MURAD MƏMMƏDOVUN YENİ ŞEİRLƏRİ

MURAD MƏMMƏDOVUN YAZILARI

DOSTUMA
Sevgidir məlhəmi sevən ürəyin,
Sevmirsə , o ürək, daşdı, əzizim.
Ayrılıq bir dərddi, olmaz gərəyin,
Çarəsi gözlərdə yaşdı, əzizim.
* * *
Ürək geniş olsa, yerin dar olmaz,
Sevən könüllərdə dərd, azar olmaz,
Gözü oynayandan sənə yar olmaz,
Məhəbbət ağılla xoşdu, əzizim.
* * *
Hər yaşın sevgisi ruha dayaqdı,
Yüz insan seyr edir, baxma, oyaqdı,
Bir qoca kiminsə gözünə baxdı,
Dalınca dedilər, çaşdı, əzizim.
* * *
Məhəbbət yandıran, alovlu yoldu,
Neçəsi alışdı, yarıda qaldı,
Kimi dəli etdi çöllərə saldı,
Dedilər həddini aşdı, əzizim.
* * *
Neçə canda neçə sevgi boğular,
Qocalarıq, eşq, məhəbbət soğular,
Sevgi də beyində, başda doğular,
İnsanı var edən başdı, əzizim.
* * *
Ay Murad, ayıq ol ,yuxudan oyan,
Naşıdı dünyanın malına uyan,
Eşqdən xumarlanıb, iyini duyan,
Ləzzət alan, gözlə qaşdı , əzizim.

ÖVLADLARIMA
Dünya, fani dünyadır,
Öz ağlınla otur, dur.
Laylay çalır, oynadır,
Axırda qalib odur.
* * *
Yıxıldınsa, çalış dur
Qorunma yedəklərdə.
Özünə bir koma qur,
Sürünmə ətəklərdə.
* * *
Öz qədrini özün bil
Özgəyə möhtac olma!
Eşqlə yaşa, sevin, gül,
Çalış, işlə, ac olma!
* * *
Ümid olma heç kəsə,
Nəyin varsa, yiyə dur.
Girmə heç kimlə bəhsə,
Ağıllısı, bax budur!
* * *
Pisi yaxına qoyma,
Sadə davran, ayıq ol.
Yalana, küyə uyma,
Aldanarsan, sayıq ol.
* * *
Yalqız olma həyatda
Təklik bir həyat deyil.
Yandırsalar da odda,
Ancaq Allaha əyil.
* * *
Nəfsinə qul olma sən,
Tamahında batarsan.
Səbr eyləyib gözləsən,
İstəyinə çatarsan.
* * *
Təkəbbürlü olma heç,
Tanrı sevmir dikbaşı.
Sən gəl günahından keç,
Adam olmur hər naşı.
* * *
Dərdi yaxına qoyma,
Həyatda pozitiv ol!
Yaxşılıq elə, doyma,
Pisliyə heç açma yol!
* * *
Həyat, mübarizədir,
Sabaha yoxdur güman.
Mənim sözüm sizədir,
Halal olun hər zaman!

İNCƏ DƏRƏSİ
Nə gözəl mənzərədi
Ruhumu alıb gedir.
Bəlkə, buna görədi
Əhvalım göylərdədi.
* * *
Yaradandan bəndəyə
Lütf olan gözəllikdir.
Ruhum dil açır deyə
Yarəb, dünya mənlikdir.
* * *
Ətrafımda quş səsi
Burnumda gül qoxusu.
Cəzb eləyir hər kəsi
Cuşa gəlir çoxusu.
* * *
Bura cənnətin özü,
Laylam oxunan yerdir.
Azərbaycanın gözü,
Mənə səcdəgah, pirdir.
* * *
Bütün dərdi-sərini
Burda unutmaq olur.
Könlüm məzar yerini
Sonunda burda bulur.
* * *
Bura arxam, güvənim
Mənim qibləgahımdır.
Yaşadığım dünənim,
Bu günüm, sabahımdır.
* * *
Bu yaşımda anladım,
Ömrü harda bitirdim.
Öz-özümü danladım
Gör, nələri itirdim.
* * *
Bu yurdun torpağına,
Daşına qurban olum!
Gələcəm ayağına
İncə dərəm, son yolum!

XEYİR GÖZLƏ
Hər işdən bir xeyir gözlə,
Şəri ancaq xain istər.
Dərd ovunmaz adi sözlə,
Bir istilik, qayğı göstər.
* * *
Alnımızda yazılanın
Sahibiyik, yiyəsiyik.
Bir qaranlıq gündə hamı
Eyni qapı döyəsiyik.
* * *
İçimizdə ölüm xofu
Gah ölürük, dirilirik.
Canımızdan qopan ofu
Ağrı, acı, dərd bilirik.
* * *
Bu dünyanın qonağıyıq
Dünyamızda çoxu kimi.
Yüz oyunun qınağıyıq
Unudarıq yuxu kimi.
* * *
Arzuların arxasınca
Hey qaçarıq, yorulmarıq.
Ömür bitib can çıxınca
Nəfsimizdə durulmarıq.
* * *
Sonda ruhla vidalaşıb,
Bu dünyanı anlayırıq.
Son keçilən səddi aşıb,
Özümüzü danlayırıq.

MÜBARƏK OLSUN
Gəldi ramazan ayı
Yarəb ayın mübarək!
Payla ramazan payı
Hər süfrəyə! Şükr edək!
* * *
Qoy sevinsin insanlar
Xəstələr şəfa tapsın.
Nolar naşükür canlar
Şükr etsin, tövbə yapsın.
* * *
Yaradan millətimə,
Kin, küdurət verməsin!
Daim gülsün ürəklər,
Heç kim kədər dərməsin!
* * *
Küsülülər barışsın,
Nifrət, nifaq olmasın.
Başlar xeyrə qarışsın,
Şər əməllər qalmasın.
* * *
Bu ay ruzi gətirsin,
Hər süfrəyə, hər evə.
Saf diləklər bitirsin
Yaşayaq sevə sevə.

ÜRƏYİMİN SƏSİ
Ruh halımı bölüşməyi sevmərəm
Üç olarıq kağız, qələm, bir də mən.
Dəyişmədim, dəyişmədi yan yörəm
Otaq həmən, masa həmən, ruh həmən.
* * *
Sakit gecə, sözə bağlı bir canam
Eşidirəm ürəyimin səsini.
Uşaqlıqdan üzüyola insanam
Nə deyir yazıram hər kəlməsini.
* * *
Elə gün olur ki, qapımı döymür
Bəzən əzab verir ürəyim mənim.
Olur ki, ruh verir xətrimə dəymir
Nə bu günüm inciyir, nə də dünənim.
* * *
O, məni yaşadır, o, nəfəs verir
Məni incitsə də, mən ona qulam.
Əgər ağrımırsa boş həvəs verir
Bilir ki tükənmiş , keçilmiş yolam.
* * *
Bu yaşa çatmışam, ona borcluyam
Nə yazdım qəlbimin səsiylə yazdım.
Vallah inanmıram yazmaqdan doyam
Yazdıqca bu ömür yolunda azdım.

YAĞIŞ YAĞIR
Yağış yağır ümidlərim yuylur
Çiçək ömrüm yavaş yavaş gül açır.
Bu yağışdan saf diləklər ayılır
Körpə kimi gülümsəyir, dil açır.
* * *
Damlaların tappıltısı oyadır
Neçə neçə mürgüləyən hissləri.
Qəm yuyulur, sanki rəngli boyadır
Tam ağardır günah görmüş kəsləri.
* * *
Yağış yağır, həyat sanki canlanır
Elə bil ki nəfəs alır kainat.
Köhnə dərdlər yaddan çıxır sonlanır
Gül arzular həmən açır qol qanad.
* * *
Bu his pasın çevrəsində bəxtimiz
Yuyulmasa kif balayar pas atar.
Nə yaxşı ki, selə dönüb axdınız
Yağ ey yağış, yoxsa dünya tam yatar.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

3 thoughts on “MURAD MƏMMƏDOVUN YENİ ŞEİRLƏRİ”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir