
BAYRAĞINIZI GƏTİRİN!
Həmin gün biz qovurmalıq edirdik. Bizim
kənddə qovurmalıq xüsusi mərasimdir. Camaat buna avqust ayından etibarən cani-dildən hazırlaşır. Kimi bir quzu, kimi iki quzu, kimi üç quzu, kimi də bir dana bəsləyir ki, oktyabr-noyabr aylarında kəsib qış üçün qovurmalığını hazırlasın.
Adətən, nənəm, əmilərim bizə gələrdilər. Əvvəlcə kəsilmiş qoçun içalatını cız-bız edib, elə həyətdəcə yeyərdik. Həmişə, əmim bu işi öz üzərinə götürərdi; erkəkləri kəsər, soyar, elə isti-isti böyrək yağı ilə erkəyin ürəyini, dalağını, böyrəklərini, ciyərini qızardardı. Əti doğrayandan sonra isə iş qadınlara düşərdi. Onlar əti qazana tökər, pörtlədər, böyük süzgəclərə yığıb suyunu o ki var süzər, qalanmış ocaqda yaxşıca qovurardılar. Ən yaxşı qovurmalıq heyvanın öz yağında bişirilmiş ət hesab edilərdi.
Kəsilmiş heyvan dana olanda isə əvvəlcədən alınmış qoyun quyruğu əridilər, ət onda basdırılardı. Bu işi də nənəmdən başqa heç kim edə bilməzdi. Ata nənəmi deyirəm…
Gəlinlər nə qədər oturuşmuş olsalar da, bü-
tün ailənin ətini nənəm qovurardı. Əgər ağbirçək nənəm bu işi görməsəydi, demək, ailədə nəsə problem vardı. Amma bu da mümkün olan iş deyildi. Çünki nənəm bu gəlindən küsüb o biri oğlugilə getsəydi də, hökmən qovurmalıq günü gedib könlünü alar, evə gəlməsi üçün razı salardılar.
Ərinmiş quyruqdan çıxan cızlıqdan isə heç
xoşum gəlməzdi. “Cızlıq” quyruğun kiçik ti-
kələrinin əriyəndən sonra qalan hissəsinə deyilir.
Mənim ən çox xoşuma gələn şey isə “cığatar” idi. Pörtlənmiş ətin suyundan hazırlanan bu yeməyə
quru lavaş doğrayıb, sonra da yumşaq lavaşla onu yemək bir başqa dad idi.
Pörtlənmiş ətin suyuna bir iki tikə ət-qəylə salıb qonşulara paylayardıq. Adətən, bütün qonşularımız belə edərdi. Bu o demək idi ki, “bizdə bişər, qonşuya da düşər”.
Bütün qonşular bu cür mərasimlərdə öz ne-
mətlərini bir-birilə paylaşardılar. Sanki belə olduqda hamı bir-birinin vəziyyətindən də xəbərdar olardı. Məsələn, əgər bu il İban əmigil qovurmalıq etmədisə,atam onlara göndərilən qəylənin bir az artıq olmasını istəyərdi. Hə, qəylələri həm
də qonşu ailənin uşaqlarının sayına görə qoyardılar.
– Ay qız, ordan çölməyi gətir, cığatarları bö-
lüm, – deyə nənəm anamı səslərdi.
Uşaqlıqdan bir xasiyyətim vardı. Yemək biş-
məmişdən bir tikə ət, ya da kartofu çölməkdən
götürəndə, elə bilirdim, dünyanın ən dadlı yeməyini yeyirəm. Elə ona görə də göz-gözə vurub
nənəmin pörtlətdiyi qəylələrdən birini oğurladım. Amma nənəm də nənə idi haaa. Necə görürdüsə, qovurma ağacı ilə yanımdan elə vururdu ki, gizlincə götürdüyüm qəyləm yerə düşürdü. Əslində, birini götürəndə söz deməzdi, am-
ma ikinci tikə olanda yaman hirslənərdi. Hələ
bir-iki qəşəng yağlı söyüş də dalımca söyərdi.
İndi də ətimi birtəhər içəri ötürüb Pıllı əmi-
gilə gedəcək çölməyi götürüb aradan çıxdım.
Naxçıvanda kiçik qazana çölmək deyilir.
Pıllı əmigil qapı qonşumuz olmasa da, ya-
xın qonşu hesab edilirdi. Anamla Afət xala çox yaxşı yola gedirdilər. Bəlkə də, əsas məsələ ikisinin dəsadəliyi idi. Bu onları bir-birinə yaxınlaşdırırdı. İndi də yadıma gəlir ki, Afətxalaheç vaxt
heç kimlə dilləşməz, sözləşməzdi. Nə su üstündə, nə təndirdə əppək yapanda, nə də uşaq üstündə. Ona görə də ailəmizin ən yaxın qonşusu hesab edilir, bayramda həmişə ilk olaraq onlara görüşə gedilir, onların payı aparılırdı.
Dəmir qapını çiynimlə birtəhər açıb, içəri
girdim. Bizim kəndin özünəməxsus xüsusiyyətlərindən biri də qapıların heç vaxt bağlı olmaması idi. Düzdür, sonralar ölkəmizin digər kəndlərini gəzəndə gördüm ki, bəzi yerlərdə heç bizimki kimi hasarlar da yoxdur. Nəinki qapı, qıfıl ola. Bunun da səbəbini özümə izah etmişəm.
Adətən, təbiəti zəngin olan dağ kəndlərində
hərənin az qala bir hektar həyəti var idi. Onları da hasarlamaq mümkün deyildi. Amma bizdə yaşıllıq olmadığından, camaat, sanki Naxçıvanın sərt soyuğundan qorunmaq üçün bir-birinə sıx
yaşayır, palçıq kərpicdən adam boyunda divarlar hörərdilər.
Həmin gün çölməyi Afət xalaya verib çıxır-
dım ki, oğlu Rahil içəri girdi. Ardınca da Pıllı əmi başılovlu gəlib:
– Ay qız, ordan motosikletin açarın ver gö-
rüm. Qurumsaqlar deyəsən, yenə qudurublar.
Bunların beytərini…
– Gəl, min motosikletə. Bunlar, deyəsən,
bilmirlər kimə ilişirlər. Günah səndədir axı, onlara maşın saxlayırsan. Dəqiq danış görüm, necə oldu? – deyə Rahildən soruşdu.
Rahil üçtəkərli motosikletin tərkinə minə-
minə dedi:
– Heç nə, ata, mən şəhərdən gəlirdim. Yol
polisi əl etdi, saxladım. Sənədlərimi istədi, verdim. Baxandan sonradedi ki, sənin etibarnamən Bakıda verilib. Sonra da məni maşından endirib, maşını da, sənədləri də götürüb getdilər. Dedilər ki, gələrsən idarəyə.
Pıllı əmi əsəbi şəkildə motosikletin “pedal”ına
bir təpik vurdu və tır-tır səsi aləmi başına götürdü.
– Sən də min, qapınızda düşərsən, – dedi
mənə.
Tələsik “kalyaska”da oturdum. Qapımızda
isə nə o saxladı, nə də mən səsimi çıxara bildim.
Çünki bütün uşaqlar kimi maşına minmək və
uzağa getmək mənim də xoşuma gəlirdi.
Birbaşa şəhər polis idarəsinə yollandıq. Pıllı
əmi idarəyə çatar-çatmaz düşüb, onun qabağını kəsərək: “Nə lazımdır, yoldaş?”, – deyən polisi itələdi. “Rəisiniz lazımdır”, – dedi.
– Rəisi neynirsən?
– Rəisinizin bayrağına baxacam.
– Başa düşmədim, necə yəni rəisimizin bay-
rağına baxacaqsan?
– Sənə nə var, əəəəə, küçük, mən rəisinizin
bayrağına baxacam, ondan sonra deyəcəm nə edirəm.
Pıllı əmi bunu deyib iri addımlarla idarəyə
girməyə çalışdı. Bu dəm bir neçə polis də səsə çıxdı.
– Ay yoldaş, bura bazar deyil. Bir durun gö-
rək, nə məsələdir?
Pıllı əmi isə elə tutmuşdu ki,“rəisinizin bay-
rağına baxacağam”.
Polislər isə vəzifələrini yerinə yetirərək Pıllı
əmini içəri buraxmır, sorğu-sual edirdilər. Beləcə, aləm dəydi bir-birinə. Bizim kəndlilərdən olan bir polis Pıllı əmini tanıdığından yaxınlaşıb: “Ay Pıllı, belə olmaz axı, yenə içmisən? Sakit-sakit de
görək, nə istəyirsən?”– dedi.
– Əşşi, sənə nə var? Mən sənin rəisinin bay-
rağını görməliyəm. Sözümü sonra deyəcəm, –deyə Pıllı əmi cavab verdi.
Bu arada kimsə rəisə baş verənlər haqda xəbər verdi. Rəis də Pıllı əmini tanıdığı üçün “buraxın gəlsin”, – dedi. Biz də sakit-sakit onun arxasınca getdik. Nə baş verəcəyini gözləyirdik. Polislərlə belə danışdığına görə, Pıllı əmi mənim qəhrəmanıma çevrilmişdi. Axı uşaqlıqdan bizi həmişə polislərlə qorxudurdular. “Polis gəlib atanı tutacaq” ifadəsi, sanki 37-ci illərin yükünü daşıyırdı. Elə bilirdik ki, istənilən halda polis səni
tutub apara və həbsxanaya sala bilər. Bu sovet idarəçilik sisteminin bizə verdiyi tərbiyənin nəticəsi idi.
Azərbaycan müstəqil olandan, demokratiya
yaranandan sonra öyrəndik ki, sən demə, polis təkcə kimisə həbsxanaya salmaq üçün deyilmiş. Həm də hüquqlarımızı qoruyan bir orqan imiş.
Pıllı əmi rəisin otağına girən kimi: “Sənin
bayrağının rəngi necədir?” – deyə qışqırdı.
Polis rəisi də təmkinli şəkildə: “Ay Pıllı, bu
nə sözdü? Bəyəm sən bizim bayrağımızın rəngini bilmirsən? Bax, budur, başımın üstündə:
göy, qırmızı, yaşıl. İstəyirsən, mənalarını da izah edim”, – dedi.
Pıllı əmi gülümsündü, sakitləşdi, sanki da-
marlarına birbaşa iynə vurmuşdular. Təmkinlə dedi:
– Mən də elə bildim ki, Naxçıvanda Azər-
baycan bayrağından imtina ediblər. Bə mənə de görüm, sənin o qurumsaqların niyə uşağın maşınını əlindən alıblar? Bəyəm Azərbaycanın bir bayrağı, bir gerbi, bir prezidenti yoxdur? Nə vaxtdan Bakı ilə Naxçıvanı ayırıblar? Orda verilən sənəd burda keçmirsə, demək ki, bura ayrı
dövlətdi, hııı? Onu çağır bura, “paqon”ların sökəcəm …
Rəis nəyin baş verdiyini təqribi bilsə də, özü-
nü bilməmiş kimi apardı. Maşının nömrəsini soruşub, onu saxlayan polis çavuşunu yanına çağırdı. İçəri girən kimi Pıllı əmi oğlundan soruşdu ki, “bu idi?” Rahilin “hə” deməyi ilə Pıllı əminin çavuşun yaxasından yapışması bir oldu. Yenə aləm bir-birinə dəydi.
Pıllı əmini tuturdun, tutulmurdu. “Sən qu-
durmusan ki, Naxçıvanı Azərbaycandan ayı-
rırsan? Sədr bunu bilsə, bilirsən sənə nə edərlər, ay ovrəş”, – deyib, bar-bar bağırırdı.
Pıllı əmini iki polis birtəhər sakitləşdirib, ça-
vuşu çölə çıxardılar.
Maşını da, sənədləri də Pıllı əmiyə qaytardılar. Və dedilər ki, heç olmasa, orda alınan etibarnaməni burada qeydiyyata saldırsın.
Biz kəndə gələndə qovurma mərasimi hələ
də davam edirdi. Pıllı əmi bizə gəldi. Həmin gün atamla yaxşıca içdilər də. Sonra içdikləri araq qədəhlərini boşaldıb, zərləri onunla ataraq nərd oynadılar. İkisi də cığal olduğu üçün həmişə belə edərdilər. Pıllı əmi etdiklərini həvəslə danışdı.
Hərdən də məni şahid göstərdi. Mən isə birinin üstünə beşini qoyub, bir polisi beş, beş polisi on edərək bu qəhrəmanlıqdan, onun polislərə necə dərs verməsindən danışdım. O gündən hamının
demaqoq kimi tanıdığı Pıllı əmi mənim üçün
haqqını tələb edən insan simvoluna çevrildi.
(2010. “Arvadsız kişi”. Hekayələr kitabından.
P.S. Şəkildə gördüyünüz əsərin qəhrəmanı Pullu əmidir.
Müəllif və mənbə: Şəmil Sadiq