Etiket arxivi: SONLUQ

GÜL ƏTİRLİ KİTAB

Əvvəli burada: >>>  GÜL ƏTİRLİ KİTAB – HEKAYƏLƏR

GÜL ƏTİRLİ KİTAB

(Qəndabın “Ətirli güllər”i haqqında)

SƏKKİZİNCİ YAZI – YEKUN

Salam olsun, çox dəyərli oxucum! Söhbətimiz qaldığımız yerdən davam edir.

Müasir Azərbaycan ədəbiyyatında elə müəlliflər var ki, onların yaradıcılığı yalnız estetik zövq deyil, eyni zamanda mənəvi məsuliyyət, ictimai yaddaş və insani dəyərlərin daşıyıcısı kimi çıxış edir. Tanınmış ədəbiyyatşünas alim-şair Qəndab xanım da məhz bu cür sənətkarlardandır. Onun “Ətirli güllər” kitabı bütövlükdə müəllifin bədii dünyagörüşünü, estetik idealını və publisistik mövqeyini əks etdirən mühüm yaradıcılıq mərhələsi kimi qiymətləndirilə bilər.

“Ətirli güllər” sadəcə bir kitab adı deyil, rəmzi məna daşıyan bədii konsepsiyadır. Bu ad altında toplanan mətnlər oxucuya həyatın müxtəlif çalarlarını – sevincini, kədərini, itkilərini, ümidlərini və yaddaş qatlarını təqdim edir. Qəndab xanım bu əsərlərində gül obrazını zahiri gözəllikdən daha çox, mənəvi saflığın, xatirənin, keçmişlə bu gün arasındakı incə bağların simvolu kimi təqdim edir. Hər “ətir” bir xatirədir, hər “gül” bir insan taleyi, bir duyğu, bir ömür parçasıdır.

Kitabın əsas dəyər göstəricilərindən biri müəllifin elmi təfəkkürlə bədii duyumun vəhdətini qoruyub saxlaya bilməsidir. Ədəbiyyatşünas alim kimi Qəndab xanım sözə məsuliyyətlə yanaşır, mətnin daxili strukturunu, semantik yükünü və ideya xəttini dəqiq qurur. Şair kimi isə o, bu elmi intizamı lirizm, duyğu dərinliyi və poetik ahənglə zənginləşdirir. Nəticədə oxucu qarşısında həm düşündürən, həm də hiss etdirən bir bədii bütövlük yaranır.

“Ətirli güllər” kitabında insan və zaman münasibətləri xüsusi yer tutur. Müəllif zamanın ötəri, lakin iz buraxan tərəflərini incə müşahidələrlə təqdim edir. Burada uşaqlıq xatirələri, ana obrazı, vətən duyğusu, insanın daxili tənha dünyası, müharibənin və itkinin yaratdığı mənəvi sarsıntılar publisistik ruhda, lakin bədii incəliklə ifadə olunur. Qəndab xanım oxucunu hadisələrə kənardan baxmağa deyil, daxildən yaşamağa dəvət edir.

Publisistik baxımdan kitabın mühüm cəhətlərindən biri də onun ictimai-mənəvi çağırış gücüdür. Müəllif oxucunu laqeydliyə qarşı ayıq olmağa, insani dəyərləri qorumağa, yaddaşı itirməməyə səsləyir. Bu çağırış pafosla deyil, səmimi sözlə, həyatın özündən gələn faktura ilə edilir. Elə buna görə də “Ətirli güllər”dəki publisistika oxucunu yormur, əksinə, onu düşünməyə və öz daxilinə baxmağa vadar edir.

Yekun olaraq demək olar ki, “Ətirli güllər” Qəndab xanımın yaradıcılığının mənəvi-estetik xülasəsi, onun sözə, insana və zamana münasibətinin bədii ifadəsidir. Bu kitab müəllifin yalnız şair və alim kimi deyil, həm də vətəndaş mövqeyi olan ziyalı kimi obrazını tamamlayır. “Ətirli güllər” oxucu yaddaşında uzun müddət qalan, düşüncədə iz salan və ədəbiyyatımızın mənəvi xəzinəsinə dəyər qatan bir əsər kimi xüsusi əhəmiyyət daşıyır:

QƏNDAB
Oxudum, ağladım, hər bir sözündə
Hər kəlmə min məna daşıyır, Qəndab!
Sözü yaşadıqca yaşayır sair,
Nəsillər deyəcək: – “Yaşayır Qəndab!”.

Tomrisin ruhudur coşar sözündə,
Nüşabə əməli yaşar sözündə,
Natəvan sərhədlər aşar sözündə,
Hər kəlmən butaya oxşayır, Qəndab!

Ustac da nəsibin alıb butadan,
Söz demək mirasdır ona atadan,
Tanrım, bu Qəndabı qoru xatadan;
El üçün, xalq üçün yaşayır Qəndab!

Bu mənada Qəndab xanımın “Ətirli güllər” kitabı o taylı, bu taylı bütün müasir Azərbaycan publisistik-ədəbi düşüncəsinin parlaq nümunələrindən biri olaraq, həm bu günün, həm də gələcək oxucuların müraciət edəcəyi sanballı yaradıcılıq nümunəsi kimi dəyərləndirilə bilər. Bu silsilə yazımın (monoqrafiyamın) əvvəlki bölmələrində də dəfələrlə qeyd etmişəm; janrından asılı olmayaraq Qəndab xanımın bütün mətnləri öz poetikliyi, axıcılığı ilə seçilir. Onun folklorumuza, öz söy-kokümüzə bağlılığı hər kəlməsindən boylanır. Qəndab xanım o taylı, bu taylı bütöv Azərbaycanın tanınan, sevilən, seçilən qələm adamıdır. Şairlik ona Tanrı vergisi olsa da, alimliyi özünün yuxusuz gecələrin, bitib-tükənməyən ardıcıl və gərgin zəhmətin hesabına qazandığı uğurudur. Yolunuz daim açıq və gül-çiçək olsun, Qəndab xanım! Uğurlarınız bol olsun!

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun.

Son

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I