Mehman Həsənli Daşkənddə Beynəlxalq elmi konfransda məruzə edib
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetində keçirilən Beynəlxalq elmi konfransın plenar iclasında məruzə ilə çıxış edib. Konfrans özbək cədidçilik hərəkatının görkəmli nümayəndələrindən olan Əbdürrauf Fitrətin anadan olmasının 140 illiyinə həsr olunub. “Professor Əbdürrauf Fitrətin ədəbi-elmi və ictimai-siyasi fəaliyyəti dünya cədidşünaslığı kontekstində” mövzusunda təşkil edilən konfransın plenar və bölmə iclaslarında 50-dən çox elmi məruzə dinlənilib. Qeyd edək ki, Mehman Həsənli uzun illərdir XX əsrin əvvəlləri özbək cədidçiliyi və Əbdürrauf Fitrətin yaradıcılığı ilə bağlı elmi araşdırmalar aparır. Alimin bu istiqamətdə çoxsaylı elmi məqalələri müxtəlif akademik nəşrlərdə dərc olunub, beynəlxalq konfranslarda məruzələr edib.
Ötən il müəllifin “Əbdürrauf Fitrət və özbək cədidçiliyi” adlı elmi monoqrafiyası nəşr olunub. Beynəlxalq konfrans çərçivəsində sözügedən monoqrafiya təqdim edilib.
“Yazarlar” olaraq Mehman Həsənlini təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Ədəbiyyat İnstitutunun əməkdaşları Türk dünyasına həsr olunan beynəlxalq konfransda çıxış ediblər
Bakıda Xəzər Universitetinin ev sahibliyi ilə “I Beynəlxalq Türk dünyasında kültür və dəyərlərin izləri” simpoziumu keçirilib. Azərbaycan, Türkiyə və Özbəkistanın elm və təhsil qurumlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə türkoloji elmin əsas istiqamətləri-ədəbiyyat, dil, tarix və mədəniyyət sahələrini əhatə edən 150-yə yaxın elmi məruzə təqdim olunub. Konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri də fəal iştirak ediblər. Plenar iclasda İnstitutun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim ailəmiz türk dünyasıdır” tezisinin yalnız tarixi ənənələrə söykənmədiyini, müasir dövr və gələcək üçün yeni birlik modelinin təqdimatı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Natiq konfransın yüz il əvvəl I Türkoloji qurultaya ev sahibliyi etmiş Bakıda keçirilməsini, eləcə də tədbirin Türkiyə və Özbəkistanın nüfuzlu elm və təhsil qurumları ilə birgə təşkilini Türk dünyasında elmi əməkdaşlığın genişlənməsi baxımından mühüm hadisə kimi dəyərləndirib. İki gün davam edən konfrans çərçivəsində Ədəbiyyat İnstitutunun əməkdaşları müxtəlif panel iclaslarında aktiv iştirak ediblər. Filologiya elmləri doktoru, professor Tahirə Məmməd və filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadə ayrı-ayrı panellərə sədrlik ediblər. Eyni zamanda, institutun əməkdaşlarından filologiya elmləri doktoru, dosent Xuraman Hümmətova, filologiya elmləri doktoru, dosent Almaz Ülvi Binnətova, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova, filologiya elmləri doktoru, dosent Eşqanə Babayeva, filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Şükufə Vəliyeva, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva, filologiya üzrə fəlsəfə doktoru Gülnar Yunusova, Maya Həsənli, Leyla Primova və Hicran Əhməd məruzələrlə iştirak ediblər.
Mehman Həsənliyə filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir – Təbrik edirik!
Yazarlar jurnalının redaksiya heyətinin üzvü dəyərli dostumz Mehman Həsənliyə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26.12.2025-ci il tarixli qərarı ilə filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir. Yazarlar cameəsi adından Mehman müəllimi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ortaq türk əlifbası ilə hazırlanmış ilk poeziya antologiyası “Elm” nəşriyyatında işıq üzü görüb
“Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” adlı antologiyada Azərbaycan və Türk dünyası arasında tarixi və müasir ədəbi əlaqələr poeziya nümunələri vasitəsilə ortaq əlifbada təqdim edilib. Qeyd edək ki, nəşrdə istifadə olunan latın qrafikalı 34 hərfli ortaq türk əlifbası Beynəlxalq Türk Akademiyasının rəhbərlik etdiyi Türk Dünyası Ortaq Əlifba Komissiyası tərəfindən 2024-cü ildə Bakı şəhərində keçirilmiş toplantıda qəbul edilmiş yekun qərara əsaslanır. Antologiyada çap olunan hər bir türk xalqına aid bədii nümunələr yazıldığı türkcədə və ortaq əlifbaya uyğunlaşdırılmış şəkildə verilib. Nəşrdə Azərbaycan şairlərinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr, Tatarıstan, Başqırdıstan və İraq-türkmanları haqqında şeirləri Azərbaycan dilində, həmin türk ellərindən olan müəlliflərin Azərbaycan mövzusunda yazdıqları şeirlər onların öz türkcələrində yer alıb. “Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” antologiyası AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə hazırlanıb və “Türkoloji qurultayın dərsləri və zəfəri” adlı ön sözü ilə nəşr edilib. Kitabın tərtibçisi və redaktoru filologiya elmləri doktoru Mehman Həsənlidir. Kitabın tərtibatı üzərində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Kərimova, mətnlərin ortaq əlifbaya uyğunlaşdırılmasında isə Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Qətibə Quliyeva çalışıb. Kitabdakı şeirlərin bir çoxu Türk respublikalarının kitabxana fondlarından, digər resurslarından toplanmışdır və ilk dəfədir ki, bir kitabda nəşr edilir. Nəşr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı ilə başlayır. Akademik İsa Həbibbəylinin “Türkoloji qurultayın dərsləri və zəfəri” adlı ön sözündə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, son yüz ildə türkologiyanın inkişaf yolu və perspektivləri şərh olunur, latın qrafikasına keçid haqqında qəbul edilmiş qərarın əhəmiyyətindən danışılır. Antologiyanın ədəbi mətn hissəsi Azərbaycanın xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri ilə açılır. Nəşrin Azərbaycan-Türkiyə bölməsində Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” və Yavuz Bülent Bakilərin “Azərbaycan ürəyimdə bir şahdamardır” şeirləri verilmişdir. Azərbaycan-Özbəkistan bölməsində Xəlil Rza Ulutürkün “Özbəkistan” və özbək şairi Abdulla Aripovun “Azərbaycan” şeirləri yer almışdır. Antologiyanın Azərbaycan-Qazaxıstan bölməsində Zəlimxan Yaqubun “Əhməd Yəsəviyə Zəlimxan Salamı” və qazax şairi Ədilkərim Əhmədovun “Salam, Azərbaycan!”, Azərbaycan-Qırğızıstan bölməsində Xəlil Rza Ulutürkün “Azərbaycan–Türk Salamı” və qırğız şairi Alıkul Osmanovun “Paravoz”, Azərbaycan-Türkmənistan bölməsində Süleyman Rüstəmin “Aşqabad” və türkmənlərdən İtalmaz Nuriyevin “Azərbaycan” şeirləri oxuculara təqdim olunmuşdur. İlk dəfə olaraq Azərbaycan-Şimali Kipr bölməsində xalq şairi Qabilin “Kipr” və Kiprdən Mahmut İslamoğlunun “Hazar” şeiri diqqətə çatdırılır. Azərbaycan-Tatarıstan bölməsində Bəxtiyar Vahabzadənin “Abdulla Tukay” və qarşı tərəfdən Məhəmməd Mirzənin “Bakı-Kubarık Jil”, Azərbaycan–Başqırdıstan bölməsində Əli Nəcəfxanlının “Başqırdıstana” və Başqırdıstanın xalq şairi Mustay Kərimin “Xuş Kildeqez!”, Azərbaycan-Altay bölməsində Sabir Rüstəmxanlının “Oxu, Altay Gözəli” və Altaylardan Pasley Samıkın “Azerbaycan poeti Fikret Gocağa” şeirləri oxuculara çatdırılır. Azərbaycan-İraq-Türkman bölməsində isə xalq şairi Nəriman Həsənzadənin “Kərkük yaylağı” və Fevzi Əkrəm Tərzinin “Azerbaycan Destanı” şeirləri yer alıb. Kitabda Azərbaycan və Türk dünyasından hər ölkənin səhifəsində həmin respublikanın tarixi memarlıq irsini əks etdirən foto-kollajlar da təqdim olunub. Milli Elmlər Akademiyasının nəşr etdiyi “Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” antologiyası Azərbaycanda yeni ortaq latın qrafikası ilə nəşr olunmuş ilk kitab kimi Birinci Türkoloji Qurultayın 100 illiyinə töhfədir.
Dekabrın 5-də Bakıda “Turan Balabilgə Akademiyası”nın təsis iclası keçirilib. Birinci Türkoloji qurultayın 100 illiyi ərəfəsində keçirilən tədbirdə Türk dövlətlərindən görkəmli ziyalılar, elm və ictimaiyyət nümayəndələri, deputatlar və digər fəxri qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları şagirdlərin hazırladığı bədii proqramla qarşılandıqdan sonra Hədəf Liseyində “Turan çadırı”nın açılışını ediblər.
Ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Makedoniya, Moldovadan olan nümayəndələrin də qatıldığı təsis yığıncağının iştirakçılarını səmimi salamlayan Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq bildirib ki, mühüm tarixi missiyanı yerinə yetirən Türk Dövlətləri Təşkilatı ortaq tarixi və etnik kökləri, müştərək milli-mənəvi dəyərləri birləşdirir və yaşadır. Prezident İlham Əliyevin liderliyində Azərbaycan təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasında mühüm rol oynayır, Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşməsinə öz dəyərli töhfələrini verir. İctimai təşkilatlar, elm-təhsil, mədəniyyət ocaqları da ortaq tarixi və etnik köklərə söykənən qardaşlıq əlaqələrinin möhkəmlənməsində yaxından iştirak edirlər.
Natiq vurğulayıb ki, 2025-ci il oktyabrın 8-də Qazaxıstanın Almatı şəhərində yerləşən Turan Universitetində təsis edilən “Turan Akademiyası” da bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. Akademiyanın ilk toplantısında Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” tezisi əsas götürülərək təşəbbüsümüzlə Bakı Hədəf Liseyində “Turan Balabilgə Akademiyası”nın yaradılması qərara alınıb. Qısa zaman ərzində təşkilati işlər başa çatdırılaraq təsis yığıncağına ciddi hazırlıq görülüb.
Yığıncaqda “Turan Balabilgə Akademiyası”nın fəxri və qurucu üzvlərindən Qazaxıstanın Turan Universitetinin rektoru Rahman Alışanov, türkoloq alim Firudin Cəlilov çıxış edərək “Turan Balabilgə Akademiyasının” fəaliyyətinə uğurlar arzulayıb, türk tarixi və mədəniyyəti ilə bağlı müəllifi olduqları kitabları Hədəf liseyinə hədiyyə ediblər.
Milli Məclisin deputatı Cavanşir Feyziyev, şair Rüstəm Behrudi, Türk Xalqları Toplantısının rəhbəri, Turan Akademiyası rektorunun köməkçisi Mahmud Oral, Turan Universiteti rektorunun köməkçisi Gülzhanat Tayauva, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitunun direktoru Hikmət Quliyev, Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Fariz Yunisli və digərləri çıxış edərək bildiriblər ki, Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar davamlı xarakter daşıyır. “Turan Balabilgə Akademiyası”nın yaradılması da ortaq Türk mədəniyyəti, tarixi, dil və elmi ənənələrinin araşdırılması və təbliği, Türkdilli ölkələrdə və icmalarda elm, təhsil və innovasiyaların inkişafına yönəlmiş tədbirlərin keçirilməsi, Türk xalqları məktəbliləri arasında əməkdaşlıq və akademik-mədəni əlaqələrə töhfə vermək baxımından əhəmiyyətlidir. Akademiyada ideyası milli kimliyə və müdrikliyə əsaslanan, həm texnoloji, həm də mənəvi dəyərlərlə zəngin, gələcəyə fikirlə yön verən türk gənci modeli yaradılmalıdır. Bu gənclər həm tarixini bilən, həm gələcəyi quran, həm də bəşəri elmə inteqrasiya olunmağı bacaran nəsil olmalıdır.
İclasda Şəmil Sadiq “Turan Balabilgə Akademiyasının prezidenti, Mirkan Aydın vitse-prezidenti, Elvin Əliyev isə katibi seçiliblər.
Çıxışlardan sonra “Turan Balabilgə Akademiyası”nın nizamnaməsi və loqotipi təsdiq edilib. Bildirilib ki, akademiya fəaliyyətini könüllülük, bərabərlik, özünüidarəetmə, akademik azadlıq, mədəni ənənələrə hörmət və Azərbaycan respublikası qanunvericiliyinə riayət prinsipləri əsasında, “Turan Balabilgə Akademiyası”nın nizamnaməsinə uyğun şəkildə həyata keçirir. Hüquqi şəxs statusuna malik olmayan akademiyanın fəaliyyətinə dair təşkilati və metodiki dəstəyi Bakı Hədəf Liseyi təmin edir.
Sonra fəxri və qurucu üzvlərə diplom və plaketlər, “Turan Balabilgə Akademiyası”nın ilk üzvləri və bölmə rəhbərləri seçilən balabilgələrə isə sertifikat və nişanlar təqdim olunub.
TÜRKSOY-un baş katibi Sultan Raev, Turan Universitetinin rektoru və Turan akademiyasının prezidenti Rahman Alşanov və tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilov Naxçıvanın təbii daş duzundan hazırlanmış, üzərində Orxon-Yenisey əlifbası həkk edilmiş Turan Balabilgə Akademiyasının ilk mükafatına – “Turan bilgəsi” nominasiyasına layiq görülüblər. Digər qonaqlara da xatirə hədiyyələri, Türk tarixi və Türk birliyindən bəhs edən kitablar verilib, xatirə fotosu çəkdirilib, Sumqayıt kitab sərgisi ilə tanışlıq olub.
Təsis yığıncağının iştirakçıları səfər proqramı çərçivəsində Bakı şəhərinin tarixi məkanlarında olub, Şəhidlər xiyabanını və Zəfər muzeyini ziyarət ediblər.
Turan Balabilgə Akademiyasının fəxri üzvləri
Rahman Alşanov – Turan Universitetinin rektoru, Turan Akademiyasının rektoru (Qazaxıstan)
Mahmut Oral – Türk Xalqları Toplantısının rəhbəri, Turan Akademiyası rektorunun köməkçisi (Türkiyə)
Gülcanat Tayauova – Turan Universiteti rektorunun köməkçisi (Qazaxıstan)
Sultan Raev – TÜRKSOY-un Baş katibi
Mahirə Hüseynova – ADPU prorektoru (Azərbaycan)
Nizami Cəfərov – Atatürk Mərkəzinin direktoru (Azərbaycan)
Cavanşir Feyziyev – Millət vəkili (Azərbaycan)
Fazil Mustafa – Millət vəkili (Azərbaycan)
Rasul Ahmetov – Qazaxıstan Xalqları Assambleyası direktorunun köməkçisi (Qazaxıstan)
Almaz Toktomamatov – Cümhuriyyət Pedoqoji Kadrların İnkişafı İnstitutunun baş direktoru (Qırğızıstan)
Tufan Gündüz – Qazi Universiteti (Türkiyə)
İlbər Ortaylı – Tarixçi, professor, Türk Tarix Qurumunun fəxri üzvü (Türkiyə)
Nazim Muradov – Lefke Avropa Universiteti (ŞKTC)
Aktokı Raimkulova – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti (Qazaxıstan)
İlham Əliyev – Akdeniz Universiteti (Türkiyə)
Rüstəm Behrudi – Şair (Azərbaycan)
Yunus Oğuz – “Olaylar” İnformasiya Agentliyinin baş direktoru, yazar (Azərbaycan)
Turan Balabilgə Akademiyasının qurucu üzvləri
Şəmil Sadiq – Hədəf Şirkətlər Qrupunun qurucu direktoru (Azərbaycan)
Mirkan Aydın – Nesibe Aydın Okulları direktoru (Türkiyə)
Elvin Əliyev – Hədəf Şirkətlər Qrupunun qurucu direktorunun müavini (Azərbaycan)
Gökhan Yazgan – Atatürk Liseyi, Turan Yazgan Vəqfi (Türkiyə)
Juliboy Eltazarov – Orta Asiya Dilləri və Mədəniyyətləri İnstitutunun rektoru (Özbəkistan)
Elçin İbrahimov – Qarabağ Universiteti Elmi Bölmə rəhbəri (Azərbaycan)