Qazaxıstanın Türküstan şəhərində Türk Dünyası Mədəniyyət Təşkilatı-TÜRKSOY tərəfindən Azərbaycan nəşriyyat sektoruna yüksək qiymət verən mühüm addım atılıb. Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru dosent Şəmil Sadiq Türk dünyası mədəniyyəti və incəsənətinə verdiyi töhfələrə görə TÜRKSOY medalı ilə təltif edilib.
Mükafatı TÜRKSOY-un Baş katibi Sultan Rayev təqdim edib. Medalda qeyd olunur ki, təltif Türk dünyasının mədəniyyəti və sənətinə göstərilən xidmətlərin və uzun illər ardıcıl fəaliyyətin qiymətləndirilməsi məqsədi daşıyır. Şəmil Sadiq çıxışında bu mükafatı bütün Azərbaycan nəşriyyat camiəsinin, yazıçı və şairlərin, eləcə də kitabı həyat tərzinə çevirən oxucuların uğuru kimi dəyərləndirib: “Bu medal mənim şəxsi fəaliyyətimlə yanaşı, Azərbaycan kitabının, nəşriyyatlarının, müəllif və tərcüməçilərimizin, kitab sərgilərimiz və oxu layihələrimizin tanınması deməkdir. Türk dünyasının ortaq mədəni məkanında Azərbaycan sözünün daha gur səslənməsi üçün bundan sonra da çalışacağıq.” Təltif, Şəmil Sadiqin Türk dünyası miqyasında həyata keçirdiyi layihələrin – beynəlxalq kitab sərgiləri, uşaqlar üçün nəşr proqramları, müəllif mübadiləsi və oxu marafonlarının – davamlı və sistemli şəkildə qurulmasının məntiqi nəticəsi kimi qiymətləndirilir.
TÜRKSOY medalı Şəmil Sadiqin Türk dünyasında kitab və mədəniyyət körpülərinin qurulmasında oynadığı rolun, eləcə də Azərbaycanı regionda nüfuzlu nəşriyyat mərkəzinə çevirmə istiqamətindəki fəaliyyətinin rəmzi ifadəsi kimi tarixə düşdü. Qeyd edək ki, 2023-cü ildə Bakı Beynəlxalq Kitab sərgisində Şəmil Sadiqin təşəbbüsü ilə Turan Nəşriyyatlar Birliyi təsis edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatından kədərləndiyimi bildirir, Sizə və xalqınıza dərin hüznlə başsağlığı verir, ağrınızı bölüşürəm.
Bütün Türk dünyasında dərin kədərə səbəb olan qəzada həyatını itirənlərə TÜRKSOY-un Baş Katibliyi adından və şəxsən öz adımdan Allahdan rəhmət, yaralananların tezliklə sağalmalarını diləyirəm.
Azərbaycan xalqının mədəni həyatında baş verən ən əhəmiyyətli hadisələrdən biri
“Birinci Türkoloji Qurultay 20-ci əsrin başlanğıcında türk xalqlarının, xüsusən Azərbaycan xalqının mədəni həyatında baş verən ən əhəmiyyətli hadisələrdən biri olaraq tarixə düşüb”.
Bunu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş layihənin yeni buraxılışında TÜRKSOY-un Baş katibi, Qırğızıstanın xalq yazıçısı Sultan Rayev deyib.
O bildirib ki, qurultaya Sovet İttifaqı sərhədləri içində, eyni zamanda xaricdə yaşayan elm adamları, dilçi-alim, tarixçi, şair və yazıçılar, digər önəmli mütəfəkkirlərdən ibarət heyət, bütövlükdə 131 təmsilçi qatılıb:
“Bu böyük qurultay türk xalqlarının mədəni inteqrasiyasını vacib bir mərhələyə keçirib. Geniş, əhatəli coğrafiyada yaşayan əksər türk xalqlarını maraqlandıran bir sıra vacib mövzunun bəlirlənməsi, müzakirəsi, hazırlanması, sonradan gerçəkləşdirilməsi baxımından bu qurultay fövqəladə əhəmiyyətə malikdir”.
“Azərbaycan böyük türk dünyasının mühərriki rolunu oynayır”.
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Qırğızıstan Prezidentinin müşaviri Sultan Rayev bildirib. Onun sözlərinə görə, Azərbaycanın Avrasiya inteqrasiya prosesinin Altay vektorunda rolu böyükdür: “Çünki Azərbaycan da digər türkdilli xalqlar kimi kökünü Altaydan götürür. Məlumdur ki, bütün türk xalqlarının kökü Altaydan gəlir. Azərbaycan isə başlanğıcını Altaydan götürən nəhəng türk dövlətidir. Hesab edirəm ki, sizin ölkəniz bu gün böyük türk dünyasının, türk mədəniyyətinin mühərriki rolunu oynayır”.
Qeyd edək ki, bu gün Rusiya Dövlət Dumasında Avrasiya inteqrasiya prosesində türk xalqlarının rolu, kökünü Altaydan götürən xalqların Rusiya mədəniyyətinə, xalqlararası münasibətlərə və dövlət siyasətinə təsiri mövzusunda dəyirmi masa keçirilib. Türkdilli dövlətlərin səfirlərinin, Dövlət Dumasının deputatlarının və tanınmış siyasi ekspertlərin iştirakı ilə keçirilən “Avrasiya inteqrasiya prosesində Altay vektoru” adlı dəyimi masada türk xalqlarının ümumilikdə inteqrasiya prosesinə təsirindən söhbət açılıb. Altay dil ailəsinə malik qohum xalqların sosial-etno mədəni əlaqələrinin Avrasiya sivil məkanında genişlədnirilməsi və dərinləşdirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Dəlixana”nın təqdimatı keçirilib
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Qırğızıstan Xalq yazıçısı Sultan Rayevin “XAN Nəşriyyatı”nda çap olunmuş “Dəlixana” romanının təqdimatı keçirilib.
AYB-nin Ədəbiyyat Fondu və “Hədəf” Şirkətlər Qrupunun birgə layihəsi olan “Türk xalqları ədəbiyyatı” seriyasının bu ilk kitabı həm də müəllifin Azərbaycan dilində oxuculara təqdim edilən ilk əsəridir. Azərbaycan ədəbi cameəsinin tanınmış simalarının toplaşdığı mərasimi AYB sədri, Xalq yazıçısı Anar açaraq, görkəmli qırğız ədibi və eyni zamanda, TÜRKSOY təşkilatının Baş katibi olan Sultan Rayevin kitabının doğma dilimizdə çapını yüksək dəyərləndirdi.
Görüşün aparıcısı, Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının Türk dövlətləri və türkdilli xalqlar bölməsinin katibi Varis Yolçiyev qeyd etdi ki, indiyədək bir neçə dildə çıxmış və hazırda ingiliscəyə də çevrilməkdə olan “Dəlixana” romanı bəşər övladının ruhunun da, əzabının da əbədi olması barədə gözəl bir əsərdir. O, belə bir inamını ifadə etdi ki, Aysel Oğuzun tərcüməsində hasilə gəlmiş bu roman da geniş oxucu kütləsinin marağına səbəb olacaq.
Layihə rəhbərlərindən Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həmtəsisçisi və direktoru Şəmil Sadıq, akademik Nizami Cəfərov, tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayev, AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli, TÜRKSOY-da Azərbaycanın nümayəndəsi Elçin Qafarlı, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, kitabın həmredaktorları Yunis Oğuz və Cavid Qədir, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalı, sosioloq Əhməd Qəşəmoğlu çıxışlarında Azərbaycan–qırğız ədəbi əlaqələrinin dünəni və bugünündən bəhs etdilər.
Mərasimdə Sultan Rayev TÜRKSOY-a rəhbər seçiləndən sonra beynəlxalq türk mədəniyyəti təşkilatının fəaliyyətində böyük canlanma yarandığı vurğulandı. Təqdim olunan əsərin ideya-estetik yönlərinə işıq salındı.
“Dəlixana” romanının bədii məziyyətləri ilə bağlı qeyd edildi ki, əsərdə yüz illərcə əvvəl ölmüş tarixi şəxsiyyətlərin ruhunu daşıyan 7 nəfərin başına gələnlər təsvir olunur. Onlar bəşər övladının həyatda yol verdiyi günahların cəzasını çəkirlər. Əsərin qəhrəmanları bədəldən qaçmaq üçün çöllərə düşürlər. Müqəddəs torpağın axtarışına çıxır, Musa peyğəmbərin ardıcılları kimi səhrada dolaşmağa başlayırlar. Amma bədən dünyanı tərk etsə də, ruh cəzasını başqa bədənlərdə çəkməyə davam edir. Beləcə, roman tarixin izsiz ötüşmədiyi, bu gün baş verənlərin keçmişlərin nəticəsi, gələcəyin əvvəli olduğu qanunauyğunluğunu ehtiva edir.
Mərasimin sonunda Sultan Rayev əhatəli təqdimata görə minnətdarlığını bildirdi, qardaş xalqlar ədəbiyyatlarının tanıdılması yönümündə TÜRKSOY tərəfindən atılan addımları diqqətə çatdırdı. O, “Dəlixana” romanını yaxşı bildiyi Azərbaycan dilində mütləq oxuyacağını söylədi.
Sultan Rayev: “Şuşadan daha güllə səsləri gəlməyəcək”
Bu il TÜRKSOY Şuşada bir sıra tədbirlər keçirəcək.
Bu sözləri “Report”un Ankara bürosuna açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Rayev deyib.
Baş katib xatırladıb ki, TÜRKSOY Daimi Şurasının qərarı ilə 2023-cü ildə Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan edilib və bununla bağlı Qarabağda silsilə tədbirlər keçiriləcək:
“Xarıbülbül” festivalı, ənənəvi sənət nümunələrini bir araya gətirən tədbirlər planlanıb. Eyni zamanda TÜRKSOY-un “Türk dünyasının rəssamlar toplantısı”, “Türk dünyasının şairlər toplantısı”, “Türk dünyasının fotoqraflar toplantısı”, “Türk dünyasının heykəltaraşlar toplantısı” kimi digər bütün ənənəvi layihələrini də Şuşada gerçəkləşdirəcəyik”.
S.Rayev bildirib ki, 2023-cü il təkcə Şuşa üçün deyil, bütün türk dünyası üçün rəngarəng proqramlarla keçəcək:
“Şuşadan daha güllə səsləri deyil, musiqi səsləri gələcək. Şuşa çal-çağırlı günlərinə qayıdacaq, türk dünyasında müxtəlif tədbirlər təşkil etməklə Şuşanın rəngarəng təbiətinin harmoniyasını quracağıq. Sözün əsl mənasında Şuşa üçün də, türk dünyası üçün də möhtəşəm bir il olacaq”.
Azərbaycan türkcəsinə tərcümə edilmiş “Daşqın” kitabının təqdimatı keçirilib
Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə TÜRKSOY-un Baş katibi, görkəmli qırğız xalq yazıçısı Sultan Raevin Azərbaycan türkcəsinə tərcümə edilmiş “Daşqın” kitabının təqdimatı keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, Fond ümumtürk irsinin, xüsusilə maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunması istiqamətində fəaliyyət göstərir.
Rəbiqə Nazimqızının tərcümə etdiyi bu kitab Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış 17-ci nəşrdir.
Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, deputatlar, Qırğızıstan səfirliyinin, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elm, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
TÜRKSOY-un Baş katibinin kitabının təqdimatı keçirilib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görkəmli qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib.
Mədəniyyət Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, tədbirdə çıxış edən Fondun prezidenti Aktotı Raimkulova qurumun fəaliyyəti barədə ətraflı məlumat verib.
O bildirib ki, Fond ümumtürk irsinin, xüsusilə maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunması istiqamətində fəaliyyət göstərir.
“Bu, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış 17-ci kitabın təqdimatıdır. Kitabı Rəbiqə Nazimqızı tərcümə edib. Təşkilatın prioritet istiqamətlərindən biri də türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin gələcək nəsillərə ötürülməsidir. Fond bu yöndə “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyasının ədəbi inciləri”, “Türk dünyasının elmi inciləri” adlı 3 kitab seriyası təsis edib. Parisdə dekabrın 13-də Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi UNESCO səviyyəsində qeyd olunacaq. Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcəklər”, – deyə A.Raimkulova əlavə edib.
Mədəniyyət naziri Adil Kərimli çıxışında qeyd edib ki, Azərbaycan xalqı Türk dünyasının böyük oğlu Çingiz Aytmatovun yaradıcılığına dərin hörmətlə yanaşır.
“Bu il Bakıda artıq ikinci dəfə Qırğızıstanın görkəmli ədəbiyyat nümayəndəsi TÜRKSOY-un Baş katibi Sultan Rayevin kitabının təqdimatına toplaşmışıq. Azərbaycan Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu birgə bir sıra layihələr reallaşdırır. Bu bizim birgə həyata keçirdiyimiz növbəti layihədir. Əminəm ki, gələcəkdə belə layihələrin sayı daha çox olacaq”, – deyə nazir vurğulayıb.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışlarında Sultan Rayevin “Daşqın” əsəri barədə fikirlərini bölüşüblər.
“Daşqın” əsərinin müəllifi Sultan Rayev çıxışında kitabın ərsəyə gəlməsində dəstəyi və əməyi keçən hər kəsə təşəkkür bildirib.
Daha sonra Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Hüsniyyə Mürvətova “Daşqın” romanından bir parçanı oxuyub. Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, deputatlar, Qırğızıstan səfirliyinin, eləcə də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elm, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dünya nizamına və bəşərin xilasına yeni bədii-fəlsəfi baxış
(Sultan Rayevin “Dəlixana” romanı haqqında qeydlər)
Çağdaş qırğız ədəbiyyatının görkəmli nümayəndəsi Sultan Rayevin “Dəlixana” romanı problemləri qlobal səviyyədə dəyərləndirmək, yaşamaq fəlsəfəsinin mahiyyətini dərk etmək, dünya nizamının pozulma faktorlarını üzə çıxarmaq, bütün məqamlarda insanın aliliyini göstərə bilmək imkanlarına görə fərqlənən nəsr nümunəsidir. Romanın mifizm və realizm qatı bir tərəfdən mövzu və məzmun rəngarəngliyini, fərqli hadisələrə keçidin mobilliyini təmin edirsə, digər tərəfdən standartlardan çıxaraq ideyanın estetikasını özünəməxsus şəkildə çatdırmağa imkan verir. Romandakı bədii sistem mifik-real düşüncə üzərində qurulsa da, mahiyyət tarixi-real ifadə tərzində mənalandırılır. Ona görə də bəzi istisnaları nəzərə almasaq, romanda insan və cəmiyyət kontekstindən kənaraçıxmalar müşahidə olunmur.
“Dəlixana” romanının ənənəvi ədəbiyyat qəliblərindən uzaq olması əsərdəki mətnlərin dərkini xeyli çətinləşdirir. Lakin standart ədəbiyyat qəliblərindən uzaqlaşma oxucu marağını azaltmır, onu yazıçının yazdıqlarına inandırmağa mane olmur.
Romanda ideyanın təqdimatı dəlixana pasiyentləri olan İmperator, Çingiz xan, Böyük İsgəndər, Kleopatra, Afinalı Tais, Lir və Kozucağın dəlixanadan qaçmaları üzərində qurulur. Dəlixanadan qaçan yeddi nəfərin əsas məqsədi müqəddəs torpaqlara gedib tövbə etmək, Allahdan əfv diləmək və günahlarını bağışlatmaq idi. Qılıncı ilə dünyanı fəth edən İmperator, Asiyanı diz çökdürən Çingiz xan, Böyük İsgəndər, keçmiş aktyor Lir, Afinalı Tais, cazibə simvolu Kleopatra və Kozucağ ləqəbli bu şəxslər tam əmin idilər ki, Müqəddəs torpaqlara çatan kimi bütün günahlardan qurtulacaq və həyatdan zövq alaraq yaşayacaqlar.
Bu adlar onlara dəlixananın baş həkimi tərəfindən verilmişdi. Onlar uzun müddət bu adlarla çağırıldıqlarına görə əsl adlarını belə unutmuşdular. Bu adlar düşüncələrimizdə uzaq minillərdə yaşayan insanların obrazlarını yaratsa da, əslində, onların timsalında insanlıq tarixinin (həm də ruhunun) davamlı olaraq keçdiyi yol, cəmiyyətin bugünkü reallıqları və hadisələri assosiativlik qazanır. Yazıçının tanınmış rus alimi, kosmik tədqiqatların görkəmli nümayəndəsi Konstantin Sialkovskidən gətirdiyi sitat bu baxımdan xarakterikdir: “İnsan öləndən sonra vücudunun atomları parçalanaraq bütün kainata səpələnir. Sonra da başqa varlığa yerləşib ikinci həyatına başlayır…”
Müəllifin ruhun ikinci həyat yaşamı fəlsəfəsində “xoşbəxtlik və bədbəxtlik” daşıyıcılıq konsepti təsadüfi səciyyə daşımır. Sialkovski ilə yanaşı, Tolstoyun, Pifaqorun və digərlərinin xatırlanması məqsədli olaraq dünya nizamının pozulmasının qarşısının alınmasına və fəlakətlərdən xilas olmağa xidmət göstərir, həm də uzaq keçmişdən bu günə keçidi təmin edir.
Sultan Rayev, yaradıcılıq üslubuna sadiq qalaraq, “Daşqın” romanında olduğu kimi, “Dəlixana” əsərində də hadisələri reallıqla mifikliyin paralelliyində əks etdirməyə üstünlük verir. Bu səbəbdən öz məqsədləri naminə Müqəddəs torpaqlara üz tutan obrazların real həyat tarixçəsi (həm də mübarizəsi) bir neçə minillərdən keçən insanlığın bütöv bir epoxasının tərkibi (həm də təkrarı) kimi təqdim edilir və ideya bu kontekstdə müəyyənləşir.
Bəşəriyyəti fəlakətlərdən, pisliklərdən qurtarmaq, qiyamət günündən uzaqlaşdırmaq, insanlığı “dəlixanalardan” xilas etmək romanın əsas qayəsini təşkil edir.
Üzərində “Müqəddəs” yazılmış bir kitabın romanda yer alması bəşəriyyətin xilası yollarının axtarılması işində önəmli rol oynayır. Lakin bu kitab həm də dünyanın müasir reallıqlarını ifadə etmək baxımından fərqlənir: “Dünyanı tamahkarlıq idarə edir. İnsanlar çox acgözdürlər… Amma tamahkarlığın onları ölümə sürüklədiyini anlamırlar”. Bu kimi fikirlər bilavasitə həyat fəlsəfəsi barədə düşüncələrdir, insanlıq və cəmiyyət dəyərlərinin pozulmasına qarşı yazıçı etirazıdır.
Romanda hadisələr Dəlixana, Ölüm vadisi və Müqəddəs torpaq adlı məkanda cərəyan edir. Əsərin yeddi nəfərdən ibarət aparıcı obrazlarının yeganə məqsədi dəlixanadan qaçmaqdır. Saf bir ruhu daşımaq və onunla ölmək istəyi onları dəlixanadan qaçmağı sövq edir. Müqəddəs torpağa qovuşmaq arzusu onların ruhlarına hakim olan ən ali hissdir. Yeddi nəfərlik dəstənin başçısı İmperator ləqəbli bir şəxsdir. Bir vaxtlar o, həqiqətən, imperator olmuş bir şəxsin ruhunu daşıyır. Lakin o, həyatının dəlixanaya qədərki dövrünü tam xatırlamasa da, dumanlı şəkildə bəzi detalları yadına sala bilir. Xatırlayır ki, tacqoyma mərasimində xalqına dünyanın tən ortasında yerləşən Müqəddəs torpaqlara aparacağına və günahkarları əfv edəcəyinə söz verib. Lakin zaman keçdikcə o, özünü Tanrıya bərabər tutur. Ona elə gəlir ki, peyğəmbər qüdrəti əldə edib. Az vaxtdan sonra o, həm Tanrı sözlərini unudur, həm də xalqa verdiyi əhdi. Maraqlı odur ki, İmperator bu vəziyyətdə günahları özündən uzaqlaşdıraraq cəmiyyəti ittiham etməkdən çəkinmir. Bütün bunlara baxmayaraq, İmperatorun ruhunda xoşbəxt gələcəyə olan inam itmir.
Dəlixanada bütün kitablar yandırılarkən Müqəddəs kitab da yanır. Yalnız onun cildi və “Tanrının gələcəyi gün” sözləri yazılmır bir səhifəsi salamat qalır. Bir səhifəlik vərəq İmperatorla yanaşı, digər 6 nəfərin həm yaşamaq ümidlərini, həm də ruhların azad olduğu Müqəddəs torpaqlara çatmaq inamlarını xeyli artırır. Müqəddəs torpaqlara çatmaq ümidi ilə yol gedən 7 nəfərin məqsədləri eyni olsa da, dünyagörüş, xarakter, hadisələrə münasibət baxımından fərqlidirlər.
Romanda müəllif “bu dünyaya insan kimi gəlib heyvan kimi yaşayanlar”ın həyat faciəsini və ruhi-mənəvi əzablarını göstərə bilir. Nəticə ondan ibarətdir ki, hər kəs yaşadığı ömrü insan kimi yaşamalı, dünyanın və insanlığın nizamını pozmamalıdır. Əsərdə yeri gəldikcə dünya irfani və fəlsəfi fikrinin dahilərindən olan Ruminin, Hötenin və başqalarının xatırlanması da bu məqsədə xidmət göstərir.
Yazıçı romanda məşhur şəxsiyyət adlarından məqsədli şəkildə istifadə edərək onların missiyaları daxilində müasir dünyamızın həlli vacib problemlərini gündəmə gətirir. Bu mənada qloballaşan dünyanın mənəvi problemlərinin, həyat nədir sualı ətrafında düşüncələrin Çingiz xan obrazı daxilində çatdırılması diqqəti daha çox cəlb edir. Sultan Rayev Çingiz xanın Şamanla qarşılaşdığı səhnədə insanlığın üzləşdiyi mənəvi-psixoloji gərginlikləri diqqətə çatdırır. Qloballaşan dünyada, süni intellekt mövcudluğunda romandakı ölüm, həyat, sədaqət və sair anlayışlar ətrafında düşüncələr heç də vaxtı keçmiş baxışlar sistemi kimi oxucu üçün əhəmiyyətsizləşmir, əksinə, “gözü ölümdən, qılıncı qandan doymayan” dünyanın fəlakətlərdən qurtuluşu yolunda vacib atributlardan birinə çevrilir. Bu əsərdə insan həm fəlsəfi, həm də real ampulada yer alır. Romandakı obrazların heç biri birtərəfli və yaxud məhdud görünmür. Həmin obrazlar əsərdə müsbəti və mənfisi ilə hərtərəfli yer alır. Bu hal istər xarakterlərin, istərsə də baş vermiş hadisələrin geniş şəkildə təqdimini təmin edir. Ona görə də romanda digər obrazlarla yanaşı, Kleopatra, Kozucağ, Böyük İsgəndər surətlərinə münasibətdə də yazıçı müdaxiləsinin genişliyi açıq-aydın hiss olunur. Romanda yer alan tarixi hadisələr və XXI əsrin Böyük İsgəndər obrazı yeni tarixin eybəcərliklərinin, içində İsgəndər ruhu gəzdirən insanların simvolu və tarixin ironiyası kimi olduqca təsirli görünür.
Sultan Rayev tarixin ironiyasının hədəfində özünü Tanrıya bərabər tutan və bütün insanlara şəxsi maraqları səviyyəsindən baxan, insanlara biçarə həyat yaşadan, uşaqları yetim, anaları gözü yaşlı qoyan, insanları yurd-yuvalarından didərgin salan qaniçən tamahkarları saxlayır. Müəllif haqlı olaraq demək istəyir ki, bu cür düşüncə və yanaşmaların kökü kəsilməyincə dünya nizamı yaranmayacaq, insanlıq daim məşəqqətlərlə üzləşəcək. Min illərin eybəcərlikləri bugünkü insanın ruhuna hakimdirsə dünya çətinliklərlə həmişə üz-üzə qalacaqdır.
Əsərdə dəlixanadan qaçan 7 nəfərin Müqəddəs torpaq axtarışları da şərti anlamdadır. Müqəddəs torpaqlara çatıb orada xoşbəxt yaşamaq naminə min bir əziyyətdən keçən bu insanlar özləri də bu məkanın harada olduğunu bilmir. Onun özəlliyinin nədən ibarət olduğu barədə heç bir məlumatları yoxdur.
Sultan Rayev insanların Müqəddəs torpaqlar axtarışlarını müqəddəsliyin və həqiqətin simvolikası kimi qəlibləşdirir. Əsərin sonunda yeddi nəfərlik dəstə üzvündən sağ qalmış iki nəfərin – Kozucağ və Kleopatranın susuz, ilan mələyən səhrada rastlaşdıqları müdrik qocadan eşitdikləri sözləri təəccüblə qarşılasalar da, həqiqət olduğunu anlayırlar: “Axtardığınız yer ayaqlarınızın altındadır. Bəşər övladının addım atdığı hər yer müqəddəs torpaqdır”.
Müəllifə görə, ruhun paklığı Tanrının sevgisindən yaradılmış insan imanıdır. Bəşər övladına ruh Tanrı tərəfindən verilir. Kim onun müqəddəsliyini qoruyub saxlayırsa, o, üzərində gəzdiyi torpağın müqəddəsliyini anlaya bilər.
Göründüyü kimi, əsərin sonunda yazıçı hikməti cəmiyyət və insanlığın təməl prinsipləri daxilində dəyər qazanır, bu səviyyədə təsdiqini tapır. Bu hikmət qloballaşan dünyada təkcə insanın özünüdərki deyil, eyni zamanda müasir mərhələdə dünya nizamına yeni bir fəlsəfi baxış və bəşəriyyətin xilasına çağırışdır.
Müəllif: Elman QULİYEV Filologiya elmləri doktoru, professor, ADPU Türkoloji mərkəzin Türk ədəbiyyatı bölməsinin müdiri, TÜRKSOY kafedrasının üzvü
“Şuşa bərpa edilməlidir. Bunu etsək, türk mənəviyyatını dirçəldərik”. Missiya.Az xəbər verir ki, bunu TÜRKSOY-un yeni baş katibi Sultan Rayev Bursada jurnalistlərlə görüşü zamanı bildirib.
“Şuşa Azərbaycanın mənəvi mərkəzidir. Bir çox böyük sənətkar, ədəbiyyat və incəsənət xadiminin yurdu olan bu şəhər Azərbaycan xalqının mədəniyyət və mənəviyyat ocağıdır. Yeni vəzifəmdə bu şəhərə xüsusi diqqət yetirəcəyəm. Çünki Şuşa hər bir türkün qəlbindədir”, – baş katib qeyd edib.
TÜRKSOY-un yeni baş katibi Şuşaya hərtərəfli dəstək vermək, 2023-cü ildəki bütün tədbirləri məhz bu şəhərdə keçirmək niyyətində olduqlarını da diqqətə çatdırıb: “Bəşəriyyətin diqqətini Şuşaya yönəltmək istəyirik. Çünki Şuşa türk mənəviyyatı ilə bağlıdır. Bu şəhər türk dünyasının birləşməsi üçün körpüyə çevriləcək”.
TÜRKSOY Daimi Şurasının bu gün Bursa şəhərində keçirilən növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub.