tanrının əlinə çatır. Əlimiz Tanrının əlində olmaq bizim də arzumuzdur. Tanrı da həqiqi sözə vurğun olduğundan şairlərin əllərindən yapışıb. Bizim isə bircə işimiz qalır – Tanrıya əl uzadanları uğurlamaq…

Amma öz aramızdır, şair yazanda ki, “bizim üçün təhlükə şimaldan gələndir, tutmaq olmur səmtini”, tam doğru deyir. Şimaldan – “sever”dən – “nord”dan gələnlər – istər hava kütlələri, istərsə də Pyotr törəmələri 200 ildən çoxdur ki, başımızın üstündə Domokl qılıncı kimi dayanıb başımızın üstündə, həmişə qaraltmağa çalışır Göy Tanrının göylərini və böyük Türkün qaynar qanını.

Qan yerdə qalacaqmı? Nə vaxt onların “tövrünü anlayacaq, təhərini biləcəyik”?..

Bizim proqnozlarımız üst-üstə düşür, qazi Süleyman. Sən də hidrometeoroloqların dediyini deyirsən şair diliylə:

İndi Qarabağda daha soyuqdu,
üşüyür küçələrin boşluğu…
Bir də komendant saatı
Xankəndindəki sülhməramlıların qolunda.
Laçın dəhlizinə yağan
yenə də qürbət qarıdır…

Kəlbəcərin yollarına heyran-heyran baxardıq. Xocalının qanlı qarının rəngi hələ dəyişməyib. 10 noyabr o yerlərin dumanını daha da qatılaşdırıb. Məramı müəmmalılar icazə vermirlər Xankəndinə, Xocalıya gedib o yerlərin temperaturunu ölçməyə, küləyinin səmtini təyin etməyə. Orada şimal küləyini “hay” küləkləri əvəz etmişdi, indi də “sever” səmtindən əsir. Bizim küləkölçənimiz qalıb “hay”la – huyun arasında.

Şair, minalar alan canları kimin üstünə yazaq? Qar altda gizlənən erməni xislətli mərmininmi, niyyəti, məramı məchullarınmı?

Hər sabah işıq qəlpələri ümidində,
hər axşam mərmi partlayışı xofunda…

Göy Tanrı bizə ismarışlar göndərir, şair-qazi qardaş (qandaş). Deyəsən o, nəhayət bizə baxır. Ustad Məmməd İsmayılın duası müstəcəb olub:

Sən də bizim kimi göyə baxırsan?
Dönüb yaratdığın yerə bax, Allah!

Bəli, Süleyman Abdulla,

“Tanrı qarla dedi gecə həqiqətləri…
…İndi bizi eşidən vaxtıdı göylərin”…

Tanrı deyib ki, səndən hərəkət, məndən bərəkət…

Sizin də, hidrometeoroloqların da proqnozları dəqiqmiş…

23 YANVAR 2021

Hörmətlə:  VAQİF OSMANLI

araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist

VAQİF OSMANLININ YAZILARI

TƏRLAN MUSAYEVA HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

SÜLEYMAN ABDULLA – ÇIXMAZ

ÇIXMAZ

Unutdu ağrını adın gələndə,
Ürəyim yerindən bir daha çıxmaz.
Sən mən dərd verdin, mən sənə həyat,
Çəksək haqq-hesabı çox baha çıxmaz.

Canıma kəsdiyin nə dovdu elə?
Atəşi içində bir qovdu elə.
Mənim düşdüyüm od-alovdu elə,
Qəlbimdə işaran köz aha çıxmaz.

Sinənə dərd çöksə, nəfəs dər elə,
Sökülər dan yeri, düşər şər elə.
Qaçar gözlərimdən gecələr elə,
Gördüyüm yuxular sabaha çıxmaz.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SÜLEYMAN ABDULLA – BİR GÜNÜN ŞEİRİ

BİR GÜNÜN ŞEİRİ

Səni unutmağın məqamı gəldi,
Tanış olduğumuz özəl bir gündə.
Səninlə yetişdi son deyilən an,
Səninlə başlayan əzəl bir gündə.

Səndin ləzzət qatan ömrün dadına,
Keçənləri arada sal yadına.
Bir gül şəkli çəkdim sənin adına,
Adın çiçəklədi gözəl bir gündə.

Bu axan zamanı kim saxlar, ömrüm,
Adamı qaçdığı tez haxlar, ömrüm,
Yasəmən taleyi yarpaqlar ömrüm,
Və qəfil saralar xəzəl bir gündə.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SÜLEYMAN ABDULLA – HAL-ƏHVAL

HAL-ƏHVAL

Oralarda nə var, nə yox, əziz dost,
Çox soyuqdur hava burda, desəmmi?
Zəhlə tökür itdirsəyi yağışlar,
Salam vermir quzu qurda, desəmmi?

Yaraşmadı heç kədər-qəm dağlara,
Üz tuturam buludu nəm dağlara.
Neçə ildi gedəmmirəm dağlara,
Nə Şorağa, nə Tikyurda, desəmmi?

Kimin üçün ha hərifik, ha xamız,
Dərd odur ki, rast gələ mız, baxa mız.
Cırılacaq əldə qalan yaxamız,
Darthadartda, vurhavurda, desəmmi?

Him-cim edən cimi üçün him istər,
Sarısından toxunmağa sim istər.
Qurdla qalmaq qiyamətə kim istər,
Düzələcək bəlkə surda, desəmmi?

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SÜLEYMAN ABDULLA – HAYKULAR

HAYKULAR

(5+7+5)

İşıqdı Günəş
Göz görüb hiss edəsi
Sonsuzluq qədər.


Əl çatan deyil,
Arzuların zirvəsi-
Bəlkə səs yetə.


Sağlam olmağın
Dəxli yoxdur sağlığa,
Qədəh dostları.


Su kimi şeir,
Axır qəlbimə, axır
Səs şırıltısı.


Ay doğdu, yolcu –
Ağ yolların adamı.
Süd yolu dümağ…


Nə sükutdu bu,
Hava ağır, yol yorucu.
Sıx, qara duman…


Bu dağın adı?-
Adı olmur hər fəthin.
Vətən sağ olsun!


Ağ yola düşüb,
Getmək və qayıtmamaq!
Haraya, niyə?


Bozarıb hava,
Şimal küləyi soyuq
Üşüyür şəhər.


Üşüyür günəş,
Qürub sarısı üfüq…
Yarpaq yağışı.


Ömür dediyin
Salamdan sağolacan.
Elə sevgi də…


Getdin, yaxşı yol,
Deyəsim var, xoş gəldin.
Gözüm yollarda…


Çox darıxıram,
Ömrüm dolu sənsizlik…
Çəkilir içim…


Həsrət dediyin
Yol ayrıcından başlar.
Aman, ayrılıq…

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

SÜLEYMAN ABDULLA – OLDU, OLMAYA…

OLDU, OLMAYA…

Sən mənə verdiyin söz unuduldu,
Dediyin vaxt-vədə doldu, olmaya?!
Məncə bir sevdanın başlanğıcıydı,
Bu görüş son görüş oldu, olmaya?!

Sənmi vəfasızsan, dünyamı yalan?
Vaxt könül bağçamı eylədi talan.
Yasəmən kolunun şaxıdır qalan,
Yellər ləçəyini yoldu, olmaya?!

Payız yağışları göz yaşı dadır.
Hərdən çisələyir, hərdən qar atır.
Burdan o yanası üzü qışadır,
Qəlbində arzular soldu, olmaya?!

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana