23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdur

23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdur

23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdur – kitabı sevən, dəyər verən hər kəs üçün bu sevgini izhar edə biləcəyi simvolik bir gün.

1996-cı ilin 23 aprelindən qeyd olunan bu bayram maarifçilik və mədəni ənənələrin inkişafı, kitabların həyatımızdakı önəmini vurğulamaq məqsədi daşıyır. 23 aprel tarixinin seçilməsi isə həmin günün M.Valyexo, M.Dryuon, H.Laksnes kimi yazarların doğum; M. De Servantes, U.Şekspir və İ.Q. de la Veqanın vəfat tarixi olması ilə bağlıdır.

“Ümumdünya kitab və müəllif hüquqları günü” təsis edilərkən müxtəlif ölkə və təşkilatların təcrübəsi nəzərə alınıb. Məsələn, İspaniyada hələ 1926-cı ildə kral XIII Alfons İspan kitab gününün keçirilməsi ilə bağlı qərar imzalayıb və hələ o zaman bu məqsədlə Migel De Servantesin vəfat tarixi – 23 aprel günü seçilib. Müasir dövrdə hər il qeyd olunan bu bayram yalnız kitabların şərəfinə tərif yağdırmaq yox, həm də dövrümüzün önəmli problemlərindən olan müəlliflik hüququ məsələsinə diqqət yönləndirmək məqsədi daşıyır.

Biz “kitab” deyərkən ilk növbədə bədii ədəbiyyatı nəzərdə tuturuq. İnsanın insan kimi formalaşmasında, şəxsiyyət kimi yetişməsində, müstəqil fikrə sahiblənməsində oxumaqdan artıq nəyin rolu ola bilər ki?! Kitabların həyatımızdakı rolu danılmazdır, amma fikrimcə, onların ən böyük dəyəri bizə xəyal qurmağı öyrətməsindədir. Kitab xəyal gücü sərhədsiz olan alternativ dünyadır. Yaxşı kitabın mütaliəsi heç vaxt izsiz ötüşmür, şüurumuzda kəlmələrin “yeri” qalır.

Mütaliə bizim həyat tərzimizə çevrilib, yazmaq kimi oxumaq da mənəvi aclığımızdır, gündəlik ehtiyaclarımız sırasındadır. Lakin ətrafımızda ömründə, bəlkə də, bircə kitab da oxumayan xoşbəxt insanlar var. Çünki bəzən bilgisizlik ən böyük xoşbəxtlik və hüzurdur. Məncə, insan daha çox öyrəndikcə narahatlığı da artır, əzabları da; xəyal gücünün sərhədsizliyi qaçışı olmayan real dünyanı daha darıxdırıcı və maraqsız edir. Bu hüzurun qaçması naminə olsa belə, heç birimizin kitabsız dünyanı arzulamayacağını bilirəm.

Kitablar bizim ömrümüz boyu yaşatdığımız ilk sevgimizdir. Arzu edək ki, 23 aprel də ilin digər bayram günləri kimi çoxluq üçün önəm daşısın, yaddaşlarda qalsın. 23 aprel günü də bir-birimizə təbriklər yağdıraq, İ.Quttenberqi sayğı ilə anaraq kitablı bir dünyada yaşadığımıza sevinək…

MÜSTƏQİL ƏDƏBİ TƏNQİD – MƏTANƏT VAHİD

Müəllif: Mətanət VAHİD,
filologiya üzrə fəlsəfə doktoru,
AMEA-nın aparıcı elmi işçisi.

MƏTANƏT VAHİDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir