Etiket arxivi: DİM

TƏHSİL NİYƏ İMTAHANA XİDMƏT ETMƏLİDİR?

İmtahanlar məqsədli şəkildə çətin təşkil edilir – TƏHSİL NİYƏ İMTAHANA XİDMƏT ETMƏLİDİR?

Məktəbdə təhsil ona görə verilir ki, gənc nəsil nəsə öyrənsin, bilik əldə etsin, düşünmə bacarıqları formalaşsın, savadlı və mədəni insan kimi yetişsin.

Lakin bu gün ölkəmizdə elə bir vəziyyət yaranıb ki, sanki məktəbdə təhsil ona görə verilir ki, şagird 11 ilin sonunda Dövlət İmtahan Mərkəzinin qəbul imtahanından keçə bilsin. Başqa sözlə, biz həyati bacarıqlar qazanan, biliyi əldə edən, özümüzü ifadə edən, dünyaya faydalı olan insan yetişdirmək üçün yox, imtahan etmək üçün dərs keçirik.

Bu yanaşma nəticəsində müasir kurikulumun əsas fəlsəfəsi olan təfəkkür yönümlü, yəni bacarıq və səriştə əsaslı təhsil modeli faktiki olaraq arxa plana keçir və onun yerini yenidən informasiya yüklü, yaddaş yönümlü təhsil alır. Beləliklə, təhsilin məqsədi şagirdin intellektual inkişafı deyil, 700 ballıq qəbul yarışında nəticə göstərmək olur. Nəticədə bir məktəbin, bir müəllimin fəaliyyətinin əsas göstəricisi də məhz bu bal sistemi ilə ölçülməyə başlayır.

Kurikulum fəlsəfəsi və 700 ballıq yarış

Əslində isə institusional baxımdan funksiyalar aydındır. Elm və Təhsil Nazirliyinin əsas vəzifəsi “Təhsil haqqında” qanuna və təsdiqlənmiş kurikulum sənədlərinə əsaslanaraq ümumi təhsilin məzmununu formalaşdırmaq və məktəblərdə tədrisin həyata keçirilməsini təmin etməkdir. Dövlət İmtahan Mərkəzinin funksiyası isə ali məktəblərə və dövlət qurumlarına qəbul üçün zəruri olan akademik bilik və kompetensiyaların ölçülməsi, yəni qiymətləndirmə prosesinin təşkili, imtahan verənlərin bilik və bacarıqlarına uyğun olaraq ədalətli qəbul prosesinin təşkili olmalıdır.

Lakin müşahidə olunan odur ki, Dövlət İmtahan Mərkəzi yalnız qiymətləndirmə institutu kimi fəaliyyət göstərməklə kifayətlənmir. İmtahanlara hazırlaşan abituriyentlər üçün müxtəlif dərs vəsaitləri, test topluları, siniflər üzrə iş dəftərləri və qiymətləndirmə materialları hazırlayıb çap edir və faktiki olaraq bu sahədə təhsil siyasətinə təsir edən yeni bir təhsilverən struktur kimi çıxış edir, həmçinin nəşriyyat fəaliyyəti də həyata keçirir. Bu isə təhsil sistemində funksional sərhədlərin qarışmasına və institusional ikitirəliyin yaranmasına səbəb olur. Bu da DİM-in uzun illər qazandığı nüfuza xələl gətirir, çünki DİM öz maraqlarını güdən tərəf kimi görünməyə başlayır.

Təhsildə funksional sərhədlərin qarışması

Belə bir şəraitdə məktəbdə çalışan müəllim də kurikulumda əsas istiqamət kimi müəyyən edilən həyati bacarıqlara və kompetensiyalara yönəlmiş dərs modelindən uzaqlaşaraq daha çox qəbul imtahanında istifadə olunan ölçmə formatına uyğun dərs keçməyə məcbur qalır. Sinifdə analitik düşüncə və problem həlli bacarıqlarını inkişaf etdirən fəaliyyətlər əvəzinə test tapşırıqları yazdırmaq və imtahan modellərini məşq etdirmək prioritetə çevrilir.

Digər tərəfdən, Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi dərsliklər, dərsliklərdəki tapşırıqlar bu imtahan formatına tam uyğun gəlmir. Çünki qəbul imtahanlarını keçirən qurum, yəni Dövlət İmtahan Mərkəzi hər il müxtəlif metodik jurnallar, proqramlar nəşr edir və həmin sənədlərdə imtahana düşəcək mövzular və sual modelləri elan edilir. Müəllimlər də dərslikləri kənara qoyub bu prosesi izləməli olur. Bu praktika hələ 1990-cı illərdən formalaşıb və bu gün də faktiki olaraq qəbul imtahanı təhsilin istiqamətini müəyyən edən əsas faktora çevrilib. Ki bu çox yanlışdır, təhsilin istiqamətini qiymətləndirmə yox, məzmun formalaşdırmalıdır!

Burada xüsusi qeyd etmək lazımdır ki, imtahan suallarının məzmunu dərsliklərdən kənar deyil, suallarda soruşulan faktların hər biri tədris olunur, sadəcə suala yanaşma, problem həll etmə forması, analitik düşünmə, mətn təhlili və s. kimi proseslər təhsildə bir cür, imtahanda başqa cür qarşımıza çıxır.

Repetitorluğun genişlənməsinin səbəbi

Məhz buna görə də ölkədə əlavə hazırlıq sistemi, repetitorluq bu qədər geniş yayılıb. Çünki kimsə hər il DİM-in proqramlarını izləməli, hansı mövzuların əlavə edildiyini və ya çıxarıldığını bilməli, hansı tip sualların düşəcəyini təhlil etməli və bunu şagirdə öyrətməlidir. Məktəbdə çalışan müəllimin isə buna əlavə vaxt ayırmaq imkanı məhduddur. Onun onsuz da ağır tədris proqramı, qiymətləndirmə öhdəlikləri və gündəlik pedaqoji fəaliyyəti var. Bu səbəbdən müəllim əlavə sərf etdiyi vaxtı ayrıca xidmət kimi təqdim edir ki, bu gün biz buna repetitorluq deyirik. Bunun nəticəsi isə cəmiyyət üçün əlavə maliyyə yükü, şagird və valideynlər üçün isə stress və psixoloji gərginlik yaradır. Bu vəziyyət dövlət üçün də müəyyən mənada ikiqat maliyyə yükü yaradır və həmçinin dövlətin vətəndaş üçün gördüyü işlərin effektivliyinə kölgə sala bilir. Xüsusən, 10-11-ci sinif dərslikləri təəssüf ki, “hər zaman təzə kimi görünür”, yəni bu dərsliklər hazırlıq proqramının ağırlığı altında istifadədən kənar qalır. Dövlətimiz öz vətəndaşına ödənişsiz təhsil və dərslik təqdim edir, lakin sonda həmin dərsliklər qəbul imtahanına tam uyğun gəlmədiyi üçün şagird yenidən vəsait xərcləyərək Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi kitabları alır və məktəblərdən yayınıb əlavə hazırlıq kurslarına, repetitorlara müraciət edir. Bu da belə bir mənzərə yaradır ki, dövlət bir qurumunda ödənişsiz yaratdığı şəraiti digər qurumunun əli ilə ödənişli hala gətirir. Yaxşı olardı ki, DİM-in abituriyentlər üçün vəsaitləri 10-11-ci sinif dərslikləri kimi nəşr edilib hazırkı dərsliklər əvəzinə məktəblilərə ödənişsiz verilsin. Burda dövlət də qazanır, vətəndaş da!

Digər tərəfdən, universitetlərə qəbul imtahanlarının yüksək çətinlik səviyyəsi bəzən belə bir təsəvvür yaradır ki, guya məktəblərdə verilən təhsil yetərli deyil. Buna görə də universitetlərə qəbul balı aşağı salınır və nəticədə 2-dən də aşağı qiymət səviyyəsinə uyğun nəticə göstərən şagirdlər (150 bal toplayanlar) universitetə qəbul edilir. Bu isə vətəndaşlarda təhsil sisteminin ümumi məntiqi ilə bağlı suallar doğurur və dövlətin səmimi niyyətinə kölgə salmış olur.

Təhsil sistemi gənclər üçünmü, imtahan üçünmü?

Əgər məqsəd yalnız obyektiv seçimdirsə, o zaman haqlı olaraq belə suallar yaranır: niyə hər il yeni sual modelləri elan olunur? Niyə qəbul proqramlarında tez-tez dəyişikliklər edilir və yeni jurnallar dərc olunur? Niyə qiymətləndirmə materiallarının nəşri qapalı bir institutun inhisarında olur? Dünyada belə bir praktikanın geniş yayılmış nümunəsini tapmaq çətindir ki, bu qədər önəmli funksiyanı həyata keçirən dövlət qurumu eyni zamanda bu sahənin nəşr biznesi ilə məşğul olsun. Bilmirəm, bəlkə də bu DİM-in publik hüquqi şəxs olmasından irəli gəlir, amma hər bir halda, yanlışdır. DİM üçün lazımi büdcə ayrılmalı, orada çalışan müəllimlər belə cəmiyyətlə bu qədər təmasda olmamalı, maraqlı tərəfə çevrilməməlidir.

Bu nəşrlər sistemi elə bir vəziyyət yaradıb ki, bir şagird ötən il istifadə etdiyi qəbul vəsaitlərini növbəti ilin məzunu olan bacı və ya qardaşına ötürə bilmir. Çünki hər il dəyişiklik edilir və “təkmilləşdirilmiş nəşr” adı ilə yeni kitablar çap olunur, valideyn də bunu almaq məcburiyyətində olur. Bütün bunlar isə bəzən qəbul imtahanının sanki təhsil sisteminin yeganə xilaskarı olduğu kimi təqdim edilməsinə gətirib çıxarır. Guya bu sistem olmasa, təhsil sistemi çökər, rüşvət və korrupsiya artar. Halbuki bu gün artıq 1990-cı illərin reallığında yaşamırıq. O dövr üçün bu model müəyyən mənada effektiv idi. Bu gün isə daha balanslı və təhsilin məntiqinə uyğun yeni modellər üzərində düşünməyə ehtiyac var.

Məncə, məktəbə bir qədər nəfəs almaq imkanı verilməlidir. Təhsil sistemi sadə, anlaşılan və funksional olmalıdır. Hazırkı model o qədər mürəkkəbləşib ki, bəzən onu izah etmək üçün belə əlavə izaha ehtiyac yaranır. Hətta bəzən belə bir təsəvvür yaranır ki, təhsil sistemində “izahsız variantı” Elm və Təhsil Nazirliyi, “izahlı variantı” isə Dövlət İmtahan Mərkəzi təqdim edir. Filmdə deyildiyi kimi, izahsız iki manat, izahlı üç manat… Ən əsası isə bu sistemin əsas subyekti olan gəncləri düşünmək lazımdır. Onlar bu ölkənin gələcəyidir. Qəbul imtahanı ilə biz fövqəladə istedadlı “vunderkindlər” seçmirik. Biz sadəcə müəyyən peşələri öyrənmək istəyən gəncləri seçirik ki, onlar universitetdə oxusun, peşə qazansın və gələcəkdə həkim, müəllim, mühəndis kimi cəmiyyətə xidmət etsinlər. Bu gün isə bəzən elə bir vəziyyət yaranıb ki, tibb fakültəsinə hazırlaşan bir şagird kəllə sümüklərinin sayını travmatoloqdan daha dəqiq bilir, Azərbaycan dili üzrə hazırlaşan şagird isə bəzi hallarda qrammatik detalları müəllimdən daha dərindən əzbərləyir. Bu isə real bilik deyil, imtahan yönümlü memorativ öyrənmənin nəticəsidir. Elə son buraxılış imtahandan sonra gənclərin narazılığı da müəyyən mənada bununla bağlıdır. Həyatın sürəti artır, insanlar daha rahat və stresssiz yaşamağa ehtiyac duyur. Bunun üzərinə təhsilin də əlavə stress mənbəyinə çevrilməsi həm şagirdləri, həm də valideynləri yorur.

Əslində isə məsələnin həlli o qədər də mürəkkəb deyil

Əgər bir şagird oxuyub-anlama bacarığına malikdirsə, məntiqi düşünə bilir və əsas akademik bilikləri ibtidai səviyyədə mənimsəyibsə, o zaman çox mürəkkəb və ağır imtahan mexanizminə ehtiyac qalmadan da şagirdləri fərqləndirib universitetlərə qəbul etmək mümkündür.

Məsələn, sualları sadələşdirib sistemi 3–5 il sabit saxlasaq və keçid balı 150 deyil, 300–400 olsa, nə dəyişər? Otuz ildir ki, bu sahədə çalışıram, abituriyentlər üçün ən çox oxunan kitabların müəlliflərindən biriyəm. Çox yaxşı bilirəm ki, istənilən sualı elə hazırlamaq olar ki, ən güclü şagird belə 3–5 sualı yaza bilməsin və ya əksəriyyət 50 faizdən yuxarı nəticə göstərsin. Kitabı qaza-qaza ən xırda detala qədər mübahisəli suallar hazırlamaqla biz gənclərin real potensialını ortaya çıxara bilmərik.

Müəllif və mənbə: Şəmil Sadiq

filologiya üzrə fəlsəfə doktoru, dosent

Şəmil Sadiqin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir

 Zaur Ustac M. Hadi adına Şamaxı şəhər 9 saylı tam orta məktəbin ” I b” sinif şagirdləri ilə.

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayıb.

Elektron ərizələrin qəbulu 2021-ci il 8 iyul – 10 avqust tarixlərində internet vasitəsilə aparılır

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 2021-ci il iyulun 8-dən avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə 8 – 23 iyul tarixlərində ərizələrini təsdiq etməlidirlər.

Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.

Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra “sms” xəbərdarlıq göndəriləcək.

Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Xatırladaq ki, subbakalavr “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir.

“SMS” xəbərdarlıq aldıqdan sonra subbaklavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. Subbakalvrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları (ixtisaslar) üzrə müəyyən etdiyi minimal müsabiqə şərti balı ilə iştirak edəcəklər.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 8-23 iyul tarixlərində ərizələrini təsdiq etməlidirlər. Onlar daha sonra təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə də qeydiyyatdan keçəcəklər. Qabiliyyət imtahanlarına qeydiyyat tarixləri DİM tərəfindən elan olunacaq.

Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qabiliyyət imtahanları haqqında “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında məlumat verilib.

XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.

Hərbi çağırışçıların müsabiqədə iştirak etmək üçün möhlət haq­qında arayışı və hərbi sənədlərində bu barədə Azər­bay­can Respub­likasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı ol­malıdır. Möhlət hüququnu və ya çağırışdan azad edilməsini təsdiq edən məlumatlar Xidmətin müvafiq idarəsi tərəfindən elektron məlumat bazasına daxil edilməlidir. Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Müsabiqənin keçirilməsi

1. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

  • Orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi;
  • Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası.

2. Cari ildə qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul imtahanında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.

Subbakalavrlar ali təhsil müəssisəsilərinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər.

Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər. Çünki bu ixtisaslar üzrə xarici dil fənninə bal məhdudiyyəti tətbiq olunur və subbakalavrlar imtahanda iştirak etmədikləri üçün bu ixtisasları seçə bilmirlər.

Subbakalavrların qəbul imtahanlarında iştirak etmədən “ADA” Universitetinin ixtisaslarına müsabiqə yolu ilə qəbulu aparılmır.

Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal ilə və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilərlər.

İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar ixtisas seçiminə qədər “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunacaq.

İlkin mənbə: dim.gov.az


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru