İKİ KƏSİR
(hekayə)
Tələbəlik həyatı yaşamış hər bir insan təqaüdün tələbə üçün nə demək olduğunu yaxşı başa düşür. Sənan iki imtahandan kəsilmişdi. Deməli, növbəti semestdə təqaüd ala bilməyəcəkdi. Amma onun heç vecinə deyildi. Atası Kənanın canı sağ olsun. Onu cib xərcliksiz qoymayacaqdı.
Kənan isə Sənan deyildi. Oğlunun təqaüdsüz qalacağından çox narahat idi. O da bu universitetdə işləyirdi. Əlini əlinin üstünə qoyub oturmayacaqdı ki. Universitetdə dost-tanışlar vardı. Az-çox sözü keçirdi. Təcili tədbir görməli, göndəriş alıb oğlunun kəsirlərini düzəltdirməli idi. Odur ki, özünü qaranəfəs fakültə dekanına çatdırdı. Səməd müəllim onu xoş dillə qarşıladı. Başqa cür ola da bilməzdi. Neçə illər idi ki, bir müəssisədə çalışırdılar.
-Kənan müəllim necədir?
Kənan müəllim dilxor:
-Necəliyim yoxdur, Səməd müəllim.
-Niyə?
-Uşağın iki kəsiri var.
-Hə, bu, yaxşı olmadı. Kəsirlərini verməsə təqaüd almayacaq.
Kənan müəllim əlavə etdi:
-Məsələ elə təqaüddədir.
Səməd müəllim soruşdu:
-Kəsirlər hansı müəllimlərdəndir?
Kənan müəllim:
-Biri Xasay müəllimdir, – dedi.
Səməd müəllim qaşlarını çatdı:
-Özün bilirsən Xasay müəllim necə adamdır. Söz deməli deyil.
-Bilirəm.
-O biri müəllim kimdir?
Kənan müəllim dinmədi. Fükültə dekanı cavab gözləyirdi. Kənan müəllim onu çox gözlətmədi:
-O biri müəllim mən özüm.
Səməd müəllim ayağa qalxdı. Təəccüb və maraq dolu nəzərlərlə ona baxdı:
-Nə danışırsan? Gəlmisən ki oğlunu sənə tapşırım?
Kənan müəllimin key-key baxdığını görüb:
-Bir kafi yaza bilmirdin? – deyə xəbər aldı.
Kənan müəllim peşman:
-İmtahana hazırlaşmamışdı. Tələbələrin yanında, gözləri qarşısında əlacsız qaldım. Qiymət yaza bilmədim.
Səməd müəllim əlini onun çiyninə qoydu:
-O sənə arxayın olub oxumur, özünü yaxşı aparmır. Sən də kömək əlini uzatma. Qoy hazırlaşsın. Gəlib imtahanlarını versin. Bu hələ birinci kursdadır. Gör neçə il onu himayə etməlisən.
Fakültə dekanı Kənan müəllimin susduğunu görüb:
-Bəs indi nə edək? – deyə soruşdu.
Kənan dilləndi:
-Səməd müəllim, xahiş edirəm, göndəriş yazın. Xasay müəllimə də, mənə də.
Səməd müəllim qınayıcı nəzərlərlə ona baxdı:
-Kənan müəllim, sən özün heç olmasa ona iki qiymət yazmayaydın.
-Mən onun başına 2 yazmışam. Başı işləmir. Başının qiymətidir. Amma qarnı işləyir, özü də yaxşı işləyir. Gərək təqaüd ala ki, qarnını yola versin.
Onun sözlərini eşidən Səməd müəllimi gülmək tutdu. Əyləşib göndəriş yazdı. Birini Xasay müəllimə, birini də Kənan müəllimə.
Şirvan şəhəri, 17.02.2024-cü il.
Müəllif: Akif ABBASOV
pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru