
****
Bilirsən mən səni necə sevərəm?
Gündüz sevdiyimtək gecə sevərəm
Mən ki, təmənnasız, heçə sevərəm,
Amma ki sevdiyin qadın olmaram
Mən soyuq sevirəm, qış qadınıyam,
Mən evdar deyiləm, iş qadınıyam,
Qəlbim sevgi dolu, eşq qadınıyam.
Amma ki sevdiyin qadın olmaram.
****
İynənin ucunda olan sap kimiyəm —
bir az sənə bağlı,
bir az qopmağa qorxan.
Əlini azacıq tərpətsən,
Sanki qırılacam, qopacam.
Gəl, hisslərimə ad qoy.
Mən tapa bilmirəm.
Sevgi deyirəm çox dərin olur,
Asılılıq deyirəm çox ağrılı…
Arasında qalıram.
Sanki özümə toxunsam, sən ağrıyarsan.
Bəzən mənə elə gəlir,
sənə baxmaq
görmək deyil
kor olmaqdır.
Həm bir də əcəbdir…
Hə, bu arada maraqlan gör,
Görəsən, əlillik düşərmi mənə?
Səndən başqasını görə bilmirəm…
Heç bir söz sığmır bu qarışıqlığın içinə…
Baxmaq bacarığı itərmi insanda,
birini çox gördüyün üçün?
Onu da Allah çox görər sənə…
Bəzən o qədər incəlirəm ki…
elə bil iynənin ucundayam,
məni tərpətməsinlər deyə nəfəsimi saxlayıram.
Səni düşünmək
yaşamaq kimi görünür,
amma hiss edirəm:
bu, bir az da ölmək kimidi.
Sənin xəyalın yaşadır amma…
Çox sağ ol ki, yaşadırsan.
Sanki dünya
sənin siluetindən ibarətdir,
sənin səsindən doğulur,
sənin susmağınla dayanır.
Mən iynənin ucundayam,
bir az sən,
bir az mən,
bir az da heç kim.
Müəllif: Şəlalə CAMAL