Etiket arxivi: Zaur Ustacın şeirləri haqqında

Zaur Ustacın “Şeir şəkillər”i haqqında  düşüncələr

ŞEİR OLMUŞ ŞƏKİLLƏR
   (Zaur Ustacın “Şeir şəkillər”i haqqında  düşüncələr)
Ədəbiyyatın ən möcüzəli cəhətlərindən biri odur ki, sözlər bəzən bir fotoaparatın (şəkilçəkənin) çəkdiyi kadrlardan daha aydın, daha təsirli təsvirlər yarada bilir. Şairlər bəzən bir şeir vasitəsilə elə canlı mənzərələr qururlar ki, insan özünü həmin o məkanda, həmin o anın içində hiss edir. Zaur Ustacın “Şeir şəkillər” adlandırdığı bu kiçik həcmli şeirlər toplusunda onun müxtəlif vaxtlarda  kitabda da təqdim olunmuş dörd fotodan ilhamlanaraq yazdığı dörd  şeir yer alıb (dörd foto – dörd şeir):

-“Qucağını geniş aç”,

-“Dünya bir pəncərədir”,

-“Can ay ana”,

– “Bu axşam”.

Onu mütləq qeyd etməliyəm ki, şeirlərlərin bəzilərilə əvvəlcədən tanış idim. Hətta ikisi haqqında ətraflı məqalə də yazmışam.
Kitab Azərbaycan Milli Qəhrəmanı Xüsusi Təyinatlı Qüvvələrin giziri şəhid Pəncəli Teymurovun səmada çəkilmiş fotoşəkili və Zaur Ustacın bu fotodan təsirlənib qələmə aldığı “Qucağını geniş aç” şeirilə başlayır. Sonra digər şəkillər və şeirlər gəlir. Kitabın adından da məlum olduğu kimi Zaur Ustac bu dörd şeiri məlum dörd fotodan ilhamlanaraq qələmə alıb.
Birinci üç şeir (“Qucağını geniş aç”, “Dünya bir pəncərədir”, “Can ay ana”) hərbçi həyatının bütün məqamlarına toxunur desək, yanılmarıq. Azərbaycan Milli Qəhrəmanı şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanımın sadəcə bir kadrda donub qalan baxışını Zaur Ustac çox təsirli təsvir edib. Bu şeirdə o, təkcə hərbçinin həyatını deyil, ona həyat verən, Vətən üçün igid-ər oğul böyüdən ananın mükəmməl obrazını yaradır:
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…

Bu üç şeirdə elə məqamlar var ki, həmin ştrixləri ancaq hərbçi həyatına dərindən bələd olan qələm sahibləri edə bilər. Bu işdə şübhəsiz ki, Zaur Ustacın köməyinə peşəkar hərbçi olması gəlib.
Mənə ən maraqlı gələn “Bu axşam” şeiri  və bu şeirin ilham qaynağı olan foto  oldu.
“Bu axşam” şeiri duyğuların rənglərlə, əşyaların isə hisslərlə danışdığı bir şeirdir.
Şeir boyu bircə cümləlik motiv var: “Bu axşam yenə də gəlmədin, gülüm…” Amma bu motiv adi bir giley və ya sevgi yanğısı deyil. Bu ifadə əslində şair-fotoqrafın “mənzərə dəyişən”  düyməsi  rolunu oynayır. Hər dəfə təkrarlananda şair başqa bir mənzərəni, başqa bir detala hopmuş kədəri işıqlandırır. Sanki otaqda sakitcə gəzir və hər əşyanın ruhuna toxunur.
Üstündə sarı qələm, ağ kağız, öləziyən şam, pəncərə önündə soyuyan çay… Bir masa bu qədər danışa bilərmi? Bu əşyalar həmişə, hər yerdə gözümüzün önündə olsalar da  şairin dilində canlı obrazlara çevrilirlər. Hətta sarı yarpaqlar belə kədəri duyub xiffət çəkir. Pəncərə şüşəsinin “ağlamağı”, şalın “üşüməsi”… Bunlar əşyalaşmış hiss deyil, hissləşmiş əşyadır. Bu, Zaur Ustac poeziyasının özünəməxsusluğudur.
Şeir göstərir ki, evin içində heç nə susmur. Gözləyən insanın tənhalığı gəlməyən insanın həsrətinə qarışır və yalnız şairin qəlbini deyil, bütün məkanı bürüyür. Ocaq üşüyür, odun ağlayır, yorğan büzüşür, külqabı qəmgin dayanır. Bu görüntülər sadəcə təsvir deyil – bunlar fotoya (rəsmə, şəkilə, tabloya) çevrilmiş duyğulardır.
Sanki otaqda görünməyən fotoqraf gəzir və hər detalın şəkilini çəkir. Bu fotoqraf – şairin öz qəlbidir.
Şeirin ikinci hissəsində məişət əşyaları bir-bir insan xarakteri qazanır, sanki səhnə rekvizitinə çevrilir. Mütəkkənin bir  qol, masadakı külqabının və rəqqasın bir toxunuş üçün darıxmağı şairin uğurlu tapıntısıdır.
Burada şairin incə poetik müşahidəsi baş qaldırır. Sevgi yalnız sevənlərin iç dünyasını deyil, ətrafındakı məkanı da dəyişə bilir. Gəlməyən insanın yoxluğu (həsrəti, intizar) yalnız insanın  ruhunda, əhval-ruhiyyəsində deyil, ətrafda (əşyalarda) da duyulur.
“Bu axşam” şeiri sanki fotoalbomdur. Amma albomun səhifələri kağız deyil, xatirələrdir. Şəkilləri kamera yox, hisslər çəkir. Buna görə də Zaur Ustacın poetik dilində adi əşyalar belə ruhlanır, nəfəs alır, danışır.
Bu şeirdə hadisə çox sadədir – birinin gəlməməsi. Amma poetik baxış bu sadəliyi obrazlarla genişləndirib böyük bir dünyaya çevirir. Hər misra yeni şəkildir, hər təsvir yeni kadrdır, hər epitet yeni rəngdir.
Zaur Ustac bu şeirdə oxucuya göstərir ki, bəzən insanın içindəki boşluq ətrafdakı hər şeyi kölgələyir, bəzən bir insanın yoxluğu otağın ən kiçik detalına qədər hiss olunur. “Bu axşam” sadəcə kədər şeiri deyil. Bu, incə müşahidə qabiliyyətnin, detalların poetik dildə canlanmasının bariz nümunəsidir.
Beləcə, şeir bütöv bir fotoalboma çevrilir – şeir olmuş şəkillərə.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

ZAUR USTACIN YAZILARI

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

ZAUR USTAC – QUCAĞINI GENİŞ AÇ – ŞEİR

Zaur Ustacın “Can ay ana…” şeirində şəhidlik kultu və ana obrazı

Zaur Ustacın “Can ay ana…” şeirində şəhidlik kultu və ana obrazı

Azərbaycanın müasir ədəbi düşüncəsində milli duyğuların, şəhidlik məfkurəsinin və ana-vətən sevgisinin poetik şəkildə ifadəsi xüsusi yer tutur. Bu dəyərlərin bədii təcəssümünü öz yaradıcılığında qabarıq şəkildə əks etdirən sənətkarlardan biri də Zaur Ustacdır. Onun “Can ay ana…” adlı şeiri təkcə bir şəhid anasına ünvanlanmış poetik müraciət deyil, həm də bütövlükdə Azərbaycan xalqının yaddaşına həkk olunmuş şəhidlik kultunun və ana obrazının vəhdətini ifadə edən bir mənəvi dastandır.

Şeir, general Polad Həşimovun müqəddəs şəhidliyinə və onun anasının baxışlarında cəmlənmiş kədər və qürura ithaf olunub. “Can ay ana…” misrası hər bənddə təkrar olunur, bir tərəfdən anamızın adını çağıran xalqın səsi kimi, digər tərəfdən isə şairin şəhidin anası qarşısında baş əyməsi kimi səslənir. Bu təkrir motivi şeirə həm ritmik bütövlük, həm də emosionallıq gətirir — oxucu sanki hər dəfə “Can ay ana” sözlərini eşidəndə içindən gələn bir ahla, bir dua ilə birləşir.

Zaur Ustac bu şeir vasitəsilə şəhid anasının baxışlarını poetik simvola çevirir. Baxış — burada həm xatirələrin güzgüsü, həm qürurun aynası, həm də səssiz fəryadın ifadəsidir. “Bu baxışda Poladının ilk dişi, ilk addımı, gülüşü var” misralarında anasının baxışında oğulun bütün ömrü cəmlənib. Uşaq gülüşündən döyüş meydanına qədər uzanan bir həyat baxışların dərinliyində yaşayır.

Şair hər bənddə “Bu baxışda nələr var…” və “Bu baxışda nələr yox…” sualını qoyur. Bu bədii qarşıdurma həyatla ölümün, varlıqla yoxluğun, sevinc və kədərin sərhədini müəyyənləşdirir.
Bir bənddə ana baxışında Poladın ilk addımı, ilk beşi, şux duruşu var, növbəti bənddə isə “Polad adlı oğul yox…” misrası ilə ölümün acı gerçəyi vurğulanır. Bu antitezalar vasitəsilə müəllif anasının baxışında həm həyatın bütöv panoramasını, həm də ölümün susqunluğunu göstərir.

Burada baxış həm fiziki, həm də metafizik anlam daşıyır. Zaman və məkan anlayışlarının “itdiyi”, “mizanların pozulduğu” bu baxış, əslində, dünyəvi ölçülərin fövqünə qalxan bir mənəvi halı təsvir edir. Ananın gözlərində artıq nə “yelkən” var, nə də “sükan” — yəni istiqamətini itirmiş bir dünya… Amma eyni zamanda bu baxışda qürur, ərənlik, cəsurluq, onur da var. Bu, Azərbaycan anasının təkcə kədərdə deyil, həm də qürurda böyük olduğunun poetik ifadəsidir.

Zaur Ustacın poetik dünyasında şəhidlik, Vətən qarşısında uca bir məqam kimi, həm milli kimliyimizin, həm də mənəvi dirənişimizin simvoludur. “Can ay ana…” şeirində Polad Həşimovun obrazı sadəcə bir şəxsiyyət kimi deyil, bir epoxanın siması, millətin qeyrət və mərdlik aynası kimi təqdim olunur. Şair onun adını çəkərkən əslində Vətən oğullarının ümumiləşmiş qəhrəman surətini yaradır.

“Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…” –
bu misralar qəhrəmanlıq salnaməsi kimi səslənir. Burada həm də müəllifin dərin inamı duyulur: şəhidlər ölmür, onlar analarının baxışlarında, xalqın yaddaşında yaşayırlar.

Şeirin son bəndində şair Ananı tək bir qadın kimi yox, bir simvol kimi təqdim edir.
“Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…” –
misraları ilə Azərbaycan qadınının qəhrəmanlıq və dözüm siması canlanır. Müəllif bu obrazı NüşabəTomris kimi qədim türk qəhrəman analarla birləşdirərək, şəhid anasının qəlbindəki ağrını millətin tarixi yaddaşına bağlayır.
Beləcə, “Can ay ana” şeiri fərdi bir dərdin ümumxalq simvoluna çevrilməsi baxımından həm bədii, həm də ideoloji cəhətdən dərin əsərdir.

Zaur Ustacın “Can ay ana…” şeiri sadə sözlərlə böyük bir həqiqəti ifadə edir: Vətən uğrunda can verən övladların anaları – millətin mənəvi sütunlarıdır. Şair, Polad Həşimovun anası timsalında bütün şəhid analarına ehtiramını bildirir.

Bu şeir həm şəhidin ölməzliyini, həm də ananın müqəddəsliyini bədii dillə ölümsüzləşdirən bir ədəbi abidədir. Onun poetik gücü, emosional səmimiyyəti və milli ruhu oxucunu dərin düşüncələrə qərq edir.

Beləcə, “Can ay ana…” — Azərbaycan analarına yazılmış ağı, Vətənə yazılmış and, Polada həsr olunmuş əbədi dualar toplusudur.

Müəllif: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

ZAUR USTAC – CAN AY ANA (Video)

ZAUR USTAC – CAN AY ANA (Mətn)

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

Qucağını geniş aç… – Şəhidlik ruhunun poetik zəfəri

Qucağını geniş aç… – Şəhidlik ruhunun poetik zəfəri

(Zaur Ustacın yaradıcılığında Vətən sevgisi və qəhrəmanlıq ideallarının poetik təcəssümü)

Azərbaycan ədəbiyyatında Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə həsr olunmuş poetik nümunələr hər zaman mənəvi yaddaşımızın ayrılmaz hissəsi olmuşdur. Bu əsərlər yalnız bir şəhidin taleyini deyil, bütöv bir millətin ruhunu, azadlıq eşqini və torpaq sevgisini ifadə edir. Zaur Ustacın “Qucağını geniş aç…” adlı şeiri də belə poetik abidələrdən biridir. Şeir gizir Pəncəli Teymurova həsr edilmişdir – Vətən uğrunda canını fəda etmiş igid bir Azərbaycan əsgərinin müqəddəs xatirəsinə ithaf olunmuş bu əsər həm poetik dərinliyi, həm də mənəvi gücü ilə seçilir.

Şeirdə Zaur Ustac yaradıcılığına xas əsas xüsusiyyətlər çox aydın görünür. “Şehçiçəyim” şeirində olduğu kimi “Qucağını geniş aç…” şeirində də şair real həyatda mövcud olan predmetləri böyük ustalıqla bədiiləşdirir. Zaur Ustac sevgi şeirlərində olduğu kimi vətənpərvərlik mövzusunda olan şeirlərdə də hər bir kəlmə ilə yerində ustaca davranmağı bacarır. Əgər “Şehçiçəyim” şeirində şair özünü bioloq kimi təqdim edirsə, “Qucağını geniş aç…” şeirində biz peşəkar hərbçi, qazi şairlə üz-üzə qalırıq:

“Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,”

və ya

“Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,”

Hərbçi-şair hərbçilərin səhər-axşam hərbi marş oxuya-oxuya sıra addımları ilə addımlamasını təsvir edir. Bu sadə təsvir isə çox dərin məna çalarları aşılayır.

Şeirin mərkəzində şəhidin vətənlə mənəvi söhbəti, onun torpağa dönüş anı dayanır. “Qucağını geniş aç, gəlirəm Ana Torpaq” misrası artıq bu mənəvi qovuşmanın poetik başlanğıcıdır. Burada Vətən “Ana” obrazı kimi təqdim olunur – şəhid oğul anasının qoynuna dönür, yəni torpağa qovuşur. Bu qovuşma ölüm deyil, əbədiyyətə keçid kimi təsvir olunur.

Zaur Ustacın poetik dili burada sadə, lakin dərin simvolik məna daşıyır. “Qapını döymək”, “bayraq”, “sancağ” kimi obrazlar həm mübarizəni, həm də azadlığın müqəddəsliyini ifadə edir. Şair şəhidin dilindən deyir:

“Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…”

Burada “bayraq” həm azadlıq, həm də şəhidlik simvoludur. O, əbədiyyətə gedərkən bu əmanəti – yəni Vətənin müstəqilliyini qoruyaraq gedir.

Zaur Ustacın bu şeiri sadəcə emosional ağı deyil, patriotizmin fəlsəfi poetikasıdır. O, şəhidin dilindən xalqın ruhunu danışdırır. “Bayraq olsun kəfənim” misrası Vətən sevgisinin son həddidir – şəhid öz həyatını bayrağa, torpağa, inama çevirir.

“Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim…”

Bu sətirlərdə həm qəhrəmanlıq fəlsəfəsi, həm də milli qürur hissi var. Şair şəhidin dilindən düşmənə nifrət deyil, qalibin təmkinli məğrurluğunu ifadə edir: “Sevinməsin düşmənim” – bu, kin deyil, qələbənin etik ölçüsüdür.

Azərbaycan poeziyasında torpaq – ana obrazı çoxəsrlik ənənəyə malikdir. Ustad Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam”ında, Bəxtiyar Vahabzadənin “Ana dili”, “Gülüstan” poemalarında, Məmməd Arazın “Azərbaycan” şeirində də bu ruh var. Lakin Zaur Ustac bu motivi müasir milli mübarizə kontekstində yeni poetik çalarla təqdim edir.

Burada torpaq yalnız vətən deyil, həm də müqəddəs məzar, əbədi qovuşma yeri kimi təqdim olunur. Şəhid oğul torpağın qucağında rahatlıq tapır, çünki borcunu yerinə yetirib:

“Sancmışam Sancağımı, rahat gəlirəm indi…”

Bu misra poetik baxımdan zirvə nöqtəsidir. Burada həm mübarizənin tamamlanması, həm də ruhi rahatlıq var. Sancağın sancılması – yəni niyyətin hasil olması – artıq şəhidin missiyasının tamamlanması deməkdir.

Şeir üç bölmədən ibarətdir, hər bölmə bir mərhələni təmsil edir:

  1. Torpağa qovuşma anı – ruhun Vətənlə görüşü.
  2. Döyüş xatirəsi və əsgər yoldaşlarına sədaqət – vətənpərvərlik və birliyə çağırış.
  3. Əbədiyyətin qapısı – şəhidin ruhani rahatlığı və anaya təsəlli.

Şair klassik xalq poeziyasına xas qafiyə və ritm sistemi qurur, lakin müasir sintaksis və leksika ilə onu yeni nəfəsə çevirir. Hər bəndin sonunda emosional kulminasiya yaranır: “rahat gəlirəm indi”, “yer ver girək qoynuna”, “qurban gedər torpağa” – bu misralar həm ritmik, həm də mənəvi cəhətdən yekun vurğusudur.

Zaur Ustacın yaradıcılığında şəhidlik mövzusu təkcə bir hadisə deyil, dünya duyumunun özəyidir. Onun şeirlərində şəhid – sadəcə itirilmiş insan deyil, millətin diriliyinin simvoludur. “Qucağını geniş aç…” şeiri bu xəttin ən parlaq nümunələrindəndir. Burada fərdi taledən ümummilli yaddaşa keçid baş verir: Pəncəli Teymurovun simasında bütün şəhidlər ucaldılır.

“Qucağını geniş aç…” Zaur Ustac yaradıcılığında Vətən sevgisi, şəhidlik və milli ruhun poetik sintezidir. Bu şeir həm bir igidin ruhuna dualı ithaf, həm də bütöv bir xalqın qəhrəmanlıq salnaməsidir.

Zaur Ustac bu əsərlə göstərir ki, torpaq yalnız üzərində yaşadığımız məkan deyil, onun uğrunda ölənlərin ruhudur. Şəhid oğulun Vətənə dönüşü, torpağın onu bağrına basması – millətin əbədiliyinin simvoludur.

Beləliklə, “Qucağını geniş aç…” həm ədəbi, həm publisistik, həm də mənəvi sənəd kimi dəyərlidir. O, bir daha sübut edir ki, Azərbaycan poeziyasında Vətənə sədaqət mövzusu nə keçmişdə solub, nə də gələcəkdə sönəcək – çünki hər yeni şəhid, hər yeni bayraq, hər yeni şeir bu ruhu yaşadır.

Müəllif: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

ZAUR USTAC – QUCAĞINI GENİŞ AÇ – ŞEİR