Tanınmış aktyor Oqtay Ramazanovla keçmiş söhbət

“Çox gecdir, indi mənə ev verilsə də, getmərəm”
Tanınmış aktyor Oqtay Ramazanov qocalar evinin daimi sakininə çevrilməsində özünü günahkar bilir
Belə bir fikir var: Qadın insanı həyata gətirir, xoşbəxtliyə yox. Əgər dünyaya gələn insanların hamısı xoşbəxt olsaydı, bəlkə də xoşbəxtliyin qədrı bilinməzdi. Bəlkə elə buna görədir ki, xoşbəxtliklə bərabər insan həyatında “bədbəxtlik” deyilən bir məfhum da mövcuddur. İnsanın enişli-yoxuşlu, mürəkkəb həyat yollarında bu iki an daima bir-birini əvəz edir.
Ahıllar Günü və Ramazan bayramı ilə əlaqədar olaraq Dövlət Musiqili Komediya Teatrının təşəbbüsü ilə teatrın kollektivi ilə birgə yolumuz Bilgəhdə yerləşən və “Qocalar evi” kimi tanınan müharibə və əmək veteranları pansionatına düşdü. İlk qarşımıza çıxan da elə nurani simalı, gözlərində qəm, kədər gizlənən və hər gələndən ümid gözləyən qocalar oldu. Pansionatın həyatında bir sükut hiss olunurdu. Bu sükuta “Muskomediya”nın kollektivinin hazırladığı bayram proqramı bir canlanma, bir şənlik qatdı. Teatrın solisti əməkdar artist Xanım Qafarovanın, Ramil Qasımovun ifa etdiyi musiqilər ahılların qəlbini riqqətə gətirdi, hətta onlar qol qaldırıb rəqs etdilər.
Artıq bir neçə müddətdir sorağını aldığımız, kino və teatr səhnəsində silsilə obrazlar yaratmış, tanınmış aktyor Oqtay Ramazanovla görüşə tələssək də, onu iştirakçılar arasında görmədik. O. Ramazanovun harada olması ilə maraqlanmaq üçün pansionatın direktoru Bəhruz Əliyevovla görüşdük. O bildirdi ki, faciəli, qeyri-adi tale yaşamış, uzun illərdir yataq xəstəsi olan, ürəyi, qəlbi sənət sevgisi ilə döyünən, xeyli müddətdir səhnədən aralı düşən O. Ramazanov qocalar evini özü üçün sığınacaq seçib. Xəstəliyi ilə əlaqədar olaraq şənlikdə iştirak edə bilməyəcəyini öyrənən kimi pansionatda onun üçün ayrılmış otağa getdik. Gözlərində həm sevinc, həm də kədər hiss olunan aktyor bizimlə söhbət zamanı bir anlıq səhnəli günlərinə qayıtdı. O, keçmişinə yenidən nəzər salaraq, xatirələrlə dolu olan həyat dəftərçəsini yenidən vərəqlədi.
Respublikanın xalq artisti Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi xalq teatrı səhnəsində formalaşan Oqtay Ramazanov 1960-cı ildə Gənc Tamaşaçılar
Teatrının baş rejissoru Zəfər Nemətov tərəfindən teatra dəvət ediləndə artıq səhnə üçün tam hazır aktyor idi. Aktyor üçün vacib olan bütün keyfiyyətləri Tanrı ona bəxş etmişdir. Gözəl sima, aydın diksiya, yaraşıqlı boy-buxun və yüksək aktyorluq məharəti. Bu keyfiyyətlər Oqtay Ramazanovun Gənc Tamaşaçılar Teatrının səhnəsində yaratdığı çoxsaylı obrazların sevilməsində əsas stimul olmuşdu. O, sənət beşiyi olan Gənc Tamaşaçılar Teatrının səhnə quruluşu verilən bir sıra tamaşalarda – “Yarımçıq şəkil”də (Knyaz), “Etibar”da (Xələf), “Aydınlığa doğru”da (Ağarza) və s. kimi bir sıra maraqlı rollarda canlı və inandırıcı oyunu ilə tamaşaçıların rəğbətini qazanmışdı. İstedadlı aktyordakı təşkilatçılıq bacarığı, çalışdığı kollektivdə yüksək qiymətləndirilərək ona dirijor müavini vəzifəsi etibar edilib. Hətta bu vəzifədə çalışarkən SSRİ Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə mükafatlandırılıb. Oqtay Ramazanov 1982-ci ildə Leyla Bədirbəylinin rəhbərliyi ilə “Azərbaycanfilm” kinostudiyasında yaradılmış kinoaktyor teatrının truppa müdiri vəzifəsinə dəvət edilmişdi. O, 1992-ci ildən Azərbaycan Mədəniyyət Fondunun fərdi təqaüdçüsü, 1996-cı ildən isə Fondun “Sönməyən ulduzlar” assosiasiyasının üzvüdür.
Yəni, bir sözlə O. Ramazanov insan kimi xoşbəxt yaşayırdı – işi, evi, ailəsi, uşağı və ən əsası tamaşaçı sevgisi həmişə onu müşayiət edirdi. Lakin qəfil onun xoşbəxt həyatı öz axarından çıxdı və məhrumiyyətlər başladı. O. Ramazanov yol qəzası nəticəsində ağır bədən xəsarəti aldı. Bu hadisə onun həyatındakı işıqlı, xoş günləri qayğılı, ağrılı və ağır anlarla əvəzlədi. O, artıq 1984-cü ildə başlayan sənətlə bağlı kinostudiya fəaliyyətini dayandırdı, istəyindən asılı olmayaraq səhnədən uzaqlaşmağa məcbur oldu.
İstedadlı aktyor, geniş qəlbli, səmimi insan olan O. Ramazanov pansiyonata gəlişini belə xatırlayır:
– Bilirsiniz, o vaxtlar mən yol qəzası keçirəndə sənət dostlarım dedi ki, bir neçə müddət burada qal sənə ev verəcəklər. Bura gəlişim 1993-cü ildə oldu. Artıq 15 ildir ki, buradayam. Bu məkanı özümə isti bir sığınacaq və gözəl bir sənət ocağı seçmişəm. İndi mənə ev verilsə də, getmərəm. Çox gecdi, çünki özüm sərbəst hərəkət edə bilmirəm.
Övladınız varmı?
– Əlbəttə. Bir oğlum var. Ondan da çox razıyam. Siz elə bilirsiniz ki, bura düşən qocaların çoxunun övladı günahkardır. Həyatda səhfsiz insan yoxdur, onlarda hər hansı bir səbəb üzündən bura gəlirlər. Mən bura düşməkdə özümü günahkar bilirəm..(Qəhərlənir)
Tibbin yüksək səviyyədə inkişaf etdiyi bir dövrdə sizin xəstəliyinizin müalicəsi mümkün deyilmi?
– Nə deyim, qızım? O vaxt həkimlər bacardıqlarını etdilər, ancaq nədənsə bir nəticə alınmadı. İndi də artıq gecdir. Mən heç kəsin köməyi olmadan normal ayaq üstə qala bilmirəm, gəzə bilmirəm. Bu mənim üçün ağır dərddir. Müalicəmlə bağlı heç kəsə bir söz demirəm. Ümumiyyətlə,nə qədər çətinliyim olsa belə, heç kəsə ağız açıb, bir dilək diləməyi qüruruma sığışdırmıram. Bir şeir parçasında deyildiyi kimi:
“İstəmirəm dəmir kimi əyiləm,
Polad kimi sınsam, yaxşıdır.”
Sənət dostlarınızla əlaqələriniz varmı?
– Deyərdim ki, indi məni həyata bağlayan amillərdən biri də sənət dostlarımdır. Xüsusən də Mədəniyyət Fondunun sədri Kamal Abdulla. Ən çətin anlarımda Kamal müəllimin qayğısı ilə əhatə olunmuşam. Bundan başqa Yaşar Nuri, Telman Adıgözəlov, Akif İslamzadə, Afaq Bəşirqızı, Kübra Əliyeva, Sənubər İsgəndərli, Atabala Səfərov, Xanım Qafarova və başqa sənət dostlarım həmişə məni yada salır və hər cür qayğı göstərirlər. Pansionatın direktoru Bəhruz müəllimin də həmişə qayğısını hiss etmişəm. Bütün sənət dostlarıma məni unutmadıqları üçün minnətdarlığımı bildirirəm.
Deyirlər insan öz taleyi ilə barışmalıdır. Siz necə…
– Bilirsiniz, belə bir vəziyyətdə yaşamaq çox çətindir, çox ağırdır. Deyərdim ki, dözülməzdir. Mən həm sizlərin gəlişinə sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ona görə ki, məni yada salıb gəlmisiniz, kədərlənirəm ona görə ki, səhnədə nəfəsindən od-alov püskürən O. Ramazanovu bu vəziyyətdə görürsünüz. Bax, bu hal məni çox sıxır. Amma Allahımdan çox razıyam. Ümid son deyil, hələ də sağalmağa ümidim var. Onun üçün də qismətimlə barışmağa hələ tələsmirəm. Axı, hər qaranlıq gecənin bir işığı olur.
Yəqin ki, yenidən səhnəyə qayıtmaq arzusu Sizi hələ də tərk etməyib?
– Yox, sənət sevgisi məni heç vaxt tərk etməyəcək. Həmişə o arzu ilə yaşayıram. Mənim hələ sənətə deyilməmiş çox sözüm qalıb.
Ən böyük arzum isə budur ki, bu dəyişkən dünyada insanlar həmişə bir-birilərinə mənəvi dayaq olsunlar. Necə ki, siz bu gün pansionata gələrək mənim taleyimlə, illərdən bəri çarpayı xəstəsi olan adamla maraqlanmısınız. İnanın, bu məni o qədər sevindirdi ki, yüngülləşdirdi ki. Çünki insana lazım olan mehribanlıq, səmimiyyət böyük nemətdir.
Sözümü görkəmli şairimiz Mikayıl Müşfiqin bir şeir parçası ilə tamamlamaq istərdim:
Bu vəfasız ömür, bu coşğun dərə,
Gərək boş-boşuna axıb keçməsin.
Bu gözəl cahanı sanıb pəncərə,
Hər gələn sadəcə baxıb keçməsin.
Hər ruhun öz sığınacağı olur. Sığındığı qapını bağlı görəndə tənha ruh öz həmdəmini axtarır… Qocalar isə həmdəmlərini yaşadıqları məkanda, yəni “Qocalar evi”ndə tapıblar.
Müsahibə “Paritet” qəzetinin N: 101 (1266) 4-6 oktyabr 2008-ci il sayında səh. 11-də dərc olunub.

Söhbətləşdi: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

Aktyor Oqtay Ramazanov

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir