Etiket arxivi: Təmsil

Təkəbbür və təbəssüm

YETMİŞ BİRİNCİ YAZI

Təkəbbür və təbəssüm

(Valeh Heydərin təmsilləri)

Salam olsun çox dəyərli oxucum. Bu dəfə söhbətimizin mövzusu təmsil – təmsillər barədə olacaq.

Müasir Azərbaycan ədəbiyyatında təmsil janrına yeni nəfəs, yeni üslub gətirən qələm sahiblərindən biri də Valeh Heydərdir. Onun təmsilləri klassik ibrət ənənəsini yaşatmaqla yanaşı, müasir insanın qarşılaşdığı mənəvi, sosial və ekoloji problemləri obrazlar dili ilə çatdırır. Bu təmsillər həm sadə oxucuya, həm gənclərə, həm də cəmiyyətin düşünən təbəqəsinə yönəlmiş bir “Oyanın!” çağırışıdır.

Valeh Heydərin “Aləm savaş içində” adlı təmsili ilk baxışdan təbiət elementlərinin söhbəti kimi görünsə də, əslində insanın yaratdığı fəlakətlərə təbiətin etirazı kimi səslənir. Ağac, Külək və Su – bir-birini tamamlayan üç ünsür – sanki dünyanın müxtəlif bölgələrində baş verən yanğınlara, ekoloji çirklənməyə, su hövzələrinin korlanmasına, iqlim dəyişikliklərinə şahidlik edən canlı təbiət nümayəndələri kimi danışır.

Küləyin “Əsməyə də qorxuram” deməsi, Suyun “Çirkab adlı dərd”dən xəstələnməsi, Ağacın meyvəsinin çürüməsi – bunların hər biri müasir ekoloji böhranın bədii şəkildə ifadəsidir. Təmsil insanı düşünməyə vadar edir: biz təbiəti məhv etdikcə, əslində özümüzü təhlükəyə atırıq. Təbiətin canı ağrıyırsa, insanın da gələcəyi ağrıyır.

“Çox gözəldir təbiət” təmsili isə müasir dövrün əsas problemini – insanların ekranlara əsir düşməsini gündəmə gətirir. Burada Ağ Dovşan bahalı telefonun cazibəsinə qapılıb real dünyadan, ətraf təbiətdən, dostlarından uzaq düşür. Qəfəsdəki Boz Bülbülün ondan narahatlığı təkcə şəxsi qayğı deyil; bu, bütün cəmiyyətə ünvanlanmış xəbərdarlıqdır.

Müəllif obrazlı şəkildə göstərir ki, bəzən biz öz əlimizlə özümüzün “ekran qəfəsini” yaradırıq. Ətraf aləmin, təbiətin gözəlliklərini, həyatın sevinclərini virtual dünyanın kölgəsində itiririk. Təmsilin nəticə mesajı bir çağırışdır: insanlar, ekrandan baş qaldırın, dünyaya baxın – həyat gözəldir, təbiət əvəzolunmazdır.

“Gözəl Qu quşunun səhvi” təmsili isə əxlaqi-didaktik ruhu ilə seçilir. Burada müəllif təkəbbürün insanı hansı vəziyyətə salacağını yumşaq, lakin təsirli şəkildə göstərir. Gözəlliyinə güvənən, lovğalanan Qu quşu qazlara lağ edir, onları kiçik görür. Amma həyatın sərt anında məhz həmin qazlar onun köməyinə gəlir.

Bu təmsil aşağıdakı dəyərləri ön plana çıxarır:

–Hər kəsə hörmət

–Dostluğun qiyməti

–Mərhəmətin gücü

–Lovğalığın sonu etirafdır

Hekayətin sonunda Qu quşunun səhvini başa düşməsi vacib bir dərsdir: insan nə qədər istedadlı, gözəl, bacarıqlı olsa belə, təvazö həmişə yüksək keyfiyyətdir.

Valeh Heydərin təmsillərinin:

–dili sadə, anlaşıqlı,

–məzmunu dərin,

–mesajı aydın,

–obrazları isə həm realist, həm də simvolikdir.

O, Ezopdan üzü bəri; Nizamini, Füzulini, Krılovu, Seyyid Əzim Şirvanini, Qasım bəy Zakiri, Mirzə Ələkbər Sabiri, Hikmət Ziyanı, Mikayıl Məxfini yada salan bir ibrət ənənəsini bu günün gerçəkliklərinə tətbiq edir. Məsələn, ekologiya, texnologiya asılılığı, insan münasibətləri və mənəvi aşınma kimi müasir mövzular onun təmsillərində həm poetik, həm də publisistik çalarlarla təqdim olunur.

Bu baxımdan Valeh Heydərin yaradıcılığı təkcə ədəbiyyatın yox, həm də cəmiyyətin ehtiyacı olan bir ədəbi məktəbdir – öyüd-nəsihət məktəbi, düşüncə məktəbi, insanlıq dərsi.

Valeh Heydərin təmsilləri günümüzün problemlərinə bədii güzgü tutur. O, insanı təbiəti qorumağa, texnologiyadan ağılla istifadə etməyə, lovğalıqdan uzaq olmağa, dostluğu qiymətləndirməyə çağırır. Bu əsərlər həm uşaqlar, həm gənclər, həm də böyüklər üçün eyni dərəcədə ibrətamiz, düşündürücü və maarifləndirici xarakter daşıyır.

Belə təmsillər cəmiyyətin mənəvi toxumasını möhkəmləndirən nadir ədəbi nümunələrdir — necə ki təbiət safdır, necə ki dostluq müqəddəsdir, necə ki insanlıq ən böyük dəyərdir.

HAŞİYƏ:

Çox dəyərli oxucum, bu yazımı yazarkən çox qəribə bir hadisənin şahidi oldum. Yazı prosesində qeyri-iradi əvvəlki dövrlərdə yazıb yaratmış müəllifləri sıra ilə yazarkən Hikmət Ziya ilə Mikayıl Məxfi arasında qaldım. Hansının əvvəl anadan olduğunu xatırlaya bilmədim. Əlimin altında belə bir ensiklopedik kitab olmadığına görə hamımızın məlumatlar əldə etmək üçün istifadə etdiyi axtarış sistemlərinin köməyi ilə internet üzərindən məlumat əldə etməyə çalışdım. Hikmət Ziya haqqında müəyyən qədər məlumatlar olsa da, Mikayıl Məxfi barədə ümumiyyətlə heç bir məlumat tapa bilmədim. Təsəvvür edirsiniz, bu adımın adı belə yoxdur indiki dövrdə, sərhədsiz internet məkanında… Ani olaraq özüm də tərəddüd içərisinə düşdüm. Bəlkə heç belə müəllif olmayıb. Adları nəsə qarışdırmışam. Bir az fikirləşəndən sonra Ağdam rayonun Yusifcanlı kəndində həyətimizlə bir səpilmiş kitabxanamda olmuş tünd çəhrayı üzlü məzəli həriflərlə yazılmış – Mikayıl Məxfi “Belələri də var” – kitabın cildini dəqiq xatırlaya bildimm. Xeyli düşünəndən sonra təmsil kitablarımın içərisində dəqiq Mikayıl Məxfi və Hikmət Ziya adlı iki müəllif olduğunu özüm üçün yəqinləşdirdim. Və Azərbaycan Milli Kitabxanasının elektron kataloqunda axtarış etdikdən sonra axır ki, heç olmasa bir mənbədən Mikayıl Məxfinin adını tapa bildim. Ancaq təvəllüd məsələsinə yenə aydınlıq gətirə bilmədim. Yazı prosesində avtomatik xatırladığım ardıcıllıqla birinci Hikmət Ziya, sonra isə Mikayıl Məxfi yazdım. Ertəsi gün kitabxanaya getdim və orada olan Mikayıl Məxfinin dörd kitabını götürüb birdə vərəqlədim (o kitablardan ikisi mənim kitabxanamda olub – “Belələri də var”ı düzgün xatırlamışdım), ancaq yenə nəinki təvəllüd barədə, ümumiyyətlə ad, (təxəllüs) soyad və ata adından başqa heç bir məlumat əldə edə bilmədim. Çox ibrətamiz hadisədir və məsələ hələ də açıq olaraq qalır (məhz bu baxımdan müasir müəlliflərin əksəriyyətinin kitabların üzqapağının arxasında özləri haqqında mühüm məlumatları qeyd etməsi təqdirə layiq haldır – məlum hadisədən sonra mən də növbəti kitablarımda mütləq bu variantdan istifadə edəcəm ).

Bu hadisədən sonra kitablarda olan Mikayıl Məxfinin fotolarının şəklini və hər kitabdan seçdiyim müxtəlif şeirləri köçürüb internetə yerləşdirdim. İndi müxtəlif axtarış sistemlərində “Mikayıl Məxfi” yazanda heç olmasa müəllifin adı, fotosu və bir-iki təmsili çıxır.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm.

21.11.2025. Bakı .

Müəllif: ZAUR USTAC

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Valeh Heydərin təmsilləri

ALƏM SAVAŞ İÇİNDƏ

(təmsil)        

Ağac, Külək, Su ilə
Bir araya gəldilər,
Xeyli söhbət eyləyib
Gerçəkləri bildilər.
Külək dedi: “Çox yerdə
Fəlakətlər yaşanır,
Aləm savaş içində,
Ətraf od tutub yanır.
Daha elə olub ki,
Əsməyə də qorxuram,
Yanğın artmasın deyə
Sakit durub baxıram.”
Su isə dedi: “ Mən də
Çox çarəsiz qalmışam,
‘Çirkab’ adlı bir dərdə
Düşüb xəstə olmuşam.
Gözlərimin önündə
Ölür hər növ balıqlar,
Canlıları yamanca
Ağır dərdə salıblar.”
Dinlədikcə onları
Ağac qorxudan əsdi,
Eşitdiyi xəbərlər
Qəlb sıxdı, nəfəs kəsdi.
Dedi: “İndi anladım,
Niyə meyvəm çürüyür,
Ağacları cürbəcür
Xəstəliklər bürüyür.”
Bu sözləri duyduqca,
Hey sızladı təbiət,
Dedi: “Nədən azalıb
Kainata məhəbbət?…
Səhvlərini anlayıb
Düz yol tutmalı bəşər,
Yoxsa bir gün özünün,
Başı bəlaya düşər.”

ÇOX GÖZƏLDİR TƏBİƏT

(təmsil)      

Ağ Dovşanın bahalı
Bir telefonu vardı.
Fikrin salmışdı ona,
Artıq neçə aylardı.
Qəfəsdəki Boz Bülbül
İzlədikcə bu halı,
Oxşar taleyin görüb,
Çox pozuldu əhvalı.
Dedi: “Səni telefon
İş-gücündən ayırıb,
Hətta ətraf aləmlə
Əlaqəni tam qırıb.
Dinləmirsən daha sən
Heç bir kəsin sözünü,
Hətta uzaq tutursan
Doğmalardan özünü.”
Dovşan dedi: “Ey Bülbül,
Qalmısan dar qəfəsdə,
Oxusan da nəğmələr,
Ruhun olubdur xəstə.
Bu səbəblə, yəqin ki,
Mənə irad tutursan.
Nə olar ki, yerində
Sakit dayanıb dursan?”
Bülbül dedi: “Ey dostum,
Məni düzgün anla sən,
Bu ‘ekran’ qəfəsində
Sən özün də əsirsən.
Çıxartmısan ən yaxın
Dostlarını yadından,
Unutmusan ki, necə
Gün batır, sökülür dan.
Belə davam edərsə,
Ömrün keçər mənasız,
İtirərsən çox şeyi,
Bir gün qalarsan yalnız.”
Bağlanmayın, insanlar,
Mobil ekrana hədsiz.
Çox gözəldir təbiət,
Sevin, seyrə çıxın siz.

GÖZƏL QU QUŞUNUN SƏHVİ
  (təmsil)
Bir gün gözəl Qu quşu
Təkəbbürlü danışdı,
O, qazlara lağ edib,
Güldü, həddini aşdı.
Dedi: – Mənəm bu gölün
Yaraşığı, bəzəyi.
Sizdə yoxdur gözəllik,
Tərifləyim mən nəyi?
Qazlar dedi: – Gözəl quş,
Bu lovğalıq nə gərək?
Bəlkə, mehriban olub,
Dost tək əl-ələ verək.
Lovğalanıb Qu quşu
Yenə eylədi çox naz,
Dedi: – Sizinlə dostluq
Heç vaxt faydalı olmaz.
Ancaq qışın şaxtası
Onu bəlaya saldı,
Lovğa quşun ayağı
Buzun içində qaldı.
O, bərk fəryad edincə,
Qazlar səsi eşitdi.
Cəld uçdular oraya
Bilsinlər ki nə işdir.
Görüb onun bu halın
Tez qərara gəldilər,
Döyəcləyib sərt buzu
Sındırdılar, dəldilər.
Azad oldu bir anda
Qu quşunun ayağı.
Gördü yenə qayıtdı
Həyatının xoş çağı.
Bundan sonra qazlarla
O, çox yaxın dost oldu.
Öz səhvini anlayıb,
Yaxşı ibrət də aldı.
Dedi: – Gərək hər yerdə
Öz həddini biləsən,
Nə kimsəyə lağ edib,
Nə də yersiz güləsən.            

Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana